Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

SÜLH SAZİŞİ

 

Sülh sazişinin mətni və orada qeyd olunmuş şərtlər nədən ibarət olmuşdur? Allah bilir. Bu sazişi əldə olunan vaxtdan kitablarda yazılan günə qədər 200 il vaxt keçmişdi. Bu ötən 200 il ərzində Əməvilər, sonra isə Abbasilər sülaləsi, həmçinin siyasi və siyasi-məzhəbi dəstələr bacardıqca bu sənədi və buna oxşar digər sənədləri özlərinə sərf edən və müxaliflərinin zərərinə olacaq surətdə dəyişdirmişdilər. Mühəddislərin hədisi qəbul etmək üçün söylədikləri şərtlər də həqiqəti işıqlandırmır. Hədis düzəldib dillərə salan şəxs mümkün qədər çalışıb onun mətnini və sənədini araşdırmağın yolunu da bağlayırlar. Belə hadisələri araşdırmaq üçün xarici amilləri də nəzərdən qaçırmaq olmaz.

Təbəri yazır: Müaviyə əvvəldə, sonunda möhür vurulmuş ağ kağızı imam Həsən (ə)-a göndərdi, İmam da öz şərtlərini ona yazıb Müaviyəyə qaytardı. Müaviyənin göndərdiyi möhürlü ağ kağız ona yetişdikdə, birinci məktubda yazdığı şərtlərdən daha üstün şrtlər tələb etdiyindən Müaviyə onu qəbul etmədi. İbni Əsir də bu hadisəni elə bu məzmunda qeyd etmişdir. Şübhə yoxdur ki, bu əhvalatı bu formada Əməvi dövrünün tarixçiləri özlərindən yazmış, həqiqəti dəyişdirərək əvəzində yerinə yalan əlavələr etmişlər. Mən bu kitabda, həmçinin digər yazılarımda qeyd etmişəm ki, birinci və ikinci əsrin hadisələrini təhlil edərkən yalnız üçüncü və dördüncü əsrlərdə toplanmış sənədlərə istinad etmək olmaz. Tam qətiyyət əldə etmək üçün xarici amillərin də köməyinə ehtiyac duyulur. İmam Həsən ibni Əli (ə)-ın həyatını qərəzsiz araşdıranlar çox gözəl bilirlər ki, o, şiələrin əqidəsinə görə də imam olmasına baxmayaraq insani keyfiyyətlərə malik yüksək əxlaqlı bir şəxs olmuşdur. O, baş verəcək döyüşdə çoxlu qan axacağını, Müaviyə ilə müharibənin heç bir nəticə verməyəcəyini biləndən sonra onunla sülh sazişi bağlamışdır. O, sövdəgər deyildi ki, mal üstündə alıcı ilə söhbət edə və ya malının yaxşı satıldığını görüb qiymətini qaldıra. O, elə bir əxlaqi keyfiyyətə malik bir insan idi ki, düşmən də onu e’tiraf etməyə məcbur idi. Əgər Müaviyənin möhür vurulmuş o ağ kağızı imam Həsən (ə)-a göndərməsi hekayəsi düzgün olsa, onda demək lazımdır ki, imam Həsən (ə) şərtləri yazaraq Müaviyəyə qaytarmış, o, da son arzusuna - müharibənin olmayacağı arzusuna çatdığına və sazişdə qeyd olunmuş şərtlərin heç birinə əməl etməyəcəyinə görə belə yalanlar qoşub xalq arasında yaymışdır. Təəccüblü burasıdır ki, Təbərinin yazdığı sülh sazişinin surəti tarixi faktdan çox əfsanəyə oxşayır. Bu belə olduqda indi görün xarici rəvayətçilər nə yazarlar. Təəssüflər olsun ki, bu təhrif edilmiş qondarma sülh sazişi ölkəmizdəki dərsliklərdə də çap edilmiş, tarixçilər və müəlliflər hüsnü rəğbət göstərərək bütövlükdə onun hamısını yazmışlar. İmam Həsən (ə) bu şərtlə Müaviyəyə bey’ət etdi ki, Əlini mənbərlərdə söyməsinlər, bir də Kufənin xəzinəsini (beytül-malını), həmçinin Farsın Darabgerd əyalətinin vergisini İmamın ixtiyarına versin. Müaviyə Əli (ə)-a töhmət vurmaq şərtini qəbul etməsə də qərara alındı ki, Həsən (ə)-ın yanında Əliyə (ə) nalayiq sözlər deyilməsin. Lakin Darabgerdin vergisini Bəsrə əhalisi zəbt edərək dedilər ki, bu gəlir bizimdir. Daha təəccüblü burasıdır ki, müasir təhlilçilər də imam Həsən (ə)-ın bu mal-dövlətlə şiələrə dəymiş ziyanı bərpa etmək istəyini yazırlar.

Bu sadəlövh tarixçilər bir şeyə diqqət yetirmirlər ki, əgər imam Həsən (ə) mal-dövlətə görə Müaviyə ilə belə asan sülh sazişi bağlasaydı onun tərəfdarları onu sağ buraxmaz, ya da onunla elə tərzdə rəftar edərdilər ki, hətta müsəlman şəhərlərində asudə yaşaya bilməzdi. Kufə hara Darabgerdin vergisi hara?! Məgər İmam bu məbləği Şamın xəzinəsindən ala bilməzdimi? Müaviyə bu məbləği əsirgəyərdimi? Sülh sazişinin özəyini təşkil edən o əsas şərtlər bəs haradadır? Nə üçün Təbəri onların adını çəkmir?

Bu saxta sənədlər müqabilində həqiqəti açıqlayan bir neçə sənəd də varımızdır. Bu sənədlər göstərir ki, Əməvi və Abbasi dövrünün tarixçiləri hər hansı bir əhvalatın Peyğəmbər (s) ailəsinin mənfəətinə olduğunu gördükdə onu dəyişdirmişlər. Bəlazurinin yazdığı Təbəriyə nisbətən üstün və düzgün nəzərə çarpır.

O, yazır: Müaviyə möhür vurduğu ağ kağızı imam Həsən (ə)-a göndərdi. O, bununla demək istəyirdi ki, kağızda ürəyin istəyən şeyi yaz.

Bu Həsən ibni Əli (ə)-la Müaviyə ibni Əbu Süfyan arasında bağlanan sülh sazişidir. Onunla barışıq edib müsəlmanların hakimiyyətini aşağıdakı şərtlərlə ona tapşırır:

Allah kitabına, peyğəmbər sünnəsinə və dinin əmrlərinə uyğun hərəkət edən xəlifələrin əxlaqına əsasən rəftar etsin. Heç kəsi özünə vəliəhd (varis) tə’yin etməsin və ondan sonra iş müsəlmanların şurasına tapşırılsın.

Xalqın harada olmasından asılı olmayaraq canı, malı və övladları qorunmalıdır.

Müaviyə istər aşkarda, istərsə də gizlində Həsən (ə)-ın əleyhinə təxribat aparmamalı, onun yaxınlarından heç bir kəsi qorxutmamalıdır.

Abdullah ibni Haris və Əmr ibni Sələmə bu sülh sazişinə şahiddirlər.

İbni Həcər sülh sazişinin mətnini belə yazır:

Bu sülh sazişi Həsən ibni Əli (ə)-la Müaviyə arasında bağlanmışdır. Onunla sülh bağlayıb aşağıdakı şərtlər əsasında müsəlmanların hakimiyyətini ona tapşırır:

Allah kitabı, Peyğəmbər sünnəsi və Raşidi xəlifələrinin əxlaqı əsasında rəftar etsin.

Müaviyə ibni Əbi Süfyanın özündən sonra hər hansı bir şəxsi vəliəhd tə’yin etməyə haqqı yoxdur, ondan sonra iş müsəlmanların şurasına tapşırılsın.

Şamda, İraqda, Hicazda və ya Yəməndə və hər bir ərazidə yaşayan xalqın təhlükəsizliyi qorunmalıdır.

Əli dostları və şiələri harada olsalar da onların canı, malı, həyat yoldaşları və övladları qorunmalıdır.

Müaviyə ibni Əbi Süfyan Allah əhdini və sazişini öz üzərinə götürərək gizlində və aşkarda Həsənin və qardaşının və ya Peyğəmbər ailəsindən olan hər hansı bir kəsin əleyhinə təxribat aparmamalı, onlardan hər hansı birinin harada olmasından asılı olmayaraq qorxutmamalıdır. Filankəs və filankəs bu sülh sazişinə şahiddirlər.

Bu mətn yazılan sülh sazişinin əsl mətni olmasa da, demək lazımdır, o sülh sazişi təqribən bu məzmunda olmuşdur. Dövrün mövcud şəraiti bu nəzəri təsdiq edir. Belə ki, Müaviyə işləri elə qurmağa çalışırdı ki, müharibə baş tutmasın. O, deyərdi: Müharibənin ziyanları ona-buna bağışlanan sərvətdən daha artıqdır. Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, ilk gündən o, sülh sazişində yazılanların hamısını olduğu kimi yerinə yetirilməyəcəyi qərarına gəlinmişdi. Belə ki, Müaviyə Kufəyə yollanaraq Nuxəylədə belə dedi: Bilin və agah olun ki, Həsən ibni Əli (ə)-a verdiyim imtiyazın hamısını tapdalayacağam.

Hər məzmunda və ya hər bir şərtlərlə imzalanmış sülh sazişi Kufədə, bütövlükdə İraq əhalisində narazılıq yaratdı. Din pərdəsi arxasında gizlənən siyasi dəstə Şamın İraqa qalib gəlməsini, paytaxtın Dəməşqdən Kufəyə qayıtmadığını gördükdə həddən artıq narahat oldular. Həqiqi dindarlar da Əbu Süfyan oğlunun müsəlmanlara hakim olmasını qəbul edə bilmirdilər. Onlar Əbu Süfyanın islam dininə qarşı son qüvvəsinə qədər vuruşmasını, onun qohumlarının müsəlmanlara verdikləri əzab-əziyyətlərin şahidi olmuş, onların yalnız qılınc təhlükəsini hiss etdikdə müsəlman olduqlarını görmüşlər. İndi heç rəva idimi ki, islama və islam peyğəmbərinə çətin günlərdə yardımçı olmuş ənsar və mühacirə belə bir ailənin üzvləri hakimlik etsin. E’tiraz səsləri eşidilməyə başlandı. İbni Əsirin yazdığına görə barışıq sazişi bağlanandan sonra bir nəfər imam Həsən (ə)-ın yolunu kəsib belə dedi: Sən bu işinlə müsəlmanların üzünü qara etdin. Və o həzrət cavabında belə buyurdu: Biz elə bir sülalədənik ki, olacaqla üzləşdikdə ondan əl çəkmirik. Mən babamdan belə bir günün gələcəyini eşitmişdim. Babam Peyğəmbər (s) buyurmuşdu: Yuxuda bəni Uməyyənin mənim mənbərimin üstünə çıxdığını görmüşəm.

Zəmanə imamına olan belə bir münasibət və bu sözlər onların həmin hadisədən, sülh sazişindən nə dərəcədə narahat olduqlarını və ya onların öz rəhbərlərinə olan imanlarını göstərir. Lakin görəsən döyüş baş tutsaydı şəxsən o kişi və onunla həmfikir olanlar dedikləri sözün üstündə həqiqətən duracaqdılarmı? Bəli, imtahan meydanında dindarların sayının az olacağı qəti bir məsələ idi.

Sülh sazişi bağlandıqdan sonra imam Həsən (ə) yaxın adamları ilə birgə Mədinəyə dönüb ömrünün sonunadək dost və düşmənin tə’nəsinə dözməli oldu. Hicri tarixi ilə 49-cu ildə Müaviyənin tərtib etdiyi plan üzrə o həzrətə zəhər verib şəhid etdilər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ ALİMLƏRİNİN İDEOLOJİ VƏ SİYASİ MÜBARİZƏLƏRİ
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ
Səcdə üçün ən fəzilətli torpaq
Qeyb dövrünün tarixi mənbələri ilə tanışlıq və onların araşdırılması
NIYABƏTƏ AID OLAN BƏZI MƏSƏLƏLƏR
Mövsüm Səmədovu orucluqla bağlı istəyinə görə karsa salıblar
ME’MARLIQ VƏ DİGƏR SƏNƏTLƏR
CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR
HƏZRƏT ƏBU TАLİB VƏ XƏDİCƏNİN VƏFАTI
QİBLƏNİN DƏYİŞİLMƏSİ

 
user comment