Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

FӘLSӘFI BӘDBINLIK

FӘLSӘFI BӘDBINLIK

«Şərlər məsələsinin» digər tə`sirlərindən biri də fəlsəfi bədbinlikdir. Bədbin filosoflar adətən materialistlərdən çıxır. Materializm və bədbinlik arasında bir növ inkaredilməz əlaqə və bağlılıq var. Nə üçün? Cavab aydındır, çünki materializm şərlər məsələsinin həllində acizdir. Ilahi fəlsəfəyə əsasən, vücud xeyirlə bərabərdir, şər nisbidir və hər bir şərin altında bir xeyir yatır. Amma maddi baxışa əsasən belə bir şey yoxdur.

Dünyaya qarşı bədbinlik əzabvericidir. Insanın dünyanı hissiz, dərksiz və hədəfsiz bilməsi çox ağırdır. Özünü bu dünyanın kiçik övladı bilən və özü üçün hədəf qail olan insan, yaradaraq ona hədəfli olmağı öyrədən dünyanın özünün hədəfsiz olmasını düşünəndə çox pis hala düşür. Әgər dünyada ədalətin olmamasını və təbiətdə ayrı-seçkilik və zülmün olmasını düşünən şəxsə, dünyanın bütün ne`mətlərini versələr belə, bədbin və narazı olacaq.

Bu şəxsin öz səadəti və bəşəriyyətin xoşbəxtliyi istiqamətindəki fəaliyyəti də ümid və şövqlə olmayacaq. Varlığın kökü zülm üzərində qurulan yerdə insanın ədalətsevərliyi də mə`nasızdır. Dünya hədəfsizdirsə, bizim hədəfə malik olmağımız puç bir şey və axmaqlıqdır.

Iman sahiblərinin tam ruhi sakitlik və rahatlığa malik olmalarının səbəbi, onların dünyanı ağılsız, hədəfsiz, zalım, zülm tərəfdarı və ya laqeyid deyil, hikmət və elmə əsaslanan, hədəfli, ədalətli, haqq və haqq əhli tərəfdarı hesab etmələrindəndir. Təkallahlılar, şər işlərin heç birinin hesabsız və əbəs olmamalarına e`tiqad bəsləyirlər. Onların fikrincə, pisliklər ya ədalətli cəza, ya da hədəfə əsaslanan və mükafatı olan bəla və imtahanlardır.

Bəs imansız şəxslər nə düşünürlər? Onların ürəkləri nə ilə şad olur? Intihara əl atırlar və onlardan birinin dili ilə desək, «igidliklə ölümü qucaqlayırlar».

Ümumdünya səhiyyə təşkilatı statistik rəqəmlərə əsaslanan hesabat yayaraq bildirib ki, intihar - xüsusilə ziyalılar arasında olan intihar - gün-gündən genişlənməkdədir. Bu təşkilatın hesabatına əsasən, intihar, səkkiz Avropa ölkəsində həddindən artıq çoxalıb. Həmin səkkiz ölkədən biri, bizim xoşbəxtlik nümunəsi hesab etdiyimiz Isveçrədir. Həmin hesabatda deyilir ki, intihar üçüncü ölüm amilidir, yə`ni o, xərçəng xəstəliyindən çox adam tələf edir və təəssüflər olsun ki, bu iş savadlı kütlə arasında savadsız kütlədə olduğundan daha çox baş verir.

Həmin hesabatda deyilir ki, intihar iman və e`tiqadını əldən verməkdə olan inkişaf etmiş ölkələrdə daha çox baş verir. Qərbi Almaniyada hər il altmış min nəfər intihar edir ki, onların on iki min nəfəri intihar nəticəsində ölür, qalanlarına isə ölümdən nicat verilir. (Ustadın bu çıxışı təqribən iyirmi səkkiz il bundan əvvəl olub və statistik rəqəmlər həmin vaxtınkıdır.)

Budur «Aləmlərin Rəbbi» olan Allaha imanlarını əldən verənlərin həyatı!

Intihar üçün bir sıra səbəblər, o cümlədən diqqəti cəlb etmək, eşqdə məğlubiyyətə uğramaq, ictimai və iqtisadi rəqabətlərdə məğlubiyyət, yoxsulluq, narkotik maddələr düşkünlüyü, həyat və varlığın puç sanılması kimi müxtəlif amillər qeydə alınıb. Amma onların hamısının ən başlıcası imansızlıqdır.

Vilyam Ceymsin «Din və ruh» adı ilə tərcümə edilmiş kitabının birinci fəslində Mark Orl adlı materialist bir yazıçı və həmçinin Niçşe və Şupenhaver barəsində belə deyilir:

«Mark Orlın sözləri əsaslı acılıq, qəm və kədər nişanəsidir, onun nalələri bıçaqla başı kəsilməkdə olan donuzun nalələrinə bənzəyir. «Niçşe» və «Şupenhaverin» ruhi vəziyyəti, onların diş qıcamaqla qarışmış qaraqabaqlıqları və düşkünlüklərini göstərir. Bu iki alman yazıçısının acınacaqlı nalələri can verməkdə olan siçanın cır-cırlarını xatırladır. Bu iki yazıçının sözlərində dinin həyatın çətinlik və məşəqqətlərinə verdiyi saf mə`na və məfhum görünmür».

Vilyam Ceymsin bədbin adlandırdığı Nişçe, məşhur güc və qüdrət fəlsəfəsinin banisidir. O həmin fəlsəfi görüşlərində belə deyir:

«Mülayimlik və qəlbin riqqətini kənara atmaq lazımdır; ürəyi yumşaqlıq acizlikdən yaranır; təvazökarlıq və itaətkarlıq alçaqlıqdır; həlimlik, hövsələ, əfv və birinin səhvinə göz yummaq zəiflik və süstlükdür. Nəfsi öldürmək nəyə lazımdır? Nəfsi bəsləmək lazımdır! Başqasını istəmək nə deməkdir? Insan özünü istəməli, özünə pərəstiş etməli, zəif və aciz şəxslərin məhv olub aradan getməsi üçün onlara qarşı laqeyid yanaşmalıdır».

(Avropada fəlsəfənin inkişafı; 3-cü cild.)

Niçşe, təbii ki, bu cür fikir və düşüncə ilə dünyanı özünə zindan etmişdi. Bu düşüncələrin səmərəsi, ömrünün sonunda onun öz payına düşdü. O, ömrünün sonunda bacısına yazdığı məktubda belə deyir:

«Günlər keçdikcə həyat mənim üçün daha da çətinləşir. Xəstəlik nəticəsində, ruh düşgünlüyü və narahıtçılığın son həddində olduğum illərdə bu qədər qəmli və ümidsiz olmamışdım, görəsən nə olub? Olmalı şeylər olub ! Camaatla olan fikir ayrılıqlarım onların mənə olan e`timadlarını aradan aparıb və indi hər ikimiz səhv olduğumuzu görürük; ilahi, mən bu gün necə də yalqızam! Deyib güləcəyim, bir fincan çay içə biləcəyim bir nəfər belə yoxdur. Məni dostcasına nəvaziş edəcək bir nəfər belə yoxdur!» (Avropada fəlsəfənin inkişafı; 3-cü cild.)

Vilyam Ceymsin, barəsində danışdığı digər şəxs, yə`ni Şupenhaver isə belə düşünür:

«Həyatın əsası əziyyət və zərərdir. Ləzzət və kef, qəmi aradan aparmaqdadır. Müsbət bir iş yoxdur, hər şey mənfidir. Canlı varlıq həyat mərtəbəsində nə qədər yüksəkdədirsə, əziyyəti o qədər çoxdur, çünki o, daha çox hiss edir, keçmişin çətinliklərini yadına salır və gələcəyin əziyyətlərini daha yaxşı müəyyənləşdirə bilir. Bir an olan kefin dalınca bir ömürlük əzab gəlir. Evlənməyəndə çətinlikdə olursan, evlənəndən sonra isə min cür dərd-bəlaya düşürsən. Eşq bəlası böyük müsibətdir və camaat qadını şadlıq amili hesab edir, halbuki o, qəmlər dağarcığıdır. Başqaları ilə ünsiyyətdə olanda giriftarçılığa düçar olursan, olmayanda da həyatdan bezirsən (bax səh-88). Xülasə, nə qədər ki, canında can var, bu əziyyət və məşəqqətdən qurtulmaq mümkün deyil. Həyat başdan-başa can vermək, bəlkə də hər an təxirə düşən ölümdür, axırda da əcəlin çatır, halbuki həyatdan heç bir xeyir götürülmür və heç bir faydalı nəticə əldə edilmir.»

(Avropada fəlsəfənin inkişafı; 3-cü cild.)

Islam dünyasında da dünyanı qaranlıq görən və həmişə yaradılış cərəyanları müqabilində sərt, qaraqabaq və qəzəbli çöhrə göstərən şəxslər, Vilyam Ceymsin dili ilə desək, bir növ «diş qıcayanlar» olublar. Məşhur ərəb şair və filosofu Әbul-Әla Müirri və həmçinin şair Xəyyam bu dəstədəndir. Xəyyama şair deməyimin səbəbi budur ki, tədqiqatçılar məşhur bədbin şe`rlərin filosof və riyaziyyatçı Xəyyamdan olmasına inanmır. Şair Xəyyam üçün heyrət, əzab və nalə olan şeylər filosof Xəyyam üçün həll edilmiş məsələlərdən olub.

Bizim əsrimizdə avropalılara təqlid edən, bir çox səbəblərdən bu yolla gəncləri zəhərləyən və onları həyatdan soyudan və bə`zən intihara vadar edən bədbin yazıçılar yaranıblar və bir sıra görünən və görünməyən ünsürlər də onları təşviq edirlər. Onların sayı gün-gündən artmaqdadır. Sadıq Hidayət bu qrupa daxil olanlardandır. Onun yazıları Vilyam Ceymsin sözləri ilə desək, «başı kəsilməkdə olan donuzun naləsi və ya can verməkdə olan siçanın cır-cırına bənzəyir».

Niçşe, Şupenhaver, Әbul-əla və Xəyyamın müqabil nöqtəsi nikbin filosoflardır. Ilahiyyatçıların hamısı və ya əksəriyyəti bu qrupdandır. Böyük arif Mövləvi bu qrupun təmsilçisidir. Onun bütün sözlərində eşq, şövq və mə`nəvi hal görünür. Bu böyük arifin fikrincə, insan şadlıq, ləzzət və səadət ocağıdır və yeganə şərt onun bu pulsuz kef ocağından istifadə etmək istəməsidir; dünyada şadlıq və ləzzətə çevrilməyən heç bir qəm yoxdur. O, ləzzəti yalnız mey, cinsi yaxınlıq və ya musiqi eşitməkdə məhdudlaşdırmaq istəyən insanları təhqir edir.

`di, Hafiz və irfan məsləkli digər şairlər də həmin yolla gediblər. Hafizin şerlərində, bə`zi ikimə`nalı sözlər tapılır, amma şe`r dili ilə tanış olanlar bilirlər ki, onların məktəblərində gözəllikdən başqa heç nə görünmür.

Bu məsələ yalnız irfan və sufiliyə aid deyil. Ümumiyyətlə imanın xasiyyəti budur. Imansızlıq bir növ çatışmazlıqdır ki, tarazsızlıq yaradır və həmin tarazsızlıq müxtəlif ruhi əzab-əziyyətə səbəb olur. Imanda dəyişiklik xüsusiyyəti var və o, qəm-qüssəni ləzzət və şadlığa çevirir.

Islamın yetişdirdiyi şəxslər, hadisə və müsibətlə üzləşəndə bu həqiqətə diqqət edirlər: «Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq.» (Bəqərə-156).

Həmin tərbiyəni almış şəxslərə misal olaraq Peyğəmbərin (s) səhabələrindən olmuş bir müsəlman kişi və qadının hekayəsini nəql edirik. Әbu Təlhə Peyğəmbərin (s) səhabələrindəndir, mö`min bir qadın olan Ummu Suleym də onun həyat yoldaşı olub. Onların hər ikisinin çox sevdikləri bir oğulları olub. Bir gün həmin oğlan xəsətələnir və vəziyyəti getdikcə ağırlaşır. Uşağın xəstəliyi elə yerə çatır ki, Ummu Suleym oğlunun öləcəyini başa düşür.

O, oğlunun ölümündə dözümsüzlük göstərməməsi üçün ərini bir bəhanə ilə Peyğəmbərin (s) yanına göndərir. Әbu Təlhə Peyğəmbərin yanına gedəndən bir neçə an sonra oğlu dünyasını dəyişir.

Ummu Suleym oğlunun cənazəsini bir parçaya bükərək otaqda gizlədir və evdə olanlara, Әbu Təlhəyə oğlunun ölüm xəbərini verməyi qadağan edir. Sonra gedib yemək hazırlayır və özünü bəzəyərək ətir vurur. Әbu Təlhə bir neçə saatdan sonra qayıdır və evdə vəziyyətin dəyişdiyini görür. Oğlunun vəziyyətini soruşur. Ummu Suleym cavab verir ki, uşaq sakitləşib. Әbu Təlhə ac olduğu üçün yemək istəyir. Ummu Suleym əvvəlcədən hazırladığı xörəyi gətirir və onlar ikisi də oturub yeyirlər. Sonra isə cinsi əlaqədə olurlar və Әbu Təlhə rahatlaşır. Ummu Suleym deyir: Səndən bir şey soruşmaq istəyirəm.

Әbu Təlhə deyir: Soruş.

Ummu Suleym: Әgər sənə, yanımızda olan əmanəti sahibinə qaytardığımızı xəbər versəm, əsəbiləşərsən?

Әbu Təlhə: - Xeyr, qətiyyən narahat olmaram, əmanəti sahibinə qaytarmaq lazımdır.

Ummu Suleym: Subhanəllah, onda xəbər verim ki, Allah, yanımızda olan əmanəti, yəni oğlumuzu bizdən alıb apardı.

Әbu Təlhə arvadının bu sözündən çox tə`sirlənib deyir: - Allaha and olsun ki, mən övladımın müsibətində sən anadan daha səbirli olmalıyam.

O, sonra ayağa durub cənabət qusulu verərək iki rəkət namaz qılır və sonra Peyğəmbərin (s) yanına gedib hadisəni o həzrətə danışır.

Peyğəmbər (s) belə buyurur: Allah bu gün sizə bərəkət versin və sizə pak bir nəsil qismət etsin. Mən Allaha, ümmətimdə Bəni Israilin «səbirlisi» kimisinin olmasına görə şükr edirəm.

Bəli, iman və dinin məşəqqətləri asanlaşdırması, hətta bə`zən onu şadlıq, ləzzət və səadətə çevirməsi belə olur.

Vilyam Ceyms, bundan əvvəl adını çəkdiyimiz kitabda dinlə dinsiz əxlaqın fərqi barəsində söhbət edərək belə deyir:

«Din və ya əxlaqda əsas məsələ, bizim yaradılış və varlıq aləmini necə qiymətləndirməyimizdən ibarətdir. Biz yaradılış və varlıq aləmini necə qiymətləndiririk? Biz bu varlıq və kainatı çətinlik və əziyyət kimi qiymətləndirərək onun bir hissəsini qəbul, digər bir hissəsini isə rədd edirik? Yoxsa əksinə, onu açıq qucaq, eşq və məhəbbətlə dolu ürəklə qarşılayırıq? Sırf əxlaq, kainata hakim hesab etdiyi qanunlara elm və agahlıqla tabe olur. Amma bu itaət bir növ ağırlıq və hüznlə birgədir ki, həmin qəlbdə heç bir hərarət və şövq olmur və həmin qanunların onun boynunda xalta olması hissi ondan heç vaxt ayrılmır. Amma dində məsələ bunun əksinədir və həmin soyuq və qəmli itaət, öz yerini həyatın hər bir şeyini lütf, şövq, səmimiyyət və şadlığa çevirən səmimi qarşılama və qəbula verir . Rəvaqi filosofu öz canını tapşırdığı dünyadan hədsiz ehtiram və tə`zim umur, amma məsihi Allahı (din Allahı) məhəbbət və eşq istəyir. Biz burada bu iki dəstənin iki müxtəlif mühitdə bir-birinin müqabilində dayanan iki hiss və duyğuya malik olmalarını görürük; onlardan biri qütb soyuqluğu, digəri isə ekvator istiliyinə malikdir. Sanki onların hər birinin əldə etdiyi nəticə, yə`ni qeydsiz-şərtsiz qəbul etdikləri eyni şeydir».

NAZ YA E`TIRAZ?

Şərlər məsələsi və bə`zi vaxtlar onlara qarşı e`tiraz bəhsi bizim ədəbiyyatımızın nisbətən mühüm bir hissəsini təşkil edir. Şairlər bə`zən ciddi və bə`zən də əyləncəli şəkildə bu mövzuya çox toxunublar. Bu barədə deyilənləri ciddilik, yə`ni yaradılışın tənqidi, yaxud ona e`tiraz kimi qiymətləndirmək olmaz. Həmin şe`rlərin əksəriyyəti zarafat və əyləncə xarakteri daşıyır və necə deyərlər, şe`r sujetləridir. Onların bə`zilərini «dəllal arif» kimi qiymətləndirmək olar. Xəyyama mənsub rübailərdə bu qism şe`rlər çoxdur. Әvvəldə qeyd etdiyim kimi, həmin şe`rlərin filosof Xəyyamdan olması mə`lum deyil. Şair Xəyyamın şe`rlərində sual və ya e`tiraz kimi səslənən məsələlər filosof Xəyyam üçün həll edilmiş məsələlərdir. Buna görə də, həmin şe`rlər ya filosof Xəyyamdan deyil, ya üzdəniraq dindarlarla baş qatmaq xarakterlidir, yaxud da «dəllal arif» növündəndir. Hər halda Xəyyama mənsub olan rübailərdə belə deyilir:

Әcram ke sakinane in eyvanənd

Әsbabe tərəddod xerədməndanənd

Han ta sərreşteye xerəd qom nə kuni

Kanan ke modəbberənd sərgərdanənd

Әflak ke coz ğəm nəfəzayənd degər

Nə nəhənd be ca ta nəröbayənd degər

Naamədeqan əgər be danənd ke ma

Әz dəhr çe mi kəşim nayənd degər.

`nası: Bu eyvanın sakinləri olan cansız cisimlər ağıllıların keçididir; sayıq ol ki, ağıl kələfinin ucunu itirməyəsən, işlərin axırını fikirləşənlər sərgərdandırlar.

 

Çun hasele adəmi dər in şuristan

Coz xurdəne ğosse nist ta kəndəne can

Xorrəme del an ke zin cəhan zud berəft

Və asude kəsi xod nəyaməd be cəhan

`nası: Fələyin qəm verməkdən başqa bir işi yoxdur və insanı öldürməyənə kimi ondan əl çəkmir; əgər dünyaya gəlməyənlər, bizim fələyin əlindən nə çəkdiyimizi bilsələr, buraya gəlməzlər.

Ey çərxi fələk xərabi əz kineye tust

Bidadgəri şiveye dirineye tust

Ey xak əgər sineye to beşkafənd

Bəs qohəre qiyməti ke dər sineye tust

`nası: Ey çərxi-fələk! bütün xarabalıqlar səndəndir; haqsızlıq sənin keçmiş peşəndir; ey torpaq! əgər sənin sinəni açsalar, orada çoxlu qiymətli cəvahirlər olduğunu görərlər.

Çərxi-fələyə göndərilən bu e`tiraz və söyüşlər, əslində yuxarı məqama aiddir, çünki çərxi-fələk heç nədir və o, naçar şəkildə kəc və tərs rəftarlarda günahlandırılır. Bəlkə buna görədir ki, bir hədisdə belə deyilir: «Zəmanəni söyməyin, zəmanə Allahdır.» (Hədisin düzgün izahı belədir ki, zəmanəni tənqid etmək bütün varlıq aləmini tənqid edib Allaha qarşı e`tiraz səsi yüksəltməkdir. Amma bə`zi alimlər iddia edirlər ki, bu hədis zəmanənin doğrudan da Allah olmasına inam bəsləyən zərvaniyyə firqəsinin uydurmalarındandır.)

Nasir Xosrov doğrudan da həkim adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mə`nalı söz ustası, bir tərəfdən bu cür e`tirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini e`tiqadlarına əsasən bu barədə ağız açmamalı idi. Amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şe`rlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da «dəllal arif» hesab etmək lazımdır. O, bir şe`rində belə deyir:

 

Bar xodaya əgər ze ruye xodayi

Tinəte insan həme cəmil sereşti

Çehreye rumi və surəte həbəşira

Mayeye xubi çe bovəd və elləti zeşti?

Təl`əte hindu və ruye tork çera şod?

Həm ço del duzəxi və ruye beheşti?

Әz çe səid oftad və əz çe şəqi şod

Zahede mehrabiyo keşişe kənəşti?

Çist xelaf əndər afərineşe aləm

Çun həmera dayevo məşşate to gəşti?

Girəm donya, ze bi məhəlliye donya

Bər gerehi xərbəto xəsise beheşti

Ne`məte mon`em çera əst dərya-dərya?

Mohnəte mofles çera əst kəşti-kəşti?

`nası: Ilahi, əgər hamını gözəl yaratsaydın nə olardı? Mən başa düşə bilmirəm ki, nə üçün rumlular gözəl, həbəşilər isə çirkindirlər? Nə üçün Hindlini cəhənnəm kimi qara, türkü isə behişt kimi ağ yaratmısan? Nə üçün zahid xoşbəxt, keşiş isə bədbəxtdir? Hamını Sən yaratmısan, bəs bu fərqlər nə üçündür?

Nasir Xosrovun uzun və məşhur bir qəsidəsi var. O belə başlayır:

Ilahi tulo ərze aləmətra

Təvani dər dele muri keşidən.

`nası: Ilahi sənin elə bir qüdrətin var ki, sən bütün dünyanı bir qarışqanın qarnında yerləşdirə bilərsən.

O, həmin qəsidədə belə deyir:

Həme cur mən əz bulğareyan əst

Kəz an ahəm həmi bayəd keşidən

Gene bulğariyanra niz həm nist

Bequyəm gər to betvani şenidən

Xodaya rast quyəm fetnə əz tust

Vəli əz tərs nətvanəm çeğidən

Ləbo dəndane torkan xətara

Nə bayesti çenin xub afəridən

Ke əz dəste ləbo dəndani işan

Be dəndane dəsto ləb bayəd gəzidən

Be ahu miykoni ğovğa ke be qoriz

Be tazi mizəni hey bər dovidən.

`nası: Mənim bütün bədbəxtliklərim gözəllərin əlindəndir; mən onlardan ötrü ah çəkməliyəm; əgər eşidə bilərsənsə deyim ki, onlarda da günah yoxdur; ilahi, bütün bədbəxtliklər Səndəndir, amma qorxudan bir şey deyə bilmirəm; gözəllərin dil-dodaqlarını gərək belə gözəl yaratmayaydın; mən gərək onların gözəlliyinin tə`sirindən əl-ayağımı dişləyəm; sən dovşana qaç, tazıya tut deyirsən.

Әdəbiyyatşünasların bə`ziləri iddia edirlər ki, bu qəsidə Nasir Xosrovun deyildir.

Təqribən qırx il bundan əvvəl şirazlı şairlərdən biri, bu barədə bir qəsidə yazmışdı və onun cavabı mərhum Әxgər tərəfindən «Әxgər» jurnalında müsabiqəyə qoyuldu və elm əhlindən bu barədə öz nəzərlərini bildirmələri istənildi. Ölkənin müxtəlif yerlərindən ruhani, qeyri-ruhani, kişi və qadınlığından asılı olmayaraq, bir çoxları həmin tədbirdə iştirak etdilər. Onların bə`ziləri nəsr, bə`ziləri isə nəzmlə ona cavab verdilər və hətta bə`ziləri həmin şairin nəzərini təsdiqlədilər. Onların hamısı mərhum Әxgər tərəfindən «Yaradılışın sirləri» adlı kitabda çap edildi. Mən həmin cavabların nə olmasına toxunmaq və bu barədə fikir bildirmək istəmirəm. Әlbəttə alimlərdən bə`ziləri öz açıqlamalarında maraqlı nöqtələrə toxunublar.


0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI
QANUNUN ZӘIFLIYI
HİNDUİZM (2)
Quran baхımından Allahı tanımaq yоlu
İlahi bərəkəti cəlb etməyin 8 yolu
Günah əhli ilə yoldaşlıq etmə!
Şükür - ibadətin aydın nümunəsidir
ÖLÜM ANLAYIŞI

 
user comment