Peyğəmbərlərin, övliyaların həyat tarixini mütaliə etdikdə, bir çox qaranlıq məsələlərlə qarşılaşırsınız. Hətta bu suallar məsumların öz zamanında da olmuş, ölümlərindən sonra bir az da dərinləşmişdir. Məsələn, bizim peyğəmbərimizə də digər peyğəmbərlər kimi saysız-hesabsız töhmətlər vurulmuşdur. O həzrətin ağlını itirdiyi, dəli, sehrbaz və ya cadugər olduğunu söyləyir, xüsusilə də, cavanlara peyğəmbərin söylədiklərinə qulaq asmamağı tövsiyə edirdilər. “Sehirbazdır, sözləri ilə sizi ofsunlayır” - deyə digərlərini ona yaxın buraxmırdılar. Peyğəmbərimizin özü də qabaqcadan xəbər vermişdi ki, vəfatımdan sonra adımdan çoxlu yalan söyləyib, mənə iftira yaxacaqlar.” Bu insanlar kafir düşmənlərdən deyil, o həzrətin öz ətrafındakılardan idi; onlar Peyğəmbərə (s) iman gətirdiklərini iddia edən münafiqlər idi. Peyğəmbər (s) buyurmuşdur: “Mənim adımdan çoxlu yalanlar söyləyirlər; tezliklə bir dəstə insan özlərindən yalan hədislər uydurub, mənə nisbət verəcəklər”.
Bu səbəbdən də Rəsuli-Əkrəm (s) hədisin səhih və ya qeyri-səhih olmasını ayırd etmək üçün meyar, ölçü təyin etmişdi: “Eşitdiyiniz hər bir hədisi Quranla tutuşdurun; Quranla uyğun gəlməsə, bilin ki, onu mən söyləməmişəm.”
Bundan əlavə, məsum imamlarımız ilahi elmlərin mütəxəssisi olduqlarından, uydurulmuş hədisləri dəfələrlə yoxlayıb, süzgəcdən keçirmişdilər. Bir dəfə imam Riza əleyhissəlamın vaxtında nəql olunmuş rəvayətlərə düzəliş verilmiş və bu düzəliş əsasında Uyune-əxbar-Riza adlı kitab yazılmışdı. Daha sonra bu iş İmam Sadiq əleyhissəlamın dövründə də davam etdirilmişdi. İmam (ə) Əbul-Xəttab və digərləri tərəfindən uydurulmuş bəzi hədisləri ayıraraq, səhih hədisləri tanıtdırmışdı. Hər halda siz qəti olaraq, peyğəmbərlərdən nəql olunmuş bütün hədisləri bir yerə yığmaq istəsəniz, bu hədislərin sayı çox olmayacaqdır. Bəziləri hətta bunları sayıb, toplamaq fikrinə düşürlər. Bir sözlə, belə hədislər çox azdır. Lakin uydurulmuş hədislər həddən artıqdır. Peyğəmbərin adından uydurulub söylənən rəvayətlər haqqında həm şiə, həm də sünnü alimləri tərəfindən çoxlu sayda kitablar yazılmışdır.
Peyğəmbərin (s) zamanında hamıya aydın olan məsələlərdən biri də, hələ həzrətin aşkar dəvətə başladığı gündən, Əli (ə)-ın özündən sonra canişini olaraq təyin etməsidir. Baxmayaraq ki, bizləri məzhəb təəssübkeşi adlandırırlar, amma həqiqəti danmaq olmaz.
Peyğəmbər (s) Quranın göstərişi ilə qurbanlıq qoyun kəsib, yaxın qohumlarını öz peyğəmbərliyini elan etmək üçün evinə dəvət edərkən belə buyurur: “Sizlərdən hansı biriniz mənə birinci iman gətirsə, mənim canişinim olacaqdır”. Heç kim yerindən tərpənmir. Birinci ayağa qalxan on-on üç yaşlı yetim bir uşaq, yəni Əli (ə) olur. Orada əyləşən Qüreyşin böyüklərindən bəziləri Əbu Talibə istehza edərək belə deyirlər: “Bundan sonra gərək öz oğluna itaət edəsən. Əli peyğəmbərin canişini oldu, sən də gərək onun sözünə baxasan”.
Bu məsələ Peyğəmbərin (s) həyatında dəfələrlə müxtəlif surətlərdə söylənilir və təkid edilirdi. Əziz Peyğəmbərimiz (s) buyurmuşdur:
“Ya Əli səninlə mənim aramdakı əlaqə həzrət Musa ilə Harunun əlaqəsi kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq.”
Peyğəmbər (s) vəfatından yetmiş gün əvvəl Ərəbistanın qızmar çölü olan “Qədir-Xum” adlı bir məntəqədə həcc mərasimindən qayıdan müsəlmanları bir yerə toplayaraq, Əli əleyhissəlamı özünə canişin və ümmətin rəhbəri təyin etdiyini elan etmişdi.
“Mən hər kəsin mövlası və ağasıyamasa, Əli də onun mövlasıdır.”
Qədir-Xum hadisəsindən yetmiş gün sonra Peyğəmbər (s) dünyadan köçür; Bədr və Hüneyn müharibəsində iştirak etmiş müsəlmanlar bir yerə yığışıb, o həzrətə canişin təyin etdilər. Bəziləri peyğəmbər canişininin mühacir və ənsardan olması, bəziləri isə, iki nəfər əmirin seçilməsi təklifini irəli sürdülər.
Yaddan çıxan şey, təkcə Peyğəmbərin (s) yetmiş gün əvvəl buyurduğu vəsiyyəti oldu. Peyğəmbərin (s) nə üçün onları qızmar bir havada Qədir-Xum çölündə toplayıb o sözləri deməsi və iyirmi il müddətində dəfələrlə Əli əleyhissəlamı canişin olaraq təyin etməsi haqqında təfəkkür etmədilər. Peyğəmbərin (s) rəftarı və buyurduqları təhrif edildi. Hətta bəzi zövcələri həzrətə töhmət də vurdular. Qurani-Kərimdə o həzrətin bəzi zövcələri barədə hansı ifadələrin işləndiyini Təhrim surəsində görə bilərsiniz.
Keçən bəhsimizdə Əli əleyhissəlam haqda söhbətə toxunmuşdum. Əli (ə) iki xüsusiyyəti ilə tanınır. İmamın adı çəkilərkən, zehnimizə gələn ilk şey onun ədaləti və ibadəti olur. O həzrət insanlar içrə ən abid və ən adil bir şəxs kimi tanınmışdır. Əli (ə) əkin sahəsində yer belləyərkən belə, nafilə namazı qılardı. Bir gün ərzində beş yüz və ya min rükət namaz qılardı. Hamı da bunu bilirdi. Əli əleyhissəlamın Kufə məscidində şəhid edilmə xəbəri Şam əhlinə çatanda, onlar təəccüblənərək belə demişdilər: “Əlinin məsciddə nə işi var idi?! Məgər Əli də namaz qılırdı?!” Digər imamlarımıza və din alimlərimizə də bu cür töhmətlər vururdular.
Bütün müsəlmanlar üçün ən böyük höccət və dəlil Qurani-Kərimdir. Həzrət Adəm əleyhissəlamın xəlq olunduğu gündən, yer üzündə insan ömrü sona çatana qədər Qurandan daha aydın, daha dəqiq heç bir höccət və sübut olmayacaqdır. Lakin Quranın özünü də səhv mənalarla təfsir edirlər. Bütün müsəlman firqələri öz məzhəbi ixtilaflarını Quran ayələrinə əsaslanmaqla həll etmək istəyirlər. İstər cəbrə inananlar olsun, istərsə də ixtiyara; hər iki dəstə öz iddialarını Quran əsasında sübuta yetirməyə çalışırlar. Quran ayələrinin düzgün olmayan bir tərzdə təfsir edilməsi və ya müxtəlif mənalara yozulması ayrı bir söhbətin mövzusudur ki, onun geniş izaha ehtiyacı vardır. Amma bu arada sui-istifadə etmək istəyən amillərin də rolu az deyil. Yəni, bəziləri bilərəkdən Quran ayələrini öz məqsədlərinə uyğun şəkildə təfsir edirlər. Bu da nadanlıqdan qaynaqlanır. Bizim ən böyük dəlil və höccətimiz Qurandır. Bu təfsirlərin yazılması isə Qurani-Kərim barədə şübhə yaratmaq məqsədini daşıyır. Kamil insan nümunəsi olan bu iki şəxsiyyət - Həzrəti Məhəmməd (s) və İmam Əli (ə) haqqında müsəlmanlar arasında fikir ayrılığı yaratmağa çalışırlar.
Bildiyiniz kimi, Rəsuləllahın (s) vəfatından 25 il sonra Əli (ə) xilafətə təyin edildikdə, onunla ilk beyət edən şəxslər Peyğəmbərin (s) yaxın səhabələri və Əli (ə)-ın bəzi yaxın qohum-əqrəbaları idilər. Məsələn, Zübeyr həm Peyğəmbərin (s), həm də Əli (ə)-ın bibisi oğlu idi. Bunlar Əli (ə)-a beyət edən ilk səhabələr idi. Lakin onunla əvvəl beyət edib əhd-peyman bağlayadılar, sonradan xalqı azdıraraq, imam Əli (ə)-ı Osmanın qatili adlandırıb ona qarşı üsyana başladılar. Cəməl döyüşü və sonrakı neçə-neçə müharibələr buna əyani sübutdur.
Hal-hazırda sünni qardaşlarımızla İslam dini və ya Peyğəmbərin (s) buyurduqları, davranışı və göstərişləri barədə fikir mübadiləsi aparıldıqda, anlaşılmazlıq yaranır. Sizə sadə bir misal çəkmək istərdim.
Həzrət Peyğəmbər (s) 23 illik peyğəmbərliyi dövründə həmişə camaatla ünsiyyətdə olardı. O həzrət (s) insanlarla qaynayıb-qarışmaqda, bir rəhbər kimi xalqın problemlərinə can yandırmaqda və eləcə də təvazökarlıq və sadəliyində digər peyğəmbər və rəhbərlərdən seçilirdi; səhabələri ilə məscidə daxil olarkən, kənardan baxanlar peyğəmbəri adi camaatdan ayıra bilməzdilər. Rəftarı, əməli xalqın gözü qarşısında idi. Görəsən camaat bu 23 il ərzində Peyğəmbərin (s) necə dəstəmaz aldığını görməmişdilər? Bu ki, camaat üçün gizli bir məsələ deyildi? Xüsusilə də Məkkə və Mədinə əhalisi ən azı on il ərzində Peyğəmbərin (s) necə dəstəmaz aldığını hər gün müşahidə etmişdilər. Çox vaxt o həzrətin (s) əlindən tökülən dəstəmaz suyunu təbərrük olaraq götürər, yerə tökülməyə qoymazdılar. Amma çox keçmədi ki, dəstəmaz aldıqda suyu necə tökmək üstündə problem ortaya çıxdı. Buna baxmayaraq, Peyğəmbərin (s) rəftar və yolunu davam etdirmək istəyənlər də var idi. Lakin araya şübhə toxumu səpmək istəyənlər buna imkan vermirdilər.
Bütün bu işlərin başında Şeytan və şeytan xislətli insanlar dururdu. Bütün bu hadisələr arasında təhrif edilməsi mümkün olmayan məsələ imam Hüseyn (ə)-ın din uğrunda şəhid edilməsidir Bu yolda bütün dostları, yaxınları, hətta südəmər körpəsi belə şəhid olmuşdur. Bu tarixi heç kəs təhrif edə bilməmişdir. Əlbəttə, bəzi xırda məsələlərdə ixtilaf mövcuddur. Məsələn, Kufədən imam Hüseyn (ə)-ın üstünə gələn qoşunun sayı 30 min nəfər idi, ya 120 min nəfər? Az idilər ya çox? Təbii ki, ordunun dəqiq sayını göstərmək mümkün deyildir. Digər məsələlərdə də buna oxşar ixtilaflar vardır. Lakin hadisənin əsil mahiyyətində ixtilafdan söz gedə bilməz. İmam Hüseyn (ə) din uğrunda qiyam etmiş və son nəfəsinə qədər, dodaqları yanıqlı, susuz vəziyyətdə şəhid olmuş və bu yolda ailəsi əsir düşmüşdür. Bu hadisənin dünya malı ilə əlaqələndirilməsi də mümkün deyildir. Məgər dünya malını qazanmaq üçün imam hüseyn (ə)-ın şəhadətdən başqa bir yolu yox idi? Vəzifə, kürsü davası edənlər öz canlarını, mallarını və digər mənafelərini təhlükə altında gördükdə, çıxış yolu olaraq sülhü seçirlər. Bu təklif Aşura axşamı imam Hüseynə (ə) təklif olunmuşdu. Lakin sülh və saziş seçimini o həzrətə şamil etmək olmaz. Necə ki, Aşuranın səhəri günü ona, Yezidə beyət etmək müqabilində canının amanda qalacağını vəd etmişdilərsə də, o həzrət qəbul etməmişdi. Buyurur:
“Zillət və xarlıq bizdən uzaqdır!”
Bu səhifələrə sığmayacaq qədər digər məsələlər, həmçinin Hürrün seçimi də sözü gedən mövzuya aydınlıq gətirir.
Bizim inancımıza görə, imam Hüseyn (ə) bu yolda şəhid olacağını əvvəlcədən bilirdi. Əgər bir kimsə imamət elmini və o həzrətə olunan ilhamları inkar edərsə, buna cavab olaraq, Peyğəmbərdən (s) imam Hüseyn (ə)-ın şəhid olacağını xəbər verən hədisləri və gördüyü yuxuları misal göstərmək olar. Həzrət nitqlərinin birində belə buyurmuşdur: “Sanki biyabanın yırtıcılarının və səhranın canavarlarının məni necə tikə-tikə etdiklərini görürəm”.
İmamın bu seçimini dünya malı və vəzifə tamahı ilə əlaqələndirmək ən azı məntiqsizlikdir. Bu işdən məqsəd öz cəddinin ən ağır əmanəti olan müqəddəs İslam dininin yenidən dirçəldiməsi idi. Əlbəttə, elə insanlar da vardır ki, imam Hüseyn (ə)-ın bu seçimində səhv etdiyini və bu işi görməyə haqqı olmadığını iddia etsələr də, eyni zamanda onun bu işi din uğrunda etdiyini qəbul edirlər. İslamda yaranmış bəzi cərəyanları, o cümlədən Nasibiləri buna misal vurmaq olar. Bu hadisə bütün müsbət xüsusiyyətlərinə görə, yəni insanlara doğru yol göstərdiyi və fədakarlıq dərsi öyrətdiyi üçün düzgün bir hərəkətdir. Müsəlmanlar üçün buna bənzər bir şərait yaransa, onların da seçiminin imamın yolu olduğunu desək, heç də yanılmarıq. Hər halda imam Hüseyn (ə) hərəkatının əsas xüsusiyyəti və hədəfinin dünya malı deyil, din uğrunda barışmaz və qətiyyətli bir mübarizə olduğu aydınlaşdı. Elə bu səbəbdən də Kərbəla hadisəsinə diqqət edən hər bir kəsin ürəyində hidayət nuru parlayır, qəlbi oyanır, dini hissləri dirçəlir, öz üzərində millətə və dinə qarşı məsuliyyət hissinin yarandığını müşahidə edir. Sizcə, imam Hüseyn (ə) kimi ilahi bir şəxsiyyətin öz ailə-uşaqları və hətta südəmər körpəsi ilə belə, İslam uğrunda şəhid olması bizim qarşımızda məsuliyyət hissi yaratmamalıdır? “Bu insanların önündə qiyamətə qədər yanan bir çıraqdır. Hər kəs hər yerdən bu çırağa nəzər salsa, yol tapar” ifadəsi heç kimdə şübhə yarada bilməz. Bu səbəbdən də imamın şəhadətindən bir neçə müddət keçmiş, “Təvvabin hərəkatı” başlayandan bu günə kimi hamı bu qiyamın yad edilməsində səy göstərmişdir. İstər ağlamaqla olsun, istər fədakarlıq göstərməklə. Adi bir ovuc Kərbəla torpağını gətirərək, xüsusi ehtiramla imam Hüseyn (ə)-ı yad edirlər.
Digər tərəfdən, imam Hüseyn (ə)-ın adını tarixdən silmək üçün az işlər görülməmişdir. Axı onların imam Hüseyn (ə)-la düşmənçiliyi nə idi? Nə üçün o həzrətin adını əziz tutan, ziyarətinə gələn insanları öldürür və adının yaşadılması və yad edilməsinin ziddinə çıxırdılar? İmamın qəbrini şumlayıb onu yox etmək, müqəddəs məzarının üzərinə toxum səpərək oranı əkin sahəsinə döndərmək istəyirdilər? Görəsən bu düşmənçiliklərin faydası nədir? Çox uzağa getməyək. İndinin özündə də bəzi yaşlı adamlar, pəhləvi hakimiyyətinin əvvəllərində əzadarlığın qadağan olunduğu günləri yaxşı xatırlayırlar. Ruhani libasının geyinilməsi, imamın adına məclislərin keçirilməsi və mərsiyələrin oxunuşuna izn verilmirdi.
Mənim yaxşı yadıma gəlir. O zamanlar beş yaşım olardı. Axşam məclis qurmaq istəyəndə, rövzəxan kostyumda gələr, dalanda paltarını dəyişərək ruhani paltarı geyinər, daha sonra içəri girərdi. Evin zirzəmisində ahəstə səslə rövzə oxuyardı ki, dövlət məmurları səs eşidib bu məclisdən xəbər tutmasınlar.
Məgər imam Hüseyn (ə) adının pəhləvi hökuməti ilə nə kimi problemi ola bilərdi? Görəsən İmam Hüseyn adına olan bu düşmənçilik nədən qaynaqlanır? Bunlar ki, özlərini “dindar ziyalılar” adlandırırlar. Əlbəttə, bunları “dindar ziyalılar” deyil, “dinsiz zülmətfikirlilər” adlandırsaq daha düzgün olar! Çünki, bu kimi şəxslərin nə dində bir payları var, nə də ki, aydın fikirlilikdən əsər-əlamətləri. Bunların İmam Hüseynlə (ə) nə kimi düşmənçilikləri vardır? Görəsən nəyə görə imam Hüseyn (ə)-ın şəhadət məsələsini adi bir hadisə kimi qələmə verməkdə bu qədər israr edirlər? Və ya bu hadisəni Peyğəmbərin (s) etdiyi müharibələrin əvəzi kimi qiymətləndirirlər? Onlar öz fikirlərini belə əsaslandırırlar: “Bədr müharibəsində Peyğəmbər (s) Bəni-Üməyyə ilə düşmənçilik etmişdi. Əməvilər də müharibə alovunu qızışdırıb, Peyğəmbərin (s) nəvəsini və dostlarını öldürdülər. Bu, həmin düşmənçiliklərin nəticəsi idi!”
Əvvəla, Bədr müharibəsində həm müsəlmanlardan, həm də kafirlərdən ölənlər olmuşdu. Lakin kafirlər daha çox itkiyə məruz qalmışdılar. Allah-taala özü bu müharibəni müsəlmanların qələbəsi ilə bitirdi. Onlar belə deyirlər: “Bədr döyüşündə Peyğəmbər (s) Bəni-üməyyə ilə kobudluqla rəftar etdiyi üçün, onların nəvəsi də onun nəvəsi ilə həmin rəftarı etdi. Bu təbii bir iş idi; həyatın hər gün müşahidə olunan adi əks-əməllərindən biri idi. Peyğəmbər (s) onları öldürməməliydi. Əvəzində, onların övladları da Rəsuləllahın (s) övladlarını öldürməzdilər”. Belə ziyalıların öz təbirləri ilə desək, əgər kimsə Aşura hadisəsindən bir dərs öyrənib ibrət götürmək istəyirsə, gərək bilsin ki, heç kəslə kobud rəftar etməməlidir ki, sabah da onun özü və ya övladlarına qarşı həmin rəftar təkrarlanmasın. Onların məntiqinə görə, Aşura hadisəsindən məhz bu şeyləri öyrənib-öyrətməliyik. Belə adamların nəzərinə görə cihad, müdafiə, əmr be məruf, nəhy əz münkər kimi mühüm məsələlər aradan götürülməlidir. Belə olsa, heç kimin heç kimlə işi olmayacaqdır. Yəni, Allahın Quranda buyurduğu “Siz (ey iman gətirənlər!) O kafirlərlə müharibəyə qalxın ki, Allah onları sizin əlinizlə əzaba çatdırsın və rüsvay etsin; sizi onlara qalib edib (qəm-qüssə ilə dolu olan) iman gətirmiş ürəklərə (qələbə və zəfərlə) şəfa bəxş etsin.” ayəsi (nəuzubillah) boş şeydir. Onların fikrincə - «Kafirlərlə vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin və sizlərə onlara qələbə çalmaqda kömək etsin. Beləliklə də, möminlərin qəlbi şad olsun” ayəsini buyurmaqla Allah-taala səhvə yol vermişdir. (Allaha pənah aparırıq belə bir həyasızlıqdan.)
Bunlar Quran ayələridir. Amma bəzi ziyalılar deyirlər: “Quran nahaq yerə belə sözlər buyurub. Dava-dalaş, qan töküb müharibə etmək yaramaz bir işdir, Allah səhv edibdir! Peyğəmbər (s) Bədr savaşında iştirak etməyi ilə səhv iş tutubdur. Peyğəmbərin (s) səhv hərəkətinin nəticəsi bu oldu ki, onun övladını öldürdülər. Yazıq Yezid ata-babasının intiqamını alırdı. Burada Yezidin bir günahı yox idi... Birinin atasını öldürəndə, o da gedib qatilin oğlunu öldürəcək də!” Bu üzdəniraq sözlərin müəllifləri öz puç iddialarını “Modern İslam”, “İslamda yeni anlayışlar!” kimi ifadələrlə adlandırırlar. Bunlar qəzetlərdə çox çap olunur. Bu işləri görməklə İmam Hüseyn (ə)-ın haqq mübarizəsinin üzərinə kölgə salmaq, gəncləri bu müqəddəs yoldan döndərmək və onların zehnlərini öz cəfəngiyatları ilə doldurmaq məqsədi güdürlər. Görəsən onların İmam Hüseyn (ə)-la düşmənçilik etmələrinin səbəbi nədir? Cavabı aydındır: İmam Hüseyn (ə) hidayət çırağıdır. O, fəzanı qaranlıqlaşmağa qoymur. İnsanları yollarını azmaqdan saxlayır. O, gediləcək yolu aydınlaşdırır, insanların vəzifəsini müəyyənləşdirir. Din, millət, namus, qeyrət, vətən, torpaq və bu kimi müqəddəs dəyərlərin necə müdafiə olunacağını onlara anladır. İmam Hüseyn məktəbi insanlara mərdlik, cəsarət, fədakarlıq hisslərini aşılamaqla yanaşı, ictimai-siyasi mühitdən asılı olmayaraq, hər an zülmə qarşı mübariz olmağa, sazişçilikdən yaxa qurtarmağa sövq edir; camaatı qarşılıqlı anlaşma, saziş, sövdələşmə və bu kimi bəhanələrlə biqeyrət olmağa qoymur!
İmam Hüseyn (ə) buyurur: “Heyhat minəz-zillət!“
Belə bir eşqi tamah və ya pulla susdurmaq qeyri-mümkündür! Çünki, o həzrətin hədəfi məqam və vəzifə deyildi. Bu mübarizədən uzaqlaşdırmaq üçün onu ən son çıxış yolu olan ölümlə hədələyirdilər. İmamın cavabı bu oldu: “Mən hazıram!” Körpəsini də bu yolda qurban verdi. Ölümdən yuxarı bir sərhədd yoxdur ki?! Əgər bir şəxs Hüseyn (ə) məktəbinin həqiqi davamçısı olsa, onu nə pulla almaq olar, nə də ölümlə qorxutmaq. Qələbənin sirri də buradadır. Ölümdən qorxmayan kəs həmişə qalibdir!
İmam Hüseynin (ə) köməkçiləri Aşura gecəsi ölümlə öz məşuqlarının vüsalına qovuşmaq üçün yanıb-yaxılırdılar. Bu məktəb məğlubedilməzdir! Əlbəttə, təhrif edib ona arxadan zərbə vurmasalar.
Beləliklə, bütün bu söylənilənlərdən belə bir nəticəyə gəlmək olar ki, İmam Hüseyn (ə) aşiqləri çox aydın bir baxışla ona məhəbbət bəsləyirlər. O həzrətə müxalif olanların düşmənçiliklərinin səbəbi də aydınlaşdı. Çünki, İmam Hüseyn (ə) hidayət çırağı olub, insanları zəlalətdən qurtarır və onların azğınlığa düşmələrinin qarşısını alır. Bu nur, insanların qanını soran və onlardan hər bir şəkildə sui-istifadə edən istismarçıların planlarını əngəlləyir; buna görə də düşmənlər imkanları daxilində imam Hüseyn məktəbinə ləkə yaxmaq, bu mübarizənin nəticələrinin üzərinə kölgə salmaq və insanlar arasında təfriqə toxumu səpməyə çalışırlar.
source : الشیعه