Səfirlər bütün hallarda imamın adını və əlamətlərini məxfi saxlamalı idilər. Çünki bu məsələlərin aşkar olunması imam üçün təhlükə yaradırdı.
İmam Mehdi (ə) Məhəmməd ibn Osman ibn Səid Əmriyə fərmanında bəyan edirdi ki, onun adını və əlamətlərini açıqlamaqdan çəkinsin və bu istiqamətdə çalışsın.
Bu vəzifənin çox mühüm olduğunu nəzərə alaraq, deyə bilərik ki, səfirlərin seçilməsində mühüm me’yarlardan biri məhz bu xüsusiyyət idi. Əvvəlki söhbətlərimizdə Əbu-Səhl Növbəxtiyə ünvanlanmış sual və onun cavabı haqqında danışdıq. Həmin söhbət uyğun məsələnin necə zəruri olduğunu bariz şəkildə göstərirdi.
VƏKALƏT QURUMUNUN TƏŞKİLATLANMASI VƏ ONUN HİMAYƏSİ
Kiçik qeyb dövründə xalqın imam Mehdi (ə) ilə birbaşa rabitəsi kəsildi. İmamla rabitə vəkalət qurumu vasitəsi ilə gerçəkləşirdi. Əvvəlki imamların dövründə Bağdadda, Samirrada və başqa məntəqələrdə vəkalət qurumunun çoxsaylı vəkilləri fəaliyyət göstərirdi. İmam Həsən Əsgəri (ə) dünyasını dəyişdikdən sonra vəkalət qurumuna rəhbərlik dörd naibin ixtiyarına keçdi. Hər bir naib öz dövründə uyğun quruma rəhbərlik edirdi.
Bu qurum vasitəsi ilə şiələr öz suallarını vəkillərə ünvanlayır, onlar da səfirlər vasitəsi ilə müqəddəs nahiyədən alınmış cavabları şiələrə çatdırırdılar. Xüms-zəkat kimi dini ödənclər də vəkillərə verilirdi və vəkillər bu əmanətləri quruma çatdırırdılar.
Onlar öz fəaliyyətlərində vəkalət qurumunu düşmənin nüfuzundan qorumağa borclu idilər. Əgər düşmən vəkalət qurumuna nüfuz edə bilsəydi, vəkilləri və məs’ulları tanımaqla xalqla imam arasındakı əlaqəni kəsə bilərdi. İmam özü də bu istiqamətdə vəkillərə kömək göstərirdi. Məsələn, Mö’təzidin vəziri Übeydullah ibn Süleyman vəkalət qurumunu dağıtmaq üçün həzrətin vəkillərindən birinə dini ödənc göndərmişdi. O, bu yolla vəkillərin kimliyini müəyyənləşdirmək istəyirdi. Həzrət Höccət (ə) bu məsələdən xəbər tutan kimi fərman verdi ki, müvəqqəti olaraq heç bir vəkil xalqdan şər’i ödənc qəbul etməsin. Məhəmməd ibn Osman ibn Sə’di Əmri imam Mehdinin (ə) bu fərmanını vəkillərə çatdırdı və bu yolla vəzirin qurğusu puça çıxdı.
FİQHİ VƏ E’TİQADİ SUALLARIN CAVABLANDIRILMASI
Dörd naibin mühüm vəzifələrindən biri də fiqhi və e’tiqadi suallara cavab verilməsi idi. Onlar bə’zən bu ehtiyacın ödənilməsi üçün imamla gizli görüşlərini açıqlamalı olurdular. Bə’zən müqəddəs nahiyə tərəfindən verilmiş fərman vasitəsi ilə şübhələr aradan qaldırılırdı. Bə’zən də fiqhi və e’tiqadi suallar imama ərz edilir və alınmış cavab şiələrə bildirilirdi. Misal olaraq İshaq ibn Yə’qubun və Qum əhlinin dördüncü səfirə ünvanlanmış suallarını göstərmək olar. Səfir sualları imama ərz edib, aldığı cavabları ünvanına çatdırdı. Bə’zən isə mübahisəli məsələlərdə həqiqəti üzə çıxarmaq üçün imam Mehdidən (ə) dəlillər öyrənilir və bəyan olunurdu.
İMAMA AİD ƏMLAKIN QƏBULU VƏ BÖLÜŞDÜRÜLMƏSİ
Vəkillər qurumunun imam Sadiqin (ə) dövründən fəaliyyətdə olan iş istiqamətlərindən biri xüms-zəkat kimi dini ödənclərin qəbul olunması və bölüşdürülməsi idi. Səfirlər imam Mehdiyə (ə) aid olan bu əmlakı birbaşa və ya vəkillər vasitəsi ilə qəbul edirdilər. Həmin əmanətlər ya mümkün yolla imama təhvil verilir, ya da onun göstərişi əsasında bölüşdürülürdü. İmam Mehdi (ə) atası imam Həsən Əsgərinin (ə) vəfatının səhəri günü Qumdan gəlmiş hey’ətə göstəriş verdi ki, ona aid olan əmlakı Bağdaddakı vəkillərə təhvil versinlər.
VƏKİLLİK İDDİASINDA OLAN FIRILDAQÇILARLA MÜBARİZƏ
Dörd naibin vəzifələrindən biri də vəkillik iddiasına düşmüş fırıldaqçılarla mübarizə aparmaq, onları ifşa etmək idi. Peyğəmbər və imamların əsas məqsədi insanların hidayəti, doğru yola sövqü olduğundan xalqın fırıldaqçılar tərəfindən aldadılmasının qarşısı alınmalı idi. Ona görə də imamın xüsusi səfirləri fırıldaqçılarla mübarizə aparır, mümkün çaşqınlıqların qarşısını alırdılar. Bu istiqamətdə fəaliyyətin əsasını imam Mehdinin (ə) xüsusi naiblərinin tanıtdırılması təşkil edirdi.
Yetmiş illik kiçik qeyb dövründə bir çox fırıldaqçılar ifşa edildi. Belələrinə misal olaraq Hüseyn ibn Mənsur Həllacı, Məhəmməd ibn Əli Şələmğanini, ibn Əzaqiri, Əbu-Bəkri, Məhəmməd ibn Müzəffəri və başqalarını göstərmək olar. Dörd naib hər biri öz növbəsində belələrinə qarşı mübarizə aparır və müqəddəs nahiyədən fərmanlar alırdılar. Bu yalançı zümrənin işinin mahiyyətinin açıqlanması imamiyyə şiələrini çaşqınlıqdan qoruyurdu. Nəticədə xalq dörd naibin səfirliyinə daha çox e’timad göstərirdi. Uyğun məsələ ilə bağlı verilmiş fərmanlardan bə’zilərini nəzərdən keçirək: Əhməd ibn Hilal Kərxi yolunu azdıqda və bə’zi dini zərurətləri inkar etdikdə, eləcə də, Məhəmməd ibn Osman Əmrinin naibliyinə qarşı çıxdıqda müqəddəs nahiyə tərəfindən fərman verildi. Həmin fərmanda imam Mehdi (ə) Məhəmməd ibn Osman Əmriyə xitabən buyurdu: «Biz ibn Hilal və ondan uzaqlaşmayan hər bir kəsə arxa çeviririk. Allah onu bağışlamasın. Sən İshaqı və onun həmvətənlərinə dediklərimi e’lan et. Hər kəs səndən İbn-Hilal haqqında soruşsa, əhvalatı danış».
Eləcə də, Məhəmməd ibn Osman Səid Əmrinin səfirliyi dövründə naiblik iddiası edən Əbu-Məhəmməd haqqında müqəddəs nahiyə tərəfindən fərman verildi və onun kimliyi şiələrə açıqlandı.
XAİN VƏKİLLƏRLƏ MÜBARİZƏ
Kiçik qeyb dövrünün başlanğıcında hələ imam Həsən Əsgəri (ə), hətta imam Hadinin (ə) dövründən vəkillik fəaliyyəti göstərmiş nümayəndələr vardı. İmam Həsən Əsgərinin (ə) dövründə bu vəkalət qurumunda fəaliyyət göstərmişdilər. Onlara Əbu Osman ibn Səid Əmri nəzarət edirdi. İmam Həsən Əsgərinin (ə) vəfatından sonra bu vəkillər həzrət Mehdinin (ə) səfiri Osman ibn Səid Əmriyə tabe idilər. Sonra isə onların fəaliyyətinə Məhəmməd ibn Osman ibn Səid Əmri başçılıq etmişdi. Bə’zən vəkillər arasında xəyanətə yol verənlər olurdu. Onlar öz ilahi vəzifələrinin icrasında çaşqınlıqlara yol verərək vəkalət qurumu üçün çətinlik yaradırdılar. Elə vəkillər olmuşdu ki, topladığı dini əmlakı imamın xüsusi səfirinə təhvil verməmiş və özündə saxlamışdı. Dörd naibdən hər biri öz dövründəki xain vəkillərlə mübarizə aparırdı. Bə’zən də müqəddəs nahiyə tərəfindən verilmiş fərman əsasında xalq belə vəkillərin azğınlığından xəbər tuturdu.
XALQIN BÖYÜK QEYB DÖVRÜNƏ HAZIRLANMASI
Dörd naibin, xüsusi ilə də son səfir Əli ibn Məhəmməd Səmərinin son mühüm vəzifəsi şiələrin böyük qeyb dövrünə hazırlanması olmuşdur.
Yuxarıda sadalanmış vəzifələr arasında ikisi xüsusi yönümə malikdir. Bunlardan biri imam Mehdinin (ə) varlığı haqqındakı şübhənin aradan qaldırılması, imam Həsən Əsgərinin (ə) hazırda imam olan övladının dünyaya gəlişinin sübuta yetirilməsidir. Bu vəzifə daha çox Osman ibn Sə’d Əmrinin öhdəsinə düşmüşdür.
Xüsusi yönümə malik iki vəzifədən o biri xalqın böyük qeyb dövrünün qəbuluna hazırlanmasıdır. Bu vəzifə isə daha çox son səfir Əli ibn Məhəmməd Səmərinin öhdəsinə düşmüşdür. Bu sahədə imam Mehdi (ə) kəramət və mö’cüzə yolu ilə Əli ibn Səməriyə kömək göstərmiş və altı gün öncədən onun ölümü haqqında mə’lumat vermişdir. Bu dəqiq mə’lumat höccəti tamamlamış və şiələrin böyük qeyb dövrünü qəbul etməsində mühüm rol oynamışdır.
Seyyid Məhəmməd Sədr bu barədə yazır: Səfirliyin iki əsas məqsədi var:
Düşüncələri imam Mehdinin (ə) böyük qeyb dövrünə hazırlamaq və imamın görünməməsi ilə bağlı narahatlıqları addım-addım aradan qaldırmaqdır. Çünki belə bir şəraitə hazır olmayan xalq imam Mehdini (ə) qəti şəkildə inkar edə bilərdi. Bu məqsədlə imam Hadi (ə) və imam Həsən Əsgərinin (ə) imamın qeyb məsələsini necə tədricən aşkarlamasını görürük. İmam Həsən Əsgəri (ə) şəxsən özünü xalqdan çox gizləyirdi. Səfirlik dövrü də düşüncələri böyük qeyb dövrünə tədricən hazırlamaq məqsədi daşımışdır.
İmamın səhnədən kənarlaşıb pünhan olması ictimai səhnədə durğunluqla müşayiət edilir. Bütün hallarda ictimai rəhbərin kənarlaşması həmin cəmiyyətdə problemlərin həllini təhlükə altında qoyur. Səfirliyin tə’yin olunmasında məqsəd imamın xalqa səfirlər vasitəsi ilə rəhbərlik etməsidir.
Bütün səfirlər bu sahədə öz vəzifələrini yerinə yetirmişlər. Onlar imkan daxilində ictimai səhnədə iştirakı tə’min etmiş, zalım hakimiyyətin təzyiqləri altında səfirlik məs’uliyyətlərini yetərincə icra etmişlər.
KİÇİK QEYB DÖVRÜNDƏ ƏHALİSİ ŞİƏ OLAN MƏNTƏQƏLƏRƏ VƏKİLLƏRİN TƏ’YİNİ
Kiçik qeyb dövründə dörd naib və səfirdən əlavə, həzrət Mehdinin (ə) xüsusi vəkilləri də fəaliyyət göstərmişdir. İslam aləminin şiə yaşayan müxtəlif məntəqələrində çoxsaylı vəkillər vəzifəsini icra edirdi. Əvvəlki imamların vəkilləri sayaq fəaliyyət göstərmək əmri almış nümayəndələr öz sualları ilə xüsusi vəkillərə və dörd naibə müraciət edirdilər. Onlar ən ucqar nöqtələrdə, eləcə də, dörd naibin sakin olduğu Bağdadda fəaliyyət göstərirdilər. Təbii ki, kiçik qeyb dövründə vəkillər şiələrlə Bağdad arasında rabitəni tə’min edirdilər. Bu vəkillərin çoxsaylı olmasına dəlillər mövcuddur. Təəssüf ki, onların adları tarixi mənbələrdə dəqiq göstərilməmişdir. Şeyx Tusi «Əl-ğeybət» kitabında vəkillərin çoxsaylı olmasını qeyd edərək, onlardan yalnız bə’zilərinin adını zikr edir.
Əvvəlki əsrlərdə olduğu kimi, qeyb dövründə də vəkalət qurumunun fəaliyyəti zəruri olduğundan həzrət Höccət (ə) ehtiyac olan qədər vəkillər tə’yin edirdi. Mənbələrdə verilən mə’lumata əsasən, imam rəsmən özü bu işlə məşğul olurdu. Məsələn, Məhəmməd ibn İbrahim ibn Məhzyar Əhvazi şəxsən həzrət Mehdinin (ə) göstərişi ilə Əhvaz nahiyəsinə vəkil tə’yin olunmuşdu. Həzrət uyğun məsələ ilə bağlı buyurmuşdur: «Səni (Məhəmmədi) atanın yerinə vəkil olaraq tə’yin etdim».
ADI MÜƏYYƏNLƏŞDİRİLMİŞ BƏ’Zİ VƏKİLLƏR: MƏHƏMMƏD İBN CƏ’FƏR ƏL-ƏSƏDİ ƏL-KUFİ ƏL-RAZİ
Şeyx Tusi öz «Rical» kitabında bu şəxsi «Əhədul-Əbvab» adı ilə xatırlamışdır. O, «Əl-ğeybət» kitabında Məhəmmədi qeyb dövrünün ləyaqətli vəkillərindən saymış və ona xüsusi səfirlər tərəfindən fərmanlar gəldiyini bildirmişdir. Sonra isə bu şəxsin məqamını açıqlayan rəvayətlər nəql olunmuşdur. Rəvayətlərdən mə’lum olur ki, bu şəxs Rey məntəqəsində baş vəkil kimi fəaliyyət göstərmişdir. Ətrafdakı vəkillər öz suallarını ona ünvanlanmışlar. Bu rəvayətlərdən biri də Saleh ibn Əbu-Salehin dilindən nəql olunur: «Hicri 290-cı ildə bə’zi adamlar məndən tələb etdilər ki, onların xüms-zəkatını qəbul edim. Mən bu barədə müqəddəs nahiyədən vəzifəmi soruşdum. Cavab gəldi ki, Məhəmməd ibn Cə’fər Reydə e’tibarlı vəkildir və şər’i ödənclər ona təhvil verilməlidir».
Rəvayətdən mə’lum olur ki, Əbül-Həsən Əsədi ikinci səfir Məhəmməd ibn Osman Əmrinin naibliyi dövründə vəkillik məs’uliyyətini daşımışdır. Bu şəxs həm də baş vəkil olmuşdur. Bə’zi dəlillərə əsasən, bu şəxs həm də İranın şərq məntəqələrindəki vəkillərə nəzarət etmişdir.
ƏBU-ƏBDÜLLAH İBN HARUN İBN İMRAN ƏL-HƏMƏDANİ
Şeyx Tusi «Təhzib» kitabında göstərdiyi kimi, bu şəxs şiə böyüklərindən olmuşdur. Nəcaşinin bildirdiyinə görə o və onun oğlu Həmədan nahiyəsində ətrafdakı vəkillərin müraciət etdiyi baş vəkil olmuşlar. Nəcaşi belə yazır: «Həmədanda Qasim ibn Məhəmmədin dövründə onunla yanaşı Əbu-Əli Bəstam ibn Əli və Əl-Əziz ibn Züher vəkillik fəaliyyətinə məşğul olmuşlar. Onlar öz fəaliyyətlərində Həsən ibn Harun ibn İmran Həmədaniyə tabe idilər. Ondan qabaq isə atası Əbu-Əbdüllah ibn Haruna müraciət edərdilər. Əbu-Əbdüllah və onun oğlu Əbu Məhəmməd hər ikisi imamın vəkilləri idilər».
MƏHƏMMƏD İBN SALEH İBN MƏHƏMMƏD ƏL-HƏMƏDANİ
Şeyx Tusi «Rical» kitabında bu şəxsi imam Həsən Əsgərinin (ə) səhabələrindən saymışdır. Şeyx Səduq bu şəxsi imam Mehdinin (ə) vəkillərindən saymış və onun imamla görüşdüyünü, həzrətin mö’cüzələrindən xəbərdar olduğunu bildirmişdir.
MƏHƏMMƏD İBN İBRAHİM MƏHZYAR ƏL-ƏHVAZİ
Bu şəxs də müqəddəs nahiyə tərəfindən tə’yin olunmuş vəkil kimi tanınmışdır. Şeyx Səduq da bu şəxsi həzrət Mehdinin (ə) vəkillərindən saymışdır. O bildirir ki, Əbu-İshaq imamla görüşə nail olub, onun mö’cüzələrini müşahidə etmiş vəkillərdəndir. Bu şəxs Əhvaz nahiyəsinin vəkili olmuş, atası dünyasını dəyişdikdən sonra onun ixtiyarında olan əmlakı Bağdada aparıb imamın səfirinə təhvil vermişdir. Nəhayət, müqəddəs nahiyə tərəfindən verilən fərmanla Əbu-İshaq atasının yerinə tə’yin olunmuşdur.
QASİM İBN ƏL-Ə’LA
Bu şəxs Azərbaycan əhli olmuş və müqəddəs nahiyə tərəfindən həmin məntəqəyə vəkil tə’yin olunmuşdur. Şeyx Səduq onun həzrət Mehdi (ə) ilə görüşmüş vəkillərdən olduğunu bildirir. Şeyx Tusi «Əl-ğeybət» kitabında bu şəxs haqqında müfəssəl mə’lumat vermişdir. Şeyx Tusinin bildirdiyinə görə, həzrət Mehdinin (ə) ona xüsusi diqqəti olmuşdur.
source : الشیعه