Azəri
Thursday 28th of September 2023
0
نفر 0

ƏMƏVİ HAKİMİYYƏTİNİN SONUNA QƏDƏR OLAN ŞE’R VƏ ƏDƏBİYYAT

İslamdan əvvəlki dövrdə (cahiliyyət dövrü) nəql olunmuş xütbə, şe’r və qısa məzmunlu əsərlərə diqqətlə nəzər salsaq mə’lum olar ki, yarmadanın ədəbiyyatı dövrün özünəməxsus rəngarəngliyinə və gözəlliyinə məxsus olması ilə yanaşı, əhalisi sıx olmayan susuz, dünyanın ayrı ölkələri ilə rabitəsi kəsilmiş bədəvi əhalinin məskunlaşıdığı bir ərazinin ədəbiyyatı dəqiq zehni məfhumlardan, dərin fəlsəfi fikirlərdən və ibrətamiz mə’nalardan uzaq olmuşdur. Cahiliyyət əsrinin ədəbi irsini Ərəbistan səhrası və onun hər cür elmdən-təfəkkürdən uzaq olan əhalisi yaratmışdır. Bir tərəfdən quru və möhkəm, digər tərfdən isə səfa və səmimiyyətlə dolu, xəyalpərəst və vəsvəsə doğuran ərazilərdə meydana çıxan incəlik, əyinti və ucalıqlardan uzaq bir ədəbiyyat. Ancaq bu heç də o demək deyildir ki, cahiliyyət dövrünün ədəbiyyatı şe’rə lazım olan xəyali məfhumlardan, incəlik və gözəllikdən uzaq olmuşdur.

Bu torpağın şairi sözün əsl mə’nasında şairdir; ancaq onun xəyali surətlərdən bəhrələnməsi bu ərazinin tibbi və qeyri-tibbi amillərinin onun şüuruna qoyduğu tə’sirdən asılıdır. Təbiətdən dərk etdiyi isə zamanın ötməsi, gecə və gündüzün gəlişinin ona öyrətdiyi şeydən ibarətdir. Belə ki, Tərfə ibni Əl-əbd ölümü vəsf etdiyi şe’rində bir məsələyə, bir nəfər öldükdən sonra onun başına nələr gələcəyinə diqqət yetirmir. Görəsən ölüm hər şeyin sonudurmu, yoxsa ölümdən sonra başqa bir dünya da var? O daim başqalarının öldüyünü görmüş və özünün də bir gün bu dünyadan köçəcəyini fikirləşmişdir. Bu səbəbdən ölüm haqqında aşağıdakı ibarətləri söyləyir:

Ölüm hər bir kəsin qismətinə düşən bir paydır. Bu gün ölürsə, heç də gec deyil, çünki sabah öləcəkdir. Simic adamlarla, əliaçıq səxavətli şəxsin qəbirləri eynidir, üzərinə tökülmüş bir ovuc torpaq və üst-üstə qoyulmuş bir neçə daşdan ibarətdir.

Şair bu vəsfində hətta bir məsələyə diqqət yetirmir ki, bu iki nəfər (simic və əliaçıq) öldükdən sonra camaat onlar barəsində nə söyləyəcəklər. Əliaçıq şəxsi tə’rif edib, simici məzəmmət edəcəklər ya xeyr. Bu iki beyt incə və tərbiyəvi xarakterə malik olmasına baxmayaraq, şairin gözü önündə baş verən sadə tə’birdən başqa bir şey deyildir.

Tezliklə zaman sənə bilmədiklərini aşkarlayacaq. Pul verib xəbər ardınca göndərmədiyin bir kəs sənə xəbərlər gətirəcək. Sənə bu xəbərləri mə’lumat əldə etmək üçün axtarış aparmasını istəmədiyin və bu mə’lumatları ondan almaq üçün görüş yeri tə’yin etmədiyin kəs gətirəcəkdir.

Bildiyiniz kimi, cahiliyyət dövrü şe’rinin əksəriyyəti qövmi qəhrəmanlıq dastanları, qəbilə şöhrətpərəstliyi, yaxın qohumları tərif edib, düşmənləri məzəmmət etmək və ya təbiətin gözəlliyini vəsf etməkdən ibarət olmuşdur.

İslam Məkkədə üzə çıxdıqdan sonra Qüreyş müşrikləri Peyğəmbər və müsəlmanlara qarşı mübarizədə şe’rdən də istifadə edirdilər. Həzrət Peyğəmbər (s) bu barədə buyurardı: Onlara şe’rlə cavab verin ki, başqa silahlardan daha tə’sirlidir. Bu minvalla peyğəmbər zamanında mənəvi dəyərlər üzərində qurulmuş qəhrəmanlıq şe’r növü yarandı. Bu dövrün tanınmış şairi Hissan ibni Sabit Ənsaridir ki, Peyğəmbər (s) onun barəsində buyurmuşudr: Bizimlə birgə olana qədər müqəddəs Ruhul-qudus (Cəbrayil) səni qorusun!

Bir dəstə adam elə fikirləşirlər ki, bə’zi Qur’an ayələri və hədislərin zahiri məzmunu şe’ri məzəmmət etmişdir, lakin əsl həqiqətdə bu belə deyildir. İslam şəriəti baxımından şe’r yüksək məqama malikdir, hətta belə buyurulub ki, bə’zi şe’rlər hikmət və ya müdriklikdir.

Bildiyiniz kimi, Həssan ibni Sabit Ənsari Peyğəməbr (s) qoşununun şairi idi. Ərəb şairləri bə’zi vaxtlar öz şe’rlərini Peyğəmbər (s)-a oxuyar və onlara hörmət qoyulardı. Şəriət və din nəzərində başqalarının hörmət və vüqarını sındıran, günaha sövq edən, heç bir faydası olmayan və ya dünya malına görə hər hansı bir şəxsi yersiz olaraq tərif olunan şe’rlər bəyənilmirdi. Lakin aydındır ki, şe’r daxili hisslər, əqidə və digər ictimai durumların əksül-əməlindən meydana çıxır. Raşidi xəlifələrin dövründə ərəb şe’ri özünün illərdən bəri qalan üslubunu qorumuşdu. Lakin azacıq bir fərqlə ki, bə’zi şairlər ona islam əxlaqını da əlavə etmişdilər.

Lakin bu əsrdə öz keçmiş adət-ən’ənələrinə sadiq qalaraq mükafat almaqla zamanın tələbinə uyğun yersiz həcv və mədh yazan şairlər də olmuşdur. Zəbərqanla Hətinənin hekayəsi məşhurdur.

Zəbərqani ibni Bədr öz qövminin başçısı olmaqla yanaşı həm də onlardan alınan vergiləri (zəkatı) toplamaqla məşğul idi. Bəni Ənfun-naqə tayfası isə Zəbərqanla rəqabət aparır və ona nifrət bəsləyirdi. Hətinə Mədinəyə səfər edərkən yolda Zəbərqanla rastlaşır, Zəbərqan isə ona yüksək dərəcədə ehtiram göstərir. Bu iş bəni Ənfun-naqə tayfasının xoşuna gəlmir. Nəhayət onlar Hətinəni öz tərəflərinə çəkib onu Zəbərqanı həcv etməyə məcbur edirlər. Zəbərqani Ömərə şikayət etdi, Ömər şe’ri eştdikdən sonra dedi: Mən bu beytlərdə heç bir həcv görmürəm. Zəbərqan bu işə hakimlik etmək üçün Həssanı də’vət etməsini xahiş etdi. Ömər bu xahişi qəbul edib Həssandan soruşdu: Hətinə bu şe’rdən Zəbərqanı həcv etmişdirmi? Həssan cavab verdi: Onu nəinki həcv etmiş, hətta başdan ayağa təhqir edib pis sözlər söyləmişdir. Və Ömər Hətinəni zindana saldı.

Peyğəmbər (s) və Raşidi xəlifələri zamanı qəbilə şöhrətpərəstliyi üzərində qurulmuş qəhrəmanlıq şe’rləri öz keçmiş rövnəq və rəngarəngliyini itirmişdi. Çünki bir tərəfdən islam dininin göstərişləri Ərəbistanda köklü dəyişikliklər əmələ gətirmiş, digər tərəfdən müxtəlif qəbilələr islam qardaşlığı bayrağı altında birlik əldə etmiş və ən başlıcası isə yarmadanın kənar ölkələrini fəth etməyə başları qarışmışdı. Ancaq hicrətin 35-ci ilindən başlayan Cəməl döyüşü və ardınca Süffeyn və Nəhrəvan döyüşlərindən sonra Muzərilərlə Qəhtanilər və digər qəbilələr arasındakı ixtilaf yenidən baş qaldırdı. Süffeyn və Nəhrəvan müharibələrində bə’zi şair və döyüşçülərin rəcəzlərində öz qəbilələrini tərifləyib müqabil tərəfi məzəmmət etdiklərinin şahidi oluruq. Lakin bir məsələyə diqqət yetirilməlidir ki, onlar din uğrunda və müsəlmanların imamının əmri ilə döyüşə gəliblər.

Ziyad Əli (ə)-ın nümayəndəsi kimi Bəsrəyə gedəndə Əzd tayfası ona köməklik göstərdilər və Təmim tafası isə məğlub oldu. Əzd tayfasından olan bir şair bu hadisəni elə bir tərzdə vəsf edir ki, elə bil o, islamdan əvvəlki ərəb günlərini tərif edir. O, şe’rində zamanın xəlifəsinə tabe olduq demək əvəzinə belə deyir: Biz saziş və əhd-peyman bağladığımız şəxsi öz evinə qaytardıq, Təmim tayfasının həmpeymanı isə yanıb kül oldu.

Əli (ə)-ın şəhadətindən, Müaviyənin iş başına gəlişi ilə Şamın İraq üzərindəki qələbəsindən sonra mədh və həcv məzmunlu şe’rlər yenidən rövnəq tapdı. Əməvi hakimiyyəti dövründə bir sıra şairlər Şamdakı sarayla sıx rabitə yaradıb bu sülaləni tərif etmək və müxaliflərini məzəmmət etmək üçün istədikləri şe’ri yazırdılar. Bu dəstəyə daxil olan şairlərin ən bariz nümunəsi Kə’b ibni Cueyl, Mütəvvəkil Lisi, Abdullah ibn Humam Səluli, Əbul-Abbas Ə’ma, Miskin Darəmi, Əxtəl, Ədi ibni Riqa’ və başqalarıdır. Məsələn Kə’b ibni Cueyl belə yazır:

 

Şamlıların İraqlılardan xoşu gəlmir

İraqlıların da Şamlıları xoşlamadığının şahidiyik.

İraqlılar dedilər ki, Əli (ə) bizim imamımızdır.

Biz isə dedik: Biz Hindin oğluna da razıyıq (yə’ni Müaviyə)

 

Bu şe’ri yazan Əli (ə)-ın qoşunu ilə Müaviyə arasında toqquşma baş verən zamanda yaşamış bir şairdir. Belə ki, onun şe’rində iraqlılarla şamlılar arasındakı rəqabətin yenidən baş qaldırdığının şahidi oluruq, elə bil o, islamdan 100 ilə əvvəlki Ğəssanilərlə Ləxmilər arasındakı münaqişəni nəzmə çəkmişdir

Yezid ibni Müfərrəğ isə Mərvan ibni Həkəmi belə tərif edir:

 

Siz mədhin bazarını qiymətləndirdiniz

Halbuki, bundan əvvəl öz rövnəqini itirmişdi.

Deyəsən Allah-təala canların alınmasını

Və ruzilərin bir hissəsini sizin öhdənizə tapşırıb.

 

Görünür bu saray şairləri öz sənətlərinin adət-ən’ənəsinə uyğun olaraq söylədiklərin şe’rin müqabilində külli miqdarda ən’am alırdılar.

Əməvi xəlifələri arasında yalnız Ömər ibni Əbdüləziz olmuşdur ki, heç bir tə’rif qəbul etməmiş, tərifləməyi özlərinə vərdiş edən şairləri mükafatlandırmamış və əgər vermiş olsaydı da çox az bir miqdarda ən’am verərmiş.

Əməvi şairlərinin müqabilində şiə şairləri də var idi ki, onlar Əbu Süfyan ailəsinin zülmünü və ali-Haşimin məzlumluğunu görərək heç bir şey ummadan onları öz şe’rlərində tə’rif və mədh etmişlər. Bə’zi hallarda belə şe’rlərə görə işgəncə altına, ya da zindana düşməli olurdular. Ouf ibni Abudllah ibni Əhmər Əzdi Kərbəla hadisəsi haqda belə söyləyir:

 

Hər dəfə günəş doğduqda və hər dəfə qaranlıq

Hər yeri bürüdükdə ağlayar hər ağlayan kəs

Gərək Hüseyn (ə)-a ağlasın! Ey kaş

Ounla birgə olub ləyaqətsiz düşmənləri

Ondan uzaqlaşdıra biləydim!

Gücüm yetən ana qədər onun yolunda

Ox atıb qılınc çalardım.

 

Abdullah ibni Kəsir Səhmi deyir:

Bu günlər Peyğəmbəri (s) və Əli (ə) övladlarına məhəbbət bəsləmək günah hesab olunur. Əgər onlara məhəbbət bəsləyib sevsəm günah etmiş olarammı? Xeyr! Bəlkə onları sevmək günahları pak edər.

Fərəzdəqin qəsidəsi isə bir ayrı üslubda yazılmışdır. Əbdürrəhman Cami onu fars dilinə tərcümə edərək özünün “Silsilətüz-zəhəb” adlı əsərində dərc etmişdir. Tərcümə olunmuş şe’r aşağıdakı beytlə başlanır:

 

Hərəmdə idi Əbdülməlikin oğlu Hişam.

Onunla birgə idi cümlə əhli Şam.

 

Bildiyiniz kimi Hişam Məscidülhəramda camaatın Əli ibni Hüseyn (ə)-a qoyduğu ehtiramı gördükdə özünü bilməməzliyə vuraraq soruşdu: Bu kimdir belə camaat onun üçün yol açır ki, Həcərül-əsvədə (qara daş) yaxınlaşsın? Fərəzdəq ona cavab olaraq bu qəsidəni yazmışdır. Belə bir mədihələrin yazılıb dillərə düşməsi təhlükəli və qorxulu sayılırdı. Lakin şair Əhli-beyti sevdiyindən, həmçinin Əməvi xəlifəsini olan nifrətin dərinliyindən bu şe’ri yazmış və müqabilində isə hər bir təhlükəni öz üzərinə götürməyə razı olmuşdur.

Bu şairlərin ən görkəmli nümyəndəsi Əbul Müstəhil Kumeyt ibni Zeyd Əl-Əsədidir ki, (60-126-cı hicri ilində yaşamış) Bəni-haşim haqqında yazmış olduğu qəsidələr “Haşimiyyat” adı ilə məşhurdur. Bu qəsidələr bir sıra xarici dillərə tərcümə edilib çap olunmuşdur. Kumeyt Əli (ə)-a dair, Ğədir-xum hadisəsinə dair, Kərbəla faciəsi haqqında, həmçinin ali-Məhəmmədin məzlumluqları haqqında uzun-uzadı ürək yandırıcı qəsidələr yazmışdır. Kumeyt Mədinəyə gələndə imam Cə’fər ibni Məhəmməd Sadiq (ə)-ın yanına gedərək Kərbəla şəhidlərinin müsibəti haqda yazdığı qəsidəni ona oxudu. İmam Sadiq (ə) buyurdu: Kumeyt əgər əlimdə imkanım olsaydı sənə ən’am verərdim. Ancaq sənə Peyğəmbər (s)-ın Həssana buyurduğunu verirəm: Biz Əhli-beyti müdafiə etdiyinə xörə Ruhul-qüdus (Cəbrayıl) yardımçın olsun. Sonra isə o, Abdullah ibni Həsən ibni Əlinin yanına gedib öz şe’rini ona oxudu. Abdullah isə dedi: Mənim dörd min dinar dəyərində olan əkin sahəm var, bu mülkün sənədini şahidlərin iştirakı ilə sənə təqdim edirəm. Kumeyt belə cavab verdi: Atam-anam sənə qurban olsun! Mən başqalarını tə’rif edərkən əna’m almışam. And olsun Allaha, sizin haqqınızda söylədiyim şe’rləri Allaha xatir yazmışam. Abdullah mülkün sənədini zorla ona verdi. Bir neçə gündən sonra Kumeyt onun yanına gedib dedi:

Ey Peyğəmbər övladı, mənim səndən bir diləyim var! Mənim istəyimi yerinə yetirərsənmi?

İstəyin nə olsa yerinə yetirərəm!

Mənə verdiyin sənədi gətirmişəm ki, onu məndən geri götürəsən. Bununla da o, sənədi geri qaytardı. Sonra Abdullah ibni Müaviyə ibni Abdullah Cə’fər bir dəri götürdü və dörd nəfər qulluqçusuna tapşırdı ki, hər biri dərinin bir ucundan yapışıb Bəni-haşimin evlərini gəzməyə başlasınlar. Abdullah dedi: Ey Bəni haşim! Sizi tə’rif və mədh edən Kumeyt olmuşdur. Başqaları susanda o, sizləri tə’rif etmişdir. Bu işi yerinə yetirərkən özünü bəni Üməyyə müqabilində təhlükəyə atmışdır. Hər kəs gücü çatan şeydən onun içinə qoyurdu, hətta qadınlar öz bəzək əşyalarını çıxarıb dərinin içinə atırdılar. Yüz min dirhəm dəyərində əşya toplandıqdan sonra Kumeytin yanına gedib dedi: Bu azacıq mükafatı sənin üçün gətirmişəm. Bilirsən ki, hakimiyyət düşmənlərimiz əlindədir, bizim də əlimimzdə bir şey yoxdur. Kumeyt isə belə cavab verdi: Atam-anam sənə qurban olsun! Siz mənə bundan da artığını vermisiniz, mən sizi tə’rif və ya mədh etməkdə ancaq Allahın və onun Peyğəmbərinin razılığını istəyirəm. Abdullah nə qədər çalışdısa Kumeyt o maldan bir şey belə götürmədi.

Öz əhd-peymanına sadiq qalan şairlərdən əlavə olaraq, bu dövrdə təbiətin və insanın (əksər halda qadınların) füsunkar gözəlliklərini vəsf edən və qəzəl yazmağı özünə peşə seçən bir dəstə şairlər də meydana çıxmışdı.

Mədinə əhalisindən və Ous qəbiləsindən olan Ömər ibni Əbi Rəbiə Məxzumi Əqvəs (33-93 h.q) Osmanın nəvəsi Abdullah ibni Ömər ibni Əmr və Bəşşar ibni Bord Təxarəstani bu dəstə şairlərdən hesab olunurlar. Bəşşar Əməvilərin son dövründə şöhrət tapmışdır.

Ömər ibni Əbi Rəbiənin və Bəşşar ibni Bordun şe’rlərini Əməvi əsrinin ictimai pozğunluğunun in’ikası kimi qəbul etmək olar.

İbni Əbi Ətiq demişdir: Heç bir şe’rdə Ömər ibni Əbi-Rəbiənin şe’rindəki qədər Allaha qarşı üsyan edilməmişdir. Səvvar ibni Abdullah və Malik Dinar demişlər: Bu korun (Bəşşar) şe’ri qədər heç bir kəsin şe’ri Mədinə əhalisini əxlaq pozğunluğuna sürükləməmişdir. Vasiq ibni Əta isə belə demişdir: Şeytanın insanı düz yoldan azdıran ən aldadıcı yollarından biri də bu dinsiz korun şe’rləridir.

Bu əsərdə bə’zən şairlər arasında öz qövminin və ya yaxın adamının təəssübünü çəkmək, bir-birini tə’rifləmək və ya təqhir etmək hallarına da rast gəlmək olur. Cərir (şair) ilə (28-110 h.q) Fərəzdəqin (vəfat 114 h.q) bir-birlərini həcv etməsi məşhurdur.
ƏRƏB NƏSRİ

Raşidi xəlifələri və Əməvilər dövründə ərəb nəsri özünəməxsus inkişafa malik olub, yavaş-yavaş kamilləşməyə doğru üz qoymuşdur. Buna səbəb bir tərəfdən Qur’ani-kərim və Peyğəmbər (s)-ın hədisləri, digər tərəfdən isə cümə namazında və camaatla birgə qılınan namazlardakı xütbənin zəruri olmasıdır ki, hər bir xəlifə və ya hakim onu yerinə yetirməyə məcbur idi.

Ərəb nəsrinin inkişafına tə’sir edən amillərdən biri də Əməvi hakimiyyəti dövründə fars dilinin ərəb dilinə qarışması, digər tərəfdən isə ərəb yazarlarının (dövlət sarayında işləyən katiblərin) iranlı katiblərdən təqlid etmələri olmuşdur. Əsliyyətcə iranlı olan Həccac ibni Yusif Səqəfinin katibi Saleh ibni Nəsr dəftərxananı (məktub divanxanası) fars dilindən ərəb dilinə çevirdi. Ərəb nəsrinin inkişafında olduqca mühüm rol oynamış şəxslərdən Saleh və iranlı yazıçı Əbdülhəmidin adını çəkmək olar. Katib Əbdülhəmidi Əməvi əsrində yazıçıların ən üstünü, həmçinin ərəb nəsrində gətirdiyi yeniliklərinə görə çox böyük şəxsiyyət hesab olunur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
AŞKAR QƏLƏBƏ VƏ YA HÜDEYBİYYƏ SÜLHÜ
MÜAVİYƏNİN HAKİMİYYƏTİ
Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
İSLAMIN ZÜHURU-2
OSMANIN XİLAFƏTİ
İMAM HADİ (Ə) VƏ İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) ŞİƏLƏRİ QEYB DÖVRÜNƏ ...
HƏMZƏNİN İSLAMI QƏBUL ETMƏSİ
VƏLİD İBNİ ƏBDÜLMƏLİK

 
user comment