Maddi hesablarla düz gəlməyən şeylərdən biri də, bizim əvvəlki söhbətlərimizdə danışdığımız məsələlər, yəni insani dəyərlər, başqa sözlə desək insanın insanlığıdır. Təəccüblü məsələlərdən biri də budur ki, siz hər hansı bir varlıqla maraqlansanız onun, özü üçün ayrılmaz bir sifət olduğunu görərsiniz. Pələngin pələnglik, itin itlik, atın isə atlıq sifəti var. Biz atlıq sifətinə malik olmayan at, itlik sifətinə malik olmayan it və pələnglik sifəti daşımayan pələng tapa bilmərik. Amma insanlığa malik olmayan insan tapmaq mümkündür. Çünki, keçən söhbətlərimizdə insanın insanlığı adlandırdığımız və ona şəxsiyyət verən şeylər bəşəri və dünyəvi olmalarına baxmayaraq, insanın cisminin qurluşu ilə bitmir. Onun insanlığının meyarı bir baş, iki ayaq, əl və s. şeylərə malik olması ilə tamamlanmır. İnsanın xüsusiyyətləri qeyri-maddi və hissedilməzdir. Başqa sözlə desək, maddi deyil, mənəvi şeylər qismindəndir. İkinci səbəb budur ki, insanın insanlıq meyarı və onun insani şəxsiyyət və üstünlüyünün göstəriciləri təbiətin əli ilə deyil, yalnız və yalnız onun öz əli ilə qurulur. Məqsədimiz budur ki, insan mənəviyyat qapısıdır və öz vücud qapısından mənəvi aləmə yol tapır. Səkkizinci imam həzrət Rza (ə) buyurub: «Məna aləmində olan şeylər yalnız insanın daxilində olanlar vasitəsilə tanınaraq dərk edilir.» Bu çox maraqlı məsələlərdən biridir.
ötən söhbətlərimizdə dedik ki, insani dəyərlər adlandırılan və insan mənəviyyatı və meyarı sayılan şeylər çox şeylərə şamildir, amma bütün dəyərləri bir dəyərdə, yəni «dərdlilik» və «dərd sahibi olmaq»da xülasə etmək olar. Dünyada insani dəyərlər barəsində söz açmış hər bir məktəb insanda heyvanlarla müştərək olduğu bədən və orqanizm dərd və ağrılarından əlavə, başqa bir dərd aşkar edərək müəyyənləşdirib. İnsanın həmin insanlıq dərd və ağrısı nədən ibarətdir? Əvvəlcə dediyimiz kimi, bəziləri yalnız qəriblik və bu dünya ilə uyuşmazlıq dərdinə təkid edirlər. Çünki insan başqa bir dünyadan vəzifəsini yerinə yetirmək üçün öz əslindən ayrılaraq bu dünyaya gəlmiş bir varlıqdır deyirlər. Onun öz əslindən bu uzaqlığı, onda şövq, eşq, nalə, qürbət hissi, əsl və vətəninə qayıdışa rəğbət, yəni Allah və haqqa qayıtmaq meyli yaradıb. İnsan behiştdən qovularaq bu maddi dünyaya gəlib və indi bir daha vəd edilmiş həmin behiştə qayıtmaq istəyir. Əlbəttə onun bu dünyaya gəlməsi, səhv bir iş olmayıb, çünki o, müəyyən bir vəzifəni yerinə yetirmək üçün gəlib. Amma hər halda bu hicran onu həmişə narahat edir və nigaran halda saxlayır. Bu məktəbə əsasən insanın dərdi yalnız Allah dərdi, Haqqdan uzaqlıq və Ona yaxınlaşmaq dərdidir. İnsan hər hansı bir məqam və kamala çatmasına baxmayaraq, yenə də öz məşuquna çatmadığını hiss edir.
İnsan, mütləq kamal vurğunudur. Belə bir söz var: «İnsan həmişə malik olmadığı şeyin arzusunda olur.»
Bu çox maraqlı və təəccüblü bir məsələdir. İnsan həmişə malik olmadığı şeyin arzusunda olur və onu istəyir, amma həmin şeyi əldə etdikdən sonra ondan bezərək soyuyur. Nə üçün? Bir varlığın təbiətində hər hansı bir şeyə meyl olması və həmin varlığı əldə etdikdən sonra onu istəməməsi və özündən uzaqlaşdırması qeyri-məntiqi bir işdir.
Bir nəfər danışırdı ki, xarici ölkələrdəki muzeylərin birində olan əşyalara tamaşa edərkən, gözüm çarpayıda uzanmış çox gözəl bir qadına və bir ayağı həmin çarpayının üstündə, digər ayağı isə yerdə olan, yəni həmin qadından üz döndərərək qaçmaqda olan bir gözəl gəncin heykəlinə sataşdı. Mən həmin heykəli görəndə, gənc oğlan və qızın bu heykəlini yonmuş heykəltəraşın onların sevişmək səhnəsini deyil, oğlanın qızdan qaçması səhnəsini yonmaqdan məqsədinin nə olduğunu başa düşmədim. Məsələ ilə yaxından tanış olan şəxsiyyətlərdən izah istədim. Onlar dedilər ki, bu heykəl Əflatunun məşhur nəzərinin təcəssümüdür. Əflatunun belə bir nəzəri var ki, insan həmişə əvvəldə hər bir məşuquna və sevdiyi şeyə doğru böyük eşq, məhəbbət, vurğunluq və rəğbət hissi ilə irəliləyir, amma vüsala çatdıqda eşq orada dəfn edilir. Vüsal eşqin dəfn edildiyi, nifrət və çəkinmənin başlanğıc yeridir.
Görəsən bu nə üçün belə olur? İlk baxışda bu məsələnin qeyri-təbii və qeyri-məntiqi bir iş olması düşünülür. Amma bu barədə dəqiq fikirləşmiş şəxslər onu həll edə biliblər. Onlar deyirlər ki, insan məhdud, fani, məkan və zaman çərçivəsində olan şeylərin aşiqi ola bilmir. İnsan yalnız mütləq kamal, yəni Haqq və Allahın zatına aşiqdir. Allahı inkar edən şəxs belə, Onun aşiqidir. Allahı inkar edərək Onu söyənlər belə fitrət və təbiətlərinin dərinliyində mütləq kamal aşiqi olduqlarını, amma yol və məşuqlarını itirdiklərini, səhv saldıqlarını bilmirlər.
Mühyiddin Ərəbi deyir: «Heç bir insan, Allahından başqa digərini sevməyib və indiyə kimi dünyada Allahdan başqa digər birini sevən insan tapılmayıb. Amma Allah-taala Zeynəb, Suad, Hind və bu kimi adların altında gizlənib.» Məcnun Leylinin aşiqi olduğunu güman edir, amma o, öz fitrət və vicdanının dərinliklərindən xəbərsizdir. Buna görə də Mühyiddin Ərəbi deyir ki, peyğəmbərlər Allah eşqi və Ona ibadət edilməsini öyrətməyə gəlməyiblər, çünki bu hər bir insanın fitri işlərindəndir. Peyğəmbərlər, düz və əyri yolları göstərməyə gəliblər. Bu ilahi elçilər gəliblər ki, insana belə desinlər: Ey insan! Sən mütləq kamal aşiqisən. Pul, mənsəb və qadının mütləq kamal olduğunu güman edirsən. Sən mütləq kamaldan başqa, digər bir şey istəmirsən, amma (xarici nümunənin tapılmasında) səhvə düçar olursan. Peyğəmbərlər insanı bu səhvdən qurtarmağa gəliblər.
İnsanın dərdi həmin ilahi dərddir. Əgər səhv pərdələr onun gözünün qarşısından çəkilsə və o, öz məşuqunu tapsa, Əli (ə)-dan eşitdiyimiz aşiqanə ibadətlərdən edər.
Quran nə üçün – «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar» – deyir. Ayənin ərəb dilindəki formasında «bi zikrillah» birləşməsi öndə gətirilib, çünki bu tərkib qəlblərin aram tapmasının yalnız və yalnız Allahı zikr etməklə yarana bilməsi mənasını verir. Belə bir qrammatik tərkib müəyyən bir məsələni yalnız bir şeyə həsr etmək və onu yalnız bir nöqtədə məhududlaşdırmaq məqsədi güdür. Bəşərin qəlbi, yalnız bir şeylə aram tapır, iztirab və sıxıntıdan qurtulur və o, Allahı zikr etmək, Onu yada salaraq Onunla ünsiyyətdə olmaqdır. Quran deyir ki, əgər insan sərvət və rifaha çatmaqla asayişdə olacağını, iztirab və narahatçılıqdan qurtularaq şikayət və gileylənmədən qaçacağını fikirləşirsə çox səhv edir. Əlbəttə Quran bu qism şeylərin dalınca getməsinin pis olmasını demir, bəlkə onları əldə etməyin lazım olduğunu bildirir. Amma deyir ki, insana asayiş və sakitlik verən şeylərin bunlar olmasını və insanın onları əldə etdikdə lazımı kamala çatmasını fikirləşmək səhv bir şeydir. İnsanın qəlbi yalnız və yalnız Allahı zikr etməklə sakitləşir. Məktəblərin çoxu, insanın öz əsl və kökündən uzaqlığına təkid edirlər.
Digər məktəblər isə insanın Allah dərdi deyil, xalq dərdinə malik olması üzərində təkid edirlər. Hətta bəziləri insanın Allah üçün dərdə malik olmamasını anlamadıqlarını bildirirlər. Jurnalların birində də Allah, yoxsa insan? başlıqlı məqalə yazılıb və orada müxtəlif fikirlər irəli sürülüb. Biri Allah, digəri insan, üçüncüsü isə Allah və insan prinsipləri ilə çıxış edir. Amma mən Allahla insan bir-birindən ayrı deyil – Allah olmasa insan da olmaz – deyənə rast gəlməmişəm. İnsanda olan Allah dərdini tapmasaq və o, Allaha tərəf getməsə, onun insani dərdi bir yerə çatmayacaq və heç bir nəticə verməyəcək. Allah dərdidir, onun dərdi Allah dərdinə malik olmasından yaranır.
ARİFLƏR NƏZƏRİNDƏN İNSANIN KAMAL MƏRHƏLƏLƏRİ
Ariflər, kamil insanın təkamül seyrini müəyyənləşdirərkən necə də gözəl sözlər deyiblər. Onların fikrincə insanın kamal seyri dörd səfər və mərhələdə baş verir.
1. İnsanın, özündən Allaha olan səfəri;
2. İnsanın Allahla birlikdə Allahda səfəri; (Yəni Allahtanıması).
3. İnsanın təkcə deyil, Allahla birlikdə Onun bəndələrinə doğru səfəri;
4. İnsanın Allahla birlikdə onun bəndələri arasında bəndələrin nicatı üçün səfəri.
Bundan gözəl söz demək mümkün deyil. İlk səfər insanın Allaha doğru olan səfəridir. İnsan nə qədər ki, Allahdan ayrıdır bütün sözləri puçdur. O, Allahın zikrinə çatdıqda, Onu tanıyaraq özünü Ona yaxın hiss etdikdən sonra Allahla birlikdə Allah bəndələrinə doğru qayıdır. Bu insan Allah bəndələrinin qurtuluşu üçün onların arasında hərəkət edir və onları hərəkətə gətirərək Allaha yaxınlaşdırmaq üçün çalışır.
İnsanın səfərinin xalqdan Allaha tərəf olaraq orada qalmasını deməyimiz, bizim insanı tanımamağımızı göstərir. Həmçinin bu günkü materialist məktəblər kimi, insanın Allaha doğru hərəkət etmədən insanlara doğru getməli olduğunu demək tamamilə səhvdir və o, insanların qurtuluşu üçün heç bir iş görə bilməz. İlk növbədə özləri qurtuluş əldə etmiş şəxslər insanlara nicat verə biliblər. İnsanların nicat və qurtuluşu nə deməkdir? İnsanlar nədən nicat tapmalıdırlar? Təbiətin əsirliyindən? Yoxsa mənası insanın insandan azadlığı olan digər insanların əsirliklərindən qurtulmasımı? Bunların hamısı düzdür, amma bunlardan qabaq, insan özündən, pis işlərə əmr edən nəfsindən və özünün məhdud «özüm» çərçivəsindən qurtulmalıdır. İnsan məhdud «özüm» çərçivəsindən nicat tapmayınca təbiət və digər insanların əsirliklərindən qurtula bilməz.
DAXİLİ VƏ XARİCİ MEYLLƏRİN BİRGƏLİK ZƏRURİYYƏTİ
Biz hələ ki, əsas bəhsimizin birinci mərhələsindəyik. Bu gün mübarək Ramazan ayının 21-ci və bu ayın son on günlüyünün birinci gecəsidir. Mübarək Ramazan ayının son on günlüyü çatanda həzrət Peyğəmbər (s) yataq yerinin yığışdırılaraq onun Şəvval ayına kimi salınmaması göstərişini verərdi. Belə ki, əziz islam Peyğəmbəri (s) bu ongünlüyün heç bir gecəsində yatmazdı. Bu gecələr ibadət, münacat və Allahla gizli razi-niyaz gecələridir. Bu məsələni keçən söhbətlərimizdəki mətləblə əlaqədar deyirəm ki, bəzən bir sıra dəyərlər digər dəyərləri aradan aparır.
İslam cəmiyyəti keçmişdə ibadətin dəyərliliyinə meyl göstərərək digər dəyərləri aradan aparmaq istəyirdi və mən indi digər ifratçı cərəyanın formalaşmasını hiss edirəm. Belə ki, bir qrup, islamın ictimai dəyərlərinə meyl göstərərək onun ilahi dəyərlərini yaddan çıxarmaq istəyirlər. Bu da digər bir azğınlıq və səhvdir. Bir ərəbin bir uzunqulağı var idi və onu minmək üçün o qədər arxaya çəkilir ki, uzunqulağa tərəf tullananda heyvanın o biri tərəfinə düşür və belə deyir: Yenə əvvəlki kimi oldu. Əgər islamın orta mövqeyindən çıxırıqsa, cəmiyyətdən uzaqlaşan abid və ya Allahdan uzaqlaşan ictimai şəxs olmağımız arasında heç bir fərq yoxdur. İslam məntiqində bunlar bir-birlərindən fərqlənirlər. Quranda bu barədə çoxlu ayələr vardır. Allah-taala Quranın Fəth surəsinin axırıncı ayəsində belə buyurur:
«Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...»
(Fəth-29).
Peyğəmbər (s)-in səhabələri və yetişdirdiyi şəxslər necədirlər? Onlar haqq və həqiqət düşmənləri müqabilində sərt, möhkəm və əyilməzdirlər, tunc divar kimi yerlərindən tərpənmirlər.
«Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevir!»
(Səff-4).
Bəli, onlar həqiqət düşmənlərinə qarşı çox sərtdirlər, amma öz aralarında mehriban, mərhəmətli və birlik simvoludurlar. Bu, Quran baxımından islam cəmiyyətinin ictimai xüsusiyyətlərindən biridir. Amma biz, neçə əsrlərdir ki, onu unutmuşuq. Quran Fəth surəsinin 29-cu ayəsinin davamında belə deyir: «Sən onları [namaz vaxtı] rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir...» Allah onların ictimai xüsusiyyətlərini bəyan etdikdən sonra tez onların ilahi dəyərlərini sadalayır. İctimai baxımdan həmin vəziyyətdə olan insanlar Allah müqabilində rüku və səcdə edirlər, ürəklərində Allahla danışırlar, öz Allahlarından tərəqqi və yüksəliş istəyirlər, olduqları vəziyyətə qane olmayıb gün-gündən irəliləmələrini istəyirlər, bütün pərəstişləri yalnız Allah rizasını əldə etmək üçündür, yəni Allaha ən ali şəkildə ibadət edirlər və çöhrələrində ibadət nişanəsi görünür. Ayənin davamında islami cəmiyyət üçün, həmin cəmiyyətin necə çiçəklənən və boy atan bir qurum olmasını açıqlamaq məqsədi ilə belə misal çəkir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxartmış, onu bəsləyib cana qüvvət gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur.
Quran digər bir yerdə bu iki xisləti birlikdə bəyan edib: «[Onlar Allaha] tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar [və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerə gedənlər], rüku və səcdə edənlər [namaz qılanlar], yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlərdir. [Ya Məhəmməd!] Belə möminləri [Cənnətlə] müjdələ!»
(Tövbə-112).
Ayədə onların ilahi cəhətlərini, yəni tövbə, ibadət, şükr-səna etmələri, oruc tutmaları, rüku və səcdə etmələrini sadaladıqdan sonra birbaşa, onların öz cəmiyyətlərini islah etmək məqsədi ilə yaxşı işlər görməyi əmr edib pis işləri yasaq etmələrini qeyd edir.
Digər bir ayədə isə belə buyurur: «...O bəndələr ki [müsibətlərə] səbr edən, [sözlərində və işlərində] doğru olan, Allaha itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı Allahdan bağışlanmaq diləyənlərdir [sübh namazına qalxanlardır].»
(Ali-İmran-17).
Səbr kəlməsi Quranın hər yerində müqavimət, xüsusilə döyüş meydanında müqavimət göstərmək mənasında işlədilib. Bu ayədə də ictimai xislətlərin ardınca birbaşa, onların səhərlər Allahdan bağışlanmaq diləmələri, yəni abidlikləri zikr edilib. Deməli, islamda bu iki xislət bir-birindən ayrılmazdır. Bunlardan birinə qarşı etinasızlıq göstərmək digərinə etinasızlıq göstərmək deməkdir.
İmam Zaman (ə)-ın səhabələrinin sifətləri barəsində xüsusi bir ifadə var ki, mən onu bir hədisdə deyil, bir çox hədislərdə görmüşəm. Hədislərdə deyilir ki, onlar gecələr rahib, gündüzlər isə aslandırlar. Onları gecə görsən bir qrup rahibi gördüyünü düşünərsən, amma gündüz rastlaşsan, onların aslan olduğunu sanarsan.
İSLAM TARİXİNDƏN BİR NÜMUNƏ
Peyğəmbərin səhabələri necə olublar? «Kafi» kitabında nəql edilmiş və Mövlananın nəzmə çəkdiyi məşhur hədis, doğrudan da çox maraqlıdır. Bu hədis həm şiə və həm də sünni mənbələrində nəql edilib. Hədisdə deyilir ki, Peyğəmbər (s) bir gün səhər tezdən dan yeri söküləndə Suffə sakinlərinin yanına getdi. Suffə sakinləri arasında gözü bir gəncə sataşdı. Peyğəmbər həmin gəncin qeyri-adi halda olduğunu müşahidə etdi. O, sağa-sola aşırdı, gözləri çuxura düşmüş və rəngi solmuşdu. Peyğəmbər (s) ona yaxınlaşaraq soruşdu: Səhəri necə açdın? Gənc dedi: Yəqinliyə çatmış halda səhərə çıxdım; yəni sənin dil ilə bizim qulağımıza dediyin şeyləri mən bəsirət gözümlə gördüm. Peyğəmbər (s) ondan söz almaq üçün belə buyurdu: Hər şeyin əlaməti var; sən ki, yəqin əhlindən olmağını iddia edirsən, yəqinliyə çatmağının əlaməti nədir? Gənc belə cavab verdi: Mənim yəqinliyimin əlaməti budur ki, o, məni gecələr yuxusuz, gündüzlər isə susuz saxlayır. Yəni, gecə yuxusuz qalmağım və gündüz oruc olmağım mənim yəqinliyə çatmağımın əlamətidir. Mənim yəqinim, gecə balışa baş qoymağa və gündüz yemək yeməyimə icazə vermir. Peyğəmbər (s) buyurdu: Bunlar bəs deyil, başqa şeylər de; səndən, bunlardan artıq əlamət istəyirəm. Gənc, peyğəmbərin cavabında belə dedi: Ey Allahın peyğəmbəri! İndi bu dünyadayam, amma sanki o dünyanı görürüm, oranın səslərini eşidirəm. Behiştdən behişt əhlinin, cəhənnəmdən isə cəhənnəm əhlinin səslərini eşidirəm. Ey Allahın peyğəmbəri, əgər icazə versən səhabələrinin bir-bir behiştlik və ya cəhənnəmlik olmalarını deyərəm. Peyğəmbər barmağını dodağına yaxınlaşdıraraq buyurdu: Sakit! Danışma!
Peyğəmbər sonra ona belə buyurdu: Gənc, arzun nədir? Nə arzulayırsan! Gənc belə dedi: Ey Allahın peyğəmbəri, Allah yolunda şəhid olmaq arzusundayam.
Bu günkü söhbətimin əvvəlində Bəqərə surəsinin 45-ci ayəsini oxumuşdum. Quran doğrudan da çox qəribə sözlər deyir: «Səbr etmək və namaz qılmaqla kömək diləyin.» Təfsir alimləri səbrdən məqsədin oruc olmasını və ya heç olmasa səbrin növlərindən birinin oruc olduğunu bildiriblər. Quran, möminlərə namaz və səbrdən kömək diləməyə əmr edib. Biz namazdan necə kömək diləyə bilərik? Allaha ibadətdən necə yardım ala bilərik? Allaha ibadətin özü yardım və köməkdir. Ümumiyyətlə hər bir yardımı buradan almaq olar. Əgər siz cəmiyyətdə həqiqi müsəlman və güclü mücahid olmaq istəyirsinizsə xalis, saf və əsil namaz qılan olmalısınız.
ÜZDƏNİRAQ ZİYALILIQ
Bəziləri deyirlər ki, namaz qılmaq nə deməkdir, ibadət nədir? Bunlar qoca qarıların işidir, insan ictimai olmalıdır! Bu sözlər bir növ ziyalılıq, amma üzdəniraq ziyalılıqdır!
Bildiyiniz kimi, ikinci xəlifə azandan «Həyyə əla xəyril əməl» (əməllərin xeyirlisinə tələsin) sözlərinin çıxarılmasına əmr vermişdi. O, bu ifadəni azandan nə üçün çıxarıb? Onun özündən kəşf etdiyi «ziyalılıq» bu işi görməsinə səbəb olub. Cənab ömər bu işi ilə böyük bir səhvə yol verib. Onun xilafət dövrü islami fəthlərin qızğın çağına təsadüf edirdi. İslam döyüşçüləri dəstə-dəstə gərgin döyüşlərə gedir və az sayla özlərinin güclü düşmənlərini diz çökdürürdülər. Sayları 50-60 min nəfəri keçməyən müsəlmanlar, hər biri neçə yüz minlik qoşuna malik olan böyük İran və Rum imperatorluğu ilə döyüşüblər və hər iki cəbhədə düşmənə qalib gəliblər. Cihad bir daha öz dəyərini sübuta yetirir və islamın mücahid yetişdirməsinin mənası bəlli olurdu. Belə olan şəraitdə o, öz-özlüyündə belə düşünür: Azanda uca səslə «Allahu əkbər» «Həyyə ələs-səlat» və «Həyyə ələl fəlah» deyilməsinin heç bir eybi yoxdur, amma «Həyyə əla xəyril əməl» deyilməsi mücahidlərin ruhiyyəsinə xələl gətirər. Çünki mücahidlər öz-özlərində fikirləşərlər ki, əgər namaz əməllərin ən yaxşısıdırsa, biz döyüş meydanlarında cihad etmək əvəzinə Mədinə məscidində Peyğəmbər (s)-in qəbri yaxınlığında qalıb əməllərin ən yaxşısı olan namaz qılmaqla məşğul olarıq; Başqaları gedib döyüşsünlər, yaralanaraq ölsünlər, gözləri kor olsun, əl-ayaqları kəsilsin, qarınları deşilsin, biz burda öz evimizdə ailəmizin yanında qalıb dörd rəkət namaz qılarıq və əməl baxımından onlardan da üstün olarıq. Cənab ömər buna görə də belə dedi: Xeyir, bu pis nəticələr verə bilər. Bu ifadəni azandan çıxarmağımız məsləhətdir. Onun yerinə belə deyin: «Əssəlatu xəyrun minən-novmi» yəni, namaz yaxşı şeydir, amma yuxudan yaxşıdır; yatmaq əvəzinə gəlib məsciddə namaz qılsanız yaxşı olar. Amma o, həmin neçə min əsgərin neçə yüz minlik qoşunun qarşısında iki cəbhədə hansı qüdrətlə döyüşməsi və qalib gəlməsini fikirləşmirdi. Həmin fəth və zəfərlər nəyin sayəsində olurdu? Onlar silah gücünə qələbə qazanırdılar? Ərəblərin silahları iranlı və rumluların silahlarından çox idi? Xeyir, heç vaxt! İranlı və rumlular dövrün mütərəqqi və svilizasiyalı ölkələrindən idilər və ən ali silahlar onların ixtiyarında idi. Halbuki ərəblərin qılıncları İran və Rumda olan qılıncların müqabilində sınıq dəmirə bənzəyirdi. Bəlkə ərəblərin soy və nəsəbləri iran və rumluların nəsəblərindən güclü və qüvvətli olub? İslamdan qabaq Şahpurun ərəblərin başına nələr gətirdiyini eşitməmisiniz? Minlərlə ərəbi əsir götürən Şahpur deyildimi? Şahpur onların çiyinlərini qaraldaraq deşib zəncirləmədimi? Əgər ərəblər güclü idilərsə, bəs Şahpurun vaxtında həmin güc harada idi? Məgər yüz ildən sonra həmin İran, ərəbləri məğlub etmədimi? Bəs ərəblər İran və Rumla hansı qüvvə ilə döyüşür və onları məğlub edərək diz çökdürürdü? Onun gücü iman gücü idi; «Həyyə əla xəyril əməl»dən aldığı, namazdan və Allahla raz-niyazdan əldə etdiyi güc idi. Quranın dili ilə desək o, gecə Allah dərgahında dayanıb münacat edəndə öz Allahından güc alırdı. Onu bu güc və qüvvə ruhlandırırdı, yəni İran və Rumu məğlub edən ərəbin silahı deyil, ruhiyyəsi idi. O, bu ruhiyyəni haradan alırdı? İmanından! Namaz imanı təmizləmək və yeniləşdirməkdir. O, bu ruhiyyəni «Allahu Əkbər»indən alırdı. Namazda bir neçə dəfə «Allahu Əkbər» deyəndə hamının cavabını verirdi; bunların hamısı yoxa çıxırdı. Qarşısında yüz minlərlə düşmən əsgərini görəndə «La hövlə və la qüvvətə illa billahil əliyyil əzim» (Uca və Əzəmətli Allahdan başqa heç bir güc və qüvvə yoxdur) deyir. «Allah hər şeydən böyükdür və bütün qüdrətlər Onun əlindədir» deyir. İnsan Allaha arxalanmalı, Ondan güc və qüvvə istəməlidir. Ona bu namaz güc verir. Əgər bu namaz olmasaydı həmin mücahid əsgər, mücahid olmazdı.
Əgər kimsə bunları səhv başa düşərək Mədinədə qalıb cihad etmək əvəzinə namaz qılmaq istəyirsə və məsələni düzgün dərk edə bilmirsə sən onu başa salıb səhvdən uzaqlaşdırmalısan. Məgər islam bütün hökm və göstərişlərin bir-biri ilə bağlı olduğunu söyləməyibmi? Cihad etməsi vacib olan şəxs cihada getməlidir və onun namaz qılmaq üçün Mədinə məscidində qalması haramdır. Namazın qəbul olmasının şərti cihad, cihadın qəbul şərti isə namazdır. Mücahidə lazım olan şərtlərin toplandığı şəxsin cihada getməsi vacibdir; ona cihadsız namazın batil olmasını başa salmaq lazımdır. Bu nəinki əməllərin xeyirlisi deyil, hətta pisidir və ümumiyyətlə namaz deyil. Ona islamın istədiyi namazı başa sal! Cihaddan qaçıb məscidi seçən şəxsin namazı islam namazı deyil; islam namazı əməllərin ən xeyirlisidir. Deməli «Həyyə əla xəyril əməl»i namazdan götürmək və onun müsəlmanların cihad əvəzinə namaza üz tutmalarına səbəb olmasını fikirləşmək əvəzinə məsələləri düzgün dərk etməyənləri başa salmaq lazımdır! Onu başa salaraq səhv fikri zehnindən çıxarmaq lazımdır. Belə işlər görmək əvəzinə nə üçün azanda dəyişikliklər aparırsan?!
Buna görə də islam məntiqində, bu günkü dillə desək, islamın dəyərlər quruluşunda, ibadət dəyərlərin ən başlıcasıdır, amma bütün şərtləri riayət edilən islami ibadət! Quran nişanə və təsirlərin aşkar olan namazın düzgün namaz olduğunu bildirib. Namaz öz təsirini necə göstərməlidir? Quran bu barədə belə buyurur: «...Həqiqətən, namaz [insanı] çirkin və pis işlərdən çəkindirir...»
(Ənkəbut-45).
Bəli düzgün namazın xüsusiyyəti budur ki, o, insanı pis və çirkin işlərdən çəkindirir. Əgər namaz qılır və eyni zamanda günah edirsənsə, namazının namaz olmadığını bil, namazını düzəlt! Namazın düzgün namaz olsa o, səni bütün dəyərlərə çatdıracaqdır.
Bütün dərs və ibrətləri Əli (ə)-dan almalıyıq. O, bütün islami dəyərləri bir yerdə cəm etmiş toplumdur. Nəhcül-bəlağə Əli (ə)-ın sözləri toplanmış kitabın adıdır. Bu elə bir kitabdır ki, adam onun harasına baxırsa, yeni bir məntiqlə rastlaşır, yəni bundan əvvəl danışan şəxsin deyil, başqa bir insanın danışdığını güman edirsən. O, Nəhcül-bəlağənin hər yerində əvvəlkindən fərqli, yeni bir şəxsiyyət, yəni bütün insani dəyərlərə malik olan bir şəxsiyyətdir. O, bir yerdə ancaq qəhrəmanlıq məntiqinə əsaslanır. Sanki uşaqlıq dövründən sonra hərbiçilik məktəbindən təhsil alıb və hərbi rütbələri keçərək bir komandan olub və hərbi komandanlıq məsələlərindən başqa heç nə bilmir; yalnız hərbi qəhrəmanlıqla dolu bir ruha malikdir. Başqa bir yerdə isə həmin Əlini aşiqcəsinə olan münacatdan başqa heç nəyə diqqət etməyən arif kimi görürük.
ƏLİ MÜRÜVVƏTİ
Bu gün Ramazan ayının 21-ci gecəsidir. İslamın məntiqi ilə tanış olmağımız üçün Nəhcül-bəlağədən bu iki məsələyə aid iki qısa ibarə oxuyuram. Müaviyə və Əli (ə)-ın qoşunları Fərat kənarında bir-birləri ilə üzləşirlər. Müaviyə göstəriş verir ki, onun döyüşçüləri tez, Əli (ə) və onun qoşunu çatmamış suyu onların üzünə bağlasınlar. Bu göstəriş Müaviyənin ətrafındakıları çox sevindirir. öz-özlərində fikirləşirlər ki, yaxşı vasitədən istifadə etdik, çünki Əlinin qoşunu çatanda su əldə edə bilməyəcək və nəticədə qaçmaq məcburiyyəti qarşısında qalacaqdır.
Əli (ə) məsələdən xəbərdar olanda belə buyurur: Əvvəlcə müzakirə aparaq, bəlkə məsələni bu yolla həll edə bildik. (Necə deyərlər əl ilə açıla bilən düyünü dişlə açmayaq.)
Elə bir iş görək ki, iki müsəlman dəstəsi arasında döyüş baş verməsin və qan tökülməsinin qarşısı alınsın. Sonra Müaviyəyə xitab edərək belə deyir: Sən biz çatmamış belə işə əl atmısan! Müaviyə döyüş şurası yaradaraq məsələni öz əsgər və sərkərdələri ilə müzakirə edərək belə deyir: Siz nə məsləhət görürsünüz? Onları su içməyə azad qoyaq ya yox? Bəziləri suyun azad buraxılmasına, bəziləri isə bunun əksini bildirdilər. Əmr As dedi: Azad qoyun, çünki azad qoymasanız zor gücünə suyu sizdən alacaqlar və sizin abrınız gedəcək. Axır ki, Əli (ə)-ın qoşununu azad su içməyə buraxmadılar və onu müharibəyə girişmək məcburiyyəti qarşısında qoydular. Belə bir vəziyyətdə Əli (ə) öz qoşunu qarşısında təsiri minlərlə təbil, şeypur, hərbi nəğmə və marşdan yüksək olan belə bir xütbə oxudu: «Müaviyə bir qrup azğını ətrafına toplayıb və onlar suyu sizin üzünüzə bağlayıblar; bilirsiniz nə ediblər? Suyu sizin üzünüzə bağlayıblar. Ey mənim səhabələrim! Teşnəsiniz? Su istəyirsiniz? Mənim yanıma suyunuz olmadığı üçün gəlibsiniz? Camaat! Nə etməli olduğunuzu bilirsiniz? Əvvəlcə gərək qılınclarınızı bu rəzil qanlarla suvarasınız, sonra özünüz sudan içib doyasınız.» Sonra elə bir cümlə dedi ki, hamını həyacanlandırdı. O, həyat və ölümün qəhrəmanlıq və hərbi baxımdan olan tərifini belə dedi: Ey camaat! Həyat nədir? Yaşamaq nə deməkdir? ölüm nədir? Həyat torpaq üstündə yerimək, yemək və yatmaqdan ibarətdirmi? Xeyir, nə o həyatdır və nə də bu ölüm! Həyat odur ki, öləsiniz, amma qalib gələsiniz, ölüm odur ki, sağ olasınız, amma başqalarının hökmü altında qalasınız! Bu cümlə nə qədər gözəl və igidliyin ali dərəcəsindədir!? İndi Əli (ə)-ın qoşununun qarşısını güclə almaq olarmı? İki dəfəyə hücuma keçdilər, Müaviyə və onun qoşununu sudan neçə kilometr uzağa qovdular. Su Əli (ə)-ın qoşununun ixtiyarına keçdi. Onlar suyun qabağını kəsdilər və Müaviyə susuz qaldı. Müaviyə xahiş üçün adam göndərdi. Əli (ə)-ın səhabələri dedilər ki, bizim sizə su verməyimiz qeyri-mümkündür, çünki bu işi əvvəlcə biz yox, siz etdiniz və indi biz sizə su verməyəcəyik. Amma Əli (ə) belə buyurdu: Mən belə iş görməyəcəyəm; bu namərdlikdir; mən düşmənlə döyüş meydanında üzləşəcəyəm; bu cür təzyiqlər yolu ilə qələbə qazanmaq istəmirəm; bu cür yollarla qələbə qazanmaq nə mənim və nə də heç bir şərəfli müsəlmanın şəninə yaraşmaz.
Bu işin adı nədir? Buna mürüvvət və mərdlik deyirlər. Mürüvvət şücaətdən də üstündür. Mövlana, Əli (ə)-ın mədhində deyilmiş ən gözəl şerlərdən birində necə də gözəl söz deyib. O, Əli (ə)-a xitab edərək belə deyir:
Dər şücaət şire rəbbanisti
Dər mürüvvət xod ki danəd kisti
Mənası:
Şücaətdə Allahın şirisən, amma mürüvvətdə kim olduğunu yalnız özün bilirsən.
Mövlananın məqsədi budur ki, sənin mürüvvətdə kim olduğunu heç kəs vəsf edə bilməz.
Biz Əli (ə)-ı burada məxsus bir mövqe, səhnə və vəziyyətdə görürük.
ƏLİ (Ə)-IN MÜNACATI
Bir dəfə də Əli (ə)-ı camaatın işlərini qurtardıqdan sonra təklikdə olanda təsəvvür edin. Belə hallarda onun bir özü, bir də Allahı olur; təklikdə Allahı ilə aşiqanə surətdə razi-niyaz edir və ibadət dünyasında qərq olur. Xoşbəxtlikdən Nəhcül-bəlağədə bu barədə də söhbətlər vardır. Əli (ə) bu barədə belə deyir: «İlahi! Sən övliyaların üçün bütün həmdəmlərindən ən yaxınısan.» Yəni mən heç bir həmdəmlə Sənin kimi ünsiyyətdə olmuram, mənim həmdəmim Sənsən, yalnız Səninlə olanda kimsəsiz olduğumu hiss etmirəm. Əli (ə) söhbətinin davamında belə buyurur: «Sənə təvəkkül edənlər, Sənin hər yerdə olduğunu görürlər, çünki Sən təvəkkül edənlərin harayına çatırsan. İlahi! Dost və aşiqlərini batini sirrlərində görürsən və onların batinlərindən xəbərdarsan, onların bəsirətlərinin necə olmasını bilirsən, onların sirləri Sənə əyandır və ürəkləri Sənə doğru uçmaqdadır.»
Cümə axşamları Əli (ə)-ın duası olan Kumeyl duasını oxuyun. Bu dua məzmun baxımından irfanın ən yüksək zirvələrindədir. Belə ki, siz o duanı əvvəldən axıra kimi oxusanız, onda nə dünya və nə də axirət, yəni behişt və cəhənnəmə rast gəlməzsiniz. Kumeyl duasında dünya və axirətdən üstün şeylər – Allah, müqəddəs ilahi zata vurğun və valeh olan pərəstişkar bəndənin Haqq ilə səmimi əlaqəsi, yəni ibadətin həqiqəti vardır. Onun özü də həqiqi ibadəti məhz bu cür izah edir. Siz Əli (ə)-ın öz Allahı ilə necə razi-niyaz etdiyinə, necə münacatlar etdiyinə nəzər salın. Həmçinin imam Zeynəlabidin (ə)-ın Ramazan ayında səhər çağları Əbu Həmzə duasında öz Allahı ilə necə razi-niyaz və münacat etdiyinə diqqət edin. Bu, bizim müsəlmançılığımızın ilk addımıdır. Müsəlmançılığın ilk addımı budur ki, öz Allahımıza yaxınlaşaq. Biz Allahımıza yaxınlaşdıqdan sonra digər vəzifələrimiz, o cümlədən ictimai məsuliyyət və vəzifələrimizi yaxşı və düzgün yerinə yetirə bilərik. Biz dinin birtərəfli meyllər xəstəliyinə düçar olmaması üçün müsəlmanların həmişə giriftar olduqları bu xəstəliyi kənara qoymalıyıq. İbadətin dəyərini heç vaxt azaltmamalıyıq.
İmam Sadiq (ə) ömrünün son anlarında bütün yaxın qohumlarını çağırtdırdı. Sonra gözünü axırıncı dəfə açaraq bir cümlə dedi və dünyadan köçdü. Həmin cümlə bu idi: «Bizim şəfaətimiz namazı yüngül sayan şəxslərə nəsib olmayacaqdır!»