Azəri
Friday 27th of December 2024
0
نفر 0

BİR İNCƏ MƏSƏLƏNİ DEMƏK ÜÇÜN SƏFƏR


Ayətullah Fehri mərhum hacı Qulam Qüdsidən nəql edir: Günlərin bir günündə şeyx mənə dedi: Kermanşaha - Sərdar Kabulinin evinə getmək lazımdır.[1]

Biz onun evinə gedib oturduq. Mən Şeyxi təqdim etdim, bir müddət araya sükut çökdü. Mərhum Sərdar Kabuli buyurdu: Cənab Şeyx! Bir şey buyurun biz də istifadə edək.

Şeyx buyurdu: Allahın fəzl və mərhəmətinə e᾽timad etməyib, yalnız öz kəsb etdikləri mə᾽lumatlarına e᾽timad edən bir şəxsə nə deyə bilərəm?

Mərhum Sərdar Kabuli sakit oturmuşdu, bir neçə an keçdi, əmmaməsini başından götürdü və stolun üstünə qoydu, başını o qədər divara çırpdı ki, mən onun halına yandım. Qarşısını almaq istədikdə Şeyx mane olub dedi:

...Mən gəlmişəm ki, elə bu sözü ona deyib qayıdam.

MİN DƏFƏ İSTİĞFAR ET!
Şeyxin övladlarından biri belə nəql edir: Hindistandan hacı Məhəmməd adlı bir nəfər hər il İrana gəlir və bir ay burada qalırdı. Məşhəd yolunda namaz qılmaq üçün qatardan enir və bir guşədə namaz qılmağı başlayır. Qatar hərəkət edən zaman dostları nə qədər «qatara min, qatar yola düşür» deyə fəryad etsələr də, onlara e᾽tina etmir və özünün ruhi qüdrəti ilə qatarı yarım saat hərəkətdən saxlayır. Məşhəddən qayıdıb Şeyxin hüzuruna gəldikdə, Şeyx ona deyir:

«Min dəfə istiğfar et!»

O, deyir: Nə üçün?

Şeyx buyurur: Xəta bir iş görmüsən.

Dedi: Hansı xəta? İmam Riza (ə)-ın ziyarətinə getdim, sizi də dua etdim.

Şeyx buyurur: Qatarı orada saxladın. Demək istədin ki, mən idim ki...! Gördünmü Şeytan səni aldatdı. Sənin haqqın yox idi ki, belə bir iş görəsən!

ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ VƏ ŞİRK
Tövhidlə şirkin sərhədləri o qədər nazik, zərif və məxfidir ki, adi gözlər onu ayırd edə bilməz. Həzrət Peyğəmbərdən (s) nəql olunan bir hədis buyurur:

«Həqiqətən şirk zülmətli gecədə qara daşın üstündə gedən qarışqanın yol getməsindən daha gizlindir».[2]

Yalnız Allah dərgahında böyük məqamlara malik olan bəsirət sahibləri gizlin şirk sərhədlərini ayırd edər və onun barəsində xəbərdarlıq verə bilərlər.

Şəxsiyyətə pərəstiş hiss olunmayan şirkin məxfi növlərindən biridir ki, çoxları buna giriftar olurlar. Şəxsiyyət nə qədər ilahi və böyük olsa belə, ona diqqət yetirilməsi, əmrlərinə itaət olunması Allahın razılığı üçün olmazsa, bu iş şirk sayılır. Buna görə də Şeyx buyurardı:

«Əgər mənim xatirimə mənim yanıma gəlirsənsə, uduzmusan».

ATAN SƏNİN ÜÇÜN BÜT OLMASIN
Höccətul-islam Seyyid Məhəmməd Əli Milani (böyük alim, mərcəyi-təqlid mərhum Ayətullah Seyyid Məhəmməd Hadi Milani (rə)-in oğlu) Şeyxin onun atası ilə görüşünü belə bəyan edir:

Mərhum Şeyx Rəcəbəli Xəyyatın nəfsini günahlardan saxlamaq və Allah dərgahında günah etməmək səbəbi ilə bəsirət gözü açılmışdı. Bu ilahi şəxsiyyət müridlərindən bir çoxunu ixlas, Allaha eşq istiqamətində tərbiyə edə bilmişdi.

O, atamı çox istəyirdi. Mən də onu əvvəlcədən tanıdığım üçün tez-tez hüzuruna gedir və bə᾽zi vaxtlar ayə və rəvayət zikr edilən məclislərində iştirak edib onun moizələrindən istifadə edirdim.

Bir dəfə Məşhədə ziyarət üçün getdim. Yuxarı xiyabanda yerləşən «Bəstin» yanındakı «Tus» hotelində otaq götürdük. Mərhum atam onu nahar yeməyinə də᾽vət etdi. Şeyx Rəcəbəli bizim mənzilə gəldi, atam da onu görüb çox sevindi. Gün batana qədər bir-biri ilə söhbət etdilər.

Mərhum Şeyx həmin məclisdə mənə üz tutub dedi: Ehtiyatlı ol, atan sənin üçün bütə çevrilməsin!

Atama isə belə dedi: Ehtiyatlı olun, oğlunuz sizin üçün giriftarçılığa və əzab-əziyyətə səbəb olmasın!

Mənim zehnimdən keçdi ki, görəsən insan həm dünyanı, həm də axirəti əldə edə bilərmi? Cənab Şeyx heç bir müqəddimə olmadan mənə üz tutub buyurdu: Bu duanı çox oxu: Rəbbana atina fiddünya həsənətən və fil axirəti həsənətən (Pərvərdigara, həm bu dünyada, həm də axirətdə bizə, Həsənə nəsib et!.)

Onunla birlikdə hotelə qayıtdıq. Hoteldə Heydər ağa Mö᾽cüzə (şe᾽r divanının müəllifi) cənab Şeyxin qarşısına çıxdı və nahar yemək üçün də᾽vət etdi. Şeyx əvvəlcə qəbul etmədi, lakin çoxlu israr etdikdən sonra razı oldu. Sonra Heydər ağa atamın qarşısına gəldi və onu da də᾽vət etdi. Nəhayət atamla birlikdə Heydər ağa Mö᾽cüzənin evinə getdik. Cənab Şeyx Rəcəbəli özünün iki səfər yoldaşı ilə orada idi. Həmin gün gün batana qədər söhbət davam etdi.

TOVHDİN HƏQİQƏTİNƏ ÇATMAĞIN YOLU
İndi əsaslı sual bundan ibarətdir ki, insan özünü şirkdən necə təmizləyə bilər, nəfs bütünü sındırmaqla aşkar məxfi şirkin kökünü öz vücudundan necə quruda bilər və nəhayət tövhid zülalını əldə edə bilər?

Cənab Şeyxin cavabı belə idi:

Mənim nəzərimə görə əgər bir şəxs nicat yolunu tapmaq, həqiqi kamala yetişmək və tövhidin mə᾽nasından bəhrələnmək istəsə gərək dörd şeyə əl atsın:

1. Özünü daim Allahın hüzurunda hiss etsin;

2. Əhli-beytə (ə) təvəssül etsin;

3. Gecələr ah-nalə etsin;

4. Allahın bəndələrinə ehsan etsin.

Şeyxin bu barədə olan nəzərləri sonrakı fəsillərdə bəyan olunacaqdır.

ÜÇÜNCÜ FƏSİL
MƏ᾽NƏVİ YÜKSƏLİŞ AMİLİ
Məhəbbət insanın mə᾽nəvi tərəqqisi və nəfsinin saflaşdırılması üçün bir iksirdir. Allah-taalaya eşq bəsləmək, bütün əxlaqi çirkinlikləri sağaldır, bütün gözəl sifətlərin hamısını bir yerdə aşiqə hədiyyə edir. İlahi eşq aşiqi öz mə᾽şuquna elə cəzb edir ki, Allahdan başqa hər kəslə rabitəni kəsir.

İmam Zeynul-abidin (ə)-a mənsub edilən «Munacate mühibbin» də belə qeyd olunur:

«Pərvərdigara! Kim Sənin məhəbbətinin şirinliyini daddıqdan sonra başqasını özünə yar seçər? Kim Sənin dərgahınla ünsiyyət yaratdıqdan sonra Səndən ayrılmaq istəyər?!»[3]

İmam Sadiq (ə)-dan nəql olunan rəvayətdə deyilir:

«Allaha məhəbbət nuru hər vaxt bir bəndənin qəlbinə saçsa, onu başqa məşquliyyətlərdən saxlayar. Allahdan başqa hər şeyi yad etmək zülmət deməkdir. Qəlbini Allaha məxsus edən, Allaha aşiq olan şəxs Allahın ən müxlis bəndələrindən, camaat içərisində ən doğru danışan, öz əhd-peymanına ən çox vəfalı qalanlardır»[4]

İnqita᾽nın (yə᾽ni, bütün varlıqlardan ayırılb Allaha diqqət yetirmək) ilkin mərhələsində əmmarə-nəfs ölür, insanın əqli həyatı başlanır və onun ən yüksək mərhələsində qəlbin gözləri Allah nuru ilə aydınlaşır və insan ulul-elm adlanan tövhidin ən yüksək mərhələsinə nail olur. Şə᾽baniyyə münacatında belə oxuyuruq:

«Pərvərdigara! (Bütün varlıqlardan əl üzüb) yalnız Sənin dərgahına sığınmağın ən yüksək mərhələsini mənə əta et və qəlbimizin gözlərini Sənə nəzər etmək nuru ilə işıqlandır».[5]

HƏQİQİ İKSİR
Allah məhəbbətinin kimyagərliyi və həqiqi iksir barəsində Şeyxdən çoxlu maraqlı hadisələr qeyd olunmuşdur. O cümlədən buyurur:

İksir elmi ardınca olduğum zaman bir müddət riyazətlə məşğul oldum və nəhayət çıxılmaz vəziyyətə düşdüm. Heç nə əldə edə bilmədim. Mə᾽na almində mənə bu ayə buyuruldu:

«Hər kəs izzət və başıucalıq istəyirsə (bilməlidir ki,) bütün izzət Allaha məxsusdur».[6]

Ərz etdim: Mən iksir elmi istəyirdim.

Buyuruldu: İksir elmini izzət və başıucalıq üçün istəyirlər və izzətin həqiqəti də bu ayədədir. Buna görə də tam xatircəm oldum.

Bu hadisədən bir neçə gün sonra iki nəfər riyazətçi bizim mənzilin qapısına gəlib məni soruşdular. Görüşdükdən sonra dedilər: İki ildir ki, iksir elmi barəsində çalışırıq, indi heç nə əldə edə bilməyib çıxılmaz vəziyyətdə qalmışıq. İmam Riza (ə)-a təvəssül etdikdə bizi sizə doğru yönəltdi.

Şeyx təbəssüm etdi və yuxarıdakı hadisəni onlar üçün deyib əlavə etdi: Mən həmişəlik rahat oldum. İksirin hiqəqəti Allahın Özünə çatmaqdadır.

Şeyx bə᾽zi vaxtlar bu barədə Ərəfə duasının bu hissəsini dostları üçün oxuyardı:

«Pərvərdigara, Səni itirən nəyi tapmışdır və Səni tapan nəyi itirmişdir?!»

İmam Səccad (ə) Məkarimul-əxlaq duasının axırlarında Allah məhəbbətinin kimyagərliyi haqqında incə bir məsələyə toxunaraq deyir:

«Pərvərdigara!.. Məhəbbət yolunu mənə asanlaşdır və onun vasitəsi ilə dünya və axirət xeyirini mənə kamil et».[7]

 

ŞEYXİN ƏN BÖYÜK BACARIĞI
Şeyxin ən mühüm xüsusiyyəti və bacarığı Allah-taalanın məhəbbət iksirinə nail olmasıdır. Şeyx bu kimyagərlikdə mütəxəssis idi və şübhəsiz bu ayələrdə buyurulanların bariz nümunəsi idi: Yuhibbihu və yuhibbunəhu (Allah onları, onlar da Allahı sevər)[8]

Vəlləzinə amənu əşəddu hubbən lillah (yə᾽ni, iman gətirənlər Allaha daha çox şiddətli məhəbbət bəsləyirlər).[9]

Hər kəs ona yaxınlaşsaydı məhəbbət iksirindən faydalanardı.

Cənab Şeyx buyururdu:

Allaha məhəbbət bəsləmək axırıncı bəndəlik mənzilidir, məhəbbət eşqindən də üstündür. Eşq sonradan yaranan, məhəbbət isə zati bir şeydir. Aşiq müəyyən səbəblərdən mə᾽şuqundan ayrıla bilər, lakin məhəbbət belə deyildir. Əgər aşiqin mə᾽şuqundan nöqsan tapılsa, kamallarını əldən versə, ola bilsin ki, onun eşqi aradan getsin, lakin ana özünün nöqsanlı övladına da məhəbbət göstərir.

Sonra deyirdi: Əməllərin dəyərinin mizan və me᾽yarı əməl edən şəxsin Allah-taalaya məhəbbətinin mizanı qədərdir.

ŞİRİN VƏ FƏRHAD
Bə᾽zi vaxtlar şagirdləri başa salmaq üçün «Fərhad və Şirin» hadisəsindən misal çəkərək deyirdi:

Fərhadın vurduğu hər bir külüng, Şirinin adı və eşqi ilə idi. Hər iş görürsənsə onun axırına qədər bu halda olmalısan. Bütün fikrin-zikrin Allah olmalıdır, özün yox!

MƏHBUBUN EŞQİNƏ YAZ!
Şeyxin şagirdlərindən biri nəql edir ki, mən bir ticarətxananın katibi idim. Bir gün Şeyx mənim yanıma gəlib belə buyurdu: «Bu dəftərləri kimin üçün yazırsan?»

Dedim: «Ustadım üçün».

Buyurdu: «Əgər bu dəftərlərdə öz adını yazsan ustadın sənə irad tutarmı?»

Dedim: «Hökmən irad tutar».

Sonra buyurdu: «Ölçdüyün bu parçaları kimin üçün ölçürsən, özün üçün, yoxsa ustadın üçün?»

Dedim: «Onun üçün».

Sonra buyurdu: «Başa düşdünmü?»

Dedim: «Xeyr».

Buyurdu: «Fərhad hər bir külüngü vuranda, «Şirin can!» deyir və öz mə᾽şuqundan başqa heç nəyi yad etmirdi. Bu dəftəri öz məhbubunun eşqinə yaz. Parçanı Onun eşqinə ölç. Belə olan halda bunların hamısı vüsalın müqəddiməsi olacaq. Çəkdiyin hər bir nəfəsi Allah eşqilə çək».

AŞİQLİK DƏRSİ VER!
Şeyxin müridlərindən biri belə nəql edir: Mərhum Şeyx Əhməd Səidi tanınmış müctehid və mərhum ağa Burhanın xaric dərsindəki ustadı idi.[10]

Bir gün mənə dedi: Tehranda bir dərzi tanıyırsanmı ki, mənə qəba tiksin?

Mən cənab Şeyxin ünvanını ona verdim. Bir müddətdən sonra onu gördüm. Məni görən kimi dedi: Mənə nə elədin?! Məni haraya göndərdin?!

Dedim: Necə ki? Məgər nə olmuşdur ki?

Dedi: Mənə tanışlıq verdiyin bu cənabın hüzuruna getdim ki, mənə qəba tiksin. Mənim ölçümü götürəndə, harada işlədiyimdən soruşdu. Dedim ki, tələbəyəm.

Buyurdu: Dərs oxuyursan, yoxsa tədris edirsən?

Dedim: Dərs verirəm.

Dedi: Hansı dərsləri verirsən?

Dedim: Xaric dərsini.

Şeyx başını yelləyib dedi: Yaxşıdır, amma eşq dərsi verginən.

Bu cümlənin mənə nə qədər tə᾽sir etdiyini deyə bilmərəm! Bu cümlə məni tamamilə dəyişdirdi.

Mərhum Səidi bu hadisədən sonra Şeyxlə əlaqə yaradır və onun hüzuruna gedirdi. Həm də Şeyxlə tanış etdiyimə görə mənə dua edirdi.

EŞQİ PƏRVANƏDƏN ÖYRƏN
Şeyxin şagirdlərindən biri onun belə buyurduğunu nəql edir:

«Bir gecə Allahla münacat edərək, Onun dərgahında raz-niyaz etməklə məşğul idim. Gördüm ki, bir pərvanə çırağın ətrafına fırlanır. O qədər fırlandı ki, axırda özünü çırağa vurdu və yerə düşdü. Amma can vermədi. Çoxlu zəhmətlə yenidən hərəkətə gəldi və uçmağa başladı, bədəninin o biri tərəfini də çırağa vurub özünü həlak etdi. Bu cəryanda mənə belə ilham olundu ki: «Filankəs! Eşqbazlığı bu heyvandan öyrən. Daha öz vücudunda heç bir iddiaya yer qalmasın». Mə᾽şuq qarşısında həqiqi eşqbazlıq və məhəbbət bu heyvanın etdiyi kimi olmalıdır. Mən bu qəribə hadisədən ibrət dərsi aldım və halım dəyişildi.

ALLAHA MƏHƏBBƏTİN MÜQƏDDİMƏLƏRİ
Mütəal Allaha məhəbbətin müqəddiməsinin əsası Ona dair mə᾽rifət kəsb etməkdir.[11]

Mümkün deyildir ki, insan Allahı tanısın, amma Ona aşiq olmasın.

İmam Həsən Müctəba (ə) buyurur:

«Hər kəs Allahı tanısa, Onu sevər».[12]

Bu barədə əsas məsələ bundan ibarətdir ki, görəsən hansı mə᾽rifət Allah məhəbbətinin yaranmasına səbəb olur? Bürhani mə᾽rifət, yoxsa şühudi mə᾽rifət?

Cənab Şeyx buyurur: Mətləbin məğzi bundan ibarətdir ki, insan Allaha qarşı şühudi məhəbbət kəsb etməyincə aşiq ola bilməz. Əgər arif olsa görəcəkdir ki, bütün yaxşılıqlar Allahda cəm olmuşdur.

«Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?!» (Nəml surəsi-59)

Belə olan surətdə insanın Allahdan başqasına arxalanıb diqqət yetirməsi qeyri-mümkündür.

Qur᾽ani-Kərim Allah barəsində şühudi mə᾽rifət kəsb edən iki dəstə barəsində söhbət açır: Biri məlaikələr, digəri isə elm sahibləridir.

«Allah şəhadət verir ki, Ondan başqa heç bir mə᾽bud yoxdur, eləcə də mələklər və elm sahibləri də (buna şəhadət verirlər).»[13]

İmam Əli (ə) birinci dəstənin, yə᾽ni mələklərin Allaha məhəbbət və mə᾽rifətinin şirinliyi barəsində belə buyurur:

«Sonra Allah-taala asimanlarda sakin olmaları və Öz mələkutunun ən yüksək məqamlarını abad etmələri üçün mələklərdən yeni məxluqatlar yaratdı ki... Allaha ibadət etməyə məşğul olmaq onları bütün işlərdən saxlayır. İmanın həqiqəti onlarla Allaha mə᾽rifət arasında rabitə bərqərar etmişdir. Haqqa yəqin onları heyran və sərgərdan etmiş, Allah yanında olanlardan başqa şeylərə əlaqə tapmamışlar. Onlar ilahi mə᾽rifətin şirinliyini dadmış, ilahi mə᾽rifət camlarından sirab olmuşlar».[14]

ŞÜHUDİ MƏ᾽RİFƏTƏ ÇATMAQ
Şühudi mə᾽rifətə çatmaq üçün qəlbin güzgüsünü günah çirkablarından və mə᾽siyət zülmətlərindən təmizləməkdən başqa bir yol yoxdur. Əbu Həmzə Somalinin imam Səccad (ə)-dan nəql etdiyi duada deyilir:

«Pərvərdigara, Sənə doğru seyr edənlərin yolu yaxındır və doğrudan da Sən Öz yaratdıqlarından məxfi (hicabda) deyilsən; yalnız Sənin dərgahında (nalayiq) əməllər hicab qərar verir».[15]

Allah Öz bəndələrindən gizli deyil, Onunla bəndələr arasında heç bir hicab yoxdur. Hicab yalnız bizim yaramaz əməllərimizdən əmələ gəlir. Əgər yaramaz işlərimizin qəlbdə yaratdığı çirkinliklər qəlbin güzgüsündən təmizlənsə, qəlbimiz Allah-taalanın gözəl camalına şahid olaraq Ona eşq bəsləyər:

Cəmali yar nə darəd hicab və pərde vəli

Qubari rəh be nişan ta nəzər təvani kərd
Allaha barəsində mə᾽rifət yolunda mövcud olan toz-torpağı silmək, yaramaz əməllərin yaratdığı hicabları qəlbdən təmizləmək üçün ilk növbədə qəlbi dünya məhəbbətindən paklamaq və boşaltmaq lazımdır. Çünki, Allaha məhəbbətlə dünya məhəbbəti heç vaxt bir yerə sığmaz.
İLAHİ MƏHƏBBƏTİN BƏLA VƏ AFƏTLƏRİ
İlahi məhəbbətin əsas bəlası dünyaya məhəbbət bəsləməkdir. Şeyxin məktəbində insanın dünyanı Allaha görə istəməsi ilahi vüsala yetişməyin müqəddiməsi sayılır. Dünyanı Allahdan başqa işlər üçün sevmək ilahi məhəbbətin bəlasıdır. Bu kimi işlərdə dünyanın haram və ya halal olmasının arasında heç bir fərq yoxdur. Əlbəttə aydındır ki, haram dünya insanı Allahdan daha çox uzaqlaşdırır. Peyğəmbəri-əkrəmdən (s) nəql olunan hədisdə buyurulur:

«Həqiqətən dünya məhəbbəti və Allah məhəbbəti heç vaxt bir qəlbdə bir yerə sığışmaz».[16]

İmam Əli (ə) bu barədə buyurur:

«Gündüzlə gecə bir yerə sığmadığı kimi, Allah məhəbbəti ilə dünya məhəbbəti də bir yerə sığmaz».[17]

Digər bir hədisdə buyurulur:

«Dünya məhəbbətinə qəlbində yer verən bir şəxs Allah məhəbbətini necə iddia edə bilər?!»[18]

Cənab Şeyx dünyanı həmişə «qoca qarı» adı ilə ifadə edir, bə᾽zi vaxtlar öz məclislərində müridlərinə üz tutub buyurardı:

«Yenə də görürəm ki, başınız bu qoca qarıya qarışıb!»

Sonra Hafizin bu şe᾽rini oxuyardı:

Kəs nist ki oftade an zülfi du ta nist
Dər rəhqozəri kist in damu bəla nist

Həqiqətdə Şeyx bu məsəli aşağıdakı hədisdən əxz etmişdi:

«Dünyanın həqiqəti İsa (ə) üçün aşkar oldu. O, bu mukaşifədə dünyanı qoca bir qarı kimi görürdü: dişləri tökülmüş və bütün zinət əşyalarını özündən asmışdır. Sonra dedi: Nə qədər ərə getmisən? Dedi: Saya bilməmişəm! Həzrət buyurdu: Ərlərinin hamısı ölüb, yoxsa sənə təlaq verən də var? Dünya dedi: Hamısını öldürmüşəm. Həzrət İsa (ə) buyurdu: Vay olsun sənin gələcək ərlərinin halına ki, sənin əvvəlki ərlərindən ibrət almadılar. Necə oldu ki, onları bir-birlərinin ardınca öldürdün, amma onlar səndən uzaqlaşmadı?!»[19]

Şeyx təkrar buyurardı:

Mənim yanıma gələn bu şəxslər yalnız qoca qarının sorağına gəlirlər.[20]

Heç kəs gəlib demir ki, mən Allahla küsmüşəm, mənimlə Allah arasında barışıq yarat!

BATİNDƏ DÜNYAPƏRƏST OLANLAR
Bəsirət nəzərləri ilə camaatın batinini görən Şeyx, dünya əhli, axirət əhli və Allah aşiqlərinin batininin necəliyi barəsində buyururdu: Haram yolla dünyanı əldə edənlərin batini it kimidir. Axirəti istəyənlər xonsa (həm kişi, həm də arvad) kimidir, Allahı istəyənlər isə əsil kişidir!

ALLAHVARİ ÜRƏK
Şeyx buyurardı: Ürək nə istəyirsə onu da göstərir. Çalışın qəlbiniz Allahı göstərsin! İnsan hər nəyi sevirsə onun şəkli qəlbində in᾽ikas olunur. Mə᾽rifət əhli onun qəlbinə nəzər saldıqda onun hansı bərzəx surətində olmasını başa düşür. Əgər insan bir şəxsin gözəlliyinə aşiq olmuşsa, yaxud pula, mülkə və s. şiddətlə məhəbbət bəsləyirsə, həmin əşyalar o şəxsin bərzəx surətini təşkil edir.

NƏ İŞ GÖRMÜSƏN?!
Şeyxin müridlərindən biri belə nəql edir: Bir gecə yuxuda şəhvətli və insanı həyəcanladıran səhnə gördüm. Həmin yuxu bütün günü mənim zehnimi özünə məşğul etmişdi. Sübh Şeyxin hüzuruna getdim. Məni görən kimi başını aşağı salıb irfani bir bu şe᾽r zümzümə etdi.

Başa düşdüm ki, nə isə ciddi bir məsələ vardır və o, heç bir səbəb olmadan bu şe᾽rləri oxumaz. Bir qədər oturdum, Şeyx başını aşağı salmışdı və dərziliklə məşğul idi. Sonra soruşdu: Bir məsələ vardırmı?!

Buyurdu: Nə iş görmüsən ki, surətin qadın surətinə düşüb?

Dedim: Yuxuda gözəl bir qadını gördüm, onun hadisəsi mənim zehnimdə qalıb.

Buyurdu: Elə budur, istiğfar et.

SƏNDƏ NƏLƏR GÖRÜRƏM!
Şeyxin müridlərindən biri belə nəql edir: Bir gün Şeyxin mənzilinə getmək məqsədi ilə evdən çıxdım. Yolda gözüm bir hicabsız qadına düşdü və mənim diqqətimi cəlb etdi. Şeyxin evinə çatanda onun yanında oturdum. Şeyx mənə baxıb buyurdu: Filankəs, səndə nələr görürəm?!

Ürəyimdə Allahı çağırıb dedim: Ya Səttarəl-Üyub! (Ey eybləri örtən Allah!)

Şeyx güldü və buyurdu: Nə etdin ki, səndə müşahidə etdiyim şeylər aradan getdi?!

QADINA ÇEVRİLMİŞ KİŞİLƏR
Doktor Hacı Təvəkküli belə nəql edir: Bir gün özümün diş poliklinikamdan hərəkət etdim, bir yerə getmək istəyirdim. Maşına mindim. «Firdovsi» meydanına çatar-çatmaz maşın saxladı. Bir qədər adam mindi, sonra gördüm ki, sürücü qadındır. Ətrafıma baxanda hamını qadın sifətində gördüm. Hamısı bir şəkildə və bir paltarda! Gördüm ki, mənim yanımda oturan da qadındır! Özümü yığışdırdım və fikirləşdim ki, səhvən qadınların maşınına minmişəm. Elə bildim ki, bu avtobus qadınlara məxsus olan avtobusdur. Maşın dayandı və bir qadın yerə endi. O qadın yerə enəndən sonra hamı kişiyə döndü.

Əvvəlcə Şeyxin yanına getmək istəmədiyim halda, maşından düşən kimi mərhum Şeyxin yanına getdim. Mən sözə başlamamış o, buyurdu: Gördünmü, bütün kişilər qadın halında idi. Çünki, o kişilər həmin qadına diqqət yetirmişdilər və hamısı qadın sifətində idi! (Sonra dedi:) Can verən zaman hər kəs nəyə diqqət yetirirsə, o şey onların gözləri önündə təcəssüm tapır. Lakin, Əmirəl-mö᾽minin Əli (ə)-a məhəbbət insanların qurtuluşuna səbəb olur.

Necə də yaxşıdır ki, insan Allahın camalında fani olsun... Nəticədə başqalarının görmədiyini görsün, başqalarının eşitmədiyini eşitsin.

O STOL NƏDİR?
Doktor Səbati deyir: Seyyid Cə᾽fər adlı bir pinəçi deyirdi: Evimizdə böyük bir stol var idi, onu qoymaq üçün münasib yer tapmırdıq. Onu hara qoyacağımı həmişə fikirləşirdim. Gecə Şeyxin məclisinə getdim o, məni görən kimi (qəlbimə işarə edərək) dedi: O stol nədir ki, oraya qoymusan?!

O şəxs birdən gülməyə başladı və dedi: Cənab Şeyx, onu qoymağa bir yer tapmadım, ona görə də buraya qoydum.

İLAHİ SİRLƏRLƏ TANIŞLIQ
Cənab Şeyx inanırdı ki, ilahi sirlərdən agah olmağın əsası Allahı istəməkdir. O, buyururdu: Zərrə qədər Allahdan qeyrisinin məhəbbəti qəlbində olsa, ilahi sirlərlə tanış olmağın qeyri-mümkündür.

ALLAHDAN BAŞQA HEÇ NƏ İSTƏMƏ!
«Allahdan başqa heç nəyi istəmə» inancını iki mələk ona öyrətmişdi. Şeyxi sevənlərdən biri onun belə buyurduğunu deyir: Bir gecə iki mələk mənə iki cümlə gətirdi və Allah dərgahında fani olmağın yollarını mənə öyrətdilər. Həmən iki cümlə bundan ibarət idi: «Özündən heç bir şey demə və Allahdan başqa heç nəyi istəmə».[21]

 

ƏQL VƏ RUHUN MƏRTƏBƏLƏRİ
Cənab Şeyx buyururdu:

«Əgər insan əql mərtəbəsində olsa, heç vaxt ibadətdən boyun qaçırmaz və Allah qarşısında günah etməz. Çünki: «Əql o şeydir ki, onun vasitəsi ilə Allaha ibadət olunur və cənnətlər kəsb edilir». Bu mərtəbədə insan Allahdan başqasına — behiştə nəzər yetirir.

Lakin, ruh məqamına çatarkən, yə᾽ni, «Ona Öz ruhumdan üfürdüm» yalnız Allaha nəzər yetirir.

MƏHƏBBƏT ƏSASINDA OLAN İBADƏT
İnsan Allahı sevməyin ən yüksək mərhələsində olduğu məhəbbət əsasında Allaha ibadət edir, o heç də cəhənnəmin qorxusundan, yaxud behiştə hərislikdən ibadət etmir. Belə ki, imam Cə᾽fər Sadiq (ə) öz ibadəti barəsində buyurur:

«İnsanlar Allaha ibadət etməkdə üç dəstəyə bölünürlər: Onlardan birincisi ibadətin mükafatını almaq üçün ibadət edirlər. Bu, hərislərin ibadətidir və o da tamahdır. İkinci bir dəstə cəhənnəmin qorxusundan ibadət edirlər ki, bu da qulların ibadətidir və o da qorxudur. Amma mən Allah-taalaya eşq və məhəbbət bəslədiyimə görə Ona ibadət edirəm. Bu da kərimlərin ibadətidir və o əmin-amanlıq sərmayəsidir. Çünki, Allah-taala buyurur: «Onlar Qiyamət gününün qorxu və vəhşətindən amandadırlar». Həmçinin Allah-taala buyurur:

«De, əgər Allahı dost tutub sevirsinizsə...» Buna əsasən hər kəs Allahı sevirsə, Allah da onu sevər, hər kəs Allahı sevsə (Qiyamət gününün vəhşətindən) amanda olar».[22]

Cənab Şeyx öz dostlarına təkrarən tövsiyə edərdi ki, çalışsın Allahı istəməkdə bu nöqtəyə çatsın ki, Allaha ibadətdə eşq və məhəbbətdən başqa heç bir məqsədləri olmasın.

 

--------------------------------------------------------------------------------

[1] O, əqli elmlərdə son dərəcə iste᾽dadlı bir şəxsiyyət idi.

[2] «Mizanul-hikmət», 6/2724/1994/9316.

[3] «Biharul-ənvar», 93/160, «Məfatihul-cinan», Xəmsətə əşərə duasının Muhibbin münacatı.

[4] «Mizanul-hikmət», 2/958/669/3153.

[5]  «Biharul-ənvar», 94/99.

[6]  Fatir surəsi-10.

[7]  «Səhifeyi-səccadiyyə» məkarimul-əxlaq duası.

[8]  Maidə-54

[9]  Bəqərə-165

[10]  Mərhum ağa Burhan Tehranın böyük alimlərindən və «Burhan» adlı elmiyyə mədrəsəsinin tə᾽sisçisi idi. Bu mədrəsəni Rey şəhərində həzrət Əbdül-əzim Həsəni (ə)-ın məqbərəsinin qonşuluğunda tikdirmişdi.

[11]  Allaha məhəbbətin müqəddimatı ilə daha artıq tanış olmaq üçün «Əl-məhəbbətü fil-kitabi və sünnəti» kitabına baxa bilərsiniz.

[12]  «Tənbihul-xəvatir», 1-ci cild, səh.52.

[13]  Ali-İmran surəsi, 18-ci ayə

[14]  «Nəhcul-bəlağə» 91-ci xütbə.

[15]  «Məfatihül-cinan», Əbu Həmzə Somali duası.

[16] «Mizanul-hikmət», 2/960/672/3162.

[17]  «Mizanul-hikmət» 2/960/672/3164.

[18]  «Mizanul-hikmət», 2/960/672/3163.

[19]  «Tənbihul-xəvatir», 1/146, «Mizanul-hikmət», 4/1744/1253/6010.

[20]  Gündəlik həyat və məişət çətinliklərinin həll olunmasına işarədir.

[21]  Xacə Nəsirəddin Tusi bu barədə buyurur: «İnsan vəhdət dərəcəsinə yalnız bundan sonra çata bilər ki, varlıq və yoxluq qapılarını öz üzünə bağlaya. Və nəzərini bu iki dərəcədən yüksəklərə apara. Və insan nə qədər ki, varlıqla yoxluq arasında tərəddüddədir, təkcə dünya və ya təkcə axirət adamıdır. Əgər məcazi varlığı və həqiqi yoxluğu istəyirsə, dünya adamıdır və axirət ona haramdır; əgər həqiqi varlığı və məcazi yoxluğu istəyirsə, axirət adamıdır və dünya ona haramdır. Əgər nə varlığı və nə də yoxluğu istəmirsə, əksinə Allah adamı olsa, dünya və axirət hər ikisi ona haramdır. Yə᾽ni təkcə dünyaya və ya axirətə nəzər etsə onun kamal dərəcəsindən və əksinə çevrilər. Çünki, nə qədər ki, insan axirət və behişti, savab və səadəti tapıb öz kamalını istəmişdir, öz kamalını da öz xeyrinə istəmiş olur. Deməli özünü istəmişdir, Allahı yox. Belə olan halda kəsrət adamıdır, vəhdət adamı deyildir. Belə ki, buyurmuşlar: «Allahdan başqa hər nə görürsənsə, bütdür, onu sındır». Belə isə Allahdan başqasını istəmək bütpərəstlikdir. Çünki hər kəs Allahı tanısa onun əlaməti budur ki, Allahdan başqasını istəməsin və Allahı tanımaq, Allahı istəmək hələ də kəsrətdən sayılır. Çünki, vəhdətdə tanıdan və tanınan yoxdur, istəmək və istənilən yoxdur, hər şey Allahdır, vəssəlam. Deməli, hər kəs Allahdan başqasını görmürsə vəhdətin talibidir. Əgər Allah-taala varlıq və yoxluq hicablarını onun qarşısından götürsə bu mərtəbəyə çatar. («Təvəlla və təbərra» risaləsi, Əxlaqi Möhtəşəmidən, səh.569.

[22]  «Mizanül-hikmət», 7/3418/2495/11647.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QADINLARLA RƏFTARDA ISLAMI NÜMUNƏLƏR
İRАDLАR HİCАB VӘ MӘNTİQ
QADININ ƏRİ ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
Həzrəti Əli (ə) kimdir?
Həzrəti Fatimənin (s.ə) şəhadəti
İŞ VƏ FƏALİYYƏTİ
İzdivac, evlənmə astanasında
QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
FƏDAKARLIQ VƏ İSAR
İpə-sapa düzülməmiş incilər

 
user comment