Azəri
Friday 29th of March 2024
0
نفر 0

BİR DAHA SӘHABӘLӘR BARӘSİNDӘ

13. BİR DAHA SӘHABӘLӘR BARӘSİNDӘ

Әhli-sünnə alimlərinin şiələrin səhabələrə olan münasibətlərinə, bə᾿zən səhabələrin tənqid olunmasına irad etmələrinin köklərini araşdırmaq lazımdır. Nə üçün əhli-sünnə məzhəbləri bu qədər kəskin şəkildə səhabələrin arasında fərq qoymadan onları müdafiə edirlər?

Әhli-sünnə məzhəbəri bütün səhabələrin səhvsiz, günahsız olduğuna etiqad bəsləyir, hətta onların aşkar şəkildə düçar olduqları səhv və günahları müxtəlif bəhanələrlə təmizə çıxarırlar. Onlar Peyğəmbərdən (s) nəql olunan «Mənim səhabələrim ulduzlar kimidir; hansı birinin arxasınca getsəniz hidayət taparsınız» hədisinə istinad edərək bütün səhabələri e᾿timad olunası şəxsiyyət hesab edirlər.

Burada əhli-sünnə alimlərinin bu əqidə və düşüncələrində səhvə düçar olduqlarını açıqlamaq məcburiyyətindəyik:

1. Әvvəla, səhabə dedikdə Peyğəmbərin (s) dövründə iman gətirib onunla ən azı bir dəfə həmsöhbət olan şəxs nəzərdə tutulur. Bu hesabla o həzrətin zamanında iman gətirən milyonlarla müsəlmanın ən azı 90 faizi səhabə sayılır. Belə deyilsə, səhabə dedikdə kimlər nəzərdə tutulur?

Әgər Peyğəmbərə (s) iman gətirib uzun illər onunla çiyin-çiyinə mübarizə aparan şəxslərə səhabə deyilirsə, əhli-sünnə qardaşlarımız Müaviyə ibni Әbi Süfyana hansı me᾿yar və hesabla səhabə deyirlər?

2. İslam dininin verdiyi tə᾿limlərə əsasən hər bir şəxs tutduğu məqamdan asılı olmayaraq, yalnız və yalnız öz əməlləri qarşısında cavabdehdir:

«Bütün insanlar öz qazandığı əməllər müqabilində cavabdehdirlər». (Tur-21).

İnsanların dəyər və qiyməti onun tayfası, qohum-əqrəbası, həmsöhbət və ünsiyyətdə olduğu şəxslərlə ölçülmür. Qurani-Kərimdə insanların ən yaxşısı Peyğəmbər (s) səhabələri və hətta onun qohum-əqrəbaları deyil, təqvalı və imanlı şəxslərin olduğu bəyan edilir:

«Allah yanında sizin ən yaxşılarınız ən təqvalı olanlarınızdır...» (Hücurat-13).

Allah-taala bütün müsəlmanlara məs᾿uliyyət və cavabdehliyin nə olduğunu anlatmaq üçün, məsum Peyğəmbərinə, səhvə yol verərsə cəzalanacağını deyir:

«Әgər Peyğəmbər Bizim adımızdan yalan danışsa, onu qüdrətlə tutub ürəyinin damarlarını qırarıq».

3. Әgər Peyğəmbərə (s) iman gətirib onunla həmsöhbət olan bütün şəxslər, necə deyərlər, «aydan arı, sudan duru» idilərsə, Qurani-Kərimdə məzəmmət olunan, cəhənnəm və᾿d olunan münafiqlər kimlər idi?!

Bu şəxslər (münafiqlər) iman gətirməmişdilərsə, onlara münafiq yox, kafir və ya müşrik deyilməli idi. Peyğəmbərlə həmsöhbət olmaq səhabə olmağın şərtidirsə, onların bu xüsusiyyəti Qurani-Kərimdə dəfələrlə açıqlanmışdır. Deməli, bu şəxslərin səhabə olmağında heç bir şübhə yoxdur. Bununla belə Allah-taala bu şəxslərə cəhənnəm və᾿d edir:

«Münafiqlər cəhənnəmin ən aşağı təbəqəsində yerləşəcəklər, onlar üçün heç bir köməkçi tapa bilməzsən...»

4. Әgər Peyğəmbərə (s) iman gətirib onunla həmsöhbət olan on minlərlə müsəlman, başqa sözlə desək səhabələr, Allahın haram buyurduğu işlərə əl bulaşdırıb heç bir məs᾿uliyyət daşımayacaqdılarsa, onda Qurani-Kərimdə buyurulan əmr və qadağaların, Peyğəmbər şəriətində mövcud olan göstərişlərin nə mənası var?! Allah-taalanın müqəddəs hökmləri onlara aid deyilmi?

Bu hökmlər təkcə Peyğəmbərdən (s) sonra doğulan müsəlmanlara məxsusdurmu?! Olduqca qəribə bir məntiqdir.....

5. Әgər o zamanda yaşayıb Peyğəmbərə (s) iman gətirən müsəlmanlar bütün əməllərin məs᾿uliyyətindən azaddırlarsa, bəs bizim təqsirimiz nədir ki, o zamanda dünyaya gəlməmişik? Bu hansı ədalətin təzahürüdür ki, müəyyən bir zamanda dünyaya gələn insanlar heç bir məs᾿uliyyət daşımır, digər insanlar isə ən kiçik əməllərə görə cavab verməlidirlər?

«Hər bir kəs zərrə qədərində etdiyi pis əməllərin (cəzasını) görəcək».

Mümkündür ki, kimsə bu sözlərin müqabilində çarəsiz qalıb səhabələrin günahsız olmasını ayrı bir şəkildə izah etsin.

Deyə bilərlər ki, heç bir əhli-sünnə məzhəbi səhabələrin məs᾿uliyyət daşımamasını iddia etmir. Sadəcə olaraq onlar səhabələrin hamısının tam yə᾿qinliklə İslam dininə bağlı olduqlarını və Allahın haram buyurduğu əməllərdən uzaq qaldıqlarını deyirlər. Digər tərəfdən, əvvəldə qeyd etdiyimiz hədis («Mənim səhabələrim ulduzlar kimidir, hansı birinin arxasınca getsəniz hidayət taparsınız») onların hər hansı bir günah və azğınlıqdan uzaq olduğunu təsdiq edir.

Bu hədisin ətrafında, həmçinin səhabələrin günah və azğınlıqdan tamamilə uzaq olmadıqları barədə növbəti bəhsimizdə söhbət açacağıq.

14. SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

Әhli-sünnə məzhəblərinin tutarlı sənəd hesab etdikləri hədisin («Mənim səhabələrim ulduzlar kimidir; hansı birinin arxasınca getsəniz hidayət taparsınız») geniş izaha ehtiyacı vardır.

Hər hansı bir hədis araşdırılarkən ilk növbədə aşağıdakı iki məsələ diqqət mərkəzində olmalıdır:

1. Hədisin sənədləri;

Sənəd dedikdə həmin hədisin raviləri yə᾿ni, hədisi nəql edən şəxslər nəzərdə tutulur. Silsiləvari olaraq, hədisi nəql edən şəxslər arasında ən azı bir nəfər yalançı və e᾿timadsız şəxs olarsa, həmin hədis sənəd e᾿tibarı ilə zəif sayılır və ona istinad etmək olmaz. Bu məsələdə əhli-sünnə və şiə məzhəbləri arasında heç bir ixtilaf yoxdur. Məşhur əhli-sünnə alimləri (hədisşünas) Buxari və Müslim öz kitablarına «Səhih» adı qoymuşlar. Yə᾿ni, onların fikrinə əsasən bu kitabda toplanan hədislər sənəd e᾿tibarilə səhih və düzgündürlər.

İndi isə qeyd olunan nöqteyi-nəzərdən həmin hədisin sənədinə nəzər salaq:

Qazi İyaz «Şərhuş-şifa» kitabının 2-ci cildində bu hədisin sənəd e᾿tibarı ilə zəif olduğunu yazır.

Әbdu ibni Həmid «Müsnəd» kitabında Abdullah ibni Ömər ibni Xəttabdan nəql edir ki, bu hədisin sənədləri mö᾿təbər deyildir.

İbni Әdi «Kamilut-tarix» kitabında Nafe᾿dən, Nafe᾿ isə Abdullah ibni Ömər ibni Xəttabdan nəql edir ki, bu hədisin sənədləri zəifdir.

İbni Həzəm yazır:

«Bu hədis yalan, qondarma və batildir».

2. Hədisin mətni, məna və məfhumu.

Hədisin sənəd və ravilərini araşdırmaqla yanaşı, onun mətninə, məna və məfhumuna da diqqət yetirmək lazımdır. Hədisin mənası Quranın hökmləri, real həqiqət və insan ağlı ilə müxalif olarsa, o hədisə istinad etmək olmaz. Məsələn, bütün sənədləri səhih olan bir hədis Allahın şəriki olduğunu və ya Peyğəmbərin (s) günah etdiyini çatdırırsa, o hədis mö᾿təbər sayılmır.

Haqqında danışdığımız hədisin sənəd e᾿tibarilə zəif olduğunu isbat etsək də, onun mətnini, məna və məfhumunu da araşdırmaq yaxşı olardı.

Hədisin mətnindən belə başa düşülür ki, bütün səhabələr günah və azğınlıq ehtimalından uzaqdırlar. «.....Hansı birinin arxasınca getsəniz hidayət taparsınız» ifadəsindən belə çıxır ki, səhabələr istisnasız olaraq bu ehtimaldan (günah və azğınlıq) tamamilə uzaqdırlar. Çünki Peyğəmbər (s) günahkar bir şəxsin arxasınca getməyə əmr etməz.

Qeyd olunduğu kimi, Peyğəmbərin (s) dövründə iman gətirib onunla həmsöhbət olan on minlərlə şəxs səhabə sayılır. Bu qədər insanın kütləvi şəkildə günah ehtimalından uzaq olmasını normal ağıl qəbul edə bilmir. Yə᾿ni, həqiqətən o dövrdə yaşayan müsəlmanlar günah etmirdilər?!

Hədisdən aşağıdakı üç məna başa düşülür:

On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Hər səhabə öz bildiyinə əməl etsə hidayət tapar.

On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Səhabələr bir-birlərinin arxasınca getsələr hidayət taparlar.

On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Səhabə olmayanlar onların hansı birinin arxasınca getsələr (hansının???) hidayət taparlar?!

Diqqət edin, hədisin mənasında nə qədər anlaşılmazlıq vardır. Bu hədis İslam ümmətini hidayətə tərəf yox, təfriqə, ixtilaf və hərc-mərcliyə doğru sürükləyir.

Әgər səhabələrin hər biri özü-özlüyündə hidayət yoludursa, nə üçün Peyğəmbərdən (s) sonra vahid xəlifə təyin olundu?

Nə üçün səhabə və səhabə olmayan bütün müsəlmanlar yalnız bir səhabəyə tabe olmağa məcbur edilirdilər?

Әgər səhabələrin hər biri hidayət mənbəyi, günah və azğınlıqdan uzaqdırlarsa, nə üçün xəlifələrin dövründə səhabələr ayrı-ayrı əməllərə görə cəzalanırdılar?

Nə üçün ikinci xəlifə Ömər ibni Xəttab Әbu Hüreyrəni (səhabə-ravi) hədis uydurduğuna görə şallaqla tənbeh etdi? Nə üçün üçüncü xəlifə Osman ibni Әfvan Әbu Zər Ğəffari, Әmmar Yasir, Abdullah ibni Məs᾿ud və s. peyğəmbər səhabələrini cəzalandırdı?

Bu hədisin düzgün olmamasının ən böyük dəlili onun tarixi həqiqətlərlə uyğun gəlməməsidir. Yüzlərlə əhli-sünnə kitabları səhabələrin hətta böyük günahlar etdiyini yazmışlar.

On minlərlə səhabənin günahdan uzaq olmadığını yə᾿qin ki, heç kim təkzib etməz. Lakin burada yenə bir addım geri çəkilərək məşhur səhabələrin mübtəla olduqları aşkar günahların bəzilərini nəzərinizə çatdırırıq:

1. İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Әbu Bəkr Әhməd ibni Hüseyn Şafei «Dəlailun-nübuvvət» kitabında, İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:

«Təbuk döyüşündən qayıdarkən səhabələrdən 14 nəfəri sözü bir yerə qoyaraq həzrət Peyğəmbəri (s) «Әqəbə» adlı bir yerdə öldürmək qərarına gəldilər...

Onlar dəhşətli səslər çıxararaq qum doldurulmuş kisəni Peyğəmbərin dəvəsinin qarşısına atdılar ki, dəvə qaranlıqda hürküb həzrəti dərəyə aşırsın. Lakin Allah-taala Öz Rəsulunu bu bəladan hifz etdi..»

2. Ötən bəhslərimizdə Әbu Bəkr, Ömər və s. səhabələrin nalayiq sözlər danışaraq söyüş söydüklərini əhli-sünnə kitablarından nəql etdik. Kimə ünvanlanmasından asılı olmayaraq, nalayiq sözlər söyləməyin haram və böyük günah olması hamıya mə᾿lumdur.

3. Fazil Təftazani «Şərhul-məqasid» kitabında yazır:

«Səhabələrin arasında yaranan kəskin ixtilaf və qarşıdurmalar göstərir ki, onların bəziləri haqq yolundan azmış, öz nəfslərinə uyub zalım və fasiq olmuşlar».

4. İbni Həcər «Fəthul-bari» kitabının 10-cu cildində;

–Məhəmməd ibni İsmail Buxari «Səhih» kitabında (Maidə surəsinin 90-cı ayəsinin şərhi);

–Müslim ibni Həccac «Səhih» kitabında (Babu təhrimil-xəmr);

–İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabının 3-cü cildində;

–Məhəmməd Təbəri «Təfsiri-kəbir» kitabının 7-ci cildində;

–Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabının 2-ci cildində;

–Bədrəddin Hənəfi «Ümdətul-qari» kitabının 10-cu cildində yazır:

«Әbu Təlhə Zeyd ibni Səhl öz evində gizli məclis keçirdi. Səhabələrdən on nəfəri o məclisdə iştirak etdilər. Onların hamısı şərab içdilər. Onlar aşağıdakı səhabələr idi:

Әbu Bəkr, Ömər ibni Xəttab, Әbu Übeydə Cərrah, Әbi ibni Kə᾿b, Səhl ibni Bəyza, Әbu Әyyub Әnsari, Әbu Təlhə (ev sahibi), Әbu Dəcanə, Səmmak ibni Xərşə.

Onlar içib məst olduqdan sonra Әbu Bəkr «Bədr» döyüşündə ölən müşriklərə mərsiyə oxumağa başladı».

15. BİRİNCİ XӘLİFӘ ӘBU BӘKR İBNİ ӘBU QӘHAFӘ

Ötən bəhslərimizdə Peyğəmbərin (s) səhabələri barədə söhbət açdıq. Әhli-sünnə məzhəblərinin səhabələrə ifrat dərəcədə etiqad bəsləməsinin əsassız olduğunu bəyan etdik. Qeyd etdik ki, onlar mö᾿təbər olmayan hədislərə və məntiqsiz əsaslara istinad edərək səhabələri olduqlarından daha yüksək məqamlarda təsəvvür edirlər. Xüsusi ilə onların xəlifələr haqda olan etiqadları ifrat məhəbbət üzərində qurulmuşdur. Buna görə də ilk üç xəlifə barəsində nisbətən geniş izah və təhlillər verməyi qərara aldıq.

Həzrət Peyğəmbərdən (s) sonra məşhur səhabələrdən biri olan Әbu Bəkr ibni Әbu Qəhafə ilk xəlifə təyin olundu.

Bu ilk xilafətin İslam əsaslarına, hətta əhli-sünnənin məqbul hesab etdiyi icma və səsvermə yolu ilə təyin olunmadığı barədə kifayət qədər mə᾿lumat vermişik.

Әhli-sünnə qardaşlarımız Әbu Bəkrin bu xilafətə başqalarından daha layiqli və əfzəl olduğunu deyirlər. Bu ləyaqət və fəzilətin isbat olunması üçün onlar bəzi dəlillərə istinad etmişlər. Biz bu dəlillərlə tanış olur, onları bir-bir təhlil və mülahizə edirik. Әhli-sünnə məzhəbləri ilk növbədə Әbu Bəkrin Peyğəmbər (s) hicrət edərkən onunla birlikdə olmasını və bu barədə müqəddəs Qurani-Kərimdə ayə nazil olmasını onun ən böyük fəzilətlərindən sayırlar. Onlar bu ayəni iftixar hissi ilə təkrar-təkrar oxuyur (Məşhur Misir qarisi mərhum Әbdül-basit Məhəmməd Әbdüssəməd bu ayəni bir məclisdə 5 dəfə qiraət edir) və ayədən aşağıdakı müsbət nöqtələri çıxarırlar:

«Onu (Peyğəmbəri) kafirlər (Məkkədən) çıxardıqları zaman, iki nəfərdən biri olduğu halda Allah ona kömək etdi. O iki nəfər (Peyğəmbər və Әbu Bəkr) mağarada gizləndikləri zaman öz yoldaşına dedi: Qorxma Allah bizimlədir. Allah ona rahatlıq verdi və onu gözəgörünməz bir ordu ilə müdafiə etdi».

1. Peyğəmbər (s) Әbu Bəkri özü ilə ona görə apardı ki, özündən sonra xəlifə olacaq bir şəxs müşriklər tərəfindən öldürülməsin.

2. Allah-taala Özü Әbu Bəkri Qurani-Kərimdə Peyğəmbərə yoldaş adlandırmışdır.

3. Ayədə Peyğəmbər (s) Әbu Bəkrə «Allah bizimlədir» deyir. Bu isə Allahın Әbu Bəkrlə olmasını göstərir.

4. Ayədə buyurulur ki, Allah-taala Әbu Bəkrə rahatlıq verdi.

Qeyd olunan müsbət nöqtələri sıra ilə bir-bir nəzərdən keçirək:

1. Peyğəmbər (s) Әbu Bəkri özü ilə nə üçün apardı?

Әgər həqiqətən Peyğəmbər (s) Әbu Bəkri öz gələcək xəlifəsini qorumaq məqsədi ilə aparırdısa, bəs nə üçün digər xəlifələri, o cümlədən Ömər, Osman və Әlini özü ilə aparmadı? Xatırladırıq ki, əhli-sünnə məzhəbləri bu dörd xəlifəni eyni səviyyədə və heç bir fərq qoymadan qəbul edirlər.

Әhli-sünnə məzhəblərinin əqidəsinə görə Peyğəmbər (s) heç bir kəsi xəlifə təyin etməmişdir. Müsəlmanlar hər bir şəxsi xəlifə seçərsə (icma), onun itaəti hamıya lazımdır. Bu əqidə ilə təhlil etdiyimiz fikir bir-birinə tamamilə ziddir.

Әhli-sünnə tarixçisi Təbəri öz tarix kitabının 3-cü cildində yazır:

«Әbu Bəkr həzrət Peyğəmbərin (s) evinə gəlib həzrəti soruşduqda, Әli ibn Әbu Talib, Peyğəmbərin (s) getdiyi yolu ona göstərdi. Әbu Bəkr sür᾿ətlə həzrətin dalınca yollanaraq yolda ona çatdı. Onlar birlikdə mağaraya getdilər...»

Hətta bəzi əhli-sünnə alimləri yazırlar ki, Peyğəmbər (s) Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu özü ilə apardı. Məşhur əhli-sünnə alimi Şeyx Әbul Qasim ibni Səbbağ «Әn-nuru vəl-bürhan» kitabında Məhəmməd ibni İshaqdan, o isə Həssan ibni Sabitdən nəql edir:

«Hicrətdən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getmişdim. Kafirlər Peyğəmbəri (s) və müsəlmanları söyür, incidirdilər....

Peyğəmbər (s) Әliyə əmr etdi ki, gecə onun yatağında yatsın. Sonra Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu da özü ilə götürüb mağaraya getdi...»

2. Allah-taalanın Qurani-Kərimdə Әbu Bəkrə Peyğəmbərin (s) yoldaşı deməsi heç bir fəzilət daşımır.

Әrəb dilində yoldaş mənasını ifadə edən «sahib» kəlməsi Qurani-Kərimdə kafirlərin barəsində də dəfələrlə işlədilmişdir.

Misir hökmdarının zindanında həbsdə olarkən Yusif peyğəmbərin digər iki cavan məhbusa «yoldaş» deməsi Qurani-Kərimdə belə ifadə olunur:

«Ey mənim zindan yoldaşlarım, müxtəlif və çoxsaylı Allahlar (bütlər) yaxşıdır, yoxsa vahid və güclü Allah!?» (Yusif–39).

Ayənin mənasından aydın olduğu kimi, bu iki cavan (padşahın aşpazı və şərab paylayanı) kafir və müşrik idilər. Lakin Quran onları Yusif peyğəmbərin yoldaşı kimi təqdim edir.

Qurani-Kərim biri mö᾿min, digəri kafir olan iki nəfərin (iki qardaş olmaları ehtimal olunur) mübahisəsini Kəhf surəsində bəyan edərkən kafir şəxsi mö᾿min şəxsə «yoldaş» adlandırır:

«Ona (kafir şəxsə) öz yoldaşı nəsihət edərək dedi: Səni torpaqdan, sonra nütfədən (sperma) yaradan, sonra səni kişi qərar verən Allaha kafir olursan?»

Gördüyünüz kimi bir şəxsin Peyğəmbər və ya mö᾿min bir şəxslə «yoldaş» olması ona heç bir fəzilət və üstünlük gətirməz.

3. Peyğəmbərin (s) – Allah bizimlədir – deməkdə məqsədi nə idi?

Әvvəla Allahın bir şəxslə olması onun haqq və fəzilət sahibi olmasına dəlalət etməz. İslam etiqadına görə Allah-taala yaxşı və pisliyindən asılı olmayaraq, bütün insanlarladır, onlara şax damarlarından belə yaxındır:

«Görmürsən (bilmirsən) ki, Allah göydə və yerdə olanları bilir? Üç nəfər pıçıltı edərsə, dördüncü Allahdır (ki, onları eşidir). Beş nəfərdirlərsə, altıncısı Allahdır....»

Әgər burada «Allah bizimlədir» kəlməsinin tərəfdarlıq mənasında olduğunu desək, yenə də mütləq bir fəzilət ortaya çıxmır. Belə ki, Әbu Bəkrin Peyğəmbərlə (s) hicrət etməsi sözsüz ki, müsbət bir əməl idi. Bu işdə Allahın onlarla olmağında şübhə yoxdur.

Allahın onlarla olması Әbu Bəkrin şəxsiyyətinə görə yox, həmin işin əhəmiyyətinə görə idi. Hər hansı bir şəxs o zaman Peyğəmbərlə (s) birgə olsaydı, bu kəlmə ona da aid olardı.

Bu o deməkdir ki, Allahın həmin zaman Әbu Bəkrin tərəfində olması ona mütləq bir fəzilət gətirmir və bütün zamanlarda belə olduğuna dəlalət etmir.

4. Ayənin sonunda «Allah ona rahatlıq verdi» cümləsində kim nəzərdə tutulur?

Ayədə heç bir ad çəkilmədən «o» əvəzliyindən istifadə olunur, ilahi kömək və rahatlıqdan danışılır. Heç bir əlamət və izah olmadan əvəzliyi məhz Әbu Bəkrə aid etmək qrammatik qaydalarla uyğun gəlmir.

Daha sonra buyurulan «və onu gözə görünməz bir ordu ilə müdafiə etdi» cümləsi açıq şəkildə göstərir ki, bu rahatlıq Peyğəmbərə (s) nazil olmuşdur. Şübhəsiz ki, Allah-taala gözəgörünməz bir ordu ilə Öz peyğəmbərini müdafiə etməsindən söhbət açır.

Qarşıya belə bir sual çıxır: Peyğəmbərin (s) qeyd olunan rahatlığa, ilahi köməyə ehtiyacı var idimi?

Cavab: Məqam və şəxsiyyətindən asılı olmayaraq, bütün insanların ilahi köməyə, çətinlik zamanı ruhi təskinliyə (Allah tərəfindən) ehtiyacı vardır. Qurani-Kərimin digər ayələri bu həqiqəti təsdiq edir:

«Sonra Allah Öz təskinlik və rahatlığını Rəsuluna və mö᾿minlərə əta etdi....»

Әhli-sünnə qardaşlarımızın bu ayədən istifadə edərək üzə çıxardıqları nöqtələri təhlil etdikdən sonra ayədə mövcud olan digər bir həqiqəti də aşkarlamaq yerinə düşərdi.

Ayədə deyilir: O iki nəfər mağarada olarkən Peyğəmbər (s) öz yoldaşına (Әbu Bəkrə) dedi: Qorxma, Allah bizimlədir.

Ayədə açıq şəkildə Peyğəmbərin (s) Әbu Bəkrə «qorxma» deməsi onun bu zaman qorxduğundan xəbər verir. Çünki, Peyğəmbərin qorxmayan bir şəxsə «qorxma» deməsi əbəs və mənasız görünür.

«Allahın dostları (ona qəlbən bağlı olan kəslər) qorxu və qəmginlik bilməzlər»

Bu ayə Әbu Bəkrin nə dərəcədə Allah dostu olmasını çox gözəl bəyan edir.

16. ӘBU BӘKRİN DİGӘR FӘZİLӘTLӘRİ

Birinci xəlifə Әbu Bəkr ibni Qəhafənin xilafət məqamına hamıdan layiqli olduğunu iddia edən əhli-sünnə qardaşlarımızın istinad etdiyi dəlillərdən əsas hissəsini Peyğəmbərin (s) hədisləri təşkil edir. Nəql olunan bu hədislərdə Әbu Bəkrin fəzilətlərindən geniş şəkildə söhbət açılır.

Biz hədisşünaslıq haqqında müəyyən qədər mə᾿lumat vermişik. Qeyd etmişdik ki, hər hansı bir cümlənin Peyğəmbərə (s) istinad olunması onun mö᾿təbər bir sənəd olması demək deyildir. Bu məsələdə islami məzhəblərin hamısı eyni fikirdədir, bütün alimlər əldə olunan hədislərin bir hissəsini səhih və mö᾿təbər olmadığını qəbul edirlər. Ötən bəhslərimizdə qeyd etdiyimiz kimi, hədislər ilk növbədə sənəd və məzmun e᾿tibarı ilə araşdırılır. Bir hədisin raviləri arasında ən azı bir nəfər yalançı şəxs olarsa və ya hədisin məzmunu isbat olunmuş islam etiqadları, Qurani-Kərimin ayələri ilə uyğun gəlməzsə, o hədis e᾿tibarsız sayılır.

Әbu Bəkrin fəzilətləri barədə nəql olunan hədislərin də bu iki yolla araşdırılması zəruridir.

Әhli-sünnə kitablarında bu barədə nəql olunan hədislərin daha mö᾿təbər və məşhurlarına nəzər salaq:

1. Ömər ibni İbrahim İsa ibni Әlidən, o isə Abdullah ibni Abbasdan nəql edir:

«Peyğəmbər (s) əmisi Abbasa buyurdu: Әmi, Allah-taala Әbu Bəkri Öz dini üçün mənim xəlifəm qərar verdi. Onu eşidin, ona itaət edin ki, nicat tapasınız...»

A. Hədisin sənədi:

Bu hədisi silsiləvari olaraq söyləyən bir neçə ravidən biri də Ömər ibni İbrahimdir ki, onun şəxsiyyəti və sözü əksər əhli-sünnə alimləri tərəfindən qəbul olunmamışdır.

Zəhəbi «Mizanul-e᾿tidal» kitabında yazır:

«Ömər ibni İbrahim çox yalançı bir şəxsdir».

Әbu Bəkr Xətib Bağdadi «Tarixu Bağdad» kitabında yazır:

«Ömər ibni İbrahim əksər hədisşünaslar tərəfindən qəbul olunmamışdır. Çünki o çox yalançı və iftiraçıdır».

B. Hədisin mətn və məzmunu:

Qeyd olunan hədisin mətni, onun məna və məfhumu da onun mö᾿təbər olmadığını göstərir.

Әhli-sünnə məzhəblərinin xilafət barədə olan etiqadı ilə artıq tanış olmuşuq. Onların əqidəsinə görə Peyğəmbər xəlifəsinin təyin olunması haqda xüsusi bir göstəriş yoxdur. Xalq özü öz rəhbərlərini seçməkdə azaddır. İcma yolu ilə hər kəs səs toplayarsa, ona itaət etmək vacibdir. Bu hədis əhli-sünnənin əqidəsinə zidd olaraq müəyyən bir şəxsi xəlifə və rəhbər təyin edir.

Әhli-sünnənin etiqadına görə Peyğəmbər (s) səhabələr arasında fərq qoymadan onların hər birini hidayət mənbəyi adlandırmışdır. Biz bu hədis barəsində söhbət açmışıq: «Mənim səhabələrim ulduzlar kimidir, hər birinin arxasınca getsəniz hidayət taparsınız».

Bu iki hədis məna baxımından bir-biri ilə ziddir. «Mənim səhabələrim...» hədisi bütün səhabələri hidayət və nicat yolu kimi təqdim edir, bəhs etdiyimiz hədis isə müəyyən bir şəxsi onlardan fərqləndirir.

Hədisin mənası isbat olunmuş bir çox mütəvatir hədislərlə ziddiyyət təşkil edir. Mütəvatir dedikdə onlarla şəxs tərəfindən nəql olunan və bütün məzhəblər tərəfindən qəbul olunan hədislər nəzərdə tutulur. Bu hədislərdən biri «Qədiri-xum» günü Әli (ə)-ın Peyğəmbər (s) tərəfindən xəlifə təyin olunduğunu bəyan edir. Biz növbəti bəhslərimizdə bu hədisin 60 əhli-sünnə kitabında təsdiq olunduğunu göstərəcəyik. 120-dən artıq mö᾿təbər sənədi olan bir hədisin müqabilində Ömər ibni İbrahimin nəql etdiyi hədisi qəbul etmək ən azı insafsızlıqdır.

2. Әbu Hüreyrə nəql edir:

«Bir gün Cəbrail (vəhy mələyi) Peyğəmbərə (s) nazil olub dedi: Allah sənə salam göndərdi və soruşdu: Mən Әbu Bəkrdən razıyam, o da məndən razıdırmı?»

A. Hədisin sənədi:

Hədisin sənədində Әbu Hüreyrənin olması hədisin mö᾿təbər olmadığını açıq şəkildə bəyan edir.

Zəməxşəri «Rəbiul-əbrar» kitabında yazır:

«Әbu Hüreyrə Siffeyn müharibəsində Әli (ə)-ın arxasında namaz qılır, yemək vaxtı Müaviyənin süfrəsində otururdu. Onun özü bu barədə deyirdi: Әlinin namazı yaxşıdır, Müaviyənin yeməkləri isə dadlı və ləzzətlidir».

İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 1-ci cildində öz müəllimi Şeyxul-mö᾿təzilə İmam Әbu Cəfər İskafidən nəql edir:

«Müaviyə bir dəstə səhabəyə pul verərək tapşırmışdı ki, özlərindən Әlini pisləyən hədislər uydursunlar. Onlardan biri də Әbu Hüreyrə idi.

Bir gün Әbu Hüreyrə Kufə məscidinə daxil olub ucadan dedi: Ey İraq xalqı, siz elə bilirsiniz ki, mən Peyğəmbərin (s) adından yalan danışıb özümə cəhənnəm odu qazanıram? And olsun Allaha ki, Peyğəmbərdən (s) eşitdim ki, buyurdu:

Hər peyğəmbərin öz hərəmi var. Mənim hərəmim Mədinə şəhəridir. Hər kəs bu şəhərdə bir hadisə törətsə Allah ona lənət etsin.....

Mən Allahı şahid gətirib deyirəm ki, Әli bu şəhərdə böyük bir hadisə törətdi. (Yə᾿ni, Әli (ə) Osmanı öldürdü).

Müaviyə bunu eşidən kimi Әbu Hüreyrəyə çoxlu mükafat verdi».

Təbəri, İbni Әsir, Әllamə Səmhudi, İbni Xəldun öz tarix kitablarında yazırlar:

«Müaviyə ibni Әbu Süfyan Bosr ibni Әrtatı Yəmən qiyamını yatırmağa göndərəndə Әbu Hüreyrəni də bu qaniçən sərkərdəyə müavin təyin etdi. Onlar qocaya, cavana, körpəyə, qadına rəhm etmədən 30 mindən artıq müsəlmanı qılıncdan keçirdilər».

İbni Әsir öz tarix kitabında, İbni Sə᾿d «Təbəqat» kitabında, İbni Həcər Әsqəlani «İsabə» kitabında, İbni Әbdi Rəbbih «Әqdul-fərid» kitabında yazır:

«İkinci xəlifə Ömər, Әbu Hüreyrəni Bəhreyndə vali olduğu zaman Mədinəyə çağırdı və dedi: “Ey Allahın düşməni, mən səni Bəhreynə vali təyin edəndə ayağında çarıq yox idi. İndi eşitmişəm bahalı atlar almısan.” Ömər bu xəyanətinə görə Әbu Hüreyrəyə, belindən qan çıxanədək şallaq vurdurdu....»

Belə bir şəxsi lənətlədiklərinə görə şiələrə kafir deməkləri bəs deyil, hələ üstəlik onun hədislərinə də istinad edirlər.

B. Hədisin mətni, məna və məfhumu:

İmam Әbu Cəfər İskafi Әbu Hüreyrənin barəsində deyir: «Bizim alimlərin qənaətinə görə, Әbu Hüreyrənin ağlında çatışmazlıq olmuşdur....»

Doğrudan da Әbu Hüreyrənin uydurduğu hədislərə diqqət edəndə bu insaflı və imanlı əhli-sünnə aliminin sözünü təsdiq etməli olursan. Haqqında söhbət etdiyimiz hədisin mətninə və mənasına diqqət yetirin:

«....Allah-taala soruşur: Mən Әbu Bəkrdən razıyam, o da məndən razıdırmı?»

Allahın bir şəxsdən razı olması o deməkdir ki, həmin şəxs öz saleh əməlləri və ruhi keyfiyyətləri ilə belə bir məqama yetişmişdir. Müsbət ruhi keyfiyyətlərdən biri də insanın ilahi qəza və qədərdən razı olmasıdır. Yə᾿ni, mö᾿min şəxslər Allahın bütün hökmlərinin qarşısında təslim olur və öz Rəbblərinin qəza və qədərinə razı olurlar. Yalnız bu mərhələləri keçdikdən sonra insan öz Allahının razılığını qazanmış olur. Bu hədisin mətnindən belə çıxır ki, Allah Әbu Bəkrdən razıdır, lakin Әbu Bəkrin bu məqama çatıb-çatmaması hələ mə᾿lum deyil.

Bütün qeyblərin sirrini bilən Allah Әbu Bəkrin Ondan razı olub olmadığını Peyğəmbərdən soruşur?!

«Biz insanı yaratmışıq və onun nəfsinin hansı vəsvəsələr etdiyini bilirik. Biz insana şax damarından da yaxınıq...»

Bu hədisin mənası, yə᾿ni Allah-taalanın Öz bəndələrindən mə᾿lumat alması bütün müsəlmanların əqidəsinə ziddir. Bu iki hədis əhli-sünnənin istinad etdiyi hədislərdən bir nümunə idi. Bütün hədislərin burada gətirilməsi kitabın həcminə uyğun deyil və bizi əsas məqsədimizdən uzaqlaşdırar.

Lakin ümumi şəkildə deyə bilərik ki, Әbu Bəkrin haqqında istinad olunan hədislərin əsasən sənəd e᾿tibarı ilə mö᾿təbər olmadığını əksər əhli-sünnə alimləri öz kitablarında yazmışlar. Müqəddəsi «Təzkirətul-mövzuat» kitabında, Firuzabadi Şafei «Səfərus-səadət» kitabında, Zəhəbi «Mizanul-e᾿tidal» kitabında, Әbu Bəkr Xətib Bağdadi «Tarixu-Bağdad» kitabında bu hədislər barəsində geniş izahlar vermiş və Әbu Bəkr barəsində olan hədislərin raviləri arasında yalançı şəxslərin olduğunu bəyan etmişlər. Bəs bu hədislərin uydurulmasında məqsəd nə olmuşdur?

Bu sualın cavabını böyük əhli-sünnə alimləri Zəhəbi, Cəlaləddin Siyuti, İbni Әbil Hədid və digərləri belə vermişlər:

«Bu hədislər əsasən Әməvilər tərəfindən, xüsusilə Müaviyənin göstərişi ilə uydurulmuşdur. Onlar bu hədisləri Әbu Bəkrə qarşı olan dərin məhəbbətdən deyil, Әliyə qarşı olan kəskin düşmənçilik hissindən ilham alaraq icad edirdilər; onlar bir tərəfdən Әlini pisləyən hədislər uydurur, digər tərəfdən də yalan hədislər nəql etməklə onu Әbu Bəkrlə qarşı-qarşıya qoyurdular».

Göründüyü kimi bu hədislərin uydurulmasında nə xəlifə Әbu Bəkrin, nə də heç bir əhli-sünnə aliminin təqsiri yoxdur. Sadəcə olaraq hədislərə istinad edərkən diqqətli olmaq lazımdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment