Azəri
Sunday 28th of April 2024
0
نفر 0

ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ

 

Bu barədə mövcud dəlillər üç hadisə ilə əlaqədardır:

1. Ən sadə və elementar hadisə olan: Hər bir hadisənin müəyyən bir səbəbi vardır ki, onun vücudu həmin səbəbdən qaynaqlanır qəziyyəsini insan öz fitri istedadı ilə dərk edir, elmi müşahidələr də bunu sübuta yetirmişdir.

2. Aşağıdakı hadisə:

əgər bir şeyin müxtəlif dərəcə və mərtəbələri olarsa, eləcə də onlardan bəziləri güclü və kamil, bəziləri isə zəif və naqis olarsa, onda kamal baxımından aşağı səviyyədə olan mərtəbə ali mərtəbənin yaranmasına səbəb ola bilməz.

Belə ki, hərarət, mərifət və nurun müxtəlif dərəcə və mərtəbələri vardır, bəziləri daha şiddətli və kamil, bəziləri isə zəifdir. Amma yüksək hərarətli istiliyin aşağı dərəcədə olan hərarətdən yaranması mümkün deyildir. Yaxud insanın ingilis dilini, özündən də aşağı səviyyədə bilən, yaxud ümumiyyətlə bilməyən bir şəxsdən kamil surətdə öyrənməsi, güclü işığın zəif işıqdan yaranması mümkün deyildir. Çünki daha yüksək səviyyədə və dərəcədə olan hər bir mərtəbə göstərir ki, özündən aşağıdakı dərəcəyə keyfiyyət və növ baxımından üstünlüyə malikdir. Bu kimi keyfiyyət və xüsusiyyətlərə malik olmayan bir mərtəbə, həmin keyfiyyətləri başqasına verə bilməz. Sizin özünüz də hər hansı bir layihədə sərmayə qoymaq istəyirsinizsə, malik olduğunuz sərmayədən artıq pul xərcləyə bilməzsiniz.

İkincisi: Maddə özünün təkamülə doğru olan inkişafında müxtəlif şəkillərə və mərhələlərə çatır. Yəni hər növ həyat və hiss duyğularından məhrum olan su damcısı maddənin vücudunun sadəcə olaraq bir şəklini göstərir. Bitki və heyvanların yaranmasında əsas rollardan birini ifa edən və həyata malik olan hüceyrə – protoplazma maddəyə nisbətən daha kamil şəklə malikdir. Mikroskopik və tək hüceyrəli ibtidai varlıq olan amöb də maddə ilə müqayisədə daha kamil formaya malikdir. Nəhayət, canlı varlıqlar aləmində idrak qüvvəsinə malik olan və həssas varlıq sayılan insan canlı aləmin ən ali səviyyəli varlığı hesab olunur.

Vücudun bu kimi müxtəlif şəkilləri barəsində aşağıdakı suallar yaranır:

Bunların arasında olan fərqlər yalnız onu təşkil edən ünsürlərin sayında olan kəmiyyət fərqləridirmi və onların arasında olan rabitə tamamilə mexaniki xarakter daşıyırmı, yoxsa onların arasında olan keyfiyyət və növ fərqləri də vardır ki, bu da vücudun müxtəlif mərhələləri və təkamül dərəcələri kimi təbir olunur? Başqa sözlə desək, insanla, onun yarandığı ilkin maddə – torpaq arasındakı fərq keyfiyyət fərqidirmi, yoxsa onların arasındkı fərq vücudun iki ayrı-ayrı təkamül mərhələsi arasındakı fərqdir? Belə ki, o mərhələlərdən biri zəif, digəri isə şiddətli işığa oxşadılır və fərqləri də bu işıqların arasındakı fərq kimidirmi?

İnsan bu sual ilə qarşılaşdığı ilk gündən etibarən öz fitrəti əsasında qəbul etmişdir ki, bu müxtəlif şəkillər vücudun təkamül mərhələləri olan müxtəlif mərhələ və dərəcələrdir. Yəni həyat, maddənin vücudunun ən yüksək dərəcəsi hesab olunur. Bu mərtəbə də sonuncu mərtəbə deyil, onun da müxtəlif dərəcələri vardır. Həyat özünə yeni-yeni mənalar aldıqca, özünə daha yüksək dərəcə kəsb edir. Buna görə də idrak qüvvəsinə və hissiyyata malik olan varlığın həyatı, bitkilərin həyatından müqayisə olunmaz dərəcədə yüksəkdir.

Amma son yüz ildə materializm fəlsəfəsi tərəfdarları, mexanika nəzəriyyəsinin (mütəhərrik maddənin ilkinliyi) dünya barəsində irəli sürdüyü təfsirlərə əsasən, yuxarıda qeyd olunan nəzəriyyə ilə müxalifətə qalxaraq demişlər: Maddi dünya çox kiçik və bir-birinə oxşayan cisimlərdən təşkil olunmuşdur ki, ümumi qanuna əsasən, sadə və bir-birinə oxşar qüvvələr – cazibə və dəfetmə qüvvələri onlara təsir göstərir. Yəni onların gördüyü işlər yalnız bu təsiri yarada bilir ki, onun hər hansı bir hissəsi yerindən hərəkət edərək başqa bir yerə getsin. Cisimlər, onların arasında olan cazibə və dəfetmə qüvvələri nəticəsində bir yerə yığılır, yaxud dağılışırlar. Nəticədə maddə özünə müxtəlif formalar alır. Buna əsasən, yuxarıda qeyd olunan maddi təfəkkür, hərəkət və təkamülü cisimlərin və zərrələrin fəzada bir-birinin yerdəyişməsi ilə xülasələndirir. Onlar maddənin müxtəlif formalarını da belə izah edib deyirlər ki, bu cür növ müxtəlifliyi o zərrələrin bir yerə yığılıb sonra dağılmasının nəticəsidir. Maddənin təkamül yolunda heç bir təzə şey vücuda gəlmir.

Buna əsasən, maddə öz vücudu, eləcə də təkamülü yolunda heç bir inkişaf və tərəqqiyə məruz qalmır, o, sadəcə olaraq müxtəlif yollarla bir yerə yığılıb qalır. Bu da eynilə insanın öz əlində bir qədər xəmir saxlayıb ondan müxtəlif formalar düzəltməsinə oxşayır ki, bütün hallarda xəmirin zatı öz yerində qalır və onda zati və əsasi dəyişiklik əmələ gəlmir.

Bu fərziyyəni, mexanikadakı irəliləyiş və təkamül (mövcud elmi təhqiqatlar çərçivəsindən azad olan təbii elimlərin ilkin şöbəsi) daha da gücləndirdi. Bu elmin mexaniki hərəkət qanunlarında etdiyi kəşflər və adi cisimlərdəki hərəkətləri göy cisimlərinin fəzada hərəkəti əsasında izah edərək əldə etdiyi qanunlar bu məsələni daha da təkmilləşdirdi.

Amma elmin günbəgün inkişaf etməsi, elmi təhqiqatların sair sahələrə də genişlənməsi bu fərziyyənin yanlış olduğunu sübut etdi, digər tərəfdən də onun məkan daxilində baş verən bütün mexaniki hərəkətlərlə izah etməkdə bacarıqsız olduğunu, maddənin müxtəlif şəkillər almasını, cisimlərin, zərrələrin mexaniki hərəkətləri və bir yerdən başqa yerə hərəkət etmələrində yetərli olmadığını göstərdi. Bundan əlavə, elm sübut etdi ki, insan öz fitrəti əsasında dərk edir ki, maddənin müxtəlif şəkilləri sadəcə onun mexaniki və məkan baxımından bir yerdən başqa yerə nəql olunması ilə bitmir, onda həm də müxtəlif təkamül və növ keyfiyyətli dəyişikliklər vardır. Elmi təcrübələrdə sübuta yetmişdir ki, zərrələrin, kiçik cisimlərin keyfiyyət baxmından olan tərkibi, heç vaxt həyatı, həssaslığı, idrak və təfəkkürü yarada bilməz. Bu məsələ də insanı mexaniki (maddi) təsəvvürlərdən başqa idraklara doğru sövq etdi. Çünki insan görürdü ki, maddə həyat, hissiyyat, təfəkkür, həqiqi inkişaf, vücudun mərtəbələri və növdaxili təkamül kefiyyətlərindən bəhrələnir – istər bu məsələ maddi bir şeyin növlə əlaqədar olan təkamülü və ali dərəcədə olsun, istərsə də qeyri-maddi.

Yuxarıda qeyd etdiyimiz üç mərtəbəni təşkil edən müddəalar aşağıdakılardan ibarətdir:

1-Hər bir hadisənin müəyyən bir səbəbi vardır;

2-Zəif və ibtidai bir varlıq, ali səviyyəli və özündən güclü olan başqa varlığı yarada bilməz;

3-Vücudun dərəcələrində olan fərqlər və onun xarici aləmdəki şəkil müxtəlifliyi, keyfiyyət baxmından olan müxtəliflikdir.

Qeyd olunanları nəzərə almaqla, təkamülün növdaxili şəkillərində həqiqi inkişaf, yəni maddənin vücudunun təkamülü və onun növ xarakterli artımını gördükdə, belə bir sual yaranır: Bu artım və inkişaf haradandır? Hər bir hadisənin müəyyən bir səbəbi olduğunu nəzərə aldıqda isə, belə sual yaranır ki, bu yeni artım və inkişaf necə əmələ gəlmişdir?

Bu suala iki yolla cavab verilir:

Birinci: Bu artım və inkişaf maddənin özündən yaranmışdır. Yəni heç bir növ həyat, hissiyyat və idraka malik olmayan maddə, özünün təkamül yolunda bu həyat, hissiyyat və idrakı məhz özü vücuda gətirmiş, nəticədə maddənin ibtidai forması, daha kamil və ali səviyyəli maddə yaranmasına səbəb olmuşdur.

Bu cavab ikinci müddəa, yəni ibtidai varlıq yüksək və ali səviyyəli varlığın yaranmasına səbəb ola bilməz prinsipi ilə təzad təşkil edir. Cansız və hər növ həyat əsərlərindən məhrum olan bir maddənin özünə, yaxud başqa bir maddəyə hiss və təfəkkür bağışlaması eynilə bir şəxsin, özü ingilis dilini bilmədiyi halda, onu başqasına öyrətməsinə, yaxud daha zəif bir işığın günəş kimi güclü işığa malik olan varlıq yaratmasına, yaxud heç nəyi olmayan fəqir bir insanın böyük bir layihənin inşasına sərmayə qoymasına bənzəyir.

İkinci cavab isə budur: Maddənin təkamül yolunda qazanıb əldə etdiyi artım elə bir mənbədən qaynaqlanır ki, o mənbə bütün bu artımın möhtəvasından – həyat, hiss və idrakdan faydalanır. O da bütün aləmlərin Pərvərdigarı olan Allahdır. Maddənin inkişafı da böyüdüb bəsləməkdən başqa bir şey deyildir. Pərvərdigari-aləm də Özünün yetərli hikməti və tədbiri ilə onu maddəyə əta etmişdir.

Məhz bu cavab yuxarıdakı üç prinsiplə düz gəlir və sonsuz dünyada olan vücudların surətinin təkamül, inkişaf və tərəqqisini əqlin qəbul edəcəyi tərzdə izah və təfsir edə bilər.

Qurani kərim sağlam əql fitrətinə xitab edərək, müxtəlif ayətlərdə bu dəlilə işarə edir:

Örmədinizmi ki, ilk vaxtda nütfə (seperma) idiniz? Siz onu insan surətinə saldınız, yoxsa Biz onu xəlq etdik?

Yerdə əkdiyiniz toxumu görmədinizmi? Onu torpaqda siz cücərdirsiniz, yoxsa onu cücərdən Bizik?

Yandırdığınız oda baxmırsınızmı?! Onun ağacını siz yaratmısınız, yoxsa Biz xəlq etmişik?!

Allahın qüdrət nişanələrindən biri də budur ki, sizi torpaqdan xəlq etdi, insan olduqdan sonra yer üzündə yayıldınız.

MADDƏÇİLİK TƏFƏKKÜRÜ VƏ YUXARIDAKI SUAL

İndi isə maddəçilərin bu barədə nə dediklərinə nəzər salaq.

Mexanika nəzəriyyəsinin (mütəhərrik maddənin ilkin olması) tərəfdarları burada heç bir çətinliklə qarşılaşmırlar. Çünki, qeyd etdiyimiz kimi, onlar həyat, hissiyyat və idrakı (təfəkkür qüvvəsini) yalnız zərrələrin və maddənin kiçik hissələri arasındakı mexaniki qüvvə vsitəsilə yaranan yığılma və dağılma hərəkətlərindən başqa, yeni bir şeydə bilmirlər.

Lakin bu dəyişikliklər əsnasında maddənin keyfiyyət və kəmiyyət baxımından təkamülə doğru getməsinə etiqad bəsləyən yeni maddəçilik nəzəriyyəsinin ardıcılları yuxarıdakı sualın cavabında çıxılmaz vəziyyətdə qalırlar. Onlar maddədə keyfiyyət baxımından baş verən dəyişikliyi təfsir və izah etmək üçün elə bir üslub seçirlər ki, həm yuxarıda qeyd olunan ikinci prinsip ilə, digər tərəfdən isə sırf maddəyə kifayətlənmək təmayülləri ilə uyğun gəlsin deyə, belə deyirlər: Maddənin özü bütün yaradılışın mənşəyidir. Keyfiyyət baxımından təkamülə zəminə yaradan da məhz maddədir. Amma onun işi böyük bir layihənin inşasına sərmayə qoyan fəqir kimi deyildir, buna görə də ikinci müddəa ilə zidd deyildir. Əksinə, onun işi yalnız buna əsaslanır ki, ondakı hər növ təkamülün, tərkib və forma cəhətdən bütün dəyişikliklərin zəminəsi ilk əvvəldən maddənin daxilində mövcud olmuşdur. Necə ki, toyuq yumurtanın içində, hidrogen və oksigen qazları suda mövcudur.

Lakin belə bir sual yaranır ki, onun içində olan maddənin eyni zamanda həm toyuq, həm də yumurta, yaxud həm su, həm də qaz olması necə mümkündür?

Yeni maddəçilər (dialektik materialistlər) bu suala cavab verərək deyirlər ki, bu məsələ ümumi bir qanun kimi təbiətə hakim olan (antaqonist) ziddiyyətlər əsasındadır. Yəni hər bir şeyin daxilində onun ziddi də var və öz ziddi ilə daim mübarizədədir. Bu mübarizə nəticəsində onun daxilindəki zidd inkişaf edərək axırda aşkar olur. Beləliklə də maddənin daxilində dəyişiklik yaranır, müəyyən bir zaman keçdikdən sonra yumurta yarılır və içindəki cücə çölə çıxır, bununla da maddə öz təkamül yolunu ötüb keçir. Bu mübarizədə qələbə çalan zidd, maddəni bir qədər irəliyə aparır.

Biz burada bir neçə məsələyə işarə edərək soruşuruq:

Yeni maddi təfəkkürdə hər şey öz ziddini öz daxilində bəsləyir dedikdə aşağıdakı mənalardan hansı birini nəzərdə tutursunuz:

1-Yumurta və toyuq hər biri digərinin ziddini (yumurta toyuğu, toyuq da yumurtanı) yaradıb ona həyat xüsusiyyətləri verir? Yəni cansız bir şey canlı bir şeyi istehsal edərək ona həyat bağışlayır?

əgər məqsədiniz bu olsa, onda bu, eynilə böyük inşaat işlərinin bünövrəsini qoyaraq ona külli miqdarda sərmayə buraxan yoxsul və fəqir bir insana bənzəyir. Bu da əvvəldə qeyd olunan prinsiplərlə tamamilə ziddir.

2-Yaxud məqsədiniz bu ola bilər ki, yumurta toyuğu yaradıb vücuda gətirmir, sadəcə olaraq onun içərisində gizlənən toyuğu aşkar edir. Çünki sizin dediyinizə görə, hər bir şey daxilində öz ziddini böyüdür. Yəni yumurta elə yumurta olması ilə eyni zamanda, həm də toyuqdur. Bu da eynilə iki cəhətdən müxtəlif olub fərqlənən bir şəklə bənzəyir.

Aydındır ki, əgər yumurta, yumurta olmaqla eyni zamanda, həm də toyuq olarsa, onda toyuğa çevrilən zaman heç bir inkişaf və təkamül yolu keçmiş olmur. Çünki hal-hazırda vücuda gələn şey elə əvvəldən onun daxilində varmış. Bu iş də bir şəxsin pulunu bir cibindən çıxarıb başqa cibinə qoymasına oxşayır, belə ki, onun mal-dövlətinə heç bir şey əlavə olunmur. Çünki hal-hazırda əlində saxladığı pul elə əvvəldən onun cibində var idi.

Buna əsasən, inkişaf və təkamülün gerçəkləşməsi və yumurtanın həqiqətən təzə canlı bir varlıq olan toyuğa çevrilməsi üçün hökmən buna inanmalıyıq ki, yumurta əvvəldə toyuq olmamış, əksinə onda yumurtanın yaranması üçün istedad və qabiliyyəti olan bir maddə olmuşdur. Məhz belə olan halda, yumurta daşdan seçilib ayrılır. Çünki, daşın toyuq olmağa qabiliyyəti yoxdur. Lakin yumurtada elə bir xasiyyət vardır ki, xüsusi şəraitlərdə toyuğa çevrilə bilir. Bir işin vücuda gəlməsinin sadəcə mümkünlüyü onun gerçəkləşməsi demək deyildir. Yəni yumurta həqiqətən toyuğa çevrilən zaman, onun təkcə toyuğa çevrilməsi imkanını bu dəyişikliklərin səbəbi hesab etmək olmaz.

Digər tərəfdən, əgər maddədəki forma və şəkil dəyişiklikləri onun daxilində olan ziddiyyətlərin nəticəsi olarsa, bu şəkillərin növbənöv hallara düşməsi də onun daxilindəki zidiyyətlərin növbənöv olması kimi izah olunmalıdır. Yəni yumurtanın özündə xüsusi zidiyyətlər vardır ki, bu da suyun içərisində olan ziddiyyətlərlə tamamilə fərqlənir. Buna görə də yumurtadan toyuq, sudan oksigen qazı əmələ gəlir. Amma maddənin zərrələr səviyyəsində olduğu ilkin mərhələyə, yəni varlıq dünyasını təşkil edən ilkin vahidlərə – atoma gəldikdə isə, o, proton, neytron, elektron, antiproton, antielektron və fotonlardan təşkil olunmuşdur. Yuxarıdakı fərziyyə burada da düzgün ola bilərmi? örəsən hər bir zərrə özünün daxili ziddiyyətlərinə əsasən, müəyyən xasiyyətə malikdirmi? Proton özünün ilkin maddəsinin daxilində mövcud olmuşdurmu və toyuq-yumurta məsələsində olduğu kimi, onların arasında gedən daimi çarpışma və mübarizənin nəticəsində yaranıbdırmı?

Bu fərziyyəni qəbul etsək, onda həmin zərrələrin özünə almalı olduğu müxtəlif şəkil və formaları necə izah etmək olar? Çünki daxili ziddiyyətlər fərziyyəsinə əsasən, bu zərrələr öz daxilində müxtəlif təzad və ziddiyyətlərə və nəticədə daxili cəhətdən müxtəlif mahiyyətlərə malik olmalıdır. Halbuki, müasir elm isbat etmişdir ki, maddənin ilkin təşkiledicisi kimi bir vahid vardır, onun daxili möhtəvası da vahiddir. Onun özünə aldığı müxtəlif şəkillər vahid möhtəvanın dəyişilməsindən başqa bir şey deyildir. Buna görə də protonun neytrona, yaxud neytronun protona keçməsi mümkündür. Yəni atom və onun hissələrindən əlavə – onların mahiyyətində heç bir dəyişiklik baş vermədən – cisimlərdə də dəyişiklik baş verir. Bu o deməkdir ki, bütün hallarda zahirdə bir-birindən fərqlənməsinə baxmayaraq maddənin tərkibi eynidir.

Burada soruşulur: Necə fərz etmək olar ki, bu şəkillər müxtəlif daxili ziddiyyətlərdən irəli gəlmiş olsun?

Toyuq-yumurta məsələsi mətləbi tamamilə aşkar edir. Bu misalda çoxlu yumurtaların daxili təzadlar nəticəsində özlərinə müxtəlif şəkillər alması üçün hökmən daxili tərkib nəzərindən bir-biri ilə təfavütlü və müxtəlif olmalıdır. Çünki toyuq yumurtası ilə milçək yumurtası (sürfə) bir-biri ilə fərqlənən ayrı-ayrı varlıqların yumurtası olduğuna görə toyuq yumurtasından cücə, milçək yumurtasından isə milçək əmələ gəlir. Lakin əgər yumurtalar eyni bir növdən olarsa, misal üçün, hamısı toyuq yumurtası olarsa onlardan daxili təzadlar nəticəsində müxtəlif canlıların yaranmasını təsəvvür etmək olmaz.

Beləliklə yeni maddəçilərin maddənin müxtəlif şəkilləri barəsindəki nəzəriyyəsi daxili ziddiyyət əsasında olduğundan, maddənin daxili tərkibini təşkil edən vahidlər barəsində olan yeni elmi nəzəriyyələr bir-biri ilə aşkar ziddiyyətlərə malikdir.

3-Yaxud onların məqsədi bu ola bilər ki, yumurta bir-birinə zidd olan iki müstəqil hissədən ibarətdir ki, onların hər birinin özünə məxsus vücudu vardır. Onlardan biri yumurtanın daxilində mayalanma nəticəsində əmələ gələn nütfə, digəri isə yumurtanın daxilində olan sair maddələrdən ibarətdir. Bir-birinə zidd olan bu iki hissənin vəhdəti yumurtanın daxilində mübarizəyə şərait yaradır və bu mübarizənin nəticəsində iki zidd şeydən biri daha barizləşir, nütfə qələbə çalır və yumurta toyuğa çevrilir.

Ziddlər arasında bu cür mübarizə nəzəriyyəsi heç də təzə məsələ deyildir. İnsanların ibtidai təsəvvürlərində olduğundan əlavə, insani-fəlsəfi təsəvvürlərdə də bu məsələ aydındır. Amma nə üçün yumurtanın içində olan nütfə ilə sair maddələr arasındakı, toxumla torpaq və havanın, yaxud rüşeymlə ana bətnində olan qida maddələri arasındakı dəyişiklikləri təzad adlandırmalıyıq? Bəli, ixtilafımız yalnız ad qoymadadır. Əgər onlardan biri digəri ilə birləşərək ikisi bir şəklə düşmüşdür desək, onda bu məsələnin əsl məhiyyətində heç bir təfavüt yaranmaz.

əlin, onu təzad adlandıraq. Yenə də bu ad qoyma ilə bizim problemimiz həll olunmayacaqdır. Ziddlər arasında bu kimi dəyişikliklərin ali və inkişaf etmiş mərhələyə çatıb, nəhayət yeni bir şeyin yaranmasına səbəb olduğunu və say baxımından əvvəlki iki maddədən daha artıq olduğunu fərz etsək belə, yenə bir sual yaranır: Bəs bu artım haradan yaranmışdır? Deyə bilərikmi ki, o, bir-biri ilə daim mübarizədə olan və həmin artırma malik olmayan iki ziddən əmələ gəlir? Halbuki, ikinci müddəaya nəzər yetirdikdə görürük ki, bir şeyə malik olmayan şey həmin şeyi başqasına verə bilməz.

Təbiətdə elə bir nümunə göstərmək olarmı ki, onda ziddlər arasında olan mübarizələr doğrudan da inkişaf və təkamül ilə nəticələnsin? Ümumiyyətlə, hansı bir şey öz ziddi ilə mübarizədə onun inkişaf və təkamülünə səbəb ola bilər? Halbuki, bu mübarizə bir növ qarşıya-qarşıya duraraq dəf etmədən ibarətdir və bir şey öz müqabilində olan şeyin – öz ziddinin inkişafına lazım olan qüvvəni aradan aparır. Hamımız bilirik ki, bir şəxs çayın axma istiqamətinin əksinə hərəkət edərsə, çay onun üzməkyi sərf etdiyi qüvvəsinin bir hisəsini ondan alır.

Hansı mənaya götürülsə belə, ziddlər arasındakı mübarizə yumurtanı inkişaf etdirib təkamülə çatmasına və nahayətdə toyuğa çevirməsinə səbəb olmasını qəbul etsək də, yenə də sual yaranır ki, ziddlər arasındakı mübarizədən irəli gələn inkişaf – suyun qaza, qazın da suya çevrilməsindəki hansı inkişafdır?

Təbiətdə elə ziddlər var ki, bir-biri ilə birləşərək təkamülə doğru inkişaf etmək əvəzinə, onların tamamilə məhv olmasına səbəb olur. Məsələn, atomun əsas hissəsini təşkil edən müsbət yüklü protonun mənfi yüklü müxalifi, yəni elektron adlı bir hissəciyi vardır. O, daimi olaraq nüvənin ətrafına fırlanır. Onun elektrik yükü mənfidir və müsbət yüklü protonun ziddidir. Əgər bu iki zidd bir-birinə çatsalar, atom dağılıb aradan gedər və vücud aləmindən birdəfəlik silinər, enerjiyə çevrilərək fəzaya yayılar.

Bir sözlə, maddə xaricdən kömək olmadan həqiqi inkişafa çata, daha yüksək səviyyəli surət qəbul edərək təmərküzləşə bilməz. Buna əsasən, maddənin inkişaf edərək ali səviyyəyə, həyat, hiss və idrak mərhələsinə çatması üçün hökmən ona qüvvə verib tərbiyə edən bir şəxs lazımdır. Həm də onun özü bütün bu xüsusiyyətlərdən bəhrələnmiş olmalıdır ki, onu maddəyə də verə bilsin. Bu inkişaf və təkamül yolunda maddənin ifa etdiyi rol imkan, şərait və qəbul etmə səlahiyyətindən başqa heç bir şey deyildir. Bu, eynilə layiqli bir mürəbbidən yaxşı dərs ala biləcək bacarıqlı və hazırlıqlı tələbəyə bənzəyir.

Aləmlərin Pərvərdigarı bütün eyb və nöqsanlardan pakdır!

ALLAHIN SİFƏTLƏRİ

Aləmlərin Pərvərdigarı olan Allahın varlıq aləmini hikmət və düzgün tədbir əsasında idarə etdiyini bildikdən sonra, təbiidir ki, Onun, yaradılış aləmindəki sifət və xüsusiyyətlərini də tanımalı və bu xüsusiyyətləri Onun yaratdıqlarına əsasən dərk etməliyik. Çünki, hər bir mühəndisin bacarıq və iş qabiliyyətini onun proqram və layihələrindən, hər hansı bir müəllifin elm və dərrakəsini, onun kitablarındakı elm və mərifətini nəzərdən keçirərək tanımaq olar. Eləcə də yaxşı mürəbbi olan bir şəxsiyyətin xüsusiyyətlərini, onun tərbiyə etdiyi insanlardan dərk etmək olar.

Məhz bu yolla Allahın elm, hikmət, həyat, qüdrət, eləcə də eşitmək, görmək və s. kimi xüsusiyyətlərinin bir qismini tanıya bilərik. Çünki yaradılış aləmində işlədilən incəlik və dəqiqlikləri gördükdə Onun elm və hikməti məlum olur. Onlarda olan qüdrət və qüvvələr Allah-taalanın qüdrət və qüvvəsinə dəlalət edir. Həyatın müxtəlif surət və şəkilləri, eləcə də əqlin müxtəlif mərtəbələrindəki hiss, həyat və idrak nümunələri Yaradanın idrak və həyatından xəbər verir. Varlıq aləminin layihəsindəki vahidlik və onun müxtəlif yönləri arasındakı tam uyğunluq isə işləri tədbirlə quran Allahın yeganəliyinə, bu əzəmətli varlıq dünyasının Onun səbəbi ilə yaranmasına dəlalət edir.

ALLAHIN ƏDALƏTİ

Biz öz fitri əqlimiz ilə bütün işlərin dəyərini dərk edirik. Məhz bu dəyərlərin vasitəsilə ədaləti və haqı xeyir, zülmü isə batil və şər hesab edirik. Eləcə də ədalətli şəxsi ehtiram və mükafata, zülm və təcavüz edən şəxsi isə cəzaya layiq hesab edirik. Bu dəyərlər də müşahidə və fitrətin hökmünə uyğundur. Belə ki, əgər cəhalət və şəxsi mənfəət pərdələri aradan qaldırılsa, insan hər şeyə bəsirət gözü ilə baxsa, onda bütün işlərə lazımınca dəyər verər. Yəni qərəzçilik məqsədləri olmayan hər bir insan misal üçün, öz kəlamında düzlüklə əyrilik, yaxud əmanətlə və xəyanətin hansını seçməkdə ixtiyar sahibi olarsa, şübhəsiz, düzlüyü əyrilikdən, əmanəti xəyanətdən üstün hesab edəcək. Bu şərtlə ki, həmin şəxs bu işə müəyyən qərəzlər və şəxsi məsləhətlər üzündən deyil, yalnız tam insafla yanaşsın.

Buna görə də bir şəxs ehtiyaclı olmazsa, yaxud hiylə işlətməkdə, xəyanət və zülm etməkdə özü üçün müəyyən mənfəət və məsləhət görməzsə, onda doğruluq, əmanətdarlıq və ədalət əsasında rəftar edəcəkdir. Bu məsələ eynilə dünyanın Yaradanı olan hikmətli Allah barəsində də düzdür. Çünki Allah taalanın pak Zatı əql və fitrətimizlə tanıdığımız bütün dəyərlərə əhatəli olduğundan əlavə, əqlin özünü də məhz O yaradaraq insanlara bəxş etmişdir, eyni zamanda Özünün sonsuz qüdrəti ilə dünyaya hakim kəsilmişdir, Onun heç bir fayda və ya mənfəətə də ehtiyacı yoxdur. Buna görə də biz Onu, heç vaxt zülm etməyən adil hesab edirik. Çünki, Allah-taalanın ilahi dəsgahında zülmə yer yoxdur.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

IMANSIZ SALEH ӘMӘL
Ilahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan ...
IKINCI ÇAPIN MÜQӘDDIMӘSI
Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ

 
user comment