Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İTTİHAMLA ÜZ-ÜZӘ ÖN SÖZ

BİSMİLLAHİR RӘHMANİR RӘHİM

1. İTTİHAMLA ÜZ-ÜZӘ

ÖN SÖZ

Günəş şərqdən doğur...14 əsr bundan öncə cəhalət və ədalətsizlik zülmətinə qərq olmuş dünyada bir günəş doğdu. Bu günəş öz şəfəqlərini Hicazdan başlayaraq İraq, İran, Azərbaycan, Afrika və nəhayət bütün dünyaya saçdı.

Yeni bir din, kamil bir kitab nazil oldu bəşəriyyətə. Mərhəmətli Allah Öz bəndələrinin hidayəti üçün son Rəsulunu göndərdi yer üzünə. Bu səma elçisi bütün varlığı ilə mübarizə aparır, insanları mə᾿nəvi saflığa, ictimai ədalətə də᾿vət edirdi. Sonsuz hikmət xəzinəsi olan müqəddəs Qurani-Kərim - «Allaha iman gətirən kəslər qardaşdırlar» - deyə, bütün bəşəriyyəti tövhid bayrağı altında dostluğa, səmimiyyətə səsləyirdi. Kimsəsizlərə, məzlumlara qardaşlıq mərhəməti, tağutlara, zalımlara qarşı barışmazlıq və qətiyyət şüarı verirdi bu şəriət.

Lakin, müqəddəs ruhu əbədiyyətə qovuşan əziz Peyğəmbərimizin (s) cəsədi hələ dəfn olunmamış, müsəlman qardaşlar arasına bir fitnə qatıldı. Bu fitnə bütün müsəlmanların anlaşılmazlığına və həqiqət düşmənlərinin sevincinə səbəb oldu.

«Hamınız Allah ipindən yapışın və heç vaxt təfriqəyə düşməyin» deyə, buyuran Quran ümməti müxtəlif firqələrə, məzhəblərə ayrıldı......

Әziz müsəlmanlar, din tariximizdə belə bir ixtilafın meydana gəlməsindən daha acınacaqlısı odur ki, müsəlman qardaşlar bir-birlərinə qarşı yersiz təəssüb hissi bəsləyir, «sən mənim məzhəbimdən deyilsən» deyə, öz qardaşlarına soyuq münasibət göstərirlər. Mənim fikrimcə, uzun illər boyu heç bir məzhəbə aid olmayan qərəzli insanlar müsəlmanlar arasında ixtilaf yaratmağa çalışmış, İslam məzhəblərini biri-birlərinə qarşı qoymaqda əllərindən gələni əsirgəməmişlər. Din tariximizə nəzər saldıqca, bu zəmində düçar olduğumuz yersiz ixtilaflardan yalnız düşmənlərin faydalandığını müşahidə edirik. Özümüzdən xəbərsiz olduğumuz halda biri-birimizə olmazın böhtan və iftiralarını yaxmışıq. Xüsusilə, Peyğəmbər (s) və onun Әhli-beytini (ə) özünə nümunə seçmiş şiə məzhəbinə tuşlanan saysız-hesabsız böhtan və iftiraları gördükdə, özümüzün özümüzə yazığımız gəlir. Çünki, biz öz müsəlman qardaşlarımız haqqında lazım olan mə᾿lumatı yadlardan alır, heç bir tədqiqat aparmadan hökm etməyə tələsirik....

Hörmətli oxucular, burada məqsəd əsla ixtilaf yaratmaq, hər hansı bir məzhəbi tənqid etmək deyildir. Әn azı ona görə ki, öz qardaşlarına qalib gəlmək duyğusu sağlam düşüncəsi olan hər bir müsəlman üçün ən böyük nöqsan sayılır. Sadəcə olaraq burada şiə məzhəbinə qarşı söylənən iftira və ittihamlara cavab verməyə və bu məzhəbin bir həqiqət olaraq Әhli-sünnə məzhəblərində təsdiqləndiyini açıqlamağa çalışmışıq. Bu kitabda heç bir şiə mənbəyindən istifadə olunmamış, yalnız Qurani-Kərimdən və Әhli-sünnə kitablarından sitatlar gətirilmişdir.

20 Yanvar, 2002.

Suriya Dəməşq şəhəri.

 

2.ELMİ MÜBAHİSӘ İXTİLAF YARATMIR

Hər hansı bir məsələ ətrafında müzakirə aparmaq, elmi mübahisə etmək ixtilaf və ya düşmənçilik demək deyildir. Elmi mübahisələr həqiqətin açılması, fikirlərin aydınlaşması və nəhayət elmi inkişaf üçün ən gözəl vasitədir.

Müsəlman qardaşlar arasında mövcud olan məzhəb ayrılığı onları elmi mübahisələrdən kənarlaşdırmamalıdır. Bu mübahisə düşmənçilik, təəssübkeşlik doğurmur, əksinə qarşılıqlı anlaşmaya və səmimiyyətə səbəb olur. Әgər müsəlmanlar təəssübkeşlik və qərəzçilik mövqeyindən uzaqlaşıb elmi mübahisələrə üz tutsalar aşağıdakı müsbət keyfiyyətlərə nail ola bilərlər:

1. Elmi inkişaf; Qeyd olunduğu kimi bütün elmi inkişaflar maraq, axtarış və mübahisələrdən doğur. Hal-hazırda bəşəriyyətə xidmət edən əvəzsiz elmi kəşflər mübahisələrin, dialoqların məhsuludur.

2. Dostluq və səmimiyyət; İnsanlar biri-birlərindən uzaqlaşdıqca qəlblərə soyuqluq, bə᾿zən də kin-küdurət hakim olur. Qarşılıqlı ünsiyyət insanlar arasında soyuqluğu aradan aparır, ürəkləri yaxınlaşdırır. Mübahisədən öncə insan qarşı tərəfin qəlbində nələr olduğundan xəbərsizdir. Lakin danışıq zamanı Allah-taalanın vacib buyurduğu qardaşlıq məhəbbəti, dostluq və səmimiyyət telləri möhkəmlənir, ürəklərdə olan vəsvəsə və şübhələr yox olur.

3. Məlumatın artması; Hər iki tərəfin mə᾿lumatı çoxalır, müsəlman qardaşlar biri-birlərini daha yaxından tanıyırlar; onların səhv mə᾿lumatları aydınlaşır, anlaşılmazlıqlar və şayiələr unudulur.

4. Fitnə-fəsadın azalması; Düşmənlərin, qərəzli insanların hiylə və məkrləri zərərsizləşdirilir. Әgər iki müsəlman qardaş üzbəüz əyləşib öz problemlərini danışıq yolu ilə həll edirsə, üçüncü bir şəxsin, hiyləgər düşmənin vasitəçiliyinə ehtiyac qalmır.

Həmçinin düşmənlərin yaydığı səhv mə᾿lumatlar müəyyənləşir; iki müsəlman qardaş ortada hiyləgər bir vasitəçinin olduğunu anlayır.

5. İslam dünyasında mövcud olan problemlərin üzə çıxması; Müsəlman qardaşların ünsiyyət yaratması və elmi mübahisələr aparması İslam dünyasının digər problemlərini aşkarlayır, onların həlli yolları araşdırılır. Hər bir şəxs öz yaşadığı cəmiyyətin keyfiyyətləri, problemləri barəsində açıqlamalar verir, ictimai məsələlər araşdırılır və problemlərin həlli yolları göstərilir. Bu isə İslam dünyasının ən vacib məsələlərindən biridir.

6. Haqq-həqiqətin aydınlaşması. Elmi mübahisələr həqiqəti aşkar edir, insanları mə᾿lumatsızlıq ucbatından düçar olduqları səhvlərdən xəbərdar edir. Bu dünyada yaşamaqda məqsədimiz həqiqətə yetişmək, haqq yolunda addımlamaq deyilmi?

Bütün peyğəmbərlər həqiqəti bəyan etmək üçün göndərilməyiblərmi?

Həqiqətin aşkarlanması üçün biri-birindən üz çevirmək, mə᾿lumatsız qalmaq deyil, səmimi dialoq, qardaşlıq məhəbbəti ilə elmi mübahisələr aparmaq lazımdır.

İslam dini insanları elmə, hikmətə, dərindən düşünməyə səsləyir, elmi araşdırmaları, mübahisələri ibadət hesab edir. Qurani-Kərimə diqqət yetirsək görərik ki, İslama də᾿vət heç də əmr formasında deyil, elmi əsasları və dəlilləri araşdırmağa çağırış şəklindədir. Bir çox ayələrdə Allah-taala əsaslı sübutlar gətirmiş, qəbul etməyənlərə  siz də belə hikmətli ayələr, möhkəm dəlillər gətirin  deyə insanları elmi mübahisəyə dəvət etmişdir.

İslam ideologiyasında heç bir əqidənin kor-koranə qəbul olunması düzgün sayılmır. Qurani-Kərim bu barədə buyurur:

«Müjdə və bəşarət ver o bəndələrimə ki, bütün sözləri dinləyir, ən yaxşı və düzgününə itaət edirlər».

bəzi alimlər elmi mübahisələrdən kənarda qalmaq üçün bu zəmində aparılan araşdırmaları ixtilaf hesab edirlər. Onların fikrincə müsəlman qardaşlığı və vəhdəti qorumaq üçün belə mübahislərdən uzaqlaşmaq lazımdır.

Bu sözlərdə müəyyən qədər həqiqət vardır. Әgər bu mübahisələr elmi şəkildə deyil, qarşı tərəfə hücum, qərəzçilik və inadkarlıq şəklində olarsa təbii ki, vəhdətin pozulması ilə nəticələnə bilər. Lakin bizim tərəfdarlıq etdiyimiz elmi mübahisə səmimi və dostluq şəraitində aparılır və dini qardaşlığımızı daha da möhkəmləndirir.

Məsələn, bir ailənin tərkibində iki qardaş arasında anlaşılmazlıq yaranmışdırsa, bu ixtilafın evdən kənara çıxması qəbahət və olduqca mənfi hal sayılır. Lakin bu qardaşların öz evlərində çay süfrəsi arxasında səmimiyyətlə əyləşib öz problemlərini müzakirə etməsi heç də mənfi hal kimi qiymətləndirilməməlidir. Әksinə, əgər bu qardaşlar öz problemlərini müzakirə edib anlaşmaya gəlməslər, hər ikisinin qəlbi giley-güzarla dolu qalar və narazılıq gündən günə artar.

Biz müsəlmanlar Qurani-Kərimin hökmünə tabe olaraq, tövhid bayrağı altında birləşmişik və qardaşlıq prinsipi əsasında yaşayırıq. «Dost arası sözsüz olmaz» deyiblər; biz qardaşların arasında ola biləcək hər hansı anlaşılmazlıq öz daxili problemlərimizdir. Bu anlaşılmazlıqda Allah şahidi özümüz, ədalətli hakim müqəddəs Quranımızdır. Heç bir kəsin, hətta bəşəriyyətin sülh himayədarlığı iddiasında olanların biz müsəlman qardaşların daxili işinə qoşulmaq, düşmənçilik toxumu səpmək haqqı yoxdur.

Biz öz problemlərimizi həll edə bilməyəcək qədər aciz deyilik. Qardaşlar arasını qatmaq, suyu bulandırıb balıq tutmaq vaxtı artıq tamam olmuşdur.

İndi isə fikir söyləmək, bəşəriyyətə düşdüyü böhrandan xilas olmaq üçün yol göstərmək biz müsəlman qardaşların öhdəsinə düşür. Hələ İslamın bəşəriyyətə deyiləsi sözü çoxdur.

3.TARİX GӘLӘCӘYӘ İŞIQ SAÇIR

İslam məzhəbləri arasında olan ixtilaflı məsələlər daha çox tarixi xarakter daşıyır. Məsələn həzrət Peyğməbərdən (s) sonra xilafət və rəhbərlik məsələsi, o həzrətin bu barədə göstərişləri tarixi məsələlərdir.

bəzi alimlər düşünmək, axtarış aparmaqdan yaxa qurtarmaq üçün tarixi məsələləri müzakirə etməyin zəruri olmadığını bildirirlər. Onlar  ötüb keçənlərlə işiniz olmasın, bu gün haqqında fikirləşin  deyə, müsəlmanları öz dini tarixlərinə nəzər salmaq və araşdırmalar aparmaqdan çəkindirməyə çalışırlar.

Belə bir fikrin irəli sürülməsi məntiqsiz təfəkkür və ya yorğun düşüncə tərzinin məhsuludur desək, yanılmarıq.

Bu düşüncə tərzi müsəlmanları öz keçmişindən, tarixi həqiqətlərdən və çoxlu elmi nailiyyətlərdən uzaq salır. Məhz bu təfəkkür tərzi bizləri o qədər aciz etmişdir ki, Avropa arxeoloqları, antropoloqları meymun sümüklərini insanın əcdadı kimi təqdim etdilərsə də biz susmalı olduq. Bəzən ata-baba torpaqlarımıza göz dikənlərə tarixi sübutlar gətirməyə belə, aciz oluruq. Öz tarixini bilməyən bir millət, bir ümmət bu günü haqqında düzgün qərar verə bilərmi?

Tarix insanların inkişaf yolu, modern cəmiyyətin formalaşdığı bir prosesdir. İnsan yarandığı gündən bu günədək öz dünəninə baxa-baxa bu gününü yaşamış, sabahına yol açmışdır.

İlahi hidayət kitabı olan Qurani-Kərim keçmiş ümmətlərin tarixini bəyan edir, onların həyat yolunu bizlərə xatırladır. Diqqət etsək görərik ki, Qurani-Kərimin təqribən yarısını tarixi hadisələr təşkil edir.

Müqəddəs kitabımız bəşəriyyətin atası Adəm peyğəmbərin yaranmasını, Nuh peyğəmbərin, Musa peyğəmbərin, İbrahim peyğəmbərin mübarizələrini bizlərə xatırladır, fironların, harunların, nəmrudların fəsad və tüğyanlarından söz açır. Bütün bunlar tarixi unutmamağı, ötüb keçənlərdən ibrət almağı bizlərə tövsiyə edir. Bundan əlavə, Qurani-Kərim tarixə diqqət yetirməyi zəruri hesab edərək buyurur:

«De ki, gəzin yer üzünü, sizdən öncə yaşayan insanların aqibətinə baxın....».

Bəli, tarix olub keçsə də unudulmamalı, həmişə diqqət mərkəzində olmalıdır.

Tarix ibrət və təcrübə mənbəyi olaraq gələcəyimizə işıq saçır.

4. ŞİӘ MӘZHӘBİNӘ OLUNAN HÜCUMLAR

Tarix boyu şiə məzhəbi saysız-hesabsız hücumlara, böhtan və iftiralara məruz qalmışdır. Müsəlman qardaşlar arasında ədavət toxumu səpməyə çalışan qərəzli alimlər, bəzi hallarda isə mə᾿lumatsız müsəlmanlar bu məzhəb haqda əsassız sözlər söyləmişlər.

Bir-birlərindən xəbərsiz olan müsəlmanlar hiyləgər düşmənin, təəssübkeş alimlərin iftiralarına uymuş, öz müsəlman qardaşlarına müşrik, azğın gözü ilə baxmışlar.

Çox təəssüflər olsun ki, belə münasibətlərə təkcə avam insanlar arasında deyil, böyük alimlərin və təhqiqatçıların kitablarında da rast gəlmək olur.

Biz burada yalnız bir neçə məşhur alimin kitablarına nəzər salır, onların şiə məzhəbi barəsində söylədikləri cümlələrlə tanış oluruq:

-Şəhabuddin Әbu Ömər Әhməd ibni Məhəmməd ibni Әbdi-rəbbih Qurtəbi Maliki (H.Q. 4-cü əsr) «Әqdul-fərid» adlı kitabının birinci cildində şiələri İslam ümmətinin yəhudiləri adlandıraraq yazır:

«Şiələr yəhudilər kimi təlaqdan sonra iddə saxlamağı lazım bilmirlər.»(Təlaq – boşanma və boşama, iddə isə boşanmış və ya əri ölmüş qadının yenidən ailə qurmasına qadağa qoyulan müddətdir.)

«Şiələr yəhudilər kimi Allahın vəhy mələyi Cəbraili özlərinə düşmən hesab edirlər. Onların etiqadına görə Cəbrail Qurani-Kərimi həzrət Әliyə nazil etməli idi, lakin xəyanət edərək onu həzrət Məhəmmədə (s) nazil etdi».

-Әbu Məhəmməd Әli ibni Әhməd ibni Səid ibni Həzəm Әndəlosi (H.Q. 5-ci əsr) «Әl-fəslu fil-miləli vən-nihəl» kitabında şiələri yəhudi mənşəli kafir adlandıraraq onları yalançı bir firqə sayır. Müəllif həmin kitabın dördüncü cildində yazır:

«Şiələr doqquz qadınla evlənməyi halal hesab edirlər».

-Әhməd ibni Әbdül-Həlim Hənbəli (H.Q. 8-ci əsr) «Minhacus-sünnə» kitabında Peyğəmbər Әhli-beyti barəsində nəql olunmuş bütün hədisləri təkzib etmiş, şiə məzhəbinə saysız-hesabsız böhtanlar atmışdır. İbni Teymiyyə ləqəbi ilə məşhurlaşan bu alim həmin kitabın 1-ci cildində yazır:

«Qibləyə üz tutan firqələr arasında şiələr kimi yalançı bir tayfa yoxdur».

O, qeyd olunan kitabda yazır:

«Şiələr məscidlərə etinasızdırlar. Onlar məscidlərdə cümə və camaat namazı qılmazlar; bəzi hallarda namaz qılsalar da tək halda qılarlar».

«Şiələr evlərində saxladığı itlərə xəlifələrin adlarını qoyur, onları lənətləyirlər».

Həmin kitabın 2-ci cildində şiə məzhəbi ardıcıllarının 12-ci imam Sahibəz-Zamanın yolunu gözləyərək hətta namaz belə qılmadıqları iddia olunur.

-İmam Fəxri Razi özünün «Məfatihul-ğəyb» təfsirində şiə alimlərinin fikirlərini bəyan edərkən, şiələri təkrar-təkrar rafizi (dindən çıxmış) adlandırmış, hər dəfə «Allah onlara lənət etsin» deyə, söyləmişdir.

Bu alim və təfsirçinin fikirləri ilə tanış olmaq üçün qeyd olunan kitabda «Maidə» surəsinin 3-cü ayəsinin təfsirinə nəzər salmaq kifayət edər.

İslam alimlərinin dini araşdırmalarında belə qeyri-obyektivliyə yol verdiklərini görəndə ən azı təəssüf hissi keçirməli olursan. Məhz bu alimlərin qərəzli mövqeləri, cahilanə təəssübləri minlərlə insanın qanının tökülməsi ilə nəticələnmişdir.

Bir çox dünya şöhrətli şiə alimləri belə qərəz və təəssüblərin qurbanı olmuşlar.

Öz zamanında fövqəladə şəxsiyyət, əvəzsiz fəqih və mütəfəkkir Məhəmməd ibni Cəmaləddin Məkki Amilinin (H.Q. 8-ci əsr) faciəli qətli bəlkə də bu kimi hadisələrlə zəngin olan tarix yaddaşımızın kiçik bir xatirəsidir.

Şəhidi-əvvəl ləqəbilə məşhurlaşan bu dahi şəxsiyyət bütün məzhəblərin nümayəndələrinə öz məzhəblərindən dərs verirdi. Onun zindanda olarkən heç bir mənbədən istifadə etmədən yeddi gün ərzində yazdığı «Әl-lümuətud-Dəməşqiyyə» kitabı bu günədək bütün dini hövzələrdə iki-üç illik tədris proqramıdır.

Belə bir alim məhz şiə olduğu üçün Dəməşq qaziləri Bürhanuddin Maliki və İbad ibni Әl-cəmaə Şafeinin hökmü ilə e᾿dam olundu. Daha sonra dar ağacında daş-qalaq etdilər, yandırıb külünü səhraya səpdilər.

Vəhhabilərin son iki yüz il ərzində şiələrə qarşı törətdikləri cinayətlər İslam dünyası üçün xəcalətdən başqa bir şey deyildir. Özlərini Peyğəmbər sünnəsinin yeganə ardıcılları hesab edən bu təriqət ardıcılları çox təəssüf ki, öz tarixinə nəzər salmağı unudur, bir milyarddan artıq İslam ümmətinə kafir, müşrik adı verirlər. Cəhalət bataqlığında qərq olan bu nadanlar hətta, bu təriqətin yaranmasında müstəsna rol oynamış İngiltərə məxfi idarələrinin e᾿tiraflarını belə eşitmək iqtidarında deyillər. Hörmətli oxucular, Böyük Britaniya kəşfiyyatçısı Mister Hemferin Vəhhabi təriqətinin yaranması ilə bağlı yazdığı xatirələri əks etdirən «İngilis casusunun e᾿tirafları» kitabını gözdən keçirmək söylədiklərimizin həqiqət olduğunu təsdiq edər.

İraqın müsəlman əhalisinin başına təsəvvürolunmaz müsibətlər gətirildi. Müqəddəs Kərbəla şəhərində on minlərlə müsəlmanın faciəli şəkildə öldürülməsi, şəhərin talan olunması kaş İslam tarixinin səhifələrinə yazılmayaydı.

Çox təəssüflər olsun ki, tariximizin qan yaddaşına artırılan bu səhifələr hələ də tükənmək bilmir. Әfqanıstanın Məzari-şərif şəhərində yaşayan şiələrin bir neçə il bundan qabaq vəhhabi Taliban tərəfindən kütləvi şəkildə qırılması, kişilərin öldürülüb, qadınların əsir götürülməsi də tariximizə qanlı hərflərlə həkk olundu.

Bəlkə də təəssüf etmək yox, qan ağlamaq lazımdır ki, bəşəriyyətin mənfur düşmənləri olan yəhudi təşkilatları iti xəncərlərini müsəlmanların əli ilə İslamın qəlbinə sancdılar.

Allahın düşmənlərinə, kafir və müşriklərə qarşı icazə verilməyən rəftarları özümüzə qarşı çox rahatcasına tətbiq etdik.

Allaha iman gətirib müqəddəs Qurana itaət edən müsəlman şiə qardaşlar bid᾿ətçi, müşrik, kafir qismində təqdim olundular.

Әvvəldə qeyd etdiyimiz kimi, bu kitabda şiə məzhəbinə qarşı tuşlanan böhtan və iftiraları açıqlayacaq, onlara elmi şəkildə cavab verməyə çalışacağıq. Yə᾿qin ki, Allah-taalanın əvəzsiz ne᾿məti olan ağıl sahibləri məntiqi nəticə çıxarmaqda çətinlik çəkməzlər.

5. ŞİӘ SÖZÜNÜN MƏNASI VӘ YARANMA TARİXİ

Şiə sözünün mənası lüğət kitablarında tabe, ardıcıl kimi göstərilmişdir.

Әrəb dilində «şiətur-rəcul» sözü deyildikdə, o kişinin arxasıyca gedən, ona tabe olan mənası nəzərdə tutulur.

Məşhur Әhli-sünnə lüğət və ədəbiyyatçıları Firuzabadi «Qamusul-lüğət» və İbni-Әsir «Nihayətul-lüğət» kitabında şiə sözünün mənası haqda belə yazırlar:

«Həqiqətən bu ad (şiə) Әli (ə)-ı və onun Әhli-beytini sevənlərə şamil olurdu. Daha sonra bu ad onrlar üçün xüsusiləşdi».

Şiə məzhəbi ardıcılları Әli (ə)-ın tabeləri olduqları üçün onlara aid edilən bu ad sonradan xüsusiləşdi. Belə bir sual ortaya çıxır: Nə üçün bu məzhəb Həzrət Məhəmmədin (s) ümməti kimi müsəlman deyil, sonradan qondarılmış şiə adını daşıyır?

Cavab:

1. Biz insanlar yalnız və yalnız öz yaradanımıza baş əyir, Ona itaət edirik. Allahdan başqa heç bir kəsin əmrinə itaət etmək bizim vəzifəmiz deyildir. Fiziki və ya mə᾿nəvi gücündən asılı olmayaraq, kimsənin bizlərə göstəriş vermək hüququ yoxdur. Lakin əmr və itaət sahibi olan Allah-taala bizlərə müəyyən bir şəxsə itaət etməyi əmr edərsə, bu şəxsin itaəti bizim üçün vacib sayılır. Bu şəxsin itaəti, onun əmrlərinə tabe olmaq bilavasitə Allah-taalanın əmrinə itaət etmək deməkdir.

Allah-taala bəşəriyyətin atası Adəmi yaratdıqdan sonra bütün mələklərə onun qarşısında səcdə etməyi əmr etdi. Bu səcdə Allahın Öz icazəsi və əmri ilə olduğu üçün sözsüz ki, Allah-taalanın Özünə səcdə hesab olunur. Uca və əzəmətli Allah bizlərin hidayəti üçün həzrət Məhəmmədi (s) peyğəmbərlik məqamına təyin etdi. O həzrətin bütün əmrlərinə itaət etməyi bizlərə əmr etdi. Allah Rəsulunun əmrlərinə itaət etmək heç də Allahdan qeyrisinə itaət etmək sayılmır. Bu itaət bilavasitə Allah qarşısında baş əymək, Onun əmrlərinə tabe olmaqdır. Necə ki, «Nisa» surəsinin 80-cı ayəsində buyurulur:

«Hər kəs peyğəmbərə itaət edərsə, Allaha itaət etmişdir».

Bu məntiqlə həzrət Peyğəmbər (s) müsəlmanlara müəyyən bir şəxsin itaətini əmr edərsə, bu itaət bütün müsəlmanlara vacib olur. Bu şəxsin itaəti Peyğəmbərin (s) itaəti və bilavasitə Allah-taalanın itaəti sayılır. Biz gələcək bəhslərimizdə isbat edəcəyik ki, Allahın Rəsulu bütün müsəlmanlara özündən sonra Әli (ə)-a itaət etməyi vacib buyurmuşdur.

Deməli, əgər Әli (ə)-ın itaəti Peyğəmbərin (s) əmri və göstərişidirsə, onun ardıcılı (şiə) olmaq Peyğəmbər (s) itaətindən kənara çıxmaq deyildir.

2. Şiə sözünün həzrət Peyğəmbərdən (s) sonra qondarılması həqiqətə uyğun deyildir. Bu söz hətta Qurani-Kərimdə də işlədilmiş, insanların bəziləri digərlərinin şiəsi adlandırılmışdır. «Saffat» surəsinin 83-cü ayəsində İbrahim peyğəmbər (ə) Nuh peyğəmbərin (ə) şiəsi kimi təqdim olunur:

«Onun (Nuh) şiələrindən biri İbrahim idi».

Şiə sözü Peyğəmbərin (s) zamanında da işlədilmiş, bu barədə yüzlərlə hədis və rəvayətlər nəql olunmuşdur.

Böyük əhli-sünnə alimi, hədisşünas Hafiz Әbu-nəim İsfahani mö᾿təbər sənədlərlə İbni Abbasdan nəql edir:

«Bəyyinə surəsinin 7-ci ayəsi nazil olduqdan sonra:

“İman gətirib saleh əməl edənlər ən yaxşı məxluqdurlar. Onların mükafatı Rəbblərinin hüzurunda altından çaylar axan cənnət bağlarıdır. Onlar əbədi olaraq bu bağlarda qalarlar. Allah onlardan, onlar da Allahdan razıdırlar”.

Peyğəmbər (s) Әli (ə)-a üzünü tutaraq buyurdu:

Ya Әli, onlar sən və sənin şiələrindir. Qiyamət günü sən və sənin şiələrin Allahdan razı, Allah da sizdən razı olar.»

Həmçinin bu mö᾿təbər hədis aşağıdakı əhli-sünnə kitablarında yazılmışdır:

1. Mənaqib - Әbul-müəyyəd ibni Әhməd Xarəzmi;

2. Şəvahidut-tənzil fi qəvaidit-təfsil - Hakim Әbul-Qasim Ubeydullah ibni Әbdullah Әl-Həskani;

3. Kifayətut-talib - Məhəmməd ibni Yusif Gənci;

4. Təzkirətu xəvassil-ümmə fi mərifətil ümmə - Sibt ibni Cuzi.

5. Durrul-mənsur fi kitabillahil-mə’sur - Cəlaləddin Siyuti;

6. Səvaiq - İbni Həcər;

7. Nihayə - İbni Әsir;

8. Cəvahirul-əqdəyn - Әllamə Səmhudi;

9. Füsulul-mühimmə - Nurəddin Әli ibni Məhəmməd ibni Әhməd Maliki.

Әhli-sünnə raviləri (hədisşünaslar) Seyyid Әli Həmdani Şafei “Məvəddətul-qurba” kitabında və İbni Həcər “Әs-səvaiqul-mühriqə” kitabında həzrət Peyğəmbərin (s) xanımı Ümmu-Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu:

“Ya Әli, sən və sənin səhabələrin, sən və sənin şiələrin cənnətdə olacaqlar”.

Bu hədislərdən mə’lum olur ki, şiə sözü heç də sonradan qondarılmış bir termin deyildir. Әksinə, bu kəlmə Peyğəmbərimizin (s) dilindən bəyan olunmuşdur və o həzrət, Әli (ə)-ın tərəfdarlarını şiə adlandırmışdır.

6. ABDULLAH İBNİ SӘBA

Bə’zi qərəzli alimlər iddia edirlər ki, şiə məzhəbi üçüncü xəlifə Osman ibni Әfvanın dövründə Abdullah ibni Səba adlı bir şəxs tərəfindən yaradılmışdır.

Әslən yəhudi olan Abdullah ibni Səba müsəlmanlar arasında təfriqə və ixtilaf yaratmaq üçün belə bir məzhəbin bünövrəsini qoymuş və bütün şiələr öz əqidələrində onun fikir və ètiqadına tabe olmuşlar.

Bu iddianın şiə məzhəbi barəsində ağ yalan və iftira olması gün kimi aydındır. Hər şeydən öncə hamıya mə’lumdur ki, şiə e’tiqadı üçüncü xəlifə Osman ibni Әfvanın dövründə meydana gəlməmişdir. Ötən bəhsimizdə göstərdik ki, şiə məzhəbinin hələ Peyğəmbərin (s) dövründə mövcud olması onlarla əhli-sünnə kitablarında təsdiq olunmuşdur. Yüzlərlə mö’təbər hədis bu məzhəbin Peyğəmbərin (s) özü tərəfindən açıqlanmasını sübuta yetirir və onun tarixi köklərinin bu təəssübkeş alimlərin iddialarına uyğun olmadığına şəhadət verir. Digər tərəfdən əgər şiə məzhəbinin banisi həqiqətən də Abdullah ibni Səba olmuşdursa, gərək bu şəxs şiələr tərəfindən bir əqidə rəhbəri, mö̀htərəm bir şəxs kimi qəbul olunsun.

Sözsüz ki, bir məzhəbin banisi, o məzhəb tərəfdarları tərəfindən həmişə tə’rif və sitayiş olunmalıdır.

Lakin, şiə məzhəbinin elmi, tarixi mənbələrinə baxsaq, bu şəxsi tə’rif və sitayiş edən bir cümləyə də rast gəlmərik. Әksinə, Abdullah ibni Səba və onun əqidəsi bütün şiə kitablarında tənqid olunmuş, hətta o, ifratçı şəxsə lə’nət yağdırılmışdır.

Bütün şiə kitablarında nəql olunmuş hədislərdə Abdullah ibni Səbanın kafir və məl᾿un bir şəxs olduğu göstərilir. Әllamə Məclisinin “Biharul-Әnvar” kitabında, həmçinin onlarla digər kitablarda mö’təbər sənədlərlə göstərilir:

“Әli (s) Abdullah ibni Səbanı üç gün həbsdə saxladıqdan sonra, o şəxs tövbə etmədiyi üçün onu odda yandırdı”.

Həmin kitablarda imam Cə’fər Sadiq (ə)-ın Abdullah ibni Səba barəsində buyurduğu hədis təkrar-təkrar yazılmışdır:

“Allah Abdullah ibni Səbaya lə’nət etsin; o kişi Әli (ə)-ın Allah olduğunu iddia etdi. Allaha and olsun ki, Әli (ə) Allahın itaətkar bəndəsi idi. Vay olsun bizim haqqımızda yalan söyləyənlərə....”

İbni Babəveyh «Әqaidi Səduq» kitabında imam Cə’fər Sadiq (ə)-ın səhabəsi ibni Ә’yundan nəql edir:

«Bir gün imam Sadiq (ə)-ın hüzuruna gedib soruşdum ki, Abdullah ibni Səbanın nəslindən bir şəxs deyir ki, Allah-taala Məhəmməd (s) və Әli (ə)-ı yaradıb bütün işləri onlara tapşırdı. Onlar yaradar, ruzi verər, öldürər və dirildərlər. Sizin bu barədə fikriniz necədir? İmam Sadiq (ə) buyurdu: Yalan deyir o Allah düşməni.»

Әgər biz şiə kitablarına nəzər salsaq, Abdullah ibni Səbanı lə’nətləyən yüzlərlə hədisə rast gələrik.

Doğrudan da əgər Abdullah ibni Səba bu məzhəbin banisi olsaydı, şiələr nə üçün «öz əqidəvi rəhbərlərinə» bu qədər tənqid və lə’nət yağdırmalı idilər?!

Belə bir şəxsin tarixdə mövcud olması və batil bir məzhəbin bünövrəsini qoyması ilə işimiz yoxdur. Lakin o kafir və iftiraçı şəxsin bəyan etdiyi heç bir əqidə şiə məzhəbinə aid deyildir.

Yuxarıda qeyd etdiyimiz hədislərdən mə’lum olur ki, Abdulllah ibni Səba Әli (ə)-ın Allah olduğunu iddia edirdi. Bu fikir «Ğulat» yə’ni, «Әliallahilər» məzhəbinin bünövrəsini qoydu. Әliallahilər məzhəbinin heç bir əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamış və onlar kafir hesab olunmuşlar.

Onlar yəhudi əsilli bir iftiraçının yalanlarına uyub kor-koranə şəkildə Qur’ani-Kərimin göstərişlərinə qarşı çıxır, Әli (ə)-ın Allah olduğuna e’tiqad bəsləyirlər.

Şiə məzhəbində e’tiqad məsələlərini açıqlamağa və ya geniş izahat verməyə ehtiyac yoxdur. Bütün şiələr Allah-taalanın vahid olduğuna, Allahdan özgə hər şeyin məxluq və ona möhtac olduğuna inanırlar.

«De ki, ey kitab əhli, nahaq olaraq öz dininizdə həddinizi aşmayın.....» (Maidə-77).

Vahid Allaha iman gətirən şiələr bu ayəni rəhbər tutaraq hər hansı bir şəxsin barəsində həddən artıq tə’rif vermək, o şəxsi sahib olduğu məqamdan uca hesab etməyi öz əqidəsinə zidd hesab edirlər.

Bütün şiə kitablarında Әli (ə)-ı Allah hesab edən şəxslər kafir və murdar hesab olunur, onlarla evlənmək, onları qüsl-kəfən edib müsəlman qəbristanlığında dəfn etmək qadağan edilir.

Bu batil məzhəbi lə’nətləyən saysız-hesabsız hədislər şiə kitablarında yazılmışdır.

Gördüyünüz kimi Abdullah ibni Səba kimi iftiraçı bir şəxsin nə özü, nə əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamışdır. Şiə məzhəbi Әli (ə)-ı ilahiləşdirən, hətta onu Peyğəmbərdən (s) yüksək təqdim edən hədisləri tamamilə yalan və iftira hesab edir.

«Ya Әli, doğulduğun günü görməsəydim sənə Allah deyərdim».

Böyük Peyğəmbərimizdən (s) nəql olunmuş bu kimi qondarma hədislər, İslam dinini, xüsusilə şiə məzhəbini gözdən salmaq üçün uydurulmuş yalanlardır.

7. PEYĞӘMBӘR VӘ ӘHLİ-BEYTӘ TӘVӘSSÜL

Ötən bəhsimizdə qısa şəkildə olsa da, şiə məzhəbinin e’tiqadi məsələləri ilə tanış olduq. Qeyd etdik ki, şiələr ilk növbədə tövhidə inam bəsləyir və heç bir əməldə heç bir şeyi Allah-taalaya şərik qoşmurlar.

Uzun illər boyu şiə məzhəbinə olunan iradlardan biri də onların Peyğəmbər (s) və onun Әhli-beytinə təvəssül etmələridir:

Әgər şiələr tövhidə iman gətirmişlərsə, nə üçün öz hacət və istəklərini Allahdan deyil, Peyğəmbər (s) və imamlardan istəyirlər?

Cavab:

1. Hər şeydən öncə təvəssül etməyin mə’na və mahiyyəti açıqlanmalıdır.

Təvəssül etmək bir şəxsdən hacət, istək tələb etmək deyildir. Təvəssül sözünün mə’nası «vasitə salmaq» deməkdir. Bir şəxs Peyğəmbər (s) və ya onun Әhli-beytinə təvəssül edirsə, bu, Allahdan özgəyə sığınmaq deyil, onları vasitə salaraq Allahdan öz istəyini diləməkdir;

2. Yaşadığımız dünyaya diqqət etsək görərik ki, bu dünyaya vasitələr qanunu hakimdir. Hər bir şey vahid Allahın hökmü ilədir, lakin Allah-taala Özü bizlərə vasitələr göstərmiş və bu vasitələrdən nəticə almağı əmr etmişdir.

Məsələn, xəstələndiyimiz zaman mütləq həkimə və onun məsləhətlərinə müraciət etməliyik. Bütün dərdlərin dərmanı Allah-taalanın əlində olmasına baxmayaraq, biz Onun yaratdığı vasitələrə müraciət edirik. Xəstəliyimizin sağalması üçün həkimə müraciət etmək heç də Allahdan qeyrisinə sığınmaq deyil, həqiqətdə öz Pərvərdigarımıza sığınıb Onun yaratdığı vasitələrdən istifadə etməkdir.

3. Allah-taala Maidə surəsinin 35-ci ayəsində buyurur:

«Ey iman gətirənlər, Allahdan qorxun və Onunla öz aranızda vasitə tapın».

Qur’ani-Kərimin təkcə bu ayəsi təvəssül etməyin yə’ni, Allah-taalaya yaxınlaşmaq üçün vasitə tapmağın zəruri olduğuna kifayət edər. Bu ayədə vasitə dedikdə Peyğəmbər (s) və onun Әhli-beyti nəzərdə tutulur. Bu məsələ bir çox əhli-sünnə alimləri tərəfindən təsdiqlənmişdir. O cümlədən: Hafiz Әbu Nəim İsfahani «Nüzulul-Qur’an fi Әli» kitabında; Hafiz Әbu Bəkr «Ma nəzələ minəl-Qur’an fi Әli» kitabında; İmam Әhməd Sə’ləbi «Kəşful-bəyan» təfsirində; İbni Әbil Hədid Mö’təzili «Şərhu-nəhcil-bəlağə» kitabında və onlarla digər əhli-sünnə alimi bu ayədə «vasitə» sözünün Peyğəmbər (s) və Әhli-beytə şamil olduğunu bəyan etmişlər.

4. Әhli-sünnə kitablarında yazılmış çoxlu sayda hədislərdə xəbər verilir ki, Peyğəmbərin (s) böyük səhabələri çətin məqamlarda Әhli-beytə təvəssül etmiş, onlardan kömək istəmişlər. İbni Həcər Məkki «Әs-səvaiqul-mühriqə» kitabında yazır:

«Hicrətin 17-ci ilində şiddətli quraqlıq oldu. Camaat dəfələrlə «İstisqa» namazına (yağış tələb etmək üçün xüsusi namaz) getdilər, lakin heç bir nəticə hasil olmadı. İkinci xəlifə Ömər ibni Xəttab dedi: Sabah bir şəxsin vasitəsi ilə Allahı səsləyəcəyəm ki, mütləq yağış yağacaq.

Sabah sübh açılan kimi Ömər ibni Xəttab Peyğəmbərin (s) əmisi Abbasın qapısına gedib dedi: Evdən bayıra gəl ki, sənin vasitənlə Allahdan yağış istəyək.

Abbas dedi: Bir az otur, mən lazım olan vasitələri tapım.

Sonra Abbas Bəni-haşim tayfasını səslədi. Onlar evdən çıxanda Әli (ə) qabağda, Həsən və Hüseyn sağ və sol tərəfində, Bəni-haşim tayfası isə Abbasın arxası ilə gəlirdilər. Abbas üzünü Ömərə çevirib dedi: Heç kəs bizə qarışıb müsəllaya (namaz qılınan yerə) gəlməsin.

Müsəllaya yetişməzdən əvvəl Abbas əllərini qaldırıb dedi: İlahi, Sən bizi yaratmısan və bizim əməllərimizə alimsən. Pərvərdigara, bizə əvvəldə lütf və mərhəmət elə!

Cabir ibni Әnsar deyir: Dua tamam olmamış buludlar hərəkətə gəldi, yağış yağmağa başladı».

İbni Həcər, Buxaridən (Səhih-buxari kitabının müəllifi) nəql edir ki, ikinci xəlifə Ömər ibni Xəttab quraqlıq illərində Peyğəmbərin (s) əmisi Abbasın yanında durub belə dua edirdi: İlahi, biz Sənin Rəsulunun əmisinə təvəssül edib Səndən yağış diləyirik».

Bu hədisi İbni Әbil Hədid Mö’təzili «Şərhu-nəhcil-bəlağə»  kitabının 2-ci cildində təfsilatı ilə gətirmişdir.

Burada belə bir iradın olması mümkündür: Peyğəmbər (s) və Әhli-beytə təvəssül etmək onların diri olduqları zamana aiddir. Öldükdən sonra belə bir təvəssülün nə əhəmiyyəti vardır?

Cavab:

Biz müsəlmanların əqidəsinə görə ölüm insanların yox olması demək deyildir. İnsanlar cismən torpağın altına köçsələr də, ruhən həmişə diridirlər. Biz onları görməsək də onlar bizi görür, səsimizi eşidirlər. Məncə bu barədə geniş izah verməyə ehtiyac yoxdur. Ölümdən sonra yeni bir həyatın başlanması İslam dinində zəruri sayılan bir e’tiqaddır. Bunu inkar edən şəxslər müsəlman sayılmırlar. Nə üçün biz ölülərə salam veririk? Nə üçün Qur’ani-Kərimdə keçmiş peyğəmbərlər xatırlanır, onlara salam göndərilir?

Nə üçün Allah-taala «Әhzab» surəsinin 56-cı ayəsində Peyğəmbərə (s) salavat və salam söyləməyi bizə vacib buyurmuşdur?

Әgər onlar bizim səsimizi eşitmirsə, ölüb yox olmuşlarsa, bu salamların nə kimi əhəmiyyəti vardır? Bütün bunlardan əlavə, Allah-taala müqəddəs kitabında bə’zi insanların əsla ölü olmadıqlarını aşkar şəkildə bəyan edir.

«Allah yolunda ölənlərə ölü deməyin, onlar diridirlər, lakin siz anlamırsız». (Bəqərə-154).

«Allah yolunda ölənlər əsla ölü sayılmazlar, onlar diridirlər...». (Ali-İmran-169).

Peyğəmbər (s) və onun pak Әhli-beyti (ə) Allah yolunda ölmədilərmi? Onlara ölü demək, bizim səsimizi eşitmirlər söyləmək bizim əqidəmizə uyğun gəlirmi?

Bu dəlil və sübutların qarşısında belə bir iradın olacağını da istisna etmirik:

«Şiələr Peyğəmbər (s) və onun Әhli-beytinə təvəssül etmirlər. Onlar bu müqəddəs şəxsləri vasitə kimi yox, əsl sığınacaq kimi səsləyirlər».

Cavab:

Peyğəmbər (s) və Әhli-beytə təvəssül etməyin müəyyən qaydaları vardır. Bu qaydalar mö’təbər kitablardan öyrənilməli, İslam ideologiyasına uyğun istifadə olunmalıdır. Təbii ki, bəzi savadsız və avam insanlar öz təvəssüllərində səhvə yol verə bilərlər. Avam insanların etdikləri səhvlər onların mənsub olduğu qəbiləyə və ya məzhəbə xələl gətirməz. Burada bir əhvalatı xatırlatmaq yerinə düşərdi:

«Bir avam müsəlman uzun illər hazırlıqdan sonra Həcc ziyarətinə getməyə nail olur. Dünyadan xəbərsiz olan bu savadsız kişi müqəddəs Kə’bəni görən kimi divarları qucaqlayaraq: «Qəbrinə qurban olum ay Allah!» (nəuzu-billah) deyə ağlamağa başlayır».

Bu savadsız şəxsin anlamadan bu cür küfr etməsi onun mənsub olduğu millətin, məzhəbin kafir olduğuna dəlalət edirmi?

Şiə məzhəbində təvəssülün nə olduğunu, hansı qanunlar çərçivəsində həyata keçirildiyini aydınlaşdırmaq üçün mö’təbər kitablara, böyük alimlərin göstərişlərinə müraciət etmək lazımdır.

Burada əksər münacat kitablarında yazılmış «Təvəssül duası»ndan bir parçanı diqqətinizə çatdırırıq:

«Ey mənim seyyid və mövlalarım! (Peyğəmbər (s) və Әhli-beyt(ə) nəzərdə tutulur) Mən sizə üz tutdum, siz mənim rəhbərlərim, çətin günümdə köməyim, Allahla mənim aramda hacət və istək vasitəmsiniz. Mən sizi öz Allahıma doğru vasitə etdim, sizin vasitənizlə Ondan şəfaət istədim, Allah yanında  mənə şəfaət edin, günahlarımın bağışlanmasını istəyin. Siz mənim vasitəmsiniz, sizin sevginizlə, sizin yaxınlığınızla Allahdan nicat istəyirəm. Allah hüzurunda mənim ümidim olun, ey mənim ağalarım, ey Allahın dostları.....»

Təvəssül duasının bir hissəsinin tərcüməsini əziz oxuculara təqdim etdik. Hörmətli oxucular duanın mətnində tövhidə zidd olan bir kəlmənin olub-olmadığını yəqin ki, asanlıqla mülahizə edə bilərlər.

8. ŞİӘ MӘZHӘBİNDӘ XİLAFӘTӘ MÜNASİBӘT

İslam peyğəmbəri həzrət Məhəmməd (s) on üç il doğma vətəni Məkkə şəhərində İslam dinini təbliğ etdikdən sonra Yəsrib (Mədinə) şəhərinə hicrət etdi.

Bu hicrətin fəlsəfəsi ilk növbədə Peyğəmbərin (s) canının hifz olunması, həmçinin İslamın təbliği üçün əlverişli mövqe seçmək idi. İslam dini ictimai bir din olduğu üçün dini hakimiyyət qurulması, ilahi hökmlərin ictimaiyyətdə tətbiq olunması və nəhayət İslam dininin müdafiəsi üçün strateji mövqe seçməyə ehtiyac duyulurdu. Bu dini hakimiyyət Peyğəmbərin (s) risalətinin başlıca göstərişlərindən idi.

Peyğəmbər (s) yaranmış ilkin şəraitdən istifadə edərək öz risalətinin bu mühüm məqsədini həyata keçirdi. Mədinə şəhərində ilk İslam dövləti, bu dövlətin atributları, ədalətli qanunları və güclü ordusu yaradıldı.

Allahın Rəsulu ömrünün sonunadək ilahi vəhy və müqəddəs Qur’anın hökmləri ilə bu hakimiyyətin rəhbərliyini öz öhdəsinə götürdü.

Həzrət Məhəmmədin (s) dünyanı tərk edib əbədiyyətə qovuşması ilə bu hakimiyyət sona yetməli deyildi. Qiyamətə qədər bəşəriyyətin hidayətini öz öhdəsinə götürmüş İslam dini Peyğəmbərdən (s) sonra da ictimai rəhbərliyində, ədalətli hakimiyyətində qalmalı idi. Bu hakimiyyət Peyğəmbərin (s) xilafəti adlanır.

Xilafət hansı əsaslarla qurulmalıdır?

İslam hökumətinə kim rəhbərlik etməlidir? Bu rəhbər hansı yolla tə’yin olunmalı, kim tərəfindən seçilməlidir?

Hər hansı bir şəxs və ya dəstənin hakim və rəhbər olması üç yolla mümkündür:

1. İrsi yolla –hakim şəxs öldükdən sonra o şəxsin varisləri hakimiyyətə yiyələnirlər. Bu günədək ərəb krallıqlarında hakimiyyət irsi yolla tə’yin olunur;

2. Güc vasitəsi ilə – hamıdan güclü və varlı bir şəxs öz imkanlarından istifadə edərək zor gücü ilə özünü hakim e’lan edir. Bu şəxsin hakimiyyətə yararlı olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Bu hakimiyyətə itaət etmək icbaridir;

3. İcma və ya referendum – xalq səsvermə yolu ilə bir şəxsi hakimiyyətə tə’yin edir. Demokratik dövlətlərdə hakimiyyət səsvermə yolu ilə seçilir.

İslam hakimiyyəti və Peyğəmbərin (s) xilafəti bu üç yolun hansı biri ilə tə’yin olunmalıdır?

İrsi yolla İslam hakiminin seçilməsi tamamilə batil bir üsuldur. Heç bir şəxs atası hakim olduğu üçün hakimiyyət hüququ qazana bilməz.

Güc vasitəsi ilə hakimiyyətə gələn şəxsin də hakimiyyət hüququ məqbul sayılmır. Zülm və zor gücü ilə rəhbərliyə yiyələnən bir kəsin hakimiyyəti heç bir normal insan tərəfindən qəbul oluna bilməz.

İcma və ya referendum, başqa sözlə desək səsvermə yolu ilə hakimiyyətin tə’yin olunması müsəlmanlar arasında mübahisə doğuran məsələlərdən biridir.

Әhli-sünnə məzhəblərinin əksəriyyəti Peyğəmbərdən (s) sonra hakimiyyətin səsvermə yolu ilə tə’yin olunmasının zəruriliyini bildirirlər. Onlar, birinci xəlifə Әbu Bəkr ibni Qəhafənin xilafət və hakimiyyətinin bu yolla seçildiyinə e’tiqad bəsləyir və bu hakimiyyəti dini nöqteyi-nəzərdən məqbul hesab edirlər.

Şiə məzhəbində səsvermə yolu ilə Peyğəmbər (s) xəlifəsinin tə’yin olunmasını dini və elmi nöqteyi-nəzərdən düzgün hesab etmirlər. İslam hakimiyyətinin səsvermə və icma yolu ilə seçilməsinin İslam əsaslarına zidd olmasına aşağıdakı dəlil və sübutları gətirmək olar:

1. Xalqın əksəriyyətinin hər hansı bir məsələyə tərəfdar olması o məsələnin məqbul olması demək deyildir. İnsanlar ayrı ayrılıqda nöqsanlı ağıl, bə’zən səhv düşüncələrdən ibarətdirlər. Yüz və ya min səhv düşüncəli insan bir yerə toplansa belə, düzgün nəticəyə gələ bilməzlər. Bu toplantı yalnız və yalnız yüz və ya min səhv düşüncə və fikirdən ibarətdir.

Allah-taala Qur’ani-Kərimdə dəfələrlə xalqın əksəriyyətinin düşüncəsiz olduğunu, həqiqəti dərk edə bilmədiklərini bəyan etmişdir:

«Bu həqiqi bir dindir, lakin xalqın əksəriyyəti dərk etməzlər» (Yusif-40).

2. Biz ilahi hakimiyyəti digər hakimiyyətlərlə qarışdırmamalıyıq.

Bir şəxsə hakimiyyət verən şəxsin belə bir hüququ olmalıdır.

Hakimiyyət hüququ ilk növbədə Allaha məxsusdur. Allah-taala bu hüququ yalnız Özü istədiyi şəxsin öhdəsinə qoyur:

«Hökm yalnız Allaha məxsusdur».

Qur’ani-Kərimdə bütün ümmətlərə hakimin yalnız Allah tərəfindən tə’yin olunduğu xəbər verilir:

«O zaman ki, Allah İbrahimi müxtəlif vasitələrlə imtahan etdi. İbrahim bu imtahanların öhdəsindən gəldikdən sonra, Allah-taala - səni bu ümmətə rəhbər və imam tə’yin etdim - dedi».

Başqa bir ayədə Bəni-İsrail tayfasına tə’yin olunan hakim barəsində söhbət açılır:

«Onların arasında olan peyğəmbər dedi: Allah-taala Talutu sizə hakim qərar verdi».

Bu ayələr və onlarla digər ayə bizə açıq şəkildə bəyan edir ki, dini hakimiyyət yalnız və yalnız Allah-taalaya məxsus olan bir hüquqdur. İnsanlara şax damarından yaxın olan Allah Öz ilahi hakimiyyətini istədiyi şəxsin öhdəsinə qoya bilər. Beləliklə, qeyd etdiyimiz üç yolun heç biri ilahi hakimiyyətin tə’yin olunması üçün düzgün sayılmır.

Şiə məzhəbinin əqidəsinə əsasən xilafət və rəhbərlik Allah-taalanın əmri ilə Peyğəmbər (s) tərəfindən tə’yin olunmalıdır.

9. İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?

Ötən bəhsimizdə ilahi hakimiyyətin tə’yin olunması yollarını araşdırdıq.

Qeyd etdik ki, Peyğəmbərin (s) xəlifəsi və İslam hökumətinin rəhbəri yalnız Allahın əmri ilə Onun mə’sum Rəsulunun vasitəsi ilə tə’yin olunmalıdır. Bu məsələnin nə dərəcədə zəruri olmasını izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Kiçik bir müəssisənin rəhbəri səfərə getdiyi zaman öz işini mütləq inanılmış bir şəxsə tapşırır. Müəssisə və ya idarənin başsız qoyulması, qısa müddət ərzində özbaşınalıq və hərc-mərcliyin yaranmasına səbəb olacaqdır. Bütün insanlardan müqayisəedilməz dərəcədə ağıllı və uzaqgörən bir şəxs olan Peyğəmbər (s) 23 il ərzində ağır zəhmətlərin və saysız-hesabsız şəhidlərin qanı hesabına qurduğu bir ideal hakimiyyəti özbaşına qoya bilərdimi? Hətta qısa müddətli səfərlərə getdikdə Mədinə şəhərinə canişin tə’yin edən bir şəxs ümməti öz ixtiyarına buraxıb gedə bilərdimi?

Bu sualın cavabı dinindən və məzhəbindən asılı olmayaraq, hər bir ağıl sahibinə mə’lumdur. Lakin burada bir addım geri çəkilərək əhli-sünnənin mö’təbər saydığı səsvermə və ya icma məsələsinə nəzər salırıq.

Peyğəmbərdən (s) sonra xəlifələrin tə’yin olunma məsələsini əhli-sünnənin iddia etdiyi səsvermə və ya icma üsulu ilə olub-olmadığını araşdıraq.

1. Peyğəmbər (s) vəfat etdiyi gün, hətta dəfn mərasimindən öncə bir dəstə müsəlman Səqifə adlı bir yerə toplanıb Әbu Bəkr ibni Qəhafəni xəlifə seçdilər.

Yə’qin ki, səsvermənin bütün xalqın iştirakı və əksəriyyətin səsverməsi ilə müəyyənləşdiyini hamı qəbul edir. Çünki, azlıq təşkil edən bir dəstə xalqın əksəriyyətinə hakim ola bilməz.

Səqifə dediyimiz məkan Bəni-Saidə tayfasının müzakirə üçün toplandığı üstü bağlı kiçik bir yer idi.

Peyğəmbər (s) vəfat edən gün bu kiçik yerdə müsəlmanların neçə faizinin toplanmasının mümkünlüyü hamıya aydındır.

Bəs digər müsəlmanların, yerdə qalan böyük əksəriyyətin bu seçkidə iştirak etmək hüququ yox idimi?

Yəmən, Taif və digər ölkələrdə yaşayan yüz minlərlə müsəlman özlərinə rəhbər seçmək hüququndan məhrum idilərmi?

Böyük əhli-sünnə alimləri imam Fəxri Razi, Cəlaləddin Süyuti, İbni Әbil Hədid Mö’təzili, Təbəri, Buxari, Müslim və s. öz kitablarında açıq şəkildə bəyan etmişlər ki, hətta bu səsvermədə Mədinə müsəlmanlarının böyük əksəriyyəti iştirak etmədilər.

Bəs icma və səsvermə dedikdə kimlər nəzərdə tutulur?

2. Әgər icma və səsvermə hüququ təkcə səhabələrə aiddirsə, əhli-sünnə alimlərinin yazdığı kitablar belə bir iş üçün tələb olunan yetərsayın olmadığını yazırlar. Peyğəmbərin (s) Mədinə şəhərində olan səhabələrinin böyük bir qismi nəinki bu səsvermədə iştirak etmədilər, hətta Әbu Bəkrə bey’ət etməkdən boyun qaçırdılar. Әhli-sünnə alimlərindən İbni Həcər Әsqəlani, Bilazəri öz tarix kitablarında, Məhəmməd Xandşah «Rövzətus-səfa» kitabında, İbni Әbdül-birr «İstiab» kitabında yazırlar:

«Sə’d ibni Ubadə, Xəzrəc tayfası (Mədinə şəhərində böyük tayfalardan biri), Qüreyş tayfasının bir hissəsi və 18 nəfər məşhur səhabə Әbu Bəkrə bey’ət etmədilər:

1. Salman Farsi;

2. Әbuzər Ğəffari;

3. Miqdad ibni Әsvəd Kəndi;

4. Әmmar Yasir;

5. Xalid ibni Səid ibn As;

6. Bəridəh əl-Әsləmi;

7. Әbi ibni Kə’b;

8. Xəzimə ibni Sabit zu-şəhadətəyn;

9. Әbul Heysəm ibn Teyhan;

10. Səhl ibni Hənif;

11. Osman ibni Hənif Zu-şəhadətəyn;

12. Әbu Әyyub Әnsari;

13. Cabir ibni Abdullah Әnsari;

14. Həzifə ibni Әl-yəman;

15. Sə᾿d ibni Ubadə;

16. Qeys ibni Sə᾿d;

17. Abdullah ibni Abbas;

18. Zeyd ibni Әrqəm.

Digər hədislərdə, o cümlədən Әhli-sünnə tarixçisi Yə᾿qubinin tarixində Әli (ə)-ın və Peyğəmbərin (s) əmisi Abbasın  bey᾿ət etmədikləri yazılmışdır. Ümumiyyətlə, Bəni-Haşim tayfasının bey᾿ət etmədiyi barədə geniş söhbət açacağıq.

3. Әgər həqiqətən müsəlmanlar yığışıb səsvermə yolu ilə özlərinə rəhbər seçirdilərsə, nə üçün bu işə bütün müsəlmanları, heç olmasa səhabələri də᾿vət etmədilər? Peyğəmbərin (s) pak cənazəsi qüsl-kəfən olunan bir zamanda səs-səmir salmadan bir xəlvətə çəkilib ümmətə rəhbər, xəlifə təyin etdilər. Nə üçün səsverməni İslam hakimiyyətinin, əziz Peyğəmbərimizin (s) iqamətgahı, idarə mərkəzi olan «Peyğəmbər məscidində» (Məscidun-nəbi) təşkil etmədilər? Peyğəmbər hərəmi olan bu məscidin kənarında, Peyğəmbərin (ə) nurlu evində o həzrətin dəfn mərasimi keçirilirdi. Әziz peyğəmbərlərinin qəlbləri yandıran əzasına cəm olan müsəlmanlar, səhabələr bu seçkidən nə üçün xəbərsiz qalmalı idilər? Әn məhşur tarixçi, əhli-sünnə alimi Məhəmməd ibni Cərir Təbəri öz tarix kitabının ikinci cildində yazır:

«Ömər ibni Xəttab (ikinci xəlifə) Peyğəmbərin (s) evinə yaxınlaşdı, lakin evə daxil olmadı. İçəri xəbər göndərib Әbu Bəkri çağırdı. Әbu Bəkr «indi vaxtım yoxdur» dedikdə, bir daha xəbər göndərdi ki «mühüm bir məsələ ortaya çıxmışdır, sənin olmağın lazımdır». Әbu Bəkr bayıra çıxdıqdan sonra Әnsarın (Mədinə əhli-Ovs və Xəzrəc tayfaları) Səqifəyə yığışıb özlərinə rəhbər seçmək istədiklərini dedi. Onlar birlikdə Səqifəyə tərəf yola düşdülər. Yolda Әbu Ubeydə rast gəldilər, üç nəfər yollarına davam etdilər».

Belə bir səsvermə və belə bir icmanı necə adlandırmaqda çətinlik çəkirik.

4. Әgər bu səsvermə həqiqətən normal şəraitdə keçirilmişdisə və hakimiyyət hüququ Әbu Bəkr ibni Qəhafəyə verilmişdisə, nə üçün Ömər ibni Xəttab bu xilafətin batil olduğunu, birinci xəlifənin seçilməsinin bir fitnə olduğunu deyirdi.

5. Әgər İslam xəlifəsi icma və səsvermə yolu ilə təyin olunmalıdırsa, nə üçün ikinci xəlifə Ömər ibni Xəttabın xilafəti bu üsulla təyin olunmadı?

İstisnasız olaraq, bütün əhli-sünnə tarixçiləri Ömər ibni Xəttabın birinci xəlifənin vəsiyyəti ilə hakimiyyətə təyin olunduğunu yazırlar.

6. Görəsən üçüncü xəlifə Osman ibni Әfvanın seçki üslubunu necə adlandırmaq olar?

Әgər icma və səsvermə zəruridirsə, üçüncü xəlifənin təyin olunmasında heç bir səsvermənin olmadığı hamıya mə᾿lumdur.

Әgər Ömər ibni Xəttabın təyin olunduğu üsul qanuni idisə, bəs nə üçün o, vəsiyyətində özündən sonra müəyyən bir şəxsi xəlifə təyin etmədi?!

Digər tərəfdən, xəlifənin seçilməsində vəsiyyət üslubunu qəbul ediriksə, nə üçün Peyğəmbərin (s) bu məsələ ilə bağlı hər hansı bir vəsiyyət etdiyini qəbul etməyək? Göründüyü kimi xəlifələrin təyin olunmasında müəyyən bir üsul və qayda müşahidə etmək olmur.

Heç bir xəlifənin təyin olunma üsulu bir-biri ilə uyğun gəlmir.

10. ӘLİ (Ә)-IN XİLAFӘTӘ MÜNASİBӘTİ

Ötən bəhsimizdə İslam hökumətinin ilk xəlifələrinin təyin olunması barədə danışdıq. Qeyd olunan tarixi mə᾿lumatlardan aydın oldu ki, xəlifələrin seçilməsi heç bir məntiqi əsasa uyğun gəlmir. Adları çəkilən xəlifələr hətta əhli-sünnənin qəbul etdiyi me᾿yarlarla seçilməmişdir. Bu mövzu ətrafında bəhs etdiyimiz zaman belə bir iradın qarşıya çıxacağı ehtimal olunur:

Sual:

«Әgər bu  xəlifələr (ilk üç xəlifə) məntiqi və sağlam me᾿yarlarla seçilməmişdisə, nə üçün şiələrin mütləq imam və məsum hesab etdikləri Әli (ə) bu xəlifələrə bey᾿ət etmiş və hətta xilafət və hakimiyyət məsələlərində onlara yaxından köməklik göstərmişdi?

Cavab:

İlk növbədə Әli (ə)-ın xəlifələrə bey᾿ət etməsi və onlara yaxından kömək göstərməsi siyasi əhəmiyyət kəsb edirdi. Biz növbəti bəhsimizdə bu siyasi zərurəti geniş şəkildə təhlil edəcəyik.

Digər tərəfdən, əhli-sünnə tarixçilərinin yazdığına əsasən Әli (ə) altı aydan sonra birinci xəlifə Әbu Bəkrə bey᾿ət etdi. Bütün əhli-sünnə alimləri bu bey᾿ətin zor gücünə alınmasını təsdiq etmişlər. Burada dediklərimizi təsdiq etmək üçün bəzi əhli-sünnə kitablarına müraciət edirik:

1. Səhih Buxari, 3-cü cild;

2. Səhih Müslim, 5-ci cild;

3. Әl-imamətu vəs-siyasə (Müslim ibni Qətibə Dinuri);

4. Mürucuz-zəhəb, 1-ci cild (Məs᾿udi);

5. Şərhu-nəhcil-bəlağə, 2-ci cild (İbni Әbil Hədid Mö᾿təzili).

Bu kitabların hamısında aşağıdakı cümlə eyni şəkildə yazılmışdır:

«Әli (ə), Fatimə (rəziyəllahu ənha) vəfat etdiyi günə qədər bey᾿ət etmədi».

Bütün tarixçilər həzrət Fatimənin Peyğəmbərdən (s) altı ay sonra vəfat etdiyini yazırlar. Bu müddətin dəqiq olmasını aşağıdakı kitablarda mülahizə edəcəyik:

Әhməd ibni Ә᾿səm Kufi Şafei «Fütuh» kitabında və Әbu Nəsr Həmidi «Cəm bəynə səhihəyn» kitabında yazır:

«Әli (ə) Әbu Bəkrə altı aydan sonra bey᾿ət etdi».

İndi isə oxuculara təqdim edəcəyimiz hədislər Әli (ə)-dan zorla bey᾿ət alınmasını təsdiq edən sənədlərdir:

1. Әbu Cəfər Bilazi Әhməd ibni Yəhya ibni Cabir Bağdadi (adlarını çəkdiyimiz bütün alimlər əhli-sünnə məzhəblərindəndir) öz tarix kitabında yazır:

«Әbu Bəkr Әlidən bey᾿ət istədi. O, bey᾿ət etməyi qəbul etmədikdə Ömər ibni Xəttabı onun evinə göndərdi. Ömər bir parça odla onun evini yandırmağa getdi. Qapıda həzrət Fatimə ilə rastlaşdı. Həzrət Fatimə dedi: Ey Xəttabın oğlu, bizim evimizi yandırmaq üçün gəlmisən?

Ömər dedi: Bəli....»

2. İbni Xəzabə «Ğürər» kitabında Zeyd ibni Әsləmdən nəql edir:

«Mən həmin gün Ömərlə birlikdə idim. Odun götürüb Fatimənin evinin qapısına apardıq. Ömər Fatiməyə dedi: Evdə kim varsa çölə çıxsın, yoxsa evi və evdəkiləri yandıracağam....»

3. İbni Әbdi Rəbbih «Әqdul-fərid» kitabının 3-cü cildində yazır:

«Әli və Abbas Fatimənin evində oturmuşdular.

Әbu Bəkr Ömərə dedi: Get onları gətir. Gəlmək istəməsələr, zorla gətir. Ömər bir parça od götürüb onların evinə yollandı....»

4. Әbu Әbdullah ibni Müslim ibni Qətibə ibni Әmr Bahili Dinuri «Tarixul-xüləfa ər-raşidin» kitabının 1-ci cildində yazır:

«Әbu Bəkr bir dəstə şəxsin Әlinin evində toplanaraq ona bey᾿ət etmədiyini eşidən kimi Öməri onların üzərinə göndərdi.

Ömər gəlib onların evdən çıxmasını tələb etdi. Onlar boyun qaçırdıqda Ömər od-alov gətirməyi əmr etdi və dedi: And olsun Ömərin canı əlində olan Allaha, çıxmasanız evi sizinlə birlikdə yandıracağam. Ömərə bu evdə Fatimənin olduğunu dedikdə cavab verdi: Fatimə olsa belə evə od vuracağam.

Bu zaman Әlidən başqa hamı çıxıb bey᾿ət etməyə getdi. Әli (ə) dedi: And içmişəm ki, Quranı bir yerə toplayıb yazım; bu işi qurtarmayınca çölə çıxmayacağam.

Ömər yenə tə᾿kid etdikdə Fatimənin naləsini görüb geri qayıtdı. Qayıtdıqdan sonra Әbu Bəkri təhrik etməyə başladı. Әbu Bəkr bir neçə dəfə Qunfuzu göndərsə də Әli rədd cavabı verdi. Nəhayət Ömər bir dəstə adamla yenidən Әlinin evinə getdi. Qapıdan Peyğəmbərin qızı onların səsini eşidib nalə etməyə başladı:

“Atacan, ey Allahın Rəsulu, səndən sonra Xəttabın oğlu (Ömər) və Әbu Qəhafənin oğlundan (Әbu Bəkr) biz nələr çəkdik  ”

Xalq Fatimənin səsini eşidib geri qayıtdı. Ömər bir neçə nəfərlə qalıb Әlini zorla evdən çıxardı, Әbu Bəkrin yanına aparıb ona bey᾿ət etməsini istədi. Әli «Әgər bey᾿ət etməsəm nə edəcəksiniz?» deyə soruşdu. Cavabında «And olsun Allaha boynunu vuracağıq» dedilər. Әli dedi: Deməli, Allahın bəndəsi, Peyğəmbərin (s) qardaşını öldürəcəksiniz? Ömər cavab verdi: Sən Peyğəmbərin qardaşı deyilsən. Bu zaman sakit əyləşən Әbu Bəkr dilləndi: Nə qədər ki, Fatimə sağdır, onu incitməyin....

Әli özünü Peyğəmbərin (ə) qəbrinə çatdırıb Qurani-Kərimdə Harunun qardaşı Musa peyğəmbərə dediyi cümləni dedi:

«Anam oğlu, bu tayfa məni zəiflətdi və az qala məni öldürəcəkdilər».

5. İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil bəlağə» kitabının 1-ci cildində yazır:

«Әli və Bəni-Haşim tayfası Fatimənin evində idilər. Zübeyr də onlarla birlikdə idi. Ömər bir dəstə ilə o evə tərəf gedib onlardan çölə çıxmalarını istədi. Zübeyr qılıncını götürüb çölə çıxdı. Ömər yanındakılara əmr etdi: Bu iti tutub saxlayın.

Sümmə ibni Әsləm onun qılıncını alıb daşa vuraraq sındırdı....»

6. Məhəmməd ibni Cərir Təbəri öz məşhur tarix kitabının 2-ci cildində yazır:

«Təlhə, Zübeyr və bir dəstə səhabə Әlinin evində toplaşmışdılar. Ömər ibni Xəttab ora gəlib dedi: Bey᾿ət etmək üçün çölə çıxmasanız hamınızı odda yandıracağam».

Fikrimizcə bu qədər mö᾿təbər əhli-sünnə kitabları Әli (ə)-ın bey᾿ətinin bir məcburiyyət olduğunu təsdiq etmək üçün kifayət edər. Deyilən və deyilməyən onlarla əhli-sünnə kitabı göstərir ki, Әli (ə) bu xəlifələrin hakimiyyəti ilə heç zaman ürəkdən razılaşmamış və səbr etmək məcburiyyətində qalmışdır. Burada bütün şiə və sünni alimlərinin qəbul etdiyi məşhur əhli-sünnə alimi İbni Әbil Hədidin şərh yazdığı «Nəhcul-Bəlağə» kitabından «Şiqşiqiyyə» xütbəsinə nəzər salmağımız yerinə düşərdi. Әli (ə) bu xütbədə hansı zülmlərlə üzləşdiyini, bu zülmlərin qarşısında səbr etməyə məcbur olduğunu ürək yanğısıyla bəyan edir. Bu xütbədən bəzi parçaları hörmətli oxuculara təqdim edirik:

«And olsun Allaha ki, filankəs (Әbu Bəkr) xilafəti bir köynək kimi əyninə geydi. Amma o bilirdi ki, mənim xilafətə ləyaqətim bir qütb kimi idi. Bütün elmlər axar çaylar kimi məndən mənşə alırdı. Heç bir quş mənim zirvəmə qanad çala bilmədi. Xilafət libasını kənara atıb fikirləşdim ki, əlsiz-ayaqsız hücum edim, yoxsa bu korluğa səbr edim? Gördüm ki, səbr etmək daha düzgün və əlverişli yoldur.

Mən səbr etdim, lakin elə bil ki, gözlərimdə tikan, boğazımda sümük qalmışdı. Gözlərimin önündə mənim mirasımı talan edirdilər. Nəhayət birinci (Әbu Bəkr) dünyadan getdi, xilafəti isə özündən sonrakı filankəsin (Ömərin) qucağına atdı....»

11.  ӘLİ (Ә) NӘ ÜÇÜN SӘBR EDİRDİ?

«Nəhcul-bəlağə» kitabından oxuduğumuz «Şiqşiqiyyə» xütbəsi Әli (ə)-ın necə səbr etməsi, bu səbrin ilahi bir məsləhət olduğunu açıq şəkildə bəyan edirdi.

bəzi təəssübkeş alimlər bu xütbənin bir iftira olduğunu və məşhur şiə alimi Seyyid Rəzi (Nəhcül-bəlağəni toplayıb yazan) tərəfindən qondarıldığını deyirlər. Lakin insaf və imanı hər şeydən üstün tutan əhli-sünnə alimlərinin kitabları bu iddianı təkzib edir.

Uzun illər Misirin müftisi olmuş Şeyx Məhəmməd Әbduh «Tarixul-uməmil-islamiyyə» kitabında bu xütbənin mö᾿təbər olduğunu e᾿tiraf etmiş və ona geniş şərh vermişdir.

İbni Xişab ləqəbi ilə məşhurlaşan Şeyx Әbu Әbdillah ibni Әhməd yazır:

«Mən bu xütbəni Seyyid Rəzi dünyaya gəlməmişdən 200 il öncə yazılan kitablarda görmüşəm».

Kəmaləddin ibni Әli ibni Meysəm Bəhrani yazır:

«Mən bu xütbəni Zəyr ibni Fürat və mö᾿təzilə şeyxlərindən olan Әbu Cəfər ibni Qubbənin dəsti-xətti ilə oxumuşam. Onlar Seyyid Rəzi dünyaya gəlməmiş vəfat etmişdilər».

Bu xütbəyə geniş şərh yazmış İbni Әbil Hədid Mö᾿ətzili «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:

«Mən bu xütbəni Abbasi xəlifəsi Muqtədir-billahın dövründə yaşamış mö᾿təzilə imamı Әbulqasim Bəlxinin kitablarında dəfələrlə görmüşəm».

«Şiqşiqiyyə» xütbəsinin mö᾿təbər olması və Әli (ə)-ın xilafətin qəsb olunması ilə heç zaman razı olmadığı bütün elm əhlinə mə᾿lumdur.

Ötən bəhsimizdə əziz oxuculara söz verdik ki, Әli (ə)-ın xilafətlə zahirən razılaşmasının siyasi bir zərurət olduğunu açıqlayaq.

Maraqlıdır, görəsən bütün döyüşlərdə öz şücaəti ilə fərqlənən və «Әsədullah» (Allahın aslanı) ləqəbini alan Әli (ə) bu xilafətin qeyri-qanuni olduğunu bildiyi halda nə üçün səbr edir, öz hüquqlarını müdafiə etmirdi? Şübhəsiz ki, söhbət silahlı qiyamdan gedir. Әli (ə)-ın öz hüquqlarını elmi şəkildə, müasir ifadə ilə desək, mədəni mübarizə yolu ilə müdafiə etdiyini ötən bəhslərimizdə açıqladıq. O həzrətin ağır iztirablara dözməsini və hüquqlarının tapdalanmasına səbr etməsini isə aşağıdakı səbəblərlə izah etmək olar:

1. Әli (ə)-ın silahlı qiyama əl atması o həzrətin ətrafında olan vəfalı səhabələrin, onun vilayət və imamətinə sadiq olan mö᾿minlərin kütləvi qırğınına səbəb ola bilərdi.

Həmçinin o həzrətin imaməti ilə razılaşmayan, lakin küfr və bütpərəstliyin qarşısında möhkəm sipər kimi dayanan səhabələr bu döyüşdə həlak ola bilərdilər. İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında Әli (ə)-ın bu məsələyə toxunduğu bir xütbəni yazmışdır:

«Allah-taala Öz Rəsulunun ruhunu cismindən ayırdığı gündə, Qüreyş lovğalıqla özünü bizdən önə çəkdi. Biz ümmətə rəhbər olmağa layiq olduğumuz halda bizi öz haqqımızdan məhrum etdilər. Amma mən gördüm ki, səbr etmək, müsəlmanlar arasına ixtilaf salmaqdan, onların qanının tökülməsindən yaxşıdır».

2. Mə᾿lum olduğu kimi müsəlmanların böyük əksəriyyəti Peyğəmbərin (s) ömrünün son illərində iman gətirmişdilər.

Xüsusilə Məkkənin fəthindən sonra bir çox müşriklər müsəlman olmuş və heç şübhəsiz ki, onların arasında canını və malını qorumaq üçün iman gətirənlər də az deyildi.

Qurani-Kərim müsəlmanların böyük əksəriyyətinin Məkkənin fəthindən sonra iman gətirdiklərini bəyan edir:

«Allahın nüsrət və qələbəsi gəldikdən sonra xalqın dəstə-dəstə dinə döndüklərini görərsən...».

Peyğəmbərin (s) vəfat xəbərini eşidən kimi ayrı-ayrı yerlərdə yeni iman gətirmiş müsəlmanlar İslamdan üz döndərib mürtəd olmağa başladılar. Onlar hətta qoşun toplayaraq Mədinəyə hücum etmək fikrinə düşdülər.

Belə bir zamanda Allahın müqəddəs dinini öz canından artıq sevən Әli (ə) əlinə silah götürüb qiyam edə bilməzdi. İbni Әbil Hədid Әli (ə)-ın yazdığı bir məktubu öz kitabında qeyd etmişdir:

«Mən əl saxladım, çünki öz gözlərimlə görürdüm ki, bir dəstə İslamdan üz döndərib Məhəmmədin (s) dinini məhv etmək istəyir. Qorxdum ki, İslam və müsəlmanlara kömək etməsəm, İslamın parçalanmasına, məhv olmasına şahid olacağam. Bu müsibət xilafət hüququndan məhrum olmaqdan daha böyük idi....»

3. Bütün tarixçilərə mə᾿lumdur ki, İslam hakimiyyəti qurulan gündən Rum imperiyası bu hakimiyyətin qarşısında ciddi bir təhlükə kimi dayanırdı. Peyğəmbərin (s) vəfatından sonra bu təhlükə əvvəlkindən daha da reallaşmışdı. Bu xristian imperiyasının müqabilində bütün müsəlmanlar birləşməli, ixtilafları kənara qoymalı idilər. Belə bir zamanda təbii ki, Әli (ə) müsəlmanlarla həmfikir olmaq əvəzinə, yeni bir bayraq götürüb İslam xilafətinə qarşı çıxa bilməzdi.

Әli (ə)-ın belə bir həssas zamanda İslama ürək yandırıb birinci xəlifəyə Rum imperiyası ilə döyüş barədə məsləhətlər verməsini əhli-sünnə tarixçisi İbni Vazeh Yə᾿qubi «Tarixi Yə᾿qubi» kitabının 3-cü cildində yazmışdır.

12. ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

Şiə məzhəbini küfr və azğınlıqda ittiham edən alimlər bunun səbəblərindən birini şiələrin Peyğəmbərin (s) səhabələrə olan münasibətlərində görürlər. Şiələr Peyğəmbər (s) səhabələrini günahkar və azğın bilir, onlara lənət yağdırır, hətta söyüş verirlər. Buna görə də şiələrin kafir və azğın olduğuna şübhə yoxdur....

Yersiz təəssübkeşlik üzündən mövcud məsələlərə olduğu kimi yanaşmaq və ədalətli mühakimə yürütmək iqtidarında olmayan bu alimlərin fikirlərinə cavab vermək üçün bəlkə də bir kitab yazmaq olar. Lakin bu kitabın həcmini nəzərə alaraq lazım olan cavabları bir neçə səhifədə xülasə şəkildə yazırıq:

1. Әvvəla qeyd etməliyik ki, səhabələri lənətləmək və onlar haqda nalayiq sözlər söyləmək heç bir şəxsin kafir olmasına səbəb olmaz. Bunu məşhur əhli-sünnə alimləri öz kitablarında təsdiq edirlər.

İbni Həzəm Әndolosi «Әl-fəslu fil-miləli vən-nihəl» kitabının 3-cü cildində yazır:

«Cəhalət üzündən səhabələri söyən bir şəxs, cahil olduğu üçün günahkar sayılmır. Lakin bilərəkdən onlara söyüş verərsə, günah etmiş olur. Әgər onları Peyğəmbər (s) səhabələri olduqlarına görə söyərsə kafir olar. Lakin onları özlərinə görə söysə kafir sayılmaz. Necə ki, Ömər - rəziyəllahu ənhu - Peyğəmbərin (s) hüzurunda səhabələrdən birinə (Hatibə) münafiq dedi, lakin bu sözə görə kafir sayılmadı».

İmam Məhəmməd Ğəzzali yazır:

«Səhabələri söymək heç kəsi kafir etməz. Hətta iki şeyxi (Әbu Bəkr və Öməri) söyən şəxs də kafir deyildir».

Hakim Nişapuri «Müstədrək» kitabında, İmam Әhməd ibni Hənbəl «Müsnəd», Zəhəbi «Təlxisul-müstədrək», Qazi İyaz «Şifa» və İmam Ğəzzali «Ehyaul-ulum» kitabında yazır:

«Bir nəfər Әbu Bəkrə nalayiq sözlər deyib təhqir etdi. Әbu Bərzə Әsləmi dedi: Xəlifə, o kafir oldu, icazə ver onu öldürüm. Әbu Bəkr dedi: Xeyr, onun kafir olmasına heç kəs hökm edə bilməz...»

Qeyd etmək lazımdır ki, şiə məzhəbində təkcə səhabələrə deyil, hətta adi şəxslərə də söyüş vermək haram və böyük günah sayılır. Lakin söyüş verən şəxsin kafir olmasına hökm verməyə heç bir məntiqi əsas yoxdur.

2. Әgər səhabələri söymək və ya onlara lənət oxumaq bir şəxsi kafir edirsə, onda biri-birlərinə söyüş və lənət yağdıran səhabələri nə üçün kafir hesab etmirik.

İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabının 4-cü cildində yazır:

«Әbu Bəkr məscidin minbərində əyləşib Әli (ə)-ın arxasınca dedi:

O, bir tülküdür ki, quyruğu ona şahidlik edər...»

O, (Әli) Ummi Təhal kimidir (məşhur zinakar qadın) ki, öz yaxınları ilə zina etməyi xoşlayır....»

(Bu rəvayətin ətrafında geniş söhbət edəcəyik).

İbni Әbil Hədid Mö᾿təzili həmin kitabın 1-ci cildində yazır:

(Ömər Әli (ə)-dan bey᾿ət almağa getdiyi gün)

«Zübeyr (böyük səhabələrdən biri) qılıncını sıyırıb evdən çölə çıxdı. Ömər yanındakılara əmr etdi: Bu iti tutub saxlayın!»

᾿sudi «Әxbaruz-zəman» kitabında, Sibt ibni Cuzi «Təzkirətu xəvassil-ummə fi mərifətil-əimmə», İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» (2-ci cild) və İbni Әsir «Kamilut-tarix» kitabında yazır:

«Ummul-mö᾿minin Aişə Osmanın (3-cü xəlifə) barəsində fəryad edirdi: Öldürün bu yəhudi sifəti; Allah onu öldürsün, o həqiqətən kafirdir..»

İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında (2-ci cild), Hələbi «Әs-sirətul-hələbiyyə» (2-ci cild), Buxari «Səhih» (2-ci cild) və Vahidi «Әsbabun-nüzul» kitabında yazır:

«Әbu Bəkr, Ömər ibni Xəttab və digər səhabələr Peyğəmbərin (s) hüzurunda bir-birlərinə söyüş verir, hətta vururdular.»

Bir-birlərini təhqir edən səhabələrə heç kəs kafir hökmü verməmişdir. Әksinə, onlar əhli-sünnə məzhəblərində hamıdan pak, az qala məsum kimi təqdim olunurlar. Burada qarşıya anlaşılmaz, çox çətin və eyni zamanda müəmmalı bir sual çıxır: Səhabələri söyənlər kafirdirlər, amma səhabələr nalayiq sözlər deyib bir-birlərini rahatcasına təhqir edə bilərlər?!

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment