Azəri
Friday 19th of April 2024
0
نفر 0

KƏ’BƏNİN VİRAN EDİLMƏSİ


Mədinə hadisəsindən sonra Müslim Zübeyrin oğlu Abdullahı məhv etmək üçün Məkkəyə yollandı. Lakin o, yolda vəfat etdi və Hisəyn ibni Numeyr qoşuna rəhbərlik etməyi öz üzərinə götürdü. Hisəyn Məkkəni mühasirəyə aldı. Mühasirədə Kə’bə evini od bürüdü. Bu yanğının baş verməsini müxtəlif səbəblərlə əlaqələndirirlər. Məkkə mühasirə günlərini yaşadığı zaman Yezidin ölüm xəbəri çatdı. Şam qoşunun başçısı kim üçün vuruşacağını bilməyib Zübeyrin oğluna xəbər yetirdi ki, onun bey’ətini qəbul edir, ancaq o, onunla birgə Məkkədən Şama getməlidir. Əgər hakimiyyəti möhkəmlənsə onunla işim yoxdur, yox əgər belə olmazsa elə oradaca Şam əhalsinin köməyi ilə onun işini bitirəcək. Abdullah bəlkə də xilafət mərkəzinin Şamda qalmasına görə onun də’vətini qəbul etmədi və Hisəynin qoşunu Mədinədə yaşayan Əməvilərlə birgə Şama qayıtdı.

Yezid hicrətin 64-cü ili Rəbiül-əvvəl ayında 38 yaşında ikən öldü. Onun hakimiyyəti dövründə Səlm ibni Ziyad Səmərqəndə və Xocəndə qədər irəlilədi, qərbdə də müsəlmanların fəthləri davam edirdi.

Yezid öldükdən sonra şamlılar onun oğlu Müaviyə ilə bey’ət etdilər. Müaviyənin hökuməti 40 gündən artıq sürmədi, çünki o, evdə oturmağı xilafətdən üstün sayırdı. O, xütbəsinin birində Müaviyə və atası Yezidin rəftarını pisləmiş, daha sonra ağlayaraq belə demişdi: “İstədiyiniz şəxsi özünüzə xəlifə seçin.” Bu xütbədən sonra evə dönüb, əhalidən özünü gizlətdi. Elə həmin il də öldü və ya zəhər verilərək öldürüldü.

Yezidin ölümü ilə Ərəbistanda iğtişaşlar baş qaldırdı. Ötən fəsildən də göründüyü kimi, Müaviyə ölən zaman Şamda sakitlik hökm sürdüyü halda Hicazda nigarançılıq mövcud idi. Yezidin isə əleyhinə yalnız İraq qalxmışdı. Lakin Yezidin ölümündən sonra Hicazda və Şamda da vəziyyət dəyişdi. Hər üç əyalətin narazı təbəqəsi ayağa qalxdı. Hər əyalətin öz istəyi var idi, qiyamçı dəstələr öz gizlin istəklərini üzə çıxarmırdı. İndi də Şam və Hicazdan qabaq yenidən İraqdakı vəziyyəti araşdıraq.

İRAQDA PEŞİMAN OLANLAR

Göründüyü kimi, şamlıların iraqlılara bir-başa zərbəsini, üzərlərindəki qələbələrini və sonuncu məğlubiyyəti nəzərə alsaq onların nə dərəcədə peşiman olmaları mə’lum olar. Çünki onlar böyük rəğbət və tə’kidlə imam Hüseyn (ə)-ı çağırıb onun canişinini məhəbbət və həyacanla qəbul etdikdən sonra onu düşmənlə döyüşdə tək qoydular və ən başlıcası isə İraqın Şam qarşısında xar olması bu ölkənin əhalisinin daxili hisslərində nigarançılıq yaratmışdı. Kufə əhalisi Yezidin ölüm xəbərini eşidən kimi təzə nəfəs almaq üçün fəaliyyət göstərməyə başladı. Onların içərisindən şəxsən İmamı də’vət edən və onu düşmənlə döyüşdə yalqız qoyanlar böyük günah etdiklərini anlayırdılar. Ancaq bu günahı necə yumaq olardı?!

Xuzaə qövmündən olub şiələrin ağsaqqalı sayılan Süleyman ibni Sərd dedi: Biz bu günah vasitəsi ilə Allahı qəzəbləndirmişik. Heç kəs Allahı razı salmamış öz arvad-uşağının yanına dönməsin. Biz Musa (ə)-ın xitab etdiyi bəni İsrail qövmindən də pis olmuşuq:

“Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanızın yanında sizin üçün xeyirlidir!”

Təbərinin və başqalarının yazdığına əsasən qiyam məsələsinə dair peşiman olanlar içərisində Süleymanla digərləri arasında ixtilaf meydana gəldi. Süleyman deyirdi ki, Şama gedib imam Hüseyn (ə)-ın qatili olan Ubeydullah ibni Ziyadı öldürmək lazımdır. Başqaları isə Hüseyn (ə)-ın qatillərinin Kufədə yaşadığını deyib, ilk növbədə onların öldürülməsini istəyirdilər. Süleyman imam Hüseyn (ə)-ın intiqamını almaq fəryadı ilə car çəkərək öz adamlarını başına toplayan zaman on altı min nəfərlik qoşundan yalnız dörd min adam onun ətrafına yığışmışdı.

Əbu Mihnəfdən nəql olunur ki, o, bunun səbəbini soruşduqda dedilər: Sənin köməkçilərinin bir dəstəsini Muxtar öz ətrafına toplamışdır.

Süleyman Əynülvərdəyə qədər irəlilədi Mərvan ibni Həkəm Ubeydullah ibni Ziyadı onunla döyüşə göndərib dedi: Əgər İraqı əldə etsən oranın hakimi olacaqsan.

Süleyman Ziyadın oğlu ilə döyüşdə məğlub oldu, peşimanlıq çəkənlər bu dəfə də bir nəticə əldə edə bilmədilər (65-ci il Cəmadiul-əvvəl ayı).

Bu hadisələr zamanı bir nəfər şiə məşhurlaşdı və öz adını islam tarixində əbədi olaraq səbt etdi.

ƏBU UBEYDƏ SƏQƏFİNİN OĞLU MUXTAR

Muxtar, qoşun imam Həsən (ə) üzərinə hücum edərkən yaralanmış, sonra isə Mədain şəhərinin hakimi, yə’ni əmisinin evinə getmişdi. Yezidin xilafəti zamanı Kufənin hakimi Ubeydullah ibni Ziyad onu Müslim ibni Əqillə əlbir olduğuna görə zindana salmışdı. Lakin çox keçmədən onun bacısını almış Abdullah ibni Ömərin vasitəçiliyi ilə zindandan azad edilib Taifə sürgün olunmuşdu. Yezidin ölümündən və Zübeyrin oğlu Abdullahın qiymından sonra onunla bey’ət etmişdi. Bu zaman İraqda vəziyyət yeni bir partlayış həddində idi, bir tərəfdən rəhbərlik, digər tərəfdən isə Əhli-beytin qatillərindən intiqam almaq iddiasında olan Muxtar Kufəyə gəldi. Şiələri ətrafına toplayıb onlara dedi: Süleyman nə siyasi cəhətdən, nə də müharibə etmək baxımından düzgün fikrə malik deyildi və elə buna görə də məğlub oldu. Həmçinin onlara dedi ki, hər şeydən əvvəl imam Hüseyn (ə)-ın qatillərini aradan götürmək lazımdır.

Bildiyiniz kimi, bütövlükdə iraqlılar xüsusilə də qiyamçılar bu dövrdə peyğəmbər ailəsinə mənsub olan bir rəhbərə ehtiyaclı idilər. Muxtar öz mövqeyini möhkəmləndirmək üçün əvvəlcə Əli ibni Hüseyn (ə)-dan qoşun toplamaq və bu qiyamı onun adı ilə bağlamaq üçün rüxsət istədi. Ancaq Əli ibni Hüseyn (ə) onun bu də’vətini qəbul etməsə də, zahirən atasının və qohum-əqrəbasının qatillərini cəzalandırılmasından razılıq hissi keçirirdi. Muxtar Əli ibni Hüseyn (ə)-dan müsbət cavab almadıqda öz də’vətini Məhəmməd ibni Hənəfiyyənin adı ilə bağlayaraq onu ümmətin Mehdisi adlandırdı. Məhəmməd Hənəfiyyənin imamətinə boyun qoyanlar Kisaniyyə adı ilə məşhurlaşmışlar.

Kisaniyyə məzhəbi bu tarixdən meydana çıxmış və şiə tarixində çoxlu sayda tərəfdarları olmuşdur. “Kisan” nə deməkdir və hansı mə’nanı daşıyır? Mə’lum deyil “kəyyis” – zirəng və ya qəddar sözündən düzəlmiş sifətdir, yoxsa Muxtara verilən ali – Əli (ə)-ın qullqçusu deməkdir. Qeyd edildiyinə görə Əli (ə) Muxtarı dizi üzərində oturdaraq ona kəyyis, yə’ni zirəng (bacarıqlı) dediyinə görə o bu ləqəblə adlandırılmışdır. Mə’lumdur ki, bu fərziyyənin heç bir əsası yoxdur. Hər halda Muxtar haqqında bir çox nəzər və rə’ylər mövcuddur, belə ki, şiə alimləri onun barəsində eyni fikirdə deyillər. Dövrün son şiə alimləri onun həddən artıq mədh (tə’rif) etmişlər. “Əl-ğədir” kitabının müəllifi onun tə’rifində 21 kitab və məcmuə yazıldığını qeyd etmiş, həçminin onun şə’ninə yazılmış qəsidələri də sitat olaraq gətirmişdir. Muxtarı yüksək dəyərləndirənlər onun Abdullah ibni Zübeyrlə etdiyi sazişdə uzaqgörən olması ilə əlaqələndirir, həmçinin qiyam etməsinin peyğəmbər ailəsinə bəslədiyi məhəbbətdən irəli gəldiyini hesab edirlər. Bu gün onun məzarı Kufə məscidinin şərq tərəfində yerləşən bir ziyarətgaha çevrilib. Bunula belə demək olmaz ki, o, rəhbərlik iddiasında olmayıbdır. Deyilənlərə görə o, xalqı öz tərəfinə çəkib əldə saxlamaq üçün bir sıra heyrətdoğurucu işlər görərmiş. Təbəri və ibni Əsir öz istinadlarına əsasən yazırlar ki, Tüfeyl ibni Cə’də ibni Hübeyrə deyir: Mən ağır bir sıxıntı içərisində həyat sürdüyüm halda yağ alveri ilə məşğul olan qonşumun yanına getdim. Orada toz-torpaqlı bir kürsü gördüm və onu qonşumadan alıb təmizlədim. Öz-özümə dedim: Bəlkə Muxtarı aldada bilib ondan bir şey qoprtdım. Onun yanına gedərək dedim: Mənim illər boyu səndən gizli saxladığım bir sirrim var. Əli (ə)-ın Kufə məscidində üzərində əyləşərək xalq arasında hökm etdiyi kürsü məndədir. Muxtar dedi: Sübhanallah, belə böyük bir işi bu günə qədər necə olub ki, məndən gizlətmisən? Sonra əmr edir ki, xalqı məscidə çağırsınlar. Camaat toplaşdıqdan sonra Muxtar dedi: Camaat sizdən əvvəlki ümmətlərdə olan hər bir şey sizdə də mövcuddur. Bu kürsü sizin üçün bəni İsrailin Səkinə tabutu kimidir. Əgər bu kürsü qoşunun önündə olsa düşmənə məğlub olmayacaqsınız.

Allah bilir bu əfsanələri Zübeyrin oğlu Abdullahın tərəfdarları, ya da xalqın ona olan məhəbbətini qırmaq istəyən düşmənlər söyləyib.

Dəfələrlə qeyd etdiyimiz kimi, hicri tarixinin birinci və ikinci əsrinə aid olan tarixi rəvayətləri yalnız qəti sənədlər əldə etməklə qəbul etmək olar. Belə olmayan halda onlara şübhə ilə yanaşmaq lazımdır. Çünki hər əsrdə olduğu kimi, o illərdə də işlərin irəliləməsi üçün iftira, töhmət və yalançı hədislər ən çox yayılmış vəsitələrdən sayılırdı.

Hər halda Muxtar şiələri ətrafına toplayaraq ilk növbədə Kufəni ələ keçirdi, sonra isə hakimiyyətini Mosula qədər genişləndirdi. İmam Hüseyn (ə)-ın qatillərini bir-bir tapıb öldürdü. O cümlədən Ubeydullah ibni Ziyad, Ömər ibni Sə’d, Şimr, Xuli və başqalarını da qətlə yetirdi.

Muxtar özündən əvvəlki hakimlərdən fərqli olaraq şəhərin böyük adamlarından və qəbilə başçılarından deyil, bu illər ərzində İraqda qüdrətlənmiş, bir çox ictimai problemlər meydana çıxarmış, islam dinini yeni qəbul etmiş camaatdan köməklik diləyərək onları ətrafına toplayır və qüdrət sahiblərinə qələbə və’dəsini verirdi. Onun bu addımı Kufə ağsaqqalları arasında narahatçılığa səbəb oldu və ona qarşı ürəklərində kin-küdurət hissi oyatdı. Mus’əb ibni Zübeyr qardaşı Abdullah tərəfindən Muxtarın qoşununu darmadağın etmək üçün İraqa üz tutanda bu adamlar ona yardımçı oldular.

Muxtarın qoşunu Zübeyrin oğlu ilə döyüşməyə başlasa da sonda məğlub oldu və Muxtar da 67-ci hicri ilində öldürüldü

Göründüyü kimi, şiələr bu dəfə də bir nəticə əldə edə bilmədilər. Onların məğlubiyyətinin əsas səbəbini ötən qiyamlarda da gördük. Həmişə kiçik bir dəstə Allahın razılığına görə ayağa qalxmır, başqa dəstələr isə öz siyasi amallarına çatmaq üçün onların arxasında dayanırdılar. Onlar da təhlükəyə düçar olmayacaqları ana qədər müqavimət göstərirdilər. İş çətinliyə düşdükdə isə ya kənara çəkilir, ya da qəti qələbə əldə edən dəstəyə birləşirdilər. Allah razılığını əldə etmək istəyən və dinin adını yüksəltməkdən başqa bir şey güdməyən iman sahiblərini ölümə verirdilər.

İslam tarixi və xüsusilə də hicrətin birinci yüz illiyinin tarixi ilə tanışlığı olanlar yəqin ki, Şəbəs ibni Rəbə’inin adını eşitmişlər. Şəbəs siyasətçilərin ən kamil nümunəsi, tam dəqiqliyi ilə desək o dövrün nəbzini tutan şəxslərdən olmuşdur. O, bəni Təmim tayfasından, Muzəri ərəblərindən və peyğəmbər dövrünü yaxşı görmüş adamlardan idi. O, Peyğəmbər (s)-ın həyatının son dövrlərində, Əbu Bəkrin xilafətinin ilk çağlarında, Səcahın peyğəmbərlik iddiası etdiyi və Əbu Bəkrin dindən çıxmışlara qarşı mübarizə apardığı zamanda müsəlmanların cərgəsinə qoşulmuşdu. O, həmçinin Osmanın evini mühasirəyə alan iğtşaşçıların arasında olmuş, Süffeyn döyüşündə Əli (ə)-ın dəstəsinə qoşulmuşdu. Müaviyənin ölümündən sonra imam Hüseyn (ə)-a məktub yazıb də’vət edənlərdən biri də Şəbəs idi. Sonra o, Ömər ibni Sə’din qoşunu ilə Kərbəlaya gəldi və imam Hüseyn (ə)-ın qətlə yetirilməsində iştirak etdiyinə görə Kufə şəhərinin darğası vəzifəsinə yiyələndi. Muxtar Hüseyn (ə)-ın intiqamını almaq üçün qiyam edəndə Şəbəs də ona qoşuldu. Lakin Mus’əb Muxtarla müharibəyə gələn zaman o, yenidən Muxtara düşmən kəsilir və müxalif dəstənin cərgəsinə qoşulur.

Bu illər ərzində öz əqidə və siyasəti yolunda mütəşəkkil surətdə çalışan demək olar ki, yalnız Xəvaric olmuşdur. İraqda hakimiyyət zəifləyən dövrlərdə onlar öz hərəkatlarını genişləndirərək Bəsrəyə, cənub-şərqi İraqdan Xuzistana, Bəhreynə, Yəmənə və Həzrə-mauta qədər yayılmışlar.

İraqdakı siyasi durum haqda qısa da olsa mə’lumat verdikdən sonra Hicaz və Şam haqqında da söhbət açacağıq.

Ərəbistanın islamdan əvvəlki tarixi haqda mə’luamt verən zaman qeyd etdik ki, bu ərazinin əhalisi ayrı-ayrı qəbilə və tayfalara bölünmələrinə baxmayaraq, onlar əsasən iki dəstəyə - cənub ərəbi, şimal ərəbi və ya Qəhtani və Ədnani dəstələrinə bölünmüşlər. Qəhtanilər yarmadanın cənub üçbucağında yaşayır, Ədnanilər isə şimal və səhrada məskunlaşmışdılar.

Qeyd etdiyimiz kimi, islamın zühurundan bir çox əsrlər əvvəl su səddinin dağılması və digər səbəblər üzündən cənubdakı ictimai həyat bir-birinə dəymişdi. Bu ərazidən bir çox dəstələr şimala tərəf üz tutaraq yaşayışları üçün münasib hesab etdikləri yerlərdə məskunlaşmışlar. Su quyuları və kəhrizləri olmasına görə Yəsribi özləri üçün yaşayış yeri seçənlər də elə bu dəstə, yə’ni cənub ərəbləri olmuşlar.

Göründüyü kimi, islama də’vət ilk olaraq Məkkədə başlamışdı. Şəhərin hakimiyyəti tacirlərin və Ədnani ağsaqqallarının əlində idi. Sevimli Peyğəmbərimiz 13 il bu camaatın müxlifəti ilə üzləşmiş və sonda Yəsrib əhalisi saziş imzalayıb onu öz şəhərlərinə də’vət etmişlər. Elə bu tarixdən Yəsrib camaatı ənsar ləqəbini almış, Məkkədən Yəsribə gələnlər isə mühacir adlanmışlar. Mühacirlərin əksəriyyəti Ədnani tayfasından və ya şimal ərəblərindən ibarət olmuşdur. Məkkəni tərk edib Yəsribdə məksunlaşmış bir dəstə camaat bir tərəfdən islam dininin tərbiyəsinə görə, digər tərəfdən də hicrətin ilk aylarında Peyğəmbər (s)-ın onların arasında bağlamış olduğu qardaşlıq müqaviləsinə əsasən uzun illərdən bəri bu iki dəstə (Ədnani, Qəhtani) arasında mövcud olan kin-küdurət və düşmənçilik sakitləşdi. Ancaq nəsildən-nəsilə irs olaraq ötürülən və yüz illər boyu davam edən bu düşmənçiliyin birdən-birə məhv olub getməsi heç də mümkün olmazdı. İslam tarixinə diqqətlə nəzər saldıqda görərik ki, hətta Peyğəmbər (s)-ın sağlığında belə, onlardan bə’ziləri münasib fürsət düşdükcə öz üstünlüklərini gözə soxur və biri digərindən intiqam almaq hissi ilə yaşayırdı. Məkkənin fəthi günü Xəzrəc qəbiləsinin rəhbəri Sə’d ibni Ubadə öz camaatının önündə irəliləyərək uca səslə belə deyərdi: Bu gün qanlar tökülməli, bütün hörmət və ehtiram sındırılmalıdır. O, təsəvvür edirdi ki, bu gün Qəhtanilər Ədnanilərdən öz intiqamını almalıdır. Lakin Peyğəmbər (s) Əli (ə)-a buyurdu: Get bayrağı Sə’din əlindən al və onun nalayiq sözlər söyləməsinə mane ol! Bu gün mərhəmət günüdür.

Peyğəmbər (s) zamanı Ərəbistanın son daxili döyüşü olan Hüneyn müharibəsindən sonra o həzrətin nüfuzu bir neçə il müsəlmanlar üzərində genişlənmişdi. Sevimli Peyğəmbərin vəfatından sonra onun vəsiyyətinə diqqət yetirilsəydi, Əmirəl-mö’minin Əli (ə) xəlifə olmaqla peyğəmbər sünnəsini diri saxlayar, keçmiş nəsil öz yerini yeni nəslə verər və ən azı üç nəsil müsəlman əxlaqı ilə tərbiyələnərdi. İctimai ədalət, dini qardaşlıq və islam tə’limləri sayəsində bu kin-küdurət və düşmənçiliyin kökü quruyardı. Ancaq təəssüflər olsun ki, dağınıq halda yaşayan qəbilələr kin-küdurəti kənara qoyub bir-birlərilə döyüşdüklərinin lüzumsuz olduğunu və Mədinədə tə’sis edilmiş ilahi hökumətə itaət etməyi anladıqları zaman sevimli Peyğəmbərimiz öz Rəbbinə qovuşdu (vəfat etdi). Peyğəmbər (s)-ın bədəni hələ torpağa tapşırılmamış ənsar mühacirlər müqabilində, daha doğrusu Qəhtanilərlə Ədnanilər qarşı-qarşıya gəldilər. Xəzrəc tayfasının başçısı müsəlmanlara rəhbər olmaq üçün özünü namizəd kimi irəli sürmüşdü, lakin o, mühacirlərin öhdəsindən gələ bilməyəcəyini gördükdə isə belə dedi: Sizdən bir əmir və bizdən də bir əmir tə’yin olunsun. Bununla da yenidən baş verə biləcək iğtişaşın qarşısı alındı və Əbu Bəkrin Peyğəmbərdən söylədiyi hədis ənsarı geri çəkilməyə məcbur etdi.

Qeyd etdiyimiz kimi, Əbu Bəkrin xilafəti zamanı bir tərəfdən müsəlmanlar dindən çıxmışları yatırtmaqla məşğul idilər, digər tərəfdən isə hökumət hələ inzibati təşkilatçılığa malik olmadığından və ya başqa sözlə desək, dövlətin icra orqanlarının gəliri olmadığından bu iki dəstə arasında çox nadir hallarda münaqişə baş verməsinə rast gəlinir. Ömərin xilafəti dövründə dövlətin ordu başçıları böyük şəhərləri əldə saxlamaqla, müharibədən əldə edilən qənimətlərin, vergilərin, İran və Rumdan alınan cizyələrin sayəsində ümumi xəzinənin gəlirini daha da artırdılar. Lakin xəlifə özünün sərt siyasəti nəticəsində hər iki dəstə arasında bərabərliyi müəyyən qədər tarazlaşdıra bilirdi. Əgər bir şəhərdə hakim Ədnanilərdən olurdusa, digər bir şəhərin hakimiyyəti Qəhtanilərə tapşırılırdı. Lakin Səqifə macərasından hələ 25 il ötməmiş Muzərilər – yə’ni Qüreyşlilər nəinki böyük işləri ələ keçirirdilər, hətta ümumi gəlirin hamısı birbaşa onların cibinə axırdı. Mərvan ibni Həkəm, Müaviyə, Təlhə, Zübeyr, Əbdürrəhman ibni Ouf, Yə’li ibni Üməyyə  və digərləri hər birisi ayrı-ayrılıqda o günün pulu desək milyonlarla dirhəm və dinar toplamışdılar. Lakin bu üstünlüyə qane olmayıb yenə də mümkün qədər Qəhtaniləri hər şeydən məhrum etmək üçün səy göstərirdilər.

 

Hər şeyi inhisara almaları və mal-dövlət toplamaları nəticəsində kin-küdurətlər yenidən baş qaldırmağa başladı və Qəhtanilərlə Ədnanilər yenidən üz-üzə dayandılar. Hicrətin 36-cı ilindən üzü bəri bu düşmənçilik daha da artmağa başladı. Ziyad Əli (ə)-ın tərəfindən Bəsrəyə gedən gündən ona tərəfdar olan Əzd və Təmim tayfası ilə üz-üzə dayandı. Əzd tayfasından olan şair özünün qəhrəmanlıq dastanında öyünərək yazır: “Ziyada yardımçı olduğumuz halda həmpeymanımız Təmim tayfası alışıb odda yandı.” Bu şe’rdə və buna bənzər başqa şe’rlərdə islam qardaşlığına və ya müsəlmanların imamına itaət edilməsinə dair mövzuya toxunulmur. Artıq söhbət bundan getmir ki, hakim müsəlmanların imamının əmri ilə o şəhərə gəlmişdir və müsəlmanlar da onu qarşılamalıdırlar. Söz yalnız Əzd tayfasının Təmim tayfasına qalib gəlməsindən gedirdi.

Bu iki tirəlik ancaq adını dəyişib, Qəhtani və Ədnani, Yəmani və Qeysi, Mə’əddi və Muzəri, Təmim və Əzdi, Qeysi və Kəlbi formalarına düşərək əsrlər boyu davam etmişdir. Bu iki dəstə arasında baş verən döyüş İspaniyadan tutmuş şimali Afrikaya qədər, Siciliya və Aralıq dənizindəki adalardan tutmuş başdan-başa Suriya, Hicaz, İraq və İrana qədər yayılmışdır. Bir çox münaqişələr, o cümlədən bir xəlifəni taxtan salıb yerinə başqa bir xəlifənin əyləşməsi də belə qəbilələr arasında baş vermiş çəkişmələrdən törənmişdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
USTADIN ƏSƏRLƏRİ

 
user comment