ilə bağlı nigaranlığı
1. Həzrət Peyğəmbərin (s) nigaranlığı: Mal və sərvət
Əziz Peyğəmbərimizin (s) əsas nigaranlıqlarından biri də ümmətin iqtisadi işləri haqda idi. Həzrət iki məsələyə görə nigaran idi: Birincisi, müsəlmanların dünya malı, var-dövlət və sərvətin çoxalması ilə Allahdan qafil olmaqları, ikincisi, başlarının dünyaya qarışması.
Necə ki, Quranda buyurulur:
“Xeyr, insan azğınlıq edər, özünün dövlətli olduğunu gördüyü üçün!” [1]
İnsanların halı üzərində aparılmış araşdırmalar göstərib ki, dünya onlara üz gətirdiyi, firavan həyat sürdükləri və həyat onların istəyinə uyğun olduğu zaman, onların əksəriyyəti Allaha bəndəlik etməmişlər; sürətlə Allahdan uzaqlaşmış, şəhvət dəryasına qərq olmuş və yer üzündə fitnə-fəsad yaratmışlar.
Əziz Peyğəmbərimiz (s) bu barədə buyurub:
“Ümmətimlə bağlı ən çox qorxduğum şey odur ki, dünyanın gözəllik və (mal- Red.) çoxluğu onların nəzərində cilvələnsin, bu gözəllik və çoxluq onları dünyaya cəlb edərək Allahı yad etməkdən saxlasın”.[2]
İmam Əli (ə) bu barədə buyurur:
“Sərvət sərxoşluğundan Allaha sığının. Çünki insanın bu məstlikdən ayılmağı çox çəkir”.[3]
Ona görə ki, məstlik iki növdür: Birincisi, şərab məstliyidir ki, adətən, bir neçə saatdan artıq sürmür. Amma sərvət sərxoşluğu, məstliyi belə deyil. İnsanın ondan ayılmağı illərlə uzana
bilər, axırda da ola bilsin ki, şəxs heç ayılmasın.[4]
Necə ki, əziz Peyğəmbərimiz (s) dəfələrlə buyurmuşdur:
“Az və kifayətedici mal-dövlət, insanı Allahı yad etməkdən saxlayan sərvətdən yaxşıdır“.[5]
Aşağıdakı əhvalatlar bu qəbildəndir.
Kifayət qədər ruzi
Dördüncü imamımız Həzrət Əli ibn Hüseyn (ə) buyurub:
“Bir gün əziz Peyğəmbərimiz (s) bir dəvə sürüsünün yanından keçirdi. Bir nəfəri göndərdi ki, çobandan süd alsın.
Dəvələrin sahibi dedi: “Dəvələrin döşündəki süd qəbilənin səhər yeməyi, qablara sağılmış süd isə, onların axşam yeməyidir”.
Həzrət Peyğəmbərimiz (s) buyurdu: “İlahi, (onun) malını və övladını artır”.
Sonra qarşılarına bir qoyun sürüsü çıxdı. Yenə birini süd almaq üçün göndərdi. Çoban qoyunları sağaraq, bir qaba töküb, hamısını həzrət Peyğəmbərə (s) göndərdi. Bundan əlavə, həzrət Peyğəmbərə (s) bir dənə də qoyun hədiyyə etdi və dedi: “Buna imkanım çatdı. Çox istəyirsinizsə, yenə verim”.
Əziz Peyğəmbərimiz (s) buyurdu: “İlahi, ona kifayət edəcək qədər ruzi ver”.
Səhabələrdən biri dedi: “Ey Allahın rəsulu (s)! Sizin göndərdiyiniz adamı boş qaytaran və ona heç bir şey verməyən birinə elə dua etdiniz ki, biz hamımız o duanı sevirik. Sizin istəyinizi artıqlamasıyla yerinə yetirən birinə isə xoşlamadığımız bir dua etdiniz”.
Allah Rəsulu (s) cavabında buyurdu:
“Az, amma kifayət qədər olan ruzi, çox olub sahibini Allahın zikrindən saxlayan nemətdən daha yaxşıdır”.
Bu zaman dua etdi: “İlahi, Öz peyğəmbərinə (s) və onun ailəsinə kifayət qədər ruzi ver”.”[6]
Buna görə də həzrət Peyğəmbərimiz (s) ümmətinin varlı olması üçün heç vax dua etmədi.
Xəlifə Ömər bu barədə deyir: “Bir gün Allah Rəsulunun (s) evinə getdim. Onun ev əşyalarına nəzər saldıqda, üç qabdan başqa diqqəti cəlb edəcək elə də bir şey tapmadım.
Ərz etdim: “Ey Peyğəmbər, dua edin, Allah-taala sizin ümmətinizə çoxlu ruzi əta etsin. Axı rumlular və farslar Allaha ibadət etmədikləri halda, Allah-taala onlara çoxlu ruzi vermişdir!”
Əziz Peyğəmbər (s) buyurdu:
“Mənim haqq olmağıma şəkkinmi var?! Ey Xəttabın oğlu, onlar, dünya onlara üz gətirmiş bir qövmdürlər” (Axirətdə heç bir bəhrələri olmayacaq)”.[7]
Sədin sərvətinin çoxalması
İmam Baqir (ə) buyurub:
“Səd həzrət Peyğəmbərimizin (s) çox kasıb səhabələrindən olub, “Süffə əhli”ndən (qalmağa evi olmadığı üçün məscidin hücrələrindən birində yaşayanlardan) idi. O, gecə-gündüz bütün namazlarını həzrət Peyğəmbərlə (s) qılardı. Əziz Peyğəmbərimiz (s) Sədin kasıblığına görə çox narahat idi və söz vermişdi ki, əlinə bir şey keçsə, ona verəcək.
Uzun müddət keçməsinə baxmayaraq, Peyğəmbərin (s) əlinə bir şey keçmədi. Bu hal getdikcə Peyğəmbərimizin (s) narahatlığını çoxaldırdı.
Cəbrayıl (ə) nazil olaraq özü ilə iki dirhəm gətirdi və dedi: “Allah-taala buyurdu ki, biz sənin qəmindən və Sədin maddi müşkülündən agahıq. Onun bu vəziyyətdən çıxmasını istəyirsənsə, bu iki dirhəmi ona ver, bu pulla ticarət etsin”.
Əziz Peyğəmbərimiz (s) iki dirhəmi ondan aldı. Elə ki, zöhr namazını qılmaq üçün evdən çıxdı, Sədin hücrə yanında dayanıb onu gözlədiyini gördü.
Həzrət Peyğəmbər (s) Sədə buyurdu: “Ticarətlə məşğul ola bilərsənmi?
Səd dedi: “Allaha and olsun ki, sərmayəm yoxdur”.
Əziz Peyğəmbərimiz (s) iki dirhəmi ona verdi və buyurdu: “Bu sərmayə ilə ticarət et”.
Səd pulu götürüb, namazı qılmaq üçün məscidə gedərək, zöhr və əsr namazını Peyğəmbərimizlə (s) qıldı.
Namazdan sonra Peyğəmbərimiz (s) buyurdu: “Get və ruzi
qazanmaq üçün çalış”.
Səd gedib ticarətə başladı. Allah-taala onun puluna bərəkət verdi və malları bir dirhəmə alıb iki dirhəmə satmağa başladı. Beləliklə, onun xeyiri həmişə əlində olan sərmayə ilə bərabər olurdu. Yavaş-yavaş onun maddi vəziyyəti yaxşılaşdı və məscidin yaxınlığında özünə dükan alıb mallarını ora yığıb satmağa başladı.
Onun başı ticarətə yaman qarışmışdı. Bilal azan verdiyi zaman Peyğəmbər (s) namaza gəldikdə onu namaza hazırlaşmamış, dəstəmaz almamış görürdü. Halbuki, əvvəllər o hamıdan qabaq namaza hazır olardı.
Peyğəmbər (s) ona buyurdu: “Səd, görürəm dünya səni özünə məşğul etmişdir və namazı sənə unutdurmuşdur”.
Səd ərz etdi: “Nə edim, malım batsınmı?! Mən bu şəxsə mal satmışam, pulunu almalıyam, bu şəxsdən mal almışam, pulunu verməliyəm. Ondan sonra məscidə gələcəyəm”.
İslam peyğəmbəri (s) Sədin bu çoxlu məşğuliyyətini və Allaha bəndəlikdən geri qaldığını müşahidə etdikdə çox təəssüfləndi. Həzrət indi vaxtilə onun kasıblığına görə narahat olduğundan daha çox narahat idi. Çünki indi onun dininə və aqibətinə görə narahat idi.
Bir gün Cəbrayıl (ə) Peyğəmbərimizin yanına gələrək dedi:
“Allah-taala buyurur: Biz sənin Səd barəsində olan yeni nigaranlığından agahıq. İndi Səd üçün hansı halı istəyirsən, onun əvvəlki vəziyyətini, yoxsa hal-hazırdakı vəziyyətini və malının çoxalmasını?!”
Allah Rəsulu (s) buyurdu:
“Mən onun əvvəlki vəziyyətini istəyirəm. Çünki hal-hazırdakı dünyası onun axirətini bərbad edəcək”.
Cəbrayıl (ə) dedi: “Bəli, dünya və sərvətə olan (güclü) düşkünlük insanı axirətdən qafil edir. Əgər onun əvvəlki vəziyyətini istəyirsənsə, ona verdiyin iki dirhəmi ondan geri al”.
Həzrət Peyğəmbərimiz (s) Sədi gördükdə buyurdu:
“Sənə verdiyim o iki dirhəmi[8] geri qaytarmırsan?”
Səd dedi: “Əgər siz məndən iki yüz dirhəm istəsəniz, o saat sizə verə bilərəm”.
Peyğəmbərimiz (s) buyurdu: “Yox, elə o iki dirhəmi ver, kifayətdir”.
Səd pulu həzrət Peyğəmbərə (s) qaytardı. O gündən sonra Sədin maddi vəziyyəti pisləşdi. Hər nə alırdısa, zərər edirdi və nəhayət, əvvəlki kasıb halına qayıtdı”.[9]
Sələbə Ənsarinin sərvəti
Bir gün Sələbə ibn Hatəb Peyğəmbərimizə (s) dedi:
- Allahdan istə, mənə mal-dövlət versin.
Peyğəmbərimiz (s) bilirdi ki, onun buna tutumu yoxdur və əgər varlanarsa, Allahı yaddan çıxaracaqdır.
Buna görə də ona buyurdu:
“Ey Sələbə! Az malın şükrünü yerinə yetirməyin, çox malın şükrünü bacarmamağından daha yaxşıdır. Məgər istəmirsənmi ki, öz Peyğəmbərinə (s) oxşayasan? Bax, gör mən necə az malla kifayətlənirəm. Ancaq canım Onun əlində olana (Allaha) and olsun ki, əgər dağların qızıl və gümüşə dönməklərini istəsəm, dönərlər. Lakin mən dünyanı istəmirəm”.
O gün Sələbə getdi və bir neçə gündən sonra qayıdaraq yenidən dedi:
- Ey Allahın rəsulu (s), Allahdan mənə mal-dövlət verməsini istə. Səni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, əgər Allah-taala mənə var-dövlət versə, o maldan sədəqə verəcək, hər haqq sahibinin haqqını özünə çatdıracağam.
Əziz Peyğəmbərimiz (s) onun israrlarını nəzərə alıb belə dua etdi: “İlahi, Sələbəyə mal-dövlət əta et”.
Bundan sonra Sələbə gedib bir ədəd qoyun aldı. Bu qoyundan çoxlu qoyunlar törədi. Qoyunlar o qədər çoxaldı ki, Mədinə şəhəri ona darlıq etdi və o Mədinə ətrafındakı dərələrdən birinə köçdü.
Sələbə əvvəllər həzrət Peyğəmbərlə (s) camaat namazı qılardı. Lakin indi bu feyzdən məhrum olmuşdu. O, ancaq cümə günləri camaatla birlikdə cümə namazı qıla bilirdi.
Bir müddət sonra o, qoyunlarının çoxluğuna görə Mədinədən bir az da uzağa köçməyə məcbur oldu və heç cümə namazına da gələ bilmədi. Bu ərəfələrdə zəkat ayəsi nazil oldu. Peyğəmbərimiz (s) öz adamını zəkat almaq üçün Sələbənin yanına göndərdi.
O, hesabladıqda gördü ki, onun verəcəyi zəkat bir sürü qədərindədir. Vergini ödəməkdən boyun qaçıraraq xəsislik etdi və Peyğəmbərin (s) göndərdiyi adama belə dedi: “Zəkat bir növ cizyədir. Cizyə kafirlərdən alınır. Bu da bir növ bac-xərac sayılır. Mən bunu ödəmək istəmirəm”.
Həzrət Peyğəmbərin (s) göndərdiyi adam əliboş qayıdaraq hər şeyi o həzrətə (s) danışdı.
Bunu eşitdikdə Peyğəmbərimiz (s) buyurdu: “Vay olsun Sələbəyə! Vay olsun Sələbəyə!”
Ardınca Sələbənin məzəmməti haqda ayə nazil oldu:
“Bəzisi də Allahla belə əhd etmişdir: Əgər Allah bizə Öz nemətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq".[10]
Bu ayə nazil olduqda, Sələbənin yaxınlarından biri orada idi. O, Sələbənin yanına gedərək dedi: “Vay olsun sənə! Sənin barəndə üç ayə nazil oldu, hamısı da sənin küfrün barəsindədir”.
Sələbə həzrət Peyğəmbərin (s) yanına getdi və dedi:
“Ya Rəsulallah (s), nə qədər desən, sənə sədəqə verərəm. Hər kimə istəsəniz, xərcləyərsiniz. Nəyə istəsəniz, sərf edərsiniz”.
Peyğəmbərimiz (s) buyurdu: “Sən zəkatı cizyə adlandırdığına görə Allah-taala buyurdu ki, səndən sədəqə almayım”.
Sələbə (narahatlığından) başına torpaq tökməyə başladı.
Peyğəmbərimiz (s) buyurdu: “Sənə nə qədər dedim ki, kasıblığa səbir et və bu qədər mal-dövlət istəmə, qəbul etmədin və özünü giriftar etdin”.
Sələbə məyus və alçalmış vəziyyətdə öz yurduna döndü.[11]
Əziz Peyğəmbərimiz (s) xəsislik barəsində nigaran idi
Əziz Peyğəmbərimizin (s) digər narahatlığı ümmətinin varlılarının xəsislik edərək kasıbların haqqını verməməsi haqda idi. Həzrət (s) bu barədə buyurur:
“Mən ümmətim barəsində üç şeydən qorxuram- xəsislik, həvayi-nəfsə itaət və yolunu azmış rəhbərlərə itaət
etməkləri”.[12]
Kasıblıq və var-dövlət ilahi sınaq kimi
Kasıblıq və varlılıq özlüyündə eyib və ya fəzilət sayılmır. Onlar insanın sınağa çəkilməsi üçündür. İnsan üçün onların eyib və ya fəziləti şəxsin onlarla rabitəsində aşkarlanır. Əgər halal yolla ələ gələn sərvətin kənarında iki şey ‒ şükür və səxavət olarsa, insan imtahanın öhdəsindən yaxşı gəlmişdir. Onun çoxlu savabı var və belə bir varlılıq dəyər, fəzilət sayılır.
Əgər insanın kasıblamağı tənbəllik, səhlənkarlıq üzündən olmazsa və belə bir kasıblıq da iki xüsusiyyətlə ‒ səbir və izzəti-nəfslə yanaşı olarsa, bu da fəzilət, dəyər sayılır. İzzəti-nəfs dedikdə məqsəd, adamın Allaha bu vəziyyətə görə etiraz etməməsi və camaata ağız açmamasıdır[13]. Bu cür kasıblıq da yaxşıdır və çoxlu savabı vardır.
Ümmətin varlılarının nicat yolu
Sevimli Peyğəmbərimiz (s) varlıların nicat yolunu bildirmiş və buyurmuşdur:
“Mən bundan qorxuram ki, məndən sonra ümmətim arasında mal-dövlət çoxalsın və buna görə də tüğyan etsinlər. Amma mən nicat yolunu sizə bildirirəm. Nicat yolu ondadır ki, Allahın nemətləri müqabilində Ona şükür edib, öz malınızın (xüms, zəkat, vacib və müstəhəb sədəqələr kimi-Red.) vergilərini ödəyəsiniz”.[14]
İmam Əli (ə) bu barədə buyurur:
“Camaatın ən yaxşısı öz malına görə şükür edəni[15] və səxavətlisidir. Ən yaxşı adam kasıblığa səbir edən və başqalarını
özündən irəli salandır”.[16]
Bir başqa hədisdə Peyğəmbərimiz (s) buyurub:
“Bu ümmətin ilkinlərinin müvəffəqiyyəti iki şeyə görədir: Biri dünyada zöhd[17], o biri axirətə yəqin. Onların sonuncusunun həlakı da iki şeyə görədir: Biri xəsislik, digəri uzun arzular”.[18]
Ümmətin kasıblarının nicat yolu
Kasıbların nicat yolu səbir və nəfsin iffətidir. Bir gün bir qrup kasıb cəmləşərək şikayət üçün Peyğəmbərimizin (s) yanına gəldilər və belə dedilər:
“Varlılar bütün yaxşı işləri görürlər. Onlar imkanlı olduqları üçün (pul tələb edən işləri görərək-Red.) rahatlıqla sizin buyurduğunuz bütün əməlləri edərək, bütün Cənnətə yiyələnirlər. Həmçinin, onlar Həcc və Ümrəyə gedir, sədəqə verirlər. Amma bizim bu əməlləri yerinə yetirməyə gücümüz[19] yoxdur”.
Peyğəmbər (s) onlara buyurdu: “Sizlərdən hər biriniz Allah üçün kasıblığa səbir etsəniz və razı qalsanız, sizə onlara verilməyən üç savab verilir:
1. Behiştdə ulduzlar kimi parlayan evlər var. Behişt əhli yer əhlinin ulduzlara baxdığı kimi onlara baxarlar. Bu evlərə kasıb peyğəmbər, kasıb şəhid və kasıb mömindən başqa heç kəs daxil olmaz.
2. Kasıblar varlılardan beş yüz il əvvəl Cənnətə daxil olacaqlar (Çünki varlılar bu müddətdə öz mallarının hesabını verməklə məşğul olacaqlar).
3. Kasıblarla varlıların ibadətinin savabı da bir deyil. Məsələn, əgər varlı və kasıbın hər ikisi “sübhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vallahu əkbər“- təsbihini deyərlərsə, kasıbın yetişdiyi savab varlınınkından çox olacaq. Hətta, varlı bunun üçün on minlərlə dirhəmlər xərcləsə belə, buna nail ola bilməyəcək. Fəqirin başqa işləri də elə bu cürdür”.
Kasıblar hamılıqla Peyğəmbərimizə (s) səsləndilər: “Biz razıyıq”.[20]
2. Həzrət Peyğəmbərin (s) nigaranlığı:
Satıcılar və tacirlər
Əziz Peyğəmbərimiz (s) çox nigaran idi ki, olmaya ümmətinin satıcıları və tacirləri harama düşsünlər. Buna görə də buyurmuşdur:
“Mənim ən çox qorxduğum şey ümmətimin haram peşəyə üz tutmasıdır”.[21]
Haram qazancın təsiri çox xətərlidir. Burada onun pis təsiri açıqlanacaq ki, həzrət Peyğəmbərimizin (s) nə üçün bu qədər nigaran qaldığı aydınlaşmış olsun.
a) Haram loxma yeyənə nəsihət təsir etmir.
Haram qazanc, haram tikə və haram mal insanın qəlbinin möhürlənməsinə gətirib çıxarır. Belə qəlbə nəsihət təsir etmir.
İmam Hüseyn (ə) Aşura günü kufəlilərə buyurdu:
“Heç bilirsinizmi nə üçün mənim nəsihətlərim sizə təsir etmir?! Bilirsinizmi nə üçün mənim sözlərimə qulaq asmırsınız?! Baxmayaraq ki, mən sizi səadət yoluna çağırıram, mənə itaət edənlər səadətə çatacaq, etməyənlər həlak olacaq (amma siz sözümü dinləmirsiniz). Səbəbi budur ki, sizin qarınlarınız haram tikə ilə dolmuşdur və bu haram tikələr sizin qəlblərinizi möhürləmişdir. Buna görə də mənim sözlərim sizə təsir etmir. Vay olsun sizə! Eşitmirsinizmi ki, kömək istəyirəm?! Qurtuluşa çatmaq istəmirsiniz?!” [22]
Bəli, haram qazancın təsiri budur ki, hətta əgər nəsihətverici İmam Hüseyn (ə) olsa belə, haramla dolmuş, daşlaşmış qəlblərə təsir etməz. Deməli, əziz Peyğəmbərimiz (s) səbəbsiz yerə ümmətinin haram qazancı barəsində nigaran deyilmiş və buna görə ondan uzaq olmağı çox ciddi şəkildə tapşıraraq buyururmuş: “Mən ümmətimin haram qazanc dalınca getməsinə görə narahatam”.
Möhtərəm Peyğəmbərimiz (s) narahat olur və ümmətin nicatı üçün çarə yolları göstərir, haram qazancın zərərlərini açıqlayır ki, ümməti bu işlərdən uzaq dursun.
Təkcə bir tikə haram insanın axirətini xarab edir və aqibətini bərbad vəziyyətə salır. Bu haqda tarixdə bir çox canlı şahidlər var. Bəzilərinə işarə edirik:
Təkcə bir tikə haram onun axırına çıxdı
Abbasi xəlifəsi Mehdi çox istəyirdi ki, qazilik və övladlarının təlim və tərbiyə işini Şərik ibn Abdullah Nəxəiyə (hicrətin ikinci əsrində olan məşhur fəqih) tapşırsın. O, elm və təqvada çox məşhur idi. Şərik zülm və zalımlardan uzaq qalmaq üçün bu təklifi heç vaxt qəbul etmir, azad yaşamağa üstünlük verirdi.
Bir gün xəlifə onu çağıraraq dedi: “Bu gün sənə edəcəyim üç təklifdən birini qəbul etməlisən. Ya qazilik etməyi öz öhdənə götürməli, ya mənim övladlarımın təlim-tərbiyəsi ilə məşğul olmalı, ya bu gün naharı mənimlə birgə yeməlisən”.
Şərik bir az fikirləşib öz-özünə dedi: “İndi ki, məni məcbur edirlər, bu üç işdən ancaq üçüncüsünu seçmək mənə asandır”.
Xəlifə aşbaza əmr etdi ki, bu gün Şərik üçün ən ləzzətli yeməkləri hazırlasın.
Nabat və balla qarışdırılmış sümük iliyini süfrəyə gətirdilər. Şərik bu günə qədər bu cür ləzzətli yeməklər yemədiyi və görmədiyi üçün onları iştahla yeməyə başladı. Baş aşpaz yavaşca xəlifəyə pıçıldadı: “Allaha and olsun ki, bu kişi daha düzgünlük üzü görməyəcək”.
Çox çəkmədi ki, Şərik həm qazilik vəzifəsini və həm də xəlifənin övladlarının təlim-tərbiyəsini qəbul etdi. Xəlifə də ona beytül-maldan[23] pul ayırdı. Bir gün pullara nəzarət edən şəxslə onun arasında mübahisə yarandı. O, Şərikə dedi: “Sən bizə buğda satmamısan ki, bu qədər simiclik edəsən”.
Şərik ona dedi: “Mən sizə buğdadan daha üstün bir şeyimi satmışam. Mən sizə öz dinimi satmışam”.
Bunun müqabilində elə insanlar da olmuşdur ki, hər yolla olur-olsun, özlərini haram işlərdən uzaq tutmuşlar. Misal olaraq, Bəhlul Danəndəni demək olar ‒ özünü dəliliyə vurmaqla haram işlərdən xilas olmuşdur.
Bəhlul haram işdən qaçdı
Bir gün Harun ər-Rəşid soruşdu: “İslam ölkəsi Bağdadda qazilik etməyə ən ləyaqətli adam kimdir?”
Hamı dedi: “Bəhluldan layiqlisini tanımırıq”.
Harun onu gətirməyi əmr etdi. Gətirdilər. Harun qazilik mənsəbini ona təklif etdi.
Bəhlul dedi: “Mən layiq deyiləm”.
Harun dedi: “Təkcə sən bu mənsəbə layiqsən”.
Bəhlul dedi: “Mən ya düz deyirəm, yəni, doğrudan da, layiq deyiləm, ya da yalançıyam. Bu zaman, yalançı qazilik etməyə layiq deyil”.
Harun dedi: “Sən bunu qəbul etməlisən”.
İş axırda təhdidə gəlib çıxdı. Bəhlul bir gecə fikirləşmək üçün vaxt aldı.
Gecə Bəhlul bir az fikirləşdi ki, necə özünü xilas etsin? Səhər gördülər ki, Bəhlul bir dənə çubuğu ayaqları arasına alaraq, ayaqyalın küçə-bazarda onu at kimi sürür və qışqırır: “Çəkilin! Çəkilin! Atım sizi ayaqlayacaq”.
Haruna xəbər verdilər ki, Bəhlul dəli olub.
Harun dedi: “O, dəli olmayıb. Bu işi ilə öz dinini qoruyub”.
Bəziləri deyiblər ki, zamanının İmamı (ə) məktub vasitəsilə Bəhlula nicat yolunu göstərib.
b) Haram işin insanın nəslinə təsiri
İmam Sadiq (ə) buyurur: “Haram mənsəb insanın nəslində üzə çıxır və ona pis təsir qoyur”.[24]
Bəzən haram qazancdan olan bir loxma, insanın sonrakı yeddi nəslinə belə təsir edir. Haram tikə ilə böyüyən övlad günahlara çox meylli olur və belə uşaqların səadətə çatması çox çətindir. Necə ki, Allah-taala Quranda buyurur:
“Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər”.[25]
İmam Sadiq (ə) zinadan, haram nütfədən doğulanın aqibətinin yaxşı olmasının çətinliyi barəsində belə buyurur: “Zinadan dünyaya gələn övlad elə o günaha (zinaya—Red.) çox meylli olar”.
c) Axirətdə giriftarçılıq və bədbəxtlik
Haram qazancın mənfi xüsusiyyətlərindən biri də insanın axirətdə bədbəxt olması və sıxıntılara düçar olmasıdır. Necə ki, İmam Əli (ə) buyurur:
“Haram peşə ilə mal əldə edən şəxs öz axirətinə zərər vurmuşdur”.[26]
Əziz Peyğəmbərimiz (s) isə belə buyurur:
“Hər kəs haram qazancla mal ələ gətirsə, həmin mal onun əzab azuqəsi və əzab səbəbidir. Nəhayət, o, Cəhənnəmə daxil olacaq”.
Peşəsinin və onun qazancının halallığına əhəmiyyət verməyən şəxs axirətdə çox çətinliklərlə üzləşəcək. Onun Bərzəx aləmi, Qiyamətdə hesab vaxtı və Sirat körpüsü kənarında vəziyyəti çox ağır olacaq.
Aman haram peşə və qazanc əlindən!
Qiyamət günü insan peşəsi və qazancı haqda hesaba çəkiləcək‒ malını haram, yoxsa halal yolla qazanıb?
Məhşərdə bu suala cavab vermək bəzən qırx il çəkər. Çünki bu məhkəmənin Hakimi çox dəqiqdir. Bircə-bircə şəxsin malını hansı yolla qazandığını aşkar edir.[27]. Malını haram yollarla qazanan insan davamlı olaraq deyər: “Vay olsun mənə! Axı niyə belə etdim?!”
Əziz Peyğəmbərimiz (s) buyurur:
“Vay olsun mənim ümmətimin satıcı, tacir və sənətkarlarının halına! Vay olsun! Ona görə ki, qazanc zamanı and içib deyərlər: Allaha and olsun ki, yox... Allah haqqı, doğru deyirəm. Vay olsun sənətkarların halına! Ona görə ki, onlar: Bu gün, sabah-deyərlər” (bu günü sabaha satmaqla alıcıları aldadırlar)”.[28]
Onlar peşmançılıqlarının şiddətindən deyərlər: “Vay olsun bizim halımıza!”
Sevimli Peyğəmbərimiz (s) öz ümmətini haramlardan uzaqlaşmağa həvəsləndirmək və haram əməllərin pis aqibətinə düçar olmaqdan çəkindirmək üçün haramların tərki ilə bağlı çoxlu sayda savablar sadalamışdır.
Haram qazancın tərki barəsində böyük savablar
Əgər insan Allah xatirinə haram qazanc və işdən çəkinərsə, Allah-taala ona halaldan ruzi, bərəkətlər verməsindən
əlavə, axirət aləmində əzəmətli savablar da yazar.
Əziz Peyğəmbərimiz (s) bu barədə buyurur:
“Əgər bir daniq (o zamanda ən dəyərsiz pul vahidi idi) haram qazanc onun əsl sahiblərinə geri qaytarılarsa, onun savabı Allah yanında yetmiş min yaxşı və düzgün Həcc mərasimi qədərdir”.[29]
Başqa bir hədisdə əziz Peyğəmbərimiz (s) buyurur:
“Haram qazancdan ələ gəlmiş bir tikənin tərki, Allah yanında iki min rəkət müstəhəb namazdan daha fəzilətlidir”.[30]
Sevimli Peyğəmbərimiz (s) ümmətinin sələmə düşməsindən nigaran idi
Əziz Peyğəmbərimiz (s) ümmətinin sələm almasından və ya verməsindən çox nigaran idi.
O həzrət bu haqda buyurur:
“Mənim ümmətim barəsində ən çox qorxduğum şey onların sələmə üz tutması, sələm alıb-verməsidir”.[31]
İmam Baqir (ə) buyurur:
“Ən pis və ən nifrətli məşğuliyyət sələmxorluqdur”.[32]
Sələm yemək əslində, zəif kütlənin istismar edilməsidir. Bu iş cəmiyyətdə fərdlər arasında fasilələr salır.
Sələm yemək o qədər nifrətəlayiqdir ki, əziz Peyğəmbərimiz (s), hətta ona şahid duranı da lənətləmişdir.
Hədislərdən birində gəlmişdir ki, əziz Peyğəmbərimiz (s) sələmi, sələmçini, onu satanı, onu alanı və ona şahid duranı lənətləmişdir.[33]
Allah-taala sələm yeyənlərə müharibə elan etmiş və onu Öz düşməni adlandırmışdır”.[34]
Əziz İslam peyğəmbərinin (s) sələm haqda bu qədər nigaran olması və ümmətinin bu böyük günahdan necə nicat tapacağı barədə fikirləşməsi yersiz deyilmiş. Ona görə də Peyğəmbər (s) və məsumlarımız (ə) buyururlar ki, əvvəl düzgün qazanc yolunu öyrənin, sonra qazanc dalınca gedin.
Əvvəl fiqh və əhkamı öyrənək
Hər hansı bir peşənin arxasınca getməzdən qabaq sələm təhlükəsi yaranmasın deyə, o işin şərii hökmlərini öyrənmək hər bir müsəlmana vacibdir.
İmam Əlinin (ə) dostlarından olan Əsbəğ deyir: “Əlinin (ə) minbərdə belə dediyini eşitdim: Ey tacir və satıcılar! Əvvəl hökmləri öyrənin, sonra ticarətlə məşğul olun! Əvvəl hökmləri öyrənin, sonra ticarətlə məşğul olun! Əvvəl hökmləri öyrənin, sonra ticarətlə məşğul olun! Allaha and olsun, sələm bu ümmət arasında qarışqanın böyük qayalar üzərindəki ayaq izindən daha zərif və daha gizlidir. İmanınızı doğruluqla, düzgün danışmaqla qoruyun. Tacir şəxs günahkar, günahkar isə atəşdədir ‒ düzgün alıb, haqq və doğruluqla satanlardan başqa”.
Yenə buyurmuşdur:
“Hər kəs şərii hökmləri öyrənmədən ticarətlə məşğul olarsa, çox pis şəkildə sələm girdabına düşəcək və nicatı çox çətin olacaq”.[35]
Deməli, insan şəriəti öyrənmədən ticarətlə məşğul olarsa, ribadan (sələmdən) amanda qala bilməyəcək.
--------------------------------------------------------------------------------
[1] “Ələq”, 6
[2] Huveyzi, “Nurus-səqəleyn təfsiri”, 4/579
[3] Amədi Əbdül-Vəhhab, “Ğürərül-hikəm”, 370
[4] “Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara (İsrail oğullarına) qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: "(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah sevinənləri sevməz! Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (ehtiyaclı olanlara xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!" (Qarun) dedi: "Bu (var-dövlət) mənə yalnız məndə olan elm sayəsində verilmişdir”. Məgər o (Qarun), Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar (heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar). (Bir gün Qarun) faxir (fəxrli, bahalı) libas geyib öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: "Kaş ki, Qaruna verilən bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt sahibidir!" (Axirət barəsində) elm verilmiş kəslər isə belə dedilər: "Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna (bu nemətə) yalnız səbir edənlər qovuşarlar!" Nəhayət, onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: "Vay (biz heç bilməmişik)! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, əl-Kafirlər nicat tapmayacaqlarmış!"
Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir! Hər kəs yaxşı əməllə gəlsə, ona bundan (əməlindən) daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, (bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər” (“Qəsəs”, 76-84)—Red.
[5] “əl-Kafi”, 2/140
[6] “əl-Kafi”, 2/140
[7] “Eynəl-ibrət”, 38
[8] Aydın məsələdir ki, o pul həmin əvvəlki iki dirhəm deyildi. Əsas məsələ Peyğəmbərimizin aləmə hakim vasitələrdən bəhrələnərək Allahın iradəsini həyata keçirmək idi. Allah-taala o şəxsə əvvəlcədən dirhəmsiz də çoxlu sərvət verə bilərdi. Amma Haqq-taala aləmə hakim etdiyi səbəb-nəticə və vasitələr qanununa əsasən əməl edir. Bu Allahın həmin şeylərdən asılılığı deyil, bu maddi aləmin məhdudluğu və Haqqın nüfuzlu iradəsini birbaşa qəbul edə bilməməsindən qaynaqlanır. Bəzən isə Allah-taala Özü təyin etdiyi qanunların Onu məhdudlaşdırmadığını bildirmək və hər şeyi tövhidə bağlamaq üçün bu qanunu alt-üst edir. Alovun İbrahim peyğəmbəri yandırmadığı, bıçağın həzrət İsmayılı kəsmədiyini buna misal çəkə bilərik. Adətən, alovun xüsusiyyəti yandırmaq və bıçağın xüsusiyyəti kəsməkdir. Onlara bu xüsusiyyəti Allah verib. Amma bəzən daha məsləhətli bir şeyi anlatmaq üçün Allah-taala müvəqqəti olaraq bu qanunu işdən salır. Allahdan başqa təsir sahibi yoxdur.— Red.
[9] “ əl-Kafi”, 5/312
[10] “Tövbə”, 75
[11] “Biharul-ənvar”, 22/40
[12] “Biharul-ənvar”, 74/163
[13] İnsan lazım olan bütün yollara baş vurur, şərtləri ilə dua, təvəkkül edir, amma buna baxmayaraq, varlanmırsa, hökmən onun belə qalmağı məsləhətdir. Belə bir şəxs varlanarsa, öncəki səhifələrdə əhvalatlarını oxuduğunuz şəxslər kimi dinini təhlükəyə atacaq. Bu məsələ xəstəlik və bu kimi çətinliklərdən əziyyət çəkən şəxslər üçün də belədir. Əgər şəxs bütün işlərə rəğmən sağalmırsa, deməli, onun məsləhəti bundadır. Olacağa çarə yoxdur- deyərək, gözəl şəkildə səbir etməlidir. Əlbəttə ki, onun dünya nuraniliyi, bərəkəti və axirət mükafatları Allahın əlindədir. Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz.
O ki qaldı başqalarına ağız açmamaq məsələsinə, deməliyik ki, bəli, borc vermək böyük savaba malik olsa da, borc almaq bəyənilmir. Allah-taala mömin bəndəsinin yalnız Ona ehtiyac əlini uzatmasını sevir və onun digərlərinin qarşısında alçalmasını istəmir. Amma insan məcbur olarsa, məsləhətli şəxslərdən abrını qoruya bilərək borc ala bilərsə, bunun eybi yoxdur. Bu, əslində Allaha əl açmaqdır. Çünki bu iş Onun izni, göstərişi və razılığı ilə baş verir. Haqq-taalanın ləyaqətli bəndələrinə ağız açmaq, Ona ağız açmaq kimi bir şeydir.— Red.
[14] Şeyx Səduq, “əl-Xisal”, 1/164
[15] Məlum məsələdir ki, şükrün dərəcələri vardır. Dildə şükür etmək onun ən sadə dərəcələrindəndir. Onun ən kamil dərəcəsi isə əməli şükürdür. Əməli şükür budur ki, şəxs ona yetişən nemətləri Allahın razılığını güdərək istifadə etsin və Onun bəyənmədiyi şeylərə sərf etməkdən çəkinsin.— Red.
[16] Amədi Əbdül-Vəhhab, “Ğürərül-hikəm”, 375-388
[17] Zöhd dünya malına qəlbən bağlı olmamağa deyilir. Bu bağlı olmamağın da əlaməti budur ki, insan həmin malı qədərində və düzgün yerlərdə məsrəf etsin. Zöhd, şəxsin dünya malından məhrumluğu demək deyil, həqiqi zahid odur ki, dünya malına sahib ola-ola onu özününkü bilməsin, Allahdan bilsin və onun şükrünü yerinə yetirmək üçün Allahın əmr etdiyi (şəxsi ehtiyaclar, xüms-zəkat, müstəhəb sədəqələr, digər mömin qardaşlara maddi və mənəvi dayaq olmaq və s.) şeylərə sərf etsin. İnsanın sahib olduğu şeylər hətta zahirdə dini və axirətə aid olan şeylər də olsa, insan onlara bağlı olduqca və onlardan üzülüşmək ona çətin gəldikcə, bu dünya sayılır. Dünya insanda ehtiyacsızlıq yaradır. “Ələq” surəsində buyurulur ki, insan özünü ehtiyacsız gördüyü zaman tüğyan edir. Deməli, var-dövlət adamda ehtiyacsızlıq yaratmır və insan özünü daim Allaha ehtiyaclı bilirsə, belə varlılıq məzəmmət olunmur. — Red.
[18] “Vəsailüş-şiə”, 2/433
[19] Əməllər niyyətə görədir. Buna görə də hər hansı bir yaxşı işi görmək istəyən şəxs buna imkanı çatmazsa, Allah-taala Öz lütfü ilə həmin şəxsə imkanı olacağı təqdirdə görəcəyi işin savabını verir. Eyni zamanda, pis işlərdə də belədir. Məsələn, insan Qiyamət günü görəcək ki, onun əməl dəftərinə qətllər yazılıb. Soruşduqda deyiləcək ki, sənin sözünlə filankəslər qətlə yetirildi, yaxud sən filankəsin qətlinə sevinirdin, razılıq edirdin və s.— Red.
[20] “Biharul-ənvar”, 69/48
[21] “əl-Kafi”, 5/124
[22] “Biharul-ənvar”, 45/7
[23] Dövlət büdcəsi— Red.
[24] Şeyx Səduq, “Mən lə yəhzurul-fəqih”, 4/418
[25] “Nur”, 26
[26] “Mustədrəkül-vəsail”, 13/67
[27] Məlum olduğu kimi, Allah-taala bütün gizlilərə agahdır. Elə isə soruşmağa, haqq-hesaba nə ehtiyac var?! Bu sual-cavabın məqsədi şəxsin bəhanə yollarının bağlanması və öz günahını bilən və etiraf edən halda əzab çəkməsidir. Daha o digərini qınaya bilməz. Eyni zamanda, bu hesab-kitabda fəzilətlər aşkarlanır və pisliklərə nifrət ruhu təzələnir. Doğrusunu Allah bilir!— Red.
[28] Şeyx Hürr Amuli, “Vəsailüş-şiə”, 17/420
[29] “Müstədrəkül-vəsail”, 12/105
[30] “Biharul-ənvar”, 90/373
[31] “əl-Kafi”, 5/124
[32] “əl-Kafi”, 5/148
[33] “Vəsailüş-şiə”, 18/127
[34] “Bəqərə”, 279: “Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!”
[35] “əl-Kafi”, 5/150