TƏZKİYƏ (PAKLANMA) VƏ TƏRBİYƏNİN MAHİYYƏTİ
Söhbətimizin mövzusu təzkiyə və tərbiyədir. Bu iki söz məna baxımınca bir-birinə yaxın olsa da, təzkiyə daha əhatəli mənaya malikdir. Tərbiyə dedikdə təkamül üçün zəmin yaradılması, istedad və qabiliyyətlərin son mərhələyə çatdırılması nəzərdə tutulur. Ağac və ya gül əkən bağban onun inkişafı üçün şərait yaradır, onu suvarır, ona ehtiyac duyulan istilik və işıq verməyə çalışır. Amma bəzən o, bitkinin inkişafına yön verir, maneələri aradan qaldırır. Məsələn, bitki və ya ağacın artıq budaqlarını, yarpaqlarını qırır, inkişafa mane olan amilləri aradan qaldırır. Bu qəbil fəaliyyətlər təzkiyə adlanır. Demək, inkişafa mane olan, keyfiyyət və kəmiyyətə mənfi təsir göstərən amillərin aradan qaldırılması təzkiyədir.
Tərbiyə və təzkiyə prosesi bəzən bitki və heyvan kimi şüursuz mövcudlara tətbiq edilir. Amma şüursuz varlıqlar ixtiyar sahibi sayılmır və seçim apara bilmir. İnsanın tərbiyə və təzkiyəsində isə onun öz seçiminə və istəyinə də ehtiyac var. Əgər insan tərbiyə və təzkiyəyə meyl göstərməsə görülən tədbirlər faydasızdır. Demək, insanın tərbiyə və təzkiyəsi zamanı təbii və fiziki vasitələrlə yanaşı insanın tutum və qabiliyyətləri nəzərə alınmalıdır. Yalnız bu amillər nəzərə alındıqda onun tərbiyə və təzkiyəsi üçün münasib zəmin yaradıla bilər. İnsan özü tərbiyə və təzkiyə seçimi aparırsa, bu proses onun təkamülü, doğru yola hidayəti ilə nəticələnir.
Əlbəttə ki, insan agah və şüurlu olduğundan tərbiyəçi təlim vasitələrindən də bəhrələnməlidir. Tərbiyə və təzkiyə ilə yanaşı insana zəruri məlumatlar verilməli, onun müxtəlif biliklərə yiyələnməsi üçün şərait yaradılmalıdır. Bəli, insanın tərbiyə və təzkiyəsində tərbiyəçi qarşı tərəfin təlimi ilə də məşğul olmalıdır. Əgər müəllimin vəzifəsi bilik verməkdirsə, tərbiyəçinin vəzifəsi moizə-nəsihət, doğru yola çağırışdır. Tərbiyəvi işlər müəllimin vəzifəsi sayılmır. Təzkiyə ilə təlim arasındakı fərq də məhz bu nöqtədədir. Əlbəttə ki, müəllim tərbiyəçi rolunu da oynaya bilər. Belə olduqda o tərbiyəvi işləri də öhdəsinə götürməlidir.
Tərbiyə və təlim arasındakı digər fərq təlim prosesindəki təkrar və məşğələlərdir. İnsan öz biliklərini təcrübədə işə salmaq üçün təkrar və məşğələlərdən faydalanır. Bəzi biliklər sırf zehnə aiddir və onların yaxşı dərk olunması zəruridir. Bəzi biliklər isə hökmən təcrübədə tətbiq edilməlidir. Bu səbəbdən də uyğun bilikləri dərk etməklə yanaşı onların təkrarına ehtiyac var. Məsələn, sürücülük peşəsinə yiyələnən insan zəruri biliklər əldə etdikdən sonra sükan arxasında öz biliklərini təcrübədən keçirməlidir. Tərbiyəçinin əsas rolu ondan ibarətdir ki, tərbiyə olunan şəxs öz biliklərini təcrübədə yoxlasın. Yəni ümumi biliklərin cüzi əməli göstərişlər şəklində icrasına ehtiyac var. Tərbiyə olunan şəxsə xatırladılmalıdır ki, hansı mərhələdə hansı göstərişə əməl edilməlidir.
Demək, insanın tərbiyə və təzkiyəsi üçün xüsusi tutumlara, qabiliyyətlərə və ləyaqətlərə ehtiyac var. İnsanın bu yönümdə ehtiyaclarından yalnız onu yaradan varlıq xəbərdardır. Yalnız Allah insanın düzgün tərbiyə və təzkiyə yolunu bilir. O bu məlumatları öz peyğəmbərlərinə öyrətmişdir. Onlar ilahi təlimlərə əsaslanaraq insanların təkamülü üçün zəmin hazırlayırlar. İnsan ixtiyar sahibi olduğundan ictimai şərait və tərbiyəçinin təlaşlarının ziddinə gedə bilər. Yalnız tərbiyə olunan şəxsin istəyi ilə tərbiyə prosesi bəhrə verər. Bəli, istedad və qabiliyyətlərin doğru yolda istifadəsi üçün tərbiyə olunan şəxsin istək və iradəsinə ehtiyac var.
İNSANIN TƏRBİYƏSİ ÜÇÜN ƏN ALİ NÜMUNƏ
Tərbiyəçini müvəffəqiyyətə çatdıracaq tərbiyə üsulları haqqında çox danışılmışdır. Tərbiyəçilərin yekdil rəyi budur ki, tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün nümunələr təqdim edilməlidir. Bəli, yalnız düzgün nümunənin təqdimi tərbiyə prosesinin müvəffəqiyyətlə başa çatmasını təmin edir. Əlbəttə ki, bu prosesdə müvəffəqiyyət üçün tərbiyəçi özü də nümunəvi olmalı, əməli şəkildə qarşı tərəfi məqsədə doğru aparmalıdır. Tərbiyəçi tərbiyə olunan şəxsə təlqin etdiyi xüsusiyyətlərə özü də malik olmalıdır. Başqa halda düzgün nümunələr təqdim etməkdən savayı yol yoxdur. Əxlaq alimlərinin ustad seçimində diqqətli olmaq göstərişi də bu amilə əsaslanır. Ustad təkcə əxlaqi gösrərişləri öyrənmək üçün seçilmir. Ustad özü tərbiyə etdiyi şəxsə nümunə olmalı, qarşı tərəf onunla ünsiyyətdə əməli şəkildə nümunələri tanımalıdır.
Başqalarına nümunə olmaq istəyən insan rəftarlarında nöqsana yol verərsə, ətrafdakıları tərbiyə edə bilməz. Allah-taala öz bəndələrinə minnət qoyaraq nümunə üçün məsum şəxslər seçmişdir. Bu şəxslər istənilən bir nöqsandan uzaqdır, onların danışıq və əməlləri ən kamil həddədir. Onlar əsl ideallardır. Allah-taala Qurani-kərimdə peyğəmbərlərin, xüsusi ilə İslam peyğəmbərinin nümunə olduğunu təkidlə vurğulayır. Tərbiyələnmək istəyən insana ən böyük xidmət ona düzgün, məsum nümunə tanıtdırmaqdır. Beləcə, sonuncu və ən kamil peyğəmbər olan İslam peyğəmbəri Allah-taalanın insanlara lütf etdiyi böyük nemətdir. O həm vəhy daşıyıcısıdır, həm üstün məqamlara malikdir, həm insanların özündən olduğu üçün yaxşı nümunədir. İslam peyğəmbəri günah və xətadan uzaq olduğu üçün bizi səadət və kamilliyə çatdıracaq ən düzgün nümunə sayılır. Biz öz danışıq və rəftarlarımızı bu nümunə əsasında tənzimləməliyik. Bu yönümdə şiələrin başqa İslam firqələrinə münasibətdə imtiyazları var. Şiələrin İslam peyğəmbərindən əlavə onun Əhli-beytindən (ə) olan məsum imamlar kimi idealları var. Məhz bu şəxslərə təqlid edilməsi, məsum imamlar və xanım Fatimənin (ə) ideal seçilməsi ən düzgün yoldur. Biz onların rəftarlarını nümunə götürə bilərik. Allah-taala məsum imamların vücudu neməti ilə, onlara ardıcıllıqda öz yardımı ilə nemətlərini tamamlamışdır. Bu ilahi nemətlərdən ən üstün istifadə yolu əziz Peyğəmbər və məsum imamların məqamından nümunə götürüb bu nümunələri öz həyatımızda işə salmağımızdır. Öncə onların rəftarları ilə yetərincə tanış olmaq lazımdır. Yetərli tanışlıqdan sonra həyatımızın müxtəlif yönümlərində həmin rəftarları tətbiq etməyə çalışmalıyıq. Bir növ öz danışıq və rəftarlarımızda onlara təqlid etməliyik. Əlbəttə ki, bədxahlarımız məsumların danışıq və rəftarlarına təqlid mövzusuna münasibətdə şübhə toxumu səpirlər. Öncə bu şübhələri cavablandırmaq lazım gəlir. Uyğun şübhələr cavablandırılmasa insanlar ilahi ideallardan məhrum qala bilər.
QURAN VƏ DOĞRU YOLDA OLANLARA ARDICILLIQ
Əksər dillərdə işlədilən "nümunə" sözü dini mahiyyətə malik deyil. Quranda uyğun məna “usvə” və “iqtida” sözləri ilə ifadə olunmuşdur. Rəvayətlərdə də bu sözlərlə rastlaşırıq. Allah-taala Quranda bəzi peyğəmbərlərin adlarını və xüsusiyyətlərini sadaladıqdan sonra buyurur: “Bunlar Allahın hidayət etdiyi kəslərdir, onların hidayətinə iqtida et.” Bu ayədə Allah peyğəmbərləri məhz Özü hidayət etdiyini vurğuladıqdan sonra bəndələrinə onlara iqtida etmək göstərişi verir. Bəli, peyğəmbərlər ilahi hidayət nemətindən bəhrələndikdən sonra nümunə olmaq ləyaqəti qazanmışlar. Onları nümunə seçmək bizim işimizdir. İqtida etmək nümunə seçmək mənasını bildirir. Cəmiyyət namazında imama iqtida etmək namazda onu nümunə götürmək mənasını bildirir. Nümunə götürmək mənasında “təəssi” sözündən istifadə olunur. Bu sözlə yanaşı “itba” sözü də geniş işlədilir. Bu söz iqtida və təəssi sözləri ilə bir sırada dayansa da daha geniş mənaya malikdir. Düşüncə ilə bağlı, nəzəri və etiqadi məsələlərdə “təbəiyət”, yəni tabeçilik sözündən istifadə olunur. “İtba” sözünün müxtəlif formaları ilə Quranda rastlaşırıq. Həzrət İbrahim buyurur: “Ey ata, elmdə mənə verilən sənə verilməyib. Mənə tabe ol, səni doğru yola hidayət edim.”
Yuxarıdakı ayədə iki nöqtəyə diqqət yetirmək zəruridir: Əvvəla, həzrət İbrahim Azəri ata deyə çağırır. Hansı ki, Azər İbrahimin əmisidir. Belə bir müraciətin səbəbi qarşı tərəfə ehtiram göstərilməsidir. Uyğun hadisə baş verən vaxt həzrət İbrahim bir gənc idi, Azər yaşa dolmuşdu. Onlar arasında bütpərəstlik və bir Allahla bağlı mübahisə gedirdi. Uyğun mübahisədə həzrət İbrahim (ə) bütün ədəb qaydalarını gözləyərək ona ən nəzakətli şəkildə müraciət edir. Necə ki, yaşlı insan özündən kiçiyə məhəbbət göstərdikdə ona oğlum deyə müraciət edir.
Digər bir nöqtə budur ki, həzrət İbrahim əmisi Azərə onun etiqadının batil olduğunu sübut etdi. Azərin heç bir bəhanəsi qalmamışdı. Həzrət İbrahim həqiqətləri dərk etmiş, səadət yolunu tanımışdır. O başqalarını da doğru yola hidayət edə bilərdi. Azər isə həqiqətlərdən xəbərsiz idi, xeyir yolu tanımırdı. Onun vəzifəsi İbrahimə tabe olmaq idi. Həzrət İbrahimin dəvəti bilməyənlərin alimə təqlid dəvəti idi. Doğru yolu tanımayanlar bu yolu tanıyanların mərifət çırağı sayəsində azğın yoldan çəkinə bilərlər. Əslində düzgün nümunələrin doğru yola çağırışı insanın fitrət və düşüncəsinin səsidir.
TƏQLİDİN MAHİYYƏTİ, ONUN AĞIL VƏ FİTRƏTDƏ YERİ
Ağıl və fitrət tələb edir ki, insan bilmədiyi və mütəxəssis olmadığı sahələrdə həmin biliklərə sahib olan mütəxəssisə təqlid etsin. Mütəxəssisin sözlərini qəbul etmək təbii bir ehtiyacdır. İstənilən bir millətdən, istənilən bir dindən olan düşüncəli insanlar cahilin alimə müraciətini qəbul edir. Beləcə, bilmədiyimiz sahələrə ehtiyac duyduqda mütəxəssislərə üz tutur, onların biliklərindən faydalanırıq. Xəstələnən insan həkimə, ev tikmək istəyən insan mühəndisə, məhkəmə iddiası qaldırmaq istəyən şəxs vəkilə müraciət edir. İstənilən bir sahədə cahilin, bilməyən şəxsin alimə müraciəti fitrət və ağılın tələbidir. Xəstəni məcbur etmək lazım deyil ki, o həkimə üz tutsun. Çünki o özü yaxşı bilir ki, xəstəlikdən yaxa qurtarmaq üçün həkimə müraciət olunmalıdır.
Yuxarıda deyilənləri nəzərə alsaq, aydın olar ki, dini vəzifələrini, şəri hökmləri bilməyən insanın uyğun sahədə mütəxəssislərə müraciət edib ehtiyac duyduğu məlumatı alması təbii bir addımdır. Din sahəsində mütəxəssis müctəhiddir. Hətta ayə və rəvayətləri bir kənara qoysaq, müctəhidə təqlidi qəbul etməliyik və bilməliyik ki, belə bir müraciət cahilin alimə müraciətinin bir növüdür. Hansı sahədə bilməyən insan bilənə müraciət etmirsə, səhvə yol verir və zərərə düşdükdə üzürlü sayılmır.
Düşüncə sahibləri ixtiyarında şəri məsələlərin açıqlandığı risalə olduğu halda bu risaləyə müraciət etməyib özbaşına addım atan və nəticədə xətaya yol verən fərdi məzəmmət edirlər. Din aliminə müraciət etmədiyindən dini vəzifələrində səhvə yol verən şəxsin Allah hüzurunda üzrü olmayacaq. Demək, ağıl və fitrətin tələbi olan alimə müraciət məsələsinə diqqətsizlik insan üçün problemlər yaradır. Alim həm şifahi, həm də yazılı şəkildə göstəriş verə bilər. Əsas məsələ uyğun göstərişlərdən istifadədir.
Psixoloqlar və sosioloqlar insan həyatında təqlidin əhəmiyyəti mövzusunu çox araşdırmışlar. Onlardan biri də tanınmış qərb psixoloqu Qabriel Tarddır. Onun nəzərincə, insanı ictimailəşdirən, onu mədəniyyətlərə diqqətli edən əsas amil təqliddir. Əgər təqlid olmasaydı insanın danışıq dili, yazı xətti olmazdı. Təqliddən imtina edən insan yazıb-oxumaq kimi misilsiz dəyərlərdən məhrum olar, öz əcdadlarının elmi və mədəni irsindən faydalana bilməzdi. İş başına gələn istənilən bir nəsil, özündən əvvəlki nəslin təcrübələrindən faydalanmalı, öz ictimai həyatını nizamlamaq, ehtiyaclarını aradan qaldırmaq üçün onlara təqlid etməlidir. Demək, keçmiş irsin mənimsənilməsində aparıcı amil təqliddir. Əgər öz həyatımızda ata-babalarımızın təcrübələrindən faydalanmasaydıq, onların məlumatlarından istifadə etməsəydik, hətta yemək və geyim kimi ehtiyaclarımızın təminində misilsiz problemlərlə üzləşərdik. Axı keçmiş təcrübələrdən faydalanmadan xörək bişirmək, libas tikmək, ev tikmək necə mümkün olar?! Bəşəriyyət təqliddən imtina etsəydi, hazırkı təkamüldən məhrum olardı. Bəli, keçmiş elmi, mədəni biliklərdən faydalanmanın ən əsas amili təqliddir.
Əlbəttə ki, bütün sahələrdə təqlidə üz tutmaq ifratçılıqdır. Biz düşünmürük ki, insanın formalaşmasında yeganə yol təqliddir. Hər halda yuxarıda sadalanan faktlar təqlidin qaçılmaz olduğunu göstərir. Əgər insan təqlidi yanlış bir addım sayırsa, təbii ki, yerində sayasıdır. Əgər övlad ata-anasından danışmağı öyrənməsə necə olar?! Müəllimdən yazmağı öyrənmək istəməyən insan necə savadlanar?! Bəli, həyatın əksər sahələrində, o cümlədən, ölüm-qalım kimi zəruri nəticələrə aparacaq işlərdə təqlid etmək zəruridir. Əgər xəstə öz müalicəsində həkimə təqlid etmirsə öz həyatına düşmən kəsilir.
QURANIN MƏSUMLARA TƏQLİD ÇAĞIRIŞI VƏ AZĞINLARA TƏQLİDƏ QADAĞASI
Alimlərə və doğru yolu tapmışlara müraciətin zəruriliyi, eyni zamanda cahillərə, yolunu azmışlara itaətin yolverilməzliyi ilə bağlı Allah-taala Qurani-kərimdə buyurur: “ Haqqa doğru çağıran kəsə, yoxsa yoldan çıxmış birinə itaət yaxşıdır?!” Bu ayənin mesajı insan həyatının bütün sahələrində işləkdir. Bu göstəriş həm dini-əxlaqi, həm də ictimai-siyasi yönümlərə şamil olunur. İstənilən bir halda bizə münasib yol göstərilir. Allah-taala fitrət və düşüncəyə uyğun mövzulardan danışarkən sual üslubundan istifadə edir. Bu üsul Quranın hidayət üsullarındandır. Haqqa əsaslanan istənilən bir mövzu inkar edilərkən Allah inkarçıların ağıl və fitrətinə müraciət edir. Bəli, insanların düşüncə və fitrəti sorğuya çəkilir, bu yolla insanlara anladılır ki, onların tutduğu yol düşüncə və fitrətə ziddir. Nəzərə çatdırılır ki, səadət sorağında olan insan Allahın hidayət etdiyi insana üz tutmalıdır. Məhz belə bir şəxs insana haqq yolu tanıtdırıb, onu bu yola hidayət edə bilər. Əlbəttə ki, özü haqqı tanımayan bir şəxs başqa birini necə hidayət edə bilər?! Bu iki yol ayrıcında düşüncə və fitrət hansı yola səsləyir?! Şübhəsiz ki, insan doğru yolu tutmuş insanın çağırışına cavab verməli, haqqı tanıyan birinə tabe olmalıdır. Əksinə, yolunu azmış biri öz cəhalətini etiraf etməsə də, onun danışıq və rəftarından haqqı tanımadığı, hidayət olmadığı bəllənir.
Doğru yolda olmayanların aşkar bir nümunəsi istənilən bir mövzuya şübhə ilə yanaşan ziyalınümalardır. Onlar hər şeyə şübhə edir, bu şübhə ilə öyünürlər. Biz kimə üz tutmalıyıq? Allah tərəfindən doğru yola yönəldilmiş peyğəmbərlər və övliyalara, yoxsa hər nəyə şübhə ilə yanaşanlara?! Şübhə içində olandan yolmu istəyək?! Əlbəttə ki, şübhə içində vurnuxanlar öz məntiqlərinə don geyindirmək üçün yəqin mərtəbəsinə çatmağın mümkünsüz olduğunu bildirirlər. Onlar deyirlər ki, insan həqiqi yəqin məqamına çata bilməz. Onlar iddia edirlər ki, yəqin mərtəbəsində olduğunu iddia edənlər zənn-gümana uyurlar. Bəli, bu zümrədən olanlar insanı doğru yola yönəltməyə acizdir!
FAYDALI TƏQLİDLƏ ZƏRƏRLİ TƏQLİDİN BİR-BİRİNDƏN SEÇİLMƏSİ
Aydın oldu ki, elm və bilikdən məhrum olan insan ağıl və fitrətin hökmü ilə mütəxəssisə müraciət etməlidir. Xüsusilə dini məsələlərdə din alimlərinə müraciət etmək zəruridir. Belə bir müraciətin həyatı əhəmiyyəti var. Yalnız din alimlərinin göstərişləri sayəsində insan öz vəzifələri ilə tanış olub onlara əməl edə bilər. Məhz bu həqiqətlə bağlı Allah-taala buyurur: “Əgər bilmirsinizsə bilənlərdən (zikr əhlindən) soruşun.” Bir daha qeyd edirik ki, istənilən bir sahədə həmin sahənin mütəxəssisinə müraciət etmək, ona təqlid ağıl və fitrətin əmridir. İnsanı daim doğru yoldan azdırmaq fikrində olan şeytanlar ən aşkar məsələləri də şübhə altına alırlar. Aşkar bir həqiqət olan dində təqlid mövzusu da şübhəli bir məsələ kimi təqdim edilir. Hansı ki, bütün din alimləri öz risalələrində dini hökmlərdə təqlidi şəri vəzifə sayırlar. İnsan ya müctəhid olmalı, ya ehtiyat yolunu tutmalı, ya da təqlid etməlidir. Dini hökmlərdə zəruri şərtlərə malik (cameuş-şərait) fəqihə təqlid olunmalıdır. Amma bəziləri həyasızlıqla “təqlid meymun işidir” söyləyirlər. Məgər müctəhidə təqlid bilmədiklərini bilən şəxsdən öyrənmək deyilmi?! Məgər xəstə öz dərdinə çarə qılmaq üçün həkimə müraciət etmirmi?! Hətta həkim özü xəstələndikdə özünə aid olmayan sahədə başqa bir həkimə müraciət edir və o həmin həkimin göstərişlərinə tabe olur.
Unutmamalıyıq ki, təqlidin müxtəlif mənaları var. Təqlidin arzulanmayan növləri də mövcuddur. Şəkk-şübhə yaradan insanlar bəyənilməyən təqlidi əllərində bəhanə tutaraq zəruri təqlidlərə qarşı hücuma keçirlər. Hansı ki, eyni bir söz müxtəlif mənalar daşıya bilər və hər bir mənanın öz hökmü olar. Bəzən mənalar arasında fərq o qədər böyük olur ki, onları ayırmaq çətin olmur. Misal olaraq “top” sözünü göstərə bilərik. Kürə şəkilli oyuncaq da, hərbdə işlənən mərmi atan silah da top adlanır. Bu mənalar arasında fərq o qədər böyükdür ki, onu hamı dərk edə bilir.
Bəli, bəzən bir sözün ayrı-ayrı mənaları o qədər yaxın olur ki, insan nəzərdə tutulan mənanı müəyyənləşdirə bilmir. Yalnız nəzər sahibləri bu mənaları xüsusi diqqət göstərərək bir-birindən seçə bilirlər. Eyni zamanda, şəkk-şübhə yaratmaq istəyənlər mənaların yaxınlığından sui-istifadə edərək müsbət mənanın üzərinə kölgə salırlar. Onlar bu yolla öz çirkin məqsədlərini izləyir, ətrafdakıları aldadırlar.
Bütün bunları nəzərə alsaq, həm ayə və rəvayətlərin araşdırılmasında, həm də əqli mübahisələrdə hər nədən öncə mühüm sözləri (bir növ terminləri) dəqiq mənalandırmaq lazım gəlir. Məsələn, hazırkı söhbətimizdə öncə “ətba”, “usvə”, “təqlid” sözlərinin mənasını dəqiq müəyyənləşdirməyə ehtiyac var. Təqlidin mənalarından biri cahilin alimə müraciət etməsidir. İstər nəzəri, istər əməli baxımdan uyğun məna müsbət dəyərləndirilir. Amma təqlid sözünün bəyənilməyən, məzəmmət edilən mənaları da var. Azğın insanlara kor-koranə itaət təqlidin mənfi mənalarındandır. Şübhəsiz ki, bu sayağı təqlidlər nəfs istəklərinə əsaslanır. Meymunlara xas olan təqlid də məhz bu təqliddir. Geri qalmış cəmiyyətlər, fərdlər, şəxsiyyətsiz insanlar bu qəbil təqlid yolunu izləyirlər. Məsələn, gənclər müxtəlif sahələrdə tanınmış şəxsiyyətlərə, musiqiçilərə, idmançılara təqlid edərək, onlar kimi geyinir, onlar kimi saç düzümü seçirlər. Bir gün hansısa kino ulduzu saçını müəyyən düzümə salırsa, kor-koranə təqlid edənlər səhəri gün eyni saç düzümünə maraq göstərirlər. Əlbəttə ki, bu sayağı təqlid məzəmmət olunur və cahilin cahilə təqlidi sayılır. İnsan öz seçimi üçün dəlillərə malik olmalıdır. Kimlərinsə şəxsi baxışlar əsasında seçdiyi geyim dəbi və ya saç düzümü başqaları üçün nümunə ola bilməz. İnsanlar bu yönümdə müstəqil olmalı, öz seçimlərini aparmalıdırlar. Zahiri görünüşdə başqalarına təqlid elmi və məntiqi dəlillərdən uzaqdır. Kiməsə varlı olduğu üçün, idman meydanında seçildiyi üçün, kino ulduzu tək sevildiyi üçün təqlid etmək kökündən yanlışdır. Bəzən belə də olur ki, bir sahədə müvəffəqiyyət qazanmış insandan başqa sahə ilə bağlı məsləhət alırlar. Məsələn, ağırlıq qaldırma üzrə dünya çempionu olmuş bir şəxsdən iqtisadiyyat mövzusunda sorğu-sual aparırlar. Hansı ki, ondan yalnız idman haqqında soruşmaq olar. Bəzən də siyasət meydanında tanınmış insandan din haqqında açıqlama istənilir. Hətta aktyordan din haqqında soruşur və onun düşüncələrini norma kimi təqdim edirlər. Çox təəssüf ki, bu qəbil yanlış təqlid tez-tez gözə dəyməkdədir.
Hansı ki, dini məsələlərdə fəqihə təqlid edilməsi ağıl və fitrətin tələbidir, cəmiyyətin dini ehtiyaclarını ödəyir. Müğənnidən din haqqında soruşanlar müctəhiddən din haqqında soruşmağı qəbahət sayır, bu işi meymun işi sayırlar. Onların nəzərincə, ruhanilərin insanları dini məsələlərdə təqlidə dəvəti qəbahətli bir işdir. Hansı ki, bu yolda addım atanlar özləri meymun sayağı İslam düşmənlərinə təqlid edirlər. Onlar düşmən dəyirmanına su tökür, düşmənin proqramlarını həyata keçirirlər. Bu qəbil hərəkətlər məzəmmət olunur və nifrətəlayiqdir. Düşmənlərin son məqsədi insanları hətta peyğəmbər və məsum imamlara təqliddən çəkindirməkdir.
DÜZGÜN TƏQLİD VƏ ONUN ŞƏRTLƏRİ
Dini vəzifələrimizə və şəri hökmlərə münasibətdə Peyğəmbər (s) və Əhli-beytin (ə) yolunu izləyən bizlər həqiqi İslam maarifindən faydalanmaq istəyindəyik. Təqlid məsumların rəy və baxışına yaxınlaşmaq üçün zəruri şərtdir. "Hər kəs öz rəyini meyar götürməlidir" kimi şeytani şübhələr bizim üçün qəbulolunmazdır. Öncə prinsipial olaraq təqlid mövzusunu araşdırmalı, təqlidin düşüncə və fitrət, Quran və sünnə baxımından təsdiqlənən bir həqiqət olduğuna inanıb təqlid dairəsini müəyyənləşdirməliyik. Təyin etməliyik ki, hansı hallarda təqlid olar, hansı hallarda olmaz. Təqlid mövzusunu araşdırarkən zaman və məkan məhdudiyyətlərini nəzərdən qaçırmamalıyıq. Bəzi dini hökmlər və göstərişlər üçün zaman və məkan məhdudiyyətləri vardır. Məsələn, geyim məsələsində isti məntəqələrdə yaşayan insan soyuq məntəqələrdəki insanlara, soyuq məntəqədə yaşayan insanlar isti məntəqədə yaşayan insanlara təqlid edə bilməz. Bu onların sağlamlığı üçün təhlükəlidir.
İslam peyğəmbəri isti havalı hicazda yaşadığından həmin iqlimə uyğun geyinmişdir. Təbii ki, soyuq məntəqədə yaşayan insan «peyğəmbərə təqlid edirəm» deyib eyni libasları geyinə bilməz. Hətta təqlidin düzgün olduğu hallarda onun mütləq olub-olmadığı, zaman və məkan kimi müəyyən şərtlərdən asılılığı öyrənilməlidir. Bəzən danışıqda da müəyyən qeydlər edilir. Bu qeydlərdən aydın olur ki, öyrənilən söz nəzərdə tutulmayan bir hala aid ola bilər. Eyni zamanda söz şərti rəftara şamil olunmur. Çünki rəftar danışıqdan fərqlidir. Rəftarla bağılı qeydlər “ləbbi” və ya “məqami” səciyyələrə malikdir. Bəzən danışıq üçün də uyğun şərtlər özünü doğruldur.
İCTİHAD ZƏRURƏTİ VƏ DİNDƏ TƏQLİD
Şübhəsiz ki, dini hökmləri tanımaq üçün Əhli-beytdən (ə) nəql olunmuş rəvayətləri tərcümə edib xalqın ixtiyarına vermək düzgün deyil. Bəziləri iddia edirlər ki, fəqihlərin risalə yazmasına ehtiyac yoxdur və xalq özü rəvayətlərdən nəticə çıxarmalıdır. Hansı ki, rəvayətləri anlamaq üçün müqəddimə biliklərə ehtiyac var. Rəvayətin qəbul olunması üçün şərtlər mövcuddur. Ən əsası rəvayətin mötəbərliyi təyin olunmalıdır. Bunun üçünsə fundamental biliklərə ehtiyac var. Yalnız fəqihlər rəvayətləri araşdırıb, onları müqayisə etmək və sonda düzgün qənaətə gəlmək imkanına malikdirlər. Bəzən nəql olunmuş rəvayətin əsas məqsədi qapalı olur. Bu qəbil rəvayətləri düzgün anlamaq üçün insan hədis elmi ilə tanış olmalı, düzgün nəticə əldə etmək üçün oxşar rəvayətlərdən istifadə etməlidir.
Məsumların rəftar və əməllərindən danışan müəyyən rəvayətlər üçün isə hər hansı şərt qoyulmur. Bu qəbil rəftarlardan hamı, istənilən məkan və zamanda istifadə edə bilər. Uyğun rəvayətləri nümunə götürmək üçün ictihada ehtiyac yoxdur. Məsələn, həzrət Əli ibn Əbu Talibin ədalətə münasibəti həmişə örnəkdir. Bəzi rəftarlar isə mütləq deyil, onların qəbulu üçün müəyyən şərtlər ödənməlidir. Kimsə şübhə etmir ki, Əli ibn Əbu Talib ibadət əhli idi, Quran oxuyurdu. Onun düşmənləri də qəbul edirlər ki, Əmirəl-möminin vaxtının çoxunu ibadətdə keçirirdi. Həzrət hətta xurma bağılarında işlədiyi vaxt zikr edir, dua oxuyur, Quran qiraət edirdi. Amma araşdırmaya ehtiyaclı suallar da var. Məsələn, bir müstəhəb əməl o biri vacib əmələ mane olduqda Əmirəl-möminin müstəhəb əməli yerinə yetirirdimi? Məsələn, Əmr ibn Əbduvədlə savaşa getməli olduğu vaxt namazı döyüşdən üstün sayırdımı? Şübhəsiz ki, Əmirəl-möminin həm ibadət, həm də cihad əhli idi. İki iş bir-birinə mane olduqda həzrət daha mühümünü seçirdi. Demək, Əmirəl-mömininin əməl və rəftarlarından ibrət götürmək üçün müəyyən şərtlər nəzərə alınmalıdır. Məsələn, namazın cihada mane olması bir şərtdir. Bu qəbil qeyri-mütləq məsələlərdə elmin dərinliyinə varmaq, ictihad etmək lazımdır. Hər hansı rəvayətə kor-koranə təqlid etmək olmaz, müəyyən dəlillər əldə olunmalıdır. İnsan zəruri şərtləri araşdırmaq gücündə olduqda daha mühüm əməli seçə bilir. Bəli, Əhli-beytin (ə) buyuruqlarını anlamaq üçün çox vaxt ictihada ehtiyac olur. Əhli-beytin (ə) müəyyən əməllərinə təqliddə də ictihad zəruridir. Fəqih müəyyənləşdirir ki, hansı əmələ hansı şəraitdə təqlid olunmalıdır.