Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Əbu Talibin mömin olması barədə varid olmuş hədislər




Nəinki Peyğəmbər, həmçinin, məsum imamlar və məşhur səhabələr də Əbu Talibin mömin olmasına etiqad bəsləmiş və camaatı da buna inandırmışlar. Şiə və əhli-sünnə məzhəbinə aid kitablarda Əbu Talibin möminliyinin sübutu barədə hədsiz sayda rəvayətlər mövcuddur. Aşağıda onlardan bəzilərini qeyd edirik.

1. Həzrət Əli (ə) öz atasının imanını gizli saxlamasının səbəbini çox aydın şəkildə bildirmişdir: «Vallahi, Əbu Talib mömin və müsəlman idi, amma qüreyşi¬lərin Bəni-Haşimi özlərindən uzaqlaşdıracağından qorxaraq, imanını gizli saxlamışdı» («Əl-Ğədir», cild 7, səh. 388).

2. Bir dəfə Əmirəlmöminin Əlidən (ə) soruşurlar ki, Həzrəti Muhəmməd Peyğəmbərdən (s) əvvəlki vəsilərin (yəni peyğəmbər canişinlərinin) sonuncusu kim idi? İmam cavab belə verir: «Atam» («Əl-Ğədir», cild 7, səh. 389).

3. Dürüst ibn Əbu Mənsur adlı səhabə İmam Kazimdən Əbu Talibin İslam dinində yeri barədə soruşanda İmam belə cavab vermişdir: «...O, peyğəmbərə və onun gətirdiklərinə (yəni Qurana və dini hökmlərə) iman gətirmişdi. Peyğəmbərlərdən qalmış əmanətləri Həzrəti Muhəmmədə (s) təhvil verdi və elə həmin gün vəfat etdi» («Usuli-Kafi», «Hüccət» kitabı, «Rəsulullahın doğumu və vəfatı» babı, hədis 18).

4. İmam Məhəmməd Baqirdən (ə) rəvayət edilən hədisdən məlum olur ki, Əli (ə) bəzi adamlara öz atası Əbu Talibin əvəzinə həccə getməyi tapşırırdı, özündən sonra da bunu vəsiyyət etmişdi («Əl-Ğədir», cild 7, səh. 380).

5. İmam Əli (ə) buyurmuşdur: «Atam can verəndə Peyğəmbər onun yanına gəldi və mənə onun haqqında elə sözlər dedi ki, bu sözləri dünya və axirətdən üstün tuturam» («Əl-Ğədir», cild 7, səh. 387).

6. İmam Rzadan (ə) rəvayət edirlər ki, Əbu Talibin üzüyünün qaşında belə yazılmışdı: «Rəbb olaraq Allahı, peyğəmbər kimi qardaşım oğlu Məhəmmədi (s), onun canişini kimi oğlum Əlini (ə) bəyəndim» (Qazi Nurullah Şüştəri – «Məcalisu`l-muminin», cild 5, səh. 163).

7. İmam Sadiq (ə) buyurmuşdur: «Əbu Talib Əshabi-Kəhfə bənzəyir; onlar imanlarını gizli saxlayıb, zahirdə özlərini müşrik kimi göstərdilər. Buna görə Allah onlara ikiqat səvab verdi» («Usuli-Kafi», «Hüccət» kitabı, «Rəsulullahın doğumu və vəfatı» babı, hədis 28; «Əmaliyi-Səduq», məclis 89, hədis 13).

8. Bir dəfə İmam Zeynulabidindən (ə) soruşurlar ki, Əbu Talib mömin idi yoxsa yox? O, belə cavab verir: «Bəli». «Bəs, camaat deyir ki, guya kafir idi?» sualına isə İmam narahat halda belə cavab verir: «Çox maraqlıdır, görəsən onlar bununla Əbu Talibə tənə vururlar, yoxsa Peyğəmbərə? Allah-Təala öz peyğəmbərinə əmr etmişdi ki, heç bir mömin qadını kafir kişinin kəbinində saxlamasın. Şübhəsizdir ki, Əsəd qızı Fatimə ilk iman gətirmiş qadınlardan idi. Əbu Talib vəfat edincəyə kimi Fatimə onun kəbinində yaşamışdır» (yəni əgər Əbu Talib kafir olsaydı, Peyğəmbər onunla həyat yoldaşı Əsəd qızı Fatimənin nikahını pozardı. Peyğəmbərin həyatından məlumdur ki, o bu əmrə ciddiyyətlə riayət edirdi. Hətta öz qızı Zeynəbin əri Əbu`l-As müsəlman olmadığından, Peyğəmbər onların nikahını pozmuşdu) (İbn Əbil-Hədid – «Şərhu Nəhcu`l-bəlağə», cild 3, səh. 312).

9. İmam Əli (ə) Əbu Talibin şeirlərini eşidəndə xoşhal olurdu və buyururdu: «Onun şeirlərini öyrənin və uşaqlarınıza da öyrədin; şübhəsiz, o (yəni Əbu Talib) Allahın dinində idi və onun şeirlərində çoxlu elm vardır» («Əl-Ğədir», cild 7, səh. 393-394).

10. İmam Əskəri (ə) buyurmuşdur ki, Allah-Təala Peyğəmbərə belə vəhy edib: «Mən sənə iki dəstənin (şiəteyn) vasitəsilə yardım etdim. Bu dəstələrin biri sənə gizli, o biri aşkar kömək göstərdi. Gizli kömək edən dəstənin başçısı və ən üstünü əmin Əbu Talib idi. Sənə aşkarda kömək edən dəstənin başçısı və ən üstünü isə onun oğlu Əlidir (ə). Şübhəsiz, Əbu Talib Ali-Firondan olan mömin kimidir, öz imanını gizli saxladı» («Əl-Ğədir», cild 7, səh. 395).

11. Birinci xəlifə Əbu Bəkrin belə söylədiyi rəvayət edilir: «Şübhəsiz, Əbu Talib «La ilahə illəllah, Muhəmmədun rəsulullah» deməyincə vəfat etmədi» («Əl-Ğədir», cild 7, səh. 369).

Hədislərdən məlum olur ki, Əbu Talib Həzrəti Muhəmmədin (s) peyğəmbər olduğunu hələ onun doğumundan əvvəl bilirmiş. Öz nəslindən axirəz-zaman peyğəmbər çıxacağını ona əcadadları demişdi. Həmçinin, Əbu Talib xristian və yəhudi rahibləri ilə söhbətində də Muhəmmədin (s) peyğəmbər olacağını eşitmişdi.

12. İsmail ibn Ziyad adlı səhabə İmam Sadiqdən (ə) rəvayət edir ki, «Əbu Talib cümməl hesabı ilə müsəlman oldu və əli ilə 63 ədədini göstərdi» («Üsuli-Kafi», «Hüccət» kitabı, «Rəsulullahın doğumu və vəfatı» babı, hədis 33).

Mərhum Əllamə Məclisi bu hədisi şərh edərək yazır ki, qədimdə insanlar öz barmaqlarından istifadə etməklə, bütün ədədləri göstərə bilirdilər. Onlar barmaqlarını 18 variantda bükməklə 1-dən 99-dək, daha 18 kombinasiya vasitəsilə 100-dən 9.000-dək ədədləri ifadə edirdilər. 10.000-dək ədədləri göstərmək üçün daha mürəkkəb əl hərəkətləri icra olunurdu. Bu cür saymağa «cümməl» hesabı deyirdilər.

Əbu Talibin hansı üsulla iman gətirdiyi barədə alimlər müxtəlif fərziyyələr irəli sürmüşlər. Onların bəzisi Əbu Talibin 63 dildə kəlmeyi-şəhadət söylədiyini, bəzisi isə Peyğəmbərin müdafiəsinə həsr olunmuş 63 qəsidə yazdığını bildirmişlər. Mərhum Şeyx Səduq «Məaniyyu`l-əxbar» kitabında (səh. 286) İmam Mehdinin (ə) naibi Əbu`l-Qasim Hüseyn ibn Ruhdan rəvayət edir ki, Əbu Talib Allahın üç adını söyləməklə iman gətiribmiş: «İlah», «Əhəd» və «Cəvad». Bu sözlərin əbcəd hesabı ilə qarşılıqlarının cəmi 63-dür (əlif-1, lam-30, hə-5, ha-8, dal-4, cim-3, vav-6).
Davamı var

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI

 
user comment