Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

ELMİ MÜBAHİSӘ İXTİLAF YARATMIR

 

Hər hansı bir məsələ ətrafında müzakirə aparmaq, elmi mübahisə etmək ixtilaf və ya düşmənçilik demək deyildir. Elmi mübahisələr həqiqətin açılması, fikirlərin aydınlaşması və nəhayət elmi inkişaf üçün ən gözəl vasitədir.

Müsəlman qardaşlar arasında mövcud olan məzhəb ayrılığı onları elmi mübahisələrdən kənarlaşdırmamalıdır. Bu mübahisə düşmənçilik, təəssübkeşlik doğurmur, əksinə qarşılıqlı anlaşmaya və səmimiyyətə səbəb olur. Әgər müsəlmanlar təəssübkeşlik və qərəzçilik mövqeyindən uzaqlaşıb elmi mübahisələrə üz tutsalar aşağıdakı müsbət keyfiyyətlərə nail ola bilərlər:

1. Elmi inkişaf; Qeyd olunduğu kimi bütün elmi inkişaflar maraq, axtarış və mübahisələrdən doğur. Hal-hazırda bəşəriyyətə xidmət edən əvəzsiz elmi kəşflər mübahisələrin, dialoqların məhsuludur.

2. Dostluq və səmimiyyət; İnsanlar biri-birlərindən uzaqlaşdıqca qəlblərə soyuqluq, bə᾿zən də kin-küdurət hakim olur. Qarşılıqlı ünsiyyət insanlar arasında soyuqluğu aradan aparır, ürəkləri yaxınlaşdırır. Mübahisədən öncə insan qarşı tərəfin qəlbində nələr olduğundan xəbərsizdir. Lakin danışıq zamanı Allah-taalanın vacib buyurduğu qardaşlıq məhəbbəti, dostluq və səmimiyyət telləri möhkəmlənir, ürəklərdə olan vəsvəsə və şübhələr yox olur.

3. Mə᾿lumatın artması; Hər iki tərəfin mə᾿lumatı çoxalır, müsəlman qardaşlar biri-birlərini daha yaxından tanıyırlar; onların səhv mə᾿lumatları aydınlaşır, anlaşılmazlıqlar və şayiələr unudulur.

4. Fitnə-fəsadın azalması; Düşmənlərin, qərəzli insanların hiylə və məkrləri zərərsizləşdirilir. Әgər iki müsəlman qardaş üzbəüz əyləşib öz problemlərini danışıq yolu ilə həll edirsə, üçüncü bir şəxsin, hiyləgər düşmənin vasitəçiliyinə ehtiyac qalmır.

Həmçinin düşmənlərin yaydığı səhv mə᾿lumatlar müəyyənləşir; iki müsəlman qardaş ortada hiyləgər bir vasitəçinin olduğunu anlayır.

5. İslam dünyasında mövcud olan problemlərin üzə çıxması; Müsəlman qardaşların ünsiyyət yaratması və elmi mübahisələr aparması İslam dünyasının digər problemlərini aşkarlayır, onların həlli yolları araşdırılır. Hər bir şəxs öz yaşadığı cəmiyyətin keyfiyyətləri, problemləri barəsində açıqlamalar verir, ictimai məsələlər araşdırılır və problemlərin həlli yolları göstərilir. Bu isə İslam dünyasının ən vacib məsələlərindən biridir.

6. Haqq-həqiqətin aydınlaşması. Elmi mübahisələr həqiqəti aşkar edir, insanları mə᾿lumatsızlıq ucbatından düçar olduqları səhvlərdən xəbərdar edir. Bu dünyada yaşamaqda məqsədimiz həqiqətə yetişmək, haqq yolunda addımlamaq deyilmi?

Bütün peyğəmbərlər həqiqəti bəyan etmək üçün göndərilməyiblərmi?

Həqiqətin aşkarlanması üçün biri-birindən üz çevirmək, mə᾿lumatsız qalmaq deyil, səmimi dialoq, qardaşlıq məhəbbəti ilə elmi mübahisələr aparmaq lazımdır.

İslam dini insanları elmə, hikmətə, dərindən düşünməyə səsləyir, elmi araşdırmaları, mübahisələri ibadət hesab edir. Qur᾿ani-Kərimə diqqət yetirsək görərik ki, İslama də᾿vət heç də əmr formasında deyil, elmi əsasları və dəlilləri araşdırmağa çağırış şəklindədir. Bir çox ayələrdə Allah-taala əsaslı sübutlar gətirmiş, qəbul etməyənlərə ‒ siz də belə hikmətli ayələr, möhkəm dəlillər gətirin ‒ deyə insanları elmi mübahisəyə də᾿vət etmişdir.

İslam ideologiyasında heç bir əqidənin kor-koranə qəbul olunması düzgün sayılmır. Qur᾿ani-Kərim bu barədə buyurur:

«Müjdə və bəşarət ver o bəndələrimə ki, bütün sözləri dinləyir, ən yaxşı və düzgününə itaət edirlər».(1)

Bə᾿zi alimlər elmi mübahisələrdən kənarda qalmaq üçün bu zəmində aparılan araşdırmaları ixtilaf hesab edirlər. Onların fikrincə müsəlman qardaşlığı və vəhdəti qorumaq üçün belə mübahislərdən uzaqlaşmaq lazımdır.

Bu sözlərdə müəyyən qədər həqiqət vardır. Әgər bu mübahisələr elmi şəkildə deyil, qarşı tərəfə hücum, qərəzçilik və inadkarlıq şəklində olarsa təbii ki, vəhdətin pozulması ilə nəticələnə bilər. Lakin bizim tərəfdarlıq etdiyimiz elmi mübahisə səmimi və dostluq şəraitində aparılır və dini qardaşlığımızı daha da möhkəmləndirir.

Məsələn, bir ailənin tərkibində iki qardaş arasında anlaşılmazlıq yaranmışdırsa, bu ixtilafın evdən kənara çıxması qəbahət və olduqca mənfi hal sayılır. Lakin bu qardaşların öz evlərində çay süfrəsi arxasında səmimiyyətlə əyləşib öz problemlərini müzakirə etməsi heç də mənfi hal kimi qiymətləndirilməməlidir. Әksinə, əgər bu qardaşlar öz problemlərini müzakirə edib anlaşmaya gəlməslər, hər ikisinin qəlbi giley-güzarla dolu qalar və narazılıq gündən günə artar.

Biz müsəlmanlar Qur᾿ani-Kərimin hökmünə tabe olaraq, tövhid bayrağı altında birləşmişik və qardaşlıq prinsipi əsasında yaşayırıq. «Dost arası sözsüz olmaz» deyiblər; biz qardaşların arasında ola biləcək hər hansı anlaşılmazlıq öz daxili problemlərimizdir. Bu anlaşılmazlıqda Allah şahidi özümüz, ədalətli hakim müqəddəs Qur᾿anımızdır. Heç bir kəsin, hətta bəşəriyyətin sülh himayədarlığı iddiasında olanların biz müsəlman qardaşların daxili işinə qoşulmaq, düşmənçilik toxumu səpmək haqqı yoxdur.

Biz öz problemlərimizi həll edə bilməyəcək qədər aciz deyilik. Qardaşlar arasını qatmaq, suyu bulandırıb balıq tutmaq vaxtı artıq tamam olmuşdur.

İndi isə fikir söyləmək, bəşəriyyətə düşdüyü böhrandan xilas olmaq üçün yol göstərmək biz müsəlman qardaşların öhdəsinə düşür. Hələ İslamın bəşəriyyətə deyiləsi sözü çoxdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar

 
user comment