İmam Mehdi (ə) Əli ibn Məhəmməd Səmərinin ölümündən altı gün qabaq bu hadisə barədə xəbər vermişdi. Və’d edilən gün imamın səfiri dünyasını dəyişdi. Uyğun tarixin qabaqcadan dəqiq göstərilməsi sübut edir ki, fərman, doğrudan da, həzrət Mehdi (ə) tərəfindən verilmişdir.
İmam Mehdi (ə) Əbül-Həsən Səməriyə göstəriş vermişdi ki, özündən sonra üçün canişin tə’yin etməsin. Bu göstəriş bir daha sübut edir ki, imamla birbaşa rabitəyə son qoyulmuşdu. Artıq xalq səfirlər vasitəsi ilə imama müraciət edə bilməzdilər.
Bu fərmanda kiçik qeyb dövrünün başa çatdığı və böyük qeyb dövrünün başlandığı bəyan olunmuşdu.
Həzrət Mehdi (ə) Allahın izni ilə zühur edə bilər və bizə onun zühur tarixi bəlli deyil.
Uyğun fərmanda zühurun iki əlaməti bəyan olunmuşdur. Bunlardan biri Süfyaninin qiyamı, digəri isə səmadan gələsi nidadır.
DÖRD NAİBİN SEÇİLMƏ ME’YARI
Ötən söhbətlərdə qeyd olunduğu kimi, mə’sum imamlar müxtəlif insanları özləri üçün vəkil seçmişlər. İmam Həsən Əsgərinin (ə) dövründə vəkalət qurumunda on nəfər fəaliyyət göstərirdi. Bu e’tibarlı adamlar arasında kiçik qeyb dövrü üçün dörd səfir hansı me’yarla seçilmişdir?
Sualın cavabında əvvəlcə onu deməliyik ki, mə’sum imamlar hikmət əsasında rəftar etmişlər. Şəksiz ki, uyğun seçim üçün dəqiq me’yarlar olmuşdur. Biz bu me’yarları bilsək də, bilməsək də, onların mövcudluğu şübhə doğurmamalıdır. Yalnız onu demək olar ki, uyğun me’yarlar İslam dəyərlərinə əsaslanmışdır.
Bütün me’yarlar arasında iman, elm, təqva, bəndəlik ön yerdə dayanır. Mə’sum imamların vəkili məqamına çatmış bütün insanlarda bu xüsusiyyətlər olmuşdur. Amma kiçik qeyb dövründə müqəddəs nahiyə tərəfindən səfirliyə seçilənlərdə bu xüsusiyyətlər daha üstün həddə olmuşdur. Yuxarıda sadalanmış xüsusiyyətlərə daha bir neçə xüsusiyyət əlavə edə bilərik:
1. Ən üstün şəkildə təqiyyə və sirsaxlama.
Məsələn, Hüseyn ibn Ruh Növbəxti ciddi şəkildə təqiyyə edər və sirr saxlayardı. Belə ki, bütün məzhəblərdən olan alimlər Hüseyn ibn Ruhu özlərinə aid edirdilər. Hüseyn ibn Ruh yalnız təqiyyə sayəsində hamını razı sala bilmişdi. O hətta öz xidmətçilərindən birini Müaviyəyə lə’nət oxuduğu üçün işdən uzaqlaşdırmışdı.
Hüseyn ibn Ruh təqiyyə səbəbindən məclislərdə ilk üç xəlifə haqqında xoş sözlər deyərdi. Onun sözləri yaxın şiələrdən birini təəccübləndirmişdi və həmin şəxs gülümsəmişdi. İbn Ruh onu bu işinə görə məzəmmət etmişdi. Çünki həmin şiənin gülüşü səfirin əsil əqidəsini aça bilərdi.
Həzrət Mehdinin (ə) birinci səfiri Osman ibn Səid özünü abbasi rejiminin tə’qiblərindən qorumaq üçün təqiyyəyə ciddi əməl edərdi. Hətta heç bir dini və ya siyasi məclisdə aşkar şəkildə mübahisə etməzdi.
2. Ali bir dərəcədə səbr və müqavimət.
Səfirlərin işi çox mühüm olduğundan və düşmən imam Mehdini (ə) ələ keçirmək istədiyindən istənilən bir zəiflik və süstlük olduqca mənfi nəticələr verə bilərdi. Ona görə də səfirlər başqalarından daha möhkəm və dözümlü olmalı idilər.
Bə’ziləri Əbu-Səhl Növbəxtidən soruşdular: «Nə üçün imamın xüsusi naibi sən yox, Hüseyn ibn Ruh oldu? O belə cavab verdi: «İmamlar bu məqama kimin daha layiqli olduğunu hamıdan yaxşı bilirlər. Mən düşmənlərlə get-gəl edən adamam və tez-tez mübahisə edirəm. Hüseyn ibn Ruhun imam haqqında bildiklərini mən bilsəydim, düşmənlərlə mübahisə zamanı onları məğlub etmək üçün hər şeyi açardım və nəticədə imamın yeri mə’lum olardı. Amma Hüseyn ibn Ruh imamı əbası altında gizlətsə, onu tikə-tikə doğrasalar da, əbasını qaldırıb imamı göstərməz». Əbu-Səhl Növbəxtinin bu sözləri Hüseyn ibn Ruhun nə dərəcədə səbirli və dözümlü olduğunu göstərir.
3. Səfir başqalarına nisbətən dərrakəli, ağıllı və agah olmalıdır.
Şeyx Tusi «Əl-ğeybət» kitabında səfirlərin dərrakə və agahlığını göstərən bir rəvayət nəql edir. Bu rəvayətlə qarşıda tanış ola bilərsiniz.
4. İmam Mehdi (ə) zalım abbasi hakimiyyətinin diqqətini cəlb etməmiş insanları naib seçirdi.
Çünki bu iş olduqca məxfi bir iş idi. Məsələn, birinci səfir Osman ibn Səid Əmri yağsatan kimi tanınırdı. Abbasilərin ağlına da gəlmirdi ki, o imamın xüsusi səfiri ola bilər. İkinci səfir Məhəmməd ibn Osman da atası kimi diqqəti cəlb etməmiş bir şəxs idi. Üçüncü səfir isə sarayla əlaqəli idi və sarayda xüsusi nüfuzu vardı. Abbasilər onun imam Mehdi (ə) ilə əlaqədə olduğunu təsəvvürlərinə belə gətirmirdilər.
Bu səbəbdən də Seyyid Məhəmməd Sədr deyir: «Kiçik qeyb dövründə ələvilər səfirlik məsələsinə qatılmadılar və bu iş başqalarına tapşırıldı. Hansı ki, həmin vaxt ələvilər arasında elmi, ibadəti ilə seçilən ləyaqətli insanlar vardı. Belə bir seçimin səbəbi aydındır. Ələvilərin həyat tarixçəsi uyğun məsələni daha dəqiq aydınlaşdırır. Çünki ələvilər tarix boyu zülmə qarşı çıxmış və qiyamlar qaldırmışdılar. Ona görə də dövlətin bütün diqqəti ələvilərin üstündə cəmlənmişdi. Ələvilər həm imamların tərəfdarı idilər, həm də zülmə qarşı mübarizənin önündə gedirdilər. Zalım hakimlər yaxşı bilirdilər ki, yalnız ələvilər onlarla barışmaz mövqedə dayanır. Əlbəttə ki, belə bir zümrə daim nəzarət altında saxlanası idi. Nəzarət altında saxlanılan insan isə müqəddəs nahiyə tərəfindən səfirlik kimi mühüm bir işi öhdəsinə götürə bilməz.
DÖRD NAİBİN ŞİƏLƏRLƏ RABİTƏSİNİN XÜSUSİYYƏTLƏRİ
Vəkalət qurumu, xüsusi ilə də imamın səfirləri siyasi durum təhlükəli olduğundan şiələr tərəfindən tanınmırdılar. Səfirliyin başlanğıcında, xüsusi ilə Osman ibn Səid Əmrinin səfirliyi dövründə onun naibliyi xalqa mə’lum deyildi. Təbii ki, belə bir şəraitdə şiələrlə səfir arasında ciddi rabitələr ola bilməzdi. Yalnız bir qrup xüsusi vəkil onu həzrətin naibi kimi tanıyır və şər’i məsələləri ondan soruşurdular. Zaman ötdükcə vəkillərin ciddi təlaşları sayəsində naiblik şiələr arasında öz yerini tapırdı. Təqiyyəyə əməl etməklə əlaqələr güclənirdi.
İKİ NÖV RABİTƏ
Şiələr dörd naiblə iki növ əlaqə saxlayırdılar. Bu əlaqələrdən biri vasitəli, digəri isə vasitəsiz idi. Vəkalət qurumunun əsasını vasitəli rabitə təşkil edirdi. Çünki bu qurum Abbasilərin zülmündən aşkar fəaliyyət göstərə bilmirdi. Ona görə də xalqla rabitədə gizli yollardan istifadə olunurdu.
Bu rabitə növündə vəkillər vasitə rolu oynayırdılar. Xalq öz istəklərini vəkillərə bildirir, şər’i ödənclərini onlara çatdırırdılar. Vəkillər də öz növbəsində onlara verilmiş əmanəti imamın səfirlərinə təqdim edirdilər. Müqəddəs nahiyədən səfirlər vasitəsi ilə cavablar əldə olunurdu. Bu rabitə piramida şəklində təsəvvür edilərsə, səfir onun təpə nöqtəsini, vəkillər yan tərəfini, xalq isə oturacağını təşkil etmiş olar.
Bu piramidasayağı rabitə əvvəlcə Bağdad şiələri arasında qurulmuşdu. Uyğun rabitə sonra daha da genişləndi. Məhəmməd ibn Osmanın Bağdadda on vəkili vardı. Bunlardan biri də Hüseyn ibn Ruh idi. Bu adamlar Məhəmməd ibn Osmanın ticarət işlərində vəkilləri kimi tanınırdılar. Əslində isə onlar həzrət Mehdinin (ə) vəkalət qurumunda fəaliyyət göstərirdilər. İşin başlanğıcında hətta ətrafdakı böyük alimlər də imam Həsən Əsgərinin (ə) canişinliyindən xəbərsiz idilər. Məsələn, Məclisinin «Biharul-ənvar», Şeyx Tusinin «Əl-ğeybət» kitabında nəql etdiyi bir rəvayətə əsasən Məhəmməd ibn İbrahim Məhzyar Əhvazi imam Həsən Əsgərinin (ə) vəfatından sonra həzrət Höccəti (ə) tanımırdı. Yalnız bir neçə il ötdükdən sonra o, imamın canişinini tanımaq üçün İraqa səfər etdi.
Dinvərdə xalq imam Həsən Əsgərinin (ə) vəfatından bir neçə il ötməsinə baxmayaraq şər’i ödəncləri kimə verəcəklərini bilmirdilər. Onlar Əhməd ibn Məhəmməd Dinvərinin yanına gedib bu barədə soruşdular. Dinvəri belə cavab verdi: «Ey camaat, hələ ki vəziyyət mə’lum deyil. Hazırda kimin imamın səfiri və naibi olduğu bilinmir».
BİRBAŞA RABİTƏ
Kiçik qeyb dövründə naib fəaliyyətə başlayanda belə bir rabitə növü yox idi. Qərar vardı ki, naiblik məsələsi məxfi qalsın. Vəkalət qurumunun işinin gizli aparılmasının səbəbi hakimlərin bu işə qarşı gördükləri amansız tədbirlər idi. Zaman ötdükcə şiələr səfirin adını və əlamətlərini vəkillərdən öyrənir və onlarla birbaşa əlaqə saxlaya bilirdilər. Səfirlərlə birbaşa rabitə yalnız ikinci səfirin dövründə həyata keçməyə başladı. Şeyx Tusi birbaşa rabitə haqqında yazır: «Bir qrup e’tibarlı şəxs həzrət Mehdinin (ə) səfirlərinin yanına gedib məktub verməklə öz istəklərini həzrətə çatdırırdılar. Müqəddəs nahiyədən verilən cavabları da səfirlər xalqa ötürürdü.
Birbaşa rabitə zamanı bə’zən suallar yazılı şəkildə verilir və bir neçə gün sonra cavab alınırdı. Bə’zi rəvayətlərdə belə nəql olunur: «Üç gün ötəndən sonra dostum mənə dedi ki, Məhəmməd ibn Osmanın yanına gedib məktubun cavabını alıb». Başqa bir yerdə isə belə bildirilir: «Üç gün sonra məktubumun cavabı verildi».
DÖRD NAİBİN VƏZİFƏLƏRİ VƏ MƏS’ULİYYƏTLƏRİ; HƏZRƏT MEHDİNİN VÜCUDU İLƏ BAĞLI ŞÜBHƏLƏRİN ARADAN QALDIRILMASI
Kiçik qeyb dövründə siyasi şərait ağır olduğundan şiələr imam Həsən Əsgərinin (ə) övladı olmasından xəbərsiz idilər. Əgər həzrət Mehdi (ə) məxfi həyat sürməsəydi, zalım rejim tərəfindən öldürülərdi. Hicri 360-cı ildə imam Həsən Əsgəri (ə) dünyasını dəyişdikdə yalnız ən yaxın adamlar həzrət Mehdinin (ə) varlığından xəbərdar idi. Dörd naibin, xüsusi ilə birinci səfirin ən mühüm vəzifələrindən biri bu idi ki, imam Həsən Əsgərinin (ə) övladı olduğunu şiələrə sübut etsin.
İmam Hadi (ə) və imam Həsən Əsgəri (ə) tərəfindən e’timadlı sayılan və imamiyyə şiələrinin böyüklərinin sədaqətli bildiyi Osman ibn Səid Əmri uyğun həssas dövrdə xalqın imam Mehdi (ə) ilə bağlı şübhələrini aradan qaldıra bildi. Eləcə də sübuta yetirdi ki, o, müqəddəs nahiyə tərəfindən xüsusi vəkildir. Bə’zənsə Osman ibn Səid Əmrinin gətirdiyi dəlillərlə kifayətlənmir və ondan kəramət, mö’cüzəyə oxşar bir şey istəyirdilər. Osman müqəddəs nahiyənin yardımları ilə insanları həqiqətə inandırırdı.
Məhəmməd ibn Yə’qub Sə’d Əş’əri Qummidən bu barədə belə nəql edir: «Qum şiələri arasında xüsusi məqama malik olan Həsən ibn Nəzr imam Həsən Əsgərinin (ə) vəfatından sonra tərəddüddə qaldı. O, Əbu-Səddam və başqaları ilə qərara gəldi ki, növbəti imamı axtarsınlar. Həsən ibn Nəzr Əbu-Səddama dedi: «Bu il həccə getmək istəyirəm». Əbu-Səddam ondan bu səfəri tə’xirə salmasını istədi. Amma Həsən ibn Nəzr yuxu görüb qorxduğunu və bu səbəbdən də hökmən həccə gedəcəyini bildirdi. O, yola çıxmazdan qabaq Əhməd ibn Yə’la ibn Həmmamdan imama çatası əmlak haqqında vəsiyyət etdi. Tapşırdı ki, imam Həsən Əsgərinin (ə) canişini mə’lum olanadək bu əmanətləri qorusun. O, Bağdada getdi və orada müqəddəs nahiyə tərəfindən verilmiş bir fərman əlinə keçdi. Beləcə, həzrət Mehdinin (ə) imamətinə və Osman ibn Səid Əmrinin xüsusi vəkilliyinə əmin oldu».
Osman ibn Səid Əmrinin dövründə bu vəzifəni yerinə yetirmək çox ağır idi. Digər səfirlərin fəaliyyəti zamanında həzrət Mehdinin (ə) imamlığı və səfirlərin tə’yinatı hansısa bir həddə şiələr üçün sübuta yetirilmişdir. Məhəmməd ibn Osmanın dövründə də müəyyən həddə şəkk-şübhələr vardı. Bu səbəbdən də uyğun mövzuda Məhəmməd ibn Osmandan rəvayətlər nəql olunmuşdur.
source : الشیعه