Qüdrətli xətib höccətül islam cənab seyyid Qasim Şücai bu barədə Şeyxdən maraqlı bir əhvalat danışaraq deyir: Mən məktəb yaşlarından minbərə gedər, gözəl danışıq qabiliyyətinə malik olduğumdan çoxlu rövzələr oxuyardım. O cümlədən ayın yeddinci günlərini mərhum Şeyx Rəcəbəlinin mənzilinə gedirdim. Evi bazara çatmamış «Siyahha» küçəsində idi. Pillələrdən yuxarı gedəndə sol tərəfdəki otağa qadınlar yığışmışdı. Onlar üçün aylıq rövzə oxuyardım. Cənab Şeyxin otağı da birinci mərtəbədə yerləşirdi. O zaman mənim 13 yaşım vardı, hələ həddi-büluğa çatmamışdım.
Bir gün minbər qurtardıqdan sonra birinci mərtəbəyə gəldim və ilk dəfə olaraq cənab Şeyxlə rastlaşdım. Əlində bir neçə papaq tutmuşdu, sanki bazara getmək istəyirdi. Salam verdim, mənim surətimə baxıb buyurdu:
«Peyğəmbər (s) və imam Hüseyn (ə) nökəri namazını indiyə qədər təxirə salmaz».
Dedim: Baş üstə.
Günün batmasına iki saat qalırdı, o günlər qonaq idim və həmən vaxta qədər namazımı qılmamışdım. O, mənim üzümə baxan kimi bu haləti məndə hiss etdi və mənə xatırlatdı. Bu məsələ səbəb oldu ki, həddi-büluğun ilk çağlarından e᾽tibarən Şeyxin məclislərində iştirak edim. Elə yeniyetməliyimin ilk çağlarından hiss edirdim ki, bu kişinin söhbətlərinin mətləbləri ona ilham olunur. Çünki onun elmi savadı yox idi. Lakin söhbət edəndə dinləyiciləri tamamilə özünə cəlb edirdi. Hələ də ondan aldığım xatirələr mənim yadımdadır. O cümlədən mənim zehnimdə həmişə canlanan kəlməsi bu idi:
«Biz» kəlməsindən keçin. Hər yerdə «mənəm»lik və «biz» hökmranılıq etsə, şirkdir. Dünyada yalnız bir zəmir (əvəzlik) hakimdir, o da «hüvə»dir (Allah zəmirini göstərən, O əvəzliyi). Əgər o əvəzlikdən keçsəniz, bütün əvəzlikləri demək şirkdir».
Cənab Şeyx bu cür kəlmələri bəyan edərkən sözü insanın qəlbinə və ruhuna nüfuz edirdi.
QƏZƏB NAMAZIN BƏLASIDIR
Cənab Şeyx belə buyururdu: Bir dəfə gün batan vaxtı Tehranın Sirus meydanındakı məscidin yanından keçirdim. İlk vaxtda qılınan namazın fəzilətinə nail olmaq üçün məscidə daxil oldum. Gördüm ki, bir nəfər namaz qılmağa məşğuldur və onun ətrafını nur bürümüşdür. Öz-özümə fikirləşdim ki, namazdan sonra onunla tanış olacağam ki, görüm onu bu vəziyyətə salan hansı xüsusiyyətidir. Namaz qurtardıqdan sonra onunla birgə məsciddən çıxdıq. Məscidin qapısında o, məscidin xidmətçisi ilə bir qədər sözləşdi və onun üstünə qəzəbləndi. Yolumuza davam etdik, əsəbiləşdikdən sonra onun ətrafındakı nurun məhv olub aradan getdiyini gördüm.