Azəri
Monday 14th of October 2024
0
نفر 0

ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI

ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI

Islam kəlam elmində aparılan gərgin mübahisələr sonda heç bir nəticə vermədi, lakin həmin bəhslər İslam filosoflarına «Ilahiyyat» məsələlərində çox kömək etdi. Islam fəlsəfəsinin «xüsusi ilahiyyat» (ilahiyyat bil-mə`nəl-əxəss) məsələlərində yeni sahələr fəth etməsi və onun yunan fəlsəfəsindən ayrılaraq müstəqilləşməsi, onun İslam kəlam elmindən ilham alması sayəsində mümkün olmuşdur. Mütəkəllimlərin, hətta özləri öhdəsindən gəlməmələrinə baxmayaraq, yeni üfüqlər açdıqları və xüsusi məsələlər irəli sürdükləri üçün filosofların boyunlarında haqları var.

Onlar bir sıra məsələlər irəli sürərək filosoflara yol açmaqdan əlavə, başqa yolla da layiqli xidmətlər ediblər. Belə ki, onlar yunan təfəkkür-tərzi müqabilində təslim olmadıqları üçün mübarizəyə əl ataraq fəlsəfə və filosoflara qarşı çıxır, onları rədd etmək üçün kitablar yazır və onların nəzərlərini rədd edirdilər. Fəlsəfi fikirlərdə şəkk və tərəddüd hücumlarını da ilk dəfə onlar başlayıblar. Mütəkəllimlərin rə`y və əqidələrinin filosofların nəzərləri ilə toqquşma və çarpışması və filosofların həmin çətin vəziyyətlərdən çıxmaq sə`yləri İslam fəlsəfəsinin «ilahiyyat» bölümündə xüsusi oyanış yaratdı. Bu cür çətin təlaş və sə`ylər qığılcımlar yaradaraq yeni üfüqlərin açılmasına səbəb oldu.

ӘQLI ŞIӘ MӘKTӘBI

Bu arada şiənin kəlam və fəlsəfə məktəbi diqqəti cəlb edir. Barəsində danışdığımız mö`təzilə və Әş`əri məktəbləri sünnü təriqətlərinə mənsub idilər. Şiələr füruiddin məsələlərində müstəqil olduqları kimi, üsuliddin, kəlam, fəlsəfə və bir sözlə, İslam maarifinin digər sahələrində də tamamilə müstəqil idilər. Әdalət və tövhid məsələləri şiə kəlam və fəlsəfəsində də araşdırılmış və bu barədə çox dərin nəzəriyyələr irəli sürülmüşdür. Bu məktəb dörd məşhur məsələdə, yə`ni ədalət, əql, ixtiyar və hikmətdə mö`təzilənin nəzərini himayə etdiyinə görə «Әdliyyə»dən hesab edilip. Amma qeyd etmək lazımdır ki, şiə məktəbində bu dörd məsələnin hər birinin məfhumu mö`təzilənin əqidəsi ilə fərqlidir. Məsələn, «ixtiyar» məsələsi şiə məktəbində Allahdan ixtiyarın alınması, insanın öz fəaliyyətində tam müstəqilliyi və bir növ Allah kimilik`nasını verən və təbii ki, şirk olan «təfviz» (həvalə və öhdəyə buraxma) kimi təfsir edilməyib. Burada, məktəbin müəllim və ideoloqları olan pak imamlar (ə) ilk dəfə olaraq «orta yol» prinsipini irəli sürdülər və «Nə cəbrdir və nə də təfviz, əslində iş bunların ikisinin arasında olan kimidir» cümləsi məşhurlaşdı.

Bu məktəbdə ədalət məsələsi, əməli və ya zati tövhidə heç bir xələl gətirmədən öz geniş mə`nasında təsdiqlənərək tövhidin kənarında yerləşdi. Doğrudan da düz deyiblər: «Әləvilər ədalət və tövhid, əməvilər isə cəbr və təşbih tərəfdarıdırlar.» Bu məktəbdə zati və ya əməli tövhidə heç bir xələl gətirilmədən ədalətin əsaləti, əqlin möhtərəmliyi, insanın azad və muxtar şəxsiyyəti və dünyanın həkimanə quruluşu sübuta yetirildi. Insanın ixtiyar sahibi olması təsdiqləndi, amma bu onun ilahi hökmranlıqda şərik kimi görünməsi və Allahın iradəsinin insanın iradəsinə tabe olması nəticəsinə gətirib çıxarmadı. Başdan-başa bütün varlıqlarda qəza-qədər (ilahi təqdir) məsələsinin hakim olması isbat edildi, amma bu da, insanın ilahi təqdir müqabilində məcbur olması mə`nasını vermədi.

Şiə kəlam məktəbində tövhidin bütün cəhətlərinə meyl göstərilirdi. Belə ki, bu məktəb, sifətlərin tövhid və çoxluğu məsələsində onlarla həmfikir oldu və əş`ərilərin əqidəsini rədd edərək mö`təzilənin nəzərləri ilə razılaşdı. Şiə məktəbinin mö`təzilə ilə fərqi bu oldu ki, onlar sifətləri inkar edərək zatın sifətlərə canişinliyinə e`tiqad bəslədilər, şiələr isə sifətlərin zatla birliyi və zatın sifətlərlə eyniliyi əqidəsinə qail oldular ki, bu da, çox dərin ilahi maarif məsələlərindəndir. Әməli-tövhiddə isə şiələr əş`ərilərin əqidəsini təsdiq etdilər, lakin onlardan fərqli olaraq bu məktəb, əş`ərilər kimi, səbəb – nəticə qanununu rədd etmədi. Şiə kəlam məktəbində zati, sifati və əməli tövhid məsələləri dünyada misli görünməmiş yüksək tərzdə bəyan edildi.

Mən «Fəlsəfənin əsasları və realizm üsulu» kitabının beşinci cildinin müqəddiməsində, İslam filosoflarının Qur`an maarifi və hədis, xütbə və bu kimi digər islami mətnlərdən ilham almalarını izah etmişəm və burada artıq izaha ehtiyac duymuram.

Islam filosofları bir tərəfdən düzgün deduksiya yolları ilə tanış olmaları, digər tərəfdən isə İslam maarifindən ilham almaları ilə min illik sə`ylər nəticəsində xüsusi ilahiyyat elmini (ilahiyyat bil-mənəl-əxəss) çox möhkəm təməl üzərində qurmağa nail oldular.

Әdalət məfhumu İslam filosofları tərəfindən gerçək həqiqət kimi təfsir edilir. Amma bu, müqəddəs ilahi zatın cəbr və qanuna məhkum edilməsi və Allah-taalanın mütləq hökmranlığına xələl gəlməsini tələb etmir. Işlərin yaxşı və pis olmalarının əqliliyi məsələsi də başqa cür təfsir edildi və həqiqəti kəşf edərək təqdim etmək dəyərinə malik nəzəri düşüncələr dairəsindən çıxarılaraq şərti-əməli və zəruri düşüncələr sıralarında yerləşdirildi. Buna görə də Allah-taalanın işləri üçün heç cür me`yar və miqyas kimi qəbul edilmədi. Filosoflar mütəkəllimlərin əksinə olaraq, bu məfhumlardan heç vaxt ilahi maarif səviyyəsində istifadə etməyiblər.

Hədəf və məqsəd məsələsi də hədəf, işin və onu görənin hədəfləri qismlərinə bölündükdən və hikmətin Allah barəsindəki mə`nasının inayət, lütf və şeyləri öz hədəflərinə çatdırmaqla bərabər olması bildirildikdən sonra tam aydınlaşdı. Filosofların fikrincə hər bir işin hədəfi var və müqəddəs ilahi zat, son hədəf, yə`ni hədəflər hədəfidir. «Həqiqətən, axır dönüş sənin Rəbbinədir!»

Әlbəttə, bu bəhslərin hər biri çox geniş mövzuları əhatə edir, amma bu müqəddimədə onlar barəsində bundan artıq danışmaq olmaz.

FIQH ELMI SAHӘSINDӘ ӘDALӘT

Islam dünyasında «ədalət» məsələsinin irəli sürülməsinin kökünü, yalnız kəlam elmi və mütəkəllimlər arasında axtarmaq lazım deyil. Bu məsələnin başqa yerdə, yə`ni İslam fiqhində də dərin kökləri vardır.

Islam dünyası ilk vaxtdan Kitab (Qur`an) və sünnə əsasında formalaşmış və özünün ibadi, ticari, mədəni, hüquqi, siyasi və bu kimi bütün qanunlarını vəhy mənbəyindən almışdır. Hər hansı bir məsələnin hökmü, Qur`anda və ya düzgünlüyü qəti olan sünnədə aşkar şəkildə bəyan edilibsə, yaxud Peyğəmbər (s) və ya (şiə baxımından) mə`sum Imamlara (ə) əl çatırsa, heç bir şeyə ehtiyac yoxdur. Amma aşkar ayə və ya qəti sünnə olmayanda, yaxud mə`suma əl çatmayanda ictihad və istinbat məsələsi ortaya çıxır.

Ictihadın nə vaxtdan ortaya çıxması, sünnülərdə hansı dəyişikliklərin, şiələrdə hansı irəliləyişlərin baş verməsi məsələsi çox geniş bir bəhsdir və burada onun barəsində danışmaq münasib deyildir. Bu işin Peyğəmbərin (s) zamanından və ya ən azı o həzrətin vəfatına yaxın vaxtlardan başlamasında heç bir şəkk-şübhə yoxdur. Amma həmin işin əvvəldən düzgün və ya səhv yerinə yetirilməsi də digər bir məsələdir ki, bu barədə başqa bir yerdə söhbət etmişəm.

Islam fiqhi də digər elmlər kimi çox sür`ətlə inkişaf edərək irəlilədi və təbii olaraq, onda müxtəlif üslublar yarandı. Sünnü təriqətində iki fiqh üslubu yarandı. Onlardan biri hədis əhlinə mənsub idi ki, daha çox Mədinənin fiqh alimləri arasında yayılmışdı. Digər üslub isə Iraqdakı fiqh alimləri arasında yayılmış «rə`y və qiyas» üslubu idi.

Hədis əhlinin iş üsulu belə idi ki, onlar hər hansı bir məsələ ilə qarşılaşanda, ilk növbədə Qur`ana, orada həmin məsələnin hökmünü tapmayanda Peyğəmbərin (c) hədisinə müraciət edirdilər. Әgər həmin məsələ barəsində müxtəlif hədislər olsaydı, onlar hədisləri həmin sənədi nəql etmiş ravilər baxımından və onları müqayisə edərək hansına üstünlük verməklə seçirdilər. Amma həmin məsələ barəsində hədis tapmayanda və ya hədislərin birini digərindən üstün edən nişanə əldə edə bilməyəndə isə, səhabələrin söz və fətvalarına üz tuturdular. Bu yolla da bir şey edə bilməyəndə dini mətnlərdə olan nişanələrdən bir şey çıxarmağa çalışırdılar. Onların öz rə`ylərinə və qiyasa üz tutmaları çox nadir hallarda baş verərdi.

Qiyas əhlinin yolu isə bundan fərqli idi. Onlar Qur`anda və ya qəti sünnədə bir hökm tapmayanda, nəql edilmiş hədislərə çox da əhəmiyyət vermirdilər. Çünki onlar hədislərin çoxunu uydurma və ya təhrif olunaraq dəyişdirilmiş hesab edirdilər. Bu yolla gedənlər deyirdilər ki, bir fiqh alimi İslamın qəti qanunlarında çoxlu işləməklə həmin qanunların ruhu ilə tanış olur və o, bənzətmə ilə lazım olan məsələnin hökmünü kəşf edə bilər.

`y və qiyas əhli belə fikirləşirdi ki, «ədalət» və «ümumi mənfəət» fiqh alimi üçün yaxşı bələdçi ola bilər. Fiqh alimi, burada özünün ədalət və ümumi mənfəətin tələb etdiyi şeylər barəsində fikirləşmək məs`uliyyəti daşıdığını hiss edirdi. «Istihsan» və «istislah» kimi terminlər də oradan yaranmışdır.

HӘDIS ӘHLI ILӘ QIYAS ӘHLININ MÜBAHISӘSI

Hədis əhli qiyas əhlinin üslubunu əqlə istinad etməkdə ifratçılıqda və hədisə müraciətdə isə səhlənkarlıqda ittiham edir, başqa sözlə desək, onların bu əməlini gerçəkliklərin kəşf edilməsinə ötəri yanaşmaq kimi qiymətləndirirdi. Onlar deyirdilər ki, şəriət işləri pərakəndəliklərin toplanması və cəm şeylərin pərakəndə edilməsinə əsaslanır və bu adi əql səviyyəsindən xaricdir; əqlin sadəlövhlük edərək şəriət hökmlərinin kök və ruhuna çata bilmək imkanına malik olmasını güman etməsi düzgün deyil. Qiyas əhli isə, bunun müqabilində hədis əhlini kütbeyinlik və qanmazlıqda günahlandırırdı.

«Üsuli-fiqh»də ayrılmazlıq adlı bir qanun var. Bundan məqsəd əqli hökmün şəriət hökmündən ayrılmazlığıdır. Həmin qanun bu tə`birlə bəyan edilir:

«Kullu ma həkəmə bihil əqlu həkəmə bihiş-şər`u və kullu ma həkəmə bihiş-şər`u həkəmə bihil əqlu».

(Yə`ni: Şəriət əqlin, əql də şəriətin hökmlərini təsdiq edir.)

Məqsəd budur ki, əql harada bir qəti xeyir və ya ziyan kəşf etsə, biz dəlil və səbəbdən nəticəyə çatmaq adlı məntiqi üslubla orada İslam şəriətinin həmin xeyirin ələ gətirilməsi və ya zərərin uzaqlaşdrılması barəsində hökm verdiyini deyirik . Bu uslubla əldə olunan nəticə, hətta o barədə bizə nəql yolu ilə bir şey gəlib çatmamış olsa belə, məqbul sayılır. Həmçinin harada vacib, müstəhəb, haram və məkruh hökm varsa, dəlil və nəticədən səbəbə çatmaq adlı məntiqi üslubla həmin işdə xeyir və ya ziyanın olmasını kəşf edirik, hərçənd ki, bizim əqlimiz hal-hazırda həmin xeyir və ziyanı dərk etmir.

Islam fiqh alimlərinin, xüsusilə rə`y və qiyasa çox meyilli olanların fikrincə, əql ilə şəriət arasında tam uyğunluq vardır; İslam hökmləri bir növ ehkamçılıq kimi başa düşülən sirli, məchul və anlaşılmaz hökmlər deyildir və həmin hökmlərin dərk edilməsində və kəşfində əql və düşüncənin də rolu vardır.

Bu alimlər, əvvəllər kəlam elminin bəhslərindən olan «işlərin yaxşı və pis olmasının əqliliyi» məsələsini «üsuli fiqh» elminə daxil ediblər. Onlar qeyd olunan məsələləri şəriət hökmlərinin «me`yar» və «ölçüləri» kimi qəbul edərək deyirlər ki, həmin me`yar və ölçülər içərisində əqlin hər şeydən aşkar və aydın dərk etdiyi şey ədalət və yaxşılığın yaxşılığı, zülm və haqsızlığın isə qəbahət və pisliyidir. Beləliklə, ədalət və zülm İslam fiqhində me`yara çevrildi.

Hədis əhli İslamda fiqhi mənbəyin üç şey - kitab (Qur`an), sünnə və icma olmasını hesab edir. Amma rə`y və qiyas əhli fiqh mənbəyinin dörd şeydən, yə`ni dediyimiz üç mənbə və bir də rə`y və qiyasdan ibarət olmasını bildirir.

Hədis əhli `y və qiyas əhlini bir neçə şeydə tənqid edirdi. Onlar misal çəkərək deyirdilər ki, rə`y və qiyasa e`timad etmək insanı şəriət hökmlərinin kəşf edilməsində səhvə düçar edir. Rə`y və qiyas əhli də bunun müqabilində onları mö`təbərlik və düzlüyü mə`lum olmayan bir sıra hədislərə e`timad etməkdə günahlandırırdılar.

ŞIӘLIKDӘ FIQH ÜSLUBU

Şiəliyin fiqh və ictihadı da onun kəlam və fəlsəfəsi kimi müstəqil şəkildə irəliləyib. Şiə fiqhində şəriət hökmlərinin zati xeyir və ziyanlara tabeliyi prinsipi və əql ilə şəriətin uyğunluğu qaydası təsdiq edildi və əqlin ictihaddakı haqqı qorundu. Amma rə`y və qiyas, hədis əhli və sünnilər arasındakından da çox məzəmmət edildi.

Hədis əhli və sünnilər qiyası əqlin şəriət hökmlərinin əldə edilməsində dəlil kimi istifadəsində yararsızlığına görə səhv sayırdılar. Amma şiələrin onu səhv hesab etməsinin səbəbi bu deyildi və onlar həmin məsələyə iki cəhətdən irad tuturdular. Həmin səbəblərdən biri rə`y və qiyasın elmə deyil, gümana əməl etməsi və eləcə də əqlə deyil, xəyala tabe olması, ikinci səbəb isə rə`y və qiyasa müraciət edilməsinin zəruriliyi fikrinin, İslamın ümumi əsas və me`yarlarının yetərli olmaması mə`nasını verməsidir. Bu isə İslama qarşı zülm və ya nadanlıqdır. Islamda bütün hökmlər barədə ümumi və külli şəkildə danışılmışdır və fərdlər sonsuz olduqları üçün onların haqqında ayrı-ayrı danışmaq mümkün də deyil. Islamın ümumi me`yarları elə tənzimlənib ki, onları sonsuz sayda olan fərdlərə müxtəlif zaman, məkan və dəyişkən şəraitlərdə tətbiq etmək mümkündür. Buna görə də fiqh aliminin vəzifəsi hər bir cüzi məsələnin hökmünü Qur`an və ya sünnədən çıxarmaq deyildir. Həmçinin o, hər hansı bir məsələnin hökmünün olmaması bəhanəsi ilə təxəyyül və qiyasçılıqla məşğul olmaq vəzifəsi daşımır. Fiqh aliminin vəzifəsi «təfri`» yə`ni cüz`i məsələləri əsas kökə uyğunlaşdırmaqdır . Islamın əsas və ümumi qanunları kitab və sünnədə mövcuddur. Onların digər məsələlərə tətbiqi üçün yalnız xüsusi elmi hazırlıq lazımdır və o da ictihad, yə`ni İslamın ümumi qanunlarının dəyişən və ötəri cüz`i məsələlərə olan düşünülmüş tətbiqidir.

«Üsuli-kafi» kitabında «Kitab və sünnədə ümumi qanunu olmayan məsələ yoxdur» adlı bir fəsil vardır.

Deməli, ədalət və şəriət hökmlərinin zati xeyir və ziyanlara malikliyi prinsipi və təbii olaraq, işlərin yaxşı və pisliyinin əqliliyi və əqlin qənaətbəxş dəlil olması məsələləri şiə İslam fiqhinin təməli kimi mö`təbər tanınıb. Beləliklə «ədalət» məsələsi İslam fiqhində də öz yerini tapdı.

Şiə fiqhində əql və xəyal, başqa sözlə desək, əqli dəlil ilə məntiqi təmsil olan zənni qiyas arasında fərq qoyuldu. Onlar fiqhi mənbəyin dörd şey, yə`ni kitab, sünnə, icma və əql olmasını bildirdilər. Bu fiqh məktəbində rə`y və qiyasın rədd edilməsinə baxmayaraq, əql və dəlil mö`təbər sayıldı.

ICTIMAI-SIYASI DAIRӘLӘRDӘ ӘDALӘT

Bura qədər söylədiklərimiz, ədalət məsələsinin İslam dünyasının elmi və fikri dairələrində elmi şəkildə irəli sürülməsinə aid idi. Söhbətimizin hamısı yaradılış və şəriət qanunlarında ilahi ədalət məsələsinin, İslamın ilk əsrlərindən İslam elmlərinə daxil olmasının necəliyi və bə`zi firqələrin özlərini «ədliyyə» adlandırmaları, öz e`tiqadlarının əsaslarından birini «ədalət» etmələri və bunu özlərinə digərlərindən üstünlük saymaları həddinə kimi irəliləməsi barəsində idi. Məsələn biz şiələr, öz e`tiqadlarımızın əsaslarını sayanda onlardan birinin «ədl» (Allahın ədalətliliyi) olmasını qeyd edirik.

Әdalət məsələsi İslamın ilkin çağlarında elmi cəhətdən əlavə, icra mərhələsi baxımından da ümumi kütlə arasında səslənir və bir növ diqqət mərkəzinə çıxarılırdı.

Həmin dövrdə hər bir müsəlmanın İslama xarakterik olan ictimai düşüncələrinin ən sadə formalarından biri başçı, rəhbər, qazi, məhkəmə və boşanma mərasimində şahidlik edən şəxsin adil olması və bu kimi digər şeylər idi. Şiələrin fikrincə cümə və camaat namazı qılan pişnamaz da ədalətli olmalıdır. Hər bir müsəlman, həmişə ədalətli şəxsin tutmalı olduğu vəzifə müqabilində məs`uliyyət hissi keçirirdi. Həzrət Peyğəmbərin (s) bu cümləsi hamının dilində əzbər idi: «Әn fəzilətli cihad, zalım başçı qarşısında ədalətli söz danışmaqdır». Bu qısa cümlə tarixdə necə də böyük şücaət və qəhrəmanlıqlar yaradıb!

Әdalət məsələsinin elmi və əməli surətdə irəli sürülməsi tarixin çox geniş və əhatəli mövzularındandır və bəhsimizin mövzusundan xaric olduğu üçün ona girişmirik.

ӘSAS QAYNAQ

Elmi və əməli cərəyanlarla tanış olduqdan sonra oxucularda belə bir sual yarana bilər: Nə üçün İslamın kəlam elmi hər şeydən çox ədalət barəsində danışıb? Nə üçün İslam fiqhi üçün hər şeydən qabaq ədalət məsələsi qarşıya çıxdı? Nə üçün İslamın siyasət aləmində hər şeydən qabaq ədalət kəlməsi eşidildi? Təbiidir ki, bütün sahələrdə ədalətdən bu səviyyədə söz getməsinin xüsusi səbəbləri vardır.

Mənim fikrimcə, İslam cəmiyyətində ədalət məsələsinin irəli sürülməsinin əsas səbəbini və ya elmi və əməli bəhslərin kökünü ilk növbədə Qur`anın özündə axtarmaq lazımdır. Qəlblərdə ədalət toxumu səpərək onları sulayan və ruhlarda əqli, fəlsəfi, əməli və ictimai cəhətlərdən bu barədə düşüncələr yaradan Qur`ani-kərimin özüdür. Bəli, ilk dəfə yaradılış, şəriət, əxlaq və cəmiyyət haqqında ədalət və zülm məfhumunu irəli sürən Qur`an özü olub.

Qur`ani-kərim varlıq aləmi və yaradılışın ədalət və bərabərlik, ləyaqət və tutumlar əsasında olmasına tə`kid edir. Bu ilahi kitab özünün bir çox ayələrində zülmü tam aydınlıq və qətiyyətlə Allah-taalanın müqəddəs vücudundan rədd edir, ilahi hökm və höccətin çatdırılmasını bir növ ədalət, onlara xəbərdarlıq etməməyi və bəşəriyyəti məhv etməyi isə bir növ zülm sayır, Onun şə`ninə layiq olan işləri və yaradılışın ədalətlə birgə olmasını haqq kimi təqdim edərək, Allahın faillik və tədbir məqamını ədalətin bərpası məqamı adlandırır.

شَهِدَ اللّهُ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ وَالْمَلاَئِكَةُ وَأُوْلُواْ الْعِلْمِ قَآئِمَاً بِالْقِسْطِ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ

«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.» (Ali-Imran-18).

Yaxud ədaləti Allahın yaradılışdakı tərəzisi adlandırır.

وَالسَّمَاء رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ

«Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!» (ər-Rəhman-7).

Həzrət Peyğəmbər (s) həmin ayə barəsində belə buyurub: «Yer və göy ədalətlə qərar tapıb.»

Qur`an, şəriətdə ədalət, yə`ni qanunların müəyyənləşdirilməsində ədalət prinsipinə riayət edilməsinə tam diqqət göstərib. Qur`ani-kərimdə bildirilir ki, peyğəmbər göndərilməsinin fəlsəfəsi, bəşəriyyətin ədalət və bərabərliyə ehtiyaclı olmasıdır.

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ

«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö`cüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər...» (əl-Hədid-25).

`lumdur ki, ictimai quruluşlarda ədalət prinsipinin həyata keçirilməsi, ilk növbədə həmin qanun sisteminin ədalətliliyi, ikincisi isə onların əməli şəkildə icrasından asılıdır.

Qur`an, bütün peyğəmbərlər barəsində bəyan etdiyi bu ümumi prinsipdən əlavə, İslamın şər`i və qanuni quruluşu barəsində belə buyurur: «De ki: «Allah ədaləti əmr etdi...» (əl-Ә`raf-29) Yaxud, bə`zi göstərişlər barəsində buyurur: «...Sizin bu işiniz Allah yanında daha ədalətlidir...» (əl-Bəqərə-282).

Qur`ani-kərim imamət və dini rəhbərliyi «ilahi peyman», «ədalətlə birgə olan» və «zülmə zidd» məqam hesab edir. Bu ilahi kitab həzrət Ibrahim (ə)-ın imamlıq və rəhbərliyə ləyaqəti barəsində danışarkən belə bir nəticəyə gəlir:

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ

«...Yadına sal ki, Ibrahimi öz Rəbbi bir neçə sözlə (bə`zi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona: «Səni insanlara imam (dini rəhbər, başçı) tə`yin edəcəyəm» -dedi. Ibrahim isə: «Nəslimdən necə?»–deyə soruşdu. Allah (onun cavabında):» «(Sənin nəslindən olan) zalimlər mənim imamlığıma nail olmazlar», - buyurdu.» (əl-Bəqərə-124).

Qur`an, həmçinin əxlaqlı insanı «ədalət sahibi» adlandırır. O, tərbiyə, əxlaq və ruhi cəhətdən e`timad edilməli olan insanların hakimlik və şahidlikləri barəsində danışdığı müxtəlif ayələrdə həmin şəxsləri dediyimiz kimi adlandırıb. Məsələn buyurur: «...Içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə...» (əl-Maidə-95) Yaxud belə buyurur: «...Içərinizdən iki ədalətli şahid tutun...» (ət-Təlaq-2).

Islam dünyasında yunan əsərləri tərcümə edildikdən sonra, Әflatunun «Әdalət, bütün əxlaqi fəzilətlərin anasıdır» cümləsi məşhurlaşdı. Halbuki müsəlmanlar təqribən iki əsr qabaq, həmin sözü Qur`anın dilindən eşitmişdilər.

Qur`anda, ədalət haqqındakı ayələrin çoxu ailə, siyasət, ictimaiyyət, hüquq və bu kimi digər ümumi ədalət məfhumları barəsindədir. Mən bu barədə təqribən on altı ayə əldə etmişəm.

Qur`anda, tövhiddən məada, nübüvvətdən imamət və rəhbərliyə, şəxsi ideyalardan ictimai hədəflərə kimi hər şey ədalətə əsaslanır. Qur`anın buyurduğu ədalət tövhidin silahdaşı, məadın sütunu, peyğəmbərliyin hədəfi, imamət və rəhbərliyin fəlsəfəsi, insanın kamillik me`yarı və cəmiyyətin sağlamlıq miqyasıdır.

Qur`anın təqdim etdiyi ədalət, bir növ dünyagörüşü olduğu üçün tövhid və ya məadla əlaqədar olduqda, insanın varlıq və yaranışa baxışını xüsusi şəklə salır. Bu məfhum nübüvvət və şəriətə aid olanda qanunu tanımaq üçün miqyas və me`yar sayılır, başqa ifadə ilə söyləsək, əqlin kitab və sünnə ilə bir sırada durması və fiqh və şər`i deduksiyanın mənbələrindən biri sayılması üçün mötəbər zəminə hesab olunur. Imamət və rəhbərliklə əlaqədar olanda ləyaqət, əxlaqla bağlı olanda insani ideya, ictimai məsələlərdə isə məs`uliyyət sayılır.

Müsəlmanlar, Qur`anda həm dünyagörüşü, həm qanunun tanınma me`yarı, həm imamət və rəhbərliyin ləyaqətlilik ölçüsü, həm insani ideya və həm də ictimai məs`uliyyət kimi əhəmiyyət verilmiş bu məsələyə, bu ilahi kitaba göstərdikləri hədsiz diqqətlə yanaşı laqeyd qala bilərdilərmi?

Buna görə də, bizim fikrimizcə «Nə üçün müsəlmanların əqli və əməli hərəkatlarının hamısının əvvəlində ədalət məsələsi gözə çarpır?» deyə soruşulduqda, Qur`ana e`tinasız yanaşaraq başqa səbəblərin dalınca gedib özümüzü yormağa dəyməz.

Şübhə yoxdur ki, müsəlmanların bu məsələyə həssaslıq göstərmələri, onun kəlam və fiqh elmləri və İslamın digər ictimai sahələrinə daxil olmasının əsas səbəbi Qur`andır. Amma bu məsələ barəsində müxtəlif mövqelərin yaranması və bə`zilərinin onu qeydsiz-şərtsiz qəbul etmələri, digərlərinin isə onu bə`zi yozmalarla qüvvədən salmaları bir sıra psixoloji, ictimai və siyasi səbəblərlə bağlıdır. Bizim fikrimizcə bu məsələnin İslam cəmiyyətində yaranmasının əsas mənşə və qaynağı budur.

Başqaları da bu məsələyə digər cəhətdən baxaraq onu başqa cür təhlil və izah edə bilərlər.

Bildiyimiz kimi, bə`zi məktəblərin davamçıları bütün ictimai cərəyanları tam başqa cür təhlil və izah edirlər. Onlar əvvəlcədən düşünülüb-hazırlanmış metodlar əsasında hansı yolla olursa-olsun, bütün hadisələri istədikləri çərçivədə dərk etmək istəyirlər.

Belə məktəblərdə, bəhrələnmə və məhrumiyyətlər əsasında olan sinfi ziddiyyətlər və ictimai qruplaşmalar məsələsi bütün hərəkat və oyanışlarda mühüm rol oynayır. Həmin məktəblərin davamçılarının fikrincə, bəşəriyyətin ruhi, fikri, insani və qayğıkeşlik hislərinin bütün cilvələri, onun maddi ehtiyacları və iqtisadi əlaqələrinin təzahürüdür. Onların fikrincə hər şey ikinci dərəcəlidir, əsas təməl və özəl isə iqtisadiyyat və iqtisadi məsələlərdir; hər bir şəxsin əqli, insani və ruhi xüsusiyyətlərini onun ictimai sinfi qruplaşmasında axtarmaq lazımdır. Әgər Sə`di «Insanın həyat amili, onun qarnıdır» deyibsə, bu qrupun fikrincə nəinki həyat amili, bəlkə fikir, duyğu, zövq, bir sözlə, müqəddəs adlandırılan hər bir şey qarındır və bütün yollar qarında bitir.

Bu məktəblərin davamçılarının fikrincə, əgər biz cəmiyyətdə hər şeydən çox ədalətdən danışıldığını görürüksə, onun kökünü başqa yerdə deyil, iqtisadi və ictimai bərabərsizliklərdə axtarmalıyıq. Әgər fiqh və ya kəlam libasında iki qrupun bir-birinin qarşısında dayanmasını və onlardan birinin ədalətin əsasını dünya görüşü və ya qanun kimi müdafiə etməsini, digərinin isə bunun tam əksinə olaraq bütün əsalətləri inkar etməsini görürüksə, bilməliyik ki, bu əqli, fiqhi və kəlami qruplaşmalar pərdəaltı digər bir qruplaşmanın, yə`ni məhkum və məhrum təbəqə və sinfə məxsus qrupun rifahda olan imkanlı təbəqə müqabilində qruplaşmasının nişanəsidir. Düşüncə qarına tabedir, əziyyət çəkən məhrum şəxsin ədalət prinsipini inkar etməsi qeyri-mümkün olduğu kimi, imkanlı və rifahda olanın da ədalət prinsipini müdafiə etməsi qeyri-mümkündür.

Bizim fikrimizcə bu, tarixi birmə`nalı yozmaq və ona birtərəfli yanaşmaq tərzidir. Insani meyllərdə maddi ehtiyacın çox mühüm və əsaslı amil olmasında heç bir şübhə yoxdur və İslamdakı əqli, ictimai və siyasi qruplaşmalarda bə`zən bir sıra iqtisadi amillərin nişanələri ilə də rastlaşmaq mümkündür.

Amma insanı əhatə edərək onu tə`sir altına alan bütün cazibələri və bəşəriyyət tarixinin formalaşmasında tə`sirli olmuş əsas və mühüm amilləri iqtisadi ehtiyaclarda xülasə etmək olmaz. Bəlkə də insanın fərdi və ictimai həyatında hakim olan bütün əsas amillər barəsində danışmaq hələ ki, tezdir. Qəti surətdə isə bunu demək olar ki, maddi ehtiyacları insanın yeganə ehtiyacı kimi qəbul etmək olmaz!

Mən bu me`yarlarla Mə`mun, Mö`təsim və Vasiqin kəskinliklə mö`təzilə məktəbi tərəfdarı olaraq ədalət prinsipini qə`bul etmələrinin və bunun müqabilində, həmin təbəqə, qrup və qana mənsub olmuş Mütəvəkkilin isə müxalif cəhətə meyl göstərməsi və ədalət tərəfdarlarına qarşı əcdadının ədalət düşmənlərinə etdiyinin necə izah edilməsini bilmirəm.

Yaxud, dünyanın ən imkanlı və varlı şəxslərindən olmuş Sahib ibni Imadın, zəmanəsinin məhrum və imkansız alimlərinin əksəriyyətinin ədaləti inkar edərək Әş`əri əqidəsi daşımalarına baxmayaraq, ədaləti kəskin müdafiə etməsinin də necə izah edilməsini bilmirəm.

Sahib ibni Imad imkanlı vəzir olub və o, bu baxımdan misilsiz şəxsiyyətlərdən biridir. O əvvəla, yüksək vəzifə sahiblərinin qəzəbinə gələn saray xadimlərinin əksinə olaraq, ömrünün axırına kimi vəzir işləyib və onun üçün həm kəmiyyət və həm də keyfiyyət baxımından misilsiz dəfn mərasimi keçirilib.

Ibni Xəlkan deyir: «Heç kəs Sahib ibni Imad kimi, həyat və ölümdən sonrakı xoşbəxtlik və bəxtiyarlığı bir yerdə toplaya bilməyib.»

Həm vəzir və həm də alim olmuş Sahib ibni Imad da, yaşayışını vəzir həmkarları kimi tam rifah və rahatlıqla keçirib. Amma o, dünyadan mənfur gedən və adları da özləri kimi torpağa gömülən digər vəzirlərin əksinə olaraq, qəlblərdə yaxşı ad və məhəbbətlə qaldı. Onun ölümü digər həmkarları, yə`ni adətən tanınmaz və məhrum həyat keçirən və şöhrət, ehtiram və sevimliliyi öləndən sonra başlayan alimlər kimi olub.

Sahib ibni Imad ömrünün axırına kimi vəzir işləməsindən və özünə gözəl alim adı qazanmasından əlavə, digər bir fövqəladə üstünlüyə də malik olub və o budur ki, Sahib tarix atası və babası da vəzir olmuş yeganə vəzirdir. Onlar vəzirliyi üç nəsl ardıcıl olaraq irs kimi qazanıblar. Onun öz adı Ismayıl, atasının adı Imad, babasının adı isə Abbas olub. Şairlər də onun barəsində şe`rlər deyiblər. Sahib ibni Imad bütün bu imkan və rifaha baxmayaraq, ciddi şəkildə ədalət tərəfdarı olub və o özünün bu işi ilə fəxr edərək belə deyərmiş:

Әgər mənim qəlbim parçalansa, onun içində heç kəs tərəfindən yazılmamış iki sətr yazı görərsiniz; bir tərəfdə ədalət və tövhid, digər tərəfdə isə Әhli-beyt məhəbbəti.

Biz fiqhi ədalətdə də eynilə buna bənzər şeylər görürük. Məsələn, Harunun baş qazisi olmuş Әbu Yusif də ədalətin ciddi tərəfdarı olub. Zindana salınaraq dəfələrlə şallaqlanmış Әhməd ibni Hənbəl isə, ədalət üslubunu kəskin şəkildə məhkum edərək pisləyib.

Bizim fikrimizcə, bəşəriyyətin əqli və fikri qruplaşmalarını bu me`yar və miqyasları yeganə üslub hesab edərək ölçmək və yozmaq sadəlövhlükdür.

Bu bəhsi kitabın müqəddiməsində gətirməkdən əsas məqsəd, Qur`anın fikir və düşüncələrin oyadılmasındakı rolunu göstərmək və məsələnin bu ilahi kitab baxımından əhəmiyyət və əsalətini aydınlaşdırmaq idi.

Әlbəttə bu kitab ədalət məsələsini hərtərəfli və Qur`ana layiq şəkildə açıqladığını iddia etmir. Iddiamız yalnız bu ola bilər ki, Qur`anın ədalət barəsində irəli sürdüyü məsələlər, yaradılış və ilahi ədalət baxımından bir qədər yeni üslub və nəzərlə bəhs olunmuşdur.

17-Cəmadiul-əvvəl, 1393-cü hicri- qəməri ili. (1972-ci il.)

Mürtəza Mütəhhəri.


0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ISLAM FӘLSӘFӘSI
Quran təfsirinin qayda-qanunları
Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar
Peyğəmbər (s) və onu xatırladan hər şeyin təbərrük olması
BRAHMAN AYİNİ (2)
DÜNYANIN QURULUŞU ONUN ZATIDIRMI?
Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
ÖLÜM ANLAYIŞI
İMAMƏT
Sədaqət, bəsirət, aram qəlb, İlahi diqqət – zakirlərin xüsusiyyətləri

 
user comment