Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR-3

«On Birinci Görüş»
Mərhum Hacı Nuri “Nəcmus-Saqib” və Əllamə Ərdəbili “Kəşful-ğummə”də Hillə əhalisi arasında belə bir əhvalatın nəql olunduğunu qeyd edirlər:

“Hillənin yaxınlığındakı Hirqil kəndinin sakini İsmail ibn Həsən Hirqili belə bir əhvalat nəql edir: Cavan yaşlarımda hər bahar fəslində sağ budumda çiban əmələ gəlir və sonralar çirk edərək xeyli qan axır. Hər il bundan xeyli əziyyət çəkir, heç bir iş görə bilmərdim. Bir il həmin xəstəlikdən xeyli əziyyət çəkməli oldum. Bir gün Hilləyə Seyyid ibn Tavusun yanına getdim və ona əziyyət çəkdiyim xəstəlikdən gileyləndim. Seyyid Tavus Hillənin bütün tanınmış həkimlərini çağırıb həkimlər şurası təşkil etdi. Həkimlər məni müayinə etdikdən sonra dedilər: Çiban İsmayılın elə bir yerində çıxıb ki, əgər cərrahiyə əməliyyatı aparılsa çox güman ki, öləcəkdir. Bunun üçün də biz onu kəsməyə cür`ət etmirik.

Cənab Seyyid Tavus üzünü mənə tutub dedi: Bu yaxınlarda Bağdada getmək fikirim var. Gəl mənimlə get ki, oranın həkimləri də səni müayinə etsinlər. Bəlkə onlar səni müalicə edə bildilər. Mən də onun təklifini qəbul edib bir neçə gündən sonra onunla birlikdə Bağdada yola düşdüm.

Seyyid ibn Tavus Bağdadın da ən tanınmış həkimlərini bir yerə yığıb məni müayinə etdirdi. Onlar da Hillə həkimlərinin dediklərini təsdiq edib üzərimdə cərrahi əməliyyat aparmaqdan imtina etdilər.

Bundan xeyli mə`yus oldum, deməli ömrümün sonunadək bu xəstəlikdən əziyyət çəkməli və ömrüm-günümü qara əskiyə bürüməli idim.

Seyyid ibn Tavus namaz və sair ibadətlərə görə bu qədər mə`yus olduğumu güman edib buyurdu: Allah-təala sənin namazlarını həmin çirkli yaranla da qəbul edəcək. Əgər bu dərdə səbr etsən, Allah-təala sənə böyük mükafat verər. Tövsiyə edirəm mə`sum imamlara və İmam Zaman (ə)-a təvəssül edib, onlardan dərdinə şəfa diləyəsən.

Dedim: Əgər belədirsə, onda Samirraya gedib orada mə`sum imamlara təvəssül etməklə İmam Zaman (ə)-dan dərdimə şəfa verməsini diləyəcəyəm. Beləliklə, səfər tədarükü görüb Samirraya tərəf hərəkət etdim. O şərəfli məkana çatdıqda ilk növbədə həzrət İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə)-ın ziyarətinə getdim. Sonra isə İmam Zaman (ə)-ın qeybə çəkildiyi yerə gedib gecəni orada qaldım. Orada Allahın dərgahına xeyli ah-nalə edib, İmam Zaman (ə)-dan dadıma çatmağını istədim.

Səhər Dəcləyə[1] tərəf getdim və onun kənarında yaramı yuyub pakladım. Orada ziyarət qüslü aldım və bir qab su götürüb yenidən mə`sum imamların hərəmini ziyarət etmək üçün geri qayıdırdım. Hələ şəhərə çatmamış, birdən, mənə tərəf gələn dörd nəfər atlı gördüm. Samirranın kənarında bir neçə seyyid yaşadığı üçün güman etdim ki, o dörd nəfər şəxs onlardır. Kənara çəkildim ki, ötüb keçsinlər. Amma mənim yanıma çatdıqda gördüm ki, iki cavanın belində qılınc, üçüncünün əlində nizə, dördüncünün də bir əlində siyirmə qılınc, o biri əlində isə nizə var. O, orta yaşlı bir cavan idi. Onlar birlikdə mənə yaxınlaşdılar. Həmin iki cavan onun sağ tərəfində, əlində nizə tutan qoca isə yolun ortasında dayanıb əlindəki nizənin başını yerə tərəf tutmuşdu. Qarşımda dayanıb mənə salam verdilər və mən də salamlarının cavabını verdim. Orta yaşlı şəxs məndən soruşdu: Sabah burdan gedəcəksənmi? Dedim: Bəli. Buyurdu: Qabağa gəl, yarana baxım. Öz-özümə dedim: Bunlar təharətə riayət etməyən çöl adamlarıdır, mən isə təzə qüsl almışam və paltarlarım da hələ tam qurumayıb, əlini paltarıma vurmasa yaxşıdır. Elə bu fikirdə idim ki, həmin şəxs əyilib məni özünə tərəf çəkdi və əlini yaramın üzərinə qoyub sıxdı. Mən bir qədər ağrı hiss etdim. Sonra əlini götürüb yenə də yəhərində oturdu.

O qoca dedi: Qurtuldun, ey İsmayıl! Dedim: Sizsiniz qurtuluş tapan. Həm də təəccüb etdim ki, görəsən onlar mənim adımı haradan bilirlər? Qoca yenə dedi: Qurtuldun, canın qurtardı, bu İmam Zamandır! Bunu eşitcək ayağından yapışıb öpdüm və ardınca qaçmağa başladım. O isə üzünü mənə tutub buyurdu: Qayıt. Dedim: Mən heç vaxt səndən ayrılmaram. Yenə də üzünü mənə tutub dedi: Qayıtmağın məsləhətdir. Yenə də israrla dedim: Mən heç vaxt səndən ayrılmaram. Qoca dedi: İsmayıl! Utanmırsan! İmam Zaman (ə) sənə ikinci dəfə qayıt dedi, sən isə ona itaət etmirsən?! Dayandım, onlar bir neçə addım məndən uzaqlaşdılar. Fədası olduğum İmam Zaman (ə) bir daha dayanıb üzünü mənə tutaraq buyurdu: Bağdada çatdığın vaxt abbasi xəlifəsi Müstənsir səni yanana çağırıb hədiyyə verəcək. Sən isə hədiyyəni ondan qəbul etmə və övladım Rzaya[2] de ki, sənin barəndə Əli ibn Əvəzə məktub yazıb mənim tərəfimdən ona çatdırsın ki, sənə hər nə istəsən versin. Yerimdə dayanıb Həzrətin sözlərinə qulaq asırdım. İmam Zaman (ə)-ın sözləri başa çatdıqdan sonra atlılar birgə hərəkət edib gözdən itdilər.

İmam Zaman (ə)-ın ayrılığı məni yandırır, Samirraya qayıda bilmirdim. Elə oradaca oturub göz yaşları axıtmağa başladım. Nəhayət, bir saatdan sonra ayağa qalxıb Samirraya tərəf hərəkət etməyə başladım. Məni görən şəhər əhalisindən bə`ziləri halımın nə üçün dəyişildiyini xəbər alırdı. Onlar məndən soruşurdular: Sənə nə olub? Kiminləsə dava etmisən? Mən isə deyirdim: Xeyr, amma siz deyin görüm o atlılar kimlər idi!...

Onlar budumu açıb baxdılar, yaranın hətta yerinin qalmaması mənin özümü də təəccübləndirdi. Göz yaşları axıda-axıda dedim: Yara bəlkə o biri ayağımda idi. O biri ayağımı da açdım, amma onda da yaradan heç bir əsər-əlamət yox idi.

Camaat İmam Zaman (ə)-ın bərəkəti ilə şəfa tapdığımı görüb məni hər tərəfdən əhatə etdilər və əynimdəki köynəyi təbərrük olaraq parça-parça etdilər. Əgər neçə nəfər mənə kömək etməsəydi, camaatın əl-ayağı altında həlak olacaqdım.

Bu xəbər məntəqə nəzarətçisinin də qulağına çatdı. Yanıma gəlib hər şey barədə sorğu-sual etdi. Mən də verdiyi suallara bir-bir cavab verdim. Onun məqsədi əldə etdiyi mə`lumatı Bağdada yazmaq idi. Nəhayət, gecəni elə orada qaldım və səhər açıldıqda dostlarımdan bir neçəsi məni Bağdada yola saldı.

O biri gün Bağdada çatdım. Gördüm ki, şəhər körpüsünün üstündə xeyli adam yığılıb. Onlar şəhərə daxil olmaq istəyən hər bir şəxsin ad və şəxsiyyətini soruşurlar. Sanki, kimisə gözləyirdilər. Məni də görüb adımı soruşdular. Tanıyan kimi üstümə tökülüb təzə geyindiyim paltarı əynimdə parça-parça etdilər. Camaat az qala məni həlak edəcəkdi ki, bu vaxt Seyyid Rəziyəddin ibn Tavus bir neçə nəfərlə köməyimə gəlib məni onların əlindən ala bildi. Sonradan mə`lum oldu ki, məntəqə nəzarətçisi Bağdada məktub göndərib onları mənin gəlişimdən xəbərdar etmişdir. Seyyid Rəziyyəddin ibn Tavus mənə dedi: Şəfa tapan şəxs sənsənmi? Dedim: Bəli. Atdan düşüb diqqətlə ayağıma baxdı. O, əvvəl ayağımdakı yaranı gördüyü üçün indi ondan heç bir əsər-əlamət görmədikdə, heyrətə gələrək ağlamağa başladı. O qədər ağladı ki, axırda özünü saxlaya bilməyib huşunu itirdi. Özünə gəldikdə mənə dedi: Xəlifənin vəziri sən gəlməzdən əvvəl məni yanına çağırıb dedi ki, eşitmişik Samirradan Allahın həzrət Mehdi (ə)-ın vasitəsilə şəfa verdiyi bir şəxs gəlir və həmin şəxs sənin tanışındır. Tez onun barədə bizə bir xəbər gətir.

Bundan sonra Seyyid ibn Tavus məni Qum əhlindən olan vəzirin yanına aparıb dedi: Bu şəxs mənim yaxın dostlarımdan biridir. Vəzir üzünü mənə tutub dedi: Başına gələnləri nəql et. Mən də başıma gələnləri əvvəldən axıra kimi ona nəql etdim. Vəzir məni müayinə edən həkimləri bir yerə yığıb onlara dedi: Siz bu şəxsi tanıyırsınızmı? Onlar hamısı bir nəfər kimi dedilər: Bəli, onun sağ budunda bir yarası vardır. Vəzir onlardan soruşdu: Onun əlacı nədir? Dedilər: Əlacı yalnız cərrahi əməliyyata bağlıdır. Əgər bu işi görsək, çətin sağ qalar. Vəzir soruşdu: Belə fərz edək ki, bu işi gördünüz və o da sağ qaldı. Bəs, yarasının tam sağalması üçün nə qədər vaxt lazımdır? Dedilər: Ən azı iki ay. Lakin sağaldıqdan sonra yeri ağ qalıb orada tük bitməyəcək. Vəzir onlardan soruşdu: Onun yarasını gördüyünüz gündən nə qədər keçir? Dedilər: Onu on gün bundan qabaq müayinə etmişik. Vəzir dedi: İndi isə yaxın gəlin. Sonra ayağımı açıb onlara göstərdi. Həkimlər ayağımı görcək, heyrətə gəldilər. Məsihi olan həkimlərdən biri dedi: Allaha and olsun ki, bu həzrət Məsihin mö`cüzəsidir!

Nəhayət, bu xəbər xəlifənin də qulağına çatdı. O, vəzirə göstəriş verdi ki, məni onun yanına aparsın. Vəzir də məni xəlifə Müstənsir-billahın yanına apardı. Xəlifə məni görcək, dedi: Başına gələn əhvalatı danış, görək. Mən də başıma gələnləri bir daha əvvəldən axıradək ona nəql etdim. Sonra xəlifə xidmətçisinə əmr etdi ki, mənə min dinarlıq bir kisə versin. Amma mən qəbul etmədim. Xəlifə nədən qorxduğumu soruşduqda, dedim: Mənə şəfa verən şəxsin özündən. Çünki o həzrət mənə əmr etdi ki, Müstənsirdən heç bir şey qəbul etmə. Xəlifə kədərlənib bir söz deyə bilmədi və xeyli göz yaşı axıtdı.”

Bu hadisə bir çox kitablarda yazılmışdır. Burada diqqəti bir neçə məsələ cəlb edir:

1. Fədası olduğum İmam Zaman (ə)-a təvəssül olunduğu zaman özü hər kəsin imdadına gəlir.

2. İnsan bütün hallarda İmam Zaman (ə)-a müt`i olub onun əmrlərini yerinə yetirməlidir.

3. İnsan, başqalarının var-dövlətini zülm və haqsızlıqla əldə edən şəxslərə əl uzatmamalı və onlardan heç bir şey qəbul etməməlidir.

4. İmam Zaman (ə) Seyyid ibn Tavusu öz övladı adlandırır.


«On İkinci Görüş»
İlahi övliyalardan mərhum Hacı Şeyx Təqi Zərgəri barədə hörmətli zövcəsi belə deyir:

“1348-ci hicri qəməri ilinin mübarək Ramazan ayının on altıncı gecəsi idi. Birdən Mirzə Təqi Zərgərinin münacat və ağlamaq səsini eşidib yuxudan oyandım. Otağa çox qəribə ətir iyi yayılmışdı. Ondan nə olduğunu soruşduqda buyurdu: Bilirsən nə olub? Fədası olduğum İmam Zaman (ə) təşrif gətirmişdi. Bir müddət yanımda oturdu, sonra durub getdi. İndi də onun ayrılığına ağlayıram. Dedim: Bəs nə üçün məni oyatmadın? Dedi: Ağa dedi, qoy yatsın. Dedim: Onunla söhbətiniz də oldumu? Dedi: Ağaya bir neçə sual da verdim və o bütün suallarıma cavab verdi. Dedim: Etdiyiniz söhbət barədə mənə də söylə. Dedi: Ağadan məmləkətin vəziyyəti barədə soruşdum. Buyurdu: Tezliklə şah gedəcək və zalım rejim süquta uğrayacaq, zühur da bu yaxında baş verəcəkdir. (Bir halda ki, həmin dövrlərdə kimsə Məhəmməd Rza kimi qüdrətli bir padşahın süquta uğrayacağını fikirindən belə keçirmirdi.) Sonra soruşdum: Bəs ağadan xəstəliyinə şəfa verməsini istəmədinmi? Dedi: Mən tezliklə dünyadan gedəcəyəm və bu iş hələ bir neçə ay kecikmişdir. Sonra mən bir şey soruşmadan sözlərinə davam edərək dedi: Həzrətdən onun hüzuruna necə çatmağın mümkün olduğunu soruşdum. Buyurdu: Mən hər zaman sizinləyəm, nə vaxt istəsəniz, məni görə bilərsiniz.

Beləcə, gecəni başa vurduq. Amma o gündən sonra ömrünün sonunadək Mirzə Təqinin halı tamam başqa oldu.”

Gördüyünüz kimi, Həzrət Mehdinin (ə) aşiqləri onunla necə əlaqə saxmışlar və o həzrət onlara bildirmişdir ki, onun müqəddəs vücudu hər zaman onlarla birgədir.

Ey Sahibəzzaman! Can və ruhumuz sənə fəda olsun!


«On Üçüncü Görüş»
Bu məşhur əhvalat Qumda elm və fəzilət sahiblərindən nəql olunur. Qabaqlar Qumdan Cəmkərana gedən yol həzrət Əli ibn Cə`fər (ə)-ın ziyarətgahının yanından keçirdi. Ziyarətgahın ətrafında isə bir neçə ağac olduğundan bir qədər səfalı görünürdü. Bura həm də həzrət İmam Zaman (ə) aşiqlərinin görüş yeri idi. Əhvalat belədir:

“Hər həftənin cümə axşamı səhər vaxtı mərhum Hacı Molla Ağaxanın dostları orada yığışar və birgə Cəmkəran məscidinə gedərdilər. Bir gün cümə axşamı səhər ora gələn ilk şəxs mərhum höccətül-İslam Mirzə Təqi Zərgəri Təbrizi olur. Tanışlarını gözləyən Mirzə Təqi bir anlıq daxilən mə`nəvi hissə qapılır. Birbaşa qərara gəlir ki, Cəmkəran məscidinə tək başına getsin. Bu hal onu o qədər özündən ayırır ki, hətta Cəmkəran məscidinin ziyarətindən Quma qayıdan bir dəstə tələbənin onunla qarşılaşdıqlarını belə hiss etmir.

Dostları sonralar dəyirmanın yanına gəldikdə Mirzə Təqinin həmin gün gəlmədiyini güman edirlər. Cəmkəran məscidindən qayıdan tələbələrdən onu görüb-görmədiklərini soruşduqda hamı bir nəfər kimi deyir: Bəli, gördük. O, bir nəfər seyyidlə Cəmkəran məscidinə tərəf gedirdi və onların başı söhbətə o qədər qarışmışdı ki, hətta bizə diqqət belə yetirmədi.

Dostları da birlikdə Cəmkəran məscidinə tərəf yola düşürlər. Məscidə daxil olduqda baxıb görürlər ki, Mirzə Təqi mehrabla üzbəüz özündən gedib yerə yıxılmışdır. Tez onu ayıldıb soruşurlar: Sənə nə olub, niyə yıxılmısan? Bəs yanındakı seyyid hanı?

Mizə Təqi özünə gəldikdə deyir: Dəyirmana çatdıqda gördüm ki, özümü çox yaxşı hiss edirəm. Qorxdum ki, əgər qalsam, fikrim yayınacaqdır. Bunün üçün də qərara gəldim ki, Cəmkəran məscidinə təkbaşına gedim. O ki qaldı yanımdakına, mənimlə kimsə olmamışdır. Özüm içimdə İmam Zamanla (ə) söhbət və münacat etmişəm. Mehrabın qarşısına çatdıqda isə bir qəzəl söylədim. Birdən, mehrab tərəfdən səs gəldi və cavabımı verdi. Bundan sonra tab gətirməyib özümdən getdim.”

Mə`lumdur ki, bütün yolu o, İmam Zamanla (ə) birgə olmuşdur. Həzrətin səsini eşidib tab gətirməyən kəs onun mübarək üzünü görməyə necə tab gətirə bilər?! Bunun görə də İmamı o an tanımayanlar Mirzə Təqinin bir nəfərlə birgə getdiyini görmüş, lakin, o özü yalnız İmam Zamanla (ə) daxilən münacatdan ləzzət almışdır.

 

«On Dördüncü Görüş»
Seyyid Həsən Əbtəhi deyir: Təxminən, 1342-ci hicri şəmsi ilində “fiqh” və “üsul” dərslərimi başa vurub Qur`anın “Barı, hər tayfadan bir dəstə (elm öyrənib, sonra da onu dindaşlarına öyrətmək üçün) hicrət etsin ki, öz diyarlarına qayıtdıqdan sonra (Allahın əzabı ilə) xalqı qorxutsun.”[3] – göstərişinə əsasən, Məşhəd camaatına xidmət etmək qərarına gəldim. O vaxt Məşhədin Səadətabad məhəlləsində Bəhailərə mənsub olan ən azı əlli ailə yaşayırdı. Orada Məşhədin və İranın sair şəhərlərinin xeyirxah camaatının köməyi ilə “İmam Zaman (ə)” adına məscid və dini mərasimlər keçirmək üçün bir salon tikildi. Şükür olsun Allaha ki, az müddət ərzində tikili kompleks fədası olduğum İmam Zamana (ə) təqdim olundu. Burada həmin məscidin, içindəki kitabxananın və salonun göstərdiyi fəaliyyət barədə söhbət açmaq istəmirəm. Lakin bunu qeyd etsək kifayətdir ki, on illik fəaliyyətdən sonra bəhailərin məhəlləsi mö`minlərin mərkəzinə çevrildi. Şah rejimində bütün İran ərazisində bir dənə də olsun İmam Zaman (ə) adına küçə və ya prospekt yox idi. Amma biz məscidlə üzbəüz həmin prospektə, yerləşdiyi meydana, məscid və salona İmam Zaman (ə)-ın adını verdik. Və get-gedə həmin məhəllədə bahai qalmadı. Hətta “Pepsi kola” adı ilə buraxılan və Məşhədin hər yerində satılan bəhailərə məxsus qazlı sular belə camaat tərəfindən baykot edilməyə başladı.

Bir gün dost və həmkarlarım “Dini tənqid və müzakirələr” mərkəzində mənə xəbər verdilər ki, bir şikəst bəhai İmam Zaman meydanında “pepsi kola” satır. Biz də gedib ona öz e`tirazımızı bildirdik. Məhəllə dükançılarından biri narazı halda bizə mane oldu. Mən dostlardan işin nə yerdə qadığını soruşdum. Dedilər: Biz hər yolla onu oradan uzaqlaşdırmağa çalışsaq da, amma bir dükançı bizim qarşımızı kəsib bu işə icazə vermədi. Dedim: Eybi yoxdur, İmam Zaman (ə) yolunda nə qədər zəhmət çəksəniz, əvəzini görərsiniz.

Ertəsi gün bir nəfər mənim yanıma gəlib dedi: Dünən gecə filan dükançının ürəyi infarkt keçirmiş və səhər özünə gəlmişdir. Amma hələ də həkim yanına getməmişdir. Buna baxmayaraq sizinlə görüşmək istəyir. Əgər mümkünsə, onun evinə gedin sizi görsün. O saat başa düşdük ki, o, dünən yoldaşlarıma e`tiraz edən və su satan bəhainin tərəfini saxlayan həmin şəxsdir. Dedim: çox yaxşı elə indi gedib onu görərəm. Tez paltarımı geyinib onun mənzilinə getdim. Evə daxil olduqda onun çox ağır vəziyyətdə yatağında uzandığını gördüm. O məni görcək dedi:

Dünən gecə evə qayıdıb yeməyimi yedim, sonra yataq otağıma girdim. Sevinirdim ki, bu gün iflic bir nəfərə kömək edə bilmişəm. Birdən gördüm ki, fədası olduğum İmam Zaman (ə) təşrif gətirib məni (tənbih edərək) əli ilə vurdu və buyurdu: Əgər bu işdən, yə`ni düşmənimə kömək etməkdən peşman olmasan, məhv olacaq və əgər peşman olsan şəfa tapacaqsan. Bunu eşitcək, huşumu itirib yerə yıxıldım və bundan sonra nə baş verdiyini başa düşə bilmədim.

Səhər özümə gəldikdə gördüyüm işdən tövbə etmək qərara gəldim. Bunun üçün də sizdən xahiş etdim ki, bizim evə gəlib tövbə etməyimin şahidi olasınız. Bilirəm ki, şəfa tapacağam və həkimə heç bir ehtiyacım yoxdur.

Bu belə də oldu, həmin əhvalatdan sonra uzun müddət yaşadı və o xəstəlikdən heç bir əziyyət çəkmədi.

 

 
 
«On Beşinci Görüş»
Hacı seyyid Səttar Məhəmmədi Miyanə şəhərinin tanınmış alimlərindən biri olmuşdur. Çox səxavətli olan bu insanın evinin qapısı həmişə açıq, dost-tanışların, alimlərin yığıncaq yeri idi.

 Seyyid Həsən Əbtəhi deyir: Bir dəfə (1360-cı hicri şəmsi) bə`zi qədir bilməz insanlar onu bərk narahat edirlər. O da Məşhədə İmam Rzanın (ə) ziyarətgahına şikayətə gəlir. Məşhəddə olduğu günlərdə bizim evimizdə qalır və bu müddət ərzində çox narahat idi.

Bir gün günorta yeməyindən sonra yatıb yuxuda rəhmətlik atamı gördüm. O, qonaq otağında huşsuz üzü üstə yerə yıxılıb qalmışdı. Sanki, onun qəlbi infarkt keçirmişdi. Mən tez onun çiyinlərini ovxalamağa başldım. Nəhayət, özünə gəlib dedi: Çox qorxmuşdum, elə bildim dünyamı dəyişmişəm.

Yuxudan ayılıb qonaq otağında olan Seyyid Səttarın yanına keçdim, gördüm o da yatıb. Oyandıqdan sonra yuxumu ona danışdım. Tövsiyə etdi ki, atamın adından ehsan verim. Həmin günün axşamı işim olduğundan evdən bayıra çıxdım. Evə qayıtdıqda, qonaq otağına daxil oldum və seyyid Səttarın yuxuda atamı gördüyüm kimi üzü üstə yerə yıxıldığını və ürəyi tutduğundan çətin nəfəs aldığını gördüm. Həmin an yuxuda atamı çiyinlərindən tutub ovxaladığım yadıma düşdü. Onun da çiyinlərini ovxalamağa başladım. Nəhayət, özünə gələndən sonra bir təhər onu yataq otağımla yanbayan otağa aparıb, istirahət üçün yatağa uzatdım. Evim şəhərdən kənarda Qəryətül-Məhdi kəndində olduğundan həmin gecə həkim gətirə bilmədim. Amma bütün gecəni olduqca narahat keçirdim və bir dəqiqə də olsun gözümə yuxu getmədi. Tez-tez yanına gedib halını xəbər alırdım. Səhər açıldıqda onu həkimə aparmaq istədim, amma o buna razı olmayıb buyurdu: Özümü çox yaxşı hiss edirəm və həkimə heç bir ehtiyacım yoxdur. Sonra xanımım mənə dedi: Dünən namazımı qalıb yerimdə oturmuşdum ki, bir də gördüm onun yatdığı otağın qapısı açıldı və Həzrət Peyğəmbər (s) ora daxil oldu və bizimlə onun otağı arasında açılan qapının üzbəüzündə dayandı. Həzrət Əli Peyğəmbərin (s) sağ, Həzrət Fatimə sol tərəfində, mə`sum imamlar və İmam Zaman (ə) isə onun arxasında dayanmışdılar. Əvvəl elə güman etdim ki, Səttar Məhəmmədi ölüm ayağındadır və o seyyid və təqvalı alim olduğu üçün mə`sumlar başı üzərinə yığılmışlar. Öz-özümə dedim: İndi ki belədir, bəs nə üçün onları mən də görürəm? Axı onları təkcə ölüm ayağında olan görməlidir. Lakin sonra gördüm ki, həzrət Peyğəmbər (s) onu qucaqlayıb məhəbbətini bildirdi və İmam Mehdi də ona ürək-dirək verərək əlini ürəyinin üstünə qoydu və şəfa verib getdi.

Bundan sonra o, əziyyət çəkdiyi xəstəlikdən yaxa qurtardı və sonrakı qalan neçə il ömrünü də sağ-salamat Miyanədə başa vurdu.


«On Altıncı Görüş»
Seyyid Həsən Əbtəhi deyir: Məşhəddə “Sahibəzzəman” məscidində, adətən, şam namazını qılandan sonra minbərə qalxıb Qur`anın əxlaqi, əqidəvi ayələri və bu məzmunda nəql olmuş hədislər barədə söhbət edərdim.

 Bir gecə əxlaqi və mə`nəvi mövzuda söz düşmüşdü. Başım söhbətə qarışmış ikən, birdən adını çəkməyə razı olmayan bir şəxs minbərə yaxınlaşıb uca səslə dedi: Ağa hara getdi? Minbərdə oturduğumdan başqalarından çox hamını mən yaxşı görürdüm və əgər kimsə eşiyə çıxmış olsaydı, onu əvvəlcə mən görərdim. Bunun üçün də dedim: Kimsə məsciddən eşiyə çıxmamışdır, siz kimi deyirsiz getdi?

Yanındakı yeri göstərib dedi: Elə indicə burda idi, amma indi yoxdu. Dedim: Deyə bilərsinizmi nə baş verir? Dedi: Mən “İmam Zaman” məscidindən uzaq bir məhəllədə yaşayıram və bu vaxta qədər bu məscidə gəlməmişdim. Üç ildir ki, əlacı olmayan ağır ürək xəstəliyinə düçar olmuşam. Bu gün işimlə əlaqədar bu məhəlləyə gəlmişdim. Axşam azan səsini eşidib öz-özümə dedim: Yaxşı olar ki, namazın fəzilətli vaxtını buraxmayıb şam və xiftən namazlarını elə bu məsciddə qılım. Sizi də tanıdığım üçün camaat namazında iştirak etmək qərarına gəldim. Lakin xiftən namazının salamını verib qurtardıqdan sonra yanımda əyləşən şəxs mənə hamıdan tez salam verdi. Mən də ona salamının cavabını verdim. Sonra o məndən soruşdu: Ürəyinin ağrısı yaxşı oldu, ya yox? Əvvəl elə bildim, o bizim məhəllənin sakinlərindəndir, bunun üçün də əziyyət çəkdiyim xəstəlikdən xəbərdardır. Amma baxıb gördüm ki, mən onu tanımıram. Qorxdum ki, əgər söhbətinizi kəssəm, sizə qarşı ədəbsizlik etmiş olaram. Bunun üçün də sizə qulaq asa-asa yavaşca ondan burada nə etdiyini soruşdum. O da dedi: Məgər bura “Sahibəzzaman” məscidi deyilmi? Dedim: Niyə, elədir. Dedi: Elə isə bura mənə məxsusdur. Onun nə demək istədiyini başa düşmədim və eləcə oturub sizə qulaq asırdım. Amma birdən onun əziyyət çəkdiyim xəstəlikdən xəbərdar olması və “elə isə bura məxsusdur” – deməsi yadıma düşdü və tez yanıma baxıb gördüm ki, artıq yoxdur. Bundan sonra başa düşdüm ki, o, İmam Zaman (ə) imiş.

Həmin şəxs sonralar bizimlə tanış oldu və şükür Allaha ki, uzun illər keçməsinə baxmayaraq onda əziyyət çəkdiyi ürək ağrısından heç bir əsər-əlamət qalmadı.

 

 
 
«On Yeddinci Görüş»
Mərhum Şeyx Abbas Qumi (Allah ondan razı olsun) “Məfatihul-cinan”da yazır ki, burada əməlisaleh, təqva sahibi Əli Bağdadinin əhvalatını nəql etmək yerinə düşərdi. Şeyximiz bu əhvalatı “Cənnətül-mə`va” və “Nəcmus-Saqib” kitablardan nəql edərək deyir: Əgər “Nəcmus-Saqib”də ibrətamiz və doğruluğunda şəkk-şübhə olmayan əhvalatlardan yalnız bu biri nəql olunsaydı, dediklərimizə kifayət edərdi:

“Hacı Əli Bağdadi deyir ki, boynumda səksən tümən imam malı var idi. Bunun üçün də Nəcəf-Əşrəfə gedib həmin puldan iyirmi tümən Şeyx Mürtəzaya (Allah onun məqamını uca etsin), iyirmi tümən Şeyx Məhəmməd Həsən Müctəhid Kazimiyə, iyirmi tümən də Şeyx Məhəmməd Həsən Şüruqiyə verdim. Beləcə, boynumda yalnız iyirmi tümən pul qaldı. Fikirimdə var idi ki, Bağdada qayıtdığım zaman onun da Şeyx Məhəmməd Həsən Kazimi “Ali-Yasin”ə verim və çalışırdım ki, bu işi mümkün qədər tez edim.

Cümə axşamı Kazimeynə İmam Musa ibn Cə`fər (ə) və İmam Məhəmməd Təqi (ə)-ın ziyarətinə getdim və orada Şeyx Məhəmməd Həsən Kazimi “Ali-Yasin”lə görüşdüm. Həmin iyirmi tümənin bir miqdarını ona verib, qalan hissəsini də mallar satıldıqdan sonra qaytaracağıma zəmanət aldım. Elə həmin gün günortadan sonra Bağdada qayıtdım. Şeyx qalmağımı israr etsə də, üzrxahlıq istəyib dedim ki, toxucuların əmək haqlarını verməliyəm. Çünki, bir qayda olaraq onların əmək haqları hər həftənin cümə axşamı verilirdi.

Beləliklə, Bağdada tərəf yola düşdüm. Yolun üçdə birini gedəndən sonra Bağdad tərəfdən gələn yaraşıqlı bir seyyidlə qarşılaşdım. Mənə yaxınlaşaraq hər iki əlini açıb mənimlə qucaqlaşıb görüşmək istədi. Böyük məhəbbətlə “Xoş gördük” – deyib, qucaqlaşıb öpüşdük. Başında yaşıl əmmamə, üzündə isə iri bir xal var idi. Nəhayət, buyurdu: Hara gedirsən, Hacı Əli? Dedim: Kazimeyndə idim, İmamların qəbirlərini ziyarət edib, indi də Bağdada qayıdıram. Buyurdu: Bu gecə, cümə axşamıdır, gəl Kazimeynə qayıdaq. Dedim: Yox bunu edə bilmərəm, imkanım yoxdur! Buyurdu: Bilərsən! Gəl gedək, mən babam Əli ibn Əbu Talibin yanında şəhadət verəcəyəm ki, sən bizim dost və tərəfdarlarımızdansan. Buna Şeyx də şəhadət verəcək və biz iki nəfər sənin imanına şahid duracağıq. Allah-təala da buyurur: “İki şahid gətirin.”

Bu söz qəlbimdə saxladığım bir niyyətə işarə idi. Niyyət etmişdim ki, Şeyx Məhəmməd Həsən Kazimini yenidən gördüyüm zaman ondan mənim Əhli-beyt davamçısı olduğuma dair şəhadətnamə yazmasını xahiş edəcəyəm. Həmin şəhadətnaməni isə vəfat etdiyim zaman kəfənimə qoymalarını vəsiyyət etmək istəyirdim.

Dedim: Siz bunu haradan bilirsiniz və necə şəhadət verirsiniz?! Buyurdu: Haqqı öz sahibinə çatdıranı heç tanımamaq olarmı? Dedim: Nə haqq? Buyurdu: Mənim vəkillərimə qaytardığın haqq! Dedim: Sizin vəkilləriniz kimlərdirlər? Buyurdu: Şeyx Məhəmməd Həsən. Dedim: O sizin vəkilinizdirmi? Buyurdu: Bəli, o mənim vəkilimdir. Bunu dedikdə, məndə belə bir sual yarandı: Məni tanımaya-tanımaya adımla çağırır. Bu seyyid görəsən kimdir? Öz-özümə dedim: Bəlkə də o məni tanıyır, amma mən onun kim olduğunu unutmuşam. Yenə də öz-özümə dedim: Yəqin, o, məndəki seyyidlərin payından bir şey istəyir və yaman ürəyimdən keçdi ki, imam payından ona bir şey verə biləydim.

Dedim: Sizin payınızdan bir az məndə var idi, amma onu Şeyx Məhəmməd Həsənə qaytardım və gərək onun icazəsilə başqalarına bir şey verəm. O gülümsəyərək buyurdu: Bəli, bizim payımızın bir hissəsini Nəcəf-Əşrəfdəki vəkillərimizə çatdırmısan. Dedim: Verdiklərim qəbuldurmu? Buyurdu: Bəli. Öz-özümə dedim: Axı bu seyyid kimdir ki, tanınmış alimləri öz vəkili hesab edir. Bu səbəbdən də belə bir qənaətə gəldim ki, elə alimlər seyyidlərin payını almaqda vəkildirlər.

Sonra buyurdu: Qayıt, bir yerdə cəddimin qəbrinin ziyarətinə gedək. Mən də razılaşdım. O, sağ əli ilə mənim sol əlimdən tutaraq Kazimeynə tərəf birgə addımlamağa başladıq. Yol boyu sağ tərəfimizdən göz yaşı tək saf suyu olan çay axırdı. Çayın kənarında isə başımız üzərinə limon, türünc, nar, üzüm və sair ağaclar kölgə salırdı. Onlar müxtəlif mövsümlərə aid olan meyvə ağacları olsalar da, eyni vaxtda bar gətirmişdilər.

Dedim: Bu çay və bu meyvələr nədir, belə? Buyurdu: Kim bizim davamçılarımızdan olub babamın qəbrini ziyarət etsə, bunlar onun ixtiyarında olar. Dedim: Bir sualım var. Buyurdu: Soruş. Dedim: Mərhum Şeyx Əbdürrəzaq müəllimlik edirdi. Bir dəfə ondan bu sözləri eşitdim: Qəlbində İmam Əliyə (ə) məhəbbəti olmadan ilin bütün günlərini oruc tutub gecələrini ibadətlə keçirən və qırx dəfə həcc ziyarətini yerinə yetirib Səfa və Mərvə arasında dünyasını dəyişən şəxsin əməlləri ona heç bir fayda verməyəcək. Bu hədis doğrudurmu? Buyurdu: Bəli, Allaha and olsun, fayda verməyəcək. Sonra ondan qohumlarımın biri haqda soruşdum. O da Əli (ə)-ın dost və tərəfdarlarındandırmı? Buyurdu: Bəli, o və səninlə əlaqədə olan hər bir şəxs Əli (ə)-ın dost və tərəfdarlarındandır. Dedim: Başqa bir sualım da var. Buyurdu: Soruş. Dedim: İmam Hüseyn (ə)-ın rövzəxanları oxuyurlar ki, Süleyman Ə`məş bir nəfərdən İmam Hüseyn (ə)-ın ziyarəti haqda soruşduqda, o bu işin bid`ət olduğunu bildirib. Süleyman Ə`məş yatıb yuxuda yerlə göy arasında bir kəcavə görür. Ətrafdakılardan onun içində kimin olduğunu soruşur. Ona cavab verirlər ki, kəcavənin içindəkilər Həzrət Fatimə ilə Həzrət Xədicədir. Soruşur: Onlar hara gedirlər. Cavabında deyirlər: Bu gün cümə axşamı olduğundan onlar İmam Hüseyn (ə)-ın ziyarətinə gedirlər. Görür ki, kəcavədən üzərində “Cümə axşamı İmam Hüseyn (ə)-ı ziyarət edən zəvvarlara cəhənnəm odundan verilən amannamə, qiyamətdə verilən amannamə!” – yazılmış vərəqlər tökülür. Bu hədis doğrudurmu? Buyurdu: Bəli, olduğu kimidir. Dedim: Bə`zilərinin “kim cümə axşamı İmam Hüseyn (ə)-ı ziyarət etsə, cəhənnəm əzamından amanda qalar” – deməsi doğrudurmu? Buyurdu: Bəli, and olsun Allaha! Bunu deyib ağladı. Dedim: Bir sualım da var. Buyurdu: Soruş. Dedim: 1269-cu hicri qəməri ilində İmam Əli ibn Musa Rza (ə)-ın ziyarətinə getmişdim. Nişapurun Dərrud kəndində, Nəcəf-Əşrəfin şərq tərəfində yerləşən Şüruqiyyə məntəqəsindən gələn bədəvi bir ərəblə görüşdüm. Onu özümə qonaq etdim və bir dəfə söhbət əsnasında ondan soruşdum. Hərzət Əli ibn Musa Rza (ə)-ın rəhbərliyini necə başa düşürsən? Dedi: Cənnətdir, bu gün on beşinci gündür ki, mən mövlam Əli ibn Musa Rza (ə)-ın malından yeyirəm. Bütün vücudum o həzrətin verdiyi yeməklə cana gəldiyi halda qəbir evində nəkir və münkirin nə haqqı vardır ki, məndən sorğu-sual etsinlər. Bu nə qədər doğrudur? Əli ibn Musa Rza (ə) özü gəlib onu nəkir-münkirin əlindən xilas edəcəkmi? Buyurdu: Bəli, Allaha and olsun ki, cəddim buna zamindir. Dedim: Yenə başqa bir kiçik sualım da var. Buyurdu: Soruş. Dedim: Ziyarətim həzrət Rza (ə) tərəfindən qəbuldurmu? Buyurdu: İnşaallah qəbul olar. Dedim: Onda bir sual da verim. Buyurdu: Soruş. Dedim: Hacı Əhməd Bəzzazbaşının da ziyarəti qəbuldur, ya yox? (O, Məşhəd yolunda mənimlə yoldaş və xərcliklərdə mənimlə ortaq olmuşdur. Buyurdu: Əməlisaleh bəndənin ziyarəti qəbuldur. Dedim: Bir sualım da var. Buyurdu: Soruş. Dedim: Bağdadlı filan kəs də bizimlə yol yoldaşı idi, onun da ziyarəti qəbuldurmu? Bir söz demədi. Dedim: Sualımı eşitdiniz, ya yox? Onun ziyarəti qəbuldurmu? Yenə bir şey demədi (həmin şəxs Bağdadın varlı tacirlərindən idi və səfər boyu vaxtını bihudə işlər və lağlağı ilə keçirirdi və üstəlik ağır cinayətə də əl atıb anasını qətlə yetirmişdi).

Yolumuza davam edərək gəlib enli və hər iki tərəfdən bağlarla əhatə olunan hissəsinə çatdıq. Artıq Kazimeyn şəhəri qarşıdan görünürdü. Yolun bir hissəsi dövlətin qəsb etdiyi seyyid yetimlərə məxsus idi. Dövlətin onlardan zor gücünə aldığı həmin ərazi yola əlavə olunmuşdu. Bunun üçün də bu işdən xəbərdar olanlar oradan keçməzdilər. Gördüm ki, seyyid həmin əraziyə daxil olur. Dedim: Bu ərazi bir neçə yetim seyyidə məxsusdur və oradan istifadə etmək düzgün deyil. Buyurdu: Bu ərazi cəddim əmirəlmö`minin Əlinin (ə), onun nəslinin və bizim övladlarımızındır. Bizim davamçıların ordan istifadə etməsi isə halaldır.

Həmin məhəlləyə yaxın hacı Mirzə Hadiyə məxsus bir bağ da var idi. O, Bağdadda sakin olan tanınmış İran varlılarından idi. Dedim: Ağa, deyirlər ki, Hacı Mirzə Hadinin ərazisi həzrət Musa ibn Cə`fərə məxsusdur. Bu doğrudan da belədir, ya yox? Buyurdu: Bunlarla sənin nə işin var!

 Elə bu vaxt Dəclədən əkin yerlərinə çəkilən arxa çatdıq. Ondan sonra yol iki yerə ayrılırdı və onların hər ikisi Kazimeynə yetişirdi. Onlardan biri soltan, digəri isə seyidlər yolu adlanırdı. Mən ona soltan yolu ilə getməyi təklif etdim. Buyurdu: Yox, öz yolumuzla gedəcəyik. Bir neçə addım irəliləmişdik ki, birdən, özümü İmam Kazim (ə)-ın müqəddəs qəbrinin qapısı qarşısında gördüm. Artıq nə bağ var idi, nə də ki, dükan-bazar. Ziyarətgaha daxil olub şərq tərəfdən “babül-murad” (murad qapısı) qapısından içəri keçdik. Bura qəbirin ayaq tərəfi idi. O, qapı qarşısında dayanmadan (adətən, hamı ehtiram üçün bir an dayanıb salam verər) ziyarətgaha daxil olub buyurdu: Ziyarət söylə! Dedim: Savadım yoxdur. Buyurdu: Sənin yerinə ziyarətnamə oxuyummu? Dedim: Bəli. Bundan sonra ziyarətnaməni oxumağa başladı:

“Əədxulu ya Allahu? Əssəlamu ələykə ya Rəsuləllah, Əssəlamu ələykə ya Əmirəlmö`minin!” (İlahi, daxil ola bilərəmmi? Salam olsun sənə ey Allah peyğəmbəri! Salam olsun sənə ey mö`minlərin Əmiri!) Beləliklə, bütün imamlara, nəhayət, İmam Həsən Əskəri (ə)-a da “Əssəlamu ələykə ya Əba Muhəmmədinil-Həsənil-Əskəri!” (Salam olsun sənə ey Məhəmmədin atası Həsən Əskəri!) – salam verib buyurdu: Zamanının imamını tanıyırsanmı? Dedim: Necə tanımıram. Dedi: Elə isə ona salam ver! Dedim: “Əssəlamu ələykə ya Huccətəllah! Ya sahibəzzaman! Yəbnəl Həsən!” (Salam olsun sənə ey Allahın höccət və dəlili! Salam olsun sənə ey Sahibəzzaman! Salam olsun sənə ey Həsənin oğlu!)

Sonra birgə ziyarətgaha daxil olduq və ikiəlli qəbiri əhatə edən zərihdən yapışıb onu öpməyə başladıq. Bir qədər sonra buyurdu: Ziyarətnamə oxu. Dedim: Axı, savadım yoxdur. Buyurdu: İstəyirsən mən sənin üçün ziyarətnamə oxuyum? Dedim: Bəli. Buyurdu: Hansı ziyarətnaməni oxuyum? Dedim: Hansı ziyarətnamə daha fəzilətlidir, onu oxu. Buyurdu: “Əminəllah” ziyarətnaməsi daha fəzilətlidir. Sonra başladı həmin ziyarətnaməni oxumağa və onu bu qayda ilə oxudu: “Əssəlamu ələykuma ya əminəyillahi fi ərzihi və huccətəyhi əla ibadih. Əşhədu ənnəkuma cahəttuma fillahi həqqə cihadihi və əməltuma bikitabihi vəttəbə`tuma sunənə nəbiyyihi (Səlləllahu ələyhi və alihi), hətta dəakuməllahu ila cəvarihi, fə qəbəzukuma iləyhi bixtiyarihi və əlzəmə ə`daəkuməl-huccətə, məə ma ləkuma minəl huccəcil-baliğəti əla cəmii xəlqih... (Salam olsun sizə ey Allahın yer üzündəki əmin bəndələri və bəndələr üzərinə tə`yin etdiyi höccət və dəlilləri! Şəhadət verirəm ki, siz ikiniz də haqq yolunda çalışdınız və Allahın kitabına əməl etdiniz və peyğəmbərinin sünnəsinə tabe oldunuz. Və nəhayət, Pərvərdigar sizi özünə tərəf çəkdi və ruhunuzu istədiyi vaxt aldı. Bir halda ki, bütün məxluqata açıq-aşkar höccət və dəlil olduğunuz ikən düşmənlərinizə də bunu qəti e`lan etdi...)

Ziyarətnamə başa çatdıqda, ziyarətgahdakı şamlar yandırıldı və mən baxıb gördüm ki, burada qeyri-adi başqa bir işıq vardır. O işıq ziyarətgaha günəş tək parlaq nur saçır və həmin nurun müqabilində orada yandırılan şamlar gün işığında yanan çırağa bənzəyir. O, məni o qədər özünə cəzb etmişdi ki, baş verən aşkar əlamətləri tamam unutmuşdum. Sonra qəbirin ayaq tərəfindən baş tərəfinə yə`ni ziyarətgahın qərb tərəfinə gəldik. Seyyid mənə dedi: Cəddim Hüseyn ibn Əli (ə)-ı ziyarət etmək istəyirsənmi? Dedim: Bəli, cümə axşamıdır, ziyarət etsəm yaxşı olar. O, mənim yerimə “varis” (Əli ibn Hüseyn (ə)-a məxsus olan) duasını da oxudu və elə bu vaxt müəzzin[4] də azan verib qurtardı. O, üzünü mənə tutub dedi: Camaata qoşulub camaat namazı qıl. Birlikdə qəbirin başı arxasındakı məscidə keçdik. Artıq, camaat namazı qılınmalı idi. Onun özü imam camaatın bərabərində sağ tərəfdə tək namaz qılmağa başladı. Mən də birinci cərgədə dayanıb namaza qaşuldum.

Namazı qılıb qurtardıqdan sonra daha onu görmədim. Tez məsciddən çıxıb onu axtarmağa başladım. Amma heç bir yerdə gözümə dəymədi. Əlbəttə, çox istəyirdim ki, onu tapıb bir az xərclik verəm, həm də gecəni yanımda qonaq saxlayam. Birdən, sanki qəflət yuxusundan oyandım və öz-özümə dedim: Axı, bu seyyid kim idi? Mən ondan bu qədər mö`cüzə və kəramət gödüm, dediyi hər bir sözə itaət etdim, bir sözü ilə yolumdan geri qayıtdım, bir halda ki, heç vaxt bu işi görməzdim. Onu heç vaxt görmədiyim halda məni adımla çağırması, ürəyimdə arzuladığıma şəhadət verməsi, yol boyu ətrafımızda gördüyüm ayrı-ayrı fəsillərdə bar verən ağacların bir vaxtda bar verməsi, İmam Zaman (ə)-a salam verdiyim zaman salamımı alması və s. bütün bunlar nə demək idi? Nəhayət, ümidim hər yerdən kəsildi və ayaqqabı verilən yerə gəlib soruşdum: Mənimlə gələn yoldaşımı görmədinizmi? Dedilər: Elə indicə çölə çıxdı. O sizin dostunuz idi? Dedim: Bəli. Bir sözlə onu tapa bilmədim.

Gecəni qonaq evində qaldım. Səhər açıldıqda, Şeyx Məhəmməd Həsənin yanına getdim və başıma gələnləri ona danışdım. O, əlini ağzına qoyub bununla məni başa salmaq istədi ki, bu əhvalatı kimsəyə danışmayım. Sonra buyurdu: Allah səni həmişə müvəffəq etsin.

Mən daha bu əhvalatı heç kimə danışmadım. Beləcə, bir ay keçdi. Bir gün İmam Kazim (ə)-ın ziyarətgahında bir yaraşıqlı seyyid mənə yaxınlaşıb soruşdu: Nə görmüsən? Dedim: Bir şey görməmişəm. Sualını bir də təkrar etdi və mən də ona sərt cavab verdim ki, bir şey görməmişəm. Elə bu vaxt birdən, o gözdən itib bir daha görünmədi.”

Çox güman ki, bu görüş hacı Əli Bağdadinin o əhvalatı camaata nəql etməsi üçün baş vermişdir.


«On səkkizinci Görüş»
Mərhum Hacı Nuri “Nəcmus-Saqib”də daha çox “Ali-Talib” kimi tanınan böyük alim Şeyx Baqir Kaziminin dilindən belə bir əhvalat nəql edir:

“Ali-Rəhim” sülaləsindən olan Şeyx Hüseyn Rəhim adlı mö`min bir şəxs (eləcə də bu əhvalatı Hindlilər məscidinin imamı, son dərəcə təqvalı və hamının e`timadını qazanan Şeyx Taha da) nəql edir ki, Şeyx Hüsey Rəhim son dərəcə mö`min, təqvalı və gözəl təbiətli bir şəxs idi. Ağ ciyər xəstəliyinə tutulduğundan çox əziyyət çəkir, hətta bə`zi hallarda qanlı öskürürdü də.

 Amma onun dərdi bununla bitmirdi. Yoxsulluqdan əziyyət çəkən Şeyx Rəhim hətta özünün gündəlik ehtiyaclarını belə ödəyə bilmirdi. Bu səbəbdən də bir çox hallarda Nəcəf-Əşrəfin ətrafında məskunlaşmış ərəblərin yanına gedib onlardan yemək-içmək alardı. Belə bir ağır şəraitdə qonşuluğunda yaşayan qıza aşiq olmuşdu.

Amma yoxsul və xəstə olduğundan qızı ona vermirdilər. Bu səbəbdən də son dərəcə mə`yus və kədərli idi. Yoxsulluq və xəstəlik ona o qədər güc gəlir ki, belə qərara gəlir Nəcəf-Əşrəfdə ehtiyacların aradan qaldırılması üçün tövsiyə edilmiş əməlləri o da yerinə yetirsin. Həmin əməl isə qırx çərşənbə axşamı Kufə məscidinə gedib, fədası olduğumuz İmam Zamanla (ə) görüşüb istəklərin ondan istənilməsindən ibarət idi.

Nəhayət, o qırx çərşənbə axşamı Kufə məscidinə gedib, İmam Zaman (ə)-dan kömək diləyir.

Mərhum Şeyx Baqir Kazimi deyir:

Şeyx Hüseynin özü deyir ki, mən qırx çərşənbə axşamı Kufə məscidinə getdim və çalışdım ki, bir dəfə də olsun fasilə verməyim. Sonuncu çərşənbə axşamı yenə Kufə məscidinə getdim. Qış fəsli olduğu üçün hava bir qədər soyuq və buludlu idi, az-az yağış da yağırdı.

Sinəmdən qan gəldiyindən və onun qarşısını almaq üçün heç bir vasitəm olmadığından məscidin həyətindəki oturacaqda oturmuşdum. Mənim geyinmək üçün isti paltarım da yox idi. Özümlə yalnız bir az qəhvə gətirib kiçik ocaq qalamışdım ki, bir-iki fincan içib özümə gəlim. Ətrafda kimsə yox idi, bunun üçün də çox darıxırdım. Dərdim-qəmim çoxalır, dünya gözlərim önündə zülmət bir yerə çevrilirdi: İlahi! Qırx çərşənbə axşamıdır ki, bura gəlirəm, bu vaxta qədər nə bir adam görmüşəm, nə birisi mənə özünü göstərib, nə də ki, istəyim yerinə yetmişdir. Axı bu qədər əzab-əziyyət çəkmişəm... Neçə-neçə axşamlar ümid bağlayaraq qorxu-hürkü ilə buraya gəlmişəm, amma bir xəbər yoxdur.

Bu fikirdə bir fincan qəhvə süzüb içmək istəyirdim ki, bir də gördüm bir nəfər ərəb birinci qapıdan məni görüb yanıma gəlməyə başladı. Uzaqdan onu görcək, narahat oldum və öz-özümə dedim ki, yəqin o da məscidin ətrafında yaşayan çöl ərəblərindəndir. Gəlib az olan qəhvəmi də içəcək və məni bu soyuq havada qəhvəsiz qoyacaqdır. Bu səbəbdən daha çox narahat olmağa başladım. Nəhayət, həmin şəxs mənə yaxınlaşıb adımı çəkərək salam verdi və qarşımda əyləşdi. Adımı haradan bildiyindən təəcübləndim. Çünki o vaxta qədər məni hələ bir dəfə də olsun görməmişdi. Sonra öz-özümə belə fikirləşdim ki, bəlkə də o Nəcəf-Əşrəfin kənarında yaşayır və mən bir gün onların yanına gedib qonaqları olmuşam. Bunun üçün də ondan hansı tayfadan olduğunu soruşdum. Dedi: Mən onların bə`zilərindənəm. Bundan sonra mən ondan həmin məntəqədə yaşayan hər bir tayfa barədə sual verib soruşdum: Siz o qəbilədənsiniz? Dedi: Xeyr, onlardan deyiləm.

Dəqiq cavab vermədiyindən əsəbiləşib məsqara edərək dedim: Sən “Tər-təri” qəbiləsindən deyilsən ki? Amma o əsla narahat olmayıb gülümsəyərək dedi: Eybi yoxdur, ürəyin necə istəyir, məni oralı hesab et. Amma sən de görüm, nə üçün bura gəlmisən? Dedim: Sənin buraya nə üçün gəldiyimi bilməyinin heç bir faydası yoxdur. Dedi: Axı bura nə üçün gəldiyini mənə deməyinin nə zərəri var? Onun gözəl əxlaq və danışıq tərzindən xoşum gəldi və onunla söhbət etdikcə, ona qarşı yaranan məhəbbətim daha da artmağa başladı. Cibimdən tütün çıxarıb çubuğumu doldurub ona təklif etdim. O isə istəməyib dedi: Özün çək, mən istəmirəm.

Sonra bir fincan qəhvə süzüb ona verdim. Fincanı əlimdən alıb dodaqlarına vurub sonra mənə verib dedi: İç bunu.

Qəhvəni alıb içməyə başladım. Nədənsə ona məhəbbətim daha da artırdı. Qəhvəmi içib qurtardıqdan sonra dedim: Ey qardaş! Allah-təala bu gecə səni göndərib ki, mənimlə həmsöhbət olasan. Mənimlə birgə həzrət Müslimin qəbri üstə getmək istəyirsənmi? Dedi: Bəli, gedərəm, amma gərək sən öz şərhi-halını mənə danışasan. Dedim: Yaxşı, danışaram. Mən yoxsul bir adamam, özümü tanıdığım gündən də elə bu vəziyyətdə olmuşam. Neçə ildir ki, sinəmdən qan gəlir və necə müalicə olunacağımı da bilmirəm. Özüm də cavan oğlan və subayam. Qonşuluğumuzda bir qız var ki, onu sevirəm, amma onu mənə vermirlər. Ruhanilər mənə dedilər ki, əgər istəyinə nail olmaq istəyirsənsə, həzrət Sahibəzzaman (ə)-dan kömək dilə və qırx çərşənbə axşamı Kufə məscidinə gedib orada gecələ. Orada Həzrəti görüb ondan öz hacətini dilə. Bu gecə isə qırxıncı gecədir. Bu qədər zəhmət çəksəm də hələ bu günə qədər onu görməmişəm. Bu da mənim istəyim. Dedi: Sinən bu gündən yaxşılaşacaq və o qızı da sənə verəcəklər. Amma necə yoxsulsansa, ömrünün sonunadək eləcə yoxsul qalacaqsan.

Mən onun nə üçün belə danışdığını başa düşə bilmədim və bir daha ondan soruşdum: Həzrət Müslimin qəbri üstə getmirik? Dedi: Qalx gedək.

Özü qabağa düşüb məscidə tərəf getdi və məscidə çatdıqda mənə dedi: İki rükət məscid namazı (təhiyyət namazı) qılaqmı? Dedim: Niyə ki, qılaq.

O qarşıda durdu, mən də bir qədər arxada durub namaz qılmağa başladım. Həmd surəsini oxuduğu zaman onun qeyri-adi halda qiraət etdiyini və namaz qıldığını hiss etdim. Belə fikirləşdim ki, bəlkə də o, İmam Zaman (ə)-ın özüdür. Namaz qıldığı vaxt onu böyük bir nur əhatə etmişdi və mən heç cür onu görə bilmirdim. Amma namazın sözlərini qiraət etdiyini eşidirdim. Namazı kəsmək istədim, amma həzrətin qorxusundan kəsmədim və bir təhər namazımı qılıb qurtardım. Amma namazdan sonra gördüm ki, onu hər tərəfdən əhatə edən nur yuxarı qalxdı. Mən ağlaya-ağlaya çöldə ona qarşı hörmətsizlik etdiyim üçün üzrxahlıq istəyib dedim: Ağa! Mənə həzrət Müslimin qəbri üstə getməyi və`d vermişdiniz. Elə sözümü başa vurmamış gördüm ki, nur qəbirə tərəf hərəkət etdi. Mən də onun dalınca düşdüm. Gördüm ki, həmin nur həzrət Müslimin günbəzi altında dayandı. Gördüm o da oradadır. Mən isə elə hey göz yaşları axıdırdım. Səhər açıldıqda, nur göylərə ucaldı.

Bu əhvalatdan sonra sinəm tamamilə sağaldı və bir neçə gündən sonra o qızı mənə verdilər. Amma yoxsulluq isə eləcə davam etdi.


«On Doqquzuncu Görüş»
Mərhum Ayətullah Seyyid Hüseyn Qazi Təbrizi Qumun böyük alimlərindən olmuşdur. Əksər alimlər onu təqva və kəramət sahibi kimi tanıyırlar. Onun dəfələrlə fədası olduğumuz İmam Zamanla görüşməsi də kimsədən gizli deyildir. Qazi Təbrizi ilə yaxından tanış və onun bir çox sirlərini bilən tələbələrindən biri deyir:

Ayətullah Seyyid Hüseyn Qazi deyirdi ki, bir gün neçə nəfərlə birgə İmam Zaman (ə)-ın hüzuruna nail olduq. Həzrət bizə nəzər salıb hamıdan bir-bir sorğu-sual etdi. Mənə çatdıqda, soruşdu: Ürəyiniz nə istəyir sizə verim? Dedim: İstəyirəm bu məclisdə sizə hamıdan yaxın olam. Bundan sonra Həzrət yanında boş yer düzəldib məni orada oturtdu.

 

«İyirminci Görüş»
Hacı Cavad Rəhimi nəql edir ki, mərhum Qazi deyirmiş: İmam Zaman (ə)-ın hüzurunda olduğum zaman aşiqlərinin onun mədhinə həsr etdiyi şe`rlərdən birini oxudum. Şair orada İmam Zaman (ə)-a qarşı olan eşq və sədaqətini çox gözəl tərzdə izhar etmişdi. Şe`ri oxuduğum zaman şairin ürək sözlərini özümə aid etməklə İmama olan məhəbbətimi bəyan etmək istəyirdim. Amma bir də baxıb gördüm ki, İmam Zaman (ə) artıq yoxdur və başa düşdüm ki, onun bundan xoşu gəlməmişdir.

 

 
«İyirmi Birinci Görüş»
Hacı Cavad Rəhimi başqa bir əhvalatda deyir:

Ayətullah Seyyid Hüseyn Qazi deyirdi ki, bir dəfə Həzrət Zəhranın (ə) təvəllüdü gecələrindən birində (20 Cəmadiüs-sani, 1348 hicri qəməri) Cəmkəran məscidində idim. Birdən gördüm ki, göydən yerə, xüsusilə də Cəmkəran məscidinin üzərinə qeyri-adi bir nur enir. (Hacı Cavad Rəhimi deyir:) Həmin gecə təsadüfən, mən də Cəmkəran məscidində idim. O nuru, demək olar, orada olan camaat da gördü. Sonradan həmin gecə haqda Hüseyn Qazinin e`timad etdiyi bir şəxs ona belə deyir: O gecə Tehranın Məsgərabad adlı məntəqəsində idim ki, ilahi övliyalardan biri məni təyyül-ərz ilə (bir göz qırpımında bir yerdən başqa yerə gediş) Cəmkəran Məscidinə gətirdi və onunla birlikdə orada təşkil olunan əza məclisinə getdik. Məclisin əvvəlindən fədası olduğumuz İmam Zaman (ə) da orada iştirak edirdi. Rövzəxan şe`rləri mərhum Seyyid Əli Rzainin “Ali Taha gülzarı” adlı kitabından oxuyurdu. İmam Zaman (ə) özü də ona qulaq asır və ağlayırdı. Məclis qurtardıqdan sonra İmam Zaman (ə) dua edib məclisdən getdi. Orada iştirak edən bir neçə nəfər İmam Zaman (ə)-a hamıdan yaxın olan şəxsə yaşınlaşaraq onun da dua etməsini israr etdilər. O isə boyun qaçıraraq dedi: Axı İmam Zaman (ə) dua etdi. Nəhayət, çox israr etdikdən sonra o da İmam Zaman (ə)-ın qiyamına dair dua edib məclisi tərk etdi.

Çox güman ki, dua edən şəxs mərhum Qazinin özü olmuş, amma adının çəkilməsini istəməmişdir.

 

 
 
«İyirmi İkinci Görüş»
Mərhum Ayətullah Mirzə Mehdi İsfahani buyurur:

Nəcəf-Əşrəfdə təhsil aldığım dövrlərdə əxlaq və mə`nəvi saflıq dərsini tanınmış alim və ariflərdən olan seyyid Əhməd Kərbəlayidən alırdım. Nəhayət, onun dediyinə görə mə`nəvi paklıq və ariflərin “qürb” və “fəna fillah” adlandırdıqları məqama çatdım. O, məni başqalarına əl tutmaq və “işraq” fəlsəfəsini tədris etmək üçün müəllim tə`yin etdi. O, məni “qütb” və “fəna fillah”a (ən yüksək mə`nəvi və ruhani məqam) çatmış arif hesab edirdi. Lakin, mən özüm özümü bu məqama layiq bilmədiyim və həqiqi maarifdən bir şey bilmədiyim üçün özümü aldada bilməzdim. Ürəyim sakitləşmir və özümü kamillik baxımından çox naqis hesab edirdim.

Bir gün belə qərara gəldim ki, çərşənbə gecələri Səhlə məscidinə gedib orada İmam Zaman (ə)-dan bu işdə mənə kömək etməsini diləyim. Bəlkə, Allahın bizim üçün sığınacaq və pənah yeri qərar verdiyi o cənab bizə diqət yetirib düz yolu göstərə. Bu səbəbdən də Səhlə məscidinə gedib o vaxta qədər öyrəndiyimiz və boş-boş mübahisələrə səbəb olan süfilik irfanını və bə`zi fəlsəfi bəhsləri başımızdan çıxarıb əsl ixlas və tövbə ilə İmam Zaman (ə)-ın hüzuruna nail olmaq qərarına gəldim. Elə bu vaxt onun nurani surəti qarşımızda zahir olub böyük məhəbbət göstərdi və əlimizdə müəyyən me`yar olub həmişə onunla hərəkət etməyimiz üçün də buyurdu: “Biz Əhli-beytin yolundan qeyri yolla həqiqət ardınca düşmək bizi inkar etmək deməkdir.”

Mərhum Mirzə İsfahani bu sözləri İmam Zaman (ə)-dan eşitdikdə, başa düşür ki, həqiqətə çatmaq yalnız və yalnız Qur`an ayələrinin məzmunundan və Əhli-beytin (ə) rəvayətlərindən əldə olunmalıdır. Beləliklə, o, müqəddəs Məşhəd şəhərinə yola düşür və özünü Qur`an və Əhli-beyt (ə) maarifini elm əhlinə tə`lim verməyə həsr edir.


«İyirmi Üçüncü Görüş»
Seyyid Həsən Əbtəhi deyir:

Bir dəfə çərşənbə günü səhər mərhum Molla Ağacanla birlikdə Nəcəfdəki ziyarətgahlara getmişdik. O bizə belə dedi: İndi ki, namaz qılıb nahar etmişik, gərək Kufədəki həzrət Müslimin, həzrət Haninin, həzrət Zəkəriyyanın ziyarətgahlarına və Kufə, Zeyd və Sə`səə məscidlərinə də gedək. Gecəni isə olduqca bərəkətli olan Səhlə məscidində keçirib Allahın izni ilə İmam Zaman (ə)-ın görüşünə nail olarıq. Sonra öz-özünə yalnız mənim eşidə bildiyim bu sözləri dedi: “Əgər hirslənməsən.” Sonra başını bulaya-bulaya dedi: Axı nə üçün hirslənməliyəm? Yox, hirslənməyəcəyəm. Məgər Allah məni öz başıma buraxmışdırmı?! Bunu dedikdən sonra bu ayəni tilavət etdi: “Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs [insana] pis işlər görməyi əmr edər.”[5]

Nəhayət, günorta namazını qılıb nahar etdikdən sonra maşınla Kufəyə getdik və yolda Kumeyl ibn Ziyadın, Məysəm Təmmarın qəbirləri və Hənnanə məscidini ziyarət etdik.

Günorta saat üçdə Kufə məscidinə çatdıq. Məscidin əməllərini yerinə yetirdiyimiz zaman Kərbəlada ayaqqabıçı işləyən və neçə gün Kufə məscidində ibadətə qapılaraq riyazət çəkən bir cavan öz otağından çıxıb bizə qoşuldu. Onu görcək soruşdum: Sən burda nə edirsən? Dedi: Riyazət çəkmək qərarına gəlmişəm və gərək iyirmi bir gün oruc tutub heç kimlə danışmayam. Dedim: Tərki dünyalığın sona çatdımı? Dedi: Xeyr, amma indi otaqda oturub “həmd” surəsini oxuduğum zaman birdən kimsə mənə dedi: Oxuduğun şey bu kişinin (Hacı Molla Ağaxan) yanındadır. Bunun üçün də istəyimi yerinə yetirməyincə ondan əl çəkən deyiləm.

Dedim: İstəyin nədir? Amma o bir şey deməyib susdu. Sonralar mə`lum oldu ki, onun istəyi İmam Zamanla (ə) görüşmək olmuşdur.

Nəhayət, Kufə məscidinin əməllərini birlikdə yerinə yetirib qurtardıq və sonra həzrəti Müslimin qəbrini ziyarət etməyə getdik. Qəbiri ziyarət etdiyimiz zaman o dedi: Bir fatihə də Muxtar Səqəfi üçün oxuyaq. Biz başa düşdük ki, o Muxtar Səqəfinin qəbiridir. Mən ondan soruşdum: Muxtar necə adam olmuşdur? Buyurdu: Qəlbində həzrət Fatimə (ə)-ın düşmənlərinin bə`zilərinə məhəbbət olduğu üçün qiyamət günü onu cəhənnəmə apararlar, amma şəhidlər ağası İmam Hüseyn (ə) göstərdiyi xidmətlərinə görə ona şəfaət edər.

Sonra həzrət Hani ibn Urvənin ziyarətinə getdik. Hacı Molla Ağacan bizi bir kənarda oturdub mərsiyə oxumağa başladı. Beləcə, yaxşı təvəssül edə bildik. Sonra bizə dedi: Bu hal və diqqət bizə həzrəti Haninin həqiqət və mə`nəviyyatından gəlib çatmışdır. Onlara təşəkkür edin.

Ziyarətimizi başa vurub Səhlə məscidinə getdik. Cavan yolda bir an da olsun mərhum Hacı Molla Ağacanı rahat buraxmır, ondan elə hey mə`nəvi kamillik barədə soruşurdu. Səhlə məscidinin yaxınlığında Sə`səə və Zeyd adına başqa iki məscid də var idi. Günün batmasına az qaldığı üçün oranın da əməllərini yerinə yetirdik. Amma Molla Ağacan Zeyd məscidində uca səslə qəribə bir dua oxudu və az qaldı özündən gedə.

İndi həmin gündən iyirmi iki ildi ki keçir. Amma onun siması indi də mənim gözlərim özündədir. O, fəryad edərək uca səslə bu duanı oxuyurdu:

“İlahi, qəd məddə iləykəl-xatiul-muznibu yədəyhi bihusni zənnihi bikə.

İlahi, qəd cələsəl-musiu bəynə yədəykə muqirrən ləkə bisui əməlihi və raciyən minkəs-səfhə ən zələlihi.

İlahi, qəd rəfəə iləykəz-zalimu kəffəyhi raciyən lima yədəykə, fə la tuxəyyibhu birəhmətikə min fəzlikə.

İlahi, qəd cəssəl-aidu iləl-məasi bəynə yədəykə xaifən min yəumin təcəssu fihil-xəlaiqu bəynə yədəykə.

İlahi caəkəl-əbdul-xatiu fəziən muşfiqən və rəfəə iləykəl-tərfəhu həzərən raciyən və fazət əbərətuhu mustəğfirən nadimən.” Buna oxşar zikrlərdən dedikcə, gözlərindən sel kimi yaş axırdı. Axırda əllərini göyə qaldırdı və uca səslə ah-nalə edərək dedi:

“Allahummə, bihəqqi Muhəmməd və Ali Muhəmməd, iğfirli vərhəmni, ya ərhəmər-rahiminə və xəyrəl-ğafirin.” Sonra üzünü torpağa qoyub bədəni lərzə içində Allahın qorxusundan o ki var ağladı:

“İn kuntu bi`səl əbdu, fə əntə ni`mərrəbb.”

O qədər ağladı ki, qarşısındakı torpaq islandı və görən elə bilərdi ki, hansı əzizini itirmişdir. Elə hey ağlayıb deyirdi:

“Əzuməz-zənbu min əbdikə, fəlyəhsunil-əfvu min indikə, ya Kərim!” Bunu deyib yenə də səcdəyə düşdü və “Əl-əfv” (Rəhm et!) deyərək yüz dəfə təkrar etdi. Sonra yenə o qədər ağladı ki, qəşş edib özündən getdi. Biz çox çətinliklə onu özünə gətirə bildik. Sonra onu özümüzlə aparıb şam namazının ilk vaxtında Səhlə məscidinə daxil olduq.

Bura İmam Zaman (ə)-ın evidir. Bura İmam Zaman (ə)-ın dayaq yeridir. Bura İmam Zaman (ə) aşiqlərinin görüş yeridir. Belə bir müqəddəs məkana ilk dəfə gəldiyimiz üçün hər şey bizim üçün son dərəcədə qeyri-adi idi. Özü də bu işi Hacı Molla Ağacan təşkil etmişdi.

Şam və işa namazlarını qılıb Səhlə məscidinin əməllərini yerinə yetirdikdən sonra mə`lum oldu ki, Molla Ağacanın qonağı var imiş. Buna görə də hamı məscidin kənarında yaşayan və məscidi idarə edən mərhum Hacı Şeyx Cavad Səhlavinin məscidin həyətindəki otağına cəm oldu. Bura toplaşanlar Molla Ağacandan xahiş etdilər ki, gecəni oyaq qalıb zikr-mə`nəviyyat məclisini aparsın və onlar da feyz alsınlar. O da bu də`vəti qəbul etdi. Çox qəribə bir gecə idi. Məclisdə bir çox tanınmış şəxsiyyətlər iştirak etdiyi üçün son dərəcə maraqlı və yadda qalımlı idi.

Məclis iştirakçılarından biri Məşhəddən olan tanınmış bir seyyid idi. O, imam Zamanla görüşmək ümidi ilə bura çərşənbə axşamı Kərbəladan Səhlə məscidinə gəlirdi və bu onun sonuncu gecəsi idi. O biri isə bizə sonradan qoşulan bir cavan idi. O, İmam Zamanla (ə) görüşmək ümidi ilə uzun müddət riyazət çəkmiş və belə güman edirdi ki, bununla öz məqsədinə çatacaqdır. Başqa birisi isə o qədər pak insan idi ki, İmam Zamanla (ə) görüşəcəyinə əsla şübhə etmirdi.

Məclisdə şeyx Cavad Səhlavi özü də ev sahibi kimi iştirak edirdi. O özü İmam Zamanla (ə) görüş üçün o qədər səbirsiz idi və onda mə`nəvi vüsal hissi elə yüksək baş qaldırmışdı ki, bütün məclis əhlini həyəcana gətirmişdi. Hacı molla Ağacanın eşq və yanğısı isə məclisə tamam başqa rövnəq vermişdi. Mən isə o vaxtlar yeniyetmə bir cavan idim və bir küncdə oturub baş verənlərə tamaşa edirdim. Hamı İmamın ayrılığından göz yaşı axıdırdı. “Ali-Yasin” və “Təvəssül” duaları oxundu, bir sözlə, nəzərdə tutulan mərasim səhərə kimi davam etdirildi. Sübh namazını məscidin ortasındakı İmam Zaman (ə) məqamında qıldıq. Lakin, sonuncu çərşənbəsi sona çatan dostumuz çox narahat idi. Çünki, İmam Zaman eşqilə iki aydan daha çox vətənindən və ev-eşiyindən uzaq düşmüş və qürbətdə idi. Mən hamıdan çox onunla ünsiyyətdə idim. Çünki, bilirdim ki, heç vaxt İmam Zaman (ə) bu zəhməti nəticəsiz qoymaz, hətta bu müddət ərzində ondan İmam Zaman (ə)-ın hüzuruna nail olub-olmadığını da soruşdum. Dedi: Bu iş bir neçə dəfə baş versə də onu tanımamışam. Amma bütün bu məşəqqətlər onun hüzuruna çatdığım zaman onu tanımağım üçündür. Bax bu səbəbdən də mən bütün gecəni onun yanında keçirmək istəyirdim.

Sübh namazını İmam Zaman (ə)-ın məqamında namaz qıldığımız zaman gördüm ki, o, əli bağlı namaz qılan bir sünni məzhəb şəxlə mübahisə edir. Ondan nə üçün əsəbləşdiyini soruşduqda dedi: Axı nə üçün o ağamın məqamında İslamın göstərişinə xilaf olaraq namaz qılır? Sonra dedi: Az qala dəli olam! Qırx cümə axşamıdır ki, vətənimdən və evimdən-eşiyimdən uzaq düşmüşəm. Amma heç bir faydası yoxdur. Bu iş mümkündürmü?! Siz mənim yerimdə olsaydınız, nə edərdiniz? Dedim: Sənin yerində deyiləm, amma cəmi bir gecə gözlədim daha taqətim çatmır. Haqqın var... Bundan sonra o yenə başını divara söykəyib zar-zar ağlamağa başladı. Onu bu vəziyyətdə görüb götürüb Şeyx Cavad Səhlavinin otağında toplananların yanına apardım.

Hacı molla Ağacan arxası divara tərəf oturub, sanki, kimisə gözləyirdi. Biz də otağın bir küncündə oturduq.

Bu vaxt otağa ruhani paltarı geyinmiş arıq qarabuğdayı tələbə daxil oldu. Gördüm ki, onun arxasında əbasını sol çiyninə atmış bir seyyid də vardır. O, bayırda dayanıb otağın içinə baxırdı.

Sonradan hindli olduğu mə`lum olan həmin tələbə otağa daxil olduqdan sonra Hacı molla Ağacan acıqla ona dedi: Nə üçün otağa daxil oldun?! O isə yarı fars, yarı hind ləhcəsində bildirdi ki İmam Zamanla (ə) görüşmək istəyir. Sonra dedi: Gecəni sübhədək məsciddə oyaq qalmışam indi isə gəldim ki, bir az istirahət edəm.

Hacı molla Ağacan ona dedi: Yalan deyirsən! Sən İmam Zaman (ə)-ı sevmirsən, heç onu tanımırsan da. O daha əsəbi halda onu dediklərini təkzib edərək bunu bir neçə dəfə təkrar etdi. Bu isə bizi çox təəccübləndirdi. Çünki, hələ o vaxta qədər Molla Ağacandan kimsəyə qarşı belə sərt davranış görməmişdik. Hətta bə`ziləri ona e`tiraz edərək dedilər: Nə üçün o biçarə tələbəni bu qədər təhqir etdin?

 Bundan sonra Hacı Molla Ağacan yerindən qalxıb gözlənilmədən həmin tələbəni zorla otaqdan bayıra çıxartdı. Bu müddət ərzində bayırda dayanan seyyid elə hey içəri baxır və hərdən gülümsəyirdi də. Sanki, o baş verənlərin nə ilə nəticələnəcəyini və əgər dava olarsa otağa daxil olmağı gözləyirdi.

Belə güman etdim ki, seyyid hindli şeyxin dostudur. Çünki, onun getməsi ilə o da oranı tərk edib getdi. Hacı Molla Ağacana dedim: Siz o hindli şeyxə nə dedinizsə, onun çöldə gözləyən seyyid dostu da eşitdi. Hələ yaxşı oldu o dostunu müdafiə etmədi. Hacı molla Ağacan təəccüblə soruşdu: Məgər onun yoldaşı da var idimi?

Dedim: Bəli, onu bayırda çox görkəmli və alicənab bir seyyid gözləyir və mübahisənizə tamaşa edirdi. Məclis iştirakçılarından bir neçəsi dedi ki, biz də onu gördük. Amma Molla Ağacan və ondan başqa iki-üç nəfər şəxs o seyyidi görməmişdi. Amma heç də belə deyildi ki, kimsə onu görməmiş olsun! Çünki, o seyyid qapının lap kandarında dayanmışdı. Qırx cümə axşamı Səhlə məscidinə gələn seyyid isə elə hey ağlayırdı. Ondan soruşdum: Sən də o seyyidi görmədin? Dedi: Gördüm, amma elə fikirləşirəm ki, o İmam Zaman (ə) idi. Hacı molla Ağacan dedi: Yaxşı fikirləşirsən. Çünki, İmam Zaman (ə) mənə bu vaxt bizimlə görüşə gələcəyinə və`də vermişdi.

Mən qırx cümə axşamı Səhlə məscidinə gələn cavan oğlandan soruşdum: Siz haradan bilirsiniz ki, o İmam Zaman (ə) idi? Dedi: Əvvəl onun İmam Zaman (ə) olduğunu sanki mənə ilham oldu, sonra yerimdən qalxmaq istədim, amma buna taqətim olmadı, hətta ağzımı açıb salam belə verə bilmədim. Sonradan Kufə məscidində bizə qoşulan cavan dedi ki, o vaxt onu mən də gördüm. Bunu eşitcək, fürsət olmadığı üçün hamılıqla o iki nəfəri axtarmağa başladıq. Səhlə məscidi çox xəlvət idi, hətta deyə bilərəm ki, orada bizdən başqa yalnız bir neçə adam var idi. Məscidin ətrafı da boş çöllük idi və iki kilometirlik məsafə rahat görünürdü. Birdən, həmin hindli cavanı gördüm və ondan onunla gələn seyyid dostunun hara getdiyini soruşdum. O isə dedi: Mənim heç bir yoldaşım yox idi. O, bizim tələm-tələsik ona tərəf gəldiyimizi görüb uzaqlaşmağa başladı. Nə qədər baxdıqsa, ondan başqa kimsəni görmədik və əgər kimsə bizim yerimizə olsaydı, sözsüz ki, deyəcəkdi həmin şəxs ya “təyyül-ərz” etmiş, ya da haradasa gizlənmişdir. Bəli, bundan başqa bir şey fikirləşə bilməzdik. Sonradan qapıları açıq olan otaqlara bir-bir baxmağa başladıq və belə bir qənaətə gəldik ki, həmin şəxs təyyül-ərz etmişdir.

Hacı Molla Ağacan ilə qırx cümə axşamı Səhlə məscidinə gələn cavan əmin idilər ki, o, İmam Zaman (ə) idi. Qalanları isə onu ya görməmiş, ya da Şeyxin və hacı Molla Ağacanın hindli ilə rəftarı onların başlarını qarışdırmış və bu səbəbdən də o şəxsin İmam Zaman (ə) olduğuna diqqət yetirməmişdilər. Molla Ağacan isə o qədər narahat idi ki, onunla danışmaq belə olmurdu.

Bizim bu məclismiz narahatçılıqla başa çatdı və molla Ağacanın rəftarı isə onu yaxşı tanımayanların heç xoşuna gəlmədi. Amma onun necə insan olduğu və necə gözəl əxlaq sahibi olduğu bizə bəlli idi və bildik ki, bu işin bir fəlsəfəsi vardır. Bunun üçün də bir şey soruşmayıb səbr etmək qərarına gəldik.

Nəcəf-Əşrəfə qayıtdığımız zaman yol kənarı müsafirxanaların birində oturmalı olduq. O, birdən dərindən ah çəkərək dedi: Gördünüz necə zərər çəkdim? Axı, mənə demişdilər ki, hirslənməyim. Dedik: Nə oldu ki, hirsləndiniz? Bu rəftarınız həm dostlarınızın sizə e`tiraz etmələrinə, həm də ağamız İmam Zaman (ə)-ın görüşündən məhrum olmağınıza səbəb oldu. Buyurdu: Elə bir şey baş verdi ki, dərk etmək olsa da, vəsf etmək olmur. Axı, o vaxt intizarda qaldığımı necə vəsf edə bilərəm? Axı, o hindlinin otağa girərkən fəzanın necə zülmətə qərq olduğunu və öz gəlişi ilə İmam Zaman (ə)-ın daxil olmağa mane olduğunu necə vəsf edim? Mən İmam Zaman (ə)-ı görməsəm də, başa düşdüm ki, onun gəlişinə mane olan həmin hindlidir. Bu səbəbdən də İmam Zaman (ə)-ın otağa daxil olması üçün onun otağı tərk etməsini israr etdim. Amma sonradan mə`lum oldu ki, o gəlib eşikdə gözləyir, biz isə içəridə biri-birimizlə çəkişirik.

Bütün bunlardan sonra Hacı Molla Ağacandan soruşdum: İmam Zaman (ə)-ın gələcəyini bildiyiniz və onu gözlədiyiniz bir halda onu görə bilməməyinizin fəlsəfəsi nə imiş? Buyurdu: Əgər mən İmam Zaman (ə)-ı qapının kandarında görsəydim və hindli onun daxil olmasına mane olsaydı, onunla daha sərt rəftar edərdim. O, hələ bu qədər yox, bəlkə də bundan artıq cəzalandırılmalıydı. Sonra sözlərinə əlavə edərək buyurdu: Belə fikirləşməyin ki, o hindlinin cəzası bu qədər idi, xeyr, hətta onun haqqı ölüm idi. Sözsüz ki, siz mənim bu sözümdən narahat ola bilərsiniz, çünki fəlsəfəsini bilmirsiniz. Elə bundan artığını da bilməyiniz məsləhət deyil. Dedim: Bəs nə üçün İmam Zaman (ə) bir tərəfdən gələcəyinə və`d verir, sonra da bu hindli araya girir və o getdikdən sonra belə içəri gəlmir? Dedi: Həzrət Musa (ə) Tur dağından qayıtdığı zaman bütün tərəfdarlarının buzova pərəstiş etdiklərini görür və üzünü Allahın dərgahına tutub deyir:

“Bu [baş verən işlər] Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini [haqq yoldan] azdırır, istədiyini doğru yola yönəldirsən.”[6] İndi də məsləhət bu idi ki, onu yalnız ləyaqəti çatanlar görə bilsinlər. Yolları bizdən ayrı olanlar və bizə təsadüfi qoşulanlar isə getdilər və bizim əxlaqımızı bəyənmədilər. Qırx çərşənbə Səhlə məscidinə gələn bu seyyid də o vaxt yerindən hərəkət edə bilməsə də, İmam Zamanla (ə) görüşə bildi və həmin an onu tanıyaraq istəyinə nail oldu. Əgər İmam Zaman (ə) otağa daxil olsaydı, yenə də həmin şey baş verəcəkdi və sən yenə də onu tanıyacaqdın. Burada yalnız bir iş baş verdi ki, gözlərim onun mübarək camalının nuru ilə işıqlanmadı. Bu isə məni sınağa çəkmək üçün idi. Bununla mənim nə qədər müt`i olduğumu yoxlamaq istəyirdilər. Axı, mənə deyilmişdi ki, hirslənməyim. Amma haradan biləydim ki, maneələri aradan qaldırmaq üçün də əsəbləşməməliyəm. Mən hər şeydən qafil oldum. İnsan Allaha itaətdə özünü o qədər islah edib əxlaqını münəzzəm etməlidir ki, gördüyü işləri İslam göstərişlərinə əsasən, səhmana düşüb əsl müsəlmanı tərənnüm etsin.

Bir sözlə, biz o gün başa düşmədik ki, nə üçün hindli cavan otağı elə zülmətə qərq etdi. Lakin, növbəti il təhsil almaq üçün Nəcəf-Əşrəfə getdim və həmin şeyxi orada gördüm. Yavaş-yavaş onunla tanış oldum. Bir gün o mənə dedi: Əvvəllər sünni məzhəbli vəhhabi idim, tələbələr arasında özümü şiə kimi qələmə verib onların arasında casusluq edirdim. Lakin, artıq şiə məzhəbinin həqiqətindən agah olmuşam və əvvəlki əqidə və əməllərimə görə tövbə etmişəm. Amma bir neçə aydan sonra yenə mə`lum oldu ki, o öz əqidə və gördüyü işlərdən əl çəkməmişdir. Nəhayət, o birdəfəlik İraq ərazisindən çıxarıldı. Deməli, o həm məni aldatmış, həm də özünü başqalarının nəzərində tövbəkar kimi göstərmək istəmişdir.

Beləliklə, bir daha əmin olduq ki, Seyyid Ağacan heç də mə`nasız söz deməmiş və gördüyü iş də tamamilə düzgün olmuşdur.

 

--------------------------------------------------------------------------------

[1] Dəclə çayı öz başlanğıcını Türkiyədən götürür və Bağdaddan ötüb keçərək Samirranın kənarından axır.

[2] Seyyid ibn Tavusun öz adı Rza olmuşdur.

[3] “Tövbə”, 122.

[4] Azan deyən.

[5] “Yusuf”, 53.

[6] “Ə`raf”, 155.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment