Azəri
Monday 22nd of July 2024
0
نفر 0

QURANIN TƏHRİFƏ OLAN BAXIŞI

 

QURANIN TƏHRİF OLUNMAMASINA DƏLALƏT EDƏN AYƏLƏR

Artıq, təhrifin nə olduğu və onun hansı amillər üzündən yarandığı bəlli oldu.

Lakin, bu nəzəriyyənin tamamilə əsassız və batil olduğuna dəlalət edəcək bir sıra ayələr də vardır və biz onlardan bir neçəsini misal olaraq burada qeyd edirik.

Birinci ayə:

«Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən – artırıb-əksiltmədən] qoruyub saxlayacağıq.» (Hicr-9).

Buradan belə məlum olur ki, Quran nazil olduğu ilk gündən Allah-taala tərəfindən təhrif və dəyişikliklərdən qorunub saxlanılmış və qiyamət gününədək toxunulmaz olaraq qalacaqdır.

Lakin «təhrif nəzəriyyəsinin» tərəfdarları bu ayəni müxtəlif mənalarda təfsir etməyə çalışmışlar:

1. Ayədə qeyd olunan «zikr» kəlməsindən məqsəd Quran deyil, Peyğəmbərdir (s). Belə ki, Təlaq surəsinin 10-11-ci ayələrində zikr deyildikdə, Peyğəmbər (s) nəzərdə tutulur.

«Allah sizin üçün Quranı nazil etmiş və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura [küfrdən imana] çıxartmaq üçün Allahın açıq-aşkar [halal-haramı bəyan edən] ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir.»

Göründüyü kimi burada haqqında xəbər verilən şəxs Peyğəmbər (s) özüdür.

Yəni, Allah-taala həzrət Məhəmmədi (s) peyğəmbərliyə təyin etdikdən sonra, bu ayəni nazil etməklə onu xoşagəlməz hadisələrdən qoruyacağını bildirmək istəmişdir.

Cavab: Ayəyə verilən bu təfsir tamamilə səhv və əsassızdır. Çünki, ayədə istifadə olunan «İnzal» və «Tənzil» kəlmələri (nazil etmək – nazil olmaq) mənalarını daşıyır. Demək «zikr» deyildikdə, hər iki ayədə Peyğəmbər (s) deyil, Quran nəzərdə tutulur. Və əgər «zikr» deyildikdə Peyğəmbər (s) nəzərdə tutulsaydı, «irsal» (göndərmək) və ya buna oxşar ifadələrdən istifadə olunardı.

Əgər burada «zikr» deyildikdə Peyğəmbərin (s) nəzərdə tutulduğunu fərz etsək, bir qədər əvvəl misal olaraq qeyd etdiyimiz Hicr surəsinin 9-cu ayəsindən üç ayə əvvəl «zikr» deyildikdə, Peyğəmbərin (s) nəzərdə tutulduğunu deyə bilməyəcəyik.

«[Müşriklər peyğəmbərə] belə dedilər: Ey özünə kitab nazil edən kəs! Axı sən divanəsən!» (Hicr-6).

Göründüyü kimi «və qalu ya əyyuhəlləzi nuzzələ ələyhizzikru innəkə ləməcnun» ayəsində «zikr» deyildikdə, Peyğəmbərə (s) nazil olmuş Quran nəzərdə tutulur.

2. Deyirlər: Quranın qorunması deyildikdə, onun təhrif və təbdildən qorunması deyil, eyb və nöqsanlardan qorunması və onun haqq olmasının sübutu nəzərdə tutulur.

Cavab: Gətirdikləri bu dəlilin birinci dəlildən daha əsassız və batil olduğu göz qabağındadır. Əgər onlar Allahın, Quranı kafirlərin tənqid və iradından qorumasını nəzərdə tuturlarsa, gəldikləri nəticənin batil olduğuna şəkk etməməlidirlər. Çünki, Quran hər şeydən daha çox kafirlərin tənqid və iradlarına məruz qalmışdır. Demək ayədən məqsəd, heç də kafirlərin tutduqları irad və nöqsanlar deyildir.

Yox, əgər onlar Quranın özünəməxsus bəyan tərzini və başqalarının onunla mübarizə etməyə qadir olmadıqlarını nəzərdə tuturlarsa, demək lazımdır ki, bu barədə düzgün nəticəyə gəlmişlər. Lakin heç də nəzərdən qaçırmaq olmaz ki, Quran nazil olduğu ilk gündən bu yüksək xüsusiyyətə malik olmuşdur. O ki qaldı onun toxunulmazlığına, bu məsələ Quranın zati xüsusiyyətlərindən deyildir. Belə ki, Allah-taala belə bir toxunulmazlıq xüsusiyyətini ona nazil olduqdan sonra vermişdir. Buna əsasən deyə bilərik ki, zati toxunulmazlıq onun təhrifə qarşı zati istehkamı və müqavimət göstərməsidir. Bunun isə, yuxarıda qeyd olunan ayənin məna və məfhumu ilə heç bir əlaqəsi yoxdur.

Əvvəla ona görə ki, Quran əvvəldən malik olduğu üstün xüsusiyyətlərlə öz müxaliflərinə qarşı sinə gərmiş və özünü lazımınca müdafiə edə bilmişdir. Təbiidir ki, belə bir halda onun heç bir xarici mühafizəkara ehtiyacı olmayacaqdır.

Digər tərəfdən isə ayə Quranın toxunulmazlığına, nazil olarkən deyil, yalnız nazil olduqdan sonra zəmanət verir.

3. Deyirlər: Doğrudur, ayədə Quranın toxunulmazlığından söhbət açılır, lakin burada hansı Quran nəzərdə tutulur? Onların fikrincə, burada yalnız zəmanənin imamında olan Quran nəzərdə tutula bilər. Çünki ayənin zahiri mənasından onun ümumi xarakter daşıdığını müşahidə etmirik.

Cavab: Bu fərziyyə bir qədər əvvəl qeyd olunan fərziyyələrdən daha zəif və əsassızdır. Çünki, Quranın toxunulmaz qalması, ilk növbədə onu gündəlik tilavət edən camaat üçün lazımdır. O ki qaldı zəmanənin imamında olan Qurana, o, lövhi-məhfuzda və ya mələklərin yanında olan Quran kimi toxunulmaz qalacaqdır. Sanki birisi hədiyyə vermək istədiyi şəxsə deyir: Mən sizin üçün bir hədiyyə göndərmişəm, lakin onu ya özüm, ya da dostlarımdan biri qoruyub saxlayacaqdır.

Daha təəccüblüsü budur ki, onlar «toxunulmaz» dedikdə bütün Quranlar deyil, yalnız bir Quranı nəzərdə tuturlar. Onlar belə güman edirlər ki, «zikr» deyildikdə, kağız üzərində yazılmış və üzərindən oxunan ayələr nəzərdə tutulur. Bir halda ki, bu tamamilə yanlış bir fərziyyədir. «Zikr» deyildikdə Allah tərəfindən Peyğəmbərə (s) nazil olmuş Quran nəzərdə tutulur. Mövcud olan Quran nüsxələri isə, Peyğəmbərə (s) nazil olmuş orjinal nüsxənin zahiri formasıdır. Bu Quran nüsxələri isə zaman keçdikcə köhnəlib aradan gedər. Belə ki, toxunulmaz dedikdə, kağız üzərinə köçürülmüş, zaman keçdikcə çürüyərək aradan gedəcək nüsxələri deyil, Allah tərəfindən Peyğəmbərə (s) nazil olan və əməli-saleh insanların qəlblərindəki Quranı nəzərdə tutmalıyıq. Belə bir Quran dünya durduqca duracaq və orada istifadə olunan ifadələrdən heç biri təhrif və təbdilə məruz qalmayacaqdır.

4. İrəli sürülən fərziyyələrə cavab verilsə də, şübhə doğuran bir məsələ də vardır və o da bundan ibarətdir ki, əgər «təhrif nəzəriyyəsinin» tərəfdarları Quranın bu ayəsində də (Hicr-9) təhrifə yol verildiyini ehtimal etsələr və ya bu ayə ilə Quranın təhrif olunmasını sübuta yetirmək istəsələr, onların iddiaları bir o qədər də inandırıcı olmayacaqdır. Çünki, təhrif olunduğu ehtimal olunan bir ayə ilə Quranın təhrif olunmasını isbat etmək həm məntiqdən uzaq, həm də sağlam əql və düşüncə ilə qəbul olunması qeyri-mümkün olan bir işdir. Lakin burada olduqca böyük əhəmiyyət kəsb edən bir məsələyə toxunmaq lazımdır. O da, Peyğəmbərin (s) Əhli-beyti tərəfindən Quran ayələrinin təhrif olunub-olunmaması haqda nəql olunan rəvayətlərin mötəbərliyini qəbul edib-etməməkdən ibarətdir. Yəni, Quranın təhrif olunub-olunmamasına dair etibar baxımından onlar tərəfindən nəql olmuş hədis və rəvayətlərə istinad edən kəslər, bu məsələnin həllində heç bir çətinliklərlə üzləşməzlər. Onlara qarşı kin-küdurət bəsləyən, buyurduqlarına istinad etməyən kəslər isə təhrif və bu kimi bir çox məsələlərdə çətinliklərlə üzləşəcək, əldə etdikləri nəticə isə batil və əsassız olacaqdır.

İkinci ayə:

«Özlərinə Quran gəldiyi zaman onu yalan hesab edənlər [mütləq cəzalarına çatacaqlar] o [Quran], şübhəsiz ki, çox dəyərli, qiymətli bir kitabdır.

Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. [Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz] o, hikmət sahibi və şükrə, tərifə layiq olan [bütün işləri bəyənilən] Allah tərəfindən nazil edilmişdir.» (Fussilət 41-42).

Ayənin məzmunundan belə məlum olur ki, Quran bütün kitablardan fərqli olaraq toxunulmaz qalmış və öz müqəddəsliyini qoruyub saxlaya bilmişdir.

«Təhrif nəzəriyyəsi»nin tərəfdarları, qeyd etdiyimiz ayə barəsində irəli sürdükləri fərziyyədə deyirlər: Quranın toxunulmazlığı deyildikdə, burada bəyan olunan hökm və qanunların yalan, eyb və nöqsanlardan uzaq olduğu nəzərdə tutulur. Onlar bu barədə Əli ibni İbrahim Qumidən nəql olunmuş rəvayətə istinad edirlər. O, öz təfsirində imam Baqirdən (ə) bu rəvayəti nəql edir: «Quran, nə ondan əvvəl nazil olmuş Zəbur, Tövrat və İncil ilə, nə də sonradan yazılmış kitablarla batil olunar.»

Mərhum Təbərsi «Məcməul Bəyan»da imam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: «Quranda keçmiş ümmətlər və gələcəkdə baş verən hadisələr haqda doğru və düzgün məlumatlar verilir. Burada nə yalan, nə də heç bir əsası olmayan fərziyyələr görmək olar.»

Cavab: Ayəni belə mənalandırmaq heç də düzgün olmazdı. Çünki, burada misal olaraq qeyd olunan iki rəvayətin bu mətləblə heç bir əlaqəsi yoxdur. Belə ki, rəvayətlərdə yalnız Quranın, əvvəlki səmavi kitabların (Zəbur, Tövrat, İncilin) batil olunması, keçmiş ümmətlər və gələcək haqda verilən məlumatların həqiqət olması bildirilir.

Quranın [batini və zahiri] xüsusiyyətlərini bəyan edən və ümumiyyət xarakteri daşıyan ayələrə müraciət etdikdə isə, zaman və məkandan asılı olmayaraq, hətta qiyamət gününədək Qurana batil əqidələrin, yalan və iftiraların yol tapmayacağının və toxunulmaz olaraq qalacağının şahidi oluruq. Və əgər ayəni, yalnız Quranda yalan və iftiralara yol verilmədiyi kimi mənalandırsaq, onda Quranın tarix boyu tağut rejimlərə, batil ənənə və əqidələrə zəfər çalmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdən qaçırmış olarıq.

SÜNNƏ VƏ HƏDİSLƏRİN TƏHRİFƏ OLAN BAXIŞI

«Səqəleyn» hədisi və Quranın təhrifi:

Quranın təhrif olunmamasına dəlalət edən ən əsaslı dəlil onun öz ayələridir. Biz bir qədər əvvəl onlardan ikisi haqda ətraflı məlumat verdik. Bu mətləbə dəlalət edəcək ikinci əsaslı dəlil, Peyğəmbərdən (s) nəql olunmuş «Səqəleyn» hədisidir. Hədisdə deyilir:

«Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı(Quran) və digəri isə mənim Əhli-beytimdir.»

Hədisin məzmunundan belə məlum olur ki, Peyğəmbər (s) özündən sonra Quranı və Əhli-beytini (ə) müsəlmanların üzərində canişin təyin etmiş, müsəlmanlar da öz növbəsində qiyamət gününədək bir-birindən ayrılmayacaq bu iki şeyə tabe olmalı və onlara itaət etməlidirlər.

Bu kimi hədislər istər sünnü, istərsə də şiə mənbələrində kifayət qədər nəql olunmuşdur. Buradan biz Quranın təhrif olunmasına dəlalət edən iki əsaslı dəlilə işarə edə bilərik.

1. «Təhrif nəzəriyyəsi»ni qəbul edən müsəlmanlar Qurana istinad etməməklə yanaşı, onun hökmlərinə də əməl edə bilməzdilər. Çünki, təhrifə yol verdikdə ayələrdən bəziləri ya dəyişilməli, ya ixtisara salınmalı, yaxud da onlara müəyyən əlavələr edilməli idi. Bir halda ki, bu müqəddəs kitab nazil olduğu ilk gündən, məzhəbindən asılı olmayaraq hər bir müsəlman tərəfindən oxunmuş və həmçinin onun verdiyi hökmlərə əməl olunmuşdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, «təhrif nəzəriyyəsi» tamamilə batil və əsassızdır.

İzah: «Səqəleyn» hədisi Quranla Əhli-beytin qiyamət gününədək ayrılmaz və əbədi qalacağına dəlalət edir.

Bu səbəbdən də insanların haqqa hidayət olmaları üçün həm Quran, həm də Əhli-beyt (ə) üzvlərindən biri qiyamət gününədək insanların arasında olmalıdır.

Məlum məsələdir ki, əgər insanlar Quran və Əhli-beyti (ə) sevərək onlara tabe olsalar, onların getdikləri hidayət yolunun yolçularına çevrilərlər.

İnsanların haqqa hidayəti və bu yolun həqiqi davamçılarından olmaları, onların zəmanə imamı ilə birbaşa ünsiyyətdə olmalarından asılı deyildir. Çünki, birbaşa ünsiyyət onlar sağ ikən də hamıya müyəssər olmurdu. O ki qaldı qeybət dövründə müəyyən şəxslərin imamla ünsiyyətdə olmalarının zəruriliyini iddia etmələrinə, bu tamamilə əsassız bir iddiadır. Belə ki, şiə məzhəbinin davamçıları istər imamların həyatı dövründə, istərsə də onlar qeybdə olan zaman onlarla ya birbaşa, ya da müxtəlif şəxslərin vasitəsilə ünsiyyətdə olmuşlar. Onlar imamlara qarşı məhəbbət göstərir və onların buyruqlarını həyatın bütün sahələrində həyata keçirərdilər.

Qurana gəldikdə isə, qeyd etmək lazımdır ki, müsəlmanlar bütün mənəvi dəyərləri daim oradan götürmüş və bütün işlərdə onu özləri üçün örnək hesab etmişlər. Onları zəlalətdən səadətə qovuşduran və xoşbəxt həyatlarını təmin edən də məhz Quran olmuşdur.

«Quranın əsli zəmanənin imamındadır» deyənlər isə, böyük səhvə yol vermiş olurlar. Çünki, belə bir halda müsəlmanların istədikləri vaxt Qurana müraciət etmələri heç də asan olmazdı. Bilavasitə haqq-ədalət və hidayət mənbəyi olan Quran, daim müsəlmanların ixtiyarında olmalı və onlar istədikləri vaxt ona müraciət edə bilməlidirlər.

«Səqəleyn» hədisinin Quranın təhrif olunmamasına dəlalət etməsi bundan ibarət idi.

Lakin bu dəlillərə irad tutaraq deyirlər: «Səqəleyn» hədisi Quranın təhrif olunmamasına dəlalət etsə də, burada bütün Quran deyil, yalnız fiqh və şəriət qanunlarının toxunulmamazlığı nəzərdə tutulur. Çünki, müsəlmanlar [şəriət məsələlərində] bütünlüklə Qurana deyil, yalnız fiqhi ayələrə istinad edirlər. Bu hədis həmin ayələrlə əlaqəli olmadığı üçün Quranın təhrif olunmamasına dəlalət edə bilməz.

Cavab: Bu nəzəriyyənin heç bir əsası yoxdur. Çünki bəşəriyyəti haqqa hidayət edən, Quranın müəyyən surələri deyil, Peyğəmbərə (s) 23 il müddətində nazil olmuş bütün surə və ayələridir. İnsanların xoşbəxt həyatını təmin edən və onları səadətə qovuşduran yalnız fiqh ayələri deyil, onun bəşər həyatını hərtərəfli əhatə edən bütün ayələri, o cümlədən əxlaq, rəftar, ailə, siyasət, hüquq, ticarət və s. qanunvericilik ayələri də şamildir. Quranın fəziləti barəsində söhbət açarkən qeyd etdik ki, bəzi ayələrdə keçmiş ümmət və peyğəmbərlərin sərgüzəştləri əhvalat şəklində bəyan olunsa da, əsas məqsəd ilahi hökmlərin izahı və insanların bundan ibrət götürərək haqqa hidayət olmalarıdır. Buna əsasən müsəlmanlar Qurana iman gətirərək onun bütün ayələrinə istinad etmişlər.

«Təhrif nəzəriyyəsi»ni qəbul edənlər arasında elələri də vardır ki, təhrif deyildikdə yalnız vilayət ayələrinin təhrif olunduğunu nəzərdə tuturlar. Bir halda ki, vilayət ayələri də digər ayələr kimi hər bir müsəlman tərəfindən qəbul olunmalı və əməli olaraq sübuta yetirilməlidir. Və belə bir halda bu ayələrdə də təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkündür.

Təhrif nəzəriyyəsinin əsassızlığının «Səqəleyn» hədisi vasitəsilə sübuta yetirilməsinin ikinci yolu bundan ibarətdir ki, təhrif məsələsi düzgün olsa, onda Quran tədricən öz etibarını itirəcək və nəticədə dəlil olaraq kimsə tərəfindən mötəbər sayılmayacaqdır. Belə bir çətinliklə qarşılaşan hər bir şəxs, şəkk-şübhəni aradan qaldırmaq üçün Əhli-beytə (ə) müraciət etməli, onların Quran barəsində verdikləri nəzəriyyəyə, yəni bu ilahi kitabın təhrif olunmamasına etiqad bəsləməli və bu barədə heç bir əlavə fərziyyələrə istinad etməməlidir. Çünki, hədisdən əldə etdiyimiz mənaya əsasən Əhli-beyt (ə), Qurandan sonra müsəlmanların istinad edəcəkləri ikinci ən mötəbər mənbədir. Belə bir halda, Quranın təhrif olunduğuna ehtimal verib sonra bu nəzəriyyənin əsassız olduğunu Əhli-beytin (ə) buyuruqları ilə sübuta yetirməliyikmi?!

«Təhrif nəticəsində Quran öz etibarını itirir» dedikdə isə, ayələrdə olunan ixtisar, əlavələr, dəyişikliklər və bunun nəticəsində məna, məfhum baxımından nəzərə çarpan fərqlər nəzərdə tutulur.

Nəticə: Təhrif nəzəriyyəsindən əldə olunan nəticə, Quranın öz etibarını itirməsi və ayələrin zahiri mənalarına istinad olunmasıdır. Bu isə qeyd etdiyimiz kimi, tamamilə yanlış bir nəticədir. Belə ki, Quranın dəlil olmaması onun təhrif olunduğuna dəlalət edir və belə bir halda bunun sübuta yetirilməsi üçün «icmali elm»dən istifadə olunmasına heç bir ehtiyac duyulmur. Bu halda biz belə bir qənaətə gəlməliyik: Təhrif nəticəsində «icmali elm» yolu ilə bəzi ayələrin zahiri mənalarında yaranmış ixtilaflar artıq bizə bəlli olur və icmali elmə istinad etməklə Quran öz etibarını itirir. Çünki, əgər Quranın zahiri mənasının dəlil olduğunu icmali elm yolu ilə sübuta yetirmək istəsək, cavabında gərək deyək:

Əvvəla, Quranda təhrifə yol verilməsi icmali elmə və ayələrin zahiri mənasında ixtilafın yaranmasına səbəb olmur. Digər tərəfdən isə icmali elm, Quranın zahiri mənalarına istinad olunmasında heç bir təsirə malik deyildir. Çünki, icmali elm yalnız o zaman təsirli ola bilər ki, ona hər tərəfli əməl olunmuş olsun, əks təqdirdə onun heç bir vəzifə təyin etmək səlahiyyəti olmayacaq. Belə olduqda isə icmali elm, Quran ayələrinin zahiri mənalarının şəriət məsələlərini bəyan edən və bəyan etməyən ayələri arasında ixtilafın yaranmasının qarşısını alır. Şəriət hökmlərini bəyan etməyən ayələrə əməl olunmadıqda isə, icmali elm heç bir rol oynamayacaq.

Təhrif nəzəriyyəsinin tərəfdarları bəzən belə güman edirlər ki, Quranın dəlil olması onların istinad etdikləri nəzəriyyə ilə heç də ziddiyyət təşkil etmir. Yəni onlar həm Quranın dəlil olmasını, həm də onun təhrif olunduğunu qəbul edərək, belə bir fərziyyəyə istinad edirlər. Onlar deyirlər: Təhrif nəzəriyyəsini qəbul etməklə yanaşı, Quran ayələrinin zahiri mənalarına da istinad edə bilərik. Çünki, ayələrin zahiri mənalarının dəlil olması təhrif nəzəriyyəsinin etibarsızlığına səbəb olur. Lakin, imamlar mövcud Quranların mötəbərliyini, həmçinin öz səhabələrinin Quranın zahiri mənalarına əməl etmələrini təsdiq etmişlər. Beləliklə, təhrif nəzəriyyəsinin tərəfdarları həm bu nəzəriyyəyə istinad etmək, həm də Quranın zahiri mənalarının imamlar tərəfindən təsdiq olunduğuna etiqad bəsləmək istəmişlər.

Lakin, bu tamamilə batil və əsassız fərziyyədir. Çünki, imamların öz davamçılarını haqqa hidayət etmələri və onların Quran ayələrinin zahiri mənalarına istinad etdiklərini təsdiq etmələri, heç də Quranın dəlil olduğunu sübuta yetirmək məqsədilə olmamışdır. Əksinə onlar, Quran nazil olduğu ilk gündən onun zahiri mənalarının dəyişilmədiyinə istinad etmiş və belə bir saf əqidəyə əsaslanaraq bəşəriyyətin hidayətini öz üzərlərinə götürmüşlər. Yəni, onların mövcud Quranların mötəbərliyini təsdiq etmələri, onun zahiri etibarına deyil, həqiqi dəlil və höccət olduğuna dəlalət edir.

QURAN SURƏLƏRİNİN NAMAZDA OXUNMASI

Quranın təhrif olunmamasına dəlalət edən başqa bir dəlil, vacibi namazlarda 1-ci və 2-ci rəkətlərdə «Həmd» surəsindən sonra hər hansı bir surənin tam şəkildə və ayət namazında isə bir surənin beş yerə bölünərək oxunmasıdır. Bu hökm namaz vacib olunduğu ilk gündən məhz bu şəkildə müəyyənləşmiş və müsəlmanlar tərəfindən icra olunmuşdur.

Buna əsasən təhrif nəzəriyyəsini qəbul edən şəxslər, gündəlik namazlarında təhrifə yol verilmiş surələr oxumamalıdırlar. Həmd surəsindən sonra hər hansı bir surənin tam və düzgün şəkildə oxunması vacib olduğu üçün, təhrif olunmuş surələrin oxunması mükəlləfin üzərindən məsuliyyəti götürməz.

İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları belə bir iddia irəli sürə bilərlər ki, surənin tam oxunması, yalnız onun təhrifə məruz qalmadığını bilmədikdə vacib olur. Bundan qeyri-halda surənin tam oxunması heç də vacib deyildir.

Cavab: Bu iddianı yalnız o zaman düzgün hesab etmək olar ki, Quranın bütün surələrinin təhrif olunduğuna ehtimal vermək olsun. Lakin bu surələrdən heç olmasa biri – hətta təhrif nəzəriyyəsinin tərəfdarlarının əqidəsinə əsasən – təhrif olmasa, onda gərək bu nəzəriyyənin tərəfdarları gündəlik namazlarında bu surədən başqa heç bir surə oxumasınlar.

Başqa bir irad:

Məsum imamlar namazda Həmd surəsindən sonra hər hansı bir surənin oxunmasını icazə vermişlər. Əgər belə bir icazə verilməsəydi, təhrif olması ehtimal verilən surələrin oxunması düzgün olmazdı.

Cavab: İmamların, Quran surələrinin gündəlik namazlarda oxunmasına icazə vermələri, onun təhrif olunmamasını bir daha sübuta yetirir. Yox, əgər imamların bu icazəsi müsəlmanların qıldıqları namazları təhrif olmuş surələri oxumaqla batil edəcəkdisə, bu halda onlar təhrif olunmamış surələrin oxunmasını tövsiyə edərdilər. Və belə olduqda təqiyyə ilə də heç bir ziddiyyət yaranmazdı. Çünki, Tövhid və Qədr surələrinin oxunmasına daha çox diqqət yetirər və onların fəziləti haqda dəyərli məlumatlar verərdilər. Belə bir halda bu iki surənin fəziləti haqda söhbət açmaq əvəzinə, təhrif olunmamış digər surələrin də oxunmasının vacibliyini bəyan edərdilər.

Nəticə: Gündəlik namazlarda Həmd surəsindən sonra hər hansı bir surənin tam oxunmasının vacibliyi imamlar tərəfindən dəfələrlə bəyan olunmuşdur. Və müsəlmanların bu məsələ ətrafında təqiyyə etmələrinə heç bir səbəb olmamışdır. Çünki, bu hökm ya Peyğəmbərin (s) zamanında, ya da ondan sonra imamlar tərəfindən verilmişdir.

Demək, Həmd surəsindən sonra hər hansı bir tam surənin oxunmasının vacibliyi, hələ Peyğəmbərin (s) zamanında bəyan edilmiş və bu hökm hər bir müsəlman tərəfindən gündəlik namazlarda icra olunmuşdur. Buna əməl etmək yalnız o zaman düzgün olardı ki, surələr təhrif olunmadan özünün həqiqi formasını saxlaya bilmiş olsun. Təhrifə məruz qaldıqda isə, elə bir surə seçilməli idi ki, təhrif olunmamış olsun. Belə ki, bu məqsəd üçün heç bir surə müəyyən olunmamış və istənilən hər bir surənin tam oxunmasına icazə verilmişdir. Bu isə bir daha Quranın təhrif olunmadığını sübuta yetirir.

Bu hökm təkcə surələrin namazlarda oxunmasına deyil, bütün surə və ayələrin (istənilən vaxtlarda da) qiraət olunmasına şamil olur.

QURAN XƏLİFƏLƏR TƏRƏFİNDƏN TƏHRİF OLUNMAMIŞDIR

Dördüncü dəlil: «Təhrif nəzəriyyəsi»nin tərəfdarları tərəfindən bu barədə üç müxtəlif fərziyyə irəli sürülmüşdür. Quran ya Əbu Bəkr və Ömərin, ya Osmanın, yaxud da başqa xəlifələrin xilafəti dövründə təhrifə məruz qalmışdır.

Quranın Əbu Bəkr və Ömərin xilafəti dövründə təhrif olunmaması haqda:

Bunun həyata keçməsi üç haldan xaric deyildir:

1. Təhrif ya zərurət üzündən, ya da qeyri-iradi olaraq baş vermişdir;

2. Xilafət (hakimiyyət) haqda olan ayələrin bilərəkdən təhrif olunması;

3. Digər ayələrin bilərəkdən təhrif olunması.

1. Bilərəkdən yaranmış təhriflər;

Deyirlər: Quran, Əbu Bəkr və Ömərin xilafəti dövründə bir yerə yığılmadığı üçün onun bütün ayələrinin qorunub saxlanılması mümkün olmamış və bu səbəbdən də bəzi ayələr unudularaq aradan getmişdir.

Cavab: Bu fərziyyə üç əsas səbəbə görə tamamilə batil və əsassızdır:

1. Peyğəmbərin (s) və onun səhabələrinin Qurana və onun tilavətinə olan sonsuz diqqət və əhəmiyyəti, bu nəticəyə gəlmək imkanı verir ki, Quran hələ Peyğəmbərin (s) zamanında bir yerə yığılmış, oradan bir kəlmə, yaxud bir hərf də olsun belə, ixtisara salınmamışdır. Ayələr pərakəndə və ya əzbərləmək yolu ilə olsa da, müsəlmanlar tərəfindən qorunub saxlanılmışdır. Cahiliyyət dövründə yazılmış yüzlərlə şer misralarını əzbərləmiş şəxslərin Quranın əzbərlənməsində səhvə yol vermələrini təsəvvür etmək olarmı?!

O Quran ki, müsəlmanlar onun yolunda həyatın bütün ağırlıqlarına sinə gərir, hətta öz can, mal və əzizlərini belə qurban verməyə razı olurdular. Onlar tarixin qara səhifələrini öz qanları ilə yumuş və Quranın bu günlərədək qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər. Bütün bunları nəzərə alaraq, bu nəzəriyyə də digər nəzəriyyələr kimi əqli və tarixi dəlillərlə əsassız və batil hesab olunur.

2. Bütün bunlarla yanaşı «Səqəleyn» hədisi bir daha bu ehtimalı batil edir. Çünki, «Səqəleyn» hədisinin Quranın bir hissəsinin aradan getməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, əgər təhrif olunarsa, Peyğəmbərdən (s) bizlərə gəlib çatan kitabın [Quranın] tam nüsxəsi deyil, yalnız bir hissəsi olacaqdır. Lakin hədisin məzmunundan belə məlum olur ki, Quranın Peyğəmbərdən (s) bizlərə müəyyən hissəsi deyil, tam və kamil nüsxəsi gəlib çatmışdır.

Hədisin məzmununa diqqət yetirdikdə bir daha bunun şahidi olacağıq ki, Quran hələ Peyğəmbərin (s) zamanında toplanmış və vahid nüsxə halına salınmışdır. Belə ki, hədisdə deyilir: «Mən sizin üçün [özünüzdən sonra] iki ağır [əhəmiyyətli] şey qoyuram. Allahın kitabını və Əhli-beytimi.» Demək, Quranı yalnız o zaman kitab adlandırmaq olardı ki, bütün surə və ayələri bir yerə yığılmış olsun.

3. Digər tərəfdən isə müsəlmanlar islamı qəbul etdikləri ilk gündən Qurana böyük əhəmiyyət vermiş və onun vahid nüsxə halına salınmasına xüsusi diqqət yetirmişlər. Əgər müsəlmanların Qurana əhəmiyyət verməyərək onu vahid nüsxə halına salmamalarını fərz etsək də belə, Peyğəmbər (s) o zamanın şəraitini və gələcəkdə yaranacaq ixtilafı, qarşıdurmaları nəzərə alaraq, bunun həyata keçməsinə hamıdan daha çox əhəmiyyət verməli idi. Məgər ona bu işdə mane olan amillər var idimi?!

Bütün bu sualların cavabı mənfidir. Çünki Peyğəmbər (s) həm Qurana, həm də onun vahid nüsxə halına salınmasına hamıdan daha çox diqqət yetirirdi və bunu həyata keçirmək üçün ixtiyarında hər cür imkanlar var idi. Bu səbəbdən də qətiyyətlə deməliyik ki, Quran hələ Peyğəmbərin (s) zamanında yığılmış və vahid nüsxə halına salınmışdır.

2. Siyasi məna daşımayan ayələrin təhrifi;

İrad: Bu haqda irəli sürülmüş başqa bir fərziyyədə deyilir: Birinci və ikinci xəlifə siyasətləri ilə heç bir əlaqəsi olmayan ayələri şəxsi rəylərinə əsasən bilərəkdən təhrif etmişlər.

Cavab: Bu fərziyyə də digər fərziyyələr kimi bir neçə səbəbdən batil və əsassızdır.

Əvvəla belə bir təhrifə heç bir ehtiyac duyulmamışdır. Və məlum məsələdir ki, heç bir adi insan onun şəxsi həyatı və işi ilə əlaqəsi olmayan belə böyük, eyni zamanda qorxulu olan bir işi görməzdi.

Digər tərəfdən isə hər iki xəlifənin hakimiyyəti dövrünə nəzər saldıqda bunun şahidi oluruq ki, islam dini və müsəlmanlar o günlər özünün dirçəliş mərhələsini keçmiş, ictimai, siyasi, dini və s. məsələlər Quranla tətbiq olunmuşdur. Demək, müsəlmanların Qurana böyük əhəmiyyət verdikləri belə bir zamanda, onun kimsə tərəfindən təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkün idi. Və eyni zamanda mərkəzi xilafət ilə müxalif olan Səd ibni Ubadə və başqaları o günlər baş verən bütün hadisələri diqqətlə izləyir və bir o qədər də əhəmiyyət kəsb etməyən məsələləri belə nəzərdən qaçırmayırdılar. Əgər xilafət başçıları Quranda təhrifə yol vermiş olsaydı, təbii ki, bu iş müxaliflər tərəfindən etirazla qarşılanar və tez bir zamanda bunun qarşısı alınardı. Lakin tarixi mənbələr bizə bu haqda heç bir məlumat verməyir.

Həzrət Əlinin (ə) mərkəzi xilafətə qarşı çıxış etdiyi «Şəqşəqiyyə» kimi həyacanla dolu olan xütbəsinə nəzər saldıqda belə, biz bu mətləbə toxunulduğunun şahidi olmuruq.

«Quran təhrif olunmuşdur lakin, kimsə buna etiraz etməmişdir» kimi iddia edənlər isə, böyük bir səhvə yol vermiş olurlar. Çünki, tarixdə baş verən böyüklü-kiçikli bütün hadisələr yazılaraq indiki zamana kimi gəlib çatmışsa, əgər doğrudan da islamın və müsəlmanların müqəddəratına böyük təsir göstərən belə bir əhəmiyyətli hadisə baş vermişdisə, sözsüz ki, bu iş tarix kitablarında nəql olunmalıydı.

3. Quranın siyasi xarakter daşıyan ayələrinin təhrifi;

Təhrif nəzəriyyəsinə istinad edən digər şəxslər iddia edirlər ki, Quranın siyasi xarakter daşıyan ayələri birinci və ikinci xəlifə tərəfindən hakimiyyəti əldə saxlamaq məqsədilə təhrif olunmuşdur. Lakin bu, tamamilə əsassız bir nəzəriyyədir. Belə ki, Əli (ə) xilafətdən məhrum olduqdan sonra həyat yoldaşı həzrət Zəhra (ə) və yaxın səhabələri ilə birlikdə xəlifəyə öz etirazlarını bildirir, Peyğəmbərin (s) Əli (ə) haqda buyurduğu hədis və rəvayətləri onlara xatırladırdılar. Əliyə (ə) yaxın olan səhabələr Peyğəmbərdən (s) bu barədə nəql olunmuş Qədr və bu kimi digər mötəbər hədislərə istinad edərək, dəfələrlə mərkəzi xilafətə qarşı öz etirazlarını bildirmişdilər. «İhticac» adlı kitabda səhabələrdən on iki nəfərinin xəlifəyə qarşı çıxışları və istinad etdikləri rəvayətlər açıq-aşkar işıqlandırılmışdır. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər yuxarıda adı çəkilən kitaba müraciət edə bilərlər.

Bir sözlə, əgər belə bir əhəmiyyətli mövzuya dəlalət edən ayələr təhrif olunsaydı, ilk növbədə Əli (ə) və onun səhabələri tərəfindən böyük etiraza səbəb olar və dərhal həmən təhriflərin qarşısı alınardı.

QURANIN OSMANIN XİLAFƏTİ DÖVRÜNDƏ TƏHRİF OLUNMASI

Osmanın xilafəti dövründə Quranın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyə, digər nəzəriyyələrdən daha əsassızdır.

1. Osmanın xilafəti dövründə müsəlmanlar elə bir inkişaf mərhələsinə çatmışdılar ki, nə Osman, nə də başqa birisi Quranı təhrif etməyə cürət edə bilməzdi.

2. Osmanın, Quranın siyasi xarakter daşımayan ayələrini təhrif etməyə heç bir səbəb olmamışdır. O ki qaldı xilafət mövzusuna dəlalət edən ayələrə, biz belə bir ayənin təhrif olunduğunu müşahidə etmirik. Əgər belə bir ayə mövcud olsaydı, Osmanın xilafəti dövrünədək müsəlmanlar yaşayan məntəqələrdə yayılar və təhrifə yol verilməsin deyə, Osmanın xəlifəliyə təyin olunmasının qarşısı alınardı. Və ya heç olmasa bu işdə Osmana irad tutular və onunla müxalif olan şəxslərin əlində sübut və dəlilə çevrilərdi.

3. Əgər Osman həqiqətən də Quranı təhrif etmiş olsaydı, bu onu qətlə yetirən şəxslərin əlində ən gözəl bəhanələrdən birinə çevrilərdi. Belə ki, onlar Osmanı beytul-maldan sui-istifadə etməkdə günahlandırmış və bu səbəbdən də onu qətlə yetirmişlər.

4. Əgər Quran xəlifə Osman tərəfindən təhrif olunsaydı, ondan sonra xəlifə təyin olunmuş Əli (ə) bunların qarşısını alar və lazımı düzəlişlər aparardı. Lakin, bu barədə xəlifəyə hətta onun müxalifləri belə etiraz etməmişlər.

Əli (ə) öz çıxışlarının birində, üçüncü xəlifənin beytul-maldan sui-istifadə etməsi haqda deyir: «And olsun Allaha! Əgər ərə gedən qadınların mehriyyəsi və alınan kənizlərin pulu beytul-maldan ödənilmişsə, mən onu yenidən buraya qaytaracağam. Çünki, ədalətin əhatə dairəsi çox genişdir. Ədalət kölgəsi altında həyat ona dar gələn şəxslərə, zülm kölgəsi altında daha da dar gələcəkdir.» (Nəhcül-bəlağə).

Beytul-mala belə bir əhəmiyyət verən və onu əvvəlki vəziyyətinə qaytarmaq istəyən bir şəxs, sözsüz ki, Quranda təhrifə yol verilmiş olsaydı, onun qarşısını alaraq əvvəlki vəziyyətinə qaytarmağa çalışardı.

QURANIN SONRAKI DÖVRLƏRDƏ TƏHRİF OLUNMASI

Quranın təhrif olunmasına dair irəli sürülmüş üçüncü nəzəriyyədə bunun sonrakı dövrlərdə baş verdiyinə işarə olunur. Lakin artıq bizə məlumdur ki, kimsə tərəfindən belə bir iddia və ya nəzəriyyə irəli sürülməmişdir.

İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları bu barədə deyirlər: Həccac ibni Yusif qiyam etdikdən sonra, Quranda Bəni-üməyyənin əleyhinə nazil olmuş ayələri çıxararaq, oraya bəzi əlavələr edir. Sonra nüsxələrin sayını artırıb böyük şəhərlərə (Məkkəyə, Mədinəyə, Bəsrəyə, Kufəyə, Şama və Misrə) göndərilməsini əmr edir. Köhnə nüsxələr isə yığılır və onlardan hətta bir nüsxə belə saxlanılmayır. Sonralar oxunan və tədris olunan Quranlar, məhz bu Quranlardan köçürülürdü. (Mənahicul irfan 257-ci səh).

Cavab: Həccac adi bir Bəni-üməyyə hökmdarı idi və onun belə bir böyük dəyişikliyə yol verməsi sadəcə olaraq qeyri-mümkün idi. O nəinki Quranda, hətta şəriətin adi məsələlərində belə dəyişiklik aparmağa qadir deyildi. Bir anlıq fərz edək ki, elə doğrudan da Həccac bütün Quran nüsxələrini yığdırıb oraya bəzi əlavələr etmiş və bütün köhnə nüsxələrin yandırılmasını əmr etmişdir. Ətraf məntəqə, şəhər və ölkələrdə Quran sədası altında yaşayan yüz minlərlə müsəlman necə, bütün bunlara göz yumub xəlifəyə öz etirazlarını bildirmirdilərmi?!

Necə ola bilər ki, belə bir mühüm hadisə heç bir tarixçi tərəfindən nəql olunmamış və Quran mütəxəssislərinin təlif etdikləri yüzlərlə əsərdə araşdırılmamış qalsın?!

Daha təəccüb doğuran burasıdır ki, müsəlmanlar hətta Həccacın hakimiyyəti dövründən sonra belə heç bir tədbirə əl atmamış və onun yolunu davam etdirmişlər.

Həccac bütün Quran nüsxələrini yığıb məhv etməyə qadir olduğu kimi, onu müsəlman məntəqələrində yaşayan yüz minlərlə Quran hafizlərinin sinələrindən pozmağa da qadir idimi?!

Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, əgər Quranda Bəni-üməyyə əleyhinə ayə olmuş olsaydı, Həccacdan əvvəl iqtidarda olan və daha çox nüfuza malik olan Müaviyə, Mərvan və digər xəlifələr də belə tədbirə əl atardı. Və əgər onlar da belə bir iş görmüş olsaydılar, Əli (ə) və onun tərəfdarları onlara qarşı öz etirazlarını bildirər, verdikləri hökmlərin əsassız olduğuna dair məntiqi dəlillər gətirərdilər. Belə ki, onlar dəfələrlə Müaviyənin çıxardığı digər hökmlərə qarşı öz etirazlarını bildirmiş və qismən də olsa bunun qarşısını ala bilmişlər.

Göründüyü kimi, «təhrif nəzəriyyəsi»nin tərəfdarlarının irəli sürdükləri bu fərziyyə təkcə Quran və sünnə ilə deyil, sağlam əql, düşüncə ilə də tam şəkildə ziddiyyət təşkil edir.

TƏHRİFƏ DAİR DƏLİLLƏR

Təhrif nəzəriyyəsinin tərəfdarları Quranın təhrif olnumasına dair bir neçə əsassız dəlilə istinad etmişlər. Və biz onlardan bir neçəsini siz əziz oxuculara təqdim edirik.

1. Tövrat və İncilin təhrif olunması:

Bir çox şiə və sünnü mənbələrində deyilir: Keçmiş ümmətlərin qarşılaşdıqları çətinliklərlə müsəlman ümməti də qarşılaşacaqdır. Yəni əgər təhrif Tövrat və İncilə yol tapmışdırsa, mütləq biz bunu Quranda da görəcəyik.

Mərhum şeyx Səduq özünün «Kamaluddin» adlı kitabında Qiyas ibni İbrahimdən, o da imam Sadiqdən (ə) nəql edərək deyir: «Keçmiş ümmətlərin başına gələn əhvalatlar, olduğu kimi müsəlman ümmətinin də başına gələcəkdir.» (Biharul-ənvar 4-cü cild, 8-ci səh).

Hədisin ümumi məzmunundan belə nəticəyə gəlmək olur ki, bu kimi təhriflər Qurana da yol tapa bilmişdir.

Cavab: Bu dəlili dörd səbəbə görə əsassız hesab etmək olar.

1. Bu kimi dəlillərin əsasını təşkil edən rəvayətlər, şiə məzhəbinin istinad etdiyi dörd mötəbər hədis kitablarının heç birində mütəvatir olaraq nəql olunmamışdır. Əgər nəql olunmuşdursa da, vahid xəbər formasında nəql olunmuşdur.

Demək, bu kimi rəvayətlərə istinad etməklə Quranın, Tövrat və İncil kimi təhrifə məruz qaldığını qəbul etmək olmaz.

2. Əgər bu dəlilin doğruluğuna istinad olunarsa, Qurana əlavələr olunduğu da qəbul edilməlidir. Çünki, Tövrat və İncilə istənilən əlavələr olunmuşdur. Bir haldakı, Qurana əlavələr olunmasına dair irəli sürülmüş nəzəriyyələrin sayı demək olar ki, yox dərəcəsindədir.

3. O ki qaldı keçmiş ümmətlərin başına gələn hadisələrə, onların bir çoxu ilə müsəlman ümməti heç də qarşılaşmamışdır. Məsələn, İsrail camaatının qırx il səhralarda didərgin düşməsi, buzova pərəstiş etmələri, Firon və onun adamlarının qərq olmaları, Süleyman peyğəmbərin insanlar və cinlər üzərindəki səltənəti, İsanın (ə) asimana qalxması, Musanın (ə) davamçısı olan Harunun onun özündən tez vəfat etməsi, Musanın (ə) göstərdiyi doqquz möcüzə, İsanın (ə) atası olmadan dünyaya gəlməsi, bir çox keçmiş ümmətlərin Allah-taalanın qəzəbinə gələrək meymuna, donuza və s. çevrilmələri və bu kimi yüzlərlə qeyri-adi hadisələr. Bir halda ki, müsəlman ümməti bunların heç biri ilə qarşılaşmamışdır. Bu kimi fərqli xüsusiyyətlər bu məzmunda hədis və rəvayətlərin əsassız oluduğunu bir daha sübuta yetirir. Fərz edək ki, bəlkə də onlar müsəlman ümmətinin gələcəkdə məhz bu hadisələrlə deyil, onlara oxşar hadisələrlə qarşılaşacaqlarına işarə etmək istəmişlər.

Buna əsasən müsəlmanlar, Quranın batini mənaları ilə ziddiyyət təşkil edən zahiri mənalara istinad etməklə təhrifə yol vermiş olurlar.

Əgər bu fərziyyəni qəbul etmiş olarıqsa, Əbu Vaqid Ləysidən nəql olunmuş tamamilə əsassız olan bu rəvayəti təsdiq etmiş oluruq. Rəvayətdə deyilir: Peyğəmbər (s) Xeybər döyüşünə getdiyi zaman, yolda kafirlərin Zati-ənvat adlandırdıqları ağaca rast gəlir. Kafirlər səhrada olarkən adətən silahlarını onun budaqlarından asıb, kölgəsi altında istirahət edirdilər. Səhabələrdən bir neçəsi Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Müşriklərdə olduğu kimi, bizim üçün də bu səhrada Zati-ənvat təyin et. Peyğəmbər (s) onların bu xahişindən bir qədər narahat olub buyurdu: Həmd olsun pak olan Allaha! Siz də məndən Musanın (ə) əshabının ondan istədikləri şeyi tələb edirsiniz. Onlar Musaya (ə) dedilər: Hamıda olduğu kimi bizim də Allahımızı gözlə görüləsi et! Sonra Peyğəmbər (s) buyurdu: And olsun Allaha! Keçmiş ümmətlərin yolunu gedirsiniz. (Səhih Termizi 6-cı cild, 29-cu səh).

Hədisin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, müsəlman ümmətinin başına gələnlər, keçmiş ümmətlərin başına gələnlərin təkrarı deyil, sadəcə olaraq onlara oxşar hadisələrdir.

4. Əgər bu rəvayətlərin sənəd baxımından mütəvatir və həqiqət olduğu sübuta yetsə belə, yenə də Quranın təhrif olunuduğunu qəbul edə bilmərik. Əgər gələcəkdə təhrifə məruz qalarsa, təkrara yol verilmiş olunur. Bir halda ki, rəvayətdə müəyyən zaman göstərilməmiş və qiyamət gününədək həyata keçməsinin mümkünlüyünə işarə olunmuşdur.

Bütün bunları nəzərə alaraq Quranın, Peyğəmbərin (s) və ya ondan sonra dörd xəlifənin dövründə təhrifə məruz qaldığına necə iddia etmək olar?!

ƏLİ (Ə)-IN YAZDIĞI QURAN NÜSXƏSİ

İkinci dəlil: Təhrif nəzəriyyəsinin tərəfdarları mötəbər hesab etdikləri bir çox hədis və rəvayətələrə istinad edərək belə fərziyyə irəli sürmüşlər ki, Əli (ə)-ın adi Quran nüsxələrindən bir qədər fərqli ayrı bir Quran nüsxəsi olmuşdur. Belə ki, orada olan bəzi surə və ayələr digər nüsxələrdə olmamış, Əli (ə) onu camaata təqdim etdikdə onlar tərəfindən qəbul olunmamışdır. Hal-hazırda mövcud olan Quran nüsxələri isə həcm baxımından həmən Quran nüsxəsindən kiçikdir. Bu barədə bir çox rəvayətlər nəql olunmuşdur. Onlardan birində deyilir: Günlərin bir günündə Əli (ə) Təlhəyə deyir: Peyğəmbərə (s) nazil olmuş halal-haramı və digər şəriət məsələlərini bəyan edən bütün ayələri bir yerə yazıb kamil nüsxə halına saldım. Və indi o mənim ixtiyarımdadır. (Təfsir Burhan 28-ci səh).

Başqa bir yerdə deyilir: Quranın möhkəm, mütəşabih, nasix, mənsux və ümumiyyət xarakteri daşıyan bütün ayələri Əli (ə) tərəfindən yığılıb vahid nüsxə halına salınmışdır. Burada nə bir söz, nə də bir hərfdə səhvə yol verilməmişdir. (Təfsiri Safi. 6-cı müqəddimə-11).

Koleyni də öz kitabında bu məzmunda bir neçə rəvayət nəql etmişdir. Onlardan birində deyilir:

Cabir, imam Baqir (ə)-dan nəql edərək deyir: Kimsə Quranın nazil olduğu halda ixtiyarında olduğunu iddia etməyir. Əli ibni Əbi Talibdən başqa kim bu iddianı etsə, şübhəsiz yalan söyləyir. (2-ci cild, 72-ci fəsl, 130-cu səh).

Cavab: Əli (ə)-ın yazdığı Quran nüsxəsinin hal-hazırda ki, Quran nüsxələri ilə (surələrin ardıcıllıq baxımından) fərqli olması kimsədən gizli deyildir. Oradakı əlavələrə gəldikdə isə, bu əlavələr (əlbəttə əgər olmuşsa) bəzi ayələrə verilən təfsir və ya izahatlar olmuşdur.

İzahat: Belə bir səhv nəticəyə gəlməyin əsas səbəbi «təvil» və «tənzil» kəlmələrinin son dövrün mütəxəssisləri tərəfindən düzgün mənalandırmaması olmuşdur. Çünki, onlar «tənzil» deyildikdə yalnız Quranın nazil olmasını, «təvil» deyildikdə isə orada istifadə olunan ifadələrin izahını nəzərdə tuturlar.

Lakin diqqət yetirmək lazımdır ki, bu iki ifadələrə verilən məna yeni terminalogiyaya daxildir və onlar özlərinin lüğəvi mənalarını daşımırlar. Bu səbəbdən də biz heç də Əhli-beyt tərəfindən nəql olunmuş rəvayətlərdə istifadə olunan bu ifadələri, məhz özünün yeni və terminaloji mənasında işlətməməliyik. O ki qaldı «təvil» kəlməsinin əsl mənasına, məsdər xarakteri daşıyan bu kəlmə «təfil» vəzninə daxildir. Sözün əsli isə «əvəl»dir və bunun da mənası «qayıtmaq» və ya «qaytarmaqdır». Belə ki, ərəblər el arasında deyirlər: «Əvvəkun hukumu ila əhlihi» yəni (hər bir şey öz sahibinə qaytarılmalıdır).

«Təvil» bəzən bir işin sonu, aqibəti mənasında da işlənir. Məsələn:

«Sənə yuxu yozmağı öyrədəcək» (Yusif-6).

«Gəl bu yuxunu bizə yoz» (Yusif-36).

«Bu əvvəl gördüyüm yuxunun yozumudur» (Yusif-100).

«Sənin səbr edib dözə bilmədiyin şeylərin daxili [batini] mənası budur» (Kəhf-83).

Göründüyü kimi, bu ayələrin hamısında «təvil» (işin sonu) «aqibət» mənasında işlənmişdir.

«Tənzil» – məsdər xarakteri daşıyır və «təfil» vəzninə daxil olduğu üçün (aşağı enmək) və ya endirmək mənasını daşıyır. Və bəzən «tənzil» nazil olmuş şeyin özü ilə işlənilir.

Məsələn:

«[Sizə oxunan bu kitab]» (Vaqiə-77).

«O [Allah dərgahında] qorunub saxlanılan bir kitabdır» (Vaqiə-78).

«Ona yalnız pak olanlar toxunar» (Vaqiə-79).

«O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir» (Vaqiə-80).

Göründüyü kimi bu ayələrdə «tənzil» deyildikdə, Quran nəzərdə tutulur. Lakin, bir çox hallarda da özünün məsdər formasında (enmə mənasında) işlənmişdir.

Bir daha qayıdaq Əli (ə)-ın yığdığı Quran nüsxəsinə. Əgər biz burada bəzi əlavələr görəriksə, heç də onu Quran ayəsi hesab etməməliyik. Bunlar sadəcə olaraq Qurana verilən təfsir və ya izahatlardır.

Götürək elə münafiqlər barəsində nazil olmuş ayələri. Məlum olduğu kimi Qurani-kərimdə onlardan hansınınsa müəyyən olaraq adı çəkilməmişdir. Bundan isə əsas məqsəd onların maraqlarını ələ gətirmək və qəlblərində islama qarşı rəğbət hissi yaratmaq idi. Lakin Əli (ə)-ın yazdığı nüsxədə isə, onlardan bəzilərinin adları ilə qarşılaşırıq. Demək, adların çəkilməsindən məqsəd ayələrə bir qədər ətraflı izahat vermək olmuşdur. O ki qaldı Quranda adı çəkilən Əbu Ləhəbə, o münafiq deyil, Peyğəmbərlə (s) açıq-aşkar düşmənçilik edən inadkar bir bütpərəst idi.

3. TƏHRİFƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

Üçüncü dəlil:

İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları deyirlər: Quranın təhrif olunmasına dair Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olmuşdur və biz bu rəvayətlərə istinad edərək qətiyyətlə deyə bilərik ki, Quran təhrifə məruz qalaraq öz orjinallığını itirmişdir.

Cavab: Əvvəla bu məzmunda nəql olunmuş hədis və rəvayətlərdə təhrif kəlməsi ilə qarşılaşdıqda, heç də Quranın təhrif olunduğunu nəzərdə tutmaq lazım deyildir. Digər tərəfdən isə bu rəvayətlərin sənəd baxımından heç bir etibarı yoxdur. Çünki, bu rəvayətlərin əksəriyyəti Əhməd ibni Məhəmməd Səyyarinin və Əli ibni Əhməd Kufinin təlif etdikləri kitablarda nəql olunmuşdur. Bir halda ki, onlar Rical alimləri tərəfindən istinad olunası bir mənbə kimi qətiyyətlə rədd olunmuşlar. Lakin bu məzmunda nəql olunmuş və istinad olunası bir neçə mötəbər rəvayətlər də vardır. Bu səbəbdən də biz bu hədislərin araşdırılmasından daha çox, onların necə dəlalət etmələrinə diqqət yetiririk. Və belə bir nəticəyə gəlirik ki, rəvayətlər məna və dəlalət baxımından dörd hissəyə bölünürlər. Onların mətnini nəzərdən keçirdikdən sonra Quranın təhrifinə dəlalət edib-etməmələri haqda ətraflı söhbət açacağıq.

1. Birinci hissə:

«Təhrif» kəlməsi istifadə olunan və burada məhz Quranın nəzərdə tutulduğuna dair nəql olunmuş rəvayətlərin sayı otuzdan artıq deyildir.

Onlardan bir neçəsini misal olaraq sizlərə təqdim edirik:

1. Əli ibni İbrahim Qumi özü Əbuzərə istinad edərək nəql etdiyi rəvayətlərdən birində deyir: «Bəzilərinin üzləri ağ, bəzilərinin üzləri isə qara olacağı gündə...» ayəsi nazil olarkən, Peyğəmbər (s) buyurdu: Qiyamət günü mənim davamçılarım yanıma beş [müxtəlif] bayraq və əlamətlərlə daxil olacaqlar. Sonra mən onlardan Səqəleyn – yəni Quran və Əhli-beyt – ilə necə rəftar etdiklərini soruşacağam.

Onlardan bir qismi deyərlər: Sənin bizə qoyduğun böyük əmanəti [Quranı] təhrif və sonra hissə-hissə etdik. Orada verilən hökmlərdən boyun qaçıraraq ona qarşı müxalif mövqe tuturduq. Kiçik əmanətinlə (Əhli-beyt) isə daim düşmənçilik edir, hətta onlara qarşı zülm və müharibə belə edirdik.

2. Seyid ibni Tavus və Muhəddis Cəzairi, Həsən ibni Həsən Samiriyə istinad edərək nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Huzəyfəyə, ilahi qanunlara tabe olmayan şəxslər haqda bu sözləri dedi: Onlar camaatı haqq yoldan azdırar, Quranı və mənim sünnətimi əvəz etmək istərlər.

3. Səd ibni Abdulla Qumi, Cabir Cofiyə istinad edərək və o da imam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: «Peyğəmbər (s) Minada* olarkən dua etdi, sonra üzünü camaata tutub buyurdu: Ey camaat, mən sizin arazınzda iki ağır əmanət qoyuram. Agah olun ki, əgər onlara sığınarsınızsa heç vaxt haqq yoldan azmayacaqsınız. Bu iki əmanət Allahın kitabı [Quran] və Əhli-beytimdir və onlarla yanaşı Allahın evi Kəbəyə də ehtiramla yanaşmalısınız».

İmam Baqir (ə) hədisi nəql etdikdən sonra buyurdu: Lakin camaat Allahın kitabını təhrif etmiş, Əhli-beyti qətlə yetirmiş, Allahın evi olan Kəbəyə qarşı böyük hörmətsizliklər etmişlər. Onlar ilahi hökmlərə qarşı çıxır və ona tabe olmaqdan boyun qaçırırdılar.

4. Şeyx Səduq özünün «Xisal» adlı kitabında Cabirə istinad edərək və o da Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: Qiyamət günü Allahın ədalət məhkəməsinə üç şey daxil olub camaatdan şikayət edəcək. Onlar Quran, məscid və mənim Əhli-beytimdir. Quran deyəcək: İlahi! Camaat məni təhrif edib əzəmət və müqəddəsliyimi aradan apardı. Məscid deyəcək: İlahi! Camaat məndən üz döndərib lazımınca bəhrələnmədi. Əhli-beytim deyəcək: İlahi! Camaat bizi qətlə yetirir, yerimizdən, yurdumuzdan didərgin salırdı...

5. Koleyni (Üsuli Kafidə) və şeyx Səduq Əli ibni Suveydə istinad edərək nəql etdiyi hədisdə deyir: Həzrət Əbul Həsən Musa ibni Cəfər (ə) zindanda olarkən bir məktub yazdım. O da məktubun cavabında yazdı: Camaat Allahın kitabını əmanət olaraq qəbul etdi, lakin sonra xəyanət edərək onu təhrif etdilər.

6. İbni Şəhr Aşub, Abdullaha istinad edərək nəql etdiyi hədisdə deyir: Həzrət imam Hüseyn (ə) Aşura günü xütbə oxudu. Orada deyilirdi: Siz Allahın hökmündən çıxan inadkar və haqdan uzaq düşmüş bir camaatsınız. Qurandan üz çevirib, Şeytandan ilham alırsınız. Sizlər günahlarınızla fəxr edər, Allahın kitabını təhrif edərsiniz.

7. İbni Qəuluyyə özünün «Kamizziyarat» adlı kitabında Həsən ibni Ətliyyəyə istinad edərək imam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: «Hair Hüseyninin» yanına gedərkən bu duanı oxu: İlahi! Peyğəmbərlərini təkzib edən kəslərə lənət et.

8. Həcal Qutbə ibni Məymundan o da Abdul Əladan nəql etdiyi hədisdə deyir: İmam Sadiq (ə) buyurur: Ərəb dilinin təəssübkeşləri (yəni onu digər dillərdən üstün tutan kəslər) Quranı təhrif edərlər.

Cavab: Rəvayətlərdə «təhrif» deyildikdə, heç də Quranın sözün əsl mənasında təhrif olunduğu nəzərdə tutulmayır və bunun bir qədər əvvəl haqqında söhbət açdığımız «təhrif nəzəriyyəsi» ilə heç bir əlaqəsi yoxdur. Rəvayətlərdə «təhrif» deyildikdə ya qarilərin qiraətində olan ixtilaflar, – belə ki, bu da təhrifin bir növü hesab olunur – ya bəzi müfəssirlərin Əhli-beytə qarşı qərəzli mövqe tutaraq bəzi ayələrə verdikləri yanlış təfsirlər, ya da şəriət məsələlərinin bilərəkdən dəyişdirilməsi nəzərdə tutulur. İmam Baqir (ə) bu mətləbə işarə edərək buyurur: Camaat Allahın kitabını təhrif etmiş və onu istədikləri kimi mənalandırmışlar...

Bir qədər əvvəl qeyd etdik ki, tarixdə bu kimi təhriflərə dəfələrlə yol verilmiş və bunun nəticəsində müsəlman ümməti arasında nəzərə çarpacaq qədər ixtilaf və ikitirəlik yaranmışdır. Əgər bu təhriflərə yol verilməsəydi nə Peyğəmbər (s) mənəvi sarsıntı keçirər, nə də Əhli-beyt öz haqqından məhrum olardı. Lakin bir daha diqqət yetirmək lazımdır ki, yuxarıda haqqında söhbət açılan «təhrif üsulları»nın nəzərdə tutduğumuz mövzu ilə heç bir əlaqəsi yoxdur.

İkinci hissə:

«Təhrif rəvayətlərinə» istinad edən başqa bir qrup belə bir fərziyyə irəli sürmüşlər ki, Quranın orjinal nüsxəsində bəzi dini məzhəb və təriqət rəhbərlərinin adları çəkilmiş, lakin təhrif nəticəsində aradan getmişdir. Bu məzmunda bir neçə rəvayət nəql olunmuşdur.

1. Mərhum Koleyni «Üsuli-kafi»də Məhəmməd ibni Fəzldən nəql edərək deyir: İmam Əbul Həsən (ə) buyurur: Əli ibni Əbi Talibin (ə) imamət və vilayəti, bütün peyğəmbərlərin kitablarında qeyd olunmuşdur. Allah, peyğəmbərlərin hamısına Məhəmmədin (s) sonuncu peyğəmbər və onun vəsisi Əli (ə) haqda xəbər vermişdir.

2. Əyaşi, imam Sadiq (ə)-dan nəql edərək deyir: Əgər Quran indinin özündə də nazil olduğu kimi qalsaydı, hal-hazırda orada biz Əhli-beytin adlarına rast gələrdik.

3. Koleyni «Üsuli-kafi»də və Əyaşi öz təfsirində İbni Abbasdan, həmçinin Furat Kufi öz təfsirində Əsbəs ibni Nəbatədən nəql edərək deyir: Əli (ə) buyurur: Quran dörd hissədən ibarət olmaqla nazil olmuşdur. Onun ayələrinin dörddə biri bizim, dörddə biri düşmənlərimiz, dörddə biri ibrətamiz məsələlər, dörddə biri isə icra olunması vacib, müstəhəb, haram və məkruh olan şəriət məsələləri haqda nazil olmuşdur. Qurana ehtiramla yanaşıb onun göstərişlərinə əməl etmək bizim ən başlıca vəzifəmizdir.

4. Koleyni imam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: Cəbrail Bəqərə surəsinin 23-cü ayəsini Peyğəmbərə (s) nazil edərkən orada Əlinin adı çəkilmişdir. Ayədə deyilir:

«Əgər bəndəmizə [Məhəmmədə] [Əli barəsində] nazil etdiyimizə [Qurana] şəkkiniz varsa, siz də [fəsahətdə və bəlağətdə] ona bənzər bir surə gətirin.»

Cavab: İmamların adlarına gəldikdə deməliyik ki, heç bir ayədə birbaşa onların adları çəkilməmişdir. Bu kimi rəvayətlərdə imamların adları ilə qarşılaşdıqda isə, ayənin təfsir və ya izah olunduğuna ehtimal verməliyik. Demək, belə bir əsassız dəlilə istinad edərək, heç də Quranın təhrif olunduğunu iddia etmək olmaz.

Yox əgər təhrifdən savayı heç bir məna əldə etmiriksə, bu məzmunda nəql olunmuş rəvayətlər, Quranın təhrif olunmadığını açıq-aşkar bəyan edən digər «möhkəm» ayələr və Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərlə ziddiyyət təşkil etdiyi üçün kənara qoyulmalı və ona mötəbər rəvayət kimi istinad olunmamalıdır. Deməli ilk növbədə ayənin məzmununa diqqət yetirmək lazımdır. Əgər ayənin məzmununda Əli (ə) və ya digər imamlar nəzərdə tutulursa, biz yalnız ayəni təfsir edərkən onların adlarına işarə etməliyik. Əks təqdirdə nə bu məzmunda nəql olunmuş rəvayətlərə istinad etməliyik, nə də ayəni istədiyimiz tərzdə təfsir etməliyik.

Təhrif rəvayətlərinə istinad edən şəxslərin irəli sürdükləri nəzəriyyənin əsassız olduğunu bir neçə dəlillə sübuta yetirə bilərik.

1. Hamı tərəfindən mötəbər hesab olunan və eyni zamanda tarixi xarakter daşıyan «Qədir» hədisindən bir daha məlum olur ki, Əli (ə)-ın adı Qurani-kərimdə birbaşa çəkilməmişdir. Çünki, Əli (ə)-ın «Qədir» hədisi vasitəsilə xilafətə təyin olunması Allahın əmri ilə həyata keçmişdir. Elə bir şəraitdə ki, bu hadisəni yüz minlərlə müsəlman öz gözləri ilə müşahidə edib və bu hadisənin canlı şahidlərinə çevrilirdilər. Əli (ə) bundan belə Peyğəmbərə (s) bütün işlərində köməklik etməli və qarşılaşdığı bütün çətinliklərdə onu qorumalı idi.

Əgər Əli (ə)-ın adı Quranda açıq-aşkar göstərilsəydi, onun belə bir şəraitdə («Qədir» hadisəsində) xilafətə təyin olunmasına heç bir ehtiyac duyulmazdı. Demək Əli (ə)-ın adı Quranda birbaşa çəkilsəydi, Peyğəmbər (s) heç nədən çəkinmədən bunu bəyan edər və bu mətləbi təsdiqləyəcək ayə nazil olmazdı. Belə ki, «Qədir» hadisəsindən bir daha bizə məlum olur ki, Əli (ə)-ın adı Qurani-kərimdə birbaşa olaraq bir dəfə də olsun çəkilməmişdir. Bu əhvalat həccətul-vidada Peyğəmbərin (s) ömrünün son günlərində baş vermişdir. Elə bir vaxtda ki, Quran demək olar ki, tam şəkildə nazil olmuş və müsəlmanlar arasında geniş yayılmışdır.

2. Əli (ə)-ın Qurani-kərimdə adı çəkilməsinə dəlalət edən bəzi rəvayətlərin tamamilə yalan və əsassız olduğu göz qabağındadır. Belə ki, bir qədər əvvəl qeyd etdiyimiz dördüncü hədisdə Əli (ə)-ın, Bəqərə surəsinin 23-cü ayəsində adının birbaşa çəkilmədiyini görürük. Bir halda ki, həmin ayənin vilayət və ya imamət mövzusu ilə heç bir əlaqəsi yoxdur.

3. Əbu Bəkrin «Üsuli-kafi»də imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə, Əli (ə)-ın adının Qurani-kərimdə birbaşa çəkilmədiyini bir daha sübuta yetirir. Hədisdə deyilir: İmam Sadiq (ə)-dan Nisa surəsinin «Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət edin!» ayəsini soruşdum. İmam Sadiq (ə) buyurdu: Bu ayə Əli ibni Əbi Talib və oğlanları Həsən və Hüseyn barəsində nazil olmuşdur. Dedim: Camaat deyir ki, nə üçün Əlinin və onun Əhli-beytinin adları Quranda çəkilməmişdir? İmam (ə) buyurdu: Onlara de ki, namaz əmri verilərkən onun üç və ya dörd rəkət qılınacağı barəsində bir ayədə olsun nazil olmamışdır. Onun necə qılınacağı sonralar Peyğəmbər (s) tərəfindən izah olundu. (Vafi. 2-ci cild, 30-cu səh).

Bu rəvayətlə bu məzmunda nəql olunmuş digər rəvayətlərdə həm təfsir, həm də nəyin nəzərdə tutulduğu bəlli olur. Yəni Əli (ə)-ın adı Quranda çəkilməmişdir. Lakin bəzi ayələrin təfsir və ya izahlarında onun adına rast gəlmək olur, Peyğəmbərə (s) bunun bəşəriyyətə bəyan olunması Allah tərəfindən əmr olunmuşdur.

4. Əbu Bəkrə beyət etməyən və ona qarşı hər növ mübarizə üsuluna əl atan şəxslər, Əli (ə)-ın Quranda adının çəkilməsinə heç bir işarə etməmişlər. Əgər Əli (ə)-ın adı həqiqətən Quranda çəkilsəydi, Əbu Bəkrin yaratdığı yeni xilafətə qarşı çıxan şəxslər əsaslı dəlil olaraq buna istinad edər və onun istefasını tələb edərdilər.

ÜÇÜNCÜ HİSSƏ

«Təhrif rəvayətlərinə» istinad edən başqa bir qrup iddia edirlər ki, müsəlmanlar Peyğəmbərdən (s) sonra Quranın bəzi ayələrində müəyyən dəyişikliklər aparmışlar. Belə ki, ayələrdə istifadə olunan ifadələrdən bəziləri ya oradan çıxarılmış və ya başqa bir ifadələrlə əvəz olunmuşdur.

Misal olaraq bu məzmunda nəql olunmuş bir neçə rəvayətə işarə edirik.

1. Əli ibni İbrahim Qumi, Hureyzdən və o da imam Sadiqdən (s) nəql etdiyi hədisdə deyir: Fatihə surəsinin altıncı ayəsi belə nazil olmuşdur:

«Siratə mən ən əmtə ələyhim ğəyril məğzubi ələyhim və ğəyrizzallin.»

2. Əyaşi, Hişam ibni Salimdən nəql etdiyi hədisdə deyir: İmam Sadiq (ə)-dan «Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat [insanlar, bəşər övladı] üzərinə seçilmiş [üstün] etdi.» İmam (ə) buyurdu: Ayə əslində belə nazil olmuşdur: «İbrahim övladı və Məhəmməd ailəsini...» göründüyü kimi burada «İmran ailəsi», «Məhəmməd ailəsi» ilə əvəz olunmuşdur.

Cavab: Əvvəla bu rəvayətlər sənəd və etibar baxımından olduqca zəif və əsassızdır. Digər tərəfdən də Quranın bir çox ayələri bu məzmunda nəql olmuş və mötəbər hədis və rəvayətlər, həmçinin Quranın dəyişilməz olaraq qaldığına və təhrifə yol verilmədiyinə istinad edən hər bir müsəlman belə bir fərziyyəni qətiyyətlə rədd edir. Şeyx Mufid, Şeyx Tusi və Şeyx Bəhai təhrifə dair təlif etdikləri əsərlərdə bu mətləbə xüsusi diqqət yetirmiş və qətiyyətlə Quranda bircə hərfin də dəyişilmədiyini bildirmişlər. Onlar son nəticəyə gələrək deyirlər: «Hal-hazırkı Quran nüsxələri Peyğəmbərə (s) nazil olmuş nüsxə ilə heç də fərqli deyildir və bu həqiqəti təsdiqləyəcək kifayət qədər hədis və rəvayət vardır.

DÖRDÜNCÜ HİSSƏ

«Təhrif rəvayətinə» istinad edən başqa qrup deyir: Quranda bəzi ifadələr ixtisara salınmaqla mətnində nöqsan və çatışmamazlıqlar meydana gəlmişdir.

Cavab: Bu məzmunda nəql olunmuş rəvayətlər də digər rəvayətlər kimi tamamilə zəif və əsassızdır. Biz bu rəvayətləri də digər rəvayətlər kimi diqqətlə araşdırmalı və yetkin nəticəyə gəlməliyik. Yəni biz onları Quranın təhrif olunub-olunmadığına dair nəql olunmuş rəvayətlə və ya Quranın öz ayələri ilə tətbiq etməli, həqiqət olub-olmadığına yəqinlik hasil etməliyik. Bu rəvayətələr Quran və mötəbər rəvayətlərlə ziddiyyət təşkil etdikdə, digər qeyri-mötəbər rəvayətlər kimi kənara qoyulmalı, ona istinad olunmamalıdır.

Məşhur Quran təhqiqatçılarından biri olan Kobasi bu haqda deyir: Quranın təhrif olunduğuna dəlalət edən rəvayətlər, bəziləri istisna olmaqla müsəlman icması tərəfindən qətiyyətlə rədd olunur. Quranda təhrif və ya nöqsana yol verilməsinə heç bir əsas yoxdur. Əgər bu həqiqətə uyğun olsaydı, digər mühüm hədislər kimi tez bir zamanda yayılar və hamının, xüsusilə təhrif nəzəriyyəsinin maraq dairəsinə çevrilərdi. Çünki, bu heç də kiçik və az əhəmiyyətli məsələ deyildir.

Belə bir nəzəriyyə Bağdadi və Kurki kimi digər təhqiqatçılar tərəfindən irəli sürülmüşdür. Kurki, Quranın təhrif olunmadığına dair təlif etdiyi kitabda yazır: Quranda təhrif və ya nöqsana yol verildiyinə dair nəql olunmuş bütün hədis və rəvayətləri diqqətlə araşdırmalı, əsassız olduğu isbat olduqda, dərhal kənara qoyulmalı və mötəbər sənəd kimi istinad olunmamalıdır. Çünki, bu kimi rəvayətlər Quran ayələri və Peyğəmbər (s) tərəfindən nəql olunmuş hədislərlə, müsəlman icmasının etiqadı, əqidəsilə tamamilə ziddiyyət təşkil edir.

Müəllif: Mərhum Kurki bir qədər əvvəl, bizim haqqında söhbət açdığımız mətləbə toxunmuş və bu rəvayətləri Quran, hədis və icma ilə tətbiq olunmasına işarə etmişdir. Belə ki, bu üç mənbə ilə ziddiyyət təşkil edən bütün rəvayətlərin əsassız və qeyri-mötəbər olduğunu bildirmişdir.

Şeyx Səduq, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Şübhə doğuran bir məsələ ilə qarşılaşdıqda, onu tezliklə həll edib, çətinliklərlə qarşılaşmamaq əvəzinə bir qədər səbr edib, təmkinli olmanız daha məqsədə uyğun olar. Çünki, hər bir həqiqətin öz meyar və şahidi, hər bir düz işin isə işıqlı gələcəyi vardır. Quran da həqiqət meyarıdır. Belə isə görünən hər bir işi və söylənilən hər bir sözü Quranla müqayisə edin. Onunla müvafiq olduqda qəbul edin, əks təqdirdə onu tərk etməyə çalışın.» (Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh).

2. Qutb Ravəndi, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Bir-biri ilə zidd olan iki müxtəlif hədislə qarşılaşdıqda, onları Quranla müqayisə və tətbiq edin. Quranla müvafiq olanı qəbul, digərini isə rədd edin.» (Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh).


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ

 
user comment