Əvvəlki dərsimizdə Bab və Bəhaullahın bütün iddiaları ilə tanış olduq. Mə᾿lum oldu ki, onların hər ikisi özlərini yeni şəriət sahibi və intizarı çəkilən İmam Zaman kimi qələmə vermişlər.
Bəhailər özləri bu suala cavab verməlidirlər ki, əvvəla nə üçün aradan çox keçmədən yə᾿ni, Babın ölümündən 13 il sonra yeni bir peyğəmbər gəlib özünün başqa bir şəriət sahibi olduğunu bildirir? Bir halda ki, əvvəlki peyğəmbər yə᾿ni, Bab hələ öz peyğəmbərliyini başa vurmayıb və onun müqəddəs kitabı olan Bəyan natamam qalıb. Onun şəriət və müqəddəs kitabı kənara qoyularaq, bəşəriyyətə başqa bir peyğəmbər göndərilirmi?!! Özü də Bəhaullahın yaşca Babdan böyük olduğu bir halda. Yə᾿ni əgər Allah-taala ikinci şəriəti birinciyə hakim etməli olsaydı, onda nə üçün birinciyə zəhmət verib göndərdiyi şəriəti qüvvədən salaraq peyğəmbərliyini natamam qoyardı. Bir haldakı elə əvvəldən Bəhaullahın peyğəmbərliyini tə᾿yin edib gətirdiyi şəriəti e᾿lan edərdi. Digər tərəfdən, əgər onların hər ikisi bəşəriyyətin intizarında olduğu (İmam Zaman) şəxs olmuşlarsa, necə ola bilər ki, firqənin tə᾿sis olunmasından bir əsrdən çox keçsə də, yer üzündə haqq-ədaləti bərqərar edə biləcək, bəşəriyyətə zalımların zülmündən nicat verə biləcək bir şəxs zühur etməsin?
Həmçinin necə ola bilər ki, bu müddət ərzində babilər öz ətrafına olduqca az tərəfdar yığa bilmiş və dünyaya hakim ola bilməmişlər? Bu dərsimizdə yalnız bəhailərin e᾿tiqadları ilə tanış olacağıq. Onların əqidə və e᾿tiqadları o qədər əsassız və qeyri-məntiqidir ki, bunu sübuta yetirmək üçün heç bir araşdırmaya ehtiyac görmürük.
1. İSLAM ŞƏRİƏTİNİN NƏSX (LƏĞV) OLUNMASI
Bəhailər belə bir əqidədədirlər ki, Bəhailik İslam dinini (şəriətini) nəsx edərək həzrət Məhəmmədin (s) peyğəmbərlik dövrünü arxada qoymuşdur. Onlar deyirlər: Bizim dövrümüz ilahi məzhərin (mən yuzhirəhullah – O kəs ki, Allah onun vücudunda təcəlli və zühur edir) risalət [peyğəmbərlik] dövrüdür. Bundan sonra da Allah-taala yer üzündə və onun sakinlərinin vücudunda təcəlli edəcəkdir. Lakin növbəti zühur ən azı min ildən sonra baş verəcək, Allah-taala uzun fasilədən sonra aləmdə təcəlli edəcəkdir.
2. ALLAHIN HÜLUL VƏ TƏCƏLLİ ETMƏSİ
Bəhailər belə bir əqidədədirlər ki, Allah-taala ən azı bir dəfə seçdiyi şəxsin vücudunda hülul və zühur edir. Belə olduqda həmin şəxs Allahın məzhəri hesab olunur. Bu kimi şəxslərə «mən yuzhirəhullah – o kəs ki, Allah onun vücudunda zühur etmişdir» deyilir. İlk dəfə belə bir iddiada olan şəxs Babın özü olmuş, daha sonra Bəhaullah və onun digər tərəfdarları da bu kimi fikirlər irəli sürmüşlər.
3. NAMAZ VƏ QİBLƏ
Bəhailərin səhər, günorta və axşam qıldıqları namazlar doqquz rükətdən ibarətdir. Namazların böyük bir hissəsini Bəhaullah onların üzərindən götürmüşdür. Bəhailər, qibləgahın Bəhaullahın dəfn olunduğu «Əkka» şəhərinə tərəf olduğunu hesab edirlər. Bəhaullah demişdir: Namaz qılmaq istərkən Allahın müqəddəs məkanı olan, oradan yer və göy sakinlərinə hökm verilən yerə tərəf üz tutun.
4. TƏQVİM VƏ ÖLÇÜ
Bəhailərin ili on doqquz ay və on doqquz gündən ibarətdir. (Bəhailər on doqquzu müqəddəs rəqəm hesab edirlər). On doqquz ay bunlardan ibarətdir: Bəha, Cəlal, Cəmal, Əzəmət, Nur, Rəhmət, Kəlimat, Kəmal, Əsma, İzzət, Məşiyyət, Elm, Qüdrət, Qovl, Sail, Şərəf, Soltan, Mulk və Ə᾿la. Hər bir günəş ilinin 361 gündən ibarət olduğunu hesab edir, 361 günü 19 aya bölür və yerdə qalan 4 günü (Kəbisə illərindən 5 gün) isə Bəhailərin azad günü hesab edirlər. Bu günlər ərzində Bəhailərin üzərinə heç bir məsuliyyət düşmür və onlar eyş-işrət etməkdə tamamilə azaddırlar.
Bəhailər həftənin günlərinə də müəyyən adlar qoymuşlar.
Cəlal (Çərşənbə axşamı);
Cəmal (Çərşənbə);
Kəmal (Şənbə);
Fuzal (Bazar);
Əlal (Cümə axşamı);
İsticlal (Cümə);
İstiqlal (Bazar ertəsi).
Babın qiyamını ilin əvvəli, ilin bir illik dövrünü isə şəmsi, qəməri və ya miladi əvəzinə «Bədi» adlandırmışlar.
5. HƏCC
Əli Məhəmməd Şirazda dünyaya gəldiyi evi Kə᾿bə hesab elib öz tərəfdarlarını oraya həcc ziyarətinə gəlməyə sövq etmişdir. O, Bəyan kitabında deyir: Beytul-harama gəldikdə, bunu bilmək lazımdır ki, Allahın müəyyən məkanı olmamışdır və heç vaxt da olmayacaqdır. Özünə aid etdiyi hər bir yer Onun evidir.
«...O evə [Kə᾿bəyə] aid olan bütün hökmlər, bu gün bu evə [Şirazdakı yaşadığı evə] şamildir...» Başqa bir yerdə deyir: «Kim orada [Şirazda] və ya onun 66 kilometrliyində olarsa və əgər iyirmi doqquz yaşı haqlayarsa, həmin il oraya [Babın evinə] daxil olub on doqquz gün həmin məhəldə [Şirazda] qalmalıdır. Özünü [mə᾿nən] saflaşdıraraq, orada beş rük᾿ət namaz qılmalıdır. Kimin buna taqəti yoxdursa, niyyətində buna əməl etsin. Burada sakin olmayanlara güzəşt edilmiş və onlar bağışlanmışlar. Bəhaullah qibləni Əkkaya (yaşadığı və dəfn olunduğu yerə) dəyişərək oranı Beytul-haram qərar vermişdir. O deyir: Həqiqətən Allah sizlərdən imkanı olan hər bir şəxsə həcc (Əkkadakı dəfn olunduğu yeri) hökmünü vermişdir. Lakin qadınlar bu hökmdən azaddırlar. Bu onun tərəfindən insanlara bəxş olunan bir rəhmətdir. Həqiqətən o bol-bol ne᾿mətlər verəndir. Bəhailər hər iki yeri yə᾿ni, həm Kə᾿bəni, həm də Babın dəfn olunduğu yeri müqəddəs hesab edirlər.
6. TƏHARƏT VƏ NƏCASƏT
Əli Məhəmməd Bab siçanın, gecə quşunun, qaranquşun ifrazatının və spermanın pak olduğuna hökm vermiş, islam dininin nəcasət hesab etdiyi digər şeyləri o da nəcis bilmişdir. O atəş, hava, su, torpaq və Allahın kitabını (Bəyanı) pakedici hesab etmişdir. Əşyaların «Bəyanla» pak olmasını belə izah edir: Babın adı nə qədər mümkünsə və təthir (paklıq) ayəsi 66 dəfə nəcis olmuş şeyə oxunsa, həmin şey pak olur. Təthir ayəsi isə bundan ibarətdir: «Allahu əthər.»
Bu ayəni nəcis olmuş şeyi qalan dörd pakedici ünsürlərlə pak etdikdə də oxumaq lazımdır.
Lakin Bəhaulla istisnasız olaraq, bütün murdar şeyləri pak hesab etmişdir. O deyir: Allah natəmizlik hökmünü bütün şeylərdən və hər bir millətdən götürmüşdür. Bu, Allah tərəfindən insanlara verilən bir bəxşişdir. Həqiqətən Allah bağışlayan və günahlardan keçəndir.
7. SƏLƏMÇİLİYİN HALALLIĞI
Bab hər iki tərəfin razılığı ilə edilən müamilələrin, o cümlədən sələmin halal olduğunu e᾿lan etmişdir. O, bu barədə deyir: Allah hər iki tərəfin razılığı ilə alış-verişi halal etmişdir. Tacirlərə, bu günlər onların arasında adi hal almış sələmçiliyə də izn vermişdir
8. HİCAB VƏ NAMƏHRƏMƏ BAXMAQ
Bab hicab hökmünü götürmüş, qadın və kişilərin bir-birlərinə baxmalarını halal etmişdir.
Yusif surəsinin təfsirində deyir: «Qadınlara cənnət huriləri kimi ipək paltar geyib özlərinə bəzək-düzək vermək və evlərindən camaat arasına çıxıb oturacaqlarda hicabsız oturmaq icazəsi verildi.» Özünün «Bəyan» kitabında deyir: «Allah Bəyan kitabında mö᾿min kişilərə qadınlara, qadınlara da bəyəndikləri kişilərə baxmağa icazə vermişdir. Lakin Allahın istəyi olmayan şeylərə baxmamalıdırlar. Allah istəyir ki, cənnətdə olduqları kimi, kişi və qadınlar necə istəyirlərsə, eləcə də azad olsunlar. Bab bundan da artıq özünə cəsarət verərək ərləri xədim olan qadınlara uşaq dünyaya gətirmək üçün ərlərinin icazəsi ilə başqa kişilərlə cinsi əlaqədə olmaq icazəsi də vermişdir. O bu hökmü Bəyanın 15-ci babının 4-cü vahidində və 15-ci babın 8-ci vahidində vermişdir.
source : الشیعه