Azəri
Sunday 29th of December 2024
0
نفر 0

TƏBUK MÜHARİBƏSİ

TƏBUK MÜHARİBƏSİ

Hicri tarixinin doqquzuncu ilində baş vermiş hadisələrdən biri də Təbuk ğəzvəsidir. Peyğəmbər (s)-a xəbər çatdı ki, Rum imperiyası Bəlqa adlı yerdə böyük qoşun toplayıb müsəlmanlara hücum etmək istəyir. İsti yay havası və meyvələrin təzə yetişən dövrü olduğundan əhali evdə əyləşib itsirahət etmək istəyirdi. Xəzinədə (beytül-mal) də bir şey gözə çarpmırdı. Peyğəmbər (s) adəti üzrə heç vaxt yürüş edəndə məqsədin nədən ibarət olduğunu qabaqcadan deməzdi. Lakin Təbuk döyüşündə qarşıya çıxan çətinliklərə görə e’lan etdi ki, Rumlular üzərinə döyüşə gedəcəyik. Bir dəstə əhali dedi: İndi istidir, bu isti fəsildə getməyin! Bu dəstə aşağıdakı Qur’an ayəsi ilə tənbih edildi:

“Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbər!) De ki, “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!

Bu ğəzvədə islam qoşunun sayı 30000 nəfərdən ibarət olduğunu qeyd etmişlər. Müsəlmanlar bu günə qədər apardıqları müharibələrdə bundan yuxarı sayda qoşuna malik olmamışlar. Bu yürüşdə Peyğəmbər (s) Əlini (ə) öz yerinə canişin tə’yin edir ki, onun işlərini yerinə yetirsin. Münafiqlər dedilər ki, Peyğəmbər (s) Əlini (ə) özü ilə aparmaq istəmirdi. Bu barədə Əli (ə) Peyğəmbərə (s) şikayət edir, Peyğəmbər (s) isə buyurdu: Mən səni öz yerimə xəlifə tə’yin etdim. Səninlə mənim aramda olan münasibət Harunla Musa (ə) arasında olan münasibət kimidir, sadəcə olaraq məndən sonra peyğəmbər gəlməyəcək. Qoşun susuzluqdan əziyyət çəksələr də Təbuka çatdılar, lakin Rumluların döyüşə hazırlaşmaları xəbəri yalan çıxdı. Təbuk müharibəsi Peyğəmbər (s) hələ sağ ikən müsəlmanlarla qeyri-müsəlmanlar arasında baş vermiş sonuncu döyüş idi. Bunun ardınca bütövlükdə Ərəbistan təslim oldu. Hər qəbilədən nümayəndələr gəlib onların islamı qəbul etmələrini Peyğəmbərə (s) çatdırdılar. Təxminən demək olar ki, bütün qəbilələr müsəlman olmuşdular. Ona görə də bu il sənətul-vufud adlanmışdır, yə’ni həmrəylik, birlik ili.

ƏRƏBİSTANIN BİRLİYİ

Yarmadanın coğrafi və ictimai mövqeyini şərh edən zaman şimal sakinləri ilə cənub sakinləri arasında ixtilaf və qəbilələr arasındakı düşmənçilik haqda mə’lumat vermişdik. Qeyd etdiyimiz kimi, belə bir mühitdə (şimalda) əsl mə’nada ictimai həyat tərzi mövcud deyildi. Ərəblər hakimiyyət birliyinin nə olmasını təsəvvür belə edə bilmirdilər. Bu ərazidə ən yüksək birlik bir nəsildən olan bir neçə qəbilənin birləşib digər bir qəbilə ilə döyüşməsindən ibarət idi.

Onuncu ilin əvvəllərində tarixdə yeni bir möcüzə baş verdi. Bütün həyatı boyu qan töküb, soyğunçuluqla məşğul olan xalq vahid hakimiyyət altında yaşamağa razı oldular. Doğrudur ki, Şam ətrafında bə’zi qəbilələr Rum imperiyasına tabe idilər. Qərbdə və cənubda bə’zi qəbilələr bütpərəst, xəçpərəst və ya başqa dinlərə ibadət edirdilər. Lakin Qeyd etdiyimiz kimi, Hüneyn müharibəsindən sonra bir çox qəbilələr müsəlman olmuş və ya Məhəmməd (s)-la birlik yaratmışdılar. Beləliklə ərəb torpaqlarının daxilində müharibə, qan tökmək öz yerini birliyə, sülhə və əmin-amanlığa vermişdi. Əvvəldə Qeyd etdiyimiz kimi, Peyğəmbər (s) Mədinədə mühacirlə ənsar arasında qardaşlıq telləri bağlayaraq bədəvilərin xislətlərindən birini cilovlamış, dinin inkişafı naminə islam qardaşlığı yaratmışdı. Yarmadada vahid hakimiyyət yarandıqdan sonra onların digər xislətləri olan məğrurluq və kobudluq islam yolunda, cihadda fədakarlıq və qəhrəmanlığa çevrildi. Bunun əsasında cahiliyyətdə mal-qaranı qorumaq və otlaqları ələ keçirmək üçün tökülən qanlar Allah yolunda və islamın inkişafı yolunda mübarizə ilə əvəz olundu.

YALANÇI PEYĞƏMBƏRLƏR

Peyğəmbər (s)-ın həyatının son illərinə aid olan tarixdə bir neçə yalançı peyğəmbərlərin adına rast gəlirik. O cümlədən Yəmamədə bəni Hənifə tayfasından olan Musyləmə, bəni Əsəddən olan Tuleyhə, Yəməndən olan Əsvəd Ənəsinin adını çəkmək olar. Bunlardan hər birisi öz qəbilələri arasında ətrafına bir dəstə adam toplayıb peyğəmbərlik iddiasına düşdülər. Lakin sonda biri-birlərinin ardınca məğlubiyyətə uğrayıb yoxa çıxdılar

Danılmaz faktlardır ki, tarixdə adı çəkilənlərdən başqa peyğəmbərlik iddiasına düşənlər də olmuşdur. Burada belə bir sual ortaya çıxır, görəsən meydana çıxmış bu peyğəmbərlər, islam peyğəmbərinin 13 il Məkkədə və 10 il Mədinədə xalqı islama də’vət etdiyi dövrlərdə öz iddialarını aşkar etmədilər? Yuxarıda Qeyd etdiyimiz kimi, islamdan əvvəl ərəb birliyi (vəhdət) mümkün olmadığından və ya müəyyən müddət ərzində birlik əldə etdikdən sonra yenidən bir-birlərinə düşmən kəsildiklərindən onlar bu iddialarını üzə çıxara bilmirdilər. Dini vəhdət sayəsində ərəb birliyi bərpa olunan zaman hakimiyyət sevdasında olanlar hökmranlıq üçün yeni fürsətin mövcud olduğunu hiss etdilər. Belə ki, onlar güman edirdilər ki, peyğəmbərlik iddiası etməklə əsl peyğəmbər ola bilərlər. Bu yalançı peyğəmbərlər bir müddət müsəlmanlar qarşısında maneçilik törətsələr də sonda məhv oldular.

PEYĞƏMBƏRİN SON HƏCC ZİYARƏTİ

Hicrətin onuncu ili zi-qə’də ayında Peyğəmbər (s) həcc ziyarətinə yollandı. Bu səfərdə həcc hökmlərini xalqa tə’lim etdi. İslamdan əvvəl Qüreyşin özünəməxsus qanunu var idi. Kə’bə evinin pərdəsini və açarını əldə saxlamaq, hacılara su verib xidmət etməklə yanaşı digər qəbilələrdən fərqli olaraq ziyarət də edirdilər. Peyğəmbər (s) bu səfərdə Qüreyşin tə’yin etdiyi qanunu ləğv etdi. Cahiliyyət dövründə tə’yin olunmuş qanunlardan biri də bu idi ki, Kə’bə evini təvaf edərək pak paltar geyinmək lazımdır və Qüreyşdən alınan paltar yalnız pak ola bilərdi. Əgər Qüreyş birisinə təvaf paltarı verməsəydi o şəxs gərək paltarsız təvaf edəydi. Qüreyş digər hacılar kimi Ərəfatdan yola düşməzdilər, bəlkə Muzdəlifədən köçərək bu üstünlüyü özləri üçün fəxr sayırdılar. Qur’an aşağıdakı ayə vasitəsilə bu üstünlüyü ləğv etdi:

SONRA CAMAATIN DÖNDÜYÜ YERDƏ SİZ DƏ DÖNÜN

Camaat gördü ki, Məhəmməd (s) Qüreyşdən olmasına baxmayaraq digər əhali ilə birgə Ərəfatdan köçür. Bu səfərdə idi ki, o dedi: Ey camaat! Bilmirəm gələn il sizi görə biləcəm ya yox. Camaat! Cahiliyyət dövründə tökülən hər qana göz yumuram. Qiyamət gününə qədər malınız və qanınız bir-birinizə haramdır. Mədinəyə dönəndə Cöhfədə o yerdəki Misr, Hicaz və İraq əhalisinin yolları ayrılır – “Ğədir-xum” adlı məkanda ona Allahdan əmr gəldi ki, özünə canişin tə’yin et! Başqa sözlə peyğəmbərdən sonra islam hökumətinin taleyi müəyyənləşməlidir. Peyğəmbər (s) sayı yüz min nəfər olan müsəlmanların arasında dedi: “Mən hər kəsin ağasıyamsa (rəhbəri, hamisi) Əli də onun ağasıdır. Ya Rəbbim, ona yaxın olana Sən də yaxın ol, ona düşmən kəsilənə Sən də düşmən ol. Onu sevəni Sən də sev, onu xar edəni xar et. Harada olsa haqqı ona rəva gör. Burada bu sözləri eşidənlər (eşitdiklərini) burada olmayanlara çatdırsınlar.”

 

Həcc ziyarətindən qayıtdıqdan sonra islamın əzəməti, vüqarı artır, Peyğəmbərin (s) sağlamlığı, səhhəti isə ağırlaşırdı. Movtə döyüşündəki məğlubiyyətin əvəzini çıxmaq üçün Usamə ibni Zeydin başçılığı ilə qoşun topladı. Anacaq bu qoşun yola düşməzdən əvvəl artıq Peyğəmbər (s) dünyasını dəyişərək Allah dərgahına qovuşdu. O həzrət vəfatından əvvəl Ərəbistan yarmadasında islami birlik bərpa edərək Rum və İran kimi iki böyük imperiyanın ortasında islam dinini meydana gətirdi.

PEYĞƏMBƏR (S)-IN VƏFATI

Bə’zi müsəlmanlar üçün Peyğəmbərin (s) vəfatına inanmaq heç də asan deyildi. Bu ilahi şəxs Allah adı ilə qalxaraq o günə kimi heç bir vəhdəti olmayan Ərəbistanda birlik və ittifaq yaratdı, bir-birlərinə düşmən kəsilmiş öldürüb qarət etməkdən başqa bir iş bacarmayan ayrı-ayrı qəbilələri birləşdirdi. Dini qanunlar əsasında hökumət qurdu. O ərazidə daxili toqquşma və çəkişmələri ləğv edərək aradan apardı. Xalqı bir-birinə mehriban və qardaş etdi. Qısası ondan əvvəl heç kəsin görə bilmədiyi bir işi yerinə yetirdi. Necə mümkündür ki, belə bir işlər görmüş şəxs adi insanlar kimi yaşaya və sonda ölə. Xeyr bu mümkün deyildir. O ölməzdir, həmişə yaşardır. Bu sözlər Məhəmməd (s)-ın vəfatını eşidən bir dəstə adamların sözləridir.

Tarixçilər yazırlar ki, Ömər Peyğəmbərin vəfat xəbərini eşidən kimi dedi: Yalan sözdür. O ölməyib, Rəbbinin yanına gedib və tezliklə qayıdacaqdır. Kim “Peyğəmbər öldü” kəlməsini söyləsə onu öldürəcəm. Əbu Bəkr tez özünü ona yetirib Qur’ani-kərimdən Peyğəmbərin (s) adi bir insan övladı olmasına dəlalət edən bir ayə oxudu və onu bu iddiadan çəkindirdi.

Sonra isə dedi: Məhəmməd (s)-a pərəstiş edənlər bilməlidirlər ki, Peyğəmbər artıq vəfat edib, bir daha geri dönməyəcək və yalnız Məhəmməd (s)-ın Rəbbi diridir və heç vaxt ölməyəcəkdir. Müsəlmanlar çox tez bir zamanda acı həqiqətlə üzləşdiklərini anladılar. Peyğəmbər (s) artıq Rəbbinə qovuşmuş idi. Bəs onda müsəlmanlar nə etsinlər? Bu geniş bir ölkəni kim idarə etsin? Mə’lumdur ki, müsəlmanların bundan sonra dini rəhbərləri – yə’ni peyğəmbərləri olmayacaq. Çünki Peyğəmbər (s) özü buyurub ki, məndən sonra peyğəmbər yoxdur.

Qur’ani-kərim də müsəlmanlara Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu da çatdırıb. Bəs onda islam ümmətinə rəhbərliyi kim öz üzərinə götürsün?

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YEZİD İBNİ ƏBDÜLMƏLİK
QİBLƏNİN DƏYİŞİLMƏSİ
İnsanlarda təfavüt və ixtilafların fəlsəfəsi, o cümlədən çirkinlik və ...
MÜAVİYƏNİN ZİYADI QARDAŞ ADLANDIRMASI
Subtropik əməliyyatı” adı altında Talış xalqına qarşı quldurluq və ...
OSMANIN XİLAFƏTİ
QİBLƏNİN DƏYİŞİLMƏSİ
Axund Nuhbala Rəhimova günahsız yerə hökm oxundu
TƏBUK MÜHARİBƏSİ
Səcdə üçün ən fəzilətli torpaq

 
user comment