Azəri
Sunday 21st of July 2024
0
نفر 0

QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI

 

Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur.

Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Hər kim bu iki dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Quranla ünsiyyətdə olmalı və onu özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını təzələməli və əhdinə vəfadar olmalıdır. Quranla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla atar və gördükləri bütün işləri Quranla yerinə yetirərlər.

Quran tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql olunmuşdur. Biz burada onlardan yalnız bir neçəsini təqdim edirik.

İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Quran tilavətinin fəziləti haqda buyurmuşdur: «Hər axşam on ayə Quran oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.» (Üsuli-kafi, «Quranın fəziləti).

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Quran bəşəriyyətin səadət və xoşbəxtliyini təmin edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Quranın fəziləti).

Yaxşı olar ki, hər bir tacir gecə evinə qayıdarkən yatmazdan əvvəl Quran ayələrindən birini tilavət etsin. Əgər belə edərsə, oxuduğu hər bir ayənin müqabilində əməl dəftərinə on savab iş yazılar və o miqdarda da günahlarından bağışlanar. (Üsuli-kafi, «Quranın fəziləti).

Quran oxumağı sizlərə tövsiyə edirəm. Bilin ki, cənnətin sarayları Quran ayələrinin sayı qədərdir. Qiyamət günü Quran qarilərinə Quran oxumaq əmr olunar. Onlar nə qədər çox oxuyarlarsa məqamları bir o qədər ucalar və öz əməllərinə layiq dərəcələrlə mükafatlanarlar. (Üsuli-kafi).

Bir çox hədis kitablarında, o cümlədən «Biharul-ənvar»ın 19-cu cildində Quran oxumağın fəzilətləri barəsində kifayət qədər hədis nəql olunmuşdur. Bu kitablarda Quran oxumağın fəzilətlərindən başqa digər mühüm mətləblərə də işarə olunmuşdur.

1. QURANIN ÜZÜNDƏN OXUNMASI

Nəql olunmuş hədislərin bir qismi, Quranın üzündən oxunmasının onun əzbər oxunmasından daha fəzilətli olduğuna dəlalət edir. Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir: İshaq ibni Əmmar imam Sadiq (ə)-dan soruşur. Mən Quranı artıq hifz etmişəm (əzbərləmişəm), onu əzbər olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: «Üzündən oxu, bunun savabı daha çoxdur. Və bil ki, Quranın yazılarına baxmaq özü bir ibadətdir.»

İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: «Quranı üzündən oxuyan şəxslərin gözləri də Qurandan bəhrələnər. Ata-anasının günahları küfr ilə dünyadan köçsələr belə, azalar.»

Quranın üzündən oxunmasına müsəlmanların sövq etdirilməsinin bir neçə səbəb və sirri vardır.

1. Quran nüsxələri çoxalır və qədim nüsxələrin məhv olub aradan getməsinin qarşısı alınır. Əgər müsəlmanlar Quranı hifz edərək bu qayda ilə oxuyarlarsa, getdikcə Quran nüsxələrinə olan ehtiyac azalar və nəticədə Quran nadir nüsxələrdən birinə çevrilər.

2. Hədislərdə qeyd olunduğu kimi, Quranın üzündən oxunması insanın mənəviyyatına müsbət təsir göstərir. Eyni zamanda Quran yazılarına baxmaqdan ləzzət alır və bir çox hallarda göz ağrılarından amanda qalır.

3. Quranı üzündən oxumaq, oxucunun Qurana daha çox diqqət yetirməsinə səbəb olur. Belə olduqda, insan Quranın açılmayan sirr və incəlikləri barəsində daha çox araşdırmalar aparır. Belə ki, insan ürək açan mənzərəyə diqqətlə baxdıqda ruhən arxayınlaşır və özündə mənəvi rahatlıq hiss edir.

Quran ayələrinə nəzər salaraq onun dərin mənalarını dərk etməyə çalışan oxucu, ondan vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mənəvi paklığa nail olur.

2. QURANIN EVLƏRDƏ OXUNMASI

Bu məzmunda da bir neçə hədis və rəvayət nəql olunmuşdur. Hədislərin məzmununa diqqət yetirdikdə, müsəlmanların evlərdə Quran tilavət etmələrinə sövq olunmalarının bir neçə səbəbinin və onun bir neçə müsbət təsirinin şahidi oluruq.

1. Quranın evlərdə tilavət olunması, haqq kəlməsinin (islam hökmləri və əxlaq normalarının) ev sakinləri tərəfindən dinlənərək qəbul olunmasına səbəb olur. Belə ki, ev sahibi vaxtaşırı Quran oxuyarsa, digər ev sakinləri də onun təsiri altına düşərək bu gözəl adətə meyl edər və nəticədə Quran oxuyan şəxslərin sayı birə on artar. Əgər müsəlmanlar Quran tilavət etmək üçün müəyyən zaman və yer təyin edərlərsə, təbiidir ki, hamının eyni zamanda həmin yerdə Quran oxuması mümkün olmayacaqdır. Bu səbəbdən də Quranın evlərdə oxunması islam hökmlərinin hamı tərəfindən rəğbətlə qəbul olunmasına səbəb olur.

2. Evlərdə Quran oxunarsa, səhər-axşam oradan Quran səsi ucalar və onu dinləyən şəxslərin qəlbləri bununla təskinlik tapar.

3. Quranın evlərdə oxunması, həmən evin daha da bərəkətli olmasına səbəb olur. Mələklər bu evlərə nazil olar, şeytanlar isə qorxuya düşərək oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü işıqlandırdıqları kimi, Quran oxunan evlər də səma əhlinə nur saçar. Quran oxunmayan evlərdə bərəkət olmaz, mələklər bu evlərə gəlməkdən çəkinər və oralar şeytanların daimi gediş-gəliş yerinə çevrilər. (Üsuli-kafi, 2-ci cild. «Quranın oxunma fəziləti)

QURAN TİLAVƏTİNİN FƏZİLƏTİ HAQDA UYDURULMUŞ HƏDİSLƏR

Bu məzmunda o qədər hədis nəql olunmuşdur ki, onun çoxluğu insanı heyrətə gətirir.

Biz onlardan bir neçəsinə işarə edəcəyik.

Peyğəmbər (s) buyurur: «Qurandan bir hərf oxuyan şəxsin əməl dəftərinə bir xeyirli əməl yazılar və hər bir xeyirli əməl on bərabər savabla mükafatlandırılar.» Sonra əlavə edərək buyurur: “« Əlif, lam, mim»in bir hərf olduğunu deməyirəm. Bəlkə Əlif bir hərf, lam iki hərf, mim isə üç hərfdir.”

Bir çox əhli-sünnət alimləri bu hədisi öz kitablarında nəql etmişlər. Qurtəbini, Termizini, İbni Məsudu onlara misal çəkmək olar.

Mərhum Koleyni də öz kitabında bu məzmunda imam Sadiq (ə)-dan hədis nəql etmişdir.

Əbu İsmət Fərəc ibni Əbi Məryəm Məruzi, Məhəmməd ibni Əkaşə Kermani və Əhməd ibni Abdullah Cuveybari Quran fəziləti barəsində böyük saxtakarlıqlar göstərmiş hədis dəccallarındandırlar.

Hətta Əbu İsmət özü bu həqiqəti etiraf etmişdir. Ondan «Əkrəmənin müasiri olmadığın halda, onun Quranın bütün surələri haqda İbni Abbasdan hədis söylədiyini haradan bilirsən?» - deyə soruşduqda belə cavab vermişdi: Camaatın Qurandan uzaqlaşıb Əbu Hənifənin fiqhinə və Məhəmməd ibni İshaqın «Məğazi» adlı kitabına üz tutduqlarını görüb, xalis niyyətlə özümdən bir neçə hədis uydurub onların ixtiyarına qoydum ki, bəlkə müsəlmanlar bu yolla Quran oxumağa meyl etsinlər.

Osman ibni Səlah, Ubəy ibni Kəbin Peyğəmbər (s)-dan Quranın fəziləti barəsində nəql etdiyi məşhur hədis haqda deyir: «Bu hədis ətrafında kifayət qədər araşdırmalar aparılmışdır. Əldə olunan nəticə, onu nəql edən şəxsin dediyi bu sözlər olmuşdur: “Bu hədisi mən bir neçə nəfərlə həmkarlıq edərək özümdən uydurub camaatın ixtiyarına qoydum.”

Demək, Vahidi və digər müfəssirlər bu hədisi öz kitablarında nəql etməklə böyük bir səhvə yol vermişlər. (Təfsir Qurtəbi, 1/18-19).

Allaha və Onun peyğəmbərinə iftira yaxan hədis dəccallarının gördükləri işlər insanda təəccüb doğurur. Bəli, şeytan onların gördükləri bu çirkin işləri, nəzərlərində xeyirxah işlər kimi cilvələndirmişdir.

«Müşriklərin etdikləri əməllər beləcə yaxşı göstərildi.»

QURAN AYƏLƏRİNİN MƏNALARINDA DİQQƏT VƏ TƏFƏKKÜR

Digər mövzularda olduğu kimi, bu mövzu ətrafında da kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.

Allah-taala Qurani-kərimdə bu haqda buyurur:

«Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? [Yoxsa ürəklərinin öz kilidləri vardır?]»

Göründüyü kimi Quran ayələrinə olan diqqətsizlik, hətta Quranın özü tərəfindən qətiyyətlə tənqid olunmuşdur.

İbni Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir: «Quranı uca və açıq tərzdə oxuyun! Və onun sirr və qəribəliklərinə yol tapmağa çalışın.»

Əbu Əbdürrəhman deyir: Bizə Quranı təlim edən Peyğəmbər səhabələrindən biri deyərdi: «Səhabələr Quranı Peyğəmbərdən on ayə-on ayə öyrənirdi. Peyğəmbər (s) ilk on ayəni təlim verər və onlar da bu on ayədə bəyan olunan şəri qanunlara və əxlaq normalarına əməl etməyincə növbəti on ayənin izahını verməzdi.» (Biharul-ənvar, 19/27).

İbni Məsud, Osman və Ubeyddən nəql olunmuş rəvayətdə deyilir: «Peyğəmbər (s) səhabələrə on ayə təlim verər və onlar bu ayələri əməli olaraq icra etməyincə, növbəti ayələrə keçməzdi. O həzrət çalışırdı ki, səhabələr Quranı əməli olaraq öyrənsinlər.» (Təfsir Qurtəbi, 1/9).

Günlərin bir günündə Əli (ə) ənsarla elmi mübahisə aparan Cabir ibni Abdullah Ənsariyə yaxınlaşıb ondan bəzi elmi məsləhətlər verməsini istədi. Ənsardan biri Əli (ə)-ın bu xahişindən təəccüblənərək dedi: Ya Əmirəl-möminin! Malik olduğun elm və biliklə yenə də Cabirdən elmi məsləhətlər alırsanmı?! Buyurdu: Cabir bu tərifə layiqdir. Çünki o, bu ayənin təfsirini çox gözəl dərk etmişdir.

«[Ya Məhəmməd!] Quranı [oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi] sənə vacib buyuran Allah, qayıdacağın yerə [hicrət edərək çıxdığın Məkkəyə] səni yenə də qaytaracaqdır.» (Qəsəs-85).

Əllamə Məclisi bu məzmunda nəql olunmuş hədis və rəvayətləri toplamış və Biharul-ənvarda ayrıca fəsil ayırmışdır.

Quran bəşəriyyətin dünya və axirət həyatının səadət və xoşbəxtliyini təmin etdiyi üçün hər zaman ona müraciət etməli və yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyl edir.

Zəhəri, imam Səccad (ə)-dan nəql etdiyi hədisdə deyir: «Quranın hər bir ayəsi sənin üçün tükənməz bir xəzinədir. Qarşında açılan bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini dərk etməyə cəhd etməlisən.» (Üsuli-kafi, 2-ci cild, Quranın fəziləti fəsli).


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD

 
user comment