Azəri
Saturday 4th of May 2024
0
نفر 0

SƏRVƏT (MAL) SINAĞI


Peyğəmbər (s) Məkkədən Mədinəyə gələn zaman müsəlmançılıqda qabaqcıl olanların bir dəstəsi əliboş olmasına və hətta əyinlərində münasib paltar olmamasına baxmayaraq, o qədər vəfalı və güzəştə gedən insanlar olmuşlar ki, özləri yoxsul olduqları halda müsəlman qardaşlarını özlərindən üstün tutmuşlar. Sonradan ümumi vəziyyətləri yaxşılaşsa da öz həyat tərzlərini dəyişməmiş, peyğəmbər yaşayışını həmişə özlərinə nümunə götürüb onun kimi həyat sürmüşlər. Ömərin xilafəti dövründə müsəlmanların xəzinəsinə külli miqdarda gəlirin axmasına, əhaliyə müəyyən miqdarda məvacib tə’yin edilməsinə baxmayaraq, bir tərəfdən xəlifənin sadə həyat tərzi, digər tərəfdən də onun Qüreyşin böyüklərinə və dini ilk əvvəl qəbul edənlərə nəzarət etməsi onların külli miqdarda sərvət toplamalarına imkan vermirdi.

Lakin Osmanın dövründə bu davranış və rəftar da unuduldu. Qeyd etdiyimiz kimi, Osman mülayim təbiətli və qohum-əqrəbasını sevən bir adam idi. Əvvəlki xəlifələrdən fərqli olaraq xəzinəni xəlifənin şəxsi mülkü və malı saymış, onun harada və necə xərclənməsində özünü tam ixtiyar sahibi bilmişdir. Ümumi büdcədən yüksək miqdarda sərvətin ona-buna hədiyyə verilməsi yoxsulların qəzəbini artıraraq e’tiraz dalğalarının genişlənməsinə səbəb oldu.

Ömər məvacib paylanması üçün idarə təsis edən zaman, bir tərəfdən əskərlərin hüququnu onların neçə müharibədə iştirak etdiklərinə əsasən müəyyən edər, digər tərəfdən isə ənsarla mühacirləri başqalarından üstün tutardı. Demək olar ki, ilk dəfə bu addım vasitəsilə islami bərabərliyə zərbə dəydi. Lakin Ömər mə’nəvi şərəf sahiblərinə (dini ilk əvvəl qəbul edənlər) nəzarət edirdi ki, onlar həddindən artıq varlanıb sərvət üstünlüyünə sahib olmasınlar. Bacardıqca onların var-dövlətləri barədə hesabat aparırdı. Ömər vəfat etdikdən sonra Qüreyş rahat nəfəs almağa başlayıb yenidən sərvət toplamağa məşğul oldu. Bir müddət ötdükdən sonra əskərlər gördülər ki, onlar daim din düşmənləri ilə ön cəbhədə döyüşdükləri halda, bir dəstə adam Mədinədə xoşgüzəran keçirərək beytül-maldan yüksək məbləğdə məvacib alırlar. Həmçinin yeni müsəlman olmuşlar, onlardan yalnız bir neçə il qabaq müsəlman olduqlarına görə, ümumi büdcədən əlavə yardımlar da alırlar.

Hicri tarixinin 30-cu ilində Osman öz şəxsi fikrinə əsasən müsəlmanların xeyrinə ola biləcək bir addım atdı. Mədinə əhalisi onun bu işindən razı qalsa da sonrakı hadisələr göstərdi ki, zahirdə gözəl görünən bu iş çoxlu çətinliklər yaratdı və o zaman xəlifə və onun müşavirləri bu məsələyə diqqət yetirməmişdilər.

Ötən fəsillərdə işarə olunduğu və islam fiqhində də qeyd edildiyi kimi müsəlman olmayan ölkələr müsəlmanlarla barışıq (sülh) sazişi bağlamış olsalar onlardan vergi (cizyə) alınaraq xəzinəyə təhvil verilirdi. Lakin qoşunun döyüşərək əldə etdiyi ölkənin ərazisi fatehlər arasında bölünür.

Hicazdan kənarda yerləşən fəth olunmuş ərazilərin məhsulunu toplamaq müsəlmanlar üçün çətin idi. Onlar həmin ərazilərə şəxsən nəzarət etmək istəsəydilər və ya məhsulu toplamaq üçün oraya səfər etməli olsaydılar bu iş orada çoxlu sayda əhali toplaşmasına səbəb olardı.

Osman əhaliyə belə dedi: Mənim nəzərim budur ki, sizin payınızı özünüzə qaytarım, belə ki, hər kəs öz evində öz torpağına sahib olsun. Ondan bu işin necə mümkün olacağını soruşduqda belə dedi: Əskərləri çıxmaq şərti ilə bu torpaqların sahibləri öz ərazilərini Hicazda, Yəməndə və başqa yerlərdə əraziləri olanlarla dəyişdirə bilərlər. Mədinə əhalisi bu sözü eşitdikdə çox sevindilər və elə təsəvvür etdilər ki, onların üzünə xeyirli bir qapı açılmışdır. Çünki, belə olan halda hər bir kəs özünə yaxın olan ərazidə qalacaqdı. Beləliklə ərazilərin dəyişdirilməsi prosesi başlandı. Təlhə, Mərvan ibni Həkəm, Əşə’s ibni Qeys və başqaları öz torpaqlarını kiçik ərazi sahibləri ilə dəyişdirdilər və çox keçmədən Hicazda böyük torpaq sahibləri meydana gəldi. Onlar bir tərəfdən məhsuldar torpaqlardan kifayət qədər gəlir əldə edir, digər tərəfdən isə islamı ilk əvvəl qəbul etdiklərinə görə başqalarından çox məvacib alırdılar. Bundan əlavə onlar müntəzəm olaraq xəlifənin də verdiyi bəxşişlərə yiyələnirdilər.

Bu sərvət sahiblərinin adını yazmaq tarixçilərin vəzifəsi deyildir. Müsəlman cəmiyyətindəki bərabərliyi sarsıdan ən mühüm tə’sir və amili də nəzərdən qaçırmaq olmaz. Həmin amil bundan ibarət idi ki, bir dəstə müsəlman islamın ilk çağlarında Peyğəmbər (s)-la birgə olduqları və Ömərin xilafəti dövründə islam dinini ucaltmaq üçün rəşadət və vəfadarlıq nümunəsi göstərdikləri halda sonradan hər şeyi unutmağa başladılar. Həzrət Peyğəmbərin vəfatından sonra, Ömərin sərt rəftarından qurtaran kimi dünya onların gözündə ziynətləndi və nəfsani istəklər onlara qalib gəldi. Bunlar Allahı yaddan çıxartdılar, müsəlmanların malını öz şəxsi əmlakları hesab etdilər və hətta iş o yerə çatdı ki, hər tərəfdə e’tiraz səsləri eşidilməyə başlandı. Osmanın ilk on illik xilafəti dövründə bir tərəfdən əskərlər İran və Afrikadakı fəthlərlə məşğul olduqlarından, digər tərəfdən də bu təbəqə hələ tam surətdə formalaşmadığından bu narazıçılıqlar yalnız şikayət formasında bildirilirdi.

Xəlifə əgər qohumlarına qarşı məhəbbətini azaltsaydı, Ömər kimi Əməvilərlə Qüreyşin lovğalıqlarının qarşısını alsaydı, Mərvan kimilərin yerinə özünə təqvalı və bacarıqlı müşavirlər seçsəydi fitnə və alovu söndürmək bəlkə də mümkün olardı. Lakin tarixçilər heç də yersiz yerə Osmanın xilafətinin son illərini sınaq illəri adlandırmamışlar. Peyğəmbər (s)-ın səhabələri bu bir neçə ildə imtahan olundular və təəssüflər olsun ki, bu sınağın öhdəsindən yalnız kiçik bir dəstə gələ bildi. Peyğəmbər (s) dövrünün sadəliyini, bəzək-düzəksiz Ömər xilafətini görmüş zahid və təqvalı səhabə olan Əbuzər Ğəffari, sonradan müsəlman olmuş məxsus bir dəstənin cah-cəlallı yaşayışını gördükdə onlara irad tutmaya bilməzdi. O, belə deyərdi: Fəth edilmiş ərazilərdən əldə etdiyimiz mal-dövlət sizin şəxsi mülkünüz deyil, o bütün müsəlmanlara məxsusdur və dövlət xəzinəsinə verilməlidir. İslam dövləti üçün işləyən şəxslər xəzinədən öz ehtiyaclarını ödəyə biləcək miqdarda pul almalıdır, qalanı isə Allah yolunda xərclənməlidir. Əbuzər hamını Peyğəmbərlə və o həzrətin sadiq dostları ilə müqayisə edirdi. O imtahan zamanı (qiyamət) dindarların sayının az olmasını qəbul etmək istəmirdi. Qüreyş və Əməvilər onun bu iradlarına dözməyərək xəlifəyə şikayət edib dedilər: Əbuzər xalqı sənin əleyhinə üsyana qaldırır. Nəhayət xəlifənin tamahkar müşavirləri Əbuzərin sözlərinə əhəmiyyət verməyib öz işlərini davam etdirdilər. Əbuzər Şama sürgün edilsə də orada da Müaviyəni məzəmmət etməkdən çəkinmirdi. Buna görə də onu yenidən Mədinəyə, daha sonra Rəbəzəyə sürgün etdilər. Əbuzər uzun sürən məşəqqətlərdən sonra orada kimsəsiz və qərib halda vəfat etdi.

Xəlifənin müşavirlərinin tamahkarlıqları, Əməvilərin böyük şəhərlərdə etdikləri özbaşınalıqlar və beytül-malın şəxsi əmlak kimi tarac edilməsi əhalidə narazıçılıq yaradaraq e’tiraz dalğasını artırdı. İlkin narazılıqlar əskərlər tərəfindən başlandı. Deyirdilər: Mübarizə və ya sülhlə əldə olunmuş torpaqların gəliri bizə çatır. Lakin Osmanın tə’yin etdiyi hakimlər sülhlə əldə edilən torpaqları şəxsi mülkləri, fəth olunmuş əraziləri isə müştərək mal hesab edirdilər. Çoxlu sayda baş vermiş münaqişələrdən birini ibni Əsir belə qeyd edir: Kufə hakimi Sə’d ibni As bir gecə öz yaxın adamları ilə söhbət əsnasında dedi: Səvad (İraq ərazisi) Qüreyşin bostanıdır. Yəmani tayfasından olan Əştər Nəxə’i dedi: Bu ölkəni biz döyüşərək almışıq (qılınc gücünə), bura Qüreyşin bostanına necə çevrilə bilə? Əbdürrəhman Əsədi isə belə dedi: Əmirin üzünə ağ olursan, onun müqabilində söz deyirsən! Əştər yaxın adamlarına işarə etdikdən sonra, onlar Əbdürrəhmanın üstünə tökülüb o qədər vururlar ki, o, özündən gedərək qəşş edir. Bu tarixdən başlayaraq Yəmanilərlə Muzərilər arasında münaqişə yarandı.

Osmanın müşavirləri düzgün çıxış yolu tapmaqdansa, onu beytül-malı acgözlüklə qohum-əqrəba arasında bölüşdürməyə təhrik edir, yaxın qohumu olan əbu Muitə ailəsinin xalqa rəva gördükləri zülmlərin qarşısını almaqdansa, nadanlıqdan və ya bilərəkdən təqvalı insanları onun ətrafından uzaqlaşdırırdılar. Bə’ziləri peyğəmbər sünnəsini yaşatmaq üçün dinə olunmuş əlavələri (bid’ətələri) sıradan çıxarmaq məqsədi ilə xəlifəni nəsihət və ya məzəmmət edən zaman, Osmanı onları döyməyə, qovmağa və ya sürgün etdirməyə məcbur edirdilər. Onlar bu bəlanı, hətta ibni Məs’ud, Əbuzər və Əmmar Yasərlərin də başına gətirdilər. Xainlər ona məsləhət görürdülər ki, yeni ölkələr fəth etmək üçün əskərləri uzaq diyarlara göndərsin. Əli (ə) bir neçə dəfə xalqla onun arasında vasitəçilik etmiş, hər dəfə də Osman bu rüsvayçılıqlara son qoyacağına söz vermişdi. Lakin həmişə onun ətrafındakılar, xüsusilə də Mərvan ibni Həkəm bu işə mane olmuş və artıq e’tiraz dalğası uzaq sərhədlərdən keçərək içəriyə, (mərkəzə) təcavüz etmişdi.

Artıq narazılar dəstəsi Mədinəyə üz qoyub şikayətlərinə baxılmasını tələb edirdilər. Xəlifə onların şikayətinə baxacağına söz versə də, müşavirləri buna yol vermədilər. Çox keçmədi ki, bu narazılıqlar böyük bir iğtişaşa çevrildi. Bir dəstə adam bundan sonra çarə fikrinə düşsələr də artıq gec idi. Yazılanlara əsasən, misirlilər Osmanın dəyişiklik edəcəyi haqda verdiyi və’də ümidi ilə geri dönərkən yolda bir çaparla rastlaşırlar. Onun üst-başını yoxladıqda Osmanın Misirin hakiminə yazdığı məktubu tapırlar ki, orada bunların öldürülməsi əmri verilmişdi. Elə buna görə də iğtişaşçılar geri dönürlər. Görünür ilahi qəza belə imiş, bu hadisədən sonra islam xəlifəsi müsəlmanların əli ilə öldürüldü.

Təəccüblü burasıdır ki, Qüreyşdən və Əməvi tayfasından olan bir neçə əsilzadələr fitnə odunun haradan alovlanmasını bilmir və ya bilmək istəmirdilər. Müsəlmanların malını talan etmələri, ədalətsizlikləri, özlərini üstün tutmaları ilə sərhəd ərazilərdə yaşayan əhalinin mərkəzə hücum etməsi ilə nəticələnən prosesi qəbul etmək istəmirdilər. Osmanın ölməsini tayfa ixtilafları ilə əlaqələndirir, bəni Haşimin Üməyyə övladlarından intiqam almaları kimi qiymətləndirirdilər.

Osman iğtişaşçıların əli ilə qətlə yetirildikdən sonra onun qardaşı (anadan bir qardaş) Vəlid ibni Üqbə matəm mərasmində bəni Haşimə belə dedi:

Bəni Haşim! Bizdən nə istəyirsiniz?! Osmanın qılıncı sizin əlinizdədir!

Bəni Haşim! Bacı oğlunuzun silahını geri çəkin! Onu talan etməyin ki, bu sizə yaraşmaz!

Bəni Haşim! Bu necə mümkündür ki, biz əxlaqlı davrandığımız halda Osmanın zirehi və atları sizin yanınızdadır!

Əgər bir nəfər həyatı boyu içdiyi suyu unutsa belə, mən Osmanı və onun ölümünü unutmayacağam.

Bu məzmunda söylənmiş şe’rə diqqət yetirin, onu söyləyən dövrün xəlifəsi Osmanın qardaşı - özü də xəlifə tərəfindən Kufəyə hakim tə’yin olunmuş bir şəxsdir.

Peyğəmbərin (s) vəfatından bu zamana qədər 25 il keçmişdi. Ancaq Gördüyünüz kimi, islam dininin zühur edib yayıldığı bir məkanda, yə’ni Mədinə şəhərində müqəddəs ayinlər zahirdə müsəlman olan bir kişinin dili ilə necə məhv edilir.

Bu beytlərdə Osmanın nə səbəbə öldürülməsi haqda heç bir mə’lumat verilmir. Görəsən onun öldürlməsi ədalətsiz bir iş idi, yoxsa həqiqət? Görəsən o, qətlə yetirilən gün peyğəmbər sünnəsinə və özündən əvvəlki xəlifələrin rəftarına sadiq idi yoxsa yox? Göründüyü kimi, onlar qiyamçıların xəlifəyə nə üçün hücum edib onu öldürməsini soruşmurlar və ictimai fikri yayındırmaq üçün yalnız Üməyyə ilə Haşim övladları arasında olan keçmiş ixtilafı xatırlayırlar.

Osmanın ölümündə Haşimilərin bir başa və ya dolayı yolla da iştirakı olsaydı, bu sözləri yenə də üzürlü hesab etmək olardı. Lakin o açıq-aşkar töhmət vuraraq müqəssirlərin həzrət Əlinin evində və ya ətrafında olmasını iddia edir!

Bildiyiniz kimi, Osmanın ağır günlərində Əli (ə) onu himayə etmiş və onların iddiasının əksinə olaraq heç də onun əleyhinə döyüşə qalxmamış, qiyamçılara heç bir köməklik göstərməmişdir. Bu töhmət Əməvilərin qəlbində bəni Haşimə qarşı dərin kök salmış tarixi nifrətdən başqa bir şey deyildir. Çünki Peyğəmbər (s) Üməyyə övladlarından deyil, yalnız bu qəbilədən çıxmışdır. Onlar Osmanın ölümündən sonra xəlifənin bəni Haşim tayfasından seçilməsinə davam gətirə bilməzdilər. Burada sadəcə olaraq bir söz deyə bilərik ki, bə’zi qəbilə və tayfa başçıları digər qəbilərlə olan düşmənçiliklərini də unutmamışdılar. Yalnız müvəqqəti olaraq başları ayrı işə qarışdığından ona çox əhəmiyyət vermirdilər, fürsət tapan kimi yenidən keçmiş adət-ən’ənələrinə qayıdırdılar.

Osman öz xilafəti dövründə bə’zi mühüm işlər də görmüşdür. O işlərdən biri də Qur’anın tilavətində müxtəlifliyin mövcud olması ilə ilahi kəlamın azalıb-artmasının qarşısını almaq üçün Əbu Bəkr zamanı yazılmış Qur’an səhifələrini Ömərin qızı Həfsədən alıb onun bir neçə nüsxəsini köçürməsi olmuşdur. Bu Qur’anları mühüm sayılan islam şəhərlərinə göndərdikdən sonra yerdə qalan Qur’anları yandırdılar.

Osmanın xilafəti zamanı Müaviyə böyük dəniz qoşunu təşkil edərək Kipr adasına hücum etdi. Sonra isə Konstantinopolu ələ keçirmək fikrinə düşdü ki, buna nail ola bilmədi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Səqifə damı altında “Səqifə” cərəyanı
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...

 
user comment