OSMANIN QOHUM-ƏQRƏBASINIn TUTDUĞU MÖVQE
1-Osmanın xala oğlusu və süd qardaşı Əbdüllah ibni Sə`d ibni Əbi Sərəh.
Hakim «Müstədrək» kitabında yazır: O, Peyğəmbərin katibi idi ki, yazıda xəyanəti aşkar olduqda Peyğəmbər onu bu işdən götürdü. O, Islamdan çıxaraq məkkəlilərə qoşuldu və onlara dedi: «Mən Mühəmmədi istədiyim kimi istiqamətləndirirdim, o, məni «əzizun həkimun» - deyə imla etdiyi zaman, mən deyirdim ki, ya «əlimun həkimun», o deyirdi: «Bəli, hamısı düzdür.» Nəhayət Allah-taala onun barəsində «Ən`am» surəsinin 93-cü ayəsini nazil etdi:
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ قَالَ أُوْحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَا أَنَزلَ اللّهُ وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلآئِكَةُ بَاسِطُواْ أَيْدِيهِمْ أَخْرِجُواْ أَنفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى اللّهِ غَيْرَ الْحَقِّ وَكُنتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ
"Allahın adından yalan danışan, yaxud "heç bir şey vəhy olunmadığı halda mənə vəhy olunur" - deyən, yaxud "mən də onun nazil etdiyi şeylər kimisini nazil etməyə qadirəm" - deyən şəxslərdən də zalım şəxs varmı?! Əgər görsəydin, zalımlar ölüm astanasında qərar tutduğu zaman mələklər əllərini açaraq onlara "Öz canlarınızı çıxardın, bu gün Allaha bağladığınız yalanlara, Onun ayələrinə nisbət verdiyiniz təkəbbürlüyə görə xaredici cəzaları görün!" - deyərlər."
Buna görə də Peyğəmbəri Əkrəm ¡ onun qanını hədər saymışdır. Məkkəni fəth edərkən dörd kişi və iki qadından başqa, bütün insanlara aman verdi. Buyurmuşdu ki, onlar hətta əgər Kə`bə pərdəsinin altında tapılsalar belə, öldürülməlidirlər! Onlardan biri də həmin Əbdüllah idi ki, Osmanın yanına getdi. Osman onu gizlətdi və Məkkə əhalisi aman tapdıqdan sonra onu Peyğəmbərin yanına gətirib onun üçün aman istədi. Peyğəmbər bir müddət sükut etdikdən sonra «yaxşı» - deyə buyurdu. Osman çölə çıxdıqdan sonra Peyğəmbər ¡ öz ətrafındakılara buyurdu: «Mən yalnız buna görə sükut etdim ki, biriniz ayağa qalxıb onun boynunu vursun.» Ənsardan bir nəfər dedi: «Ya Rəsuləllah! Nə üçün mənə işarə etmədin?» Buyurdu: «Işarə etmək Peyğəmbərə yaraşan iş deyil.»[1]
Məhz bu Əbdüllah ibni Sə`d ibni Əbi Sərəh Osman xilafətə çatan zaman Misrin hakimi Əmr ibni Ası xərac idarəsindən kənarlaşdırdı, onu camaat namazı qılmaq və ordu işində saxladı. Əbdüllahı da Xərac işinə tə`yin etdi. Onlar bir-birilə dalaşdığı zaman Əmr Ası namaz qılmaq işindən götürdü və namazı da Əbdüllahın işlərinə artırdı. Əbdüllah Osmanın ölümündən sonra Müaviyəni bəyənmədi və ondan kənara çəkilərək dedi: «Mən Osmanın qətlə yetirilməsini istəyən bir şəxslə bir yerə yığışmaram!» Bundan sonra imam Əli ™-ın xilafəti dövründə Rəmlədə vəfat etdi. Zəhəbi deyir: «O, bir hədis rəvayət etmişdir.»[2]
2-3-OSMANIN ƏMISI HƏKƏM IBNI ƏBIL-ASIN OĞLANLARI-MƏRVAN VƏ HARIS
Bilazəri yazır: Həkəm ibni Əbil-as cahiliyyət dövründə Peyğəmbərin qonşusu idi və Islam dövründə o həzrətə verdiyi əzab-əziyyət daha çox artmışdı. Həkəm Mədinəyə Məkkənin fəthindən sonra gəlmişdi və həmin halda da düzgün dinə malik deyildi. Belə ki, bə`zən Peyğəmbərin arxasınca yol gedir və onu yamsılayırdı. Peyğəmbər namaz qılanda onun arxasında dayanır və öz barmaqları ilə onu məsxərə edirdi. Nəhayət bir gün Peyğəmbərin evində axtarış aparmağa başladı və həzrət onu tanıyıb əsa ilə qovdu və buyurdu: «Kim məni bu kərtənkələnin şərindən qurtarar?! (Sonra buyurdu:) O və onun övladları mənim yanımda olmamalıdırlar!» Bundan sonra onların hamısını Taif şəhərinə sürgün etdi. Peyğəmbər vəfat etdikdən sonra Osman Əbu Bəkrdən xahiş etdi ki, onu Mədinəyə gətirsin, amma Əbu Bəkr qəbul etməyib dedi: «Mən elə bir adam deyiləm ki, Peyğəmbər tərəfindən sürgün olunanlara pənah verəm!« Ömər xilafətə çatan zaman Osman öz istəyini yenidən təkrarladı, o da Əbu Bəkrin sözünü dedi. Nəhayət özü xilafətə çatan zaman onu Mədinəyə gətirdi.»[3]
O, Mədinəyə paltarları cırılıb köhnəlmiş halda daxil oldu və o zaman qabağında bir keçini də gətirirdi. Camaatın hamısı ona baxırdı. O gəlib xəlifənin yanına daxil oldu. Çox çəkmədi ki, xəz jiletdə və fəxrli bir qəbada çölə çıxdı.[4]
Həmin günün axırında Osman müsəlmanların bazarında vergi və sədəqə işlərinə baxan şəxsə dedi: «Bu işləri Həkəmə tapşır.»[5] Sonra onu Qüzaə qəbiləsinin vergi və sədəqələrinin toplanmasına tə`yin etdi ki, onların miqdarı üç yüz min dirhəmə çatırdı. O qayıtdıqda, Osman həmin pulların hamısını onun özünə bağışladı[6] və dünyadan getdikdə, onun qəbrinin üzərində bir xeymə qurdu.[7]
Həkəmin oğlu Mərvan Osmanın qızı Ümmü Əbanı aldı. Onun digər bir oğlu Haris də Osmanın Ayişə adlı bir qızı ilə evləndi. Peyğəmbər ¡ çoxlu hədislərdə Həkəmi[8] və onun övladlarını lə`nətləmiş, məzəmmət edərək buyurmuşdu: "Vay olsun mənim ümmətimə! Bunun (Həkəmin) sülbündə olanların əlindən!"[9]
Həmçinin buyurmuşdu: "Allahın lə`nəti ona və onun sülbündən gələn kəslərə olsun! Yalnız onlardan az saylı mö`minlər istisnadır."
Yenə buyurmuşdur: "Hər vaxt Əbil-as övladları otuz nəfərə çatsalar, Allahın dinini pusqu, Allah bəndələrini qul edər və Allah malını özlərinə sərf edərlər."
Yenə buyurmuşdur: "Mən yuxuda gördüm ki, Əbil-asın övladları meymun şəklində mənim minbərimə dırmaşırlar!" Peyğəmbər ¡ bundan sonra ömrünün axırına qədər gülərüz müşahidə olunmadı.[10]
Həmçinin Hakim Əbdür-Rəhman ibni Ovfun belə dediyini nəql edir: Elə bir körpə dünyaya gəlmirdi ki, onu Peyğəmbərin yanına gətirməsinlər və o həzrət onlar üçün dua etməsin. Amma Mərvan ibni Həkəmi gətirdikləri zaman Peyğəmbər buyurdu: "Bu, kərtənkələ oğlu kərtənkələ, məl`un oğlu məl`undur!"[11]
Bura qədər üç xəlifənin xüms və Peyğəmbərin mirası barəsindəki ictihadlarını qeyd etdik.
[1] «Müstədrəki Hakim», 3-cü cild, səh.100; «Usdul-ğabə», 3-cü cild, səh.173; «Təfsiri Kəşşaf», 2-ci cild, səh.35; «Ənsabul-əşraf», 5-ci cild, səh.49; «Sünəni Əbi Davud», 4-cü cild, səh.128; eləcə də «Təfsiri Qurtubi», «Təfsiri Razi», «Təfsiri Beyzavi», «Təfsiri Xazin», «Təfsiri Nəsəfi», «Təfsiri Şovkani», həmin ayənin təfsirində.
[2] «Siyəru ə`lamin-nübəla», 3-cü cild, səh.23-24.
[3] «Ənsabul-əşraf», 5-ci cild, səh.27.
[4] «Tarixi Yə`qubi», 5-ci cild, səh.163.
[5] Yenə orada, 2-ci cild, səh.168.
[6] «Ənsabul-əşraf», 5-ci cild, səh.28.
[7] Yenə orada, 5-ci cild, səh.səh. 27.
[8] Yenə orada, 5-ci cild, səh.126; «Müstədrəki Hakim», 4-cü cild, səh.481.
[9] «Usdul-ğabə», 2-ci cild, səh.34, Həkəmin tərcümeyi-halı.
[10] «Müstədrək», 4-cü cild, səh.479-481.
[11] Yenə orada.