Azəri
Thursday 25th of July 2024
0
نفر 0

HƏCC TƏCRÜBƏSI MƏNƏ NƏLƏRİ ÖYRƏTDI?


İslamın bütün ibadətləri kimi, Həcc də dərin hikmət və fəzilətləri əhatə etməkdədir. Bu ibadəti yerinə yetirəcək şəxslər üçün ən vacib olanı onları bilməkdir. Çünki, Həccin zahiri hökm və üsullarını fiqh kitablarından öyrənmək mümkündür. Ancaq onun məna və hikmətlərini dərk etmək hər hacıya müyəssər olmur. Bu istiqamətdə mömin qardaşlarımızı məlumatlandırmaq üçün böyük İslam mütəfəkkiri Əli Şəriətinin "Həcc" adlı kitabından əhəmiyyətli hissələri nəzərinizə çatdıracağıq. Müəllif kitabında bəzi yerlərdə təmsil, təşbih (oxşatma, bənzətmə) ifadə edən cümlələrdən istifadə etmişdir. Məsələn, Allahla qarşılaşmaq, Allahı görmək, Həcci bir tamaşaya bənzətmək kimi. Oxuculardan bunu nəzərə almalarını xahiş edirik.


Şəxs əvvəlcə "Həcc nə deməkdir?" deyə sual verməlidir. Həcc mahiyyət etibarilə insanın Allaha doğru yüksəlməsidir. Adəmin yaradılış fəlsəfəsinin simvolik bir tamaşasıdır. Bir az da açıqlayacaq olsaq Həcc ibadəti bir çox şeyin eyni anda nümayiş etdirilməsidir: "yaradılış tamaşası", "tarix tamaşası", "birlik tamaşası", "İslami nizam tamaşası" və bir "ümmət tamaşa"sı.
Allah bu tamaşanın "rejissorudur". Rolları ifa edən şəxslərin hərəkətləri isə tamaşanın motivini təşkil edir. Adəm, İbrahim, Həcər və şeytan bu tamaşada baş rollardır. Səhnələr Məscidül-Həram, Həram bölgəsi, Səfa və Mərvə təpələri arası, Ərafat, Məşər və Minadır. Əhəmiyyətli simvollar Kəbə, Səfa, Mərva, gündüz, gecə, günün işığı, günəşin batması və qurbandır. Səhnə geyimi və qrim - ehram, həlq və təqsirdir (saçın qırxdırılması və kəsilməsi). Sonda bu tamaşadakı rolların tək bir qəhrəmanı var: Sən!
Kişi və qadın, gənc və ya qoca, qara və ya ağ - kim olursan ol, bu tamaşanın ən mühüm amalı SənSən. Allahla şeytan arasındakı qarşılaşmada Adəm, İbrahim və Həcərin rolu sənin tərəfindən oynanılır. Qısacası, sən fərd olaraq "tamaşa"nın qəhrəmanısan.
Hər il dünyanın dörd bir tərəfindən gələn müsəlmanlar bu böyük "tamaşa"da rol oynamağa təşviq edilir. Hər kəs burada bərabər qəbul edilir. Heç bir irq, cinsiyyət və sosial status ayrı-seçkiliyi qoyulmur. İslamın hökmünə görə, ümum bir, bir də ümumdur.
"Bir şəxsi öldürən bütün insanlığı öldürmüş kimidir. Bir şəxsə həyat verən də bütün insanlığa həyat verən kimidir". (Maidə, 32)
Bəli, İslam düşmənləri bu dinə qarşı başladıqları hücumları davam etdirməkdədirlər. İslamın insanı on məxsus haqq və dəyərlərlə təchiz edilmiş bir fərd olaraq qəbul etdiyini inkar edərək hücum etməkdədirlər. Bu şəraitdə Həcc məfhumu da az əhəmiyyətli olan ibadət səviyyəsinə endirilmişdir, (Müəllifin bu sözü bu gün necə də aktualdır?! Belə ki, bəzi İslamı anlamayanların və ya müsəlmanları öz dinlərindən uzaqlaşdırmaq istəyənlərin "Həcc nəyə lazımdır, ondansa burada bir acın qarnını doydur" sözlərini bu gün də eşidə bilərik. Unutmamalıyıq ki, insanlara infaq etmək (Allah yolunda xərcləmək), sədəqə vermək savab əməldir. Ancaq bu, Allahın hər hansı bir hökmünün aradan qaldırılması yolu ilə olmamalıdır. - m.)
MƏN HƏCDƏN NƏ ÖYRƏNDİM?
(Burada "mən" mənaca çox "kiçik", "Həcc" isə çox "böyük"dür). Bu hadisədə nəyi, nə qədər görə bildim? Oxuyacağımız sətirlər bu suallara cavab vermək üçün etdiyim acizanə cəhdlərin məhsuludur. Məqsədim heç də oxucuya Həcc boyunca nələr edilməsinin gərəkdiyini anlatmaq deyil. Bunları fiqh kitablarından da öyrənmək mümkündür. Ancaq oxuyucularla paylaşmaq istədiyim Həcc boyunca məndə olan hisslər və bu Həcdən anladıqlarımdır. Fikrimcə, mənim bu hisslərim Həcc ibadətinin müsəlmanlara nə üçün fərz olduğunu anlamağınıza yardım edəcək və ya ən azından Həcc üzərində düşünməyə sövq edəcəkdir.

ALLAHA QOVUŞMAQ
Həcc mərasimi haram aylardan sayılan Zilhiccə ayında edilir. Məkkə torpağı asudəlik və hüzurla doludur. Bu səhra qorxu, nifrət və müharibə ilə deyil, sülh və təhlükəsizliklə tanınır. Burada xalqın Allahla qarşılaşmağa hazır olduğu bir ibadət ab-havası hökm sürür.
"İnsanlar arasında Həcci elan et, istər piyada, istərsə də hər uzaq yoldan gələrək arıq dəvələrin üstündə sənə gəlsinlər". (Həcc, 27). Sən, ey palçıq, Allahın ruhunu axtar və onun ardınca get! Dəvətini qəbul et. Onu "görmək" üçün evini tərk et. O, səni gözləyir. İnsan varlığında qayə Allahın ruhuna yaxınlaşmaq olmadıqca cəfəngiyatdan başqa bir şey deyil. Sən, səni Allahdan uzaqlaşdıran ehtiyaclarından və doymaq bilməyən arzularından ayrıl. Həccə gedən sonsuz insan köçünə qarış, Qadir Allahı "gör".
Həcc üçün evindən çıxmadan öncə bütün borcların ödənilməlidir. Yaxınlarına və dostlarına duyduğun bütün nifrət, kin və hirs yox olmalıdır. İçində bir arzu doğmalı! Bütün bu jestlər - bir gün hamının başına gələcək ölümə - hazırlıq sınağıdır. Bu hərəkətlər həm şəxsin vicdanı, həm də malı baxımından təmizlənməsinin zəmanətidir. Vidanın son anları və insanın gələcəyi simvolizə edilməkdədir.
Artıq sonsuzluğa qatılmaq üçün azadsan. "Gözün, qulağın və qəlbin əməllərinə ən yaxşı şahidlər olduğu" o gün, Allahın məhkəməsində "heç bir şey edə bilməyəcəyin" yenidən diriliş günündə bütün əzaların etdiyin əməllərə görə cavab verəcəkdir". (İsra, 36) Sən və bədəninin hər əzası əməllərinizdən məsulsunuz. Bu "əməl diyarında" ikən "hesab diyarına" hazırlaş. Ölmədən əvvəl ölümü hiss et. Həccə get. Həcc əzəli və əbədi, tayı və oxşarı olmayan, Hakimi-Mütləq Allaha dönüşü simvolizə etməkdədir. Ona dönüş mükəmməlliyə, gözəlliyə, bilgiyə, qüvvətə, həqiqətə tərəf qərarlı bir addımın rəmzidir. Sən, bu sonsuzluğa gedən yolunda Allaha heç zaman yaxınlaşmayacaqsan. O, səni doğru yola yönəldəndir, sənin çatacağın deyildir.
Ey insan! Bütün mələklər sənə səcdə etdi. Halın bu ikən zamanla və sosial təsirlərlə çox dəyişdin. Allahdan başqa digər bir kimsəyə ibadət etməmək üzrə verdiyin sözə əməl etmədin. Əksinə, bəzisi insanlardan olan tağutların köləsi oldun.
"Həqiqətən, təqva sahibləri cənnətlərdə çayların kənarında, sidq məclisində Maliki-Müqtədirin hüzurundadırlar". (Qəmər, 54-55)
İndi başqalarına itaət, özünə bağlılıq, zülm, cəhalət, məqsədsizlik, qorxaqlıq, tənbəllik kimi keyfiyyətlər sənin xislətinə çevrildi. Bu həyat sənə heyvani xüsusiyyətlərini qazandırdı. Artıq, sən bir "canavar", "tülkü", "siçan" və ya bir "qoyun" kimisən. (Burada canavar insanlardakı despotizm və yırtıcılıq istəyinin (fironluğun), tülkü - hiyləgərliyin, siçan - möhtəkirliyin (iqtisadi inhisar), qoyun isə zülmə boyun əymənin rəmzidir. - m.)
Ey insan! Mənşəyinə dön. Həccə get və səni ən yaxşı məxluq olaraq yaradan, ən yaxşı Vəlini ziyarət et. O, səni görmək üçün gözləyir. Qüvvət saraylarını, sərvət xəzinələrini və insanları haqq yoldan azdıran məbədləri tərk et. Çobanı qurd olan bu sürüdən ayrıl. Allahın evini və ya insanların evini görməyə gedən Miqatdakı topluluğa qatıl.
NIYYƏT
Böyük dəyişikliyin və dönüşün başlanğıcı olan Miqata getmədən əvvəl niyyət etməlisən. Bu nəyi əhatə edir? Bu, öz evindən insanların evinə, həyatdan sevgiyə, mənlikdən Allaha, köləlikdən azadlığa, irqçilikdən bərabərliyə, səmimilik və həqiqətə, gündəlik həyatdan əbədi həyata, eqoizm və qayəsizlikdən bağlılıq və məsuliyyətə keçməyə niyyətdir. Qısacası, "ehramlı olmağa" niyyətdir.
Niyyət qüvvətlə bildirilməlidir. Xurma toxumu kimi qabığından çıxacaqsan. Son dərəcə şüurla imanını qəlbində duymalısan. Qəlbini eşq alovu ilə aydınlat, yan və parla. Özünü tamamən unut. Keçmişdəki həyatın "qəflət" və "cəhalətdən" ibarət idi. Hər cəhətdən köməksiz idin. İşində belə vərdiş etdiyin və ya zorla işləyən kölə olmuşdun. Bu andan etibarən bu həyat tərzini burax. Tam mənası ilə Allahın, özünün və insanların şüuruna yüksəl ("Allahın", yəni Onu dərk etməyin - m.) Yeni bir iş, yeni bir yön və yeni bir mənlik seç.

MIQATDA NAMAZ
Miqatda Həcc etməyə hazırlaş, nəyi nə üçün etmək gərəkdiyini bil. Ehrama girdiyin zaman özünü Allaha ərz edərək namaza dur. Miqatda namaz "Allahım, bundan sonra bir daha bütlərə ibadət etməyəcəyəm və bundan belə Nəmrudun köləsi olmayacağam. Allahım, Sənin hüzurunda bir zalım (qurd), bir hiyləgər (tülkü), möhtəkir (siçan) olaraq deyil, İbrahim kimi dayanıram. Xeyr, - axirəti gördüyüm zaman geydiyim paltarla Sənin qarşındayam" - deməkdir.
Bu o deməkdir ki, şüurlu olaraq və dərk edərək Allaha itaət etmək və Onun qulu olmaq istəyirsən. Allahdan başqa hər kəsə və hər şeyə üsyan edəcəksən. Lazım olan vəzifələri yerinə yetirməyə hazır olduğunu bildirirsən. Bu hal hər zamankı duadan fərqli deyil. Ancaq Allahla daha səmimi bir söhbət kimidir. Çünki Allah, düz qarşındadır!
...Allah, İbrahim, Məhəmməd, insanlar, Cənnət, Axirət, qurtuluş, azadlıq, eşq və s. Miqatda hazırdır. Rəngsiz ehram parçasına bürünmüş olaraq yeni bir doğuşu - öldükdən sonra dirilməni yaşayırsan.
Allahın əmrini rədd edən şeytan bundan sonra səni aldatmayacaq. Bundan sonra özgəlik, yadlıq hiss etməyəcəksən. Utanaraq və üzr istəyərək Allaha dönürsən. Və bu an azadsan və məsulsan!

BƏZI DAVRANIŞLARI TƏRK ETMƏK
Ehramlı olduğun zaman etməməli olduğun müəyyən şeylər vardır. İşini, mövqeyini, sosial sinfini və irqini xatırladan hər şey buraya daxildir. Tək ifadə ilə desək, Miqatdan əvvəlki həyatına aid bütün dünyəvi məsələlər qadağan edilmişdir. Aşağıdakı tərk etməli olduğun davranışlar göstərilmişdir:

* Xəyalını görmək üçün güzgüyə baxma ki, müvəqqəti də olsa, "mənliyini" unudasan;
* Keçmişin zövqlü anlarını xatırlamamaq üçün gözəl ətirlərdən istifadə etmə və onları qoxulama;
* Mənəvi bir mühitdəsən, buna görə sevgini qoxula!
* Heç kimə əmr vermə, qardaşlıq havası içində ol!
* Heyvan və həşəratları incitmə, bir neçə günlüyə də olsa İsa əleyhissəlam kimi yaşa!
* Bitkiləri qırma və qopartma, Təbiətə qarşı sülh içərisində ol, aqressivliyə meyl etmə!
* Ov etmə, bununla da başqalarına qarşı mərhəmətli ol!
* Qadınınla sevişmə və cinsi əlaqədə olma ki, həqiqi eşqdən nəsibini alasan!
* Nikahlanma və nikah mərasimlərində iştirak etmə!
* Kosmetikadan istifadə etmə, özünü olduğun kimi gör!
* İffətsiz, mübahisə edən, lənətləyici olma!
* Ehramını tikmə və beləliklə, ayrılıq meydana gətirməkdən qaç!
* Silah gəzdirmə, ancaq çox vacib olsa, ehramının altında saxla!
* Kölgədə dayanma və beləcə günəşdə yan!
* Başını örtmə! (kişilər üçün)
* Üzünü örtmə! (qadınlar üçün)
* Ayaqqabı və corab geyinmə. Olsa-olsa sadəcə bir tərlik başmaq gey!
* Bəzənmə!
* Saçını kəsmə!
* Dırnaqlarını kəsmə!
* Kremdən istifadə etmə!
* Qan axıtma! (Məsələn, bir yerini kəsərək)

Həcc başlamışıdır. Allaha tərəf tələs. Ehramlı ikən "ləbbeyk" de! Allah səni çağırır. Ona cavab vermək və tam itaət zamanıdır!


KƏBƏ
Olduqca sadə bir şəkildə hörülmüş və araları əhənglə doldurulmuş qara daşlardan tikilən Kəbə boş bir kub şəkilindədir. Burada edəcəyin bir şey yoxdur... kimsəsizlikdir, baxacağın bir şey də yoxdur. Görünən yalnız boş bir otaq! Ancaq bu qədər! Inancımızın, ibadətlərimizin, həyat və ölümümüzün mərkəzi buradırmı?
Suallar və şübhələr doğar zehnində... Mən haradayam? Bura haradır? Gördüyün Kəbə xəyallarındakının tam ziddidir. Divarlarına ruhani bir səssizlik sinmiş, bir memarlıq incisi (məsələn, bir saray) düşünürdün bəlkə də... Və ya içərisində məşhur bir adamın..., bir qəhrəman, dahi, imam və ya bir peyğəmbərin məzarının olduğu böyük bir türbə kimi gözünün önündə canlandırırdın bəlkə də... Xeyr, o - bunların heç biri deyil. Açıq bir sahə, boş bir otaq... Nə memarlıq incisi, nə sənət, nə nəqqaşlıq əks olunmuşdur, nə də içərisində məzar vardır. Diqqətini, duyğu və düşüncəni cəlb edən, yayındıran heç bir şey və heç bir kimsə yoxdur.
Orada Allah haqqındakı düşüncə və duyğularını qarışdıracaq şeylərin olmadığını dərk edəcəksən. "Mütləq" və "Sonsuz" olanla təmasa keçmək üçün uçmaq istədiyin Kəbə duyğularının tavanıdır. Qısa və parça-parça olmuş dünyanda bacara bilmədiyin bir şeydir bu. Ancaq düşünə bilirdin, indi isə yönü olmayan "Mütləq"i, "Allah"ı görə bilirsən! O hər yerdədir!
Kəbəni boş görmək nə qədər gözəl. Orada Həcc üçün olduğunu xatırladır. Çatacağın son nöqtə deyil Kəbə, yol göstərən bir bələdçidir o.
Kəbə yalnızlığa bir künc daşı, yol göstərən bir işarədir.


HƏCƏR ....
Kəbənin qərbinə tərəf, Kəbəyə baxan yarımdairə şəklində bir divar vardır. Adına hicri-İsmail deyilir.
Burada Hicr bir ətəyin rəmzidir. Aypara şəklindəki bu divar bir ətəyi xatırladır.
İbrahimin zövcəsi Saranın Həcər adlı həbəşistanlı zənci bir cariyəsi vardı. O, Saranın əri İbrahimə övladı olması üçün yataq yoldaşlığı etməyə səs çıxarmayacaq qədər qəlbi geniş bir qadın idi.
İbrahimin zövcəsi olma şərəfi ilə bərabər onu daha çox şərəfləndirmək üçün Allah Həcərin ətəyinin rəmzi ilə Kəbə arasında bir əlaqə qurdu.
"Həcərin ətəyi" İsmailin doğulduğu yer idi. Həcərin evi oradadır. Məzarı Kəbənin üçüncü sütununun yanındadır. Heç kimsənin, peyğəmbərlərin belə məscidlərdə dəfn edilməsinin düşünülməsi mümkün olmadığı bir halda, zənci bir qadının evinin Allahın evi ilə yan-yana olması necə də düşündürücüdür! Həcər - İsmailin anası orada dəfn edilmişdir! Kəbə onun məzarına tərəf uzanır. Bu, o deməkdir ki, Allahın evi onun ətəyinə doğrudur.
Divarla Kəbə arasında dar bir keçid vardır. Kəbəni təvaf edərkən Allah divarın ətrafında dönməyi (keçiddən keçməyi deyil) əmr etmişdir, əks halda Həccin qəbul olunmaz.
Allah-Təala möhtəşəm üluhiyyəti içərisində tam olaraq Öz-özünədir, təkdir. Heç nəyə, heç bir kimsəyə ehtiyacı yoxdur. Ancaq, Allah saysız hesabsız məxluqatı arasından birini - insanı, onların ən şərəflisini seçmişdir.
Bütün insanlığın arasından bir qadını,
Bütün qadınların arasından bir cariyəni,
Bütün cariyələr arasından zənci bir xidmətçini!
Yaratdıqlarının ən zəifi və ən acizinə yanında bir yer, evində bir otaq vermişdir.
İslam cəmiyyətində "naməlum əsgər" - bax belə seçilir...
Həcc əməlləri Həcəri xatırlamaqdır. "Hicrət" sözü, "mühacir" sözü kimi öz kökünü ondan alır. "Örnək mühacir Həcər kimi davranandır" (Hz. Məhəmməd).
Hicrət Həcərin yerinə yetirdiyidir. O, eyni zamanda vəhşətdən mədəniyyətə, küfrdən İslama bir keçiddir.
Həcərin ana dilində adının mənası "şəhər" (ərəbcə - mədinə) deməkdir. Bu zənci, həbəş cariyəsinin adı belə mədəniyyətin rəmzidir. Belə ki, yalnız onun köçünə bənzər bir köç (hicrət) mədəniyyətə doğru bir hərəkətdir!..

TƏVAF
Bir daşın ətrafında dairə vuraraq kükrəyən bir çay kimi Kəbəni də olduqca həyəcanlı bir izdiham əhatəyə almışdır. Günəş sistemində öz orbitlərində dövr edən ulduzları xatırladan insanların ortasında eynən bir günəş kimidir Kəbə! İnsanlar onun ətrafında dairə vuraraq dolanarlar. Kəbə Allahın ölümsüzlüyünü və sonsuzluğunu simvolizə edir. Ətrafında dolananlar isə yaratdıqlarının davamlı hərəkət və dəyişmə içərisində olduğunu təmsil edir.
Davamlılıq + Hərəkət + Nizam = Təvaf
Bu, bütün dünyanın bir bənzəridir. Bir parçacığın (insanın) yönləndirilməsini əhatə edən tövhid fikri üzərində qurulmuş nizamın bir misalıdır. Allah varlığın mərkəzindədir. Bu, bir günlük keçici dünyanın mərkəz nöqtəsidir. Ancaq, sən olduğundan olmalı, olduğuna doğru hal dəyişdirən hərəkətli bir parçacıqsan. Hər vəziyyətdə və hər zaman "Kəbə" və ya "Allah"la aranda dəyişməz bir məsafə saxla. Bu məsafə sistemdə seçdiyin yola bağlıdır.
Kəbəyə toxuna bilmirsən, orada dayana da bilmirsən. Hər kəs birlikdə Kəbənin ətrafında dolanar. Bu, tək, bütöv bir dolanmadır. Heç bir ayrı kimlik, kişi və ya qadın, ağ və ya qara, heç bir ayrı-seçkilik yoxdur. Bu, bir şəxsin bütöv bir "insan topluluğuna" çevrilməsidir. Bütün "mənlər" Allaha yaxınlaşmaq məqsədi ilə "ümmət"i təşkil edəcək şəkildə "biz" olur...

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

AŞURA QIYAMININ HƏDƏFLƏRI 2
Kuveytin İmam Sadiq (ə) adına Məsciddə terror hadisəsi törədildi. Şəhid olan ...
HӘZRӘT FATİMӘ RAZI DEYİLSӘ...
Ziyarətin dəyəri
HƏYA İSLAMIN LİBASIDIR
VƏHHABİLİK (6)
Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)
DƏRUZİYYƏNİN YARANMASI
QURANIN MÖCÜZƏSİ
Ərbəin” gününə məxsus əməlləri

 
user comment