Azəri
Wednesday 24th of July 2024
0
نفر 0

ƏLİ (Ə)IN ŞƏHADƏTİ MÜBNASİBƏTİ İLƏ

ƏLİ (Ə)IN ŞƏHADƏTİ MÜBNASİBƏTİ İLƏ

Dünyanın böyük şəxsiyyətləri barəsində müxtəlif, çox vaxt da ziddiyyətli baxışlar yaranır; bəzi vaxtlar elə dostlar olur ki, bu dahi insanların yolunda candan- başdan keçir, pərvanə kimi öz varlığını onlara fəda edib, dostluq xatirinə ən ağır böhtanlara və ən çətin işgəncələrə dözürlər. Bunun əksinə olaraq, elə inadkar və kinli düşmənlər də tapılır ki, heç vaxt öz düşmənçiliyindən əl çəkmək və səmimiyyət yolunu seçmək istəmirlər. Bu kimi şəxslərə qarşı dostluq və düşmənçilik bəzən elə şiddətli və güclü olur ki, heç bir sərhəd tanımır, mövcud zaman və məkan hüdudlarını aşaraq sonrakı məkan və zamanlara da gəlib çatır. Belə bir nüfuzun gücü və təsir dərəcəsi insan şəxsiyyətinin əzəmət və ülviliyi ilə tam mütənasibdir. Dünyanın böyük şəxsiyyətləri arasında heç kəs Əli (ə) qədər ziddiyyətli mühakimələrə məruz qalmamış, cəzbetmə və dəfetmə səhnəsində iki əks qütbün diqqət mərkəzində olmamışdır. Dahi şəxsiyyətlər arasında bu cəhətdən yalnız həzrət İsa əleyhissəlamı Əli (ə) kimi hesab etmək olar. Çünki, həzrət İsa (ə) da dostluq və düşmənçilik səhnəsində bir- biri ilə tamamilə zidd olan iki dəstənin diqqətini özünə cəlb etmişdir. Məhz bu səbəbə görə də, bu iki ilahi rəhbər arasında bir növ oxşarlıq müşahidə olunur. Dünya məsihilərinin əksəriyyətinin təsəvvürüncə Həzrət İsa (ə) elə həmin cisim şəklinə düşən "Allah"dır və öz bəndələrini ata (Həzrət Adəm (ə)) tərəfindən irs qoyulmuş günahlardan qurtarmaq üçün yer üzünə gəlmiş və nəhayət, çarmıxa çəkilmişdir. Məsihilərin nəzərində İsa ilahiləşmiş insandan başqa bir şəxsiyyət deyil. Bunun əksinə olaraq yəhudilər bu fikrə tamamilə zidd olan bir mövqedə dayanır: onlar həzrət İsanı iftira və yalançılıqda ittiham edib, qələmin yazmaqda həya etdiyi ən çirkin töhmətləri onun pak və iffətli anasının (Məryəmin) adına vururlar.

Belə təzadlar Əli (ə) barəsində də həmişə mövcud olmuşdur. Bir dəstə dar düşüncəli, dərindən dərk edə bilməyən, həmçinin ona dərin məhəbbət bəsləyənlər möminlərin sərvərini Allahlıq dərəcəsinə qədər yüksəltmiş, həyatı boyu ondan müşahidə olunan kəramətlərini onun "Allah" olmasına bir dəlil gətirmişlər. Çox təəssüflə qeyd etməliyik ki, bu dəstə müqəddəs "Ələvi" (Əliyə mənsub olan) adını özlərinə götürmüşlər. Hələ indinin özündə də çoxları bu məslək ardınca gedirlər. Əfsuslar olsun ki, indiyə kimi şiələrin təbliğat aparatı bu dolğun emosiyadan istifadə edərək Əli (ə)- ın həqiqi simasını onlara tanıtdırmamış və onları Əli (ə)-ın şəxsən özünün fədaisi olduğu tövhid və təkallahlıq yoluna hidayət edə bilməmişdir. Bu qrupun müqabilində isə İmam (ə)-ın zahiri xilafətinin ilk günlərindən etibarən başqa bir dəstə ürəklərində o həzrətə qarşı ədavət, kin- küdurət bəsləyərək, bir müddətdən sonra "xəvaric" və "nəvasib" adlı qruplaşmalar şəklində zahir oldular. Peyğəmbər (s) Əli (ə)-ın hakimiyyəti zamanı inhirafçı və azğın cinahların zahir olacağından tamamilə agah idi. Həzrət öz sözlərindən birində Əli (ə)-a belə buyurmuşdu: "İki dəstə sənin barəndə həlak olacaq: Sənin fəzilətlərin barəsində həddi aşanlar və səninlə düşmənçilik edənlər."

Həzrət Əli (ə) ilə həzrət İsa (ə) arasında daha bir oxşarlıq vardır ki, o da dünyaya gəldikləri yerlə əlaqədardır. İsa (ə) "Beytül- ləhm" adlı müqəddəs bir yerdə (bu yer Beytül- müqəddəs deyil) dünyaya gəldiyindən sair Bəni- İsrail peyğəmbərlərindən bir növ əlavə bir fəzilətə malik idi. Azadlıq sevərlərin mövlası Əli (ə) da müqəddəs Məkkə diyarında, Allah evində– Kəbədə möcüzəli bir şəkildə dünyaya gəlmiş və elə Allah evində də (Kufə məscidində) şəhadət şərbətini içmişdir, "hüsnü- mətlə" müqabilində "hüsnü- xitama" malik olmuşdur. (Yəni mövludu gözəl olduğu kimi, xətmi (şəhadəti) də gözəl olmuşdur.) Bu da ki, tarixdə misli görünməmiş hadisədir.

Əli (ə)-ın üçsahəli şəxsiyyəti

Psixoloqların fikrincə, hər bir fərdin şəxsiyyətinin formalaşmasında üç mühüm amil əsas rol oynayır ki, bunların da hər biri şəxsiyyətin vücuda gəlib möhkəmlənməsində müstəsna əhəmiyyətə malikdir. Bu, insanın ruhiyyəsi, xüsusiyyətləri və təfəkkür tərzi kimi üç tilin birləşməsindən əmələ gələn üçbucağa oxşayır. Deyilən üç amil aşağıdakılardır:

1-İrsiyyət,

2-Təlim-tərbiyə,

3-Yaşadığı mühit (şərait).

İnsanın yaxşı və ya pis sifətləri, eləcə də ali və ya alçaq, rəzil xasiyyələri bu üç amilin vasitəsi ilə formalaşıb inkişaf edir. İrsiyyət barəsində bunu demək kifayətdir ki, bizim təkcə qiyafə və bədən qurluşu kimi zahiri sifətlərimiz övladlarımıza irs keçmir, həm də valideynlərin batini sifətləri və əxlaqi ruhiyyələri də irsi olaraq onlara nəql olunur.

İnsan şəxsiyyətinin formalaşmasında digər iki amil- təlim- tərbiyə və mühit, Yaradanın insan zatında əmanət qoyduğu ali- insani səciyyələrin çiçəklənməsində, eləcə də uşağın valideyndən irsi olaraq apardığı xüsusiyyətlərin inkişaf etməsində mühüm rol oynayır. Müəllim bir uşağın, yaxud bir sinfin müqəddəratını tam mənada dəyişə bilər. Çox hallarda mühit tərbiyəsi aşağı səviyyədə olan fərdləri saflaşdıra, yaxud pak fərdləri əxlaqsızlığa uğrada bilər. İnsan şəxsiyyətinin formalaşmasında bu iki amilin təsiri o qədər aydındır ki, bu barədə əlavə izaha ehtiyac duyulmur. Əlbəttə, bunu da yaddan çıxarmayaq ki, (insanın əxlaqının düzgün formalaşmasında) bu üç amildən sonra insanın öz iradəsi və istəyi az əhəmiyyət daşımır.

Əli (ə)-a irsən yetişən şəxsiyyət Əli (ə)-ın Əbu Talib kimi bir atanın sülbündən dünyaya gəlməsidir. Əbu Talib "Bətha" (Məkkə) vilayətinin böyüyü və Haşimi qəbiləsinin rəisi idi. Onun bütün varlığı başdan- başa mehribanlıq, bəxşiş, səxavət, emosiya, mehr-məhəbbət, tövhid ayininin yolunda olan fədakarlıq və fədailikdən ibarət idi. Peyğəmbər (s)-in babası Əbdül-Müttəlib vəfat edəndə o həzrətin səkkiz yaşı var idi. O gündən etibarən düz qırx iki il sonraya qədər Əbu Talib həmişə Peyğəmbərin yanında olmuş, onun keşiyində dayanmağı öz öhdəsinə kötürmüş və onun tövhid ayinini yaymaqdan ibarət olan müqəddəs hədəfləri yolunda fədakarlıq etmişdi. Bu həqiqət Əbu Talibin divan şeirlərinin çoxunda əks etdirilmişdir: O cümlədən:

"Pak və xoşxilqət insanlar gərək bilsinlər ki, Məhəmməd (s),

Musa (ə) və Isa (ə) kimi bir peyğəmbərdir."

Başqa bir şeirdə demişdir:

"Məgər bilmirsiniz ki, Məhəmməd (s) Musa (ə) kimidir

Və onun peyğəmbərliyi səmavi kitabların sərlövhəsində yazılmışdır?!"

Bütünlüklə Bəni-Haşim tayfasının qızmar və susuz bir dərədə iqtisadi mühasirəyə alınmasına gətirib çıxaran belə bir fədakarlıq məqsədə çatmaq istəyindən, mənəviyyətə olan dərin məhəbbətdən başqa bir şey ola bilməzdi. Çünki qohumluq əlaqələri və sair maddi amillər insanda belə bir isar (candan keçmək) ruhiyyəsini yarada bilməz. Əbu Talibin öz qardaşoğlusunun ayininə (islama) iman gətirməsi barədə olan dəlillər o qədər çoxdur ki, bütün tədqiqatçıların nəzər-diqqətini özünə cəlb etmişdir. Təəssüflər olsun ki, bəziləri yersiz cəhalətdən doğan təəssübkeşlik üzündən Əbu Talib barəsində tərəddüddə qalmış, başqa bir qrup isə cürətlənərək onu qeyri-müsəlman bir şəxs kimi tanıtdırmışdır. Halbuki əgər tarix və hədis kitablarında Əbu Talibin islamı qəbul etməsi barəsində olan dəlillərin bir qismi başqa bir şəxs haqqında olsaydı, həmin şəxsin iman gətirib islamı qəbul etməsi barəsində əsla şəkk-şübhəyə yer qalmazdı. Amma bilmirik ki, nə üçün bu qədər aşkar dəlillər "bəzi"lərinin qəlblərini işıqlandıra bilməmişdir!

Əlinin (ə) anasının şəxsiyyəti

Onun anası Haşimin oğlu Əsədin qızı Fatimə (Fatimə binti Əsəd) və peyğəmbərə iman gətirən ilk qadınlardan biridir. O, besətdən qabaq İbrahim (ə)-ın ayininə itaət edirdi. O, həmin ismətli qadındır ki, doğum ağrısı şiddətlənəndə Kəbənin divarına yaxınlaşır və belə deyir: "İlahi, Sənə, Sənin tərəfindən göndərilən peyğəmbərə, nazil olan kitablara və həmçinin bu evi tikənin–cəddim İbrahimin sözlərinə tam imanım vardır. Pərvərdigara, bu evi tikənin ehtiramına və mənim bətnimdə olan uşağın xatirinə bu uşağın təvəllüdünü (doğuşunu) mənim üçün asan et!"

Bir neçə an keçmədi ki, Fatimə möcüzəli şəkildə Allah evinə daxil oldu və orada uşağı dünyaya gətirdi. Bu böyük və fəzilətli hadisəni tarix, hədis və ənsab elminin alimləri öz kitablarında nəql etmişlər. Sünnü alimlərinin arasında da bir çoxları bu həqiqəti aydın şəkildə göstərmiş, onu Əli (ə) üçün misilsiz bir fəzilət hesab etmişlər. Hakim Nişapuri deyir: "Əli (ə)-ın təvəllüdünün Kəbənin daxilində olması mütəvatir şəkildə bizə gəlib çatmışdır." Tanınmış müfəssir Alusi Bağdadi yazır: "Əli (ə)-ın təvəllüdünün Kəbədə olması dünya millətləri arasında yayılıb məşhurlaşmış və indiyə kimi heç kim belə bir fəzilətə nail olmamışdır."

Peyğəmbərin (s.a.v.s) qucağında

İmamın (ə) həyatını beş mərhələyə böldükdə Peyğəmbərin besətindən əvvəlki dövr onun ömrünün birinci mərhələsini təşkil edir. Bu hissədə İmamın (ə) həyatı on ildən artıq olmamışdır. Çünki Əli (ə) dünyaya gələndə Peyğəmbərin (s.a.v.s) təvvəlüdündən otuz ildən artıq vaxt keçməmişdi və o, qırx yaşında ikən peyğəmbərliyə məbus oldu. Bu dövrdə İmam (ə)-ın həyatında ən unudulmaz hadisə onun şəxsiyyətinin formalaşması və şəxsiyyət üçbucağının ikinci tərəfinin Peyğəmbər (s.a.v.s)-in vasitəsi ilə vücuda gəlməsidir. Hər insan üçün ömrün bu hissəsi həyatın ən xatirəli və qiymətli anlarından sayılır. İnsanın bu yaş dövrü, üzərində çəkiləcək hər cür rəsmi qəbul etməyə hazır olan ağ bir vərəq kimidir. Həyatın bu mərhələsi tərbiyəçilər və müəllimlər üçün ən yaxşı bir fürsət yaradır ki, Yaradanın uşağın təbiətində əmanət qoyduğu əxlaqi fəzilətləri və saf mənəviyyatı inkişaf etdirib çiçəkləndirsinlər, onu insaniyyət, əxlaqi dəyərlər və səadətli həyatın yolları ilə tanış etsinlər. İslamın əziz Peyğəmbəri (s.a.v.s) Əli (ə)-ın təvəllüdündən sonra bu ali məqsəd üçün onun tərbiyəsini şəxsən öz öhdəsinə aldı. Əli (ə)-ın anası onu Peyğəmbərin hüzuruna gətirdikdə o həzrətin uşağa qarşı sonsuz məhəbbət bəslədiyini gördü. Peyğəmbər (s.a.v.s) ondan xahiş etdi ki, Əli (ə)-ın beşiyini onun yatağının yanına qoysun. Buna görə də, elə ilk günlərdən başlayaraq, İmamın həyatı Peyğəmbərin xas nəvazişi və lütfü ilə birgə idi. Peyğəmbər yalnız beşiyi (uşaq yatanda) yırğalamırdı, həm də günün bəzi vaxtlarında onun bədənini yuyur və süd içirir, ayılanda isə onunla mehribanlıqla xeyli söhbət edirdi. Hərdən də onu bağrına basıb deyərdi: "Bu uşaq mənim qardaşımdır. O, gələcəkdə mənim vəsim, köməkçim, canişinim və qızımın həyat yoldaşı olacaqdır." Əli (ə)-a olan məhəbbətinə görə heç vaxt ondan ayrılmaz və hər vaxt ibadət etmək üçün Məkkədən çıxıb getsəydi, Əli (ə)-ı kiçik qardaş, yaxud sevimli bir övlad kimi özü ilə aparardı. Onu bu cür gözdən yayındırmamaqda Peyğəmbərin məqsədi bu idi ki, Əli (ə)-ın şəxsiyyət üçbucağının ikinci tərəfi olan təlim-tərbiyəsi onun vasitəsi ilə formalaşsın və Peyğəmbərdən başqa heç kəs bu işə təsir göstərməsin. Əmirəl-möminin (ə) öz sözlərində Peyğəmbərin (s) təqdirəlayiq xidmətlərini xatırlayıb deyir: "Siz, ey Peyğəmbər dostları! Mənim Allahın Peyğəmbəri ilə olan yaxın qohumluğumdan və o həzrətin yanında olan xüsusi məqamımdan (ehtiramımdan) tamamilə xəbərdarsınız və bilirsiniz ki, mən onun mehr-məhəbbət və nəvaziş dolu qucağında böyümüşəm. Körpə uşaq olanda o məni qucağına alar, öz yatağının yanında məni himayə edərdi. Mən onun gözəl ətrini iyləyərdim, o da mənə yemək yedizdirərdi." Allah-Təala dinin böyük rəhbərinin Peyğəmbərin evində böyüyüb onun nəzarəti altında tərbiyə olunmasını istədiyinə görə, Peyğəmbərin nəzər-diqqətini bu işə yönəldir.

İslam tarixçiləri yazırlar: "Məkkədə misli görünməmiş quraqlıq oldu. Peyğəmbərin əmisi Əbu Talibin uşaqları çox olduğuna görə, ağır iqtisadi şəraitlə üzləşdi. Peyğəmbər Əbu Talibə nisbətən sərvətli olan əmisi Abbasla söhbət etdi, belə razılaşdılar ki, hər biri Əbu Talibin övladlarından birini öz evinə aparsın və bu çətin günlərdə Əbu Talibin işini bir qədər asanlaşdırsınlar. Buna görə də Abbas Cəfəri, Peyğəmbəri-Əkrəm (s) isə Əlini öz evinə apardı."

Bu dəfə Əli (ə) kamil surətdə Peyğəmbərin ixtiyarına keçərək, onun ali-insani fəzilətlərindən və gövhərlə dolu olan əxlaq xəzinəsindən çoxlu bəhrələr götürdü və Peyğəmbərin (s) rəhbərliyi altında ən yüksək kamal dərəcələrinə çatmağa müvəffəq oldu. İmam (ə) öz sözlərində Peyğəmbərin bu günlərə xas nəzarətinə işarə edib buyurur: "Mən anasının dalınca gedən bala dəvə kimi Peyğəmbərin ardınca gedirdim. O hər gün özünün əxlaqi fəzilətlərindən birini mənə öyrədir və əmr edirdi ki, ona itaət edim."

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment