Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, beynəlxalq hüquq-müdafiə təşkilatı “Amnesty İnternational” Azərbaycandakı bir neçə məhbusu “vicdan məhbusu” elan edib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, “Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzi, AXCP fəalları Murad Ədilov, Elvin Abdullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovlar “Vicdan məhbusu” kimi tanınıblar. Bu fakt siyasi baxışlarına görə həbs edilən, lakin bu günə qədər vicdan məhbusu elan olunmayan inanclı kəsimin problemlərini yenidən gündəmə gətirib. Belə ki, ölkədə fəaliyyət göstərən yerli hüquq müdafiə təşkilatları, eləcə də beynəlxalq qurumlar hökuməti tənqid edən çıxışlarına görə qanunsz həbs olunan İslamçı məhbuslara münasibətdə ikili standart nümayiş etdirir.
Bəzi yerli hüquq müdafiəçiləri Beynəlxalq hüquq-müdafiə təşkilatları ilə keçirdikləri görüşlərdə inanclı kəsimdən olan məhbusların problemlərini qabartmırlar. Siyasi fəaliyyətinə görə həbs olunan məhbuslar arasında ayrı-seçkilik edirlər.
Bəs görəsən bu ikili yanaşmanın səbəbləri nədir?
İslaminSesi mövzunu hüquq müdafiəçisi Namizəd Səfərovla müzakirə edib. Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanda inanclı kəsimdən olan insanların qanunsuz həbs edilməsi, onları birmənalı şəkildə siyasi və vicdan məhbusu edir: “Lakin təəssüflər olsun ki, onlar barəsindəki məlumatlar Avropa və dünyanın hüquq müdafiə təşkilatlarına lazımı səviyyədə çatdırılmır. Ölkədə din xadimlarinə, inanclı kəsimə qarşı bəzi dairələrdə qısqançlıq hissləri mövcuddur. Azərbaycanda fəaliyyət göstərən bir sıra hüquq müdafiə təşkilatları rəhbərlərinin çıxışlarına nəzər saldıqda hökumətin mövqeyini sərgilədiklərini görürük. Doğrudur bu təşkilatlar “AXC”, “Müsavat” kimi partiyalar qarşısında fərqli davranış nümayiş etdirirlər. Lakin inanclı kəsimlə bağlı məsələlərdə birmənalı şəkildə sərt mövqe sərgiləyirlər. Dini cameədən olan və siyasi fəaliyyətinə görə həbs edilən şəxsləri vicdan məhbusu kimi tanımadıqlarını açıqlayırlar”.
Namizəd Səfərovun sözlərinə görə, inanclı kəsimin də təşkilatlanmasına ehtiyac var: “Yəni dindarlar məsələnin mahiyyətini çatdırmağa çalışmalıdırlar. Bu şəxslər din xadimi olmamışdan öncə bir vətəndaşdırlar. Onların da hüquq və azadlıqları var və bunu tələb edirlər. Məhz bu tələblərə görə də, hökumət qondarma ittihamlarla onları həbs edib. İnanclı kəsimin nümayəndələrinə “vətənə, dövlətə xəyanət” kimi ağılasığmaz və saxta ittihamlar irəli sürülüb. Lakin bu kəsimin hüquqlarını müdafiə edənlər yoxdur. Avropa təşkilatları isə bu işlərdə maraqlı deyil. Çünki onların bizim həbsxanaları gəzərək bu cür insanları aşkar edib, onların ittihamları ilə tanış olmaq həvəsləri yoxdur. Bunu yerli siyasi və hüquq müdafiə təşkilatları, həbs edilən şəxslərin yaxınları, ictimai qurumlar etməlidirlər”.
Hüquq müdafiəçisi qeyd edib ki, din xadimlərinə qarşı ikili münasibətdə bəzi yerli hüquq müdafiəçilərinin rolu böyükdür: “Beynəlxalq qurumlara konkret siyahılar təqdim edən yerli hüquq müdafiə təşkilatları var ki, onlar inanclı kəsimi siyasi məhbus kimi tanımırlar. Bunlar arasında Sahib Məmmədovun adını çəkmək mümkündür. Bu şəxs ilin 9 ayını xaricdə, beynəlxalq təşkilatlarla görüşlərdə keçirir. Beynəlxalq hüquq müdafiə təşkilatları isə Sahib Məmmədov və onun mövqeyindən çıxış edən digər hüquq müdafiəçilərindən Azərbaycandakı siyasi məhbuslar haqqında soruşduqda, bu şəxslərin verdikləri rəylər əsas götürülür. Bizi həmin təşkilatlara buraxmırlar ki, dini kəsimin nümayəndələrinin də, siyasi fəaliyyətlərinə görə, qondarma ittihamlarla həbs edildiklərini deyə bilək”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna24