Ümrənin növləri
Məsələ 1. Ümrə də həcc kimi iki hissəyə bölünür: vacib və müstəhəb.
İstitaətin şərtlərinə malik olan şəxsə ömründə bir dəfə ümrə yerinə yetirməsi vacibdir. Ümrə də həcc kimi dərhal yerinə yetirilməlidir və onun vacib olmasında həccin istitaəti mötəbər deyildir. Əksinə, əgər ümrə üçün müstəti olsa – həcc üçün müstəti olmasına baxmayaraq – vacib olur. Həmçinin, bunun əksi də bu cürdür ki, əgər bir şəxs həcc üçün istitaətə malik olsa və ümrə üçün müstəti olmasa, həcci yerinə yetirməlidir. Lakin Məkkədən uzaq olan və vəzifəsi təməttö həcci yerinə yetirmək olan şəxslərin həcc istitaəti ümrə istitaətindən, ümrə istitaəti isə həcc istitaətindən ayrı deyildir. Çünki təməttö həcci bunların hər ikisinin əməllərindən təşkil olunmuşdur. Məkkədə və ona yaxın məntəqələrdə yaşayan şəxslər isə müstəsnadırlar. Onların vəzifəsi “ifrad” və “qiran” həccidir ki, bu iki əməldən birinə istitaət tapmaları ilə müşayiət olunur.
Məkkəyə daxil olmaq istəyən şəxsin ehramlı olması vacibdir və əgər həcc aylarında deyil, başqa aylarda Məkkəyə daxil olmaq istəyirsə, müfrədə ümrəsi üçün ehram bağlaması vacibdir.
Məsələ 2. Ümrəni təkrarən yerinə yetirmək, həccin təkrarən yerinə yetirilməsi kimi müstəhəbdir və iki ümrə arasında müəyyən bir fasilə olması şərt deyildir. Özü üçün ümrə yerinə yetirirsə, ehtiyat budur ki, ikisinin arasında bir az fasilə versin. Amma əgər iki nəfər üçün, ya bir ümrənin özünün, o birisinin isə başqasının tərəfindən yerinə yetirirsə, qeyd olunmuş fasilə mötəbər deyildir. Beləliklə, əgər ikinci ümrə niyabət üçün olsa, naib onun üçün zəhməthaqqı ala bilər və bu iş vacib olan müfrədə ümrəsi üçün kifayət edər.
Həccin növləri
İslam həcci üç hissəyə bölünür: təməttö , ifrad və qiran.
Təməttö Məkkədən 48 mil (16 fərsəxə bərabərdir) uzaq olan şəxslərin vəzifəsidir. Qiran və ifrad həccləri isə onlardan qeyriləri üçün vacibdir.
İfrad həccinin və müfrədə ümrəsinin surətləri
Məsələ 1. Vaxtın darlığı səbəbindən təməttö ümrəsi yerinə yetirməyən şəxs gərək ifrad həcci niyyəti etsin və bununla da təməttö ümrəsi ehramının niyyətini ifrad həccinin ehramının niyyətinə dəyişməli və Ərəfata getməlidir. Məsələn, digər hacılar kimi vüquf etməli və bundan sonra Məşərə getməli və vüquf etməlidir. Sonra da Minaya getməli və Mina əməllərini yerinə yetirməlidir. Hədy əməlini isə yerinə yetirməsi vacib deyildir. Sonra Məkkəyə getməli və ziyarət təvafı, namaz, səy, nisa təvafı və nisa təvafının namazını yerinə yetirməlidir. Sonra isə ehramdan xaric olmalıdır. Sonra oradan Minaya qayıtmalı və “beytutə” üçün, təşriq günlərinin əməllərini yerinə yetirmək üçün Minaya qayıtmalı və başqa hacılar kimi bu əməlləri yerinə yetirməlidir.
İfrad həccinin surəti təməttö həcci surətindədir, yalnız bir fərqlə ki, təməttö həccində hədy vacibdir, ifrad həccində isə bu iş vacib yox, müstəhəbdir.
Məsələ 2. Təməttö həcci ifrad həccinə çevrilən şəxsin həccdən sonra yerinə yetirməsi lazım olan müfrədə ümrəsinin surəti aşağıdakı kimidir:
Hərəmdən çölə çıxaraq ən yaxın məsafədə (daha yaxşı olar ki, Cəranə, Hüdeybiyyə və ya Məkkəyə daha yaxın olan Tənimdə) ehram bağlayıb Məkkəyə qayıtsın və təvaf edib namazını qılsın, Səfa və Mərvə arasında səy etsin, təqsir etsin, yaxud da saçını qırxsın, Nisa təvafını yerinə yetirib təvaf namazı qılsın
Təməttö həccinin yerinə yetirilmə qaydalarının xülasəsi
Təməttö həcci iki əməldən təşkil olunmuşdur:
1. Təməttö ümrəsi;
2. Təməttö həcci.
Təməttö ümrəsi həccdən qabaq yerinə yetirilir.
Təməttö ümrəsi beş hissədən ibarətdir:
1. Ehram;
2. Kəbənin təvafı;
3. Təvaf namazı;
4. Səfa və Mərvə dağları arasında səy etmək;
5. Təqsir (yəni tük və ya dırnaqlardan bir qədər kəsmək)
Təməttö həcci on beş əməldən ibarətdir:
1. Məkkədə ehram bağlamaq;
2. Ərəfatda vüquf etmək;
3. Məşərül-həramda vüquf etmək;
4. Əqəbə cəmərəsinə daş atmaq;
5. Qurban kəsmək;
6. Saçı qırxmaq və ya azaltmaq (təqsir);
7. On birinci gecəni Minada qalmaq;
8. On birinci gün 3 cəmərata daş atmaq;
9. On ikinci gecəni Minada qalmaq;
10. On ikinci gün 3 cəmərata daş atmaq;
11. Həcc təvafı etmək;
12. İki rəkət təvaf namazı qılmaq;
13. Səfa və Mərvə arasında səy etmək;
14. Nisa təvafı etmək;
15. Nisa təvafının namazını qılmaq.
Məsələ 1. Müfrədə ümrəsini həcc aylarında təməttö ümrəsindən qabaq yerinə yetirmək caizdir. Bu məsələdə sərurə (ilk dəfə həccə gedən şəxs) ilə qeyri-sərurə arasında heç bir fərq yoxdur.
Məsələ 2. Ehtiyata əsasən, insanın özü üçün yerinə yetirdiyi iki ümrə arasında bir aydan az vaxt fasiləsi olmamalıdır. Əgər ikinci ümrə niyabət üçün olsa, əcir onun üçün zəhməthaqqı ala bilər. Əgər naib tutan şəxsə müfrədə ümrəsini yerinə yetirmək vacib olsa, bu kifayətdir.