Islamda ailə
Hüseyn Ənsariyan
Anamın ata-anası yetmiş ilə yaxın bir yerdə, olduqca səmimi bir həyat sürdülər. Vacib və müstəhəb əməlləri böyük eşqlə yerinə yetirərdilər. Gecə namazını, Quran oxumağı, imamların ziyarətini, məzhəbi məclislərin keçirilməsini, qonaqpərvərliyi, camaatın problemlərini həll etməyi, qohumlara baş çəkməyi və camaat namazını ömürlərinin sonuna qədər unutmadılar. Atamın ata-anası da eynilə bu şəkildə əlli ildən çox ömür sürdülər.
Məhərrəm ayının əvvəllərində, əzadarlıq günlərində anamın anası dünyasını dəyişdi. Lakin anamın atası olduqca sağlam idi. Anamın anasını dəfn etdikdən sonra qohumlar məclis üçün elan yazıb vurmaq istəyirdilər. Babam onlara dedi: «Səbir edin, sabah axşam xiftən namazından sonra mən də dünyadan köçəcəyəm, hər ikimiz üçün bir məclis keçirərsiniz».
Hamı narahat oldu. Babam onlara ürək-dirək verdi. Buna heç kim inana bilmirdi, amma sabah gecə namazının salamından sonra Allah-təalayla raz-niyaz edərək dedi: «Ey Rəbbim! Ehtiyacı olanların dadına çatacağına vəd vermisən. İndi mən qiyamət yolçusuyam, ehtiyacım var, dadıma yet». Sonra kəlimeyi-təyyibəni deyərək, səccadənin yanında dünyadan köçdü.
Hər ikisini bir qəbirdə dəfn etdilər. Bir gecə onu yuxuda gördüm. Harada olduğunu soruşdum. Cavab verdi: «Mən və həyat yoldaşım üç gün dəfn olunduğumuz yerdə qaldıq. Ondan sonra bizi imam Hüseynin (ə) yanına apardılar. İndi bərzəx aləmində gözəl bir həyat sürürük».