Azəri
Friday 27th of December 2024
0
نفر 0

Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?

Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir? Quran ideal xalqı necə təqdim edir və onun üçün hansı xüsusiyyətləri bəyan edir?
Qısa cavab

Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur:

1. Qurani-kərim peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmiş, əksinə onların ümmətlərinin əksəriyyətini məzəmmət etmişdir.

2. Qurani-kərim yalnız peyğəmbərləri və həzrət Məryəmi (əleyha salam) “səfvət” – seçilmiş  şəxslər kimi təqdim edir.

3. Qurani-kərim bir neçə yerdə “Biz Bəni-israil qövmünü başqalarından üstün etdik” -  deyə buyursa da, Quranda bu xalqın əleyhinə mövcud olan məzəmmətlərə, habelə digər dəlillərə nəzər salmaqla başa düşülür ki, Allah-taala bu qövmün işlərini yox, Öz nemətlərini bəyan etmək və tərifləmək məqamındadır.

4. Qurani-kərim yalnız peyğəmbərlərdən bir qrupunu gözəl sifətləri ilə birlikdə xatırlamışdır: a) İbrahim (əleyhis-salam) və onun əqidə və məramına tabe olanlar, b) Peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) və onun ideologiya və məramına tabe olanlar, v) Əshabi-kəhf, q) Mühacirlər və onlara sığınacaq verən köməkçiləri.

5. Qurani-kərim bəzi qrupları bəyənilən səciyyələrlə və külli ünvanlar altında bəyan etmişdir: Hizbullah və s.

Deməli, o ümmət və xalq seçilmiş sayılır ki, peyğəmbərlərə tabe olaraq Allahın göstərişlərinə layiqincə əməl etmiş olsunlar.

Ətreaflı cavab

Bu sualın cavabında bir neçə məsələni qeyd etmək lazımdır:

1. Qurani-kərimdə “seçilmiş”, “fəzilət verilmiş”, “əzizlənmiş” və s. kimi kəlmələr gəlmişdir.

2. Quranda  “səfvət” – “seçilmiş” kəlməsi peyğəmbərlər və ilahi  övliyalar barəsində işlədilmişdir: “Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin və İmranın xanədanını aləmdəkilərə üstün etdi.”[1]

3. Kəramət, əzizlənmək və fəzilət barəsində demək lazımdır ki, Quran terminində iki növ kəramət və fəzilət vardır:

a) Təkvini kəramət. Yəni insanların yaxşı və ya pis əməllərinə nəzər yetirmədən Allah-taalanın onlara verdiyi nemətlər. Belə ki, bu nemətləri başqa varlıqlara verməmişdir. Quranda buyurulur: “Biz Adəm övladlarına kəramət bağışladıq (əzizlədik), onları quruluqda və dəryada (ram olunmuş miniklərə) mindirdik və onlara müxtəlif pak ruzilər verdik, onları xəlq etdiyimiz varlıqların çoxundan üstün etdik.”[2] Bu barədə Quran ayələri olduqca çoxdur.

b) Əxlaqi kəramət və fəzilət. Yəni bəndələrin yaxşı əməl əncam verdiklərinə görə mükafat ünvanı ilə verilən nemətlər, üstünlüklər və fəzilətlər. Quranın bir çox ayələri bu növ fəzilətə və kəramətə işarə edir: “Ey insanlar! Biz sizi bir kişidən və bir qadından xəlq etdik, sizi müxtəlif tayfa və qəbilələr qərar verdik ki, bir-birinizi tanıyasınız. (Bunlar imtiyaz və fəzilətin meyarı deyildir, əksinə) Allah dərgahında ən əziz olan şəxs ən çox təqvalı olanınızdır. Allah elmli və agahdır.”[3] (Bu əxlaqi fəzilət və kəramət Allah dərgahında təqvalı olandan sonra bəndələrə verilir.)

4. Təkvini kəramət və fəzilət özünün düzgün yolunda istifadə edilmədikdə insanın nicat və iftixarına səbəb olmaz, əksinə onun bədbəxt və xar olmasına da səbəb olacaqdır. Buna görə də Qurani-kərim bir neçə yerdə Bəni-israil tayfasının fəzilət və üstünlüklərini bəyan edərək buyurur: “Ey Bəni-israil! Sizə verdiyim nemətləri xatırlayın (həmçinin bunu da xatırlayın ki,) sizi aləmdəkilərə üstün etdim.”[4] Digər tərəfdən bir çox hallarda bu tayfanı o qədər məzəmmət etmişdir ki, heç bir başqa tayfanı bu qədər məzəmmət etməmişdir. Onların məzəmmətləri: danaya pərəstiş etmək, Allah kəlamını təhrif etmək, peyğəmbərləri təkzib edib qətlə yetirmək və s. Bu çirkin və yaramaz əməllərin nəticəsində ağır əzablara və cəzalara düçar oldular: ilahi saiqənin (səmavi bəlanın) nazil olması, meymuna və donuza çevrilmələri, onların bir qrupunun qiyamətə qədər müxtəlif əzablara və cəzalara düçar olması və s. Bu barədə əlavə dəqiq məlumat almaq üçün aşağıdakı ayələrə müraciət edə bilərsiniz: “Bəqərə” 51, 55, 65, 87, 91, 92, “Ali-İmran” 21, 118, 112, “Nisa” 153, 156, 157, “Maidə” 60, “Əraf” 167.

Deməli, bu ayələrdə mütəal Allah Özünün təkvini kəramət və nemətlərini bəyan etmək və Öz işini tərifləmək məqamındadır, nəinki Bəni-israilin işini tərifləmək, fəzilət və kəramətin ixtiyar üzündən olan yaxşı əməllərindən sonra onlara verilməsini demək.

5. Qurani-kərim bir çox qrupları tərifləmişdir ki, onların bəzilərini qeyd edirik:

a) Həzrət İbrahim (əleyhis-salam) və onun din və məramına tabe olanlar.

Qurani-kərim onları örnək ünvanı ilə irəli çəkir və buyurur ki, o həzrət öz qövmünə dedi: “Biz sizdən və Allahdan başqa (pərəstiş etdiyiniz) məbudlardan bezarıq (nifrət edirik) və onlara qarşı kafir olduq. Yeganə Allaha iman gətirəcəyiniz vaxta qədər bizimlə sizin aranızda düşmənçilik davam edəcəkdir!”[5]

b) Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) və onun din və məramına tabe olanlar.

Qurani-kərim onların xüsusiyyətlərini belə bəyan edir: “Məhəmməd Allahın göndərdiyi Peyğəmbərdir. Onunla olanlar (iman gətirənlər) kafirlər qarşısında sərt, öz aralarında isə mehribandırlar. Onları hər vaxt rüku və səcdə halında görərsən, daim Allahın mərhəmət və razılığını istəyirlər. Onların əlamətləri – səcdənin təsirindən üzlərində aşkar görünür. Bu onların Tövratda və İncildə olan vəsfləridir. Eynilə öz pöhrələrini çıxartmış bir əkin sahəsinə bənzəyir, sonra möhkəmlənənə qədər onu gücləndirir ki, öz ayağı üstündə dayansın, o qədər inkişaf etsin ki, əkinçiləri heyrətə salsın. Bunun səbəbi odur ki, kafirləri qəzəbləndirsinlər. (Amma) onlardan iman gətirib yaxşı işlər görənlərə Allah bağışlanmaq və böyük mükafat vədəsi vermişdir.”[6]

v) Əshabi-kəhf. Qurani-kərim onları belə vəsf edir:

“Onlar Pərvərdigara iman gətirən cavanlar idilər. Biz də onların hidayətlərini artırdıq, qəlblərini möhkəmlətdik, o zaman ki, ayağa qalxıb dedilər: “Bizim Pərvərdigarımız – yerin və göyün Pərvərdigarıdır. Heç vaxt Ondan qeyri bir məbuda pərəstiş etmərik. Əks halda, haqdan uzaq olan sözlər demiş olarıq.”[7]

q) Peyğəmbərin (səlləllahu əleyhi və alih) dövründə olan mühacir və ənsar.

Quran onları belə vəsf edir: “İman gətirib hicrət edən və Allah yolunda cihad aparanlar, eləcə də (mühacirlərə) pənah verib kömək edənlər həqiqi möminlərdir və onlar üçün (Allahın rəhməti və) bağışlanmaq və layiqli ruzi vardır.”[8]

ğ) Hizbullah – Allahın dəstəsi.

Quran onların xüsusiyyətlərini belə bəyan edir: “Allaha və qiyamət gününə iman gətirən elə bir qövmü tapmazsan ki, Allahın və Rəsulunun düşmənləri ilə dost olsunlar, hətta onlar (düşmənlər) özlərinin ataları, övladları, qardaşları və ya qohum-əqrəbaları olsalar belə. Onlar həmin şəxslərdir ki, Allah imanı onların qəlblərinin səhifəsinə yazmışdır və Öz nahiyəsindən olan bir ruh ilə onları qüvvətləndirmişdir. Onları (qiyamətdə) ağaclarının altından sular axan behişt bağlarına daxil edəcəkdir və orada əbədi olaraq qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın dəstəsi – hizbullahdır. Bilin ki, yalnız Allahın dəstəsi qalib və qurtuluşa nail olanlardır.”[9]

d) Allah tərəfindən yer üzündə xilafət vədəsi verilən möminlər və saleh insanlar.

Allah onları vəsf edərək  buyurur: "Allah sizlərdən olub iman gətirən və layiqli iş görən şəxslərə vədə vermişdir ki, mütləq onları yer üzündə xəlifələr qərar verəcəkdir, necə ki, sizdən qabaq (belə əməl sahibi) olanları xəlifə qərar vermişdi; eləcə də sizə mütləq qüvvət və imkan verəcək, dinlərini onlar üçün bəyənəcək, hökmən onların qorxusunu əmin-amanlığa çevirəcəkdir ki, yalnız Mənə ibadət etsinlər,  heç bir şeyi Mənə şərik qoşmasınlar. Hər şəxs bundan sonra küfr edərsə, onlar fasiqdirlər (Allahın fərmanımdan çıxanlardır)."[10]

Belə nəticə alırıq ki, seçilmiş ümmət o kəslərdir ki, peyğəmbərlərə tabe olaraq Allahın göstərişlərinə əməl etsinlər.

 


[1] “Ali-İmran” surəsi, ayə: 33

[2] “İsra” surəsi, ayə: 70

[3] “Hücürat” surəsi, ayə: 13

[4] “Bəqərə” surəsi, ayə: 47 və 122, “Əraf” surəsi, ayə: 140:

يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ

[5] “Mümtəhinə” surəsi, ayə: 3

[6] “Fəth” surəsi, ayə: 29

[7] “Kəhf” surəsi, ayə: 13-15

[8] “Ənfal” surəsi, ayə: 74, “Tövbə” surəsi, ayə: 20

[9] “Mücadilə” surəsi, ayə: 22

[10] "Nur" surəsi, ayə: 55

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏN-NƏML ‏ SURƏSI
Huməzə" surəsi
"İbrahim" surəsi
"Rəd" surəsi
"Nuh" surəsi
"Ənbiya" surəsi
Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
Zuxruf" surəsi
Digər dinlərin ardıcılları ilə müsəlmanların sülhsevr rəftarları barəsində ...
"Bəqərə" surəsi

 
user comment