Azəri
Thursday 28th of March 2024
0
نفر 0

ŞEYTAN



Zehnlərdə belə bir təsəvvür yarana bilər ki, əgər zərdüştlikdə «əhrimən-yəzdan» ikiliyi fikri varsa, İslamda da bir-birinə zidd qütblər olan «Allah və şeytan» əqidəsi vardır. Belə olan surətdə, zərdüşt dininin əhriməni ilə İslamın şeytanı arasında nə fərq var?

Zərdüşt dinində olan əhrimən düşüncəsi ilə İslamdakı şeytan düşüncəsi arasında müqayisə olunmaz dərəcədə fərq var. Bu məsələnin bir qədər izaha ehtiyacı var.

Avesta tə`limində «anqrumanyu» və ya «əhrimən» adlı varlığın adı çəkilir və xəstəliklər, vəhşilər, yırtıcılar, ilanlar, əqrəblər və həmçinin məhsulsuz torpaqlar, quraqlıqlar və bu kimi bütün pisliklər, şərlər, ziyanlar və zərərverici varlıqların yaradılışı böyük allah olan «ahuraməzdaya» və ya anqrumanyunun rəqibi olan «sepentmenuya» deyil, ona nisbət verilir.

Avestanın bə`zi tə`limlərindən belə mə`lum olur ki, əhrimənin özü ahuramazda kimi qədim və əzəli bir cövhərdir və ahuraməzda qətiyyən onun xaliqi deyil. Ahuraməzda onu yaratmayıb, bəlkə kəşf edib. Amma Avestanın digər bə`zi tə`limləri, xüsusilə onun ən mö`təbər bölümlərindən olan qatlardan isə belə mə`lum olur ki, ahuramazda iki mövcud yaradıb. Onlardan biri sepentmenu və ya müqəddəs düşüncə, digəri isə anqrumanyu, yaxud xəbis düşüncə olan əhriməndir. Hər halda Avestadan mə`lum olan və zərdüştlərin e`tiqad bəsdlədikləri şey budur ki, dünyada olan varlıqlar iki qismə - xeyir və şərə bölünürlər. Xeyirlər mövcud olan, mövcud olmalı, mövcud olmaları yaxşı olan və vücudları dünya üçün xeyirli olan varlıqlardır. Şərlər isə o varlıqlardır ki, mövcud olmalarına baxmayaraq, əslində mövcud olmamalı və olmaları dünyada naqisliklərin yaranmasına səbəb olmuş varlıqlardır və bu şərlər ahuramazdanın məxluq və yaratdıqları şeylər deyildir və əhrimənin ahuramazdanın məxluqu olub-olmamasından asılı olmayaraq, onlar əhrimənin yaratdıqlarıdır.

Deməli, əhrimən dünyanın bir çox varlıqlarının yaradıcısıdır. Yaradılış aləminin bir hissəsi onun ixtiyarındadır, onun özü ya zatında qədim və əzəli bir əsl və ahuramazdanın şərik və bənzəridir, ya da onun məxluqu və eyni halda yaradılışdakı şərikidir.

Amma İslam dünya görüşündə dünya və onda olan varlıqlar iki qismə, yə`ni xeyir və şərə bölünmür. Bu dünya görüşünə əsasən yaradılmamalı olan, amma yaradılmış və ya pis yaradılmış varlıq yoxdur. Hər bir şey gözəl və yerində yaradılıb və bütün şeylər Allahın məxluqudur.

Şeytanın əhatə dairəsi «yaradılış» deyil, «yaşayış»dır, yə`ni onun nüfuz dairəsi insanların əməl və vəzifə fəaliyyətləri çərçivəsindədir. Şeytan yalnız insanın vücuduna nüfuz edə bilər və özü də bu nüfuz onun bədən və cismində deyil, fikir və düşüncəsində məhdudlaşır. Hətta onun, insanın fikir və düşüncəsinə olan nüfuzu da vəsvəsə etmək və puç bir əməli onun xəyalında yaxşı kimi canlandırmaqda məhdudlaşır. Qur`an bu mə`naları «təzyin» (bəzəyərək gözəl göstərmə), «təsvil» (çirkin bir şeyi gözəl bir şey kimi nəzərə çarpdıraraq aldatma), «vəsvəsə» və bu kimi ibarətlərlə bəyan edir. Amma onun yaradılış aləmində nəsə yaratması və ya insanlara qeyri-ixtiyari hökmranlıq edə bilməsi, yə`ni məcburi qüdrət kimi insanların vücudlarına hakim olaraq onları məcburi olaraq pis işə vadar edə bilməsi, şeytanın qüdrət və bacarıq dairəsindən xaricdir. Hətta insanların özləri ona əl uzatsalar da belə, şeytanın onlara olan hökmranlığı məhduddur.

إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُم بِهِ مُشْرِكُونَ

«Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!

Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!...» (ən-Nəhl-99-100).

Qur`an şeytanın qiyamət günü deyəcəyi sözləri onun dilin-dən belə nəql edir ki, o, ona e`tiraz edən və azğınlıqları üçün onun məs`uliyyət daşımasını bildirənlərin cavabında belə deyir:

وَمَا كَانَ لِيَ عَلَيْكُم مِّن سُلْطَانٍ إِلاَّ أَن دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِي فَلاَ تَلُومُونِي وَلُومُواْ أَنفُسَكُم

«...Әslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. Indi məni yox, özünüzü qınayın...» (Ibrahim-22).

Şeytanın insana bu qədər hakim ola bilməsinin fəlsəfəsi in-sanın «ixtiyarı»dır. Insan vücudunun məqam və dərəcəsi, onun azad və muxtar olmasını tələb edir. Azad və muxtar varlıq, həmişə iki yol ayrıcı və iki çağırış qarşısında dayanmalı və öz kamalını yeganə yol olan «ixtiyar» və «seçmə» ilə əldə etməlidir.

 

Әz cəhan do bang miayəd be zedd

Ta kodaminra to başi mostəedd

On yeki bangəş nəşure ətqiya

Van degər bangəş nəfure əşqiya.

Mə`nası: Dünyadan bir-birinə zidd olan iki səs eşidilir; sən onların hansına hazırsan; onların biri pərhizkarların dirçəliş nidası; digəri isə bədbəxtlərin azğınlıq səsidir.

Islam dünya görüşünə əsasən yaradılış aləmində, heç bir varlığın müstəqil rolu yoxdur. Qur`an heç bir varlıq üçün müstəqil rol qail deyil. Hər bir varlığın malik olduğu rol yalnız, vasitə və Allahın tam iradəsinin həyata keçməsi üçün keçid xarakteri daşıyır. Qur`an mələklərin, Allahın yaradılışdakı iradəsinin gerçəkləşməsi istiqamətində vasitə rolunu təsdiq edir. Amma şeytan üçün nəinki Avestada əhrimənin ahuramazdanın müqabilindəki kimi müstəqil və yaradıcı rola malik olmasını rədd edir, hətta mələklərin də belə bir rola malik olmasına qail deyildir.

Buna görə də, adətən islami mətnlərin tərcüməsində şeytanın «əhrimən» və ya «div» kimi tərcümə edilməsi aşkar səhvdir. Şeytan kəlməsinin fars dilində sinonimi yoxdur və buna görə də tərcümələrdə həmin kəlmənin özü gətirilməlidir.

Qur`an baxımından şeytan, qətiyyən Allah müqabilində olan qütb deyildir. O, hətta Allahın izni ilə yaradılışda əli olan və ilahi iradənin icraçıları sayılan mələklərin müqabilində də bir qütb sayılmır.

Ümumiyyətlə bizim camaatın «cin» barəsindəki təsəvvürü, Qur`anın cin haqqında verdiyi anlayışlardan fərqlidir. Qur`an baxımından cin, insan kimi bir varlıqdır və o da insan kimi bir sıra şər`i vəzifələr daşıyır. Amma o, gözəgörünməz bir varlıqdır. Cin, avam kütlənin təsəvvüründə isə mələk sırasında olan bir varlıqdır. Qur`an cini insana, avam kütlə isə mələyə tay bilir. Qur`anın aşkar tə`birlərinə əsasən, şeytan cin növündəndir. Islam dünya görüşünə əsasən, cinlərin əksinə olaraq, mələklərin yaradılış aləmində rolları vardır. Islam ədəbiyyatında, cinlə mələyin bir sırada tutulması, müsəlmanların zərdüşt məfhumları keçmişinə malik olmaları baxımından düçar olduqları səhvdən yaranıb.

Deməli, İslam dünya görüşü zərdüşt, manovi və məzdəki dünyagörüşünün əksinə olaraq, təkqütblüdür. Şeytan Qur`an baxımından «O yaratdığı hər şeyi gözəl yaratdı...» və həmçinin «Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən sonra da ona doğru yolu göstərən Allahdır!» nümunəsidir.

Şeytan, şeytanlıq və onun azdırmalarının mövcudluğu bir sıra hikmət və məsləhətə əsaslanır və həmin hikmətə əsasən şeytan həqiqi, gerçək və mütləq deyil, nisbi şərdir.

Hər şeydən maraqlısı budur ki, Qur`anın məntiqinə əsasən, Allah özü şeytana «azdırmaq» və «yoldan çıxarmaq» vəzifəsini əta edib. Allah-taala burada şeytana xitab edərək buyurur:

وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الأَمْوَالِ وَالأَوْلادِ وَعِدْهُمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًا

«Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, zinaya sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) və`dlər ver. Şeytan (ona uyanlara) yalnız yalan və`d verər!» (Isra-64)

Şeytan sanki, aşağıdakı ayədə, özünün insanları azdırmaq vəzifəsini daşımağa hazır olduğunu elan edib:

قَالَ فَبِمَا أَغْوَيْتَنِي لأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ ثُمَّ لآتِيَنَّهُم مِّن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَن شَمَآئِلِهِمْ وَلاَ تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ

«Iblis dedi: «...Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!» (Ә`raf 16-17).

Әlbəttə şeytanın insanları azdıraraq yoldan çıxarması və onun bu vəzifədəki nüfuz dairəsi əvvəldə qeyd etdiyimiz qədərdir və burada insanlara qarşı heç bir icbar və zorakılıqdan söhbət gedə bilməz. Onun etdiyi yeganə şey «vəsvəsə», «də`vət», «təzyin» və «təsvil»dir.

Bu nöqtəni də xatırlatmaq lazımdır ki, bizim «yaradılış aləmi şeytanın nüfuz dairəsindən xaricdir» deməkdən məqsədimiz, onun yaradılışda heç bir rolunun olmaması deyildir. Məgər aləmdə hansısa bir varlıq mövcud ola bilərmi ki, onun yaradılışda heç bir rolu olmasın? Məqsədimiz budur ki, şeytan nə bir qrup varlıqların müstəqil xaliqi, nə Allah müqabilində olan bir qütb və nə də mələklər kimi kainatın tədbir və idarəsi tapşırılan və onda rolu olan bir varlıqdır. Həmçinin onun insana olan hökmranlığı da istədiyini məcburi şəkildə qəbul etdirmək həddində deyildir. Qur`an şeytan və cinlərin yaradılışda müəyyən rola malik olmalarına qaildir, amma o, ümumilikdə insanın rolundan artıq və üstün deyil.

Bu bəhsdən əsas məqsəd budur ki, Qur`an, şeytan məsələsini zati tövhid və «...Ona bənzər heç bir şey yoxdur...» (Şura-11) prinsipinə və həmçinin yaradılışda tövhid və «...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...» (Ә`raf-54), «...Allah hər şeyin xaliqidir...» (Rə`d-16), «Özünə heç bir övlad götürməyən və mülkündə (səltənətində) heç bir şəriki olmayan...» (Isra-111) prinsiplərinə kiçicik bir xələl gətirməyən formada irəli sürüb.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment