AYƏNİN NƏSX OLUNMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ BAŞQA BİR FƏRZİYYƏ
Bu ayə ilə cihad ayəsinin nəsx olunduğuna dair irəli sürülmüş başqa bir nəzəriyyəni tamamilə əsassız bilmək olar. Bunlar Tövbə surəsinin 41-ci ayəsinə istinad edərək deyirlər:
انْفِرُواْ خِفَافًا وَثِقَالاً وَجَاهِدُواْ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللّهِ
«[Ey mö᾽minlər!] Ağırlı-yüngüllü [qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb] hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun.» (9/111).
Ayənin məzmunundan belə qənaətə gəlmək olur ki, müsəlmanlar hamılıqla döyüş meydanına doğru hərəkət etməli və Allah yolunda düşmənə qarşı mübarizə aparmalıdır və bu ayə cihadın hamıya deyil, yalnız müəyyən şəxslərə vacib olduğunu bəyan edən həmən surənin 122-ci ayəsi ilə nəsx olunmuşdur.
Cavab:
Əvvəlki ayədə qeyd etdiyimiz kimi, ayənin mə᾽na və məfhumu, nəsx olunmaq üçün ümumi xarakter daşımır və burada əmr olunan müəyyən şəxslər nəzərdə tutulur. Bütün bunlarla yanaşı bu mətləbə işarə etdik ki, ümumi bir hökmü müəyyən şəxslərə aid etmək nəsx deyil, ümumi hökm üçün bir növ istisnadır.
O ki, qaldı 122-ci ayəyə (və ma kanəl-mu᾽minunə – mö᾽minlər döyüşə birdən çıxmamalıdılar), qətiyyətlə deyə bilərik ki, bu iki ayəni nəinki nəsx etməmiş, əksinə açıq-aşkar olaraq onların nəsx olunmadığına dəlalət edir. Çünki ayədə birbaşa göstərilir ki, döyüş meydanına getmək əvvəldən də ümumi xarakter daşımamışdır ki, bütün müsəlmanlara aid və sonralar çarəsizlik üzündən nəsx olunmuş olsun. Döyüş meydanına getmək elə ilk günlərdən yalnız müəyyən şəxslərə, xüsusilə də bunu Peyğəmbərdən (s) tələb edən və döyüş əzmində olan fədailərə aid olmuşdur.
عَفَا اللّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُواْ وَتَعْلَمَ الْكَاذِبِينَ لاَ يَسْتَأْذِنُكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ أَن يُجَاهِدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ إِنَّمَا يَسْتَأْذِنُكَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَ
«Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara [cihadda iştirak etməyə] izn verdin? Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəməzlər [o saat cihada çıxarlar]. Allah müttəqiləri tanıyandır! Səndən [cihada çıxmaq üçün] izn istəyənlər ancaq Allaha və axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.» (9/43-45).
İbni Abbas, Həsən Bəsri və Əkrəmədən nəql olmuş rəvayətdə deyilir: Bu ayə Nur surəsinin 62-ci ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:
فَإِذَا اسْتَأْذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ
«Əgər onlar bə᾽zi işlər üçün səndən izn istəsələr, onlardan özün istədiyinə [yanından getməyə] izn ver.» (24/62).
Cavab:
Ayənin nəsx olunmasına dair irəli sürülmüş bu nəzəriyyəni tamamilə əsassız hesab etmək olar. Çünki ayənin məzmunundan mə᾽lum olur ki, döyüş meydanının tərk olunması üçün icazənin verilməməsi o zaman olmuşdur ki, kimin yalan, kimin də həqiqəti söylədiyi arasında fərq qoymaq olmurdu. Ayə nazil olmaqla əmrə tabe olmaq istəməyən və müxtəlif bəhanələrlə şəhərdə qalmaq üçün Peyğəmbərdən (s) icazə istəyən və beləliklə döyüşdə iştirak etməyən şəxslərin iç üzü açılır.
Allah-taala, Peyğəmbərə (s) kimin yalan, kimin də həqiqəti söylədiyi və kimin həqiqətən iman gətirdiyi, kimin də küfr etdiyi bəlli olmayınca heç bir kimsəyə icazə verməməyi əmr edir. Hər şey mə᾽lum olduqdan sonra Allah-taala bir tərəfdən mö᾽minlərə Peyğəmbərdən (s) icazə almaqla bə᾽zi çətinlikləri aradan qaldırmaq üçün müvəqqəti olaraq döyüşlərdə iştirak etməməyə izn verir. Digər tərəfdən də (Fə izəstə᾽zənukə libə᾽zi şə᾽nihim – əgər onlar bə᾽zi işlər üçün səndən üzr istəsələr) ayəsi ilə Peyğəmbərə (s) məsləhət gördüyü şəxslərə ciddi çətinliklərini aradan qaldırmaq üçün döyüşdə iştirak etməməyə icazə verməsini bbuyurur. Verilən izahla hər iki ayənin müəyyən mətləbə toxunduğu və birinin digərini nəsx etmədiyi artıq bəlli olur.
MÜHARİBƏDƏN BOYUN QAÇİRMAQ HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
مَا كَانَ لِأَهْلِ الْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ الأَعْرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ اللّهِ وَلاَ يَرْغَبُواْ بِأَنفُسِهِمْ عَن نَّفْسِهِ
«Mədinəlilərə və onların ətrafında olan bədəvilərə [döyüşdə] Allahın peyğəmbərindən geri qalmaq, ondan [ona üz verən məşəqqətlərdən] özlərini kənara çəkmək [belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq] yaraşmaz.» (9/120).
İbni Zeyddən nəql olmuş rəvayətdə deyilir:
Bu ayə də növbəti 122-ci ayə ilə nəsx olunmuşdur. Çünki 120-ci ayədə döyüşdən boyun qaçırmağın hamıya qadağan olduğu, növbəti 122-ci ayədə isə hökmün ümumi xarakterinin nəsx olunaraq döyüşdə yalnız müəyyən şəxslərin iştirak edəcəyinə toxunulur.
Müəllif:
Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri bu ayə 120-ci ayənin nəsx olunmasına deyil, hökmün nəsx olunmadığına dəlalət edir və biz hər iki ayəyə diqqət yetirdikdə belə bir qənaətə gəlirik ki, müsəlmanlar döyüş meydanında hamılılıqla deyil, yalnız kifayət edəcək miqdarda iştirak etməlidirlər.
Başqa sözlə desək, hər iki ayənin məzmunundan yalnız bir hökm əldə edə bilərik. O da bundan ibarətdir ki, cihad eyni deyil, kifayi-zəruri olan hökmdür. Yə᾽ni, birinci ayə hökmün zəruriliyini, ikinci ayə isə onun kifayi olduğunu bəyan edir. Lakin eyni zamanda bütün müsəlmanların zəruri olaraq hamısının döyüş meydanında iştirak etməsini (eyni-zəruri) tələb edir və bu zərurət birinci zərurətdən bir qədər fərqlidir. Bu səbəbdən də iki növ zərurət mövcuddur:
Kifayi və xarici amillər meydana gəldikdə; bə᾽zən də eyni-zərurət və onların hər ikisi öz yerində dəyişilməzdir və e᾽tibarlıdır.
وَاتَّبِعْ مَا يُوحَى إِلَيْكَ وَاصْبِرْ حَتَّىَ يَحْكُمَ اللّهُ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ
«Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah [zəfər] hökmünü verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır.» (10/109).
İbni Zeyddən nəql olmuş rəvayətdə deyilir: Bu ayə cihad hökmünü verən ayə ilə nəsx olunaraq öz qüvvəsini itirmişdir.
Müəllif:
Birinci ayənin nəsx olunduğunu batil edən dəlilləri biz bu ayənin də nəsx olunmadığına dair dəlil gətirə bilərik.
Təkrara yol verməyib yalnız bu mətləbə işarə etmək istəyirik ki, «Səbir» bu ayədə düşmənin inadkarlıqlarının müqabilində deyil, həyatın bütün mərhələlərinə aiddir. Başqa sözlə desək, “Səbir” ayədə siyasi deyil, əxlaqi mə᾽na daşıyır. Bunun da nəsx olunması qeyri-mümkündür.
BAĞIŞLAMA VƏ KAFİRLƏRDƏN ÜZ DÖNDƏRMƏ AYƏSİNİN NƏSXİ
وَإِنَّ السَّاعَةَ لآتِيَةٌ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ
«Sən müşriklərdən yaxşıca üz döndər və ya onları alicənablıqla bağışla.» (15/85).
İbni Abbas, Səid və Qətadədən nəql olmuş rəvayətdə deyilir: Ayədə Peyğəmbərə (s) kafirləri bağışlamağa və əfv etməyə əmr olunur. “Səyf” ayəsində isə kafirə qarşı cihad hökmü verilməklə ayənin hökmü nəsx olunur.
Müəllif:
Əvvəlki ayələrdə olduğu kimi bu ayə haqqında da deyə bilərik ki, əfv və bağışlama burada mə᾽na daşımır. Belə ki, Peyğəmbər (s) səbir etməyə əmr olunduqda, müşriklərin inadkarlıqlarının və etdikləri pisliklərin müqabilində səbir etməsi nəzərdə tutulur. Hicr surəsinin 94 və 95-ci ayələri dediklərimizi bir daha sübuta yetirə bilər:
فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ
«[Ya Məhəmməd!] Sənə əmr olunan Qur᾽anı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin [şərrindən] səni qorumağa Biz kifayət edərik.» (15/94-95).
Göründüyü kimi, burada Peyğəmbər (s) müşriklərin istehzalarının müqabilində səbir etməyə əmr olunur. Belə bir mə᾽nanı nəzərə alaraq deyə bilərik ki, ayənin «Səyf» ayəsi ilə nəsx olunması üçün kafirlərə qarşı cihad ayəsi ilə heç bir bağlılıq yoxdur. Ayənin ümumi məzmunu bundan ibarətdir ki, Allah-taala öz Peyğəmbərini (s) İslam dininin təbliğinə sövq edir və bu yolda qarşılaşacağı çətinliklərə sinə gərməyi və müşriklərin ardı-arası kəsilməyən istehzalarının müqabilində dözümlü olmağı əmr edir.
Göründüyü kimi ayənin cihad hökmü ilə heç bir bağlılığı yoxdur.
Müsəlmanların belə bir mühüm işə cəlb olunmaları isə yalnız kifayət qədər qüdrətə malik olduqdan sonra baş vermişdir. Daha dəqiq desək, Peyğəmbər (s) be᾽sətin ilk illərində cihad əmrini almadığı üçün müşriklərin qeyri-insani rəftarlarına göz yummalı və onlarla yumşaq rəftar etməli idi. O, peyğəmbərliyinin həqqaniyyətini göstərdiyi mö᾽cüzələrlə sübuta yetirir və bu yolla insanları Allahın birliyinə də᾽vət edirdi. Çünki o zaman nə Peyğəmbər (s), nə də ona iman gətirmiş azsaylı müsəlmanlar müharibəyə lazım olan kifayət qədər qüdrətə malik deyildilər. Əgər belə bir şəraitdə müşriklərə qarşı mübarizəyə başlasaydılar, təbii ki, böyük itkilər verər və məğlubiyyətə uğrayardılar. Bir neçə il sonra müsəlmanların sayı artdıqdan və müharibəyə lazım olan döyüş alətləri kifayət qədər əldə olunduqdan sonra müsəlmanlara cihad hökmü verildi. Əvvəlki fəsillərdə qeyd etdik ki, şəriət hökmləri zəmanənin tələbatını ödəmək üçün tədriclə Peyğəmbərə (s) nazil olmuşdur və 23 il müddətində təkmilləşmişdir. Cihad hökmü də be᾽sətin ilk illərində müsəlmanlara verilmədiyi üçün bütün çətinliklərin müqabilində dözümlü olmağa və səbir etməyə tövsiyə olunurdu.
Demək hökmün nəsx ilə heç bir bağlılığı yoxdur.
ŞƏRABIN HAlaLLIĞİNA DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
وَمِن ثَمَرَاتِ النَّخِيلِ وَالأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا
«Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab [yaxud sirkə] və gözəl ruzi [kişmiş, məvüz, bəhməz, quru xurma, və s.] düzəldirsiniz.» (16/67).
Qətadə, Səid ibni Cubeyr, Şə᾽bi, Mucahid, İbrahim və Əbu Zərrindən nəql olmuş rəvayətdə bu ayənin şərabın haramlığına dair nazil olmuş ayə ilə nəsx olunduğu göstərilir.
Cavab:
Ayənin nəsx olunması iki mühüm mətləbin sübuta yetirilməsindən ibarətdir:
1. Ayədə (səkər) deyildikdə, məstedici şərab nəzərdə tutulsun. Lakin nəsx nəzəriyyəsi tərəfdarları bunu sübuta yetirməyə qadir deyildirlər. Çünki (səkər) kəlməsinin daşıdığı lüğəvi mə᾽nalardan biri də «sirkədir». Tanınmış təfsir alimlərindən olan Əli ibni İbrahim də «Səkər» kəlməsini məhz bu mə᾽nada təfsir etmişdir. Belə bir mə᾽naya əsasən, (rizqən həsənən – ləziz yeməklər) deyildikdə, xurma və üzümdən hazırlanan şirə və müxtəlif yeyinti şeyləri nəzərdə tutulur.
2. Ayə şərabın halallığına dəlalət etmiş olsun. Halbuki, nəsx nəzəriyyəsi tərəfdarları bunu da sübuta yetirməyə qadir deyildirlər. Çünki ayə nəyinsə halal və ya haram olmasını və camaatın adət etdiyi hər hansısa bir şeyi deyil, müəyyən gerçəkliyi və təbii cərəyanı bəyan edir.
Biz ayənin təbii cərəyanı bəyan etdiyini bəşəriyyətin müxtəlif sənət və iste᾽dadlara yiyələndiyini bəyan edən ayələr arasında olması ilə sübuta yetirə bilərik:
وَاللّهُ أَنزَلَ مِنَ الْسَّمَاء مَاء فَأَحْيَا بِهِ الأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَسْمَعُونَ وَإِنَّ لَكُمْ فِي الأَنْعَامِ لَعِبْرَةً نُّسْقِيكُم مِّمَّا فِي بُطُونِهِ مِن بَيْنِ فَرْثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَآئِغًا لِلشَّارِبِينَ وَمِن ثَمَرَاتِ النَّخِيلِ وَالأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَعْقِلُونَ وَأَوْحَى رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ ثُمَّ كُلِي مِن كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلاً يَخْرُجُ مِن بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاء لِلنَّاسِ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ
«Allah göydən bir yağış endirər, onunla yer özünü öldükdən [quruduqdan] sonra dirildər. [Öyüd-nəsihətə] qulaq asanlar üçün bunda bir ibrət vardır. [Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!] Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. [Qanı və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verər ki, o içiləndə xoş gələr]. Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab [yaxud sirkə] və gözəl ruzi [kişmiş, mövüz, bəhməz, quru xurma və s.] düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır. Rəbbin bal arısına belə vəhy [təlqin] etdi: «Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə [evlərin damında, üzümlüklərdə] özünə yuva tik: sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat və asanlıqla get!» O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli [ağ, sarı, qırmızı] bal çıxar. Şübəhsiz ki, bundan da düşünüb dərk edənlər üçün bir ibrət vardır!» (16/65-69).
Allah-taala bu beş ayədə Öz qüdrət nişanələrindən, ölmüş torpağın yenidən yağışla dirilməsindən, yaradılmışların heyrətedici xüsusiyyətlərindən, insanların dördayaqlı heyvanların qarınlarındakı qanla ifrazat arasında olan təmiz süddən bəhrələnmələrindən söz açır və xilqətin digər sirlərinə işarə edir.
Burada həmçinin xurma və üzümün müsbət xüsusiyyətləri, onlardan müxtəlif çeşiddə hazırlanan şirə və yeməklərdən, ilham alaraq dağlarda özünə yuva quran bal arılarının heyrətedici xüsusiyyətlərindən söhbət açılır.
Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, ayələr heç də qanunvericilik xarakteri daşımır. Burada sadəcə olaraq Allahın birliyinə və Onun qüdrət nişanələrinə işarə olunur. Bunun isə şərabın haram olmasına dair nazil olmuş ayənin, şərabın halal olmasını nəsx etməklə heç bir əlaqəsi yoxdur.
«Səkər» deyildikdə məstedici içkilər nəzərdə tutulduğunu fərz etsək, belə ayə şərabın halallığına deyil, haram olduğuna dəlalət edəcəkdir. Çünki ayədə «şərab», «rizqən həsənən – gözəl ruzi»nin müqabilində işlənmişdir. Bu da bir daha sübut edir ki, şərab pak və halal ruzi deyildir.
Şeyx Səduq öz müəllimi Məhəmməd ibni Əsləmdən nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə)-dan şərabın halal olub-olmaması haqda soruşuldu. İmam (ə) sualın cavabında buyurdu: «Peyğəmbər (s) buyurmuşdur: Allahın mənə haram etdiyi ilk şey bütpərəstlik və şərab olmuşdur.»
Şeyx Səduq İmam Rza (ə)-dan nəql etdiyi başqa bir rəvayətdə deyir: «Allah-taala elə bir peyğəmbər göndərməmişdir ki, şərabı ona haram etməmiş olsun.»
E᾽caz fəslində qeyd etdik ki, şərab Tövratda da bəşəriyyətə haram olunmuşdur. Lakin bu bir həqiqətdir ki, İslam zühur etdiyi ilk illərdə şərab haram olmamış və bir müddət keçdikdən sonra şərabın haramlığına dair qəti hökm verilmişdir.
Belə bir qanunvericilik üsulu tək şərab hökmünə deyil, digər şəriət hökmlərinə də aiddir. Belə ki, bütün hökmlər əvvəlcədən müəyyənləşdirilmiş, zaman keçdikcə tədriclə e᾽lan edilmişdir. Sonradan haramlığına dair ayə nazil olmuş şərab hökmü də əvvəlcədən [yə᾽ni ayə nazil olmazdan əvvəl] haram olmuşdur.
ZİNAKAR KİŞİ VƏ QADININ EVLƏNMƏSİNƏ DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
الزَّانِي لَا يَنكِحُ إلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَالزَّانِيَةُ لَا يَنكِحُهَا إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ وَحُرِّمَ ذَلِكَ عَلَى الْمُؤْمِنِينَ
«Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu [belə bir evlənmə], mö᾽minlərə haram edilmişdir.» (24/3).
Səid ibni Musəyb və alimlərin bir çoxu belə bir fikirdə olmuşlar ki, bu ayə həmən surənin 32-ci ayəsi ilə nəsx olunmuşdur.
Orada deyilir:
وَأَنكِحُوا الْأَيَامَى مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ
«[Ey mö᾽minlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə qabil] kölə və cariyələrinizi evləndirin.» (24/32).
Deyilir:
Birinci ayədə müşrik və zinakar istisna olmaqla, zinakar qadınlarla evlənməyin yasaq olduğu, ikinci ayədə isə nikah hökmü əməli saleh olub-olmamasından asılı olmayaraq bütün subay şəxslərə ümumilikdə şamil olunur.
Müəllif:
Ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə «nikah» deyildikdə, evlənmək nəzərdə tutulduğunu sübuta yetirmək lazımdır. Lakin belə mə᾽nanı sübuta yetirmək üçün heç bir dəlil yoxdur. Və əgər «nikah» deyildikdə evlənmək nəzərdə tutularsa, müsəlman zinakar kişinin, müşrik [kafir] qadınla, həmçinin müşrik kişinin zinakar müsəlman qadınla evlənməsi də qanuni olacaqdır. Çünki ayədə zinakar kişinin yalnız zinakar və müşrik qadınla nikah edib evlənə biləcəyi göstərilir. Eyni qaydada zinakar qadın da yalnız zinakar və ya müşrik kişi ilə nikah edib evlənə bilər.
Halbuki, belə bir evlənmə İslam nöqteyi-nəzərindən qeyri-qanunidir və müsəlmanların adət-ən᾽ənələri ilə müvafiq deyildir.
Bu səbəbdən də deməliyik ki, ayədə «nikah» deyildikdə, istər qanuni olsun, istərsə də qeyri-qanuni, onun lüğəvi mə᾽nası, yə᾽ni, «cinsi yaxınlıq» nəzərdə tutulur.
«La yənkihu – evlənməyin», cümləsi də heç də qanunvericilik xarakteri daşımır. Burada sadəcə olaraq zinanın nə qədər qəbahətli iş olduğuna və insanların ondan çəkinmələrinə işarə olunur. Belə ki, zinakar kişi yalnız zinakar və kafir qadınla və zinakar qadın yalnız zinakar və kafir kişi ilə zina edər. Çünki mö᾽min və əməli-saleh şəxslər zinanı özlərinə haram edər və belə bir qəbahətli işə yol verməzlər.
قُل لِّلَّذِينَ آمَنُوا يَغْفِرُوا لِلَّذِينَ لا يَرْجُون أَيَّامَ اللَّهِ
«İman gətirən şəxslərə de ki, axirət gününə iman gətirməyənləri bağışlasınlar.» (45/111).
Təfsir alimlərinin bə᾽zilərinin fikrincə bu ayə «Səyf» və cihad hökmü ilə nəsx olunmuşdur. Bu haqda deyilir: Ayə Məkkədə Ömər ibni Xəttab barəsində nazil olmuşdur. Belə ki, müşriklərdən biri Öməri söyərək təhqir edir və Ömər də onu cəzalandırmaq istəyir. Ayə nazil olmaqla Ömər özünu ələ alır və sonra Tövbə surəsinin 5-ci ayəsi ilə bu ayə nəsx olunur:
فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ
«Müşrikləri harda görsəniz öldürün.» (19/5).
Nəsx nəzəriyyəsi tərəfdarları ayənin nəsx olunmasına dair bu cərəyanla yanaşı Əli ibni Əhmədin Məhəmməd Hişamdan, o da Asim ibni Suleymandan, o da İbni Cubeyrdən, o da Zəhhakdan və o da İbni Abbasdan nəql etdiyi rəvayətə istinad etmişlər.
Müəllif:
Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri bu rəvayət olduqca zəif və əsassızdır. Rəvayətin bütün zəif xüsusiyyətlərinə göz yumsaq da, onun Asim ibni Suleyman tərəfindən nəql olunması rəvayətin əsassız olmasına kifayət edər. Çünki o, yalan və iftiralarla dolu olan bir çox hədis və rəvayət nəql etmişdir.
1. İbni Udey onun barəsində deyir: O yalançı və hədis iftiraçısı olmuşdur. Onun nəql etdiyi bütün hədis və rəvayətlər istər sənəd, istərsə də mətn baxımından tamamilə e᾽tibarsızdır.
Fəlas deyir: Onun kimi hədis uyduran ikinci bir şəxs görmədim. Bu sahədə böyük məharəti var idi.
Əbu Hatəm və Nəsai deyir: Asimin söylədikləri tamamilə e᾽tibarsızdır.
Dar Qutbi deyir: Nəql etdiyi rəvayətlər zəif və əsassızdır.
Əbu Həbban deyir: Onun nəql etdiyi rəvayətləri yalnız hansısa bir şəxsdə təəccüb doğurmaq üçün nəql etmək olar.
Əbu Davud Təyalisi deyir: Yalançı olmuşdur.
Əzdi: Nəql etdiyi rəvayətlər əsassız və e᾽tibarsız olardı.[1]
Onun nəql etdiyi rəvayətləri bir neçə səbəbdən əsassız hesab edə bilərik:
1. Mə᾽lum olduğu kimi, müsəlmanlar hicrətdən əvvəl Məkkədə yaşayır və azlıq təşkil etdikləri [eyni zamanda zəif olduqları] üçün müşriklərlə sərt rəftar edə bilməzdilər.
2. Ömər heç də döyüşlərdə şücaət göstərən qabaqcıl mücahidlərdən deyildi. İradəsi zəif olan bu şəxsin elə bir ağır şəraitdə müşriklərə qarşı sərt davranaraq onları cəzalandırması və Ömərin özünü ələ alması üçün belə bir ayənin nazil olması nə dərəcədə düzgün ola bilər?
Halbuki, ayədəki «Ğufran – güzəşt etmək, bağışlamaq» kəlməsi qüdrət və intiqam almağa dəlalət edir. Lakin qeyd etdiyimiz kimi, hicrətdən əvvəl Ömərin müşriklərdən intiqam alması qeyri-mümkün idi. Çünki əgər Ömər onu təhqir edən şəxsi cəzalandırmaq istəsəydi, o da müqavimət göstərəcək və artıq güzəşt etməyə fürsət qalmayacaqdı.
Dediklərimizdən belə bir qənaətə gəlmək olur ki, ayənin verdiyi hökm nəsx olmamışdır və o, yalnız Ömərə deyil, bütün müsəlmanlara ümumilikdə şamil olunur. Belə ki, onlar müşriklərin əzab və əziyyətinə səbir etməli və bacardıqca güzəşt etməyi bacarmalıdırlar. Casiyə surəsinin 14-15-ci ayələri dediklərimizi bir daha sübuta yetirir.
لِيَجْزِيَ قَوْمًا بِما كَانُوا يَكْسِبُونَ مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ وَمَنْ أَسَاء فَعَلَيْهَا ثُمَّ إِلَى رَبِّكُمْ تُرْجَعُونَ
«[Ya Peyğəmbər!] İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını versin deyə – Allahın əzabından [əzab günlərindən] qorxmayanları bağışlasınlar! Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar.»
Ayənin zahiri mə᾽nası bundan ibarətdir ki, günahkarlar istər kafirlərdən olsun, istərs kitab əhlindən, istərsə də müsəl-manlardan, axirət əzab və sorğu-sualına iman gətirməyəcəkləri təqdirdə Allah tərəfindən layiqincə cəzalandırılacaqlar.
Hansı təbəqədən olursa-olsun, zülmkarların zülmünün və təcavüzkarların cinayətlərini unutmayan Allah onların cəzalandırılmasını öz üzərinə götürmüşdür.
Belə bir halda Allaha iman gətirmiş bir şəxs intiqam almaq üçün başqalarını qabaqlamağa çalışmamalıdır. Lakin diqqət yetirmək lazımdır ki, bu, əxlaqi və ictimai məsələyə aid olan bir hökmdür. Və istər hökmün qanunvericiliyi “Səyf” ayəsi nazil olmazdan əvvəl verilmiş olsun, istərsə də sonra, İslama də᾽vət və ya cihad hökmü ilə heç bir ziddiyyəti yoxdur.
DÖYÜŞDƏ ƏSİR GÖTÜRÜLƏNLƏR HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
فَإِذا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّى إِذَا أَثْخَنتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاء
«[Ey mö᾽minlər!] Kafirlərlə [döyüş meydanında] qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət onları məğlub etdikdə [əsir alıb, qaçmasınlar deyə əl-ayaqlarını] iplə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə, onları ya [boyunlarına minnət qoyub] pulsuz və ya fidyə müqabilində azad edin. (47/4).
Müfəssirlərin bə᾽ziləri hökmün “Səyf” ayəsi ilə nəsx olunduğunu qeyd etmişlər. Başqaları isə əksinə olaraq, bu ayənin “Səyf” ayəsini nəsx etdiyini qeyd etmişlər.
Müəllif:
Bu bir həqiqətdir ki, nə “Səyf” ayəsi bu ayəni, nə də bu ayə “Səyf” ayəsini nəsx etmişdir.
Bu barədə daha dəqiq nəzər irəli sürmək üçün müharibə şəraitində müsəlmanların kafirlərlə necə rəftar etmələrinə diqqət yetirməliyik.
DÖYÜŞDƏ İŞTİRAK EDƏN KAFİRLƏRİN HÖKMÜ
Müsəlmanlara qarşı mübarizə aparan kafirlərə «döyüş və müharibə kafirləri» (kafiri-hərbi) deyilir. Şiə alimləri bir neçə hal istisna olmaqla, onların qətlini vacib hesab edirlər:
1. Əgər döyüşdə iştirak edən kafirlər — istər döyüş zamanı olsun, istərsə döyüşdən sonra —İslamı qəbul edərlərsə, qətl hökmü onların üzərindən götürülür. Çünki onların qətlə yetirilməsinə səbəb kafir olmalarıdır. İslamı qəbul etdikdən sonra isə artıq buna heç bir səbəb qalmır.
2. Müsəlmanlar döyüşdə qalib gəldikdən sonra əsir alınmış kafirlər.
Belə olduqda da kafirlərin üzərindən qətl hökmü götürülmüş olur. Lakin döyüş başa çatmazdan əvvəl və ya döyüş zamanı əsir alınarlarsa, qətl hökmü öz qüvvəsində olaraq qalır. Çünki ayədə müsəlmanların zəfər çalmalarına və son cəza üsulu olaraq qətlin zəruri olduğuna xüsusi diqqət yetirilir. Mə᾽lum olduğu kimi, həddi-hüdudu olan hər bir hökm müəyyən olunmuş həddə çatdıqda qüvvədən düşmüş olur.
Bir sözlə, kafirlər döyüşdən sonra müsəlmanlara əsir düşərsə, dini rəhbər və ya qazi onların barəsində üç hökm verə bilər:
Ya kölə kimi istifadə edə, ya fidyə almaqla və ya pulsuz olaraq onları azad edə bilər.
Kafirlərin bütpərəst olub-olmamasından asılı olmayaraq, hökmün icrasında heç bir fərq qoyulmur.
Xülasə: Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, müharibədə iştirak edən kafirlər əsir düşərkən ya döyüş zamanı qətlə yetirilməli, ya İslamı qəbul etdiyi təqdirdə əfv olunmalı və ya döyüş başa çatdıqdan sonra əsir alınaraq qətlə yetirilməməlidir. Döyüş başa çatdıqdan sonra da baş dini hakim əsirləri ya kölə olaraq müsəlmanların ixtiyarına verməli, ya fidyə alaraq azad etməli və ya pulsuz olaraq güzəştlə azad etməlidir.
Müsəlmanlarla müharibə aparan kafirlər haqda verilən hökmün xülasəsi bundan ibarətdir. Bu barədə müsəlman alimləri arasında heç bir ixtilaf nəzərə çarpmır. Əgər cüz᾽i ixtilaflar varsa da, əsassızdır və heç bir e᾽tibara malik deyildir.
Ayədə istifadə olunan ifadələrdən bir daha belə qənaətə gəlmək olur ki, ayənin zahiri mə᾽nası məhz kafirlərin döyüş zamanı qətlə yetirilməsinə: «zərbərriqab», döyüş başa çatdıqdan sonra əsirləri ciddi nəzarət altında saxlamağa: «şuddul-vəsaq» və döyüş başa çatdıqdan sonra baş dini hakim tərəfindən əsirləri fidyə verərək və ya pulsuz azad olunmağa «mənnən və fidaən» dəlalət edir.
Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, «şuddul vəsaq» deyildikdə, əsirlərin pulsuz və fidyə alınaraq azad olunmaları nəzərdə tutulur.
Çünki «şuddul vəsaq» adətən düşmənin hər növ ixtiyar, azadlıqdan məhrum olunmasına deyilir və belə bir mə᾽nanı əsir alınmış şəxslərin azadlıqdan məhrum olunmasına şamil etmək olduqca münasib olardı və əgər «şuddul vəsaq» ayədə əsirlik deyil, ümumi bir mə᾽na daşıyarsa, onda başqa bir dəlillərlə köləliyin qanuni olduğuna dəlalət etmiş olur. Və beləliklə “fidaən” fidyə ilə azad etmək» hökmünə aid olmuş olur.
Belə bir izahatla döyüşə gəlmiş və köləliyə əsir alınmış kafir haqda verilmiş hökm tamamilə bəlli olur.
Bu hökmə dəlalət edəcək bir çox mö᾽təbər rəvayətlərə də işarə etmək olar. Belə ki, Koleyni və Şeyx Tusi, Təlhə ibni Səiddən nəql etdikləri rəvayətdə deyir: İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Döyüş başa çatmazdan əvvəl və kafirlər döyüş meydanını tərk etmədən əsir alınarlarsa, qazi onun ya boynunun vurulmasına, ya da dar ağacından asılmağa və ya sol ayağı ilə sağ əlinin kəsilməsinə dair hökm verə bilər. Onlar əl ayaqları kəsildikdən sonra buraxılmalı və qanaxma nəticəsində ölməlidirlər. Bu, Allah-taalanın Maidə surəsinin 33-cü ayəsində buyurduğudur:
إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ
«Allah və Onun peyğəmbəri ilə vuruşanların, yer üzərində fitnə-fəsad salanların cəzası öldürülmək, ya dar ağacından asılmaq, ya əl-ayaqlarının soldan və sağdan kəsilməsi və ya sürgün edilməsidir. Bu, dünyada onlar üçün xarlıq və zillətdir, axirətdə də böyük bir əzaba mübtəla olacaqlar.» Sonra İmam Sadiq (ə) buyurur: «Məgər bilmirsinizmi ki, Allah-taala, imamı yalnız kafirləri hansı növdən istifadə edərək cəzalandırmaqda ixtiyar sahibi etmişdir?»
Təlhə deyir: İmam Sadiq (ə)-dan «Əv yunfəv minəl ərz» cümləsində nəyin nəzərdə tutulduğunu soruşdum. İmam Sadiq (ə) buyurdu: «Sürgün etmək deyildikdə ayədə kafirlərin döyüş meydanını tərk etmələri nəzərdə tutulur. Yə᾽ni, müsəlmanlar döyüş zamanı kafirləri pərakəndə etməli və əsir etdikləri təqdirdə müəyyən olunmuş hökmü icra etməlidirlər. İcra olunası hökm isə bundan ibarətdir ki, döyüş başa çatdıqdan sonra əgər kafirlər əsir alınarlarsa, qazi onları ya kölə kimi saxlamalı, ya fidyə almaqla və yaxud pulsuz olaraq azad etməlidir.
Verilən izahatlardan belə mə᾽lum olur ki, döyüş başa çatdıqdan sonra əsir düşmüş kafirlərin üzərindən qətl hökmü götürülür.
Əhli-sünnə alimlərindən olan Zəhhak, Əba, Həsən Bəsri və başqaları bu nəzəriyyə ilə müvafiq olduqlarını bildirmişlər. Həsən Bəsri bu haqda deyir: Döyüş sona çatdıqdan sonra əsir alınmış kafirlər qətlə yetirilmir, dini hakim ya onları kölə kimi saxlamalı, ya fidyə ilə və ya pulsuz olaraq azad etməlidir.[2]
Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, “Səyf” ayəsi istər bu ayədən əvvəl, istərsə də sonra nazil olmuş olsun, ayənin nəsx olunmasına əsla dəlalət etmir. Çünki kafirlərin qətlinin vacib olduğunu bəyan edən “Səyf” ayəsinin məzmununun bu ayə ilə heç bir ziddiyyəti yoxdur. Hər iki ayənin məzmunu bəllidir və verdiyi hökm nəsx olunmadan qüvvədə qalmalıdır.
Lakin təəccüb doğuran, Şeyx Tusinin şiə alimlərini kafirlərin döyüş başa çatdıqdan sonra qətlə yetirilmələrinə dair hökm verməkdə ittiham etməsidir.
Şeyx Tusi bu haqda deyir: Səhabələrimizin nəql etdiyi rəvayətlərdə kafirlərin döyüş zamanı əsir alınarkən qətlə yetirildiyi göstərilir. Dini rəhbər onların qətlə yetirilmələrinə dair hökm verir. Lakin fidyə alaraq və ya pulsuz olaraq onları azad etməyə qadir deyildir. Və əgər döyüş başa çatdıqdan sonra əsir alınarlarsa, dini rəhbər ya onları kölə kimi saxlamalı, ya fidyə ilə və ya pulsuz olaraq azad etməlidir.
Bu nəzəriyyəni Təbərsi də öz kitabında «Məcməul-bəyanda» nəql etmişdir.[3]
Lakin bu barədə bir rəvayət də olsun nəql olunmamışdır. Maraqlı hallardan biri də budur ki, Şeyx Tusi özünün «Məbsut» adlı başqa bir kitabında bu nəzəriyyəni təsdiq edərək deyir: Döyüş başa çatdıqdan sonra dini rəhbər, əsir alınmış kafirləri qətlə yetirməməli, onları ya kölə kimi müsəlmanların ixtiyarına verməli, ya fidyə ilə və ya pulsuz olaraq azad etməlidir.[4] Onun özü «Xilaf» adlı kitabının «qənimətlərin bölüşdürülməsi» fəslinin on yeddinci bölümündə alimlər icmasının bu haqda fikir irəli sürdüklərinə işarə etmişdir.
Bu səbəbdən də ehtimal vermək olar ki, Şeyx Tusinin «Tibyan» adlı kitabında əsirlərin boynunun vurulması haqda deyilənlər yazılışda buraxılan səhvdən irəli gəlmişdir. Mərhum Təbərsi də heç bir araşdırmalar aparmadan bunu öz kitabında qeyd etmişdir. Çünki bu nəzəriyyə həm alimlər icmasının çıxardıqları hökm, həm də Şeyx Tusinin digər kitablarında bu haqda verdiyi mə᾽lumatlarla tamamilə ziddiyyət təşkil edir.
Bu nəzəriyyəni dəstəkləyən şəxslərdən biri də Əllamə olmuşdur. O özünün “Muntəha” və “Təzkirə” adlı kitablarının “cihad” fəslində bu barədə geniş söhbət açmışdır.
AYƏ HAQDA İRƏLİ SÜRÜLMÜŞ DİGƏR NƏZƏRİYYƏLƏR
Şiə alimlərinin və əhli-sünnə alimlərinin bə᾽zilərinin (Zəh-hak, Əta və Həsən Bəsri) bu haqda nə fikirdə olduqları ilə tanış oldunuz. Lakin əhli-sünnə alimlərinin bir çoxu bu barədə tam fərqli fikir irəli sürmüşlər:
1. Onlardan bə᾽ziləri bu fikirdədirlər ki, ayə yalnız bütün kafirlər barədə deyil, yalnız müşriklər haqda nazil olmuşdur. Belə ki, əsirlər öldürülməməli, fidyə ilə və ya pulsuz olaraq azad olunmalıdırlar. Cihad hökmünü verən “Səyf” ayəsi nazil olduqdan sonra isə hökm nəsx olunaraq öz qüvvəsini itirmişdir. Bu nəzəriyyənin Zəhhak, Sudəy, İbni Cərih, İbni Abbas və bir çox Kufə müfəssirləri tərəfindən irəli sürüldüyü göstərilir. Onlar deyirlər: Ayə nəsx olunduğu üçün əsir düşmüş müşriklər qətlə yetirilməlidir və onları fidyə ödəmək və ya pulsuz olaraq azad etməyi heç də düzgün hesab etmək olmaz.[5]
Cavab:
“Səyf” ayəsi istər müşriklərə, istərsə də qeyri-müşriklərə – İslam və müsəlmanlarla düşmənçilik edən bütün şəxslərə – şamil olunur. Nəsx nəzəriyyəsi tərəfdarları isə ayənin yalnız müşriklərə aid olduğunu hesab edirlər. Ümumi xarakter daşıyan [mütləq] hər hansı bir qanun isə sadir olunduğu zaman baxımından ümumi xarakter daşımayan qanundan istər əvvəl, istərsə də sonra verilmiş olsun, onu məhdudlaşdırmağa və ya nəsx etməyə qadir deyildir.
Bu səbəbdən də ümumiyyət xarakteri daşıyan “Səyf” ayəsinin, haqqında söhbət açdığımız ayəni nəsx etməsi qeyri-mümkündür.
2. Bə᾽zilərinin fikrincə ayə bütün kafirlər haqda nazil olmuş, lakin müşriklərə gəldikdə hökm əvəz olunaraq nəsx edilmişdir. Bu nəzəriyyənin də Qətadə, Mücahid və Həkəm tərəfindən irəli sürüldüyü göstərilir. Əbu Hənifə məzhəbinin tərəfdarları da bu nəzəriyyəyə istinad etmişlər.
Cavab:
Bu nəzəriyyənin də əsassız olduğu göz qabağındadır. Çünki ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə “Səyf” ayəsinin bu ayədən sonra nazil olduğunu sübuta yetirmək lazımdır. Nəsx nəzəriyyəsi tərəfdarları isə əllərində əsaslı dəlil olmadığı üçün bunu sübuta yetirməyə qadir deyildirlər. İstinad etdikləri mənbə varsa, o da vahid xəbər halında nəql olmuş hədis və rəvayətlərdir. Və biz dəfələrlə qeyd etmişik ki, vahid xəbər halında nəql olmuş hədis və rəvayətlərlə Qur᾽an ayələrinin nəsx olunmasını sübuta yetirmək tamamilə əsassız və qeyri-mümkündür.
Ayənin nəsx olunduğu vahid xəbərlə sübuta yetirilsə belə, onun “Səyf” ayəsi ilə nəsx olunmasına dəlalət edəcək heç bir əsaslı dəlil yoxdur. Sübuta yetiriləcək şey yalnız bundan ibarətdir ki, haqqında söhbət açdığımız ayə “Səyf” ayəsini məhdudlaşdıracaq xarakteri daşıyır. Çünki hər bir müsəlman ayənin istər müşriklərə, istərsə də qeyri-müşriklərə şamil olunduğunu və ümumiyyət xarakteri daşıdığını hesab edir. Bu səbəbdən də haqqında söhbət açdığımız ayə Səyf ayələrinin nəsxedici deyil, məhdudlaşdırıcı xarakter daşımasına səbəb olur. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi, ümumiyyət [mütləq] xarakteri daşıyan hökm məhdudiyyət [müqəyyəd] xarakteri daşıyan hökmləri nəsx etməyə qadir deyildir. Qeyd etdiklərimizi nəzərə almasaq, belə bir qənaətə gəlməli olacağıq ki, hər iki ayənin verdiyi hökm qüvvədə olaraq qalır və onların arasında heç bir ziddiyyətlik yoxdur. Fərq yalnız bundan ibarətdir ki, “Səyf” ayəsində əsir alınmış müşriklərin qətlinə, bu ayədə isə əsirlərin ya köləliyə vadar olunmasına, ya fidyə ödəmək və ya pulsuz olaraq azad olunmalarına dair hökm verilir. İki halda ziddiyyətsizlik hər iki ayənin məfhumuna dəlalət edir. Ziddiyyət meydana gəldikdə o ayənin hökmünə əməl olunur ki, başqa bir dəlillə onu sübuta yetirmək mümkün olsun.
3. Əhli-sünnə alimlərinin bir qismi ayənin “Səyf” ayəsi ilə nəsx olunduğuna deyil, əksinə olaraq “Səyf” ayəsini nəsx etdiyinə istinad edirlər.
Cavab veririk:
Ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə “Səyf” ayəsinin bu ayədən nazil olunduğunu sübuta yetirmək lazımdır. Bunun üçün isə onların əlində heç bir əsaslı dəlil yoxdur.
“Səyf” ayəsinin bu ayədən əvvəl nazil olduğunu sübuta yetirsək belə, bunu ayənin nəsx olunmasına əsaslı dəlil hesab etmək olmaz. Belə ki, ayənin nəsx olunması daha əsaslı dəlillərlə sübuta yetirilməlidir.
4. İrəli sürülmüş sonuncu nəzəriyyədə deyilir: Dini rəhbər istər döyüş zamanı, istərsə də döyüş başa çatdıqdan sonra əsir alınanları ya kölə kimi saxlamalı, ya qətlə yetirməli, ya fidyə alaraq və ya pulsuz olaraq azad etməlidir.
Bu nəzəriyyə Əbu Təlhə və İbni Abbas tərəfindən nəql olunmuşdur. Əhli-sünnənin məşhur təfsir alimlərindən olan İbni Ömər, Həsən Bəsri, Əta və Malik ibni Ənəs, Şafei, Suri, Əvzam, Əbu Ubəyd kimi məşhur fiqh alimləri bu nəzəriyyəyə dair öz müsbət rə᾽ylərini bildirmişlər.
Ayənin ümumi məfhumunu irəli sürülmüş bu nəzəriyyə ilə ziddiyyət təşkil etmədiyi üçün hökmün nəsx olunmasına əsaslı dəlil hesab edə bilmərik. Nəhhas bu nəzəriyyəni öz kitabında qeyd edərək deyir: İstər əfv, istərsə də “Səyf” ayəsinin verdiyi hökm sabit olaraq qaldığı üçün bu nəzəriyyəni əsaslı hesab edə bilərik. Hökmün heç biri digərini nəsx etmir və bu ən düzgün nəzəriyyədir. Çünki nəsxin sübuta yetirilməsi üçün əsaslı dəlillərə istinad olunmalıdır. Əvvəla nəsx nəzəriyyəsi tərəfdarlarının istinad edəcək belə bir əsaslı dəlilləri yoxdur. Digər tərəfdən isə hər iki ayənin icra olunması mümkün olduğu təqdirdə hər hansı bir ayənin nəsx olunması heç bir mə᾽na və məfhum kəsb etmir.
Nəhhas sonra deyir: Bu nəzəriyyəni mədinəlilər, Şafei və Əbu Ubeydə də nəql etmişlər.
Cavab:
Bu nəzəriyyəni ayənin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün iki əsaslı səbəbə görə doğru və düzgün hesab edə bilmərik:
1. Ayədə istifadə olunan «mənnən və fidaən – pulsuz olaraq və ya fidyə ödəmək» ifadəsi müsəlmanların qələbəsi ilə başa çatan döyüşdən sonra birbaşa müşriklərin əsir alınmasına və fidyə ödəmək və ya pulsuz olaraq azad olunmalarına dəlalət edir. Bu səbəbdən də ayənin verdiyi hökmün döyüş zamanı əsirlərin azad olunması ilə heç bir uyğunluğu yoxdur.
2. «Zərburriqab – boyunlarını vurun». Bu ayədə müsəlmanların zəfər çalanadək ayənin məfhumuna əsasən, kafirlərin döyüş zamanı qətlə yetirilmələri məhdudlaşdırılır. Döyüş başa çatdıqdan sonra isə [əsir alınmış] kafirlərin qətlə yetirilməsi qəti olaraq qadağan olunur. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, müsəlmanların qələbəsi ilə başa çatan döyüşdən sonra əsirlərin qətlə yetirilməsinə dair irəli sürülmüş nəzəriyyə ayənin mə᾽na və məfhumu ilə tamamilə ziddiyyət təşkil edir.
Onlar əsirlərin qətlə yetirilməsində “Səyf” ayəsinə istinad etsələr belə, düzgün nəticə əldə edə bilməyəcəklər. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi “Səyf” ayəsi döyüş zamanı alınan əsirlərə dəlalət edir.
Və əgər bu barədə Peyğəmbərin (s) necə rəftar etdiyinə istinad edərlərsə, yenə də bunu onların dediklərinə əsaslı dəlil hesab etmək olmaz. Çünki Peyğəmbərin (s) zamanında əsir alınmış şəxslər bir neçə hissəyə bölünür və onlara dair müxtəlif tədbirlər görülürdü. Belə ki, döyüş zamanı əsir alınanlar qətlə yetirilir, döyüş başa çatdıqdan sonra əsir alınanlar üçün isə müvafiq tədbirlər görülürdü.
Sonrakı xəlifələrin, yə᾽ni, Əbu Bəkr və Ömərin əsirlərlə necə rəftar etmələrinə istinad etsələr belə, yenə də qənaətbəxş nəticə əldə edə bilməyəcəklər. Çünki əvvəla bu tarixi cərəyanın nə dərəcədə doğru olduğu haqda çox deyilmiş və danışılmışdır.
Digər tərəfdən də onun doğru və düzgün olduğunu fərz etsək belə, əsaslı olduğunu sübuta yetirəcək heç bir dəlil yoxdur. Qur᾽anın zahiri mə᾽nasını kənara qoyaraq onların hansı yolu tutduqlarına istinad etmək isə heç də düzgün olmazdı.
DİLƏNÇİLƏRİN HAQLARINI BƏYAN EDƏN AYƏNİN NƏSXİ
وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِّلسَّائِلِ وَالْمَحْرُومِ
«Mallarında da dilənçinin və [abrına qısılıb dilənməyən] yoxsulun haqqı [payı] var idi. Şəriətə müvafiq olaraq var-dövlət-lərinin müəyyən hissəsini ehtiyacı olanlara paylayırdılar.» (51/19).
وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ
«O kəslər ki, onların mallarında müəyyən bir haqq [pay] vardır. Dilənən və [hər şeydən] məhrum olan [lakin abrına qısılıb dilənməyən] kimsə üçün:» (10/24-25).
Ayənin nəsx olunub-olunmaması haqda təfsir alimləri tərəfindən müxtəlif fərziyyələr irəli sürülmüşdür.
Onlardan bə᾽ziləri «mallarında müəyyən bir haqq [pay] vardır» dedikdə ödənilməsi vacib olan zəkatın, bə᾽ziləri digər vacib ödənişin, bə᾽ziləri də müstəhəb olan digər ödənişlərin nəzərdə tutulduğunu qeyd etmişlər. Bu səbəbdən də birinci ehtimala əsasən, deyə bilərik ki, ayə zəkat ayələrinə aiddir. Və nəsx olunmadan qüvvədə olaraq qalmaqdadır. Üçüncü ehtimala əsasən, yenə də ayənin nəsx olunduğu heç bir mə᾽na və məfhum kəsb etmir. Çünki müstəhəb olan ödəniş [sədəqə, ehsan] daim varlı təbəqəyə aid olmuş və olacaqdır. Lakin ikinci ehtimala əsasən, nəzərdə tutulmuş vacib ödəniş haqqı zəkatdan fərqli olan bir ödəniş haqqıdır. Və bu hər iki ayəni nəsx etmişdir. Çünki zəkatın vacib olması ilə digər vacib sədəqələr nəsx olunaraq, ödənilmələri tə᾽xirə düşmüş olur. Hal-hazırda İslamda zəkatdan savayı başqa bir ödəniş haqqı mövcud deyildir.
Bütün bunları nəzərə alaraq alimlərin bir qismi «müəyyən haqq» deyildikdə zəkatdan başqa digər vacib ödəniş haqqının nəzərdə tutulduğuna və buna əsasən, ayənin nəsx olunduğuna istinad etmişlər.
Cavab:
Hər iki ayəni diqqətlə nəzərdən keçirdikdə, belə qənaətə gəlmək olur ki, ayədə «müəyyən haqq» deyildikdə nə zəkat, nə də hər hansı bir vacib ödəniş haqqı nəzərdə tutulur. Sadəcə olaraq burada, cəmiyyətdə adət halını almış və ödənilməsi müstəhəb olan adi ödəniş haqqı nəzərdə tutulur.
Qeyd etdiklərimizi sübuta yetirəcək iki əsaslı dəlilə istinad edirik:
1. Şiə və sünnü mənbələrində nəql olunmuş hədis və rəvayətlərdə yalnız zəkatın vacib olduğu göstərilmişdir.
2. Əhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətlərdə ayədə müstəhəb ödəniş haqqının [sədəqənin] nəzərdə tutulduğu göstərilir.
Siqətul-İslam Koleyni, Əbu Bəsirə istinad edərək deyir: İmam Sadiq (ə) ilə birlikdə idik. Dövlətlilərdən bir neçəsi də bizimlə idilər. Zəkat haqda söhbət açıldıqda İmam Sadiq (ə) buyurdu: «Zəkat verməklə heç kimsə tə᾽rif edilməməlidir. Bu vacib vergini ödəməklə insan canını və malını qorumuş olur və müsəlman adlandırılır. [İmkan daxilində] zəkat haqqını ödəməyənlərdən isə namaz belə qəbul olunmaz. Lakin zəkatdan başqa da üzərinizə digər ödəniş haqları düşür.»
Əbu Bəsir tərəddüd edərək dedi: Zəkatdan başqa da bir vergi ödəməliyikmi?
İmam Sadiq (ə), Əbu Bəsirin bundan xəbəri olmadığını görüb təəccüblə dedi: «Məgər bu ayəni eşitməmisinizmi?
«O kəslər ki, onların malında müəyyən haqq [pay] vardır».
Əbu Bəsir deyir: Müəyyən haqq deyildikdə nə nəzərdə tutulur?
İmam Sadiq (ə) buyurdu: «And olsun Allaha! Bu hər bir şəxsin günlük, həftəlik, aylıq və ya illik əlavə qazanclarından ehtiyacı olanlara ödəməli olduğu haqdır [sədəqədir].»
Koleyni başqa bir rəvayətdə İsmail ibni Cabirə istinad edərək İmam Sadiq (ə)-dan nəql edərək deyir:
İmam Sadiq (ə)-dan zəkatdan başqa digər ödəniş haqqının olub-olmadığını soruşdum.
İmam Sadiq (ə) buyurdu: «Bəli, vardır. Varlılar qazandıqları var-dövlətdən min, iki min və ya üç min dirhəm ehtiyacı olanlar üçün ayırarlar. Bu da həmin müəyyən ödəniş haqqıdır.»[6]
Beyhəqi özünün «Şə᾽bul iman» adlı kitabında Ğəzvan ibni Əbu-Hatimə istinad edərək nəql etdiyi rəvayətdə deyir: «Əbuzər Osmanın evinin astanasında dayanıb evə daxil olmaq istəyirdi. Lakin heç kim ona icazə vermirdi. Qüreyş qəbiləsindən olan bir şəxs onu görcək soruşdu: Əbuzər, nə üçün burada oturmusan?
Əbuzər dedi: Onlar mənə evə daxil olmağa icazə vermirlər.
O, Osmanın evinə daxil olub dedi: Əbuzərin günahı nədir ki, ona evə daxil olmağa icazə vermirsiniz? Osman Əbuzərə evə daxil olmağa icazə verdi. O da məclisə daxil olub onların kənarında əyləşdi.
Osman Kə᾽bul Əhbarı çağıraraq dedi: Ey Əba İshaq! Əgər bir şəxs malının zəkatını ödəyərsə yenə də günahı olarmı? Kə᾽b qətiyyətlə dedi: Xeyr! Əbuzər təəccüblənərək əsəbi halda ayağa qalxıb əlindəki əsa ilə Kə᾽bin kürəyinə vurub dedi: Ey yəhudi övladı! Elə güman edirsən ki, zəkat ödənildikdən sonra heç bir vergi haqqı ödənilməməlidir? Halbuki, Allah-taala Qur᾽ani-Kərimdə bu haqda buyurur: (59/9), (16/8), (1/74-75).
وَيُؤْثِرُونَ عَلَى أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ
وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا
وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ لِّلسَّائِلِ وَالْمَحْرُومِ
İbni Abbas bu rəvayətə istinad edərək deyir: Müəyyən haqq deyildikdə sədəqə deyil, hər bir şəxsin [imkan daxilində] ehtiyacı olan qohum-əqrəbasına etdiyi yardım və saxladığı qonaqların xərci nəzərdə tutulur.[7]
Təfsir alimlərinin bir qismi İbni Abbasın dediklərinə istinad etmişlər.
Nəticə:
Demək «müəyyən haqq» deyildikdə vacib deyil, müstəhəb ödəniş haqqı nəzərdə tutulur. Və ayənin verdiyi hökm nəsx olunmadan qüvvədə qalmaqdadır.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً ذَلِكَ خَيْرٌ لَّكُمْ وَأَطْهَرُ فَإِن لَّمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
«Ey iman gətirənlər! Peyğəmbərlə [hər hansı bir iş barəsində] məxfi danışığa getməzdən əvvəl [ona hörmət əlaməti olaraq yoxsullara] sədəqə verin. Bu [əməl] sizin üçün [Allah yanında] daha xeyirli və daha pakdır. Əgər [sədəqə verməyə] bir şey tapmasanız [ürəyinizi sıxmayın]. Çünki Allah bağışlayan və rəhm edəndir. (58/12)
أَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
«Məgər siz [Peyğəmbərlə] məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzumu? Madam ki, siz [bunu] etmədiniz [sədəqə vermədiniz] və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb, zəkat verin. Allah və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!» (58/13).
Bir çox əhli-sünnə və şiə mənbələrində nəql olunmuş rəvayətlərdə deyilir: Ayə nazil olduqdan sonra Əli (ə)-dan savayı kimsə ona əməl etmədi. O, bir dinarı xırdalayaraq on dirhəm etdi. Peyğəmbərlə (s) görüşmək istərkən bir dirhəm sədəqə verdi. Görüşlərin və etdikləri söhbətlərin sayı ona çatdıqda «Nəcva» ayəsi nazil oldu. Misal olaraq bir neçə rəvayətə işarə edirik.
1. İbni Babəveyh, Məhkula istinad edərək nəql etdiyi rəvayətdə deyir: Əmirəl-mö᾽minin Əli (ə) buyurur: «Peyğəmbərin (s) səhabələrindən və hədis hafizlərindən elə bir şəxs yoxdur ki, mən onunla şərik olmadan hər hansı bir fəzilətə malik olmuş olsun və mənim fəzilətim onların hamısından daha üstündür. Lakin malik olduğum yetmiş fəzilətdə səhabələrdən heç birinin payı yoxdur. Və bu fəzilətlər yalnız mənə məxsusdur.
Məhkul deyir: Dedim, ya Əmirəl-mö᾽minin! Bizi bu fəzilətlərdən agah etməyinizi istərdik. Əli (ə) onların hamısını bir-bir sayıb 24-cüyə çatdıqda buyurdu: (İza nacəytumur-rəsul – Peyğəmbərlə [hər hansı bir işə] məxfi danışmağa getməzdən...) ayəsi nazil olduqdan sonra bir dinarı, on dirhəmə xırdalayaraq Peyğəmbərlə (s) hər görüşə getməzdən əvvəl bir dirhəm sədəqə verdim. And olsun Allaha! «Ə᾽əşfəqtum – məgər siz [Peyğəmbərlə] məxfi danışmazdan əvvəl...» ayəsi nazil olmazdan əvvəl və sonra səhabələrdən heç biri bu işi görməmişdir.[8]
2. İbni Cərir Təbəri, Mücahidə istinad edərək nəql etdiyi rəvayətdə deyir: Əmirəl-mö᾽minin Əli (ə) buyurur: Qur᾽anda elə bir ayə vardır ki, heç kim məndən əvvəl ona əməl etməmişdir və məndən sonra da əməl etməyəcəkdir. Bir dinar pulu on dirhəmə xırdalayaraq hər dəfə Peyğəmbərin (s) görüşünə gələrkən bir dirhəm Allah yolunda sədəqə verdim. Sonra «İza nacəytumur-rəsul» ayəsi nazil oldu və həmən ayəni nəsx etdi və bu ayəyə kimsə məndən əvvəl əməl etməmişdir.
3. Şovkani deyir: Əbdürrəzzaq, Əbd ibni Həmid, İbni Munzər, İbni Əbi Hatəm və İbni Mərdəveyh, Əli (ə)-dan nəql edərək deyirlər: Ayə nəsx oluncaya qədər heç kim məndən başqa ona əməl etmədi [və onun müddəti cəmi bir saat oldu – yə᾽ni, ayə nazil olduqdan bir saat sonra növbəti ayə ilə nəsx olundu.] Əli (ə) burada Nəzva ayəsini nəzərdə tutur.
4. Səid ibni Mənsur, İbni Rahəviyyə, İbni Əbi Şəybə, Əbd ibni Həmid, İbni Munzər, İbni Əli Hatəm və İbni Mərdəveyh, Əli (ə)-dan nəql edərək deyirlər: Qur᾽anda elə bir ayə vardır ki, heç kim nə məndən əvvəl ona əməl etmiş, nə də məndən sonra əməl edəcəkdir. Və bu «İza nacəytumur-rəsul» ayəsidir.
Sonra buyurur: Ayə nazil olarkən bir dinar pulum var idi. Mən onu on dirhəmə xırdalayıb Peyğəmbərin (s) görüşünə getməzdən əvvəl bir dirhəmini sədəqə verərdim. «Ə᾽əşfəqtum» ayəsi nazil olanadək heç kim bu ayəyə əməl etməmişdir.
Bu hədisi Hakim də öz kitabında nəql etmiş və səhih olduğuna işarə etmişdir.
[1] Lisanul-Mizan, 3-cü cild, 218-219-cu sәh.
[2] Qurtubinin tәfsiri, 16-cı cild, 227-228-ci sәh.
[3] Tәfsiri-Tibyan, 9-cu cild, 291-ci sәh.
[4] Mәqsud, Cihad fәsli, kafirlәrin xüsusiyyәtlәri vә onların nеcә qәtlә yеtirilmәlәri.
[5] Qurtubinin tәfsiri, 16-cı cild, 217-ci sәh.
[6] Vafi, 6-cı cild, 52-ci sәh, «Müәyyәn haqq» fәsli.
[7] Qurtubinin tәfsiri, 29-cu cild, 50-ci sәh.
[8] Tәfsir Burhan, 2-ci cild, 1099-cu sәh.