Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Fatimeyi-Zəhranın (ə) səadətli təvəllüdü

 

Bəli, Fatimeyi-Zəhranın (ə) anası belə bir xanım idi. Doğrudan da, demək olar ki, Fatimənin anası olmağın özü Xədicənin fövqəladə üstünlüklərindən hesab olunur. Çünki bu, elə bir böyük iftixardır ki, varlıq dünyasında heç bir anaya nəsib olmamışdır. Böyük iftixardır ki, bir ana, Fatimə kimi bir övladı dünyaya gətirsin və öz qoynunda tərbiyə etsin. Elə bir övladı ki, pak nəsli məsum imamlar kimi ulduzlar olsun, qiyamət qopana kimi işıq saçsın. Elə imamlar ki, əsl insanlıq beşiyinin başında durmuş və bəşər nəslinin rəhbərlik məşəlini alovlandırmış olsun. Elə bir övladı ki, Allah-təala onun varlığını Peyğəmbər (s) üçün coşan bir kövsər kimi bəyan etmişdir. Elə bir kövsər ki, onun dalğalarının coşmasından imamlıq gövhərləri üzə çıxır və Peyğəmbərin (s) nəslini qiyamət gününə qədər davam etdirir.

Bəli, Fatimə belə bir övladın anası və belə bir ananın övladı idi. Fatimənin (ə) səadətli doğumu – onu bəşəriyyət tarixində bir dönüş nöqtəsi hesab etmək olar – elə bir kiçicik hücrədə baş verdi ki, kiçikliyinə baxmayaraq, mənəviyyatı bütün dünyanın genişliyindən daha böyük idi. Onun uzunluğu beş dirsək boyundan bir az çox idi. Hücrə gildən və bir neçə dənə də xurma budağından tikilmişdi. Gillə budağları tük nazikliyində olan kəndirlə bir-birinə birləşdirmişdilər. hücrənin hündürlüyü elə qısa idi ki, ayaq üstündə duranda adamın əli onun tavanına dəyirdi.

Həmin o kiçik, eyni zamanda əzəmət və şərəf baxımından padşah və imperatorların ən ali saraylarından üstün olan hücrə İslam peyğəmbəri (s) kimi böyük bir atanın və elə bir ananındır ki, onun fəzilət dəryasından kiçicik bir hissəni qeyd etdik. Bu ana dünyaya elə bir qız gətirdi ki, pak adı, məqamının əzəməti və parlaqlığı misilsizdir, mənəviyyatı, əsl insanlığı nəinki dünya qadınlarını əbədi olaraq öz şüalarının təsiri altında saxlayır, eyni zamanda ümumiyyətlə, bəşəriyyət aləmində paklıq və namusun, şərəf və böyüklüyün, iman və fəzilətin, əyriliklərə və pisliklərə qarşı, düzlük və təmizlik uğrunda dönməz mübarizənin parlaq nümunəsi kimi qalır... Bu mənəvi böyüklük və əzəmət elə yüksək idi ki, dünya tarixinin bütün sahələrinə - hökumət və siyasətdən tutmuş mədəniyyət və mənəviyyatına kimi hər yerə işıq saçdı, “Fatimilər” adlı qüdrətli dövlət yarandı, institutlar və “Əl-Əzhər əz-Zəhra” kimi böyük elm mərkəzi onun gözəl və parlaq adıyla zinət və etibar qazandı.

Fatimənin təvəllüdü: Fatimənin təvəllüd tarixi haqqında tarixçilərin arasında fikir müxtəlifliyi var. Belə ki, sünnə əhli ilə şiə əhlinin dediklərinə əsasən həzrət Fatimənin yaşı arasındakı fərq on ildən də çoxdur.

Ən mühüm tarixi mənbələrdən biri hesab olunan mötəbər Kafi kitabının müəllifi Kuleyninin fikrincə, Fatimeyi-Zəhranın (ə) təvəllüdü peyğəmbərliyin başlanmasından beş il sonra olmuşdur. “Şeyx ət-Taif” adlı ilə şöhrət qazanmış böyük alim, üləma və alimlərin şeyxi Şeyx Tusi bu fikirdədir ki, o həzrətin doğumu peyğəmbərliyin başlanmasından iki il sonra olmuşdur.

Əhli sünnə müəlliflərinin əksəriyyəti isə o həzrətin təvəllüd tarixini peyğəmbərlikdən beş il sonra hesab etmişlər. Beləliklə, mülahizə olunur ki, o həzrət vəfat edərkən (bu, hicrətin onuncu ilində baş verdi) əksər şiə alimlərinin fikrinə görə Fatimənin (ə) şərif ömründən on səkkiz il keçməmişdi. Halbuki sünnə əhlinin fikrinə görə Fatimənin (ə) bu zaman yaşı iyirmi səkkiz olardı. Bəziləri də onun bu zaman on səkkiz – iyirmi səkkiz yaşları arasında olduğunu hesab edirlər. Hər halda Fatimənin (ə) təvəllüd ili və günü haqqında fikir ixtilafı çoxdur ki, bunun da nəticəsində bütün bu rəqəm və ədədlər oxucuya heç bir fayda vermir. Amma şiə tarixçilərinin çoxu bu fikirdədirlər ki, o həzrətin təvəllüdü peyğəmbərlikdən sonra olmuşdur. Əksər alimlər peyğəmbərlikdən beş il sonranı düzgün hesab edirlər. beləliklə, bu gün şiə aləmində bu rəqəm daha çox qəbul edilmişdir.

Bütün bunlara baxmayaraq, İslam tarixçiləri və tədqiqatçıları o həzrətin doğum gününü hansı gün sayırlarsa saysınlar, bir məsələni etiraf ediblər. O günü – hansı gün olur-olsun, böyük və əzəmətli bir tarixi gün hesab edirlər. Həmin gün Fatimeyi-Zəhranın (ə) dünyaya gəlişi ilə İslam tarixində böyük bir hadisə baş vermişdir.

Bu barədə müasir yazıçılardan biri – xanım doktor Bint əş-Şati yazır: “Uca Tanrının iradəsi belə idi ki, onun doğumu Qüreyş tarixində böyük bir hadisəyə yaxın zamanda olsun. Həmin hadisədə qüreyşilər Məhəmməd Əmindən – o həzrətin böyük atasından xahis etdilər ki, Kəbə evindəki Qara daşın yerləşdirilməsi haqqında ədalətli və münasib qərar versin. Həmin gün o həzrətin doğulması müjdəsi verildi. Belə olduqda yeni doğulmuş uşağın xatirinə indiyədək görünməmiş bir şənlik və bayram keçirildi. Hələ heç vaxt yeni doğulmuş qız uşağı xatirinə (özü də ondan əvvəl üç bacısı olmuşdu və onların arasında heç bir oğlan uşağı doğulmamışdı) belə bir təntənəli şənlik və şadyanalıq olmamışdı.”

Fatimeyi-Zəhranın (ə) təvəllüd iftixarının nəsibi olduğu həmin o xoşbəxt gündə, o həzrətin mübarək doğumundan bir saat qabaq Xədiceyi-Kübra bir nəfəri Qüreyş qadınlarının və keçmiş dostlarının yanına göndərdi ki, sifarişini onlara çatdırsın. Sifariş belə idi: “Ey Qüreyş qadınları, bu gün Xədicə sizdən xahiş edir ki, keçmiş kin və küdurəti unudasınız və onun bu həssas vaxtında – dünyaya yeni bir övlad gətirəcəyi anında köməyinə tələsəsiniz və bu vəziyyətində ona şəfqətli əllərinizi uzadasınız.”

Xədicənin göndərdiyi qadın tələsik evdən çıxdı. Amma çox keçmədi ki, qəmli və gözüyaşlı halda evə qayıtdı. Ağlaya-ağlaya, qəhər boğa-boğa dedi: “Heyf Xədicədən, heyf onun sülh və dostluq, mehribanlıq və barışıq sifarişindən... Əfsus ki, hara getdimsə, kimin qapısını döydümsə, sifarişinizi hara çatdırdımsa, kimsə mənə yol vermədi, qapını üzümə açmadı və sözlərimə qulaq asmadı... Onlardan heç biri sizin xahişinizi qəbul etmədi. Əvəzində isə sizə bir sifariş göndərdilər. dedilər: “Xədicəyə de ki, sənə nəsihət verdiyimiz gün sözlərimizi eşitmədin. Səninlə aramızda olan danışığımıza baxmayaraq, öz istədiyinin ardınca yola düzəldin: əliboş, yetim bir kəsə ərə getdin, dostlarının şan-şöhrətini, əyan ailəsindən olmalarını nəzərə almadın... Ona görə də sənin bu hərəkətin bizə bərk təsir etdi, qəzəbləndirdi. Bu səbəbdən biz də bu gün sənin evinə gəlmək, sənə kömək etmək istəmirik.”

Xədicə bu rədd cavabını – tənəli və zəhərli sifarişi eşidərkən anladı ki, keçmiş dostlarından əlini üzməli, onlara bel bağlamamalıdır. Beləliklə, qəmli halda o kin-küdurətli, bu dünyanın var-dövlətinə aludə olmuş qadınlardan ümidini üzdü və bütün ruhu, qəlbi ilə mənəviyyat aləminə üz tutdu. Dünyanı yaradan Tanrının sorağınca gedib ürəyində bəslədiyi mənəvi duyğularla məna aləminin qapısını döydü və oradan yardım dilədi...

Uca Tanrı ən yüksək, ən ali köməklərini Özünün ən ali məxluqlarından birinin ixtiyarında qoydu. Artıq o kin bəsləyən qadınların köməyinə ehtiyac yox idi, çünki mehriban Allah Özünün sonsuz mərhəmətini göstərərək gözəgörünməyən yardım damcılarını Xədicənin üzünə çilədi, pak mələklərini ona köməyə göndərdi.

Bəli, Tanrı Xədicəyə kömək etdi ki, əziz Fatimə - peyğəmbərlik səmasının o parlaq ulduzu, vilayət mülkünün həmişəyanar günəşi tam rahatlıqla, sağ-salamat halda dünyaya qədəm bassın və müqəddəs vücudundan parlayan əbədi vilayət və imamlıq nurları ilə dünyanın Şərqini və Qərbini işıqlandırsın.”

O anlarda Tanrının Elçisi (s) dua əlini göyə qaldıraraq intizar çəkirdi. Elə həmin anlarda birdən müjdə gəldi ki, ey Tanrının Elçisi (s), indicə Allah-təala tərəfindən Xədicəyə elə bir yeni doğulmuş qız uşağı bəxş edildi ki, gözlərində səma işığı və sifətində İlahi nuru parlayır...

Allahın Elçisi (s) bu müjdəni alçaq misilsiz bir şadlıq və sevinc dəryasına qərq oldu, pak qəlbi rahatlıqla döyünməyə başladı.

İlahinin köməkçiləri isə öz işlərində idi. Onlar gül yarpağından daha zərif, gecə şehindən daha pak olan yeni doğulmuş uşağı pak və müqəddəs su ilə yuyub tərtəmiz etdilər. Sanki ulduzların nuru və behişt ətirləri ilə toxunmuş qundağını bağlayıb Xədicənin qucağına qoydular. Mehriban ana da səma köməyinin sayəsində hamiləlik qayğısından rahatlıqla qurtardığı üçün asudə nəfəs ala-ala, belə bir uşağın dünyaya gəlməsindən sevinə-sevinə döşünü əziz və müqəddəs övladının ağzına qoydu və ana ilə bala üçün İlahi hədiyyəsi olan xalis südlə onu doydurdu. Həmin o ilahi lütf sayəsində o misilsiz körpə sağ-salamat böyüdü ki, peyğəmbərlik bağının bərəkətli ağacı özünün tam səmərə həddinə çatsın və bu bağın gülləri – Peyğəmbərin (s) nəsli Qiyamət gününə kimi təravət və ətir içində yaşasın, davam etsin...

“Fatimə” adı haqqında

İslam tarixçiləri və tədqiqatçıları mötəbər hədis söyləyənlərin sözlərinə əsasən o böyük qadının adı haqqında belə yazırlar: “Fatimə” – “şərdən saxlayan”, “pislikdən ayıran”, “şərdən və pislikdən ayrılmış” deməkdir. Bu təfsir və izahlar böyük imam, məzhəb başçısı, bərəkətli Cəfəri məktəbinin və fiqhinin banisi həzrət Sadiqin (ə) qeydə aldığı çoxsaylı mötəbər hədislərdə gəlib çatmışdır. O həzrət ulu babası – Allahın Rəsulundan (s) rəvayət edir ki, bir gün Peyğəmbər (s) öz sevimli qızına belə buyurmuşdu: “Qızım, bilirsənmi niyə sənin adını Fatimə qoymuşam?”

Pakların pakı Zəhra (ə) soruşdu: “Əziz atam, niyə?”

Allahın Rəsulu (s) cavabında buyurdu: “Allah-təala səni və səninlə qoşa addımlayan dostlarını, əsl şiələri məhşər günündə cəhənnəm odundan kənarda saxlayacaq...”

Böyük ruhani alim, fəqih mərhum Şeyx Səduq “Xisal” və “Əmali” adlı iki çox dəyərli əsərində mübarək “Fatimə” adının izahı ilə bağlı imam Sadiqdən (ə) belə nəql etmişdir: “Ona görə onu Fatimə çağırmışlar ki, o, dinsizlikdən, şərdən və pislikdən ayrılmışdır. Əgər Əli (ə) olmasaydı, ona bənzər şəxs tapılmazdı.”

Mübarəkə

Fatimənin (ə) başqa adlarından biri də Mübarəkədir.

Bu əziz adın mənası haqqında qısaca olaraq belə demək olar: bərəkət, inkişaf, səadət və yaxşı olan nə varsa, hamısını Allah-təala İslam peyğəmbərinin (s) nəsli üçün bəxş etdi. Eyni zamanda onların hamısını pakların pakı Zəhranın (ə) mübarək vücudu və pak nəsli üçün də buyurdu. Bəli, uca Tanrı Fatiməni (ə) Kövsərin açıq-aşkar təsdiqi və İslam peyğəmbəri (s) üçün özünün sonsuz nemətinin, tükənməz hədiyyələrinin simvolu kimi bəxş etdi. Belə ki, iki qollu-budaqlı oğlu – Həsən (ə) və Hüseyn (ə) və iki fəzilət sahibi qızı – Zeynəb(ə) və Ümm Gülsüm (ə) vasitəsilə İslam peyğəmbərinə (s) elə xoşbəxt və mübarək nəsl bəxş etdi ki, daim artmaqda, böyüməkdə, inkişafda və xeyir-bərəkətlə çoxalmaqdadır. Elə bir bərəkət bəxş etdi ki, Qiyamət gününədək sonra yetməyəcək. Daim artmaqda olan həmin bərəkət Fatimənin (ə) nəslinə görədir. Onun adlı-sanlı adlarından biri olan “Mübarəkə” adı da bu xüsusiyyətin parlaq təzahürünə çevrilmişdir.

Siddiqə - “tamamilə doğru danışan” deməkdir

Fatimənin (ə) mübarək adlarından biri də Siddiqədir. Ərəb lüğətlərində bu adın mənası “tamamilə doğru danışan”dır. Bəli, o həzrətin ən çox yayılmış adlarından biri olan o ad əsla yalan danışmamış, həmişə sözü ilə əməli düz gələn, vücudunda – bütün həyatında elm, əməl və düşüncə baxımından bir əyrilik olmayan şəxs mənasını daşıyır. Doğrudan da, pakların pakı Fatimə (ə) belə bir şəxsiyyətin ali nümunəsidir – “Siddiqə” olmağın ən aşkar, ən parlaq təzahürüdür.

Sözdə və əməldə sadiqlik və düzlüyün, iman və saflığın ən ali mərhələlərindən biridir. Bu xüsusiyyətləri daşıyanlar xüsusi imtiyazlara layiq şəxslərdir. Belə siddiq şəxslər – tamamilə doğru danışanlar peyğəmbərlər sırasında vəsf olunmuşlar və rütbəyə, məqama görə ənbiyaların arxasındadırlar – hətta şəhidlərdən və yaxşı əməl sahiblərindən də öndədirlər. Allah-təala Qurani-Kərimdə bu barədə belə buyurmuşdur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər, şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşdırlar.”

Bu şərif ayənin təfsir və izahı ilə bağlı elə ayələr də vardır ki, İbrahimi, İdrisi və Məryəmi bu cür doğru danışanlar sırasında hesab edir. Belə ki, buyurur: “İbrahimi də yad et... Həqiqətən, o, büsbütün doğru danışan bir zat – bir peyğəmbər idi.”

Başqa bir yerdə də buyurur: “İdrisi də yad et. O, həqiqətən, həddindən artıq doğru danışan bir zat – bir peyğəmbər idi.”

Yenə də başqa bir yerdə belə buyurur: “Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişdir. Onun anası isə çox doğru danışan bir qadın idi.”

Bütün bunlar göstərir ki, siddiq (tamamilə doğru danışan) olmaq ən yüksək xüsusiyyət və ən ali məqamdır və Allah-təala səma kəlamında bu məqama, rütbəyə peyğəmbərlik rütbəsinin yanında yer verib və onu olduqca yüksək dəyərləndiribdir. Fatimənin (ə) adlarından biri olan “Siddiqə”nin əhəmiyyətini, dəyərini və eləcə də bu adın mənasının o həzrətin şəxsiyyətinə uyğun gəlməsini bu səma kəlamlarından yaxşıca dərk etmək olar.

Zəhra – “üzü parlayan”, “nur saçan” deməkdir

O həzrətin adlarından biri də “Zəhra”dır. Böyük şəxslər, alimlər, fəqihlər, tarixçilər, hədisçilər belə deyirlər: “O həzrətə ona görə “Zəhra” deyiblər ki, o, bəzən ibadət mehrabında oturan zaman ondan səma əhlinə nur saçılırdı. Necə ki, səma ulduzları öz sakinləri üzərinə işıq salır.”

“Biharul-ənvar”da Şeyx Səduq Əmalidən, o isə İbn Əbbasdan və sonuncu Tanrı Elçisindən (s) rəvayət edir ki, bir dəfə o həzrət buyurdu: “Qızım Fatimə dünya xanımlarının xanımıdır. Mənim bir parçamdır. Gözümün işığı, qəlbimin, ruhumun və canımın meyvəsidir. O, qadınların hurisidir. İlahi dərgahında, öz ibadət mehrabında oturarkən onun nuru, işığı göylərin mələklərinin əli üzərinə düşür, necə ki, ulduzların nuru yer üzünün sakinlərinə işıq saçır.”

O Həzrətin künyələri

O həzrətin adları və həmin mübarək adların ali mənaları ətrafında qısa söhbətimizdən sonra o alicənab qadının künyələri haqqında müxtəsər məlumat vermək məqsədəuyğundur. Fatimənin (ə) ən mühüm və ən məşhur künyələri aşağıdakılardır:

1. Ümmül-Həsən, yəni Həsənin (ə) anası;

2. Ümmül-Hüseyn, yəni Hüseynin (ə) anası;

3. Ümmül-Möhsin, yəni Möhsinin anası. O qəhrəman qadının bu əziz oğlu ana bətnində altı aylıq ikən düşdü. Hələ təvəllüdündən qabaq ulu cəddi, kəramət sahibi Rəsul (s) tərəfindən ona bu ad qoyulmuşdu;

4. Ümmül-Əimmə, yəni imamların, rəhbərlərin, başçıların anası. Ona görə ki, məsum din və məzhəb başçıları, dünya şiələrinin imamlarının hamısı onun övladları sayılı;

5. Ümmül-Sibtəyn, Sibtəynin anası, yəni İslam peyğəmbərinin (s) iki nəvəsinin – imam Həsən (ə) və imam Hüseynin (ə) anası.

Fatimənin (ə) ləqəbləri

Fatimənin (ə) çoxşaxəli, əhatəli şəxsiyyətinə diqqətlə nəzər saldıqda o həzrətin parlaq simasının mənalı və yüksək ləqəblər baxımından da ən böyük, ən görkəmli İslam şəxsiyyətlərindən biri olduğunu anlayırıq. O həzrətin ucsuz-bucaqsız dənizlər boyda olan ruhu və mənəvi əzəmətinin, əxlaqi keyfiyyətlərinin bir damlası bərabərində təmsilçisi olan bu ləqəblər olduqca çoxdur. Biz burada onlardan bəzilərini – Əbu Cəfər Qumi ilə Şeyx Səduq Razinin rəvayət etdiklərini aşağıdakı kimi veririk:

1.            Fatimətul-Bətul; 2. Əzra; 3. Mübarəkə; 4. Tahirə; 5. Zəkiyyə; 6. Raziyyə; 7. Mərziyyə; 8. Mühəddisə; 9. Məryəmi-Kübra; 10. Siddiqə; 11. Səfiyyə; 12. Abidə; 13. Seyyidət-nisa əl-aləmin; 14. Zəhra.

Fatimənin uşaqlıq dövrü

Fatimeyi-Zəhranın (ə) uşaqlıq dövrü dinlər tarixinin, peyğəmbərlər tarixinin və bəşəriyyətin bütün tarixinin ən parlaq dövrlərindən biri ilə üst-üstə düşür. Ona görə ki, Peyğəmbərin (s) gözünün nur, dünya xanımlarının başçısı dünyaya göz açan zaman əziz atasının peyğəmbərlik dövrü təzə başlayırdı. Başlayırdı ki, səsi-sədası bütün yer üzünü tutsun, zaman-məkanı dolaşsın. O zamana kimi dolaşsın ki, Qiyamət sübhü öz nurunu hər yerə yaysın. Fatimənin (ə) uşaqlıq çağı tarixin bu əzəmətli hadisəsi ilə eyni dövrə təsadüf edir. Peyğəmbərin (s) mübarək qəlbinin meyvəsinin körpəlik illəri başdan-başa dərd və əzabla doludur. Çünki o elə bir evdə dünyaya qədəm basdı ki, onun sahibi uca Tanrı tərəfindən bütün bəşəriyyətə sahibliyə seçilmiş, Peyğəmbər olmuşdu. Bu isə öz-özlüyündə həmin evin sahibinin – bəşəriyyətin başçısının o dövrün bir qrup ən qəddar, qəlbiqara, yaramaz müşriklərinin – kafirlərin paxıllıq və həsədinə, qəzəb və kininə məruz qalmasına səbəb olmuşdur.

Bəli, Tanrının Elçisi (s) düşmənlərin qəzəb və kininə məruz qalmışdı. Düşmənlər Peyğəmbərin (s) bütün tərəfdarlarını və dostlarını da aman vermədən incitməyə, azar verməyə başladıqda aydındır ki, o həzrətin ailəsi də bu əzab-əziyyətdən kənarda qalmırdı. Bu arada Peyğəmbərin (s) körpə balası azyaşlı və həssas olması üzündən ola bilsin ki, müşriklərin və kafirlərin əzab-əziyyətini öz lətif və zərif çiyinlərində başqalarından daha çox hiss edirdi. Buna baxmayaraq, aydındır ki, Fatimə (ə) İslamın bütün dünyaya yayılan ayininin inkişaf və çiçəklənmə dövrü ilə eyni vaxta düşən uşaqlıq çağının başlanğıcından əziz və fədakar atasının səmərəli təlaş və səylərini öz gözləri ilə görür və əzab görmüş, vəfalı anasının o həzrətlə həmrəyliyinin, onun yolunda etdiyi fədakarlıqların şahidi olurdu. O kiçik yaşlı uşaq dərk edirdi ki, əzizi və mehriban ata-anası necə böyük maneə və əngəllərlə üzləşir, misilsiz dözüm və mətanətlə Allahın köməyi ilə həmin müsibətlər qarşısında necə tab gətirir və güclü bir iradə ilə, böyük bir ümid və şövqlə, istək və arzu ilə əzabgörmüş müsəlmanların sıxıntı və çətinliklərinin həllində, aradan qaldırılmasında necə ciddiliklə çalışır, səy göstərir və bu yolda atdıqları hər bir addımda yenə bir uğur qazanmağa daha da yaxın olurdular.

O dövrdə Peyğəmbər (s) və möhtərəm ailəsi, eləcə də bütün müsəlmanlar və o həzrətin köməkçiləri hər tərəfdən düşmənlərin hücumlarına məruz qalırdılar. Müşriklər müxtəlif vasitələrlə müsəlmanlara əzab-əziyyət, işkəncə verir, onları qamçılayır, ev-eşiklərindən qovur və iqtisadi mühasirədə saxlayırdılar. Bir sözlə, müsəlmanların canları və mallarına düşmənlər tərəfindən ən ağır qəsdlər edilirdi. Fatimə (ə) bu çətinliklər və əzabların baş alıb getdiyi bir vaxtda, körpə uşaq olmasına baxmayaraq bütün ağrılı-acılı hadisələri, dözülməz işkəncələri öz gözləri ilə görür və hiss edirdi. Ərəbistanın qızmar qayaları üstündə o tərəf-bu tərəfə sürülən zəif müsəlmanların ürəkyandırıcı nalələrini, dərdli şivənlərini ürək yanğısı ilə eşidirdi. Lakin əfsuslar ki, böyük atasına və İslam köməkçilərinə bir yardım əli uzada, onları bu bəlalardan qurtara bilmirdi. Buna görə də sakitcə, aram-aram o dərdli səhnələrə tamaşa edir və öz dərdi, gücsüzlüyü içində qovrula-qovrula-qovrula qalırdı. O, bütün bu narahatlıq və sıxıntıların yükünü atasının çiynində hiss edir, buna görə də həssas və zərif ruhu sıxılır, qəmlə, kədərlə dolurdu. Belə anlarda bəzən onun fəryad çəkib qışqırmağa belə gücü çatmırdı. Bütün dərdləri içinə salır və boğazını tutan hıçqırıqlarını boğur, cınqırını da çıxarmırdı. Fəqət bəzən gecələr ac körpələrin, yazıq biçarə uşaqların dərdli, iniltili nalə səslərindən oyanır, gözlərini Ərəbistanın şəffaf səmasındakı parlaq ulduzlara dikərək qəmli göz yaşları tökürdü.

Fatimə (ə) ömrünün həmin o uşaqlıq illərində bütün müsəlmanların və hər şeydən məhrum insanların əzablarını görürdü. O, təklikdə hamıdan daha çox əzab çəkən və öz dərdlərindən başqa özgələrin də qəm yükünü qəlbində, çiynində daşıyan böyük atasının əzablarını isə daha yaxşı görür və duyurdu. Heyvan sifətli Qüreyş yaramazlarından birinin ovcunda tutduğu torpaq və zibili alicənab atasının başına, nurani sifətinə necə səpdiyini, o həzrətin gözəl üzünü və yaraşıqlı boynunu necə toz-torpağa buladığını görürdü. Belə hallarda o körpə yaşlı, nazik qəlbli və mehriban qız atasını qucaqlayır və gözləri yaşlı, boğazı qəhərli halda kiçik və zərif əlləri ilə o həzrətin toz-torpağa bulaşmış üst-başını silir, üz-gözünü təmizləyirdi. Bəli, belə səhnələri görür və onların təsirinin şiddətindən gözlərində yaş gilələri donub qalırdı. Belə dəhşətli anlarda təzəcə vəfat etmiş anasını yadına salır, ürəyi od tutub yanırdı. Bununla belə çalışırdı ki, atası onu bu halda görməsin, yoxsa dərdinin üstünə daha bir dərd də gələrdi.

Lakin atası üçün hər şey gün kimi apaydın idi. Körpə Fatimənin (ə) əzab çəkdiyini görür və gözəl, məlahətli, ilahi səsi ilə mehriban qızına təsəlli verərək deyirdi: “Qızım, ağlama, qəmli olma. Pərvərdigar, atanın dostu, köməkçisidir və son nəticədə ona qələbə - uğur bəxş edəcəkdir.”

Bəli, Fatimənin (ə) uşaqlıq dövrü beləcə keçirdi. O ruhi əzab və sarsıntılar kiçik yaşlı qızı dərdlərə, əzablara dözməyə alışdırır, gücünü, müqavimətini çoxaldır və polada döndərirdi. Bir yandan da atasının təskinliyi və İlahinin lütfü, köməyilə ürəyində bəslədiyi sonsuz ümidləri, səbr və dözümünü daha da möhkəm edirdi. Beləcə Fatimənin (ə) uşaqlıq dövrü böyük atasının – Allahın Rəsulun (s) təbliğat sahəsindəki çətinlikləri ilə eyni vaxta düşdüyündən körpə qız da o həzrətlə birgə İslamın yayılması və çiçəklənməsi yolunda addımlayır və böyüyürdü. Və bu böyümə zamanı necə əzab-əziyyətlərə dözdüyünü bircə Allah bilir...

O zaman İslam peyğəmbəri (s) hər gün qüreyşilərin yeni bir fitnə-fəsadı ilə üzləşirdi. Hər gün müxtəlif iqtisadi çətinliklərə və mənəvi əzablara məruz qalırdı. Kafirlər o həzrətin bütün dünya üçün tarixi əhəmiyyəti olan yeni dinə dəvəti yolunda hər gün yeni-yeni maneələr, təhlükələr yaradırdılar. Körpə Fatimə (ə) bəzən İslamın qana susamış düşmənlərinin onun atasının necə ciddi təqib etdiklərini, əziz canının qəsdinə durduqlarını da görürdü. Bəzən onların kin və düşmənçiliyi, alçaqlıq və rəzilliyi o dərəcəyə çatırdı ki, Peyğəmbər (s) Quran oxuyarkən, İlahi dərgahı qarşısında səcdə edərkən qoyunun bağırsağını, içalatını o həzrətin bədəninə və paltarına atırdılar. Belə hallarda Fatimə (ə) göz yaşları tökür və kiçik əlləri ilə atasının paltarlarını təmizləyirdi. Sonra da incə qəlbi dərdlə-qəmlə dolu halda, yorğun və əzgin bir vəziyyətdə özünü evlərinə çatdırır və heç kim görməsin deyə xəlvət bir küncə çəkilərək ətəyini göz yaşları ilə isladırdı. Bəzən də ailəsinin, atasının dostlarının öz ev-eşiklərindən qovularaq zorla Məkkədən Şibi-Əbi Talibə (Məkkənin kənarındakı dərəyə) köçürüldüklərini görürdü. Hər baxımdan – iqtisadi, ictimai və mənəvi cəhətdən min cür məhrumiyyətlərlə üzləşən, lakin səbr və dəyanətlə bütün bunlara dözən və Allaha sığınaraq öz ali məqsədləri yolunda bütün əzablara sinə gərən mərd müsəlmanları görürdü. Bəli, həmin o üç ildən də artıq bir müddət ərzində o cür iqtisadi və ictimai məngənə içərisində ömür sürən, lakin cınqırlarını da çıxarmayan, iman və etiqadlarında əsla bir süstlüyə, zəifliyə yol verməyən o əzabkeş müsəlmanları Fatimə (ə) yaxından görürdü...

Mübarək ömrünün hələ yeddi-səkkiz baharı ötməmişdi ki, bütün bunlardan daha ağır, daha acı bir mənəvi zərbə ilə üz-üzə gəldi. Mehriban anasını – o qaranlıq və dərdli gecələrinin yeganə yaxın sirdaşını itirdi... Qara qəmin, əzabverici dərdin vahiməli kölgəsi Fatimənin (ə) mübarək vücudunun üstünü alaraq onu ağır çətinliklərə, mənəvi sarsıntılara həmdən və yoldaş etdi...

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ərəbistanın Yəmənə olan təcavüzləri 7400 can alıb
Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Nigeriya Şiələri Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyalarına davam ...
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Nigeriya rejimi Şeyx Zəkzəkiyə qarşı yeni təxribat hazırladı: Şeyx Zəkzəki ...
Liviyada 150 İŞİD terrorçusu zərərsizləşdirilib
Vilayəti-fəqihin zəruriliyi
Bİr daha Bəhreyn xalqı Şeyx Səlmanın azad olunmasını tələb etdi
İmam Xamenei cənabları Ramazan ayı ilə əlaqədar gündəlik Quran məclisi keçirir
Sionist rejim bu gün ikinci dəfə Əqsa məscidinə hücum etdi

 
user comment