İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR 1. Evdən xaricdə əmək fəaliyyəti ilə məşğul olan qadın ailə büdcəsinin bir hissəsini tə`min edir. Demək, ev işlərinin ağırlığını onun çiyninə qoymaq olmaz. Ər vəzifəlidir ki, işdən yorğun gəlmiş qadının ev işləri görüb üzülməməsi üçün münasib proqram tərtib etsin. Əgər qadın gücündən artıq yüklənərsə onun psixoloji durumuna zərbə dəyər. Əlbəttə ki, qadının problemi həm də ailənin problemidir. Nəzərdə tutulan halda ər və övladlar ev işlərində qadına kömək göstərməlidir. Təəssüf ki, bə`zən təqaüdə çıxmış, yetərincə boş vaxtı olan kişilər adət-ən`ənə prizmasından «ayıbdır» deyə qadına ev işlərində kömək göstərmirlər. Belə bir rəftar səmavi tə`limlərə tam ziddir. İslam dini ev işlərini, hətta körpəyə qulluğu qadına vacib etməmişdir. Əlbəttə ki, qadın şəraiti nəzərə alaraq ev işlərini öhdəsinə götürməlidir. Amma onun bu fədakarlığından sui-istifadə edilməməlidir. İslami tə`limlər baxımından kişinin evdə iş görməsi bəyənilmişdir və ilahi mükafata səbəb olur. Hətta bildirilir ki, kişinin ev işlərində çalışması onun böyük günahlarının bağışlanması ilə nəticələnir. İslam peyğəmbərindən nəql olunmuş bir rəvayətdə deyilir ki, yalnız Allahın dünya və axirət xeyiri verdiyi kişilər öz həyat yoldaşına xidmət etməyə müvəffəq olur. Bizim dini adət-ən`ənələrimizdə də qeyd olunur ki, kişi öz imkan və gücü həddində ev işlərində iştirak etməlidir. 2. Qadınların məşğulluq vəziyyəti göstərir ki, onlardan bə`ziləri ictimai faydalı işlərlə məşğul olub ailə iqtisadiyatına kömək göstərir. Başqa br qrup isə maddi ehtiyac olmadığı halda ictimai mövqe qazanmaq xatirinə evdən bayırda çalışır. Belələri həddi aşmış istəklərindən əl çəksələr evdən kənarda işləməyə ehtiyac qalmaz. Belələri adətən qadın üçün münasib olmayan yerlərdə çalışırlar. Hansı ki, qadının iş yerində sağlam əxlaqi mühit olmalıdır. Qadınlarımız, xüsusi ilə gənc qızlarımız bu mühüm nöqtəni daim nəzərdə saxlamalıdırlar: Qadın üçün şəxsiyyətini qorumaqdan dəyərli bir şey yoxdur. Qadın heç bir halda öz şan-şərəfini əldən verməməlidir. (Təəssüf ki, bə`ziləri yeni mədəniyyətin müsbət və mənfi cəhətləri arasından yalnız xoşagəlməz tərəfləri götürürlər. Onlar sanki könüllü olaraq özlərini bu mədəniyyətə qurban verirlər. Yüngül əxlaqlı qadınlar gəlincik tək bəzənir, maddi ehtiyacları olmadığı halda müxtəlif müəssələrdə dəyərsiz işlərlə məşğul olurlar. Öz şərəf gövhərini ucuz qiymətə satanların mövcudluğu bir həqiqətdir.) 3. Bə`zi qadınlar ev işlərini özləri üçün əskiklik sayır, onu lazımınca dəyərləndirmirlər. Belə qadınlar üçün hansısa şirkətdə işləmək evdarlıqla məşğul olmaqdan, övlad tərbiyə etməkdən daha əhəmiyyətli görünür. Əslində isə: Əvvəla, sağlam fitrətə malik bir qadın nəinki ev-eşiyə, hətta evdəki ləvazimatlara daxili hisslərlə bağlıdır. Sanki evin dam-divarı canlıdır və bütün bunlara ruhən bağlanmaq olar. Xanım Lembrozu “Qadın ruhu” kitabında bütün bu nöqtələri gözəl şəkildə açıqlayır. Kitabda qadının evə qayğıkeş münasibətindən ətraflı danışılır. Demək, qadın nə qədər ki hansısa səbəblərdən öz fitrətindən yayınmayıb ev işləri ona alçaldıcı görünmür, öz ailə övladına can-başla qulluq edir. İkincisi, səmavi tə`limlər baxımından ev işləri, övlad tərbiyəsi, ərə qulluq qadın üçün çox dəyərli işlərdir və böyük ibadət sayılır. Hətta bir rəvayətdə İslam Peyğəmbəri (s) qadının öz ərinə qulluğunu onun cihadı kimi təqdim edir: “Qadının cihadı ərə yaxşı qulluqdadır.” Rəvayətlərdə belə nəql olunur: “Qadının öz ərinə bir qurtum su verməsi onun üçün bir ilin ibadətindən üstündür.” Qadın evdarlığının böyük dəyərə malik olmasından danışan rəvayətlər çoxdur. Bu rəvayətlərdən biri də “Əsma” adı ilə tanınır. Nəql edirlər ki, bir gün Əsma adlı bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: “Mən sizə bir sual vermək üçün qadınlar tərəfindən seçilmişəm. Sual belədir: Allah-təala sizi həm kişilər, həm də qadınlara doğru göndərdi. Biz sizə iman gətirdik, amma biz ev işlərinə məşğul ikən kişilərin cihada getməsi onlara daha çox savab qazanmaq imkanı verib. Kişilərin əldə etdiyi bu savaba bizim şərikliyimiz varmı?” Həzrət (s) Əsmanın sualını bəyənərək buyurdu: “Bu sualı verən bütün qadınlara e`lan et ki, sizin ərə yaxşı qulluq etməyinizin, onun razılığını qazanmağınızın, ona itaət göstərməyinizin savabı onun gördüyü bütün işlərin savabı qədərdir.” Demək, evdar qadınlar bilməlidirlər ki, onların gördüyü iş ən şərif və ən dəyərli işlərdəndir. Onlar öz evdarlıqlarını ucuz qiymətləndirməməli və bilməlidirlər ki, çəkdikləri bütün zəhmətlər ibadət sayılır və onları Allaha yaxınlaşdırır. Digər bir tərəfdən, həyat yoldaşı evdarlıqla məşğul olan kişilər onları lazımınca dəyərləndirməlidirlər. Evdarlıq əhəmiyyətsiz sayılmamalıdır. Kişilər öz rəftarları ilə göstərməlidirlər ki, qadının evdarlığını qiymətləndirirlər, bu üzücü zəhmətlərə biganə deyillər. Belə bir nöqtəni də xatırlatmaq yerinə düşər ki, körpəyə qulluq kişiyə yüngül iş kimi görünə bilər. Əgər qadının gün uzunu gördüyü işlərin siyahısı tutulsa, bu işin nə dərəcədə çətin olduğu üzə çıxar. Uşaqlı qadının zəhməti isə daha artıqdır. (Əlbəttə ki, müasir elektirik cihazları evdar qadının işini bir qədər yüngülləşdirmişdir. Belə qadınlar boş qalan vaxtlarında başqa faydalı işlərlə məşğul olmalıdırlar. Məsələn, zəruri kitabların mütaliəsi onların boş vaxtını doldura bilər. Qadın vaxtını səmərəli keçirməklə yanaşı, öz düşüncəsini də inkişaf etdirir. Vaxtı boş keçirmək, müsbət fəaliyyətlərdən qaçmaq insan ruhu üçün çox zərərlidir. Həzrət Əli (ə) buyurur: “İş ən yaxşı əyləncədir, Allah işsiz bəndəni sevmir.”
QADININ IQTISADI MÜSTƏQILLIYI Ailə qurumunda mühüm məsələlərdən biri qadının iqtisadi müstəqilliyidir. İslam qanunları qadının iqtisadi müstəqilliyini tanıyır. Qadının iş, xidmət, mülkiyyət hüquqları vardır. Qadının gördüyü iş onun özü üçündür. İslam dini qadın və onun övladlarının dolanışıq xərcini tam şəkildə kişinin öhdəsinə qoymuşdur. Bu səbəbdən də qadın evdə gördüyü işlərin müqabilində kişidən zəhmət haqqı tələb edə bilər. Adətən, qadınlar böyük həvəslə ev işlərinə məşğul olur, bu sahədə fədakarlıq göstərir və heç bir zəhməthaqqı ummur. Onlar belə bir tələbi ailə birliyinə zidd sayırlar. Əlbəttə ki, ailənin şə`ni də tələb edir ki, iş səmimiyyət və vəhdət amillərinə əsaslansın. Ailə mühiti iqtisadi mərkəzə çevrilməməlidir. Ərlə arvadın rabitələri sırf işçi rabitəsi olmamalıdır. Burada belə bir sual yaranır ki, əgər qadın bütün haqlarına göz yumub mülkiyyətini kişinin ixtiyarına verərsə, kişi bu fədakarlığa necə cavab verməlidir? Məgər ər əxlaqi baxımdan qadının bu fədakarlığını cavabsız qoya bilərmi? Hər hansı fədakarlığı sadəcə vəzifə hesab etmək nə dərəcədə düzgündür? Əgər fədakarlıq və isar gözəldirsə, uyğun əməli qiymətləndirmək də gözəldir. Kişinin əxlaqi vəzifəsi budur ki, o, qadının hədiyyəsini cavabsız qoymasın. Kişi qadının hədiyyəsi qədər və ya ondan da artıq bağışlamalıdır. Qur`ani-kərimdə buyurulur: “Yaxşılığın əvəzi yaxşılıq deyilmi?” ; “Sizə salam veriləndə onu olduğu kimi və ya daha yaxşı şəkildə qaytarın. Həqiqətən Allah hər şeyin hesabını çəkəndir.” Vəfalı kişilər arasında belə bir qayda var ki, qadının fədakarlıqlarına hədiyyə ilə cavab verilsin. Xüsusi ilə qadın ev işlərindən əlavə başqa bir işlə məşğul olduqda və qazancını ailəyə sərf etdikdə kişinin vəzifəsi onu yetərincə dəyərləndirməkdir. Belə bir qayda həm şəriət və ədalət prinsiplərinə uyğundur, həm də qadının gələcəyini tə`min edir.
SEVINCIMIZI HƏYAT YOLDAŞIMIZLA BÖLÜŞƏK Söhbətimizin əvvəlində toxunduğumuz bə`zi nöqtələri bir daha yada salırıq. Belə ki, qadın və kişi üçün ailə həyatı və zövcəlik vəzifələri qədər mühüm bir şey yoxdur. Başqa heç bir iş ərlə arvadı bu vəzifələrdən ayırmamalıdır. Çünki insanın fərdi və ictimai həyatında ailə misilsiz əhəmiyyətə malikdir. Bə`ziləri bu nöqtəyə diqqətlə yanaşmır, ailə həyatı və zövcəlik vəzifələrini digər vəzifələrlə eyni tuturlar. Adətən, bu zümrədən olanlar ailə həyatında problemlərlə rastlaşır, ən azı bu həyatdan lazımınca bəhrələnmirlər. Bu problem qadınlardan çox kişiləri əziyyətə salır. Çünki kişinin evdən bayırda məşğul olması uyğun büdrəmə üçün zəmin hazırlayır. Təbii ki , hər bir kişinin dostları, həmkarları var. Kişi vaxtının bir hissəsini öz dost-tanışı ilə keçirmək istəyir. Bə`zən kişidəki bu istək həddi aşır, öz dostları ilə əyləncəyə başı elə qarışır ki, ailə-övladın hüquqları yaddan çıxır. Təəssüf ki, bir çox kişilərin həyatında bu sayaq problemlə rastlaşırıq. Onlar vaxtını ailə-övlad kənarında keçirmək əvəzinə, adətən, evdən çöldə dostları ilə əylənirlər. Dostlarla görüş, idmanla məşğulluq, səyahətlər kişinin boş vaxtını elə doldurur ki, ailə üçün pay qalmır. Belələri anlamırlar ki, qadın da kişinin evdə olmasına ehtiyac duyur. Qadının heç olmasa həftədə bir saat öz həyat yoldaşı ilə gəzintiyə çıxıb istirahət etməsi onun qanuni haqqıdır. Belə bir gəzinti qadının fiziki və psixoloji yorğunluğunu aradan götürür. Evdarlıqla, övladların tərbiyəsi ilə məşğul olan qadının vaxtı, demək olar ki, evdə keçir. Əgər qadın ev işlərindən əlavə çöldə də məşğuldursa, təbii ki, onun istirahətə ehtiyacı var. Əgər kişi bütün boş vaxtını dostları ilə keçirirsə, ailə-övlad nə etməlidir?! Şübhəsiz ki, belə bir rəftar xoşagəlməzdir. Kişi bir şeydən ləzzət almamış həyat yoldaşı üçün də bu şəraiti nəzərdə tutmalı və onu unutmamalıdır. Bu həm insanlıq prinsipidir, həm də kişi ləyaqətinin tələbi. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə deyilir ki, kişinin öz həyat yoldaşının yanında əyləşməsi Allah üçün onun peyğəmbər məscidində e`tikafından əzizdir.” Bə`zi kişilər həyat yoldaşının razılığını qazanmamış əyləncə və ziyarət səfərlərinə gedir. Belə vaxtlarda, adətən, qadınlar öz körpələri ilə evdə tək qalırlar. Həmin vaxt ər evdən kənarda xoş dəqiqələr keçirir. Ailə-övladın asayişinə bu sayaq diqqətsizlik İslam prinsiplərinə uyğun deyil. Belə bir hərəkəti ədalətli saymaq olmaz. Belə ki, qeyri-zəruri səfərlərə çıxmazdan öncə həyat yoldaşından razılıq almaq İslam qaydalarındandır. Övliyalarımızın həyatında ailə münasibətləri ilə bağlı ibrətamiz nöqtələr çoxdur. Onların həyatından nümunə götürmək lazımdır. Bu sayaq rəftarlar qadına dərin hörmət hissindən doğur. Və göstərir ki, ərlə arvad arasındakı rabitə, eləcə də, həyat yoldaşının hüququna riayət nə dərəcədə mühümdür. Həyat yoldaşının rifahına, asayişinə və təbii ehtiyaclarına diqqətsizlik din övliyalarının həyatında müşahidə olunmayan bir haldır. Bu o demək deyil ki, qadın bütün səfərlərdə kişinin yanında olmalıdır. Əsas məsələ budur ki, kişi, əvvəla, öz həyat yoldaşının ehtiyaclarına diqqətsiz olmasın, ikincisi, bu hallarda onun razılığını alsın. Əgər qadın ailə həyatında öz ərindən razı olarsa, onun səfərlərini səmimi qəlbdən qəbul edər və ərinin öz vaxtını xoş keçirməsindən ləzzət alar. Demək, ölçü qadının qəlb razılığıdır. Ər müştərək həyatın bütün mərhələlərində bu razılığı nəzərə almalıdır. Ailə rabitələrinin davamında ən mühüm amil zövcənin qəlb razılığıdır. Məhz bu qəlb razılığı sayəsində qadın bir çox problemlərə və məhrumiyyətlərə dözə bilər. Təcrübə göstərir ki, bə`zi ərlər evdən kənarda məşğulluq səbəbindən ailə-övlad yanında yetərincə ola bilmirlər. Belə hallarda evin bütün işləri qadının öhdəsində qalır. Qadın bütün bu çətinliklərin öhdəsindən o zaman gəlir ki, kişi ona lazımınca ehtiram göstərsin, hətta e`tiraf etsin ki, xanımının fədakarlığı olmasaydı, bir bu qədər ictimai vəzifənin öhdəsindən gəlməzdi.
CINSI EHTIYACLARIN TƏ`MIN OLUNMASININ ƏHƏMIYYƏTI İzdivac yolu ilə tə`min olunası ehtiyaclardan biri də cinsi ehtiyacdır. Yaxınlıq ehtiyacı ailə həyatının əsas ehtiyaclarındandır. Çünki bəşər nəslinin davamı bu ehtiyacın tə`min olunmasından asılıdır. Bu ehtiyac o qədər güclüdür ki, bütün problemlərə baxmayaraq, insan ailə həyatına can atır. Nəfslə bağlı ləzzətlər arasında ən böyük ləzzət yaxınlıqdan duyulan ləzzətdir. Bu, sadə bir meyl deyil. Onun həm fizioloji, həm də psixoloji yönümləri var. Bu meylin başqa meyllərlə qatışması ona tamam başqa bir mahiyyət vermişdir. Əgər bu meyl düzgün yolla tə`min olunmazsa, bəşər həyatında bir çox problemlər yaranar. Bu meyl ailə həyatı çərçivəsində tə`min olunmalıdır. Prinsipcə, ailənin həll edəcəyi əsas məsələlərdən biri də bu məsələdir. Bə`ziləri bu meyli çirkin saymış, onunla mübarizə aparmışlar. Amma islami tə`limlər baxımından bu meyl nəinki çirkin deyil, hətta ilahi bir yönümə malikdir. Bu istək ailə çərçivəsində tə`min olunduqda müqəddəs bir iş olur. Uyğun yaxınlıqda ilahi məqsədlər nəzərdə tutularsa, o, ibadət sayılar. Bu səbəbdən də, ailə həyatında tərəflərdən hər biri yaxınlıqdan bəhrələnməli və qarşı tərəfin fiziki və ruhi tə`mini üçün çalışmalıdır. Bə`zən məhz bu ehtiyacın ödənməməsi müştərək həyatda problemlər yaradır. Əgər bu yaxınlıqdan hər iki tərəf lazımınca bəhrələnərsə, müştərək həyat daha cazibəli olar. Tərəflərin uyğun məsələ ilə bağlı vəzifələrdən xəbərsizliyi onların bu yaxınlıqdan lazımınca bəhrələnməməsinə səbəb olur. Yaxınlıqdakı yetərsizlik isə ciddi problem yaradır. Bu nöqsanları aradan qaldırmaq üçün tərəflər ailə həyatı qurduqdan sonra elmi mənbələrdən lazımi mə`lumatlar əldə etməlidirlər. Bilməliyik ki, qadın və kişidə haqqında danışılan meyl eyni deyil. Əgər kişi qadının bu meyllə bağlı xüsusiyyətlərini bilməsə, qadın məhrumiyyətə düçar olar. Bə`zən iş o yerə gedib çatır ki, qadın bu təbii meylə nifrətlə yanaşır. Hansı ki, kişi öncədən məsələyə agahlıqla yanaşıb, hansısa nöqtələri nəzərdən qaçırmasa, iş bu yerə gəlib çatmaz. İslami tə`limlərdə uyğun məsələ ilə bağlı göstərişlər mövcuddur. Bu məqsədlə kitablar tərtib olunmuş, geniş oxucu kütlələrinin ixtiyarına verilmişdir. Xüsusi ilə kişilərin bu göstərişlərdən xəbərdar olması zəruridir. Burada bir nöqtəni də nəzərdən qaçırmaq olmaz ki, yaxınlıq münasibətlərində ifrata varmaq olmaz. Bu meylin tə`minində ifratçılıq həyat qüvvəsini azaldır, insanın fiziki və ruhi sağlamlığına zərbə vurur. Hətta ifratçılıq səbəbindən insan tez qocalır, onda fiziki və ruhi baxımdan taqətsizlik yaranır. Bu səbəbdən də İslam tə`limlərində tövsiyə olunur ki, uzun ömür istəyənlər yaxınlıq münasibətlərində həddi aşmamalıdırlar.
EV MÜHITINDƏ QADININ BƏZƏNMƏSI Dini tə`limlərdə tapşırılır ki, qadın ev mühitində özünü əri üçün bəzəsin, cazibəli görünsün. Kişi də zahiri görkəminə fikir verməlidir. Zahirə bu sayaq diqqətin səbəbi tərəflərin bir-birinə daha çox rəğbətli olmasıdır. Bə`zi qadınlar və bir çox kişilər bu məsələyə lazımınca diqqət yetirmir. Hətta qadının tələblərinə baxmayaraq bə`zən kişi öz səliqəsinə fikir vermir. Zövq əhli üçün bu nöqtəyə diqqətsizlik dözülməzdir. Bu nöqtələrə e`tinasızlıq qadın və kişi arasındakı rabitələrə mənfi tə`sir göstərir. İmam Rizadan (ə) nəql olunmuş bir rəvayətdə deyilir ki, nə qədər ki Bəni-İsrail kişiləri zahirlərinə diqqət yetirirdi, Bəni-İsrail qadınları yolunu azmamışdı. İslam tə`limlərində ümumi şəkildə tövsiyə olunur ki, zahiri görkəmə diqqət yetirilsin. Həzrət Əlidən (ə) nəql olunmuş bir rəvayətdə deyilir: “Özünü bəzəmək mö`min əxlaqındandır.” Bu zəruri nöqtəyə diqqət ictimai rabitələrə tə`sir göstərir, insan ruhunun ehtiyaclarından birinə cavab verir. (Qadın özünü bəzəməklə yanaşı, ev mühitini təmiz saxlamalıdır. Təəssüf ki, bə`zi qadınlar səliqəyə fikir vermir, onların ev mühiti daim tör-töküntü olur.)
QADININ BAŞQALARI ÜÇÜN BƏZƏNMƏSI Qadın ərinin hüzurunda bəzənməli olduğu kimi, biganə kişilərin qarşısında bəzənməkdən çəkinməlidir. Qadının biganələr üçün bəzənməsi dini baxımdan haramdır. Belə bir hərəkətin zərərlərindən biri budur ki, evdən bayıra çıxan kişiləri biganə qadınların gözəlliyi cəzb edir. Belə bir cazibə kişinin öz həyat yoldaşına əlaqəsini azaldır. Kişi özündən asılı olmayaraq həyat yoldaşını gördüyü gözəl qadınla müqayisə edir. Əlbəttə ki, heç bir qadın öz zahiri görkəmi ilə bütün qadınlara üstün gələ bilməz. Qadının biganə kişilər önündə bəzənməsinin haram edilməsinin səbəbi ailə rabitələrinin qorunmasıdır. İslamın bu hökmündən qadınlar daha çox faydalanır. Harada qadınlar bu şərtə əməl etmirlərsə, həmin cəmiyyətdə ailə qurumu süquta uğrayır. Çünki kişinin diqqətini öz həyat yoldaşından yayındıran istənilən bir amil zərərlidir. Prinsipcə, qadın və kişi ailə həyatı qurduqdan sonra biganələrə diqqət yetirməməlidir. Onlar bağladıqları əhd əsasında başqaları ilə maraqlanmamalı, günah şəraitindən çəkinməlidirlər. Yalnız bu şərtə əməl olunduqda ailə rabitələri güclü olur. Demək, kişi başqa qadınlara diqqət yetirməməli, qadın isə öz növbəsində başqa kişilərin diqqətini cəlb etməməlidir. Qadının özünü göstərmək, biganə kişinin qəlbini ovlamaq üçün imkanı daha böyükdür. Bu imkan nəzarət altına alınmadıqda ailə rabitələrinə ciddi zərbə dəyir. Belə bir sual yaranır ki, nə üçün bə`zi qadınlar hətta ərə getdikdən sonra öz gözəlliklərini nümayiş etdirmək istəyirlər? Mütləq bir qanun var ki, qadın kişidən gizləndikdə maraqlı olur və onun diqqətini daha çox cəlb edir. Kişi isə qadının təslimçiliyinə nifrət bəslədiyi kimi, onun e`tinasızlığını qiymətləndirir. Kişinin ehtiyac və eşqi o zaman zirvə həddinə çatır ki, qadın ehtiyacsız, ciddi görünsün. Qadının mətanəti, gizliliyi, əlçatmazlığı kişinin məhəbbətini alovlandırır. Qadın təbiət e`tibarı ilə iffətlidir, bu iffəti itirdikdə isə birinci özünə zərər vurur. Daha sonra kişi və cəmiyyət zərər çəkir.
QEYRƏT KIŞILIK SIMVOLUDUR Təəssüf ki, bə`zi kişilər öz həyat yoldaşının gözəlliyini başqalarına göstərməyə daha çox meyillidir. Onlar kişilik simvolu olan qeyrətdən məhrumdur. Hansı ki, qeyrət ailə məkanını qorumaq üçün kişiyə verilmiş təbii hissdir. Kişidə belə bir fitri hiss var ki, namusunu başqalarından qorusun. Kişinin insani kamilliyi artdıqca qeyrəti da artır. Kişi o qədər kamilləşə bilər ki, yalnız öz həyat yoldaşını yox, bütün qadınları öz namusu saysın və kiminsə namusuna təcavüzlə razılaşmasın. Qeyrət cəmiyyətin paklığına münasibətdə insani bir həssaslıqdır. Həzrət Əlidən (ə) nəql olunmuş bir rəvayətdə deyilir: “Qeyrətli insan heç vaxt zina etmir.” Digər tərəfdən, şəhvət hisslərini başına buraxan insanda iffət, təqva və əxlaqi keyfiyyətlər zəifləyir, qeyrət də sair kamilliklər kimi süquta uğrayır. Belə bir vaxtda kişi başqalarının onun qadınından ləzzət almasına adi baxır. Bə`zən isə belə bir haldan ləzzət alır.
ÇIRKIN BAXIŞLAR Qadın iffət və həya yolunu seçməli, biganə kişiləri cəzb etməməlidir. Kişi də öz həyat yoldaşına baxmaqla kifayətlənməli, biganə qadınlardan gözünü çəkməlidir. Kişilərin çirkin baxışları qadınlarda özünü göstərmək hissini gücləndirir. Demək, qadın və kişi rabitələri birtərəfli yox, qarşılıqlıdır. Yə`ni həm qadın özünü göstərməkdən çəkinməli, həm kişi öz gözünü qorumalıdır. Əgər hər iki tərəf sə`y göstərməsə və kişi bu məs`uliyyəti qadının çiyninə qoysa, ailə rabitələrində problem qaçılmazdır. Öz qəlbinə və gözünə nəzarət etməyən kişilər ilkin olaraq eşq və səmimiyyət ləzzətini itirirlər. Başqalarına nəzər salmaq kişinin qəlbini öz həyat yoldaşına qarşı soyudur, nəticədə qadının arxayınlıq hissi aradan götürülür. Bu halda qadın daim ərinin vəfasızlığından nigaran qalır. Bə`zi rəvayətlərdə naməhrəmə baxış şeytan tərəfindən atılmış ox kimi təqdim olunur. Bu tə`bir naməhrəmə baxışın təhlükələrindən danışır. İnsan bu səhnələri nə qədər seyr etsə də, onun gözü doymur. Əlbəttə ki, nəticədə qəlb də gözün ardınca gedir. Göz hara baxırsa–könül yanında, Baxış bir kəmənddir könül boynunda. Kişilər arasında bu sayaq büdrəmələrin artması pak qadınlar üçün mühitdə sıxıntı yaradır. Belə bir cəmiyyətdə qadın hara gedirsə, kişinin çirkin baxışlarını hiss edir. Pak qadınlar üçün belə bir hal çox əziyyətlidir. Qadının öz iffət və həyasını, kişinin öz baxışlarını qoruması bir pul sikkəsinin iki üzü kimi qarşılıqlı rabitədə hakim olmalıdır.
ÖVLADI OLMAYAN ZÖVCƏLƏR Bə`zi ailələrin problemi onların övladlarının olmamasıdır. Belə bir problem bə`zən kişi, bə`zən isə qadınla bağlı olur. Övlad insanın fitri ehtiyaclarından olsa da, övladsızlıq məhrumluq kimi qəbul olunmamalıdır. Həyatda bütün insanlar üçün məhrumiyyət var. Bu məhrumiyyətlərin bir çoxu insan iradəsindən asılı deyil. Bə`ziləri uşaqkən ata-anasını əldən verir və ya yoxsulluğa düçar olur. Kimi də əzab-əziyyətlə boya-başa çatdırdığı övladını itirir. Allah və qiyamət gününə e`tiqadı olan insan üçün bu məhrumiyyətlərə dözmək çətin deyil. İmanlı insan əmindir ki, bütün çətinliklərə səbirlə dözüb Allahın razılığını əldə etmək olar. Bu mövzuda ayə və rəvayətlər çoxdur. Bildirilir ki, məhrumiyyətlə rastlaşmış insan öncə Allaha təvəkkül, səbir və razılıq yolunu seçməli, bilməlidir ki, Allah onların bu fədakarlığına əbədi həyatda cavab verəsidir. Övladı olmadığı halda xoşbəxt yaşayan ailələr az deyil. Bə`zən isə ailə uzun illər ötdükdən sonra övlad sahibi olur. Son dövrün tibbi araşdırmalarına əsasən uyğun problemlə rastlaşmış ailələrin övlad sahibi olması ehtimalı böyükdür. Bundan əlavə, övladı olmayanlar ata-anasını itirmiş körpəni övladlığa götürə bilərlər. Belə bir iş böyük ilahi savabla nəticələnir. Bu kimi ailələrin bə`ziləri övladı olan ailələrdən daha xoşbəxtdir.
İXTILAFLARA NECƏ YANAŞAQ? Gənc ailənin diqqət yetirməli olduğu məsələlərdən biri də ortaya çıxan ixtilafların həllidir. Xüsusi ilə ailə həyatının ilk illərində tərəflər zəruri təcrübəyə malik olmadığından əhəmiyyətsiz məsələlərlə bağlı ixtilaflarla üzləşirlər. İlk günlərdəki eşq-məhəbbət gənclərdə belə bir təsəvvür yaradır ki, onların arasında heç bir ziddiyyət yoxdur. Amma vaxt ötdükcə gənc ailə müxtəlif məsələlərlə bağlı fikir ayrılığına düçar olur. Bu problemlər agahlıqla həll olunmadıqda ərlə arvad arasındakı rabitələr soyuyur. Gənc ailələr çalışmalıdırlar ki, mövcud problemləri özləri həll etsinlər. Problem iki nəfərin arasından çıxanadək asan həll olur. Problem ictimailəşdikdə onu həll etmək də çətinləşir. Bə`zən gənc ailə öz problemini yaxın qohumlarla həll etmək istəyir. Təcrübə göstərir ki, məsələyə qatılan ətrafdakılar ədalət prinsipini gözləyə bilmir, hərə öz tərəfinə bəraət qazandırır. Xüsusi ilə analar öz analıq hisslərinin kölgəsində məsələyə birtərəfli yanaşıb onun həllini çətinləşdirirlər. Ata-anaların yersiz müdaxilələri ilə bağlı məsələlər çoxdur. Övladın kiminləsə bağlı problemində ata-ananın ədalət prinsipinə riayət etməsi çox çətindir. Atalıq və analıq hissləri, adətən, qalib gəlir. Həzrət Əli (ə) buyurmuşdur: “Bir şeyi sevmək insanı kor və kar edir.” Bu səbəbdən də gənc ailə, xüsusi ilə gənc xanımlar ailə problemlərini müstəqil şəkildə həll etməyə çalışmalıdır. Onlar bu işdə güzəşt və fədakarlıq yolunu tutmalıdırlar. Aradakı ixtilafın məntiqi söhbətlə yoluna qoyulması zövcələrin düşüncə nişanəsidir. Hər halda gənc ailə bilməlidir ki, problemlərin həlli üçün güzəşt lazımdır. Əgər hər tərəf özünü haqlı bilsə, günahı qarşı tərəfin boynuna atsa məsələnin həlli çətinləşər. Ümumiyyətlə, əksər ailələrdəki problemlər güzəşt və fədakarlıq yolu ilə həllini tapır. Tərəflərdən hansı daha tez bağışlama yolunu tutarsa, böyük ilahi savabı da o əldə edər. Problem ailə çərçivəsində həll olunmadıqda zövcələr məsləhət vermək ləyaqəti olan fərdə üz tutmalıdır. Təəssüf ki, bə`ziləri problemin həlli üçün e`tibarlı bir fərddən məsləhət almağı əskiklik sayır. İxtilaf dərinləşdikdə və iş boşanmaya gəlib çıxdıqda tərəflərdən hər biri öz ailəsindən agah və e`tibarlı bir şəxs seçməli və problem müzakirələrlə öz həllini tapmalıdır.
ATA-ANALARA TÖVSIYƏ Ailə münasibətlərinin araşdırılması göstərir ki, mövcud ixtilafların əsas səbəbi tərəflərin düzgün tərbiyə almamasıdır. Bu gün ailə təşkil edən gənc zəruri tərbiyə almamışsa, hökmən problemlə qarşılaşasıdır. Ailə qurmaq astanasında olan bir çox gənclər öz vəzifələrindən xəbərsizdirlər. Ata ailəsindəki vəzifə ilə ər ailəsindəki vəzifə fərqlidir. Ata ailəsində öz vəzifələrini bilən gənc öz ailəsində də vəzifələri ilə də tanış olmalıdır. Müştərək həyatın öz qanunları var. Qarşı tərəflə uyğunlaşma, qarşı tərəfin diqqətini cilb etmə, istəkləri tarazlaşdırma kimi məsələlər zəruri təhlil tələb edir. Ata-analar övladlarının tərbiyəsində bu nöqtələri nəzərə almalıdırlar. Yə`ni ailə həyatının qanunları övlada tə`lim olunmalı, övlad ailə qurduqdan sonra da ona zəruri məsləhətlər verilməlidir. Ata-ana öz övladının ailə həyatına birtərəfli yanaşmamalı, ədalət prinsipinə riayət etməlidir. Odu üfürmək yox, onun üzərinə su çiləmək lazımdır. Bəli, düşüncəli ata-analar məhz belə edir.
SON SÖZ Ailə rabitələri mövzusunda, əlbəttə ki, bu kitabdakından daha geniş danışmaq və bir çox digər nöqtələrə toxunmaq olar. Biz isə deyilənlərlə kifayətləndik və güman edirik ki, ailə həyatına sədaqətlə qədəm qoyan kəs yeni həyat üçün çox təhlükəli olan eqoistlikdən çəkinəcək, qarşı tərəfin də istək-arzularına hörmətlə yanaşacaq. Kitabda qeyd olunmuş nöqtələrə əməl etməklə sağlam və müvəffəq bir ailənin bünövrəsini qoymaq olar. Hər halda, nutmamalıyıq ki, ailə həyatında qarşı tərəfin haqlarını tapdamaq, onu incitmək Allah dərgahında bağışlanası hərəkət deyil və belə rəftarın dünya və axirət cəzası var. Digər bir tərəfdən, daxili həyatında aramlıq və razılıqdan məhrum kəs başqa sahələrdə də yetərincə bəhrələnə bilmir. Buna görə də insan səadətinin əsaslarından biri ailə həyatını nizamlamaqdır. Belə bir nizam isə agahlıq, dərin düşüncə, sədaqətli təlaşdan asılıdır. Bütün bunlara əməl olunduqda ailə ocağı ər-arvad və övladlar üçün təkamül və yüksəliş məhəlli olur. Əlhəmdulillahi Rəbbil aləmin.
source : http://www.alhassanain.com