Azəri
Tuesday 8th of October 2024
0
نفر 0

BU HƏDISDƏKI SÖZLƏRIN TƏFSIRI

BU HƏDISDƏKI SÖZLƏRIN TƏFSIRI

Termizi deyir: Əcma, öz sahibinin əlindən buraxılmış hey‌vana deyilir ki, onun qaçdığı və fərar etdiyi dövrdə vur‌duğu xəsarətlər sahibinin öhdəsinə deyildir. «Mə`dənin vur‌du‌ğu xəsarət hədərdir» - sözünün mə`nası budur ki, əgər bir kəs mə`dən qazsa və bir insan ora düşsə, o mə`dənin sahibinin üzə‌rində heç bir cərimə yoxdur. Həmçinin, insan su quyusu qaz‌sa və bir kəs ona düşsə, quyunu qazan şəxsin öhdəsində heç bir cərimə yoxdur. Rəkaz cahiliyyət dövründə basdırılmış də‌fi‌nəyə deyilir ki, hər kəs tapsa, onun xümsünü şəriət haki‌minə verməlidir, qalanı isə onun özünə məxsusdur.»[1]

«Nihayətul-lüğət» kitabında (Ibni Əsir) «irm» maddəsində de‌yi‌lir: «Əram sığınacaqlarda qoyulan nişanələr və böyük daş parçalarından itbarət idi ki, insanlara yol göstərirdi. Onun tək forması «irm»dir. Cahiliyyət dövrünün adamları ara‌sında belə bir adət var idi ki, hər vaxt öz yolları üzə‌rin‌də aparılmağa qabil olmayan bir şey tapsaydılar, onun üzə‌rinə çoxlu daş yığardılar ki, qayıdan zaman onu tanıyıb götür‌sünlər.»

«Lisanul-ərəb» və başqa lüğət kitablarında deyilir: Rəkaz qı‌zıl, yaxud gümüş parçasına, yaxud yerdən çıxarılan mə`dən daş‌larına deyilir. Onun tək forması «rəkzət» for‌ma‌sın‌dadır, sanki yerdə sabit qalmışdır.»

«Nihayətul-lüğət» kitabında deyilir: «Rəkzət yer üzərində bir yerə toplanmış gövhər parçalarına deyilir və onun cəm for‌ması «rəkaz» kimidir.

KEÇƏN RƏVAYƏTLƏRIN XÜLASƏSI

Keçən rəvayətlərdə deyilirdi ki, Peyğəmbəri Əkrəm ¡ göstəriş vermişdir ki, yerdən çıxarılan qızıl və gü‌mü‌şün xümsünü versinlər; istər xəzinə olsun, istərsə də mə`‌dən, bunların arasında heç bir fərq yoxdur. Aydındır ki, bu iki növ qənimət müharibə qənimətlərindən deyildir ki, ca‌ma‌at xüms ayəsində istifadə olunan «ğənimtum» kəlməsindən yal‌nız müharibə qənimətlərini nəzərdə tutmuş olsunlar. De‌mə‌li, yuxarıda qeyd olunanların məcmusundan aydın olunur ki, xüms Islamda təkcə müharibə qənimətlərinə məxsus deyil‌dir. Xüləfa məktəbinin fəqihlərindən bə`ziləri bu rəvayət‌lər‌dən həmin mə`nanı istixrac etmişlər, müharibə qənimət‌lə‌rindən qeyrilərindən də xüms verməyi vacib bilmişlər.[2]

Qazi Əbu Yusif «Xərac» kitabında yazır: «Mə`dəndən əldə olu‌nan hər şeyin xümsü – istər az olsun, istərsə də çox – va‌cib‌dir. Əgər bir şəxs mə`dəndən iki yüz dirhəm gümüşdən, ya‌xud iyirmi dinar qızıldan az taparsa, onun da xümsü var‌dır, burada zəkata yer yoxdur.[3] Və bu ikisi qənimət yerindən iba‌rətdir və onların (qızılla gümüşün) torpağında heç bir xüms yoxdur. Çünki xüms xalis qızıl və gümüşə, dəmirə, mi‌sə, qurğuşuna aid edilir. Onun çıxarılmasına sərf olunan xərc‌lərə xüms yoxdur. Belə ki, bə`zən onun hamısı çıxarılmasına sərf olunur və bu halda da xümsü yoxdur. Onun xümsü saf‌laş‌dı‌rıldıqdan sonra verilməlidir, istər az olsun, istərsə də çox. Amma mə`dəndən çıxarılan digər şeylər, o cümlədən ya‌qut, firuzə, sürmə, civə, kükürd, qırmızı gil və s. bu hökmə şa‌mil deyildir.[4] Çünki onların hamısı torpaq və gil hökmün‌dədir.»

Yenə deyir: «Əgər bir şəxs qızıl, gümüş, yaxud dəmir, qur‌ğuşun və mis kimi şeyləri tapsa və çox böyük borcları ol‌sa, onun bu borcu xümsün batil olmasına səbəb olma‌yacaq‌dır. Məgər görmürsən ki, əgər ordudan olan bir şəxs düş‌mən‌dən bir şeyi qənimət alsa, onun xümsü ayrılır, onun borc‌lu olub-olmamasına diqqət yetirilmir və onun borclu olma‌sı xüms verməsinə maneçilik törətmir?!»

Başqa yerdə deyir: «Amma rəkaz, yə`ni Allah-taalanın yerin xil‌qətinin əvvəlindən yaratdığı və orada yer verdiyi qızıl ilə gümüşə gəldikdə isə onun xümsü vacibdir. Başqalarının mül‌kündən qeyrisində adi qaydada dəfn olunmuş bir xəzinəni ta‌pan şəxs, əgər onda qızıl, gümüş, gövhər, yaxud paltar olar‌sa, onun xümsünü verməsi vacibdir, yerdə qalan beşdə dörd hissəsi isə tapanındır. Bu, eynilə qənimət kimidir ki, onu hər hansı qrup əldə edirsə, xümsü ayrılır, yerdə qalan‌ları isə onların özlərinə çatır.»

Yenə deyir: «Əgər hərbi kafir Islam ölkəsində dəfinə tap‌sa və bir kəsin amanına varid olsa, onun hamısı ondan alı‌nacaq və ona heç bir şey verilməyəcəkdir. Amma əgər zim‌ni kafir olsa, yalnız onun xümsü ondan alınacaq, necə ki, mü‌səl‌man şəxsdən alınırdı, yerdə qalan beşdə dörd hissəsi isə ona təhvil verilməlidir. Həmçinin, mükatəb qul bir də‌fi‌nəni Islam ölkəsində tapsa, o da xümsünü verdikdən sonra yer‌də qalanlarının maliki olacaqdır.»

Həmçinin dəryadan çıxarılan şeylər fəslində xəlifə Ha‌run ər-Rəşidə xitabən deyir: «Ya Əmirəl-mö`minin! Sizin dər‌yadan çıxarılan şeylər barəsində sualınıza cavabda deyirəm: Dər‌yadan çıxarılan şeylər, bəzək alətləri və ənbərin də xümsü vardır.»[5]

Bura qədər Peyğəmbər ¡-in müharibə qəni‌mət‌lərin‌dən başqa şeylərdən əldə olunanların xümsünün ve‌ril‌məsinin va‌cib‌liyi barəsindəki hökmü, eləcə də fəqihlərin bu rə‌vayət‌dən əldə etdikləri nəticəni mülahizə etdik. Indi isə o həz‌rə‌tin xümsün vacibliyini bəyan etdiyi məktublarını və müqa‌vi‌lələrini araşdırırıq:

PEYĞƏMBƏRI-ƏKRƏm ¡-IN MƏKTUBLARINDA VƏ MÜQAVILƏLƏRINDƏ XÜMS MƏSƏLƏSI

a) «Səhihi Buxari», «Səhihi Müslüm», «Sünəni Nəsai» və «Müs‌nədi Əhməd» kitablarında deyilir: Əbdül-Qeys qəbilə nü‌mayəndə hey`əti Peyğəmbəri Əkrəm ¡-ə dedilər: «Mün‌zər qəbiləsinin müşrikləri bizimlə sizin aranızda fasilə sal‌mışlar, biz yalnız haram aylarda sizi görə bilərik. Buna gö‌rə də elə tə`limləri bizə öyrət ki, əgər onlara əməl etsək, be‌hiştə daxil olaq, öz ətrafımızda olanları bu işlərə də`‌vət edək.» Peyğəmbər ¡ buyurdu: "Mən sizə dörd şe‌yi əmr edir və dörd şeydən də çəkindirirəm: "Allaha iman gə‌tirin; bilir‌si‌niz‌mi Allaha iman gətirmək nədir?! "La ila‌hə illəllah" şəhadətini ver‌mək, namazı bərqərar etmək, zəka‌tı və qənimətlərin xümsünü vermək."[6]

Peyğəmbəri Əkrəm ¡ Əbdül-qeys qəbiləsinin nüma‌yən‌də hey`ətinə «öz qənimətlərinizin xümsünü verin» - deyə buyur‌duq‌da aydın idi ki, onlar üçün müharibə qənimətlərinin xümsünü bəyan etmirdi. Çünki onlar Münzər qəbiləsinin müş‌rik‌lə‌rinin qorxusundan yalnız haram aylarda öz hüdudlarından xa‌ric ola bilirdilər. Deməli, o həzrətin «qənimət» dedikdə məq‌sədi, onun ərəb dilində olan həqiqi mə`nasından, yə`ni mə‌şəq‌qət olmadan əldə edilən qazancdan ibarətdir. Yuxarıda da onun təfsirində qeyd olunmuşdu ki, onlar əldə etdiklərinin xümsünü verməlidirlər; yaxud heç olmazsa, o həzrətin məqsədi şəriət‌dəki qənimətin həqiqi mə`nası olmuşdur ki, həm müha‌ribə, həm də qeyri-müharibə yolları ilə əldə edilən qa‌zanc‌lara şamil idi.

Həmin mə`na ərəb qəbilələrinin nümayəndələri ilə bağ‌la‌nan müqavilələrdə, o həzrətin göndərdiyi səfirlərin məktub‌la‌rında, onun onlara valilik hökmlərinin verməsində və s. ha‌mı‌sında əyani olaraq görünməkdədir. Misal üçün: «Fütuhi-Bi‌la‌zəri» kitabında belə qeyd olunur: Peyğəmbəri Əkrəm ¡-in qələbəsi və haqq olması xəbəri yəmənlilərə çat‌dıqda, öz nümayəndələrini Peyğəmbərin yanına göndərdilər. Pey‌ğə‌mbər onlar üçün bir müqavilə yazdı ki, islamı qəbul etmək‌lə mal-dövlətləri, əraziləri və mə`dənləri öz yerində qalır‌dı. Onlar islamı qəbul etdilər, Peyğəmbəri Əkrəm ¡ öz səfirlərini və işçilərini də onların yanına gön‌dərdi ki, Islam şəriətini və Peyğəmbər sünnəsini onlara tə`lim versin, onların sədəqələrini toplasın, yəhudi, məsihi və məcusi dinində qalanlardan isə cizyə alsın.

b) Həm o, həm də Ibni Hişam, Təbəri və Ibni Kəsir xatırlatmışlar ki, Peyğəmbəri Əkrəm ¡ Əmr ibni Həzəmi Yəmənə göndərdiyi zaman elə belə yazmışdı:

بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِيمِ، هِذِا بِيِانٌ مِنَ اللّهِ وَرَسُولِهِ، يَا اَيُّهَا الَّذِينَ آمَنُوا اَوْفُوا بِالْعُقُودِ عَهْدٌ مِنْ مُحَمَّدٍ النَّبِيِّ رَسُولِ اللّهِ لِعَمْرِو بْنِ حَزَمٍ حِينَ بَعَثَهُ اِلَى الْيَمَنِ اَمَرَهُ بِتَقْوَى اللّهِ فِي اَمْرِهِ كُلِّهِ، وَاَنْ يَاْخُذَ مِنَ الْمَغَانِمِ خُمُسَ اللّهِ، وَمَا كُتِبَ عَلَى الْمُؤْمِنِينَ مِنَ الصَّدَقَةِ مِنَ الْعِقَارِ عُشْرٌ مَا سَقِىَ الْبَعْلُ وَسَقَتِ السَّمَاءُ، وَنِصْفُ الْعُشْرِ مِمَّا سَقِىَ الْغربُ

"Bismillahir-rəhmanir-rəhim! Bu, Allah və Onun Rəsulunun tərə‌fin‌dən olan bir bəyandır: “Ya əyyuhəlləzinə amənu əvfu bil-üqud”-ey iman gə‌ti‌rənlər, öz əhd-peymanlarınıza vəfa edin."[7] Bu, Allahın Peyğəmbəri və nəbisi Mühəmməd tərəfindən Əmr ibni Həzəm üçün (yazdığı) bir əhd‌na‌mə‌dir.

Sonra onu Yəmənə göndərdi və fərman verdi ki, bütün iş‌lər‌də Allah qarşısında təqvalı olsun, qənimətlərdən Alla‌hın xümsünü çıxartsın, Allahın mö`minlərə vacib etdiyi sə‌də‌qəni alsın. Demyə sahələrindən əldə olunan məhsullardan on‌da bir, sulu sahələrdə olan şeylərdən isə iyirmidə bir qə‌dər alsın.[8]

v) O həzrət Qüzaədən Sə`d Hüzeym qəbiləsi üçün və Cəzam qəbiləsi üçün vahid bir yazıda vacib sədəqələri onlara xatırlatdı və fərman verdi ki, sədəqəni və xümsü onun göndərdiyi şəxslərə – Üdey və Ənbəsəyə, yaxud o iki şəxsin göndərdiyi adamlara təhvil versinlər.[9]

Peyğəmbər ¡ Sə`d və Cəzam adlı iki qəbi‌lə‌d‌ən istə‌yir ki, sədəqə və xümsü onun göndərdikləri şəxs‌lə‌rə, yaxud on‌la‌rın nümayəndələrinə təhvil versin. Onlar da ka‌fir‌lərlə aparılan müharibə qənimətlərini istəmirdilər; əksinə, o həzrətin məqsədi yalnız onlara vacib edilən xüms və sədə‌qə‌lər idi ki, onların əldə etdikləri hər bir şeyə şamil idi.

q) Malik ibni Əhmər Cəzamiyə və onun ardıcılı olan müsəlmanlara yazdığı bir müqavilədə deyilir:

وَكَذَلِكَ مَا كَتَبَ لِمَالِكِ بْنِ اَحْمَرَ الْجَذَامِيِّ، وَلِمَنْ تَبِعَهُ مِنَ الْمُسْلِمِينَ اَمَانًا لَهُمْ مَا اَقَامُوا الصَّلاَةَ وَاتَّبَعُوا الْمُسْلِمِينَ وَجَانَبُوا الْمُشْرِكِينَ وَاَدَّوُا الْخُمْسَ مِنَ الْمَغْنَمِ وَسَهْمِ الْغَارِمِينَ وَسَهْمِ كَذَا وَكَذَا، الكتاب

"Nəhayət namazı bərqərar etsinlər, müsəlmanlara tabe olsunlar, müş‌riklərdən uzaq olsunlar və qənimətlərin xümsünü versinlər, borc‌luların paylarını ödəsinlər, bu zaman amanda olarlar."[10]

ğ) Fəci` və onun ardıcıllarına yazılan əhd-peymanda deyilir:

مِنْ مُحَمَّدٍ النَّبِيِّ لِلْفَجِيعِ وَمَنْ تَبِعَهُ وَاَسْلَمَ وَاَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ cوَاَطَاعَç اللّهَ وَرَسُولَهُ، وَاَعْطَى مِنَ الْمَغَانِمِ خُمُسَ اللّهِ، وَنَصَرَ الَّنِبيَّ وَاَصْحَابَهُ، وَاشْهَدَ عَلَى اِسْلاَمِهِ، وَفَارَقَ الْمُشْرِكِينَ فَاِنَّهُ آمَنَ بِاَمَانِ اللّهِ وِاَمِانِ مُحَمَّدٍ

"Allahın Rəsulu Mühəmməddən Fəci və onun ardıcıllarına; ki, Is‌la‌mı qəbul etmiş, namazı bərqərar etmiş, zəkatı vermiş, Allaha və Rə‌su‌luna itaət etmiş, məğanimdən Allahın xümsünü ödəmiş, Pey‌ğəm‌bə‌rə və onun köməkçilərinə kömək etmiş, islamlarına dair şahid olmuş və müşriklərdən ayrılmışlar. Həqiqətən o, Allahın amanı və Mühəm‌mə‌din amanı ilə əmin-amanlıqdadır."[11]

d) «Əsbəziyyəyn» əhdnaməsi:

مِنْ مُحَمَّدٍ النَبِيِّ رَسُولِ اللّهِ لِعِبَادِ اللّهِ الْاَسْبَذِيَّيْنِ مُلُوكِ عَمَّانَ، مَنْ مِنْهُمْ بِالْبَحِرَيْنِ اَنَّهُمْ اِنْ آمَنُوا وَاَقَامُوا الصَّلاَةَ وَآتَوُا الزَّكَاةَ وَاَطَاعُوا اللّهَ وَرَسُولَهُ، وَاَعْطَوْا حَقَّ النَّبِيِّ، وَنَسَكُوا نسْكَ الْمُسْلِمِينَ فَاِنَّهُمْ آمَنُوا وَاِنَّ لَهُمْ مَا اَسْلَمُوا عَلَيْهِ، غَيْرَ اَنَّ مَالَ بَيْتِ الناَّرِ ثَنِيًا للِّهِ وَلِرَسُولِهِ، وَاَنَّ عَشُورَ التَّمْرِ صَدَقَةٌ وَنِصْفَ عَشُورِ الْحَبِّ، وَاَنَّ لِلْمُسْلِمِينَ نَصْرَهُمْ وَنَصْحَهُمْ وَاَنِّ لَهُمْ اَرْحَاءَهُمْ يَطِحُنونَ بِهَا مَا شَاؤُوا

"Allahın Rəsulu Mühəmməddən Əmman malikləri olan Əsbəziyyəyn Al‌lah bəndələrinə! Onlardan Bəhreyndə yaşayanlar əgər iman gətirib na‌maz qılsalar, zəkat versələr, Allaha və Onun Rəsuluna itaət etsələr, Pey‌ğəmbərin haqqını ödəsələr və müsəlmanların yolu ilə getsələr, onda on‌lar mö`minlərdir. Malik olduqları hər bir şey Islam əsasında onla‌rın özünə məxsusdur. Yalnız atəşkədələrin mal-dövləti istisna olunur ki, bunlar Allaha və Rəsuluna məxsusdur. Həmçinin, xurma məhsullarının on‌da birini, paxlalı məhsulların iyirmidə birini sədəqə verməlidirlər. Mü‌səlmanlara kömək edərək onlar üçün xeyirxah olmalıdırlar. Onların dəyir‌manları da özlərinə məxsusdur, nə istəsələr onu üyütsünlər."[12]

Bu məktubda Peyğəmbərin haqqı dedikdə, məqsəd ya təklikdə xüms, yaxud xüms və səfiy nəzərdə tutulur ki, səfiyyin mə`nası yuxarıda qeyd olundu.

s) Həmçinin, o həzrətin Hədəs və Ləxm qəbilələrinə yaz‌dı‌ğı məktubda qeyd olunan Həzzullah və Həzzur-Rəsul kəlmə‌lə‌rindən də məqsəd

فِي مَا كَتَبَ لِمَنْ اَسْلَمَ مِنْ حَدسٍ وَلَخْمٍ وَاَقَامَ الصَّلاَةَ وَاَعْطَى الزَّكَاةَ وَاَعْطَى حَظَّ اللّهِ وَحَظَّ الرَّسُولِ، وَفَارَقَ الْمُشْرِكِينَ فَاِنَّهُ آمَنَ بِذِمَّةِ اللّهِ وَذِمَّةِ مُحَمَّدٍ، وَمَنْ رَجَعَ عَنْ دِينِهِ فَاِنَّ ذِمَّةَ اللّهِ وَذِمَّةَ رَسُولِهِ مِنْهُ بَرِيئَةٌ

"Hədəs və Ləxm qəbilələrindən islamı qəbul edib namazı qı‌‌lan və zəkatı verənlər, həzzullahı – Allahın payını və həzzur-Rəsulu – Peyğəmbərin payını verənlər və müş‌rik‌lər‌dən ayrılanlar Allahın və Mühəmmədin pənahındadırlar. Hər kəs öz dinindən dönsə, Allahın və Peyğəmbərin zimməsi on‌dan götürülmüş olar."[13]

ə) Həzrət Peyğəmbər ¡-in Cünadə Əzudi, onun qövmü və ardıcılları üçün belə yazmışdı:

وَفِي مَا كَتَبَ لِجُنَادَةَ الْاَزْدِي وَقَوْمَهُ وَمَنْ تَبِعَهُ K مَا اَقَامُوا الصَّلوةَ وَآتَوُا الزَّكَاةَ وَاَطَاعُوا اللّهَ وَرَسُولَهُ وَاَعْطَوْا مِنَ الْمَغَانِمِ خُمُسَ اللّهِ وَسَهْمَ النَّبِيِّ وَفَارَقُوا الْمُشْرِكِينَ فَاِنَّ لَهُمْ ذِمَّةَ اللّهِ وَذِمَّةَ مُحَمَّدِ بْنِ عَبْدِ اللّهِ

"Nə qədər ki, namazı bərqərar edib zəkat verirlər, Allaha və Peyğəmbərə itaət edirlər, Allahın xümsünü və Peyğəmbərin qənimətdən olan səhmini əda edirlər və müşriklərdən ayrıdırlar, Allahın və Mühəmməd ibni Əbdüllahın zimməsi onlara məxsus olacaqdır.[14]

ç) Müaviyət ibni Cərul Tai üçün bir məktub yazıb belə buyurmuşdu:

وَفِي مَا كَتَبَ لِبَنِي مُعَاوِيَةَ بْنِ جَرُولٍ الطَّائِيِّينَK لَمَنْ اَسْلَمَ مِنْهُمْ وَاَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ وَاَطاَعَ اللّهَ وَرَسُولَهُ وَاَعْطَى مِنَ الْمَغَانِمِ خُمُسَ اللّهِ وَسَهْمَ الَّنِبِّي وَفَارَقَ الْمُشْرِكِينَ وَاَشْهَدَ عَلَى اِسْلاَمِهِ اَنَّهُ آمَنَ بِاَمَانِ اللّهِ وَرَسُولِهِ وَاَنَّ لَهُمْ مَا اَسْلَمُوا عَلَيْهِ

"Islamı qəbul edib, namaz qılan, zəkatı verən, Allaha və Peyğəmbərə itaət edən, Allahın xümsünü və Peyğəmbərin səhmini qənimətdən əda edən, müşriklərdən ayrılan və öz Islamına şəhadət verənlər Allahın və Peyğəmbərin amanı ilə amandadırlar, Islamı qəbul etmə halında malik olduqları şeylər onların özlərinə məxsusdur."[15]

Peyğəmbəri Əkrəm ¡ Cübeyr Tai üçün digər bir məktub yazmışdır ki, bu da qısa bir rəvayətdə azacıq ixtilafla əvvəldə qeyd etdiyimiz məktub ola bilər.[16]

m) Cüheynət ibni Zeyd üçün belə yazmışdı:

وَفِي مَا كَتَبَ لِجُهَيَْنَةَ بِنْ زَيْدٍK اِنَّ لَكُمْ بَطُونَ الْاَرْضِ وَسَهُولَهَا وَتَلاَعَ الْاَوْدِيَةِ وَظَهُورَهَا، عَلَى اَنْ تَرْعَوْا نَبَاتَهَا وَتَشْرَبُوا ماَءَهَا، عَلَى اَنْ تُؤَدُّوا الْخُمُسَ وَفِي التَّيْعَةِ وَالصَّرِيمَةِ شَاتَانِ اِذَا اجْتَمَعْتَا، فَاِنَّ فَرْقَتَاَ فَشَاةٌ شَاةٌ، لَيْسَ عَلَى اَهْل الْمَثِيرِ صَدَقَةٌ

"O ölkənin altı-üstü, alçaqlığı və yüksəkliyi sizə məxsus olsun ki, heyvanlarınız onların otlarından otlasın, sularını içsin, bu şərtlə ki, xümsü verəsiniz; əgər Tiə və Səriədə bir yerə toplaşsalar, iki qoyundur. Əgər ayrılsalar, hər biri bir qoyundur. Məsir əhlinə (yeri şumlayan inəklər sahibinə) sədəqə vermək lazım deyildir."[17]

Ibni Əsir «Nihayətul-lüğət» kitabında deyir: «Tiə – zəkatı vacib olan şey üçün qoyulan addır, Səriə – dəvə və qoyun sürüsünə deyilir.» O, belə əlavə edir: «Hədisdəki Səriə sözündən məqsəd 121-200 baş qoyuna deyilir ki, əgər bu nisab həddinə çatsalar, onun zəkatı iki qoyundur, əgər iki nəfərin malı olarsa və onlar bir-birindən ayrılarsa, onların hər biri bir qoyun zəkat verməlidir.»

i) Peyğəmbəri Əkrəm ¡-in məktublarının bə`zi‌lə‌rin‌də «səhmün-Nəbiyy» qeydindən sonra «səfi» kəlməsi də qeyd olu‌nur. Müluk Hümeyrə yazdığı məktubu qeyd edə bilərik:

اَمَّا بَعْدُ، فَاِنَّ اللّهَ هَدَاكُمْ بِهِدَايَتِهِ اِنْ اَصْلَحْتُمْ وَاَطَعْتُمُ اللّهَ وَرَسُولَهُ وَاَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكاَةَ مِنَ الْمَغَانِمِ، خُمُسَ اللّهِ وَسَهْمَ النَّبِيِّ وَصَفِيَّهُ وَمَا كَتَبَ اللّهُ عَلَى الْمُؤْمِنِينَ مِنَ الصَّدَقَةِ الكتاب

"Əmma bə`d. Allah sizi Öz hidayəti ilə hidayət etmişdir. Əgər özü‌nüzü islah edib Allaha və Peyğəmbərə itaət etsəniz, namaz qılıb zə‌kat versəniz, Allahın xümsünü, Peyğəmbərin səhmini, onun xalisəsini və va‌cib sədəqəsini, həmçinin mö`minlərə vacib olan sədəqəni əda et‌səniz..."[18]

t) o həzrətin Bəni Sə`ləbət ibni Amir qəbiləsinə yazdığı məktubda qeyd olunur:

وَمَا جَاءَ فِي كِتَابِهِ لِبَنِي ثَعْلَبَةَ بْنِ عَامِرٍ مَنْ اَسْلَمَ مِنْهُمْ وَاَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ وَخُمُسَ الْمَغْنَمِ وَسَهْمَ النَّبِيِّ وَالصَّفِيَّ فَهُوَ آمَنَ بِاَمَانِ اللّهِ

"Onlardan hər kəs islamı qəbul edərək namaz qılsa və zəkat versə, qənimətlərin xümsünü, Peyğəmbərin səhmini və səfini əda etsə, o, Allahın amanında olacaqdır.[19]

f) o həzrətin Bəni Züheyr qəbiləsi üçün yazdığı məktu‌bda deyilir:

فِي كِتَابِه ِلِنَبِي زُهَيْرٍ الْعَكْلِيَّينَ   اِنَّكُمْ اِنْ شَهِدْتُمْ اَنْ لاَ اِلَهَ اِلَّا اللّهُ وَاَنَّ مُحَمَّدًا رَسُولُ اللّهِ وَاَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَاَدَّيْتُمُ الْخُمُسَ مِنَ الْمَغْنَمِ وَسَهْمَ النَّبِيِّ وَسَهْمَ الصَّفِيَّ اَنْتُمْ آمِنُونَ بِاَماَنِ اللّهِ وَرَسُولِهِ

"...Siz əgər Allahın yeganəliyinə və Mühəmmədin risalətinə şəha‌dət versəniz, namazı bərqərar edib zəkatı versəniz, qənimətlərin xümsü‌nü, Peyğəmbərin səhmini və səfi səhmini əda etsəniz, onda Allahın və Onun Rəsulunun amanındasınız."[20]

ı) Peyğəmbəri Əkrəm ¡-in Cüheynə qəbilə başçı‌la‌rın‌‌dan bə`zilərinə yazdığı məktubda deyilir:

فِي كِتَابِهِ لِبَعْضِ اَفْخَاذِ جُهَيْنَةَ  مَنْ اَسْلَمَ مِنْهُمْ وَاَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكاَةَ وَاَطاَعَ اللّهَ وَرَسُولَهُ وَاَعْطَى مِنَ الْغَنَائِمِ الْخُمُسَ وَسَهْمَ النَّبِيَّ الصَّفِيَّ

"Onlardan hər kəs islamı qəbul edib namazı qılsa, zəkatı versə, Allaha və Peyğəmbərinə itaət etsə, qənimətlərin xümsünü, səhmün-Nəbini və səfini əda etsə..."[21]

Bu məktubda qeyd olunan və cəm forması «səfaya» gələn «səfi» kəlməsi Peyğəmbəri Əkrəm ¡-in əmvaldan və əm‌lak‌dan olan xalis haqqıdır. Əvvəldə izah etdiyimiz kimi, bu, o həzrətin xümsdan olan payından tamamilə ayrıdır. Bundan əla‌və, Peyğəmbər ¡-ə mənsub edilən iki mək‌tubda xüms kəlməsinin zikr olunmasına baxmayaraq, biz o iki mək‌tuba e`tina etmədik, çünki onların birincisində qeyd olu‌nur ki, onu Əbdü Yəğus üçün yazmışdır.[22] Amma Peyğəmbər ¡-in Əbdü Yəğus üçün bir şey yazmış olması ina‌nılası deyildir. Çünki Yəğus bir bütün adı idi və Pey‌ğəm‌bər bu cür adları həmişə dəyişdirirdi. Misal üçün, Əb‌dül-Üzza adını dəyişdirərək Əbdür-Rəhmana çevirmiş, Əb‌dül-Həcər, Əbdül-Əmr və Əl-Əsəm adlarını da Əbdüllaha də‌yiş‌dirmiş idi.[23]

Ikinci məktubda isə belə deyilir: Onu Nə`şəl ibni Ma‌lik Vailiyə yazdı, onun əvvəlində «Bismillahir-rəhmanir-rə‌him» yerinə (Peyğəmbəri Əkrəm ¡ özünün bütün məktub‌la‌rını bununla başlayırdı) «Bismikəllahummə» qeyd olunur.

Gördüyümüz kimi, yuxarıda qeyd olunan məktublarda və mü‌qa‌vi‌lələrdə Peyğəmbəri Əkrəm ¡ Sə`d Hüzeym qəbiləsinə «xüms və sədəqəni mənim göndərdiyim şəxslərə verin» - deyə ya‌zır və onlardan istəmir ki, müharibə qənimətlərinin xümsünü versinlər; əksinə, onların mal-dövlətinə aid olunan xüms və sədəqələrin verilməsini tələb edir.

Həmçinin Cüheynə qəbiləsinə yazdığı məktubda qeyd olunur ki, ölkələrin suyundan və otlaqlarından bu şərtlə istifadə et‌sinlər ki, onun xüms və sədəqəsini ödəmiş olsunlar. Xümsün ödənməsini müharibəyə girişmək və müharibədə onların qə‌nimət əldə edilməsi ilə şərtləndirmədi, əksinə, yerdə möv‌cud olan ne`mətlərdən bəhrələnməyin şərtini xümsü və sədə‌qəni verməklə əlaqələndirdi, yə`ni həqiqətdə kəsb-ticarət iş‌lərinə hakim olan Islam qanununu onlara öyrətmiş oldu.

Həmçinin, Əbdül-Qeysin nümayəndə hey`ətinə də – onlar müşriklərin qorxusundan öz hədd-hüdudlarından xaric olmağa cür`ət etmirdilər, yalnız haram aylarda çıxa bildilər – əməl edəcəkləri surətdə behiştə daxil olacaqları bir neçə göstərişi öyrətdikdən sonra buyurdu ki, qənimətlərin xümsünü ödəsinlər; onlardan heç də istəmədi ki, özlərinin müşriklər əleyhinə apardığı müharibə qənimətlərini ödəmiş olsunlar, əksinə, onlardan sadəcə istəyir ki, əldə etdikləri hər bir şeyin xümsünü versinlər.

Əmr ibni Həzəm qəbiləsinin böyük şəxsiyyətlərinə yazdığı müqa‌vilədə də qeyd edir ki, mal-dövlətlərinin sədəqələrini və xümsünü Yəmən qəbilələrindən alsınlar, onlardan heç vaxt tə‌ləb etmirdi ki, o qəbilələrlə aparılan müharibə qənimət‌ləri‌nin xümsünü versin.

Eləcə də o qəbilələrə və başqalarına yazırdı ki, xümsü ver‌sinlər. Əmr ibni Həzəmdən başqa özünün sair işçilərinə yaz‌dığı məktubda qeyd edirdi ki, qəbilələrdən xümsü alsınlar. Bü‌tün bu məktublarda və müqavilələrdə xümsün şə`ni eynilə sə‌də‌qənin şə`nidir ki, hər ikisi mal-dövlətdə Allahın haqqı he‌sab olunur və Allah tərəfindən vacib edilmə ilə vacib ol‌muş‌lar.

Bizim bu barədəki nəzəriyyəmizi, yə`ni bu məktublarda və mü‌qa‌vilələrdə məqsədin müharibə qənimətlərindən əldə olu‌nan mal-dövlətin xümsü olmamasını təsdiqləyən şey budur ki, Islamdakı müharibə hökmü, Islamdan əvvəlki ərəb qəbilələri ara‌sında mövcud olan müharibələrlə tamamilə müxalifdir və is‌lamda hər hansı qrupun, yaxud fərdin ixtiyarı yoxdur ki, özü‌nün həmpeymanları olan qəbilələrdən başqalarına yürüş et‌sin və onların mal-dövlətini qarət edərək öz ixtiyarlarına ke‌çir‌sin, hər kəs hər bir şeyi qarət etsə, onun öz malı ol‌sun, əldə etdiyi şeyin dördə biri qəbilə başçısına məxsus ol‌‌sun. Xeyr, belə bir şey islamda qəbul olunmamışdır ki, Pey‌‌ğəm‌bər də qarət olunmuş mal-dövlətin dörddə biri əvə‌zi‌nə xümsünü – beşdə birini onlardan tələb etmiş olsun! Xeyr, Islamda heç bir fərd və heç bir qrupun öz tərəfindən qey‌‌ri-müsəlmanlarla müharibə etməyə, onların üzərinə yürüş edib mal-dövlətlərini ürəyi istədiyi kimi qarət etməyə haqqı yox‌dur. Yalnız Islam hakimi Islam qanunları əsasında onun şərt‌lərini və qayda-qanunlarını tə`yin edə bilər. Mü‌səl‌man‌lar da onun hökmünü və qərarını yerinə yetirirlər. Bundan əla‌‌və, yalnız Islam hakimi, yaxud onun nümayəndəsi qələbədən ön‌‌‌cə bütün müharibə qənimətlərini öz ixtiyarına keçirə bi‌lər, or‌du üzvlərindən heç biri də müharibə qənimətlərini – qət‌‌lə yetirdiyi şəxsin mal-dövlətindən başqa – bir şeyə ma‌lik ol‌mur. Bütün cəngavərlər əldə etdikləri şeyi hakimin, ya‌xud onun nümayəndəsinin yanına gətirirlər və əgər belə et‌mə‌‌sə‌lər, onda xəyanətkar hesab olunur, belə bir xəyanət dam‌ğa‌sı‌nı öz ailəsinə rəva görür və Qiyamətdə də onun əzabını da‌da‌‌caq‌lar! Islam hakimi də xümsü ayırmazdan qabaq piya‌da‌la‌rın və sü‌va‌rilərin payını tə`yin edir, onun müəyyən bir his‌sə‌si‌ni mü‌ca‌hidlərin arvadlarına məxsus edir, bə`zi vaxtlar mü‌‌ha‌‌ribədə iştirak etməyənləri də həmin mal-dövlətdə şərik edir. Bə`zən də «müəllifətu qulubihim» olan şəxslərə mü‌cahid mö`minlərdən də daha artıq mal-dövlət verir.

Halbuki, müharibə e`lan olunması və ondan əldə olunan qəni‌mətlərin xümsünün çıxarılması Peyğəmbəri Əkrəm ¡-in dövründə o həzrətin özünə məxsus olan işlərdən bi‌ri idi. Deməli, camaatdan xüms verilməsinə dair istək və bu məsələnin məktublarda və ardıcıl müqavilələrdə tə`kid edil‌məsi göstərir ki, bu, məktubda xitab olunanların öz əldə et‌dik‌ləri mal-dövlətin xümsündan başqa bir şey deyildir. Xüms da eynilə, sədəqə kimidir və yalnız müharibə qəni‌mətlə‌ri‌nə məxsus deyildir.

Buna əsasən, yeganə çıxış yolu bundadır ki, bu mək‌tub‌lar‌da və müqavilələrdə qeyd olunan «məğnəm» və «ğənaim» kəl‌mə‌ləri ya özünün lüğətdəki mə`nasına –məşəqqət olmadan əş‌ya‌ları əldə etmək mə`nasına – yozulmalı, ya da onun şər`i mə`na‌sına – müharibə və qeyri-müharibə yolu ilə əldə olunan şeylər kimi – təfsir edilməlidir.

Qeyd olunanlara bunu da əlavə etmək lazımdır ki, bəhsin əv‌və‌lində qənimət sözünün təfsiri ilə əlaqədar qeyd olundu ki, Islam cəmiyyətində qənimət, lüğət kitab halına salın‌dıq‌dan sonra, müharibə qənimətləri mə`nasına işlədilmiş və mü‌tə‌şərriə bir həqiqət halına düşmüşdür. Buna əsasən, Pey‌ğəm‌bərin hədisində gələn bir şeyi ondan təqribən iki əsr son‌ra camaat arasında qəbul edilən şeylərlə izah etmək düz‌gün deyildir.

Amma bu məktubların və müqavilələrin bə`zilərində «həz‌zül‌lah», «həzzür-Rəsul», «həqqün-Nəbiyy», «səhmün-Nəbiy» və sair kimi qeyd olunanlar da elə bu şərif ayədə buyurulandır:

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ ...

"Bilin ki, əldə etdikləriniz hər bir şeydə Allah və Peyğəmbər üçün xüms vardır."

Həmçinin, bu ayəni bəyan və təfsir edən Nəbəvi sün‌nə‌sin‌də də Allahın səhmi, Peyğəmbərin səhmi qənimətdən olduğu hal‌da xüms kimi tə`yin olunur ki, o ikisinin haqqı və həzzi (pa‌yı) mə`nasınadır.

Bura qədər aydın oldu ki, Peyğəmbəri Əkrəm ¡ həm mü‌ha‌ribə, həm də qeyri-müharibə qənimətlərinin xümsünü alır, Islamı qəbul edən hər kəsdən istəyirdi ki, əldə etdiyi şey‌lərin xümsünü-sədəqənin vacib olduğu hallardan başqa yer‌lər‌də – versin. Indi isə xümsün məqamı və sərf olunma yer‌lə‌rini araşdırırıq.



[1] «Sünəni Termizi», 6-cı cild, səh.145-146.

[2] «Əl-xərac», səh.25-27.

[3] Burada zəkat dedikdə məqsəd xumsun müqabilində dayanan sədəqədir.

[4] Bu nəzər xums ayəsinin ümumi mə`nası ilə müxalifdir və Əhli-beyt imamlarının ¢ fiqhində olanlarla uyğun gəlmir.

[5] «Əl-xərac», səh.83.

[6] «Səhihi Buxari», «tovhid» kitabı, 4-cü cild, səh.205, 1-ci cild, səh.13, 19, 3-cü cild, səh.50; «Səhihi Müslüm», «əl-əmru bil-iman» babı, 1-ci cild, səh.35-36; «Sünəni Nə‌‌sai», 2-ci cild, səh.333; «Müsnədi Əhməd», 3-cü cild, səh.318, 5-ci cild, səh.136. Əb‌dül-Qeys Rəbiədən olan bir qəbilədəndir ki, Təhamə dağlarında yaşamış, sonralar isə Bəh‌‌reynə getmişdilər. Onların nümayəndə hey`əti 9-cu hicri ilində Peyğəmbərin hü‌zuruna gəlmişdi.

[7] «Maidə» surəsi, 1-ci ayə.

[8] «Fütuhul-büldan», «Yəmən» babı, 1-ci cild, səh.82; «Ibni Hişamın sirəsi», 4-cü cild, səh.265-266; «Tarixi Təbəri», 1-ci cild, səh.1727-1729; «Tarixi ibni Kəsir», 50-ci cild, səh.76; Əbu Yusifin «Xərac» kitabı, səh.85. Bu barədə digər bir rəvayət də mövcuddur ki, Hakim öz «Müstədrək» kitabının 1-ci cildinin 395-396-cı, Müttəqi Hindi «Kənzül-ümmal» kitabının 5-ci cild, 517-ci səhifələrində qeyd etmişdir.

[9] «Təbəqati ibni Sə`d», 1-ci cil, səh.207. Cəzam Qəttanilərin böyük bir qəbiləsindən ibarət idi ki, Ibni Həzmin «Cəmhərə» kitabının 420-421-ci səhifələrində onların nəsəbi qeyd olunmuşdur. Sə`d Hüzeym də Qüzaənin şaxələrindən və Qəttana mənsub olan bir qəbilədir ki, onların da nəsəbləri «Cəmhərə» kitabının 477-ci səhifəsində qeyd olunmuşdur.

[10] «Usdul-ğabə», 4-cü cild, səh.271; «Əl-isabə», 3-cü cild, nömrə: 7593; «Lisanul-mi‌zan», 3-cü cild, səh.20. Onun adı həmin kitabda Malik əvəvzinə Mübarək qeyd olunur. Ma‌lik «Təhlan» şaxələrindən idi və Mədyəndən Təbuka gedən yol arasında yaşayırdı. Is‌la‌mı qəbul edən zaman Peyğəmbərdən istədi ki, onun üçün bir məktub yazsın ki, qöv‌münü Islama də`vət etsin. Həzrət də uzunluğu bir qarış, eni isə dörd barmaq miq‌darın‌da olan dəriyə bir məktub yazdı.

[11] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.304-3-5; «Usdul-ğabə», 4-cü cild, səh.175; «Əl-isabə», 4-cü cild, nömrə: 6960.

[12] «Əl-vəsaiqus-siyasiyyə», Əbu Übeydin «Əl-əmval» kitabından nəqlən, səh.52; Qəlqə‌şən‌dinin «Sübhül-ə`şar» kitabı, 6-cı cild, səh.380. Əsbəz Hicrin kəndlərindən biri‌dir. Deyilmişdir ki, Əsbəziyyəynə mənsub olmaq ata pərəstiş etdiklərinə görə olmuş‌dur, halbuki Peyğəmbəri Əkrəm ¡ öz məktubunda onları «Allahın bəndələri» de‌yə vəsf edir, bu da qeyd olunan müddəa ilə ziddiyyət təşkil edir. Çünki Peyğəmbər onla‌rı Allaha bəndəçiliyə nisbət vermişdir və bu onların atpərəstliyə nisbət veril‌məsi ilə uyğun gəlmir. «Fütuhul-büldan», səh.95.

[13] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.266; Hədəs ibni Üreyş-Qəhtani Ləxm qəbiləsinin böyük şaxələrindən biridir ki, onların nəsəbi Ibni Həzmin «Cəmhərə» kitabının 423-cü səhifəsində qeyd olunmuşdur.

[14] Yenə orada, 1-ci cild, səh.270; «Usdul-ğabə», 1-ci cild, səh.300; «Cünadənin tərcümeyi-halı», «Kənzül-ümmal», 5-ci cild, 1-ci çap, səh.320.

[15] Yenə orada, 1-ci cild, səh.269.

[16] Yenə orada.

[17] «Əl-vəsaiqus-siyasiyyə», səh.142, nömrə: 157, Süyutinin «Cəvame» kitabından nəqlən. Cüheynət ibni Zeyd Qəhtanın Qəzaə qəbiləsindən bir şaxədir ki, onların nəsəbi Ibni Həzmin «Cəmhərə» kitabının 444-446-cı səhifələrdə qeyd olunmuşdur.

[18] «Fütuhul-büldan», 1-ci cild, səh.85; «Sireyi Ibni Hişam», 4-cü cild, səh.258-259; «Müs‌‌tədrəki Hakim», 1-ci cild, səh.395; «Təhzibu tarixi ibni Əsakir», 6-cı cild, səh. 273-274; «Kənzül-ümmal», 1-ci çap, 6-cı cild, səh.165; «Əl-əmval», Əbu Übeyy, səh.13. Hü‌meyr qəbiləsi Bəni Səba Qəhtanilərinin böyük bir şaxəsi idi ki, islamdan əvvəl Yə‌mən‌də yaşayırdılar. Hicrətin 9-cu ilində öz nümayəndələrini Peyğəmbərin hüzuruna gön‌dərdilər və o Həzrətin məktubu Hümeyrin padşahlarından olan Haris ibni Əbdül-kə‌lal və Nö`man üçün yazılmışdı. Bu iki qəbilənin tərcümeyi-halı Ibni Həzməin «Cəm‌hərə» kitabının 432-438-ci səhifələrində qeyd olunmuşdur.

[19] «Əl-isabə», 2-ci cild, səh.189, nömrə: 4111; «Istiy`ab»- «Isabənin haşiyəsində», 2-ci cild, səh.186; «Usdul-ğabə», 3-cü cild, səh.34. Bəni Sə`ləbət ibni Amir Ədnanilərdən olan Bəkr ibni Vailin şaxəsindən idi ki, hicrətin 8-ci ilində öz nümayəndələrini Peyğəmbərin hüzuruna göndərmişdilər. Bu barədə əlavə mə`lumatı Ibni Həzmin «Cəmhərə» kitabının 316-cı səhifəsindən; Ibni Sə`din «Təbəqat» kitabı, 1-ci səh.298 və «Üyuni Riza» kitabı, 2-ci cild, səh.248-dən əldə edə bilərsiniz.

[20] «Sünəni Əbi Davud», «xərac» kitabı, 2-ci cild, səh.55; «Daru ehyais-sünnətin-nəbəviyyə» çapı, 3-cü cild, səh.153-154; «Sünəni Nəsai», 2-ci cild, səh.179; «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.279; «Müsnədi Əhməd», 5-ci cild, səh.77-78 və 363; «Usdul-ğabə», 5-ci cild, səh.4 və 389; «Əl-əmval», Əbu Übeyy, səh.13.

[21] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.271.

[22] Yenə orada, 1-ci cild, səh.268.

[23] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.305.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Hacətlərimiz üçün ən gözəl vasitələr
"Boko Haram" 15 nəfəri qətlə yetirdi
Ramazan Fanusu”, Misirdə Fatimilər Dövlətindən qalma gözəl sünnət
Ərəbistanda Şiələrin yaşadığı Qətif şəhərində iki terror aktı həyata ...
Sələfi terrorçuları Al Anbar şəhərini ikinci dəfə kimyəvi bomba ilə vurdular
Ərəbistan Yəmənə qarşı təcavüzlərində xarici pilotlardan istifadə edir
Ayətullah Xamenei ABŞ rəsmilərinin “İranla müharibə” mesajlarına münasibət ...
İmam Xameneinin Baş Ofisinin İstehlal şöbəsindən bayram açıqlaması
“Nardaran işi – 2”: “Bizə bu zülmləri eləyənləri Allaha tapşırmışam”
İmam Xamenei cənablarının Allah Evinin zəvvarlarına müraciəti - Tam mətn

 
user comment