Kumeyl duasının şərhi
Hüseyn Ənsariyan
Sərf-nəhv, yə`ni qrammatika alimlərinin fikrincə “ism” kəlməsi böyüklük və üstünlük bildirir. Allah-Taala bu nurani kəlmə ilə insanın diqqətini böyük dosta yönəltmək istəyir. İnsan bilməlidir ki, sadəcə dostun adını çəkməklə ona qovuşmaq olmaz. Bu böyük dosta yaxınlaşmaq üçün qəlb səhifələri əxlaqi çirkinliklərdən təmizlənməlidir. İnsan öz dilini tövbə suları ilə boş sözlərdən təmizləməli, batinində məhbuba yaxınlaşma ruhu yaratmalıdır. Qəlbi təmizləmədən Allahın mübarək adını dildə zikr etmək ədəbsizlikdir.
Gülabla ağzımı yusam da mən çox,
Adını çəkməyə ləyaqətim yox.
Allah-Taala ən üstün müqəddəslik mərtəbəsindədir. Torpaqdan yaranmış insan durduğu alçaq mərtəbədən vasitəsiz ucala bilmir. Rəbbimiz “bismillah” kəlməsini özü ilə insan arasında vasitə qərar vermişdir. Bu kəlmənin həqiqi mə`nasını anlamaqla tərəqqi nərdivanında qalxmaq olar. İlahi camal və cəlalın müşahidəsi üçün bu yolla şərait yaranır.
Aşiq ariflər “bismillah”ın əvvəlindəki “bə” hərfinin hərəkətə başlama işarəsi olduğunu bildirirlər. “B” hərfindən “s” hərfinədək olan sirli mə`rifət yolu nəhayətsizdir. “B” “ism”-ə birləşərkən yazıda “ism” kəlməsinin “əlif”-i itir. Ərəb qrafikası ilə tanış olmayan oxuculara aydın olsun - deyə bu prosesi belə ifadə edə bilərik: “bismillah” kəlməsində “b” “ism”-ə birləşərkən yazıda bir hərf itir. Ariflər bu itmiş hərfin insandakı eqoist “mən”-ə işarə olunduğunu göstərirlər. Yə`ni Allaha yaxınlaşmaq məqsədi ilə yola çıxmış insan öz “mən”-ini məhv etməsə böyük dostun məhəbbətinə nail ola bilməz.
Hal əhli belə hesab edir ki, “bismillah” kəlməsindəki “b” hərfi Allahın bütün varlıq aləminə xüsusi ilə nəfs əhlinə olan yaxşılığına işarədir. “S” hərfi qəlb sahibi olan xüsusi bəndələrə aid olan sirləri bildirir. “M” hərfi isə seçilmiş bəndələrin çatdığı ilahi məhəbbət nişanəsidir.
“Kafi” kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: “Bu üç hərfin hər biri Allahın gözəl adlarından birinə işarədir. “B” Allahın bəhasını, yə`ni dəyərini, “S” Allahın sənasını, yə`ni ucalığını, “M” Allahın məcdini, yə`ni böyüklüyünü bildirir. Bir qrup aşiq isə belə hesab edir ki, “b” – “bəsir” (görən), “s” – “səmi” (eşidən), “m” – “muhsiy” (hesab aparan) sifətlərinə işarədir.
“Bismillah” oxuyan insana bildirilir ki, Allah-Taala onun aşkar və gizli olan bütün əməllərini görür, bütün dediklərini eşidir, çəkdiyi nəfəsləri sayır. İnsan dərk etməlidir ki, belə bir bəsirət qarşısında riyakarlığı, belə bir dinləmə mühitində artıq sözə və belə bir hesab aparıldığı vaxt çəkdiyin nəfəsdən xəbərsizliyə yer yoxdur.
Məhəbbət eşqində yananlar deyir: “Bismillah” kəlməsinin ilahi mə`nasını o insan dərk edə bilər ki, Allahın bəlasına səbir etsin, nurani “m” fəzasını müşahidə etmək üçün sirati-mustəqimə yə`ni doğru yola vəsl olsun.
Nə qədər ətəkdən üzülməyib əl
Hər iki dünyada yerimiz gözəl.
İnsan möhtaclığı duyduğu qədər
Fəna sədalardan üzün döndərər.
Bu məstlik badədən ucadır, uca.
Bu sevgi şərbəti sonsuz dəryaca.
Bütün gecə boyu axan göz yaşı
Bu böyük sevginin nurlu qaş-daşı.
Məhbubu yolunda candan keçənə
Sultanlıq, taxt-tac, şan-şöhrət heç nə.
Aşiqə sütunlu saray gərəksiz,
Xoşbəxtdir səhrada susuz-çörəksiz.