Bu qurum tə’sis olunduğu gündən onun vəkilləri xüms, zəkat və bu kimi başqa şər’i ödəncləri toplamağa başladılar. Müəlla ibn Kunəysin imam Sadiq (ə) tərəfindən Mədinədə vəkil tə’yin olunması bildirilir. Onun şiələrdən xüms-zəkat toplaması Abbasiləri qəzəbləndirdi və onu şəhadətə yetirdilər. Xəlifə Mənsur Müəllanı ittiham edirdi ki, o uyğun büdcəni hakimiyyətə qarşı qiyam məqsədi ilə toplayır.
İmam Kazimin (ə) dövründə vəkillərin fəaliyyəti daha da genişlənmişdi və imam Sadiqin (ə) dövründəkindən daha artıq büdcə toplanırdı. Toplanmış ödənclərin böyük məbləğ təşkil etməsi imamın şəhadətindən sonra bə’zi vəkillərin xəyanətinə səbəb oldu. Onlar imam Rizanın (ə) imamətini inkar etmək dərəcəsində yollarını azdılar və ixtiyarlarında olan büdcəni öz məqsədlərinə sərf etdilər. Sonrakı dövrlərdə vəkalət qurumunun işi nizama salındı, şər’i ödənclər dəqiq şəkildə toplanmağa başladı. Vəkillərin şiələrdən topladığı ödənclər, adətən, zəkatdan, hədiyyələrdən, sədəqələrdən, nəzirlərdən, xümsdən ibarət olurdu. Şər’i haqları ödəməkdə süstlük göstərən şiələrə xəbərdarlıq edilirdi. Məsələn, imam Həsən Əsgərinin (ə) dövründə Nişabur şiələrindən bə’ziləri xüms ödəməkdən boyun qaçırdıqda həzrət onlara bir məktubla müraciət etdi. O, şiələrə müraciətinin səbəbini belə izah edirdi: «Əgər onların axirət səadətləri bundan asılı olmasaydı, heç vaxt israr etməzdim».
Kiçik qeyb dövründə şər’i haqların şiələr tərəfindən daha kütləvi şəkildə ödəndiyinə şahid oluruq. «Vəsailüş-şiə» kitabında bunun səbəbi belə açıqlanır: «Həmin əsrdə xümsün daha çox ödənməsinin səbəbi şər’i haqların yığılmasına cavabdeh olan vəkillərin varlığı idi. Belə ki, çoxsaylı ehtiyaclılar vardı və onların ehtiyaclarının ödənməsi imama vacib idi.»
Yə’ni, Müqəddəs nahiyə tərəfindən, İslam dünyasının ən ucqar nöqtələrindən dörd naibdən əlavə çoxsaylı vəkillər olmuşdur. Şiələrin xüms-zəkat ödəmək üçün heç bir üzrü olmamışdır. Həzrətin vəkilləri fəaliyyət göstərdiyindən imama əl çatmadığı barədə bəhanələr qəbul edilməmişdir. Qeyb dövründə vəkillər tərəfindən şər’i haqların qəbul edilməsində bə’zən kəramətlər də görünmüşdür. Bu kəramətlərin, mö’cüzəli halların səbəbi vəkil və naiblərə inamın yaradılması olmuşdur. Məsələn, toplanmış həftəlik məbləğ Məhəmməd ibn İbrahim ibn Məhzyar tərəfindən imamın göndərdiyi şəxsə verilərkən göndərilmiş adam həmin mal və məbləğin gizli xüsusiyyətlərini sadalamışdır. Bu sayaq xüsusiyyətlər Əhməd ibn Məhəmməd Dinvəridə də müşahidə edilir.
Hüseyn ibn Ruh Növbəxti haqqında rəvayət olunmuşdur ki, bu vəkil iranlı qadından xüms-zəkat alarkən onunla səlis avəci ləhcəsində (qadının yerli ləhcəsində) danışmışdır.
Kiçik qeyb dövrünün müəyyən mərhələlərində dini ödənclər qəbul olunarkən qəbz verilməmişdir. Bunun səbəbi Abbasilərin nəzarətindən yayınmaq məqsədi ola bilər. Məhəmməd ibn Osman Əmri də öz səfirliyinin son dövrlərində siyasi vəziyyət ağır olduğundan qəbul etdiyi dini vergilər müqabilində heç bir qəbz verməmişdir. Hətta bə’zi insanlar xüms-zəkatı əvvəlcədən razılaşdırılmış bir yerdə qoymuş və sonradan nümayəndə gəlib onu götürmüşdür. İkinci səfirin dövründə onun köməkçilərindən olan Hüseyn ibn Ruh şər’i ödənci qəbul etdikdən sonra qəbz vermədiyi üçün məsələ səfirin hüzurunda müzakirə olunmuş və səfir ibn-Ruhun bu işini müdafiə edərək, şər’i ödənc verən şəxsə anlatmışdır ki, siyasi vəziyyət ağır olduğundan belə rəftar edilir.
Müsəlman xalqın imamlara təqdim etdiyi dini haqlar müxtəlif istiqamətlərdə xərclənilirdi. Dini büdcənin bir hissəsi rəhbərlik işinin idarəsinə, başqa bir hissəsi müsəlmanların ehtiyaclarına sərf olunurdu. Uyğun büdcə vasitəsi ilə şiələrin bir çox problemləri aradan qaldırılırdı.
Birinci və ikinci səfirin dövründə təhlükəsizlik məqsədi ilə dini haqlar çox məxfi şəkildə ünvanına çatdırılırdı. Osman ibn Səid əmri imam Həsən Əsgərinin (ə) dövründə yağ satmaqla məşğul olduğundan həmin pulları yağ qablarında yerləşdirərdi. İmama ünvanlanmış məktublar və dini ödənclər yağ qablarında gizlədilmiş şəkildə imama göndərilərdi. İkinci səfirin köməkçilərindən olan Məhəmməd ibn Əhməd ibn Cə’fər Qəttan parça satmaqla məşğul olduğundan imama çatası əmanətləri parça toplarının arasında gizlədərdi.
İran, İraq və sair məntəqələrdə yerləşən vəqf edilmiş mülk və torpaqlara vəkillər nəzarət edirdi. Qumdakı vəqf torpaqlara Məhəmməd ibn İshaq Qummi, Vasətdəki torpaqlara Həsən ibn Məhəmməd ibn Qəttah Sidlani nəzarət edirdi.
MÜXALİFLƏRLƏ MÜBAHİSƏLƏR
Vəkalət qurumunun əsas fəaliyyətlərindən biri şiələrin öz dini vəzifələri ilə tanış edilməsi idi. Şübhəsiz ki, imamlar tərəfindən müəyyən məntəqələr tə’yin olunmuş nümayəndələr mə’rifət və agahlıq baxımından başqalarından üstün olurdular. Şiələr, adətən, öz sualları ilə bu vəkillərə müraciət edirdilər. Bəlkə də, vaqifiyyə məzhəbinin yaranmasının da səbəbi elə bu olmuşdur. İmamın nümayəndəsi olduğu üçün xalq arasında hörmət qazanmış bə’zi vəkillər, o cümlədən, imam Kazimin (ə) bə’zi vəkilləri uyğun məzhəbin başçıları olmuşlar.
İmam Riza (ə) şəhadətə çatdıqdan sonra imamiyyə məzhəbinin səksənə yaxın başçısı Bağdadda İraqın baş vəkili Əbdür-Rəhman ibn Əlhəccacın evində toplaşdılar. Həzrət Cavad (ə) çox gənc olduğundan məclisdəkilər arasında onun imaməti haqqında tərəddüd edənlər vardı. Bir müddət sonra imam Cavad (ə) dünyasını dəyişdikdə şiə başçıları imamın nümayəndəsi Məhəmməd ibn əl-Fərəcin evində toplanıb imam Hadinin (ə) imaməti haqqında mübahisəyə başladılar.
Kiçik qeyb dövründə şiələr yeni bir şəraitlə üzləşdiklərindən və mə’sum imamla bir başa əlaqə saxlaya bilmədiklərindən daha çox heyrət və tərəddüd keçirirdilər. Belə bir məqamda da vəkalət qurumu müstəsna rol oynayır, insanları doğru yola yönəldirdi. Məsələn, həzrət höccətin (ə) birinci naibinin vəfatından sonra çaşqınlıq içində qalmış xalqı ikinci naib Əbu-Cə’fər Əmri doğru yola yönəltmişdi. Əbül-Abbasla bağlı əhvalat deyilənləri bir daha təsdiq edir.
Çoxsaylı dəlillərə əsasən, imamlar onlardan uzaq düşmüş şiələri vəkillər vasitəsi ilə doğru yola hidayət edirdilər. Məsələn, imam Hadi (ə) Əhməd ibn İshaq Qummiyə tapşırır ki, əlaqə saxlamaq mümkün olmadıqda Osman ibn Səid Əmriyə müraciət etsin.
Xüsusi ilə qeyb dövründə vəkillər və naiblər əqidə məsələlərini açıqlamağa vəzifəli idilər. Məsələn, şiələr həzrət Höccətin (ə) naibi Əmridən Müfəvvizə əqidəsi haqqında soruşduqda Əmri bildirir ki, ruzi məsələsi Müfəvvizə məzhəbindən olanların iddia etdiyi kimi imamlara yox, Allah-təalanın müqəddəs zatına aid olan işdir. Həmçinin, bir şiə Hüseyn ibn Ruh Növbəxtidən düşmənin həzrət Hüseyn (ə) üzərində qələbəsi haqqında soruşduqda Hüseyn ibn Ruh ətraflı və qənaətbəxş bir cavab verir. Rəvayətçi bu barədə deyir: «Mən onun bu cavabı özündən verməsi haqqında tərəddüddə idim. Amma bu barədə fikrimi açıqlamamış, o üzünü mənə tutub dedi ki, dediklərimi həzrət Höccətdən eşitmişəm».
Əlbəttə ki, müxaliflərlə mübahisə, haqqın üzə çıxarılması təkcə vəkillərin işi deyildi. Amma bu iş bə’zən vəkillərə tapşırılırdı. Məsələn, imam Sadiqin (ə) və sonrakı üç imamın vəkili olmuş Əbdür-Rəhman ibn əl-Həccac imam Sadiq (ə) tərəfindən Mədinə əhli ilə danışıqlara göndərilir.
İmamların vəkilləri bə’zən şübhə və tərəddüdləri aradan qaldırmaq üçün mö’təbər şiə mühəddislərinin köməyindən faydalanırdılar. Məsələn, Hüseyn ibn Ruh Növbəxti e’tibarlı olması şübhə doğuran bir kitabı Qum mühəddislərinə göndərir və bu kitab haqqında onların nəzərlərini bilmək istəyir. Onu da qeyd edək ki, imamların vəkillərinin vəzifəsi təkcə e’tiqadi problemləri aradan qaldırmaq deyildi. Şiələr onlara şəxsi məsələləri ilə də bağlı müraciət edirdilər.
VƏKALƏT QURUMUNUN SİYASİ ROLU
Bu qurum zahirən xüms-zəkat və digər dini ödənclərin toplanması məqsədi ilə təşkil olunsa da, onun siyasi fəaliyyəti tarixi gerçəklikdir. Hətta bu siyasi fəaliyyətlər olmasaydı da, dini ödənclərin toplanması Abbasilərin nəzərincə siyasi fəaliyyət sayılırdı. Unutmamalıyıq ki, xəlifə Mənsur və Harun imam Sadiq və imam Kazimi məhz dini ödənclərin toplanmasına görə ittiham edirdilər. Onlar bu işin Abbasilər hökumətinin ziddinə yönəldiyini düşünürdülər. Mütəvəkkil də imam Hadini (ə) uyğun məsələyə görə ittiham etmişdir. O, imam Hadinin (ə) vəkillərinin fəaliyyətindən xəbərdar olduqdan sonra qurumu dağıtmaq və onun üzvlərini həbs etmək qərarına gəlmişdi. Hətta vəkillərin yaxın adamları həbs olunurdu. Vəkillərə uyğun işdə yardımçı olan Əbu Əli ibn Raşid, İsa ibn Asim, İbn Bənd şəhadətə yetirilmişdilər. Vəkalət qurumu üzvlərinin Abbasilər tərəfindən tə’qib olunması uyğun qurumun siyasi fəaliyyət göstərməsinin sübutudur. Əgər bu qurumun siyasi rolu yox idisə, nə üçün abbasi xəlifələri bir bu qədər narahat olurdular?! Uyğun siyasi fəaliyyətin digər bir dəlili qurumun təqiyyəyə əməl edərək, öz fəaliyyətini gizli şəkildə aparması idi. Əgər qurum hakimiyyət tərəfindən sıxıntılara mə’ruz qalmasaydı, daha böyük işlər görülərdi.
VƏKALƏT QURUMUNUN ƏLAQƏLƏNDİRMƏ FUNKSİYASI
Vəkalət qurumunun təşkilinin səbəbləri bəhsində deyildi ki, bu qurumun yaranmasının əsas amillərindən biri onun şiələrlə imam arasında əlaqə yaratması idi. Ucqar nöqtələrdə yaşayan və öz imamları ilə bircə dəfə də olmuş olsa görüşə bilməyən şiələr vəkillərə müraciət edərək öz dini ehtiyaclarını aradan qaldırırdılar. Onlar dini ödəncləri vəkillərə təqdim edir, şər’i sualları ilə onlara müraciət edirdilər. İmama ünvanlanmış məktublar məhz vəkillər vasitəsi ilə sahibinə çatdırılırdı. Əgər vəkalət qurumu olmasaydı, şübhəsiz ki, bir çox fəaliyyətlər həyata keçməmiş qalardı.
Kiçik qeyb dövrü ərəfəsində və həmin dövr ərzində vəkillərin mühüm vəzifələrindən biri şiələrin suallarının qısa şəkildə cavablandırılması və imamların hər hansı bir məsələ ilə bağlı hökmünün onlara çatdırılması idi. Bə’zən imam ona sual ünvanlanmamışdan qabaq hər hansı bir məsələ ilə bağlı öz göstərişlərini verirdi. Məsələn həzrət Mehdi birinci səfirin vəfatından sonra ikinci səfirin kimliyi haqqında göstəriş vermişdi. Başqa bir göstərişlə dördüncü səfirin fəaliyyətinin başa çatması və böyük qeyb dövrünün başlanması bəyan olunmuşdu.
Qayda belə idi ki, sual ünvanlandıqdan sonra ona iki-üç gün ərzində cavab verilməli idi. Amma bə’zən suallar daha qısa müddət ərzində cavablandırılırdı.
Vəkillərin bu istiqamətdəki fəaliyyətini şər’i sualların cavablandırılması, vəkillərə müxtəlif göstərişlərin ünvanlanması, şər’i ödənclərin qeydə alınması, vəkillərin tə’yinatının e’lan edilməsi, vəkalət qurumuna qarşı təhlükə ehtimalının açıqlanması, yalan iddiaların, bid’ətlərin e’lan edilməsi, vəkillərə qarşı ittihamlara cavab verilməsi, şəxsi məsələlərin həlli, ixtilafların aradan qaldırılması, şübhələrə aydınlıq gətirilməsi kimi işlər təşkil edirdi.
EHTİYACLILARA KÖMƏK
Vəkalət qurumunun vəzifələrindən biri də şiə ehtiyaclılara yardım göstərilməsi idi. Bu yolla bə’zən hakimiyyət dairəsinə də nüfuz etmək olurdu. Məsələn, imam Kazimin (ə) vəkili olan Əli ibn Yəqtin abbasi xilafəti qurumuna nüfuz etməklə şiələrə qarşı zülmü aradan qaldırmaq istiqamətində fəaliyyət göstərirdi. O bu işdə müvəffəq olmuşdu. İmam (ə) bu şəxsin abbasi xilafəti ilə həmkarlıqdan uzaqlaşmaq istədiyini eşitdikdə ona buyurdu: «Allah-təala hər azğının yanında öz övliyalarından vəzir qərar vermişdir ki, onun vasitəsi ilə öz dostlarını bəladan qurtarsın. Sən onlardansan, ey Əli».
Bə’zən isə vəkillər şiələr arasındakı ixtilafların aradan qaldırmaqla məşğul olmuşlar. Onlar bu yolda ixtiyarlarındakı büdcədən də sərf edirdilər. Məsələn, imam Sadiq (ə) öz vəkili Müfəzzəl ibn Əmr Zö’fiyə buyurmuşdu ki, büdcədən dörd yüz dirhəm xərcləməklə Əbu-Hənifə Saiq əl-Hac və onun yaxınları arasındakı ixtilafı aradan qaldırsın. Demək, imamlar şiələr arasındakı vəhdətə xüsusi diqqət yetirirdilər. Qeyb dövründə şiələrin yeganə sığınacağı vəkalət qurumu idi. Ona görə də səfirlərə müraciət etmək imkanı, hətta bə’zən əsrin imamı ilə görüşün təşkili şiələrə səfirlər tərəfindən göstərilən böyük yardım sayılır.
source : الشیعه