1-Sünnülərin ən mühüm hədis kitablarında və «Sihah», «Müsnəd», «Sünən» və «Müsənnəf» kitablarında qeyd olunan imam Əli ™-ın hədisinin mənbələrini on dörd yolla tapmışıq: Orada qeyd olunur ki, Peyğəmbər Xeybər qəzvəsində iki şeyi haram etmişdi:
1-Müvəqqəti izdivac nikahını;
2-Əhliləşmiş ulağın ətini yeməyi.
Xeybərdə müvəqqəti evlənmənin qadağan olunmasını göstərən yalnız bu bir hədisdir, halbuki, Xeybərdə əhliləşmiş ulaq ətinin yeyilməsinin qadağan olunmasının sənədi digər çoxlu rəvayətlərdə qeyd olunmuşdur. Onların heç birində müvəqqəti izdivacın haram olunmasına işarə edilmir. Gələcək bəhslərdə bu iki qadağan edilməni araşdıracağıq:
a) Xeybərdə müvəqqəti evlənmənin qadağan olunması:
Xeybərdə müvəqqəti evlənmənin Peyğəmbər tərəfindən qadağan olunması o dövrün tarixi gerçəklikləri ilə uyğun gəlmir. Belə ki, alimlərdən bir çoxu, o cümlədən Ibni Qəyyim bunu aşkar şəkildə qeyd etmişdir.
Ibni Qəyyim «Zadul-məad» kitabında «müvəqqəti izdivacın qadağan edilməsi zamanı» başlığı altında deyir: «Xeybərin fəth olunması zamanı səhabələrdən heç biri yəhudi qadınları ilə müvəqqəti evlənməmiş, bu barədə Peyğəmbəri Əkrəm ¡-dən icazə də istəməmişdilər. Heç vaxt bir kəs onu Xeybər qəzvəsi barəsində nəql etməmişdir. O qəzvədə heç bir vəchlə müt`ə məsələsi və yaxud onun qadağan edilməsi ilə əlaqədar söz deyilməmişdir.»[1]
O deyir: «Xeybərdə müsəlman qadın yox idi və orada olan qadınlar yəhudi idilər. Kitab əhli ilə izdivacın caizliyi də o günə qədər qeyd olunmamışdı. Yalnız Xeybərin fəth olunmasından sonra Allah-taala onlarla izdivacı halal etdi və «Maidə» surəsinin 5-ci ayəsində buyurdu:
وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلاَ مُتَّخِذِي أَخْدَانٍ
"Bu gün sizin üçün, sizdən əvvəl olan kitab əhlinin pak qadınları halal oldu."
Bu halal olmaq Peyğəmbəri Əkrəm ¡-in ömrünün son illərində və Vida həccindən sonra, yaxud həmin ildə olmuşdu; deməli, kitab əhlinin qadınları ilə evlənmənin caizliyi Xeybərin fəth olunduğu dövrdə sabit deyildi.»[2]
Ibni Həcər qeyd olunan hədisin şərhində Xeybər barəsində deyir: «Xeybərin fəth olunması zamanı müvəqqəti izdivacdan söhbətə yer yox idi. Çünki Xeybər müharibəsində heç bir müvəqqəti izdivac baş verməmişdi.»[3]
O, həmin hədisin şərhində «Peyğəmbəri Əkrəm ¡-in ömrünün son ilində müvəqqəti izdivacı qadağan etməsi» babında Süheyldən nəql edib deyir: «Bu hədisin işkalı odur ki, deyir: Müvəqqəti izdivacın qadağan olunması Xeybərin fəth olunduğu ildə baş vermişdir. Bu da bir şeydir ki, sirə yazanlar və hədis ravilərindən heç biri onu rəsmi şəkildə qəbul etmirlər.»[4]
Ibni Həcər, Ibni Qəyyimin son sətrlərdə qeyd olunan sözlərini də nəql etmişdir.[5]
b) XEYBƏRDƏ ƏHLILƏŞMIŞ ULAQ ƏTININ HARAM EDILMƏSI
Ibni Həcər Ibni Abbasdan rəvayət edir ki, o, ulaq ətinin halal olması üçün bu ayəyə istinad etmişdir:
قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا...
"De: Mən vəhy olunanlar içərisində heç bir haram görmürəm."[6]
Müəllif: Peyğəmbəri Əkrəm ¡-in əhliləşmiş ulaq ətini haram etməsi, ehtimal üzrə, yalnız Xeybərdəki əhliləşmiş ulaqlara məxsusdur. Aşağıdakı rəvayətlərdə qeyd olunan səbəblərə görə:
«Səhihi Buxari» kitabında Əbi Ovfa rəvayət edərək deyir: Xeybər qəzvəsində aclığa düçar olduq; qazanlar qaynayır və ətlərin bə`ziləri bişmə halında idi. Peyğəmbəri Əkrəm ¡-in carçısı nida edib dedi: «Bu ulaqların ətindən heç nəyi yeməyin, hamısını çölə tökün.» Ibni Əbi Ovfa deyir: Bizə xəbər verdilər ki, Peyğəmbəri Əkrəm onların xümsünü ayırmadığına görə qadağan etmişdi. Bə`ziləri də dedilər: «Peyğəmbəri Əkrəm onların nəcasət yeyən olmasına görə ətlərini qadağan etmişdi.»[7]
Bu qadağanın səbəbi Əbu Davudun öz «Sünən» kitabının «xərac» bölməsində, «tə`şiru əhliz-zimmə» babında Irbaz ibni Sariyə Səlmadan nəql etdiyi rəvayət də ola bilər.[8]
O, belə rəvayət edir: Biz Xeybərdə düşərgə saldıq, Peyğəmbərin səhabələri onunla birlikdə idi. Xeybərin bədxasiyyətli və inadkar sahibi olan bir kişi Peyğəmbərə üz tutub dedi: «Ey Mühəmməd! Sizə rəvadırmı ki, bizim ulaqlarımızı kəsəsiniz, meyvələrimizi yeyəsiniz və qadınlarımızı vurasınız?!» Peyğəmbər qəzəblənib buyurdu: «Ey Ovfun oğlu! Ata min, car çəkib de: Agah olun! Bu əkin sahələri heç bir mö`min üçün halal deyildir; həmçinin, (de ki,) hamı namaz üçün bir yerə toplaşsın.» O deyir: Hamı bir yerə toplaşdıqda, Peyğəmbər onlarla namaz qılıb, sonra ayağa qalxaraq buyurdu: «Yoxsa sizlərdən bə`ziləriniz təsəvvür edir ki, Allah-taala bu Qur`anda olanlardan başqa heç bir şeyi haram etməyib?! Agah olun, mən moizə etdim və elə şeyləri əmr və nəhy etdim ki, Qur`an qədərində, yaxud ondan artıqdır. Allah-taala sizə icazə verməmişdir ki, kitab əhlinin evlərinə daxil olasınız. Yalnız onların icazəsi ilə olar. Haqqınız yoxdur ki, onların qadınlarını vurasınız və meyvələrini yeyəsiniz. Bu hökm onların sizə maliyyət və vacib hüquqları verdikləri zamana qədər bərqərardır.»[9]
Ibni Əbi Ovfanın rəvayət etdiyinə əsasən, Peyğəmbəri Əkrəm ¡ o günlərdə ulaq ətinin yeyilməsinin haram olmasının səbəbini bəyan etmişdir. Onların bə`ziləri demişlər: «Bu qadağanın səbəbi bu idi ki, onların xümsü verilməmişdi.» Bu məsələni xəyanət barəsində gəlib çatan rəvayətlər də təsdiqləyir. Bəlkə də Peyğəmbərin başqalarının əmvalını qarət etməklə əlaqədar qadağan etməsidir. Aşağıdakı rəvayətə diqqət yetirin:
«Sünəni Əbi Davud» kitabında ənsardan olan bir kişidən belə rəvayət olunur: Peyğəmbəri Əkrəmlə birlikdə səfərə getdik, camaat çox ağır zəhmətlərə, məşəqqətlərə düşüb ehtiyaclı oldular. Bir qədər qoyun tapıb onları qarət etdilər. Bizim yemək qazanlarımız qaynayan zaman Peyğəmbər öz kamanını əlinə alıb onunla qazanları çevirdi. Sonra ətləri torpağa qataraq buyurdu: «Qarət etmək ölü heyvan ətindən çox da halal deyildir!»[10]
Başqaları da, qeyd etdiyimiz kimi, belə dedilər: «Əhliləşmiş ulaq ətini yeməyin qadağan olunmasının səbəbi bu idi ki, onlar nəcasət yeməyə adət etmişdilər.»
Hər bir halda, əhliləşmiş ulaqların ətinin yeyilməsinin qadağan olunması təkcə Xeybər qəzvəsində mövcud olan əhliləşmiş ulaqlarla əlaqədar idi.
Müvəqqəti evlənmənin qadağan olunması məsələsi də eynilə belədir. Çünki Irbaz ibni Sariyə rəvayət edir ki, pis xasiyyətli və inadkar bir yəhudi Peyğəmbərə şikayət edərək dedi: «Sizə rəvadırmı ki, bizim ulaqlarımızı öldürüb meyvələrimizi dərəsiniz və qadınlarımızı döyəsiniz?!» Peyğəmbər ¡ hamını bir yerə çağırıb onlara buyurdu: «Sizin üçün rəva deyildir ki, kitab əhlinin evlərinə daxil olasınız, yalnız onların icazəsi ilə. Onların qadınlarını vurmağa, meyvələrəni dərməyə haqqınız yoxdur. Bu hökm onların öhdəsinə olan maliyyə, vergi və hüquqları ödəyənə qədər bərqərardır.»
Deməli, Peyğəmbərin bu barədə etdiyi nəhy də yalnız kitab əhlinin qadınlarını vurmaqla əlaqədar idi, çünki onlar cizyə və maliyyə verirdilər; bu heç də müvəqqəti evlənməni qadağan etmək mə`nasına deyildir.
Xeybər hadisəsi belə qeyd olunmuşdur, amma müt`ənin qadağan olunmasına müvafiq olanlardan biri, bir rəvayət düzəldərək imam Əli ™-ın nəvələrinin birinin dilindən o həzrətə nisbət vermişdir ki, guya o həzrət müt`ə ilə müvafiq olan Ibni Abbasa belə demişdir: «Sən özünü bəyənən bir adamsan!» Sonra ona xəbər vermişdi ki, Peyğəmbər Xeybər qəzvəsində müvəqqəti izdivacı qadağan etmişdir, əhliləşmiş ulaqların ətini yeməkdən də çəkindirmişdir. Bu hədis düzəldən təkəbbürlü insan imam Əli ™-ın «Əgər Ömər müvəqqəti izdivacı qadağan etməsəydi, bədbəxt adamlardan başqa heç kəs zina etməzdi» - dediyini unutmuşdu.[11]
Daha qəribə budur ki, bunlar həm də imam Əli ™-ın nəvələrinin dilindən müvəqqəti evlənmənin qadağan olunmasını rəvayət edərək o həzrətə nisbət vermiş və həm də həmin sənəd tərkibi ilə digər bir rəvayət quraşdıraraq demişlər: «Imam Əli göstəriş verdi ki, həcci ümrədən ayırsınlar! Ehtimal verilir ki, hər iki rəvayəti düzəldən bir adam olsun.»
2-Əbuzərdən rəvayət edilən hədis də eynilə:
Yuxarıda qeyd olunduğu kimi, bunları Əbuzərdən rəvayət edib deyirlər ki, həcc müt`əsi bizə – Peyğəmbər səhabələrinə – məxsus olan bir icazə idi!
Müvəqqəti izdivac barəsində də rəvayət edib deyirlər: «Müvəqqəti izdivac Peyğəmbərin səhabələrinə yalnız üç gün müddətində halal oldu və sonralar Peyğəmbər onu qadağan etdi.» Həmçinin, demişlər: «Müvəqqəti izdivaca bizim qorxu və müharibə halında olduğumuza görə icazə verilmişdir.»
Halbuki, Əbuzərdən nəql olunan bu iki rəvayət hər iki yolla Ibrahim Teymi və Əbdür-Rəhman ibni Əsvəd tərəfindən nəql olunmuşdur. Bu iki rəvayətin vəziyyəti imam Əli ™-a nisbət verilən həmin iki rəvayət kimidir.
3-4-Səbrə Cəhəminin rəvayətinə gəldikdə isə, onun ən düzgünü bəhsin əvvəlində «Səhihi Müslüm», «Müsnədi Əhməd» və «Sünəni Beyhəqi» kitablarından qeyd etdiyimiz bu hadisədir: Peyğəmbəri Əkrəm onlara müvəqqəti evlənmə icazəsi verdi və o, Bəni Amirdən olan bir qadınla müvəqqəti olaraq evləndi, öz ridasını mehriyyə qərar verib, üç gün onunla bir oldu. Sonra Peyğəmbər buyurdu: «Hər kəsin yanında müt`ə olunmuş bu qadınlardan biri varsa, onları azad etsin.» Yə`ni Peyğəmbər onlara buyurdu ki, müvəqqəti olaraq izdivac etdikləri qadınlardan ayrılıb Məkkədən çıxmağa hazırlaşsınlar. Bir neçə müddətdən sonra xəlifə Ömərin işinə bəraət qazandıranlar meydana daxil olaraq bu rəvayətin ibarələrini təhrif etdilər. O cümlədən, «liyəxillə səbiləha», yə`ni «ki, onların yolunu açıq qoysun» - cümləsini «innəha həramun min yovmikum haza ila yəvmil-qiyamə» - «bunlar bu gündən e`tibarən Qiyamət gününə qədər haram oldu» şəklinə salmışlar ki, müvəqqəti izdivacın Məkkədə haram olunduğunu göstərsin (xəlifənin vasitəsilə yox). Amma bu rəvayət müt`ənin haramlığı barəsində digər bir rəvayətlə ziddiyyətli olduğundan, onların bə`ziləri aşkar şəkildə demişlər ki, bu qadağan Məkkənin fəthindən əvvəl – Xeybərin fəthi zamanı – olmuşdur. Başqaları da demişlər ki, bunun həm haram olması, həm də icazə verilməsi Məkkənin fəthindən sonra olmuşdur. Amma özlərini bu rəvayətlərin düzlüyünə iltizamlı gördüklərindən ehtiyac duymuşlar ki, bu aşkar ziddiyyəti aradan qaldırmaq üçün əməlli bir cavab gətirsinlər. Buna görə də Peyğəmbər şəriətinə o həzrətin tamamilə bizar olduğu bir şeyi nisbət vermişlər. Onlar demişlər: «Bu hadisə bir neçə dəfə nəsx olunmuşdur.» Onun şərhi elədir:
14-Müvəqqəti evlənmə hökmünün qüvvədən düşməsi;
Müslüm öz «Səhih» kitabında «Müt`ə nikahı, onun yenidən halal olub nəsx olunması və bundan sonra da Qiyamət gününə qədər qüvvədən salınması» bölümü altında bir ünvan gətirmişdir.
Ibni Kəsir öz təfsirində deyir: Şafei və alimlərdən bir qrupu inanırlar ki, müvəqqəti evlənmə halal olmuş, sonra qüvvədən düşmüşdür; sonra halal olmuş, yenidən qüvvədən düşmüşdür.[12]
Ibni Ərəbi deyir: Müvəqqəti evlənmənin hökmü iki dəfə nəsxə düçar olmuş, sonra haram edilmişdir.
Zəməxşəri də özünün «Kəşşaf» adlı kitabında buna işarə etmişdir.[13]
Başqaları isə demişlər: «Nəsx iki dəfədən artıq baş vermişdir.»[14] Haqq sonuncu bu qrupladır, çünki əgər bir hökm barəsində hədislərin arasındakı ziddiyyəti aradan qaldırmağa görə nəsxin təkrar olunmasını qəbul etsək, hökmən deməliyik ki, nəsxin təkrar olunması ziddiyyətli hədislərin sayı qədər olmalıdır!!
Deməli, Ibni Ərəbinin sözlərini gətirdikdən sonra Qurtubinin nəql etdiyi şey daha səhihdir. Müvəqqəti izdivac hədisinin yollarını bir yerə yığan alimlər demişlər: «Bu hədislər bunu gərəkli edir ki, müvəqqəti izdivacın hökmü yeddi dəfə halal və haram edilmiş olsun. Çünki Ibni Əmrə rəvayət edir ki, bu hökm Islamın əvvəllərində mövcud olmuşdur. Səlmət ibni Əkvə rəvayət edir ki, o, Ovtasın fəth olunduğu illə əlaqədardır. Əli ™-a mənsub etdikləri rəvayətdə deyirlər ki, Xeybərin fəth olunmasında idi. Rəbi ibni Səbrənin onun halal olmasını Məkkənin fəthinə aid bilir. Bu rəvayətlərin hamısının yolları «Səhihi Müslüm» kitabında qeyd olunmuşdur. «Səhihi Müslüm»dən başqa kitablarda da imam Əli ™-ın dilindən rəvayət edirlər ki, onun qadağan olunması Təbuk müharibəsində olmuşdur. Əbu Davudun «Sünən» kitabında Rəbi ibni Səbrə rəvayət edir ki, müvəqqəti evlənmənin qadağan olunması «Həccətül-vida»da olmuşdur. Əbu Davud bu bölümdə olan rəvayətlərin ən düzgünü hesab edərək Əmr Həsəndən rəvayət edir ki, ondan əvvəl və ondan («Həccətül-vida»dan) sonra halal olmamışdır. Bu söz Səbrənin dilindən də rəvayət olunmuşdur.
Bunlar müvəqqəti evlənmə ilə əlaqədar olan yeddi mövqe idi. Xüləfa məktəbinin ardıcılları «səhih adlandırılan kitablarda gələn hədislərin səhihliyini isbat etmək üçün belə deməyə məcbur olmuşlar: «Müvəqqəti izdivacın hökmü Islam şəriətində dəfələrlə qüvvədən düşmüşdür.»
Ibni Qəyyimin bu barədə dediyi söz necə də gözəldir! O deyir: «Şübhəsiz, şəriətdə belə bir nəsx olunmanın misli görünməmişdir. Onun oxşarı Islamda baş verə bilməz.»[15]
Ondan da rüsvayçı nəzər Ibni Ərəbinin bu barədə dediyi aşağıdakı sözdür: «Amma bu (təkrarən qüvvədən düşmə) hökmlərin barəsində – nasix və mənsuxla əlaqədar tam aşkar şəkildə sübuta yetmişdir. Bu şəriətin qəribəliklərindən biri də onda baş verən təkrar nəsxlərdir...!!»[16]
Qeyd olunanlardan əlavə, mən bilmirəm: Necə mümkün ola bilər ki, bu rəvayətlərdən hətta birini belə səhih bilək?! Halbuki, Ömərdən təvatür şəkildə belə nəql olunmuşdur:
«Iki müt`ə Peyğəmbərin dövründə var idi ki, mən onları qadağan edirəm: Qadınların müt`əsi və həccin müt`əsi.»
Başqa bir ibarədə belə deyilir: «Və uhərrimuhuma – o ikisini haram edirəm.»[17]
Necə mümkün ola bilər ki, bu rəvayətlərdən biri səhih olsun, halbuki, Cabirdən nəql olunan səhih rəvayətdə deyilir: «Biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müvəqqəti izdivac edirdik»?!
Başqa bir rəvayətdə deyir: «Nəhayət Ömərin xilafətinin axırları gəlib çatdı...»
Yenə bir rəvayətdə deyilir: «Biz Peyğəmbərin və Əbu Bəkrin dövründə bir qədər xurma və un ilə müt`ə edirdik, nəhayət Ömər onu Əmr ibni Hərisin gördüyü işə görə qadağan etdi.»[18]
Necə mümkün ola bilər ki, bu rəvayətlərdən hər hansı biri düzgün olsun və şəxsən Ömər, tabein və səhabələrdən heç biri Ibni Zübeyrin dövrünə qədər onu eşitməmiş olsun? Müsəlmanlardan heç biri bu müddət ərzində ondan xəbərdar olmamış olsunlar? Çünki əgər belə bir rəvayət olsaydı, Öməri ondan agah edər və onun əsasında dəlil gətirərdilər, xilafətin hakim hey`əti də Ibni Zübeyrin dövrünə qədər onu yayaraq ona istinad edərdi. Xüsusilə bunu nəzərə alaq ki, müt`ənin qadağan edilməsi ilə müxalif olanlar, o cümlədən Ibni Abbas, Cabir, Ibni Məs`ud və başqaları Peyğəmbər sünnəsinə istinad edərək onları məhkum edir, başqalarını da ona şahid tutur, Ibni Zübeyrin anası Əsma kimi adamlardan soruşurdular. Əli və Ibni Abbas aşkar şəkildə deyirdilər: «Əgər Ömər müvəqqəti izdivacı qadağan etməsəydi, bədbəxt adamlardan başqa heç kəs zina etməzdi.» Heç kəs də demirdi ki, Peyğəmbər onu qadağan etmişdir.
Bəli, bu miqdarı qəbul edirik ki, bu cür hədislər də xeyirxahlıq məqsədilə düzəldilmişdir ki, xəlifə Ömərin bu barədəki mövqeyini dəstəkləsin və ona tutulan iradları ondan uzaqlaşdırsın! Necə ki, həccin ümrədən ayrılması və həccin təklikdə yerinə yetirilməsi hədisləri də ona tutulan iradları dəf etmək və xeyirxahlıq məqsədilə düzəldilmişdir. Bu eynilə Qur`an surələrinin oxunulmasının fəziləti barəsində xeyirxahlıq və savab məqsədilə düzəldilən hədislərə oxşayır.
Nəvavi özünün «Təqrib» kitabında[19] deyir: Qondarma və saxta hədis düzəldənlər bir neçə qrupdur ki, onların ən təhlükəlisi və ən ziyanlısı o kəslərdir ki, zöhdlük və tərki-dünyalığa mənsub edilir və hədisləri xeyirxahlıq və savab məqsədilə düzəldirlər, camaat da onlara e`timad etdiklərinə görə düzəltdikləri hədisləri qəbul edirlər.
Onun şərhində deyir: Xeyirxahlıq və savab məqsədilə düzəldilən hədislərin nümunələrindən biri Hakimin öz sənədilə Əbu Əmmar Mərvəzidən rəvayət etdiyi bir hədisdir. Əbu Ismət Nuh ibni Əbi Məryəmə deyildi: Necə oldu ki, sən Əkrəmədən və Ibni Abbasdan Qur`an surələrinin hər birinin fəziləti barəsində bu qədər hədisi əldə etdin, halbuki, onların heç biri Əkrəmənin səhabələrinin nəzərində yoxdur?!» O dedi: «Mən gördüm ki, camaat Qur`andan üz çevirmiş, Əbu Hənifənin, ibni Ishaqın Məğazi»sinə üz gətirmişlər. Buna görə də o hədisləri savab və xeyirxahlıq məqsədilə düzəltdim.»[20]
Ömərin müvəqqəti izdivacı və həcc müt`əsini qadağan etməklə əlaqədar tutduğu mövqeyini təsdiqləmək üçün düzəldilən hədislər də bu qəbildəndir. Xüsusilə, Peyğəmbərin müvəqqəti izdivacı nəhy etməsi ilə əlaqədar düzəldilən hədisləri qeyd etmək olar ki, bizim nəzərimizə görə Ibni Zübeyrdən sonra və hədisin yazıldığı əsrdən qabaq, yə`ni birinci hicri əsrinin axırlarında və ikinci əsrin əvvəllərində Ömərin işlərinə bəraət qazandırmaq üçün düzəldilmişdir.
Bir sözlə, onlardan biri Peyğəmbərə nisbət verərək belə demişdir: «Peyğəmbəri Əkrəm Xeybər qəzvəsində müvəqqəti izdivacı qadağan etdi.»
Digəri demişdir: «Peyğəmbər onu halal etdi və qəza ümrəsində haram etdi.»
Üçüncüsü deyir: «Bu hökm Məkkənin fəthində olmuşdur.»
Dördüncüsü deyir: «O, Ovtasın fəthində baş vermişdir.»
Beşincisi deyir: «Təbuk müharibəsində olmuşdur.»
Altıncısı deyir: «Həccətül-vidada baş vermişdir.»[21]
Beləliklə, onlardan hər biri demək istəyir ki, bu hökmün halal və haram olması birlikdə və bir yerdə, bir zamanda və xüsusi bir məkanda Peyğəmbərin dövründə baş vermiş, Ömərin haram etməsi də buna görə olmuşdur.
Bəli, bu hədislər bir-birilə ziddiyyət təşkil edir və xüləfa məktəbinin alimləri bu ziddiyyətləri aradan qaldırmaq məqamına gəldikləri üçün Islam şəriətinə nöqsan varid olunmasına səbəb olan şeylərdən başqa bir şey tapa bilməmiş və onu Peyğəmbəri Əkrəm ¡-ə nisbət vermişlər, halbuki, bu, Mühəmməd ¡ şəriətinə yaxılan iftiradan başqa bir şey deyildir! Onlar deyirlər: «Bu hökm iki dəfə halal, iki dəfə haram edilmişdir.» Həmçinin, demişlər: «Onun halal olub, sonradan qüvvədən düşməsi bundan daha çox, hətta yeddi dəfəyə qədər təkrar olunmuşdur!!»
Bəli, bunlar bu hədislərin düzgünlüyünə iltizamlı olduqları, bu sözlərini qoruyub-saxlamağa cəhd etdikləri vaxta qədər Islama vurulan ehtiramsızlıqları böyük və dağıdıcı faciə hesab etməyəcəklər!
Xüləfa məktəbinin alimləri müvəqqəti izdivacın haram edilməsini dəstəkləmək üçün bu hədislərin vasitəsilə çoxlu faydalar almışlar. Onun nümunəsini Yəhya ibni Əksəmlə[22] Mə`munun arasında 3-cü hicri ilinin əvvəllərində olan hadisədir ki, Ibni Xulləkan onu Məhəmməd ibni Mənsurun dilindən belə rəvayət etmişdir: Biz Abbasi xəlifəsi Mə`munla birlikdə Şam yolunda idik. O göstəriş verdi ki, nida edib belə desinlər: «Müvəqqəti evlənmə halaldır.» Yəhya ibni Əksəm mənə və Əbil-Əynaya dedi: «Sübh tezdən onun yanına gedin, əgər danışmağa imkan vardırsa, onunla danışın, əks halda mən gəlincəyə qədər sükut edin.»
O deyir: Mə`munun yanına getdikdə, gördük ki, dişlərini yuyur. Qəzəbli halda (Ömərin sözlərini təkrar edərək) belə deyirdi: «Iki müt`ə var idi ki, Peyğəmbərin və Əbu Bəkrin dövründə cari idi, mən onu qadağan edirəm!» Sən kimsən ki, ey milçək! Peyğəmbərin və Əbu Bəkrin yerinə yetirdiyi bir işi qadağan edəsən?!»
Əbül-Əyna Məhəmməd ibni Mənsura işarə edib dedi: «Ömər ibni Xəttabın barəsində belə şeylər deyən adamla danışa bilərikmi?!» O deyir: Buna görə də özümüzü saxladıq ki, Yəhya ibni Əksəm gəlsin. O gəldikdə oturdu, biz də oturduq. Mə`mun Yəhyaya dedi: «Nə oldu, nə üçün qəzəblənmisən?» Yəhya dedi: «Bu, Islamda baş verən bir faciəyə görədir.»
Mə`mun dedi: «Onda nə baş vermişdir?»
Dedi: «Zinanın halal olmasına dair çağırış!»
Mə`mun dedi: «Zina?!»
Yəhya dedi: «Bəli, müvəqqəti evlənmə zinadır.»
Mə`mun dedi: «Bunu haradan deyirsən?»
Yəhya dedi: «Allahın Kitabından və Peyğəmbərin sünnəsindən!
Allah-taala buyurur:
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ * الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ * وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ * وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ* وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ * إِلَّا عَلَى أَزْوَاجِهِمْ أوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ * فَمَنِ ابْتَغَى وَرَاء ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْعَادُونَ
"Həqiqətən, mö`minlər nicat tapdılar..." (Nəhayət buyurur:) O kəslər ki, öz fərclərini qoruyub-saxlayarlar, öz həyat yoldaşlarından və kənizlərindən başqa bir kəsin yanına getməzlər. Bunlar danlağa düçar olmazlar. Hər kəs bundan başqa bir yol gedərsə, həqiqətən təcavüzkarlardandır."
Sonra dedi: Ey mö`minlərin əmiri! Müvəqqəti izdivac «milki yəmin» (kəniz)-dirmi?
Mə`mun dedi: Xeyr!
Yəhya dedi: Müvəqqəti həyat yoldaşı elə həmin həyat yoldaşıdırmı ki, irs aparır və irs qoyur, övladları ona mülhəq olur[23] və onun şərtlərinə malikdir?
Mə`mun dedi: Xeyr!
Yəhya dedi: Deməli, hər kəs bu ikisindən (daimi izdivacdan və ixtiyarında olan kənizdən) o tərəfə keçərsə, təcavüzkardır.
Ey mö`minlərin əmiri! Məhəmməd ibni Hənəfiyyənin oğlanları Əbdüllah və Həsəndən, onlar da Əli ibni Əbi Talibdən nəql edirlər ki, o, belə demişdir: (Bunu Zəhri nəql edir.) «Peyğəmbəri Əkrəm mənə göstəriş verdi ki, uca səslə müt`ənin qadağan və haram olmasını e`lan edim. Bu da ki, o həzrətin bu işin yerinə yetirilməsinə dair fərman verməsindən sonra baş vermişdi.
Mə`mun üzünü bizə tutub dedi: Zəhridən nəql olunan bu hədis həqiqətdirmi?
Dedik: Bəli, ey mö`minlərin əmiri! Bə`ziləri, o cümlədən, Malik o rəvayəti dedi.
Mə`mun dedi: «Əstəğfirullah!» (Allahdan bağışlanmaq istəyirəm!) Çağırıb nida edin ki, müt`ə haramdır. (Sonra da belə etdilər.)
Əbu Ishaq, Ismail ibni Həmmad ibni Zeyd (Maliki məzhəbinin fəqihidir) bir gün Yəhya ibni Əksəm barəsində danışdılar və onun məqamını yüksək tutaraq dedilər: Onun Islamda elə bir yüksək rolu vardır ki, heç kəs ona malik deyildir. (Sonra bu günləri xatırlatdılar.)[24]
Bəli, xüləfa məktəbinin alimləri elmi mübahisə apararkən bu hədislərə istinad edirlər, amma xəlifə onların danılmaz sözləri ilə qarşılaşıb onun «Peyğəmbərin dövründə iki müt`ə var idi, mən onları qadağan edirəm və hər kəs görsə, ona cəza verərəm» - sözünə çatdıqda deyirdilər: Xəlifə ictihad etmişdir! Deməli, Allah və Peyğəmbər bir hökmü buyurmuş, xəlifə Ömər isə onların qarşısında əks mövqe seçərək ictihad etmişdir.[25]
Ömərin belə dediyi mütəvatir şəkildə nəql olundu: « Peyğəmbərin dövründə iki müt`ə var idi ki, mən indi onları qadağan edirəm, hər kəs onları yerinə yetirsə, cəzalandıracağam.» Bu da «Həcc müt`əsi» bölməsində qeyd olundu. Xüləfa məktəbində müvəqqəti izdivacın tə`rifi belədir: «Bir kişi bir qadını, onun vəli və qəyyumunun izni ilə və iki şahidin hüzurunda müəyyən bir müddətdə öz izdivacına keçirsin və nəzərə alınmış mehriyyəni ona versin, müddətin sonunda da qadının öhdəsində heç bir şey olmasın. Yalnız iddə saxlamaq bundan istisna olunur ki, hamilə olub-olmadığı mə`lum olsun. Övlad da şübhəsiz olaraq ataya mülhəq olur. Əgər hamilə olmazsa, müddət keçdikdən sonra başqası ilə evlənə bilər. Onun iddəsi bir aylıq adət qədərindədir və bir-birindən irs aparmırlar. Əgər müddət sona çatdıqda, onu uzatmaq istəsələr, başqa bir mehriyyə qərar verməklə bu işi görməlidirlər.»
Amma onun Əhli-beyt məktəbindəki tə`rifi belədir: «Qadın ya şəxsən özünü təzvic edir, ya da onun vəkili; əgər səğirə olsa, qəyyumu onu mə`lum olunmuş mehriyyə və müəyyən olunmuş müddətlə onunla izdivac edə bilən bir kişinin əqdinə keçirir. Elə bir şəxs olmalıdır ki, şər`i cəhətdən, yə`ni nəsəb, yaxud səbəb, yaxud süd vermə vasitəsilə heç bir maneə olmamalı, yaxud qadın iddədə, yaxud ehsanda (ərdə) olmamalıdır. Həmin müddət sona çatdığı, yaxud əri vaxtın qalanını ona bağışladığı zaman bir-birindən ayrılırlar. Ayrıldıqdan sonra əgər qadın kişi ilə yaxınlıq etmişdirsə və yaisəlik yaşında deyildirsə, iki dəfə aylıq adəti miqdarında iddə saxlamalıdır. Əgər qadın adət görməyən qadınlardan olsa, qırx beş gün gözləməlidir. Əgər yaxınlıq olmayıbsa, yaxınlıq edilmədən təlaq verilən qadın kimidir və ona iddə yoxdur. Müvəqqəti izdivacdan əmələ gələn övladlar bütün hökmlərdə eynilə daimi izdivacdakı övladlar kimidir.»
[1] «Zadul-məad», 2-ci cild, səh.158; «fi bəhsi zəməni təhrimil-müt`ə» fəsli.
[2] «Zadul-məad», 2-ci cild, səh.204; «ibahətu müt`ətun-nisa, sümmə təhrimuha» fəsli.
[3] «Fəthul-bari», 9-cu cild, səh.22.
[4] «Fəthul-bari», 11-ci cild, səh.72.
[5] Yenə orada, səh.74.
[6] «Fəthul-bari», 12-ci cild, səh.70; «lühumul-xeyl» babı.
[7] «Səhihi Buxari», «lühumul-xeyl» babı; «Fəthül-bari»nin şərhi, 9-cu cild, səh.22.
[8] Əbu Nəcih Irbaz ibni Sariyə Səlma. Onun vasitəsilə otuz bir hədis Peyğəmbərdən rəvayət edilmişdir ki; «Sihah» müəllifləri – Buxari və Müslümdən başqaları – onları qeyd etmişlər. O, hicrətin 75-ci ilində, yaxud Ibni Zübeyrin fitnə törətdiyi ildə vəfat etmişdir. «Usdul-ğabə», 3-cü cild, səh.399; «Cəvamius-sirə», səh.81; «Təqribut-təhzib», 2-ci cild, səh.17.
[9] «Sünəni Əbi Davud», 2-ci cild, səh.64.
[10] «Sünəni Əbi Davud», 3-cü cild, səh.66; «fin-nəhyi ənin-nəhbi» babı.
[11] Bu hədisin mənbələri yuxarıda qeyd olunmuşdur.
[12] «Təfsiri ibni Kəsir», 1-ci cild, səh.474; «fəməstəmtə`tum bihi minhunnə» ayəsinin təfsirində.
[13] «Təfsiri Kəşşaf», 1-ci cild, səh.519.
[14] Ibni Rüşd özünün «Bidayətul-müctehid» kitabının 2-ci cildinin 63-cü səhifəsində deyir: «Bu hadisə beş dəfə baş vermişdir.»
[15] «Zadul-məad», 2-ci cild, səh.204.
[16] «Termizinin şərhi», 5-ci cild, səh.48-51.
[17] Bu rəvayətin mənbələri «Həcc müt`əsi və qadınlar müt`əsi» bəhsinin əvvəlində qeyd olundu. Həmçinin bax: «Zadul-məad», 2-ci cild, səh.205.
[18] Bu rəvayətlərin mənbələri «Ömərin müvəqqəti izdivacı qadağan etməsi səbəbləri» bölməsində keçdi.
[19] «Təqribun-Nəvavi», Hafiz Muhyiddin Nəvavi.
[20] «Təqribur-ravi fi şərhin-Nəvavi», Süyuti, 1-ci cild, səh.282.
[21] Ibni Həcər «Fəthul-bari», 11-ci cild, səh.73-də bu ravi silsiləsini belə qeyd etmişdir.
[22] Əbu Məhəmməd Yəhya ibni Əksəm Mərvəzi, Əksəm ibni Seyfi Əsədinin övladlarından idi ki, Mütəvəkkil onu qazil-quzat məqamına seçmiş, Islam məmləkətinin işlərinin idarə olunmasını ona həvalə etmişdir. O, Lut qövmünün əməlinə–livata mürtəkib olurdu. Şair onun barəsində deyir:
"Dünya və onun əhalisi nə vaxt islah olar,
Halbuki müsəlmanların qazil-quzatı livat edir?!»
Digəri isə onun barəsində deyir: «O, elə bir qazi idi ki, zinanın şər`i həddə səbəb olduğunu deyir, lakin livat edən şəxsin onun yanında heç bir günahı yoxdur. O, 1042-ci ildə vəfat etmişdir.» «Vəfəyatul-ə`yan», 5-ci cild, səh.197-213.
[23] Əvvəldə qeyd olundu ki, Əhli-beyt məktəbinin nəzərinə görə müt`ədən əmələ gələn övladlar daimi izdivacdan əmələ gələn övldalarla eyni səviyyədədir.
[24] «Vəfəyatul-ə`yan», 5-ci cild, səh.199-200; «Məktəbətun-nəhfəttətuəl-Misriyyə» nəşri, 1949-cu il.
[25] «Nəhcül-bəlağənin şərhi», Ibni Əbil Hədid Mö`təzili, 3-cü cild, səh.363, 8-ci tə`nənin cavabında.