Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Miqatlar

Miqatlar

Hacıların Məkkəyə getdikləri yollar müxtəlif olduğu üçün təməttö ümrəsinin ehram bağlanan yerləri (miqatlar) müxtəlifdir. Bunlar aşağıdakı beş miqatdan ibarətdir:

Birinci, Zül-Hüleyfədəki Şəcərə məscididir. Bu, Mədinədən Məkkəyə gedənlərin miqatıdır.

Məsələ 1. Yalnız zərurət halında (məsələn: xəstəlik, zəiflik və s. ucbatından) ehramı Şəcərə məscidindən Cöhfəyə kimi təxirə salmaq caizdir.

Məsələ 2. Mədinə yolu ilə Məkkəyə gedən şəxslər üçün Şəcərə məscidindən xaricdə ehram bağlamaq kifayət etməz. Onlara məscidin daxilindən möhrim olmaq vacibdir.

Məsələ 3. Cünub və heyz olan şəxslər məsciddən keçən halda möhrim ola bilərlər. Amma gərək məsciddə dayanmasınlar.

 

İkinci, Əqiq vadisidir. Onun əvvəlinə “məsləx”, ortasına “qəmrə”, axırına isə “zatu-irq” deyilir. Bu, İraq və Nəcd tərəfdən Məkkəyə gedənlərin miqatıdır.

 

Üçüncü, Qərnul-mənazildir. Bu, Taif yolu ilə Məkkəyə gedənlərin miqatıdır.

 

Dördüncü, Yələmləmdir (dağ adıdır). Bu, Yəmən yolu ilə Məkkəyə gedənlərin miqatı sayılır.

 

Beşinci, Cöhfədir. Bu, Şam yolu ilə həccə gedənlərin miqatıdır.

 

Burada bir neçə məsələ vardır:

Məsələ 1. Əgər şəri dəlil hasil olsa, yəni iki adil şəxs şəhadət versələr ki, “filan məkan miqatdır”, axtarış və elm hasil etmək lazım deyil. Əgər elm və dəlil mümkün olmazsa, o yerləri tanıyan şəxslərdən soruşmaqla hasil olan zənn ilə kifayətlənə bilərlər.

Məsələ 2. Əgər miqatların heç birindən keçməyən bir yol ilə getsə, gərək miqatların müqabilində ehram bağlasın.

Məsələ 3. İxtiyari halda Cəddədə ehram bağlamaq caiz deyil və gərək ehram üçün beş miqatdan birinə getsin. Amma əgər bunun üçün qüdrəti olmasa, bu halda, ehtiyata əsasən, Cəddədə nəzir edib ehram bağlamalıdır.

Məsələ 4. Müqabillərdən məqsəd budur ki, Məkkəyə tərəf gedən şəxs elə bir yerə çatsın ki, miqat onun sağ və ya sol tərəfində olsun. Belə ki, əgər bu məkandan irəlidə olduqda miqat onun arxa tərəfinə meyilli olsun.

Məsələ 5. Miqata çatmazdan qabaq ehram bağlamaq caiz deyildir. Əgər ehram bağlasa da düz deyildir. Amma əgər miqatdan qabaqda olan bir yerdə ehram bağlamağa nəzir etsə, caizdir və həmin yerdə möhrim olmalıdır. Məsələn, əgər Qumda ehram bağlamağa nəzir etsə, nəzrinə əməl etməsi vacibdir.

Məsələ 6. İxtiyari halda ehramı miqatdan təxirə salmaq caiz deyildir. Əgər unudaraq, ya biməməzlik və ya başqa səbəblər üzündən miqatdan ehramsız keçib getsə, bu surətdə əgər miqata qayıda bilərsə, gərək qayıtsın və miqatda ehram bağlasın. Əgər miqata qayıda bilmirsə, belə ki, əgər hərəmə daxil olmuşdursa, gərək hərəmdən çıxsın və vacib ehtiyata əsasən, bacardığı qədər miqata yaxınlaşsın və orada ehram bağlasın. Əgər vaxtın darlığı və s. səbəblər üzündən hərəmdən çölə çıxa bilməsə, hərəmin daxilində (üzrünün aradan getdiyi yerdə) möhrim olmalıdır.

Məsələ 7. Əgər miqatdan ehramsız keçsə, vaxtın dar olmadığı surətdə keçdiyi miqata qayıdaraq orada ehram bağlaması vacibdir (istər qarşıda başqa bir miqat olsun, istər olmasın).

 

 

Miqata aid olan müxtəlif məsələlər

 

Məsələ 1. Şəcərə məscidinin ətrafında deyil, onun içərisində ehram bağlamaq vacibdir.

Məsələ 2. Əgər qadın miqatda heyz olsa və yəqin bilsə ki, təməttö ümrəsini vaxtında yerinə yetirə bilməyəcək, gərək ifrad həcci niyyəti etsin və həcc qurtardıqdan sonra ümrə etsin.

Məsələ 3. Əgər Məkkədə olan bir şəxs təməttö ümrəsi yerinə yetirmək istəsə, lakin üzrlü səbəblərə görə miqata gedə bilməsə, hərəmdən çölə çıxıb ehram bağlamalıdır. Bu iş üçün hərəmə ən yaxın olan bir yerə getmək kifayətdir.

Məsələ 4. Başqa ölkələrdən olan şəxslər üçün təməttö və müfrədə ümrələrində olan miqat, qeyd olunan miqatlardır. Baxmayaraq ki, müfrədə ümrəsi üçün Cəddədə nəzir edib ehram bağlamağın caiz olması ehtimaldan uzaq deyil.

Məsələ 5. Məkkəyə getmək istəyən və bundan sonra Məkkədən çıxmalı olan karvanların xidmətçiləri, ehtiyata əsasən, təməttö ümrəsi etməlidirlər və gərək Məkkəyə daxil olmaq üçün qeyd olunan miqatların birinə getməli və orada müfrədə ümrəsi üçün ehram bağlamalıdırlar. Hərəmə ən yaxın məkan bu şəxslərin miqatı deyildir. Müfrədə ümrəsini yerinə yetirdikdən sonra Məkkədən çölə çıxa bilərlər. İkinci, üçüncü və ondan sonra Məkkəyə daxil olmaq üçün ehram vacib deyildir. Bu şəxslər axırıncı dəfə Məkkəyə daxil olarkən Şəcərə məscidi və ya Cöhfə kimi yuxarıda qeyd olunan miqatlara getməli və oradan təməttö ümrəsi üçün ehram bağlamalıdırlar.

Məsələ 6. Miqatdan öncə nəzirlə ehram bağlamaq səhihdir. Buna görə də məscidə girməkdən şəri cəhətdən üzrlü olan heyzli qadınlar nəzir et-məklə Mədinədə ümrə üçün ehram bağlaya bilərlər. Bu surətdə Şəcərə məscidinə daxil olmaq lazım deyildir. Əgər qadının əri yanındadırsa, onun nəzri ərinin icazəsi ilə olmalıdır.

Məsələ 7. Cöhfə miqatı məscidə məxsus deyil və Cöhfənin hər bir yerində ehram bağlamaq olar.

Məsələ 8. Təməttö ümrəsi ilə həccin ortasında Məkkədən çıxmaq caiz deyil, amma zərurət və ehtiyac olduqda eybi yoxdur. Bu surətdə də, ehtiyata əsasən, həcc ehramı bağlayıb çölə çıxmalıdır. Amma möhrim olmaq çox çətin olduğu surətdə ehramsız da Məkkədən çıxa bilər. Hər hansı bir surətdə Məkkədən çıxmaq həccin düzgünlüyünə zərər yetirməz. Karvan xadimləri və onların oxşarları müfrədə ümrəsi ilə Məkkəyə daxil olub təməttö ümrəsini o za-man yerinə yetirə bilərlər ki, ondan sonra (Ərəfatda vüquf etmək müstəsna olmaqla) bir daha Məkkədən çölə çıxa bilməzlər.

Məsələ 9. Cəddədə ehram bağlayıb təməttö ümrəsinin əməllərin yerinə yetirən şəxs əgər miqata getməkdən üzrlü olmasa və təməttö ümrəsi üçün kifayət qədər vaxt olsa, gərək miqata gedib ehram bağlasın və təməttö ümrəsini təzədən yerinə yetirsin.

Məsələ 10. Təməttö həcci qurtardıqdan sonra bir şəxs Məkkədən xaric olsa və yenidən Məkkəyə getmək istəsə, təməttö ümrəsinin ehramından bir ay keçməmişdirsə, ehram bağlamaq lazım deyil və ehramsız Məkkəyə daxil ola bilər.

Məsələ 11. Müfrədə ümrəsi yerinə yetirmiş bir şəxs  bir aydan az fasilə içərisində miqatdan ehramsız keçə bilər.

Məsələ 12. Əgər qadının əri öz yanında olmasa, miqatdan qabaq ehram bağlamaq üçün nəzir etməsi ərinin icazəsinə bağlı deyil, amma əgər əri yanında olsa, ehtiyat budur ki, onun icazəsi olmadan nəzir etməsin. Belə ki, əgər nəzir etsə, səhih deyildir.

Məsələ 13. Miqatdan qabaq nəzir etmək naib üçün də caizdir.

 

Sual. Bir dəstə camaat Taif yolu ilə Məkkəyə doğru gedirdilər. Qərnul-mənazilə çatmazdan qabaq onları Qərnul-mənazil yolu ilə  getmələrinə mane olub Əqiq vadisi istiqamətində göndərdilər. Buna görə də onlar Əqiq vadisində ehram bağladılar. Onların ehramının hökmü necədir?

Cavab. Səhihdir.

 

Sual 2. Mədinədən Məkkəyə ge-dən heyzli qadın güman edirdi ki, Şəcərə məscidindən keçərkən möhrim ola bilər və öz vəzifəsinə əməl edə bilər. Amma məscidinin həyətinə çatdıqda camaatın çox olması ucbatından məsciddən keçməklə möhrim ola bilməyəcəyini görür və buna görə də nəzir etmək üçün öz yanında olan ərindən icazə alır və məsciddən bir neçə addım aralıda dayanıb nəzir etməklə möhrim olur. Onun əməli kifayətdir, ya yox?

Cavab. Əgər miqatdan qabaq nəzirlə ehran bağladığını yəqin bilsə, eybi yoxdur.

 

Sual 3. Heyzli qadın Şəcərə məscidindən keçən halda ehram bağlaya biləcəyini güman edib məscidə daxil olur və fasiləsiz olaraq ehram bağlayır, “ləbbeyk”-ləri deyir və çölə çıxmaq istədiyi qapıya tərəf bir neçə addım irəliləyir, lakin keçə bilməyəcəyini görüb geri qayıdır. Nəticədə məscidə daxil olduğu qapıdan çıxır. Onun ehramının hökmü nədir?

Cavab. Səhihdir.

 

Sual 4. Əgər miqatdan xaric olduqdan sonra başa düşsə ki, “ləbbeyk”-ləri deməyib və ya başqa səbəbə görə ehramı düz deyildir, belə ki, əgər olduğu yerdən miqata qayıtmaq istəsə mümkün olmayacaq, amma əgər Məkkəyə getsə qayıda biləcəkdir, bu halda Məkkəyə gedib oradan miqata qayıda bilərmi, yoxsa olduğu yerdəcə ehram bağlamalıdır?

Cavab. Əgər miqata qayıda bilərsə, hətta Məkkəyə getməklə də olsa, başqa bir vacib əməl üçün qeyri-miqatda ehram bağlaya bilməz. Amma ən yaxın məkandan Məkkəyə daxil olmaq üçün müfrədə ümrəsi niyyəti ilə möhrim olmalıdır. Onun əməllərini yerinə yetirdikdən sonra müəyyən olunmuş miqatlardan birinə getməli və təməttö ümrəsi üçün ehram bağlamalıdır.

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ

 
user comment