Bildiyimiz kimi, insanın həqiqət və mahiyyəti barəsində müxtəlif nəzərlər vardır. Ümumi baxışda iki nəzəriyyə, yəni materialistlər və ruhçuların nəzərləri bir-birinin müqabilində dayanıb. Ruhçuların fikrincə insan cism və ruhdan ibarət bir həqiqətdir ki, ölməklə fani olmur və əbədi olaraq qalır. Bildiyimiz kimi dini məntiq, xüsusilə islami mətnlər bu məsələyə dəlalət edir. İkinci nəzəriyyə isə budur ki, bu, bədəndən başqa bir şey deyil və ölməklə tamamilə məhv olur; bədənin dağılaraq aradan getməsi insan şəxsiyyətinin dağılaraq məhv olması deməkdir.
İNSAN MƏNƏVİYYATI
İnsanın həqiqət və mahiyyəti barəsində belə böyük fikir ayrılığının olmasına baxmayaraq, bu mövzu ilə bağlı digər bir məsələ barəsində heç bir ziddiyyət və fikir ayrılığı yoxdur. Həmin məsələ bundan ibarətdir ki, mənəviyyat adlandırıla bilən bir sıra qeyri-maddi işlər insana dəyər və şəxsiyyət verir. İnsanın insanlığı bu işlərlədir. Belə ki, əgər bunlar, insandan alınsa, onun heyvanla heç bir fərqi olmaz. Başqa sözlə desək, insanın insanlığı onun cismi quruluşu, yəni bir baş, iki qulaq, enli dırnaq və danışmaq kimi xüsusiyyətlərə malik olması ilə deyil. Bəli, bunlar insanlıq demək deyildir. Sədi bu mətləbi öz şerində belə açıqlayıb:
Təne adəmi şərifəst be cane adəmiyyət
Nə həmin libas zibast nişane adəmiyyət
Əgər adəmi be çeşməst zəbano quşo bini
Çe miyane nəqşe divar miyane adəmiyyət.
Şerin məzmunu:
İnsan bədəni onun insanlıq ruhuna malik olması səbəbilə şərafətlidir. Bu gözəl paltar adamlıq nişanəsi deyil. Əgər adamlıq göz, dil, qulaq və burunla olsaydı, adamlıqla divar arasında nə fərq olardı?
Əgər insanlıq bu bədənin olmasıyladırsa, hamı anadan adam doğulur. Amma məsələ belə deyil. Adamlıq bir sıra sifət, əxlaq və mənaların mövcud olması ilədir ki, insan onların nəticəsində dəyər və şəxsiyyət əldə edir. Bu gün insana dəyər və şəxsiyyət verən və onlar olmadıqda insanın heyvanla heç bir fərqinin olmaması nəticəsini verən şeylərə «insani dəyərlər» deyilir.
Bu gün keçən söhbətlərimizi davam etdirəcəyik. Əvvəlki söhbətlərimizdə dedik ki, fərd və cəmiyyətin doğru yoldan çıxması iki cürdür. Bunlardan biri dəyərə malik olmayan şeylərin əsl dəyərlər müqabilində müqavimət göstərməsi və onların qarşısını almasıdır. Buna misal olaraq zülmün ədalət, allahsızlıq və laqeyidsizliyin allahpərstlik və ibadət, səfehlik və axmaqlığın ağıl, dərrakə və hikmət müqabilində dayanmasını göstərmək olar. Amma dəyərsiz şeylərin dəyərlər müqabilində dayanması, bəlkə də, bəşərin düzgün yolundan çıxmasında elə də çox təsir göstərməyib. Çünki dəyərsiz şeylər insani dəyərlər qarşısında duranda çox davam gətirə bilmir və qısa müddətdə məğlub olur. Bəşəriyyətin düz və haqq yoldan çıxmasının əsas amili onun, dənizdə çəkilmə və qabarma baş verdiyi kimi hansısa bir dəyərə üz tutaraq onu şişirtməsi və ona qapılmasıdır. Bu, bütün digər dəyərlərin məhv olmasına səbəb olur. Dediyimiz kimi zahidlik və təqva bir dəyərdir, insanlıq meyarlarındandır. Amma bəzən görürsən ki, bir şəxs və ya cəmiyyət zahidliyə elə qapılır ki, onun üçün hər bir şey zahidlik olur və o, zahidlikdə məhv olur. Qeyd etdik ki, belə bir şəxs və ya cəmiyyət yalnız bədəninin bir üzvü, məsələn burnu inkişaf edərək böyüyən insana bənzəyir.
DƏRD VƏ ONUN FAYDALARI
Əvvəldə qeyd etdiyimiz kimi, hətta materialist məktəblər də bir sıra mənəvi dəyərlərə inam bəsləyirlər. İnsani dəyərlər ümumi bir ad altında müxtəlif qismlərə bölünürlər. Bu ümumi ad, həm ariflər və həm də müasir alimlərin işlətdikləri terminlərdəndir. Hətta qeyd etmək lazımdır ki, həmin termin ariflərdən qabaq islami mətnlərdə də işlədilib. Bu o deməkdir ki, insanlığın əsas meyarı «dərdlilik» və «dərd sahibi olmaq» adlandırılan şeydən ibarətdir. İnsanın qeyri-insanlarla fərqi bundan ibarətdir ki, insan «dərd» sahibidir. İnsan, heyvanlara və ya insanlıq ruhuna malik olmayan bir baş, iki qulaqlı insanların əksinə olaraq bir sıra dərdlərə malikdir. Amma heyvanlar və insanlıq ruhuna malik olmayan dırnaqarası insanlar, belə bir dərdə sahib deyildirlər.
Biz əvvəlcə «dərd»in özü barəsində danışmalıyıq. Əlbəttə, bəlkə də ilk baxışda belə bir şey barəsində söhbət etmək təəccüblü görünər və bu nə deməkdir? sualını doğurar. Çünki dərd pis şeydir və insan onu özündən uzaqlaşdıraraq aradan aparmalıdır. Belə olan surətdə, insanlıq və bir şeyin dəyərliliyinin dərdlilik olması necə mümkündür? Dərd yaxşı şey ola bilərmi?
İlk növbədə qeyd etmək lazımdır ki, biz dərd ilə dərdin mənşəyi arasında səhvə düçar oluruq. Məsələn, hər hansı bir xəstəlik və ya yarada, mövcud olan mikrob və xəstəlik və yaranın yaranma amili olan şeylər pisdir. Çünki onlar bədənə daxil olur və sonra dərdin yaranma mənşə və mənbəyinə çevrilirlər. Mədə və ya bağırsaqda yara olanda insan onun ağrısını hiss edir. Belə bir şəraitdə həmin yaranın olması pisdir. Amma dərdin özü insanı narahat etməsinə baxmayaraq, onun agahlıq və oyanışına səbəb olur. Hətta insan və heyvan arasında müştərək olan cismi dərd və ağrılar belə, insanı agah edərək oyadır. Heç bir pozuntu olmadan insanın başının ağrıması mümkün deyildir. Ağrının yaranması sizi başda hansısa bir pozuntu və narahatçılığın yaranmasından xəbərdar edir. Sizi onun müalicəsinin fikrində olmağa çağırır. Bu müxtəlif dəzgah və avtomobildə olan yağ, benzin və sairə şeylərin miqdarını göstərən əqrəblərə bənzəyir. Məsələn, avtomobildə olan bəzi əqrəblər yağın miqdarını, bəzi əqrəblər isə suyun hərarətini göstərir. Əgər əqrəb suyun hərarətinin çoxaldığını və ya benzinin qurtardığını göstərirsə, siz buna necə baxırsınız? Bu yaxşıdır, yoxsa pis? Bu çox yaxşıdır, çünki sizi agah və xəbərdar edir. Sizin maşınınızın qızdırması və ya benzinin qurtarması pisdir. Əgər insanın bədənində heç vaxt ağrı olmasaydı və o, narahatçılıq hiss etməsəydi, əvvəla heç vaxt dərdindən xəbərdar və agah olmazdı və ikincisi həmin dərdin müalicəsi fikrinə düşməzdi. Çünki, bu dərd və ağrı əmrinin icrası labüd olan məmur kimi, insanı həmin çatışmamazlıq və narahatçılıqlar barəsində çarə axtarmağa vadar edir. Dərd və ağrı insanı narahat edərək dayanmadan onu dərman fikrində olmağa sövq edir.
Buna görə də hətta cismani dərdlərin özləri belə nemətdirlər və insanın agahlıq və oyanmasına səbəb olurlar. İnsanın, hətta bədənində bir narahtçılıq və pozuntu baş verməsi bahasına olsa belə, agah və xəbərdar olması yaxşı şeydir. Mövlananın bu barədə çox maraqlı şeri vardır.
Məzmunu:
Xəstəlikdə olan həsrət və zarıltı,
Xəstəlik vaxtı oyaqlıq vaxtıdır.
Ey əsa axtaran, bu əsa bil ki,
Hər kimin dərdi varsa o başa düşüb.
Şəxs nə qədər oyaq olsa, bir o qədər dərdli,
Nə qədər agah olsa, çöhrəsi bir o qədər solğun olar.
Mövləvi şerin davamında deyir ki, kimin dərdi varsa və o, bu dünyada başqalarından nə qədər çox dərdlidirsə və nə qədər çox dərd çəkirsə həmin qədər digərlərindən agah və oyaqdır.
Dərdsizlik hissizlik, şüursuzluq, dərksizlik və durğunluqla, dərd hiss etmək isə agahlıq, oyaqlıq, şüur və dərrakə sahibi olmaqla bərabərdir. İnsan, ya rahatlıq və dərdsizliyi, yəni nadanlıq və cahilliyi, ya da agahlıq və dərdliliyi seçməli olsa hansını seçər? Görəsən sayıq və agah olaraq dərdə malik olmağı seçər, yoxsa qanmazlıq və axmaqlıqla birgə olan dərdsizliyi? Agahlıq və sayıqlıqla birgə olan narahtçılıqlar cahillik və xəbərsizliklə birgə olan rifah və rahatçılıqdan üstündür. Məsəl var deyərlər ki, Sokrat kimi arıq və cansızlıq kök donuzluqdan yaxşıdır. Bunun mənası odur ki, insanın məhrum alim olması bütün şərait və rifahla yanaşı olan qanmaz donuzluqdan yaxşıdır.
ƏQLDƏN ŞİKAYƏT
Bizim ədəbiyyatımızda gözə çarpan məsələlərdən biri də əqldən şikayət məsələsidir. Biz, ədəbiyyatamızda, xüsusilə şerimizdə xalqın «Ey kaş ağlım olmayaydı, cəmiyyətdə ağıllı, oyaq və sayıq olmağın adama nə faydası var?» kimi şikayəti ilə rastlaşırıq. Onlar, ağılın insanın asayiş və rifahını pozmasından gileylənirlər.
Bəziləri öz şerlərində belə deyirlər:
Məzmunu:
Mənim ağıl və huşum canımın düşmənidir,
Kaş göz və qulağım açıq olmayaydı!
Digəri isə belə deyir:
Məzmunu:
Ağllı olub dəlilərin dərdini çəkincə,
Dəli ol ağıllılar sənin dərdini çəksinlər.
Bu qism adamlar dəliliklə birgə olan rifah və asayişi ağıl, fikir və dərrakə ilə olan narahatçılıqlardan üstün hesab edirlər. Amma bütün bunlar səhv fikirlərdir. İnsanlıq məqamına çatan və dərdli olmağın dəyərini başa düşərək dərk edən insan heç vaxt «ağıl və huş mənim canımın düşmənidir» deməz. Bunun yerinə Peyğəmbər (s)-in bu sözlərini deyər: «Hər bir şəxsin həqiqi dostu onun ağlı, həqiqi düşməni isə cahillik və nadanlığıdır.»
«Ağıl və huşum mənim canımın düşmənidir» deyən və əqli huşdan yaranan narahatçılıqdan şikayətlənən şəxs, cahillik və nadanlıqdan yaranan narahatçılıq və bədbəxtçilikdən xəbərsizdir. Çünki o, bunların hər ikisindən xəbərdar olsaydı və onların hər ikisini hiss etsəydi belə sözlər danışmazdı. Bəli, əgər dərdə səbəb olan bir şey olmasaydı və insan dərdsiz qalmalı olsaydı, dərd yaradan amil olmadığı üçün dərdsizlik üstün sayılardı. Amma dərd və ağrıya səbəb olan amil və onun mənşəyi varsa, insanın ondan yaranan ağrını hiss etməməsi bədbəxtlik və faciədir. Məsələ cismi xəstəliklərdə də belədir. Buna görə də cismi xəstəliklərin ağrı verməməsi öldürücüdür. Çünki insan o vaxt xəbər tutur ki, iş-işdən keçir. Xərçəng xəstəliyinin öldürücü olmasının səbəblərindən biri onun əvvəldə heç bir ağrı verməməsidir. Əgər bu xəstəlik əvvəlcədən ağrı versə, bəlkə də qarşısının alınması üçün hansısa işlər görmək olar. O, məsələn qana sirayət etməmişdən qabaq aradan aparıla bilər. Xərçəngin əsas təhlükəsi, onun xəbərsiz, yəni ağrısız olmasıdır.
Buna görə də «dərd və ağrı pis şeydir» deməklə, insani dəyərlərin dərdlilik olması fikrini rədd etmək olmaz.
İNSANIN DƏRDİ
İnsanın dərdi nədir? İnsanın başının ağrımasının səbəbi onun insan olması deyil, çünki heyvan, məsələn qoyunun da başı ağrıyır. İnsanın əl, ayaq və digər üzvlərinin ağrıması da heyvani ağrılar növündəndir. Amma insan dərdi və insanın dərdə malik olması barəsində söhbət edənlərin məqsədi, bu qism ağrı və dərdlər deyil. İnsanda dəyərə malik olan dərd və ağrılar başqa şeylərdir. Ariflərin insanda kəşf etdikləri və həmişə müqəddəs sandıqları dərd Allahaxtarma dərdidir. Onlar deyirlər ki, bu dərd insana məxsusdur və hətta insanın mələkdən üstün olmasının səbəbi, mələyin bu dərdə malik olmaması, insanın isə malik olmasıdır.
İslam dininə əsasən, insan ilahi ruh üfürülmüş bir həqiqətdir ki, digər bir aləmdən gəlib və o, təbiətdə olan əşyalarla tam uyğunluğa malik deyil. İnsan bu dünyada özündə bütün varlıqlara qarşı bir növ qəribəlik, biganəlik və uyuşmazlıq hiss edir. Çünki onların hamısı fani, dəyişkən və qeyri-sabitdir. Amma insanda əbədilik hissi vardır. Bu, insanı Allaha ibadət və itaətə, raz-niyaza, Ona yaxınlaşmağa və öz əslinə doğru çəkən amildir.
İNSANIN DƏRDİ BARƏSİNDƏ BİR NEÇƏ TƏMSİL
Yəqin ki, bizim irfanda bu barədə necə misalların çəkildiyini görübsünüz. Bəzən insanı Hindistan meşələrindən gətirilərək qəfəsə salınan və həmişə, narahat halda qəfəsi sındıraraq əvvəlki yerinə qayıtmaq barəsində düşünən tutuquşuna, bəzən də öz yuvasından uzaq düşmüş quşa oxşadırlar. Ən ali və gözəl misallardan biri Mövlananın «Məsnəvi»nin əvvəlində gətirdiyi təmsildir. O, insanı qamışlıqdan kəsilmiş və həmişə nalə və fəryad çəkərək bu ayrılıqdan şikayətlənən ney və tütəyə bənzədir.
Beşno əz ney çun hekayət mikonəd
Vəzcodayiha şekayət mikonəd
Kəzneystan ta məra be borideənd
Əz nəfirəm mərdo zən nalideənd
Sine xahəm şərhe-şərhe əzfəraq
Ta be quyəm şərhe dərde iştiyaq.
Sonra belə deyir:
Do dəhan darim quya həmçuni
Yek dəhan pinhan əst dər ləbhayi vey
Mövlana bəzən də başqa cür bənzətmə və təşbeh edir:
Pil bayəd ta ço xosbəd ustan
Xab binəd xotteye hindustan
Xər nəbinəd hiç hindustan be xab
Xər ze hindustan nə kərde əst iğterab.
Deyirlər ki, Hindistandan gətirilmiş filin həmişə başına vurmaq lazımdır, çünki belə etməsələr onun yadına Hindistan düşər. Mövlana deyir ki, Hindistan yalnız filin yuxusuna girir, çünki o Hindistandan gəlib. Uzunqulaq heç vaxt Hindistanı yuxuda görmür, çünki o, Hindistandan gətirilməyib və o, burada qərib deyil. Məqsədi budur ki, insanın başqa aləmə qayıtmaq, haqqa və Allaha doğru getmək, münacat və vüsal dərdi var.
İNSANIN DƏRDİ ƏLİ KƏLAMINDA
Əli (ə) Kumeyl ibni Ziyad ilə səhraya gedəndə necə də gözəl söz deyib. Kumeyl deyir ki, səhraya və heç kəsin olmadığı bir yerə çatanda Əli (ə) dərindən ah çəkib belə dedi: «Ey Kumeyl ibni Ziyad! İnsanın qəlbi qab kimidir. Qabların ən yaxşısı tutumu çox olan və ya içindəkini yaxşı saxlayandır. Sənə dediklərimə yaxşı qulaq as.»
Həzrət Əli (ə) söhbətinin davamında insanları üç hissəyə bölür ki, mən bu barədə danışmaq niyyətində deyiləm. Söhbətinin sonunda isə belə şikayətlənir: «Əfsuslar olsun ki, ürəyimdəkiləri deməyə layiq sirr saxlayan insanlar yoxdur.» Sonra isə belə deyir: «Amma belə də deyil ki, heç kəs olmasın. Həmişə, bütün dövrlərdə belə adamlar olublar... Bəsirətin son həddində olan həqiqi elm onlara üz tutub və onlar tam yəqinlik məqamına çatıblar. Onlar yəqinlik ruhuna birləşiblər və onunla onlar arasında fasilə yoxdur. Əyyaş və maddəpərəst adamlara çox çətin gələn şeylər, onlara çox asan və rahat gəlir. Nadanların qorxaraq vəhşət etdikləri şey, yəni haqq ilə xəlvətdə münacat etmək onların ülfət mənbəyidir, ünsiyyət ocağıdır. Bunlar, dünyada camaatla bir yerdədirlər, amma uca aləmə cəzb edilmiş ruhlarla! Bu dünyada olmaları ilə yanaşı, həm də bu dünya da yoxdurlar. Həm bu dünyadadırlar, həm də başqa dünyada.»
Əli (ə)-ın dərdləri, öz dilimizlə desək, Əlinin irfani-ibadi dərd və münacatları çox aydın bir məsələdir. O, ibadət edərkən elə bir mərhələyə çatır və özündən uzaqlaşaraq məhbub və məşuqunun eşqi ilə elə isinir ki, ətrafında baş verənlərdən, hətta bədəninə batmış oxun çıxırlmasından xəbərsiz olur!
İnsanın dərdi budur, yəni Haqqdan uzaqlığı, Onun zatına yaxınlaşmaq arzu və şövqü və Ona yaxınlaşmaq dərdi! İnsan Haqq olan varlığın zatına çatmayınca bu iztirab və sıxıntı həmişə öz yerində qalacaqdır. İnsan başını nə ilə qarışdırsa, həmin şey bir növ əyləncədir, həqiqət isə ayrı bir şeydir. Quran bu mətləbi belə ifadə edib:
«...Bilin ki, qəlblər [möminlərin ürəkləri] yalnız Allahı zikr etməklə aram tapar!»
(Rəd-28).
Quran demək istəyir ki, qəlblər yalnız və yalnız bir şey ilə iztirab və narahatçılıqlardan uzaqlaşaraq aram ola bilər, bəşər bir şey vasitəsilə sakitləşər və o, Haqqı zikr edərək yada salmaq və Onun zatı ilə ünsiyyətdə olmaqdır. Ariflər bu dərd üzərində çox təkid edir və digər dərdlərə çox az əhəmiyyət verirlər.
MÖVLANANIN TƏMSİLİ
Mövlana «Məsnəvi»də əslində təmsil olan bir hekayət nəql edib. Deyir ki, bir kişi həmişə öz Allahı ilə raz-niyaz edərək Allah-Allah deyirmiş. Bir dəfə şeytan zahir olaraq onu vəsvəsəyə salıb elə bir iş görür ki, həmin şəxs həmişəlik olaraq susur. Şeytan ona belə deyir: Ey kişi, sən ki, bu qədər Allah-Allah deyərək səhər axşam nalə və yanğı ilə Onu çağırırsan, heç bir dəfə ləbbeyk (bəli) cavabı eşitmisənmi? Şeytanın bu sözü kişinin ağlına batır, susaraq bir də Allah-Allah səslənmir. Bir dəfə yuxuda qeybdən gələn bir səs ona deyir: Nə üçün Allahla münacatını tərk etdin? Kişi cavab verir: Mən nə qədər münacat etdim və Allaha yalvardımsa bir dəfə belə, ləbbeyk cavabı eşitmədim. Qeybdən gələn səs yuxuda ona belə deyir: Mənə əmr edilib ki, sənə Allah tərəfindən cavab verim və o, budur ki, sənin Allah-Allah deməyin bizim ləbbeyk deməyimizdir.
Sən, bizim sənin qəlbində yaratdığımız dərd və şövqin, məhəbbət və aşiqlərin ləbbeykimiz olduğunu bilmirsən.
Nə üçün Əli (ə) Kumeyl duasında belə deyir: «İlahi! Mənim dua etmələrimin qarşısının alınmasına (və dua və münacat dərdinin məndən alınmasına) səbəb olan günahlarımı bağışla!»
Buna görə də deyirlər ki, dua həm arzu və məqsəd və həm də vasitədir. Yəni dua, həmişə icabət edilərək cavab verilməsi üçün deyil, onun icabət edilməməsinin özü də icabətdir. Məqsəd duanın edilməsidir.
İNSANIN YARANMIŞLARA QARŞI OLAN DƏRDİ
Digər bir qrup isə dəyərlərin ən mühümü kimi qələmə verilən insan dərdi barəsində başqa bir məsələyə toxunublar. Onlar insanın Allah deyil, xalq dərdi çəkilməsini mühüm dəyər hesab edirlər. Bu qrupun fikrincə, insanın insanlıq meyarı onun digərlərinin dərdini çəkməsidir. Belə ki, başqalarının ona aidiyyatı olmayan narahatçılıqları onda dərd yaratsın və o, onların dərdlərini çəksin. Sədinin sözü ilə desək:
Mənim çöhrəm yoxsulluqdan deyil, yoxsulların dərdini çəkməkdən saralıb.
Başqalarının dərd-qəmini çəkən şəxs yadların aclığı fikrindən yata bilmir, ona özünün aclığı başqalarının aclığından daha asan gəlir. O, başqalarının ayağına tikan batmasını öz gözünə batan tikan hesab edir. Bu qrupa daxil olan insanlar bunu insanın dərdi hesab edir və onun insana dəyər və şəxsiyyət verməsini vurğulayıb, bütün insani dəyərlərin mənşəyinin bu məsələ olduğunu bildirirlər. Bu gün filan məsələnin insani məsələ olduğunu deyənlər, bundan başqa heç bir şeydə insanlıq nişanələri görmürlər. Onlar insanın məsuliyyət hissinə qayıdan və onun, digər insanlar müqabilindəki dərdi ilə bağlı şeyləri insani məsələ hesab edir, digər şeyləri isə bu qismə aid olan məsələlərdən saymırlar. Bu da bütün dəyərlərin yalnız bir dəyərdə məhv olmasının digər bir nümunəsidir.
İSLAMIN NƏZƏRİ
Görəsən islam baxımından da insan, yalnız başqalarının dərdini çəkərək onların qeydinə qalan şəxsdirmi? Yaxud, yalnız Allah dərdinə malik olan şəxslər insan adlanır? İslam meyarları baxımından insan Allah dərdinə malik olan şəxsdir və o, Allah dərdinə malik olduğu üçün digər insanların da dərdini çəkir.
Quranın, başqalarının dərdini çəkərək qeydinə qalmaq barəsindəki sözlərinə diqqət edin. Bu ilahi kitab peyğəmbər barəsində belə buyurur: «[Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qurana inanmasalar, [səndən üz çevirib getdiklərinə görə] arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!»
(Kəhf-6).
Peyğəmbər (s) xalqın hidayət və səadəti, onların dünya əsirlikləri və giriftarçılıqlarından qurtarmaları və axirətlərinin yaxşı olmasına o qədər rəğbət bəsləyirmiş ki, sanki özünü bu yolda həlak etmək istəyirmiş. Buna görə də ona xitab edilir ki, nə olub? Nə xəbərdir? özünü xalqa görə həlak edəcəksənmi? «Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!
[Biz onu Allahın əzabından] qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.»
(Taha-2-3).
Digər bir ayədə isə belə buyurur: «[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o, ;sizin iman gətirməyinizi] çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir.»
(Tövbə-128).
Siz bu ayədə Quranın ifadəsinin nə qədər maraqlı və ali olduğuna diqqət edin. Camaat! Sizin öz aranızdan və öz cinsininzdən olan peyğəmbər gəlib. Onun birinci xüsusiyyəti budur ki, sizin çətinlik, məşəqqət və narahatçılıqlarınız ona ağır gəlir və o, sizin dərdinizi çəkir. Deməli, müsəlman həm Allah və həm də Allah bəndələrinin dərdini çəkən şəxsdir. Quran həris kəlməsindən istifadə edib. Bəzən valideynlər uşaqlarının ruhani olmalarını istəyirlər və bu məsələdə o qədər ifrata varırlar ki, onlar barəsində belə deyilir: Filankəs uşağının savadlı olmasına hərisdir. Bu hərislik, istəyin çoxluğu baxımından eynilə dünyapərəstlik və pulpərəstlik kimidir. Peyğəmbər xalqın nicat tapmasına, onların dərdlərinin yaxşılaşmasına həris olub. Xalqın dərdini çəkmək budur.
Əli (ə)-ın özü də bu ifadədən istifadə edib və dərd ifadəsi ona məxsusdur.
Bəlkə də bu məsələni dəfələrlə eşidibsiniz. Osman ibni Huneyf Bəsrədə bir qonaqlıqda iştirak edibmiş. Həmin məclisdə nə olmuşdu? Allah eləməmiş, orada araq içilmişdimi? Xeyir! Qumar oynanılmışdımı? Xeyir! Pozğunçuluq olmuşdumu? Xeyir! Bəs nə olmuşdu? Osman ibni Huneyfin günahı tam əşraf, bu günkü dillə desək, aristokratlar məclisində iştirak etməsidir. Belə ki, həmin məclisdə yoxsullardan heç kəs olmayıb. Təəssüflər olsun ki, bizlər bu gün belə şeylərə tamamilə laqeyidliklə yanaşırıq. Əli (ə)-a xəbər çatır ki, sənin nümayəndə və hakimin yoxsullardan bir nəfərin belə iştirak etmədiyi varlı, əşraf və pulluların qonaqlıq məclisində iştirak edib. Əli (ə) belə buyurur: «Ey Osman ibni Huneyf! Mən sənin ancaq varlılar dəvət edilmiş və kasıbların dəvət edilməyərək qapı arxasında qaldıqları süfrədə oturmaq dəvətini qəbul etməyinə inanmazdım. Əli (ə) sonra öz dərdləri barəsində danışaraq bu yerə çatır: Əli xəlifədir! öz-özünə deyir ki, istəsəm mənim üçün hər bir imkan hazırdır. İstədiyim ən yaxşı yeməli, içməli və geyinməli şeyləri özüm üçün əldə edə bilərəm. Amma mənim belə etməyim qeyri-mümkündür. Mənim öz cilovumu hərislik və nəfsi istəklərimin əlinə verməyim mümkün olmayan bir şeydir.»
Əli (ə) nə üçün belə deyir? Məgər Allah bu nemətləri haram edib? O, bəzilərinin yaxşı paltar geyinmək, saf bal yeməyin haram olmamasını güman etməmələri üçün bu barədə izah verərək deyir ki, xeyir, məsələ belə deyil, onlar haram deyil, halaldır. Amma məsələ belədir ki, əgər mən burada öz qarnımı doyuzdursam İraq, Kufə, Yəmanə, Fars körfəzi sahilləri və Hicazda kiminsə bu bir tikə çörəyə belə ehtiyacı ola bilər, bir tikə çörək əldə etməyə belə ümidi olmaz. Mən tox qarınla yatım, amma ətrafımda ac qarınlar və susuz cigərlər olsun? Mən bu şerdəki kimi olum:
Və həsbukə daən təbitə bibitnətin
Və hovləkə əkbadun təhinnu iləl qiddi
Mənası:
Sənə təkcə bu dərd bəsdir ki, sən tox qarınla yatasan,
Amma ətrafında ac qarınlar olsun.
Xalqın dərdini çəkmək buna deyərlər. İnsanlıq meyarı, daha düzgün desək, dəyərlərin ikinci anası budur. Əli (ə) söhbətinin davamında belə deyir: Mən Əmirəl-möminin, xəlifə və abadlıqların çoxunu əhatə etmiş islam ölkələrinin başçısı ləqəb və xitabına qane olub özümü möminlərin ağası adlandırım, amma çətinliklərdə onlarla şərik olmayım?!
Diqqət edəndə görürsən ki, burada, bütün sözlər başqalarının dərdlərini duymaqdan gedir.
İDEAL DƏRD
Mən indi sizdən belə bir sual soruşmaq istəyirəm ki, sizcə adamın duyğusuz və bədən üzvlərinin hissiz olması ilə olan rahatlığı yaxşıdır, yoxsa hissiyyatlı olub bu dərdi dərk etməsi? Bu dərd həm də ləzzətli bir dərddir, çünki başqalarının dərdini çəkərək onların qeydinə qalmaq həmişə ləzzətlidir. Görəsən bu nə sirrdir? Düzünü Allah bilir. Başqalarının dərdini çəkmək ləzzətli olduğu kimi, Haqqın hicran dərdi də ləzzətlidir.
İbni Sina «İşarələr» kitabında bu məsələyə toxunaraq yazır ki, bəzən bir şey ağrılı olmasına baxmayaraq ləzzətli olur. O, buna misal olaraq bədənin qaşınmasını gətirir. Deyir ki, bədən qaşınır və onda bir növ acışma və göynəmə olur, qaşıyanda həmin yer ağrıyır. Amma ağrısına baxmayaraq adamın ondan xoşu gəlir. Bu ağrı, acı ağrı deyil.
Bu insanın ruh və canını yandıran, göz yaşı çıxaran, amma eyni zamanda sevilən və ideal bir dərddir. İnsan həmişə bir sıra qəmlərdən qaçır. Amma bizə deyəndə ki, imam Hüseyn (ə) üçün çox yaxşı bir matəm məclisi keçirilir, biz ora getmək istəyirik? İnsanın ürəyi yanmasa və o, dərd çəkməsə göz yaşı tökmür. Amma eyni zamanda həmin əza məclisinə getmək istəyir, həmin dərdi hiss edərək göz yaşı tökmək istəyir. Göz yaşı tökəndə səfalı bir hiss keçirir ki, həmin dərd bunun müqabilində heç nə olur. İnsanlığın dərdi budur.
Yalnız öz bədənlərinin dərd və ağrılarını hiss edən və ruhu öz cisminin ağrılarını duyan bədənlərin xoş hallarına! Çünki həmin ruh həmişə bu bədəndə olan narahatçılıqları aradan aparmaq fikrindədir. Amma ruhu təkcə özünün olmayan bədənin işi çox çətindir, çünki onun ruhu bütün bədənlərindir. Bir ruh təkbaşına hamının ağrı-acılarını hiss edir. Bu bədən Hicaz və Yəməndə bir nəfər arpa çörəyi yeyən tapıla bilər deyə, bütün imkanlara malik olmasına baxmayaraq, iki tikə arpa çörəyi ilə kifayətlənmək məcburiyyəti qarşısındadır. Bu bədən Əli (ə) kimi bir şəxsin ruhu ilə uyğunlaşmaq üçün yamanmış ayaqqabı geyinməlidir. Ərəb şairlərindən biri belə deyir:
Və iza kanətin-nüfusu kibarən
Təibət fi muradihəl əcsamu.
Mənası:
Ruhlar böyüyəndə cismlər istək və məramlarına çatmaqda məşəqqət və əziyyətlərə düçar olurlar.
Bu o deməkdir ki, vay o bədənlərin halına ki, onların ruhları böyüyür. Ruh böyüyərək bütün bədənlərinki olanda, hamının dərd və ağrılarını hiss edəndə cəza görmək həddinə çatır. O, dul qadın və bir neçə uşağın vəziyyətindən xəbərsiz qaldığı üçün özünü cəzalandırır. Bir gün Əli (ə) küçədə, çiynində su tuluğu aparan bir qadın görür. O, bu cür mənzərələrin kənarından etinasız keçən adamlardan deyil. Fikirləşir ki, bu qadının su daşıması səbəbsiz deyil, çünki ya kimsəsizdir və ya əri ona əhəmiyyət vermir. Tez irəli gəlir. özü də ey nökər, ey qul, ey gözətçi və ya ey qənbər gəl bu qadına kömək et demir. İrəli gələrək tam ədəblə belə deyir: Xanım, icazə verirsiniz, sizə kömək edib su tuluğunu çiynimə götürüm? İcazə verin bu zəhməti mən çəkim. Həmin qadın da onun atasına rəhmət oxuyaraq su tuluğunu ona verir. Əli (ə) həmin dul qadının evinə gəlir və su tuluğunu yerə qoyduqdan sonra onun suyu nə üçün özü daşıdığını soruşur. Əriniz yoxdur? – deyə ondan sual edir. Qadın cavab verir; bəli, ərim Əli ibni Əbutalibin əsgərlərindən idi və döyüşlərin birində şəhid olub. Mən bir neçə uşaqla tək yaşayıram. Əli (ə) bu sözləri eşidəndə narahatçılığından od tutub yanır. Yazırlar ki, o, həmin axşam evə qayıtdıqdan sonra səhərə kimi yata bilməyib. Sübh çörək, ət, xurma və pul götürərək sürətlə həmin qadının evinə gələrək qapını döyür. Qadın onun kimliyini soruşur. Cavab verir: Mən sənin dünənki mömin qardaşınam. Qadın qapını açır və Əli (ə) içəri daxil olur. Tez ətdən kabab çəkir və öz əli ilə uşaqların ağızlarına qoyur. Onları dizində oturdaraq yavaşca «sizdən xəbərsiz qalmış Əlinin təqsirindən keçin» deyir. Sonra təndiri odlayır. Təndirin üstünə çıxıb üzünü oda yaxınlaşdıranda odun istiliyini hiss edir. öz-özünə belə deyir: «Əli! Dünya odunun istiliyini dad ki, cəhənnəm odu yadına düşsün və bir də camaatın vəziyyətindən xəbərsiz qalmayasan.»
Əziyyət çəkən və ruhu bütün insanların olan bədən belədir.
İlahi! Səni Əli ibni Əbutalibin həqiqətinə and verirəm ki, bizim qəlblərimizdə islam dərdi yarat! Hamımızın aqibətimizi xeyirli et! Ürəklərimizə özünün ibadət, itaət və mərifət dərdini sal! Bizdə bədənlərinin dərdlərinə şərik olma hissi yarat. Bizi Əli (ə)-ın vilayət nurundan bəhrələndir. Bizi o həzrətin həqiqi davamçılarından et! Ürəklərimizi iman nuru ilə nurlandır! Bizi islamın həqiqətləri ilə tanış et!
DÖRDÜNCÜ FƏSİL
İNSANDA ALLAHAXTARMA DƏRDİ
«[Müsibət vaxtında] səbr etmək və namaz qılmaqla [Allahdan] kömək diləyin! Bu, ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyildir.»
(Bəqərə-45).
İnsan həmişə özü üçün mənəviyyət qapısı olub. «İnsanın, həmişə mənəviyyət qapısı olması və vücudunun qapısından məna aləmini görərək kəşf etməsi» sözlərinin mənası budur ki, onun ruhunda maddi hesablarla düz gəlməyən şeylər vardır. Təkcə keçmiş ruh alimləri deyil, müasir psixoloqlar da, insanda bu dünyanın maddi hesabları ilə izah edilə bilməyən və başqa hesaba malik olan şeylərin olmasını etiraf ediblər.
Əziz islam Peyğəmbərinin belə bir sözü var: «Hər kim özünü tanısa Rəbbini tanıyar.»
Qurani-kərim, dünyanın bütün əşya və varlıqları içərisində insana ayrı nəzərlə baxıb. Ona xüsusi əhəmiyyət verib.
«Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə [kainatda, göylərin və yerin ətrafında], həm də onların öz daxilində mütləq göstərəcəyik...»
(Fussilət-53).
Quran, «insanların daxilində (ruhlarında)» sözlərini deməklə bu məsələni xüsusi şəkildə bəyan edib. Bu ayə dini ədəbiyyatda «xarici aləm» və «daxili aləm» terminlərinin yaranmasına səbəb olub.
İnsanın daxili aləmində mövcud olan və maddi hesablarla izah edilə bilməyən şeylərin nədən ibarət olması barəsində soruşsanız, bunun çox geniş bir məsələ olması və burada həmin mövzuya toxunmaq fikrində olmadığımı bildirirəm.