Tədqiqatçıların arasında zərdüştlərin müqəddəs kitabı olan Avesta ilə əlaqədar yaranmış anlaşılmazlıq Zərdüştün özü barədə olan ixtilaflardan daha çoxdur. Fikir ayrılığının əsası bundan ibarətdir ki, Avesta, ümumiyyətlə Zərdüştin kitabıdır, yoxsa onun bir hissəsi ona məxsusdur, yerdə qalan hissəsi isə Zərdüştdən əvvəlki dövrlərə aiddir, və yaxud Mubədlərin vasitəsi ilə ona artırılmışdır? Görəsən hal-hazırda əldə olan Avesta həmin kitabın külliyyatıdır, yoxsa onun yalnız bir hissəsidir? Daha mühüm bir məsələ budur ki, Zərdüştin ümumiyyətlə müqəddəs kitabı olub, yoxsa yox? Daha məşhur və mö’təbər görünən, eləcə də alimlər tərəfindən daha çox qəbul edilən məsələ budur ki, zərdüştliyin müqəddəs kitabı olan Avestanın bir hissəsi Zərdüştün bəyanlar və münacatlar məcmuəsidir ki, onun şagirdləri və köməkçiləri tərəfindən toplanıb yazılmışdır. Amma dini mətnlərdən bir hissəsi Zərdüştdən əvvəl də mövcud olmuş və müəyyən mətləblər də sonralar mubədlərin vasitəsi ilə əlavə edilmişdir. Bə’zilərinin dediklərinə görə, Avestanın ilk nüsxəsi 21 kitabdan ibarət idi ki, Viştasibin göstərişi ilə qızıl xətlərlə on iki min inəyin dərisinə yazılmışdır. Amma makedoniyalı İsgəndərin İrana hücumları zamanı qarət edilib yandırılmışdır. Əşkanilər dövründə Avestanın yeniləşdirilməsinə sə’y göstərilmişdir və bu mərhələdə onun yalnız şifahi olaraq, yadda qalan hissələri toplanıb yazılmışdır. Buna görə də müasir dövrdə mövcud olan kitab əsil Avestanın külliyyatı deyil, onun müəyyən bir hissəsidir.
«Bununla yanaşı, Avesta zərdüştlərin müqəddəs kitabıdır, onların dini mənbələrinin ən üstünü sayılır; əxlaq və əqidələrinin əsasını təşkil edir. Zərdüşt mubədləri Avestaya müəyyən təfsir və şərhlər yazmışlar ki, onlar “Zend Avesta” adlanır. Avesta dörd hissədən təşkil olunmuşdur:
Birinci hissə: «Yəsna»
«Yəsna» Avestanın ən mühüm hissəsidir. Yəsna kəlməsi pərəstiş və sitayiş mə’nasını daşıyır. Bu hissə Ahura Məzdanın sitayiş və tə’rifinə aid ayə və nəğmələrdən təşkil olunduğu üçün Yəsna adlandırılmışdır. Bu bölmədə 72 fəsil (mat) vardır. Yəsnanın 17 fəsli zərdüştlərin məşhur nəğmələri yə’ni, “kasa”lardır.
Kasaların özü də beş hissədən ibarətdir: “Əhlüb kas” (7 fəsildir), “Üşnud kas” (4 fəsildir), “Sepentaminu kas” (4 fəsildən ibarətdir), “Rüxşirət kas” (1 fəsil) və “Vəhişto kas” (1 fəsil).
Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, kasalar Zərdüştün öz nəğmələridir və buna görə də Avestanın ən mühüm və əsas hissəsi sayılır. Zərdüştlər barədə tədqiqat aparan alimlərdən biri kasalar bəhsini aşağıdakı şəkildə xülasələndirmişdir:
1. Allah-taala mövcuddur, O, bütün maddi və mənəvi şeylərin xaliqidir. O, «Sepentaminu» (Sepentminu) vasitəsi ilə və düşünməklə Öz yaratdıqlarına varlıq bəxş edir. O, müqəddəslik və düzlük sahibidir; xəlq etmək, bəxşiş (əfv), güzəştə getmək və bərəkət vasitəsilə dərk olunur. O, altı müqərrəb mələk (mücərrəd) vasitəsilə əhatə olunmuşdur ki, onların atası və xaliqidir. Bu altı mələkdən üç müqərrəb və mələkuti varlıq onun öz cövhərindəndir, ondan ayrılmaz olduğunu demək olmaz. Yə’ni, Vəhumilər, Əşə, Sepəntminudur ki, onların vasitəsi ilə xəlq edir. Onun məqamı qəhr və şəhriyar məqamıdır; şübhəsiz, yaratdığı bütün şeylərin mütləq rəhbəridir. Şəhriyar, hal-hazırda əqidə bəslənən Vilruşun hücumu vasitəsilə Ənqireminunun əli ilə dağıdılmışdır. Amma son anda ilk vəziyyətinə qaytarılacaqdır. Xordad və Mordad da onun zatından ayrılan deyildir. Amma bunlar özləri mükafatdan ibarətdir ki, o, Allahın istəyi əsasında zahidliklə əməl edən şəxslərə və’də verilmişdir. Bu altı müqərrəbin axırıncısı Armiti, yaxud Harsayi müqəddəs insanla Allah arasında müştərək olub, bu iki varlıq arasında düzgün rabitənin göstəricisidir. Allah ağıllı bir rəhbərdir və Əhrimən qüvvələrinin fövqündə dayanır.
2. Dünya Əşə (düzlük) və yalan arasında bölünmüşdür. Əşə elimli rəhbər olan Sepəndminun vasitəsilə yaradılmışdır. Amma yalanın mənşəyi barəsində peyğəmbər susmuş və heç bir şey deməmişdir. Bir-birilə fəza təşkil edən bu iki qütb arasında (düzlük və yalan) ikiliyə yönəlmə və onların arsında insanların azad seçməsinin mümkünlüyü Zərdüşt təfəkkürünün əsasını təşkil edir.
3. Elm sahibi olan rəhbərin məxluqatı azad şəkildə xəlq olunur. Onlar düzlük və yalandan birini seçməkdə azaddırlar. Bu məsələ ilahi müqərrəblər qədərincə insanlara da aid olur. Buna əsasən heyrətləndirici tərzdə Sepentminunun qardaşı kimi vəsf olunan Əngireminu özü ən pis işləri seçir. Bu seçki onun ixtiyar və iradəsindən irəli gəlir; divlər də belədir. Zərdüşt köhnə mə’budları, onlara ibadət mərasimlərinin tələbi olan kobudluq xatirinə şər və Əhrimən qüvvələri hesab etmişdir.
4. İnsan tam azad olduğuna görə, özünün son talehinin məhsuludur və yaxşı işlər yerinə yetirməklə əbədi mükafatlara nail olur; Xordad (yə’ni, salamatlıq) və Mordad (əbədilik) ona məxsusdur, divpərəstlər də vicdan və adil Allahın vasitəsilə əbədi əzabla ən pis varlıqlara məhkum edilir.
5. Əşənin xarici vücudu atəşdir və zərdüştlərin dini mərkəzlərinə və ocaqlarına çevrilən də məhz bu atəşgahdır. Ərimiş metalın və odun çətin imtahanları vasitəsilə Zərdüşt sözünün haqq olmasını isbat edir. Həmçinin həmin atəş və qızarmış dəmir vasitəsilə bəşəriyyət dünyanın son anlarında mühakiməyə və hesaba çağırılacaqlar.[1]
İkinci hissə: «Vistert»
«Vistert» əbədi həyat dövranı və rəhbərlər mə’nasındadır. Avestanın bu hissəsi dua və sitayişlərdən ibarətdir. Ahura Məzdanın dərgahında Zərdüşt, Emşanspentant, İzadan və s. mücərrəd aləmin, asimanın və onda olanların rəhbərləridir. Bu bölmədə həmçinin dini bayramlar və onunla əlaqədar söhbətlər gedir. Vistert 22, yaxud 27 fəsildən ibarətdir.
Üçüncü bölmə: «Vendidad»
«Vendidad» - divlər əleyhinə olan qanun mə’nasındadır. Avestanın bu hissəsində dini qayda-qanunlar, hökmlər, dünya və axirətdəki cəzalar işıqlandırılır; fərdi və ictimai hökmlər bu hissədə toplanmışdır. Bu hissə həqiqətdə 22 fəsildən ibarət olan fiqhi bir kitabdır ki, hər fəsildə şəriət hökmlərinin bir qismi bəyan olunmuşdur. Burada murdar şeylər, pakedicilər, murdarlanmış şeylərin paklanma qaydası, məssi-meyyit qüslünün qaydası, divlərin hücumunun, böyük günahların və murdar heyvanların həmləsinin qarşısını necə almaq barədə qayda-qanunlar toplanmışdır.
Vendidadda dünya və axirət və’dələri barəsində, Əhrimənin Zərdüştlə necə mübarizə aparması, elm öyrənməyə, tə’lim-tərbiyəyə rəğbətləndirmə, izdivac edib ailə qurmaq və s. kimi məsələlər bəyan olunmuşdur.
Dördüncü hissə: «Kiçik Avesta»
Bu bölmə Sasanilər dövrünün məşhur mubədi kimi tanınan Azər-pad-maraspənd (odun keşikçisi) tərəfindən yazılmışdır. Bu kitab dualar, namaz, müxtəlif günlərin münacatları, dini bayramlar, izdivac, ölüm mərasimləri, xoş və acı günlər, günahların kəffarəsi, hacətlərin ödənilməsi və bu qəbildən olan digər məsələlərə aiddir.
Yəştlər kiçik Avestanan digər bir hissəsini təşkil edir. Yəşt fidyə və yalvarış mə’nasındadır. Bu hissədə 22 fəsil vardır və hər bir fəsil mələklərdən birinin tə’rif və vəsfindədir. Yəşitlərdən hər biri zərdüştlər tərəfindən ilin müəyyən vaxtlarında oxunur.
* * *
Dərsin əvvəlində qeyd olunduğu kimi, on iki min inək dərisində yazılmış əsil Avesta İsgəndər tərəfində yandırılıb məhv edilmişdir. Mövcud olan Avesta Əşkanilər dövründə ağızdan-ağıza eşidilməklə, yaxud da yadda qalanları yığıb bir yerə toplamaqla yazılmışdır. Bu tarixi məlumatların düzgünlüyü sübuta yetsə, Avestaya nə qədər təhrif və dəyişikliklərin edilməsini təsəvvür etmək olar. İlk Avestanın çox geniş həcmə malik olmasını, onun ilk nüsxəsinin misilsiz bir vəziyyətdə yazılmasını və bütün ayələrinin qorunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq, onun sonrakı nəsillərə gəlib çatmasının nə dərəcədə çətin bir iş olduğunu başa düşmək olar. İlk Avestanın aradan getməsi ilə onun yeni nüsxəsinin yazılması arasındakı uzun zaman fasiləsi də bu məsələnin mürəkkəbliyini bir neçə dəfə artırır.
--------------------------------------------------------------------------------
[1] (ar.si.zənd. Tülu və ğürubu zərdüştgəri, tərcümə: Teymur Qadiri).
source : الشیعه