Azəri
Friday 27th of December 2024
0
نفر 0

Səadətli təvəllüd

 

Günəş haradan çıxır, haradan nur saçır? Parlaq şüalarını qızıl sikkə yağışı kimi gümüş zərrələr, ətirli şeh damcıları kimi haradan aşağı səpələyir?..

Əgər təbiət günəşinin çıxdığı yer səmanın civəyə bənzər üfüqləridirsə, mənəviyyat və ruhanilik günəşinin başqa evi – çıxdığı yer var: bu Məhəmmədin (s) – Allahın elçisinin, İslam peyğəmbərinin, sonuncu ilahi peyğəmbərinin evidir – nur evidir, mənəviyyat günəşinin məkanıdır...

Bura – bu kiçik və sadə, eyni zamanda əzəmətli və cəlallı ev – böyüklüyü və əzəməti sayəsində yox, sakininin əzəmətində və sakinlərinin şərəfində olan bu ev - elə bir evdir ki, orada mənəviyyat və ruhanilik günəşi görünür və təbiət günəşi – yer üzünü nura boyayan bu çıraq həsrət gözü ilə ona baxır...

Həmin günəşin nurlarının iki şüası zərlidir – namus və paklığın parlaq ulduzudur, yəni Fatimeyi-Zəhradır (ə). O, dünyaya göz açır ki, dünyanın gözünü özünün cəlallı gözəlliyinin tamaşasından qamaşdırsın...

Bəli, Fatimeyi-Zəhra (ə) – namus və paklığın o parlaq ulduzlu nurlu ailədə, vəhy evində, səma mələklərinin endiyi yerdə, Cəbrayılın mənzil yerində, peyğəmbərlik və dindarlıq günəşinin doğduğu yerdə dünyaya göz açdı və İslam dünyasına, mənəviyyat və ruhanilik üfüqünə öz səadətli təvəllüdü və mübarək varlığı ilə başqa bir nur, işıq bəxş etdi...

O, elə bir evdə dünyaya göz açdı ki, insanlıq dünyası uzun zamanlardan bəri intizar gözünü ona dikmişdi. Elə bir ev ki, dünyanın və tarixin gözləri onun nurlu və qızdırıcı şüaları ilə, təlim-tərbiyə işığı ilə qamaşmışdır. Elə bir ev ki, bəşər cəmiyyətinin yeganə müəlliminin yeri, məskəni orada özünə qərar tapmışdır: Məhəmmədin (s) evi, Peyğəmbərin evi, özü məktəbə getməyən, yazı yazmayan, lakin bir göz qırpımında yüzlərlə müəllimin ustadı olan bir müəllimi evi.

Bəli, bura Peyğəmbərin evi, Peyğəmbər ailəsinin işıqlı ulduzunun, imamlıq beşiyinin qurucusunun və paklıq, namus simvolunun təvəllüd yeri idi... Fatimeyi-Zəhra uşaqlıq dövrünü bu evdə keçirdi. Bu evdə - tərbiyə beşiyində, İslam peyğəmbərinin (s) – bəşəriyyətin yeganə müəlliminin birbaşa rəhbərliyi altında böyüdü... Nə xoşbəxt uşaqdır o kəs ki, yer üzünün və zamanın Pərvərdigarı belə bir müəllimi – peyğəmbərlik zirvəsinin müəllimini, müəllimlik zirvəsinin peyğəmbərini onun tərbiyəsi və rəhbərliyi üçün seçmiş olsun. Məhəbbət və nəvaziş zirvəsinin bu müəllimi, eyni zamanda dünyanın ən layiqli atasıdır, zaman-zaman yer üzünə səpələnmiş bəşər əhlinin, insan nəsillərinin tərbiyəçisidir.

Fatimənin böyük və alicənab atası haqqında doğrudan da, nə demək olar? Axı onun əzəmətinin sonsuzluğundan, cəlal və şövkətinin ucalığından dilin bir söz deməyə, qələmin isə bir şey yazmağa güc və taqəti yoxdur. Dünya tarixi belə bir atanı tanıtmaqda qəddini düzəltmişdir. Əsrlər boyu nəsillər ardınca gələn nəsillər onu vəsf etmişlər. Lakin tarix hələ bu yolun lap başlanğıcında özünü itirərək qalmış və bəşəriyyət hələ onun tərifi haqqındakı ilk kəlamı axıra qədər deyə bilməmişdir.

Doğrudan da, Peyğəmbərin (s) xəsiyyət və keyfiyyətlərinin təsviri, o həzrətə məxsus əlamətlərin tərifi Pərvərdigarın Özünün kəlamlarını bəyan etmədən mümkün deyil. Ona görə də yaxşı olar ki, biz də burada bəlağətli səma kəlamlarından birini yada salmaqla kifayətlənək. Orada ki, Allah-təala Peyğəmbərin xasiyyətini, əxlaqını, həyat tərzini layiqli bir şəkildə təsvir edir, həmin bənzərsiz təriflə də özünün misilsiz qüdrətini bəyan edir. Belə ki, buyurur: “Doğrudan da, sən böyük bir əxlaq sahibisən.”[3]

Bəli, o, doğrudan da, belə bir tərifə tam layiq idi, bu haqqı qazanmışdı. Pərvərdigar Fatimeyi-Zəhranın (ə) atası (s) haqda belə bir söz buyurduğu halda Onun zəif məxluqu hansı kəlamı dilinə gətirə və yaza bilər?

Fatimeyi-Zəhranın (ə) anası

Böyük İslam qadınının böyük atasının tərifi haqqında müqəddəs ilahi kəlamı ilə tanış olduq. İndi isə o həzrətin anası haqqında söz açmaq yerinə düşər.

Fatimeyi-Zəhranın (ə) hörmətli anası – Peyğəmbərin gözünün nurunu, imamlıq bağının gülünü tərbiyə etmiş o namuslu qadın haqqındakı söhbətimizə bir anlığa fasilə veririk. Gücümüz çatdığı qədər, eyni zamanda mövzudan uzaq düşmədən bu barədəki söhbətimizi davam etdirəcəyik. Ümumiyyətlə, hər hansı bir şəxsiyyət, hətta adi bir şəxs haqqında söz açarkən onun anası barədə də danışmaq, anasının tərbiyəvi rolunu göstərmək məqsədəuyğundur. Ona görə biz də o böyük İslam qadını haqqında danışarkən, onun anasının da tanıdılmasını, görkəmli xidmətlərinin qeyd edilməsini vacib sayırıq.

Ümumiyyətlə, uşağın tərbiyəsində ananın rolu çox həssas və fövqəladədir. Onun təsiri körpənin şəffaf ruhunda və aynaya bənzər qəlbində həmişəlik qalır. Xüsusilə də uşaq qız olduqda bu təsir daha güclü olur, çünki qız uşağı təbii olaraq körpəlikdən ananı öz həyatı üçün bir nümunə edir.

Müasir elm sübut etmişdir ki, qız həmişə xüsusiyyətlərinin çoxunu və psixoloji tərbiyəvi xüsusiyyətlərinin çoxunu və psixoloji tərbiyəvi xüsusiyyətlərinin əksəriyyətini anadan əxz edir. Başqa sözlə desək, hər bir qızın irsən qazandığı xasiyyətlər ona atadan qabaq ilk növbədə anadan keçir. Xüsusilə də, uşaq isti və mehriban, məhəbbət və sevgi dolu bir ailədə tərbiyə almış olsa, bu təsir daha qabarıq şəkildə özünü göstərir.

Bugünkü elm sübut edir ki, uşaq şəxsiyyətinin formalaşmasında ananın rolu olduqca böyükdür. Ananın əxlaq və rəftarının, xasiyyət və xarakterinin, fikir və baxışlarının, başqaları ilə əlaqəsinin və müxtəlif məsələlərlə bağlı təfəkkürün tərzinin, rəy və fikrini bildirmək, başqaları ilə görüşmək qaydasının, danışıq və söhbətinin – bütün bunların uşaq psixologiyasında birbaşa və möhkəm təsiri danılmaz və inkaredilməzdir.

Ümumiyyətlə, ana haqqında, uşağın həyatında onun rolu barədə dediklərimiz sözsüz ki, pakların pakı Fatimənin (ə) əziz və hörmətli anası Xədicəyə - Qüreyş xanımlarının xanımına, Peyğəmbər (s) ailəsinin xatununa da aiddir...

Fatimeyi-Zəhra (ə) kimi bir qızı ana məhəbbətilə öz qoynunda tərbiyə etmiş Xədicə. Xədicə Qüreyşin iman və fəzilət sahibi, hörmətli və nüfuzlu böyük bir qadını idi. O, Hicazın adlı-sanlı şərif ailələrindən birində dünyaya göz açmışdı. Nəsli-kökü məşhur bir tayfadan idi. Onlar nəsillikcə həmişə Kəbə evini qoruyur, qeyri-müşrik (kafir olmayan) və qeyri-bütpərəst qəbilə və tayfaların ziyarət üçün ora gəlib-getmələrinə nəzarət edirdilər. Xədicə bu cür əqidə və dünyagörüşə malik bir ailədə dünyaya gəldi. Böyüdü, uşaqlıq və yeniyetmə dövrünü arxada qoydu, böyük bir qız oldu. Ailəsində, yaxınlar və tanışlar arasında ağıl və dərrakə sahibi, şüurlu və fərasətli bir qız kimi şöhrət tapdı.

Xədicə Hicazın bakirə və əl dəyməmiş təbiətinin qoynunda böyümüşdü. Uşaqlıq və yeniyetməlik dövrünü Hicazın mavi və ulduzlu səması altında, Ərəbistanın isti və qızmar günəşinin qızılı rəngli şüaları işığında, Hicazın mavi səmasında gecələr bərq vuran sayrışan ulduzların işıq selinin altından keçirdi. Ərəb yarımadasının ortasında qazılmış quyuların – körpə ahunun göz yaşlarına bənzər zülal, coşan suyu Ərəbistanın tozlu yollarından ötən karvanların, yolçuların və bu geniş torpağın sakinlərinin ürəyindəki yanğıya sərinlik gətirən quyuların kənarında, bərəkətli yaşıllığın, bal şirinliyinin təcəssümü olan uca və yaşıl xurma ağaclarının sıx kölgəsində - bir sözlə təmiz və bakirə, səfalı və bərəkətli təbiətin qoynunda böyüdü və böyük bir qız oldu...

Bütün bu saflıq və təmizlik parlaq aynaya bənzər Xədicənin qəlbinə və canına hopdu, onda öz əksini tapdı. Xədicə də təbiət qoynunda böyümüş başqa insanlar kimi qəlbindəki saflığı, daxilindəki təmizliyi o coşqun təbiətindən qazandı. Beləliklə, qəlbi aynaya, duyğu və düşüncələri şəffaf yağışlara və gur şəlalələrə bənzəyən Xədicə həmin o saflıq və paklıqla o zaman “Məhəmməd Əmin” adı ilə tanınan Peyğəmbərə (s) ərə getdi. Ondan bir neçə il sonra həmin pak qəlb və can zülallığı, duyğu və düşüncə saflığı ilə öz böyük ərinin peyğəmbərliyə dəvət olunmasının şahidi oldu. Tale üzünə güldü ki, Məhəmmədin (s) peyğəmbərliyinə iman gətirən ilk qadın, ilk insan olsun və özünü, bütün var-yoxunu İslama fəda etsin.

Bəli, o bir olan Xaliqin ilk məxluqu idi ki, İslam peyğəmbərinin (s) tovhid səsinə səs verdi və canını, malını, nüfuz və etibarını bu etiqad və iman yolunda qoydu. Xədicə Məhəmməd ayininə iman gətirən andan, özünü Allahın son dininə tapşıran zamandan başlayaraq Haqqın dəvətinə “bəli” deyənədək – canını Allahın ölüm mələyinə təslim edənədək – İslama iman və etiqad yolunda İslam peyğəmbərinin müdafiəsinə qalxdı. Onunla qoşa addımladı və bu yolda bircə an belə sakit dayanmadı. İslama iman gətirən andan ölən anadək bütün illər, günlər və dəqiqələr ərzində səmərəli və qiymətli ömrünü müqəddəs İslam rəhbərinin – sonuncu və ən qüdrətli, ən alicənab İlahi Peyğəmbərinin arxasında durmaqda, yorulmaq bilmədən onun müdafiəsində dayanmaqda keçirdi və bu yolda varından, canından keçdi. Ona görə də Xədicə tarixə təkcə Peyğəmbərin (s) ömür-gün yoldaşı kimi yox, həm də O həzrətin səngər yoldaşı kimi düşdü. O, bir evdar qadın olaraq həm də İslamın yaranışı tarixində dönməz və mübariz bir qadının, nümunəvi müsəlman və mömin qadının parlaq bir nümunəsi kimi tanınır. Peyğəmbərin (s) özü dəfələrlə bunu təsdiq etmişdir. Bəli, Xüvəylidin qızı Xədicə İslam və imanı yolunda göstərdiyi bütün bu canfəşanlıq və fədakarlığına, səy və təlaşına görə elə böyük və əzəmətli, uca və yüksək bir məqam qazandı ki, “Behişt əhli olan xanımların başçısı” adına layiq görüldü.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriyada Şeyx Zəkzakinin azadlığı uğrunda genişmiqyaslı aksiyalar davam edir
PEYĞƏMBƏRDƏN (S) QISA KƏLAMLAR
Hizbullah '' Hələb Döyüşü '' Üçün Ağır Silahlarını Səhnəyə çıxardı
IMAMLARIN ¢ ÖZLƏRINƏ IRSƏN YETIŞƏN KITABLARA MÜRACIƏT ETMƏLƏRI
İmam Sadiq əleyhissəlamın dövründəki siyasi, ictimai və mədəni vəziyyət
Yəmən qüvvələri 30 İŞİD-çi terroristi öldürdü
-IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Təbrizdə Azərbaycan konsulluğu yaxınlığında Nardaran Şəhidləri yad edildi
Əli(ə.s)-nin qəbrin kənarında söylədiklərindən bir hissə.
Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...

 
user comment