Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

. (Musa) dedi: «Ey Rəbbim, məni və qardaşımı bağışla və bizi Öz rəhmətinə daxil et ki, Sən mehribanların ən mehribanısan».

151. (Musa) dedi: «Ey Rəbbim, məni və qardaşımı bağışla və bizi Öz rəhmətinə daxil et ki, Sən mehribanların ən mehribanısan».
152. Həqiqətən, buzova pərəstiş etmiş kəslərə tezliklə (dünyada və axirətdə) Rəbblərindən bir qəzəb və dünya həyatında (məbudlarının yandırılması, çöllükdə sərgərdan qalmaları və tarixdə bir ləkə olaraq qalmaları kimi) zillət və xarlıq yetişəcəkdir. Biz yalan uyduranları belə cəzalandırırıq.
153. Günah işlər gördükdən sonra tövbə edən və iman gətirən kəslər, (bilsinlər ki,) həqiqətən, sənin Rəbbin ondan (tövbədən) sonra çox bağışlayan və mehribandır. (Bu iki ayə Musanın dastanı arasında olan mötərizə cümlələridir).
154. Musanın qəzəbi yatdıqda(n sonra) o, (Tövratın) lövhələri(ni) götürdü. Onun yazılarında Rəbbindən qorxan kəslər üçün hidayət və rəhmət var idi.
155. Musa öz qövmündən (onların arasından) Bizim vədələşdiyimiz yer(ə qövmü buzova pərəstiş etməmişdən qabaq Tövratın nazil olması vəd edilən yerə və ya buzova pərəstişdən sonra tövbənin qəbul ediləcəyi yerə gətirmək) üçün yetmiş kişi seçdi. Beləliklə (səs eşitməklə kifayətlənməyib Allahı görmək istədikləri vaxt), o şiddətli titrəyiş onları bürüyəndə (və onların hamısı öləndə, Musa) dedi: «Ey Rəbbim, əgər istəsəydin onları və məni bundan əvvəl həlak edərdin. Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən? Bu, Sənin sınağından başqa bir şey deyildir. İstədiyini onunla azdırır və istədiyini onunla hidayət edirsən. Sən bizim yardımçı və başçımızsan. Bizi bağışla və bizə rəhm et ki, Sən bağışlayanların ən yaxşısısan».
156. «Və bizim üçün bu dünyada (yaşayış, itaət və aqibətdə) və axirətdə (hesabda, şəfaətdə və Cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq». Buyurdu: «(xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam».
157. O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!
158. De: «Ey insanlar, həqiqətən, mən Allahın sizin hamınıza (xitab olunan zamanın varlıqlarından tutmuş bəşəriyyətin nəsli kəsilənədək olacaq bütün insanlara) göndərilmiş Peyğəmbəriyəm. O Allahın ki, göylərin və yerin həqiqi sahib və hakimidir (çünki onların yaradılışı, qorunması, idarə olunması və məhvi, bunların hamısı Onun iradəsinə tabedir). Ondan başqa bir məbud yoxdur, dirildir və öldürür (yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi O dirildir və öldürür). Odur ki, Allaha və Onun elçisinə – (Qurandakı və əvvəlki səmavi kitablardakı) kəlamlarına imanı olan bu ümmi Peyğəmbərə iman gətirin və ona tabe olun, bəlkə hidayət olundunuz».
159. Və Musanın qövmündə haqqa əsaslanaraq (və haqq danışmaqla və haqqa əməl etməklə insanları) hidayət edən və haqqa əsaslanaraq (öz danışıqlarında və əməllərində) ədalətli olan bir dəstə vardır.
160. Və onları (Yəqubun) hər biri bir ümmət olan nəvələr(in)dən ibarət on iki qəbiləyə böldük və qövmü Musadan su istəyən zaman ona vəhy etdik ki, öz əsanı (Tur dağından gətirdiyin kub şəkilli) o daşa vur. Beləliklə, ondan on iki çeşmə (dörd tərəfin hər birindən üç çeşmə) qaynadı (axmağa başladı). Hər bir ümmət özünün su içəcəyi yeri tanıdı. Ağ və üst-üstə yığılmış buludu onların başları üzərində kölgəlik etdik və onlara «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik «sizə verdiyimiz pak ruzilərdən yeyin» (dedik). Onlar (öz itaətsizlikləri ilə) Bizə zülm etmədilər və lakin özlərinə zülm edirdilər. («Bəqərə» surəsinin 57-ci ayəsinə müraciət edin).
161. Və (yada sal) o zaman(ı) ki, onlara (belə) deyilmişdi: «Bu şəhərdə (Beytül-Müqəddəsdə) məskunlaşın, onun istədiyiniz yerindən istifadə edin, «(ey Rəbbimiz), bizim günahlarımızı tök» deyin və bu qapıdan səcdə halında (təvazökarlıqla) daxil olun ki, sizin günahlarınızı bağışlayaq. (Onda) tezliklə yaxşılara artıq bağışlayarıq» («Bəqərə» surəsinin 58-ci ayəsinə mürəciət edin).
162. Beləliklə, onlardan zülm etmiş kəslər (həmin sözü) onlara deyiləndən başqa sözə dəyişdilər (tövbə yerinə buğda istədilər). Belə olduqda, zülm etmələrinin cəzası olaraq göydən onlara əzab göndərdik. («Bəqərə» surəsinin 59-cu ayəsinə müraciət edin).
163. Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman ki, şənbə günü həddi (balıq ovunun haram olması hökmünü) aşırdılar; o zaman ki, onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik.
164. Və o zaman ki, onlardan bir dəstə (digərlərini çəkindirən dəstəyə) dedi: «Nə üçün Allahın mütləq həlak edəcəyi və ya şiddətli əzab verəcəyi bir qövmə öyüd-nəsihət verirsiniz?» Dedilər: «Rəbbinizin dərgahında üzrümüzün olması üçün və bəlkə onlar çəkindilər deyə!» (Deməli Musanın qövmü üç dəstədən –  günahkarlar, onları çəkindirənlər və sükut edənlərdən ibarət idi.)
165. Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik.
166. Beləliklə, elə ki, çəkindirildikləri şeydən boyun qaçırdılar, onlara «meymunlar və qovulmuşlar olun!» dedik (qəti iradə ilə surətlərinin meymun şəklində, ruhlarının isə xar və rəhmətdən uzaq olmasını istədik və elə də oldular).
167. Və (yada sal) o zaman(ı) ki, Rəbbin Qiyamət gününədək onlara (yəhudilərə) həmişə mütləq ağır əzab verən kəslər göndərəcəyini elan etdi. Həqiqətən, sənin Rəbbin tez cəza verən və (eyni zamanda) çox bağışlayan və mehribandır.
168. Və onları yer üzündə müxtəlif dəstələr şəklində səpələdik. Onlardan bəzisi yaxşı əməl sahibləridir, bəzisi isə onlardan aşağıdır. Onları yaxşı-yamanlıqlarla sınadıq, bəlkə (haqqa tərəf) qayıtsınlar.
169. Beləliklə, onlardan sonra  kitabın (Tövratın) varisi olmuş (saleh olmayan) canişinlər(i) onların yerinə keçdilər. Onlar (rüşvət və ya kitabı təhrif etmək yolu ilə) bu alçaq dünyanın malını alır və «tezliklə (tövbə edəcək və) bağışlanacağıq» deyirlər. Əgər onlara elə bir mal yetişsə, yenə də götürərlər! Məgər onlardan kitabın möhkəm əhd-peymanı alınmadımı ki, Allaha haqqdan başqa bir şey nisbət verməsinlər? Halbuki, onlar kitabda olanları oxuyublar (və onun hökmlərindən xəbərdardırlar). (Bilin ki,) axirət evi təqvalılar üçün daha yaxşıdır, məgər düşünmürsünüz?
170. Həmişə (öz səma) kitab(ların)dan yapışan və namaz qılan kəslər (bilsinlər ki,) həqiqətən, Biz salehlərin və islah edənlərin mükafatını zay etməyəcəyik.
171. Və (yada sal) o zaman(ı) ki, Biz dağı (yerindən qopararaq) bir kölgə kimi onların başı üzərində saxladıq və onlar onun mütləq başlarına düşəcəyini güman etdilər. (Və dedik:) «Sizə verdiyimiz (kitab və din)i (ruhi və cismani) qüvvətlə tutun və orada olanları yadda saxlayın, bəlkə təqvalı oldunuz». (Bəqərə surəsinin 63-cu ayəsinə müraciət edin).
172. O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid və rübubiyyətdən) qafil idik» deyəsiniz.
173. Yaxud «həqiqətən, atalarımız bizdən əvvəl (Allaha) şərik qoşdular və biz onlardan sonra olan övladlar (və təbii ki, onlara tabe) idik, məgər bizi batilə yönələnlərin etdiklərinə görə həlakmı edəcəksən?!»
174. Biz (öz tovhid və din) nişanələri(mizi) bu cür ətraflı açıqlayırıq (ki, onların barəsində fikirləşsinlər) və bəlkə qayıtdılar.
175. Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə, şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bələm Bauranın) hekayətini oxu.
176. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət etməyin də birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər.
177. Bizim ayələrimizi təkzib etmiş və özlərinə zülm edən dəstə(nin məsəli) necə də pis bir məsəldir.
178. Allah kimi hidayət etsə, o əsl hidayət olunmuşdur və kimi öz azğınlığında boşlasa, həqiqətən, ziyana uğrayanlar onlardır!
179. Doğrudan da, Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.
180. (Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır.)
181. Yaratdıqlarımız içərisində (insanları) haqq (danışıq və əməl) ilə hidayət edən və haqqa əsaslanaraq hökm çıxarıb ədalətli olan bir dəstə vardır. (Bu surənin 159-cu ayəsinə müraciət edin.)
182. Bizim ayələrimizi təkzib edənləri tezliklə, tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq.
183. Onlara möhlət verirəm. Həqiqətən, Mənim məkr və tədbirlərim möhkəmdir.
184. Məgər fikirləş(ib gör)mədilərmi ki, onların yoldaş və yurddaşlarında (Muhəmməddə (s)) heç bir dəlilik yoxdur? O yalnız aşkar bir qorxudandır.
185. Məgər göylərin və yerin böyük mülkünə (Allahın onların hakim və sahibi olmasına və onların da Allahın hökmü altında və Onun mülki olmağı qəbul etmələrinə) və Allahın yaratdığı əşyalara, eləcə də ömürlərinin sonunun yaxınlaşmış ola bilməsinə baxmayıblar? (Və əgər bu kitabın dəvətinə iman gətirməsələr) bəs bundan (bu Qurandan) sonra hansı sözə iman gətirəcəklər?
186. Allah kimi (itaətsizliyinə görə) olduğu azğınlıqda boşlasa, daha onu bir hidayət edən olmaz. (Allah) onları öz azğınlıqlarında sərgərdan qalmaları üçün boşlayır.
187. Səndən Qiyamət barəsində – onun nə vaxt baş verəcəyini soruşurlar? De: «Həqiqətən, onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: «Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər».
188. De: «Mən özüm üçün Allahın istədiyindən başqa heç bir xeyir və ziyana malik deyiləm. (Qeyb elmim də yoxdur) və əgər qeybi bilsəydim, özüm üçün mütləq hər bir mal və xeyirdən çoxlu tədarük görərdim və mənə heç bir zərər-ziyan dəyməzdi. Mən iman gətirən dəstə üçün yalnız bir qorxudan və mücdə verənəm».
189. Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur. Beləliklə, elə ki, zövcəsi ilə yaxınlıq etdi, o, yüngül bir yüklə yükləndi və bir müddəti (hamiləlik dövrünün əvvəlini) o yüklə keçirdi. Elə ki, yükü ağırlaşdı hər ikisi Allahı – öz Rəbblərini çağırdılar ki: «Əgər bizə saleh (sağlam və həyat sürməyə qadir) bir övlad əta etsən, mütləq şükr edənlərdən olacağıq».
190. Beləliklə, elə ki, (Allah) o ikisinə (sağlam və) saleh bir övlad əta etdi, onlara verdiyi şey barəsində Ona şərik qoşdular. (Əgər onlar bu işdə bütləri də təsirli bilsələr zahiri şirkə, yox əgər səbəblərə arxalanaraq əsas səbəbkarı yaddan çıxarsalar gizli şirkə düçar oldular. Bu iki ayə cəmiyyətin əksəriyyətinin halını şərh edir ki, onlar ya zahiri şirkə, ya da gizli şirkə düçardırlar.) Allah Ona şərik qoşulan şeydən çox-çox ucadır.
191. Onlar heç bir şey yaratmayan (bir şeyi yoxdan var etmək və mövcuda ruh vermək qüdrəti olmayan) və özləri yaradıl(mış ol)an varlıqları (Allaha) şərik qoşurlar? (Bu ayə və sonrakı ayələr bütpərəstlərin şiddətli tənqidi və bütlərin tamamilə acizliyinin bəyanı barəsindədir).
192. (Həmin bütlər) nə onlara bir yardım göstərə bilir və nə də özlərinə bir kömək edə bilirlər.
193. Əgər onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Sizin üçün onları dəvət etməyiniz və ya susmağınız birdir (çünki onlardan bir nəticə əldə etməyəcəksiniz).
194. Həqiqətən, sizin Allahın yerinə çağırdıqlarınız (bütlər, ulduzlar və mələklər) sizin kimi bəndələrdir. Odur ki, əgər doğruçusunuzsa, onları çağırın, sizə cavab versinlər.
195. Məgər onların ayaqları var ki, onunla yol getsinlər, yaxud əlləri var ki, onunla tutsunlar və ya gözləri var ki, onun vasitəsi ilə görsünlər, yaxud da qulaqları var ki, onunla eşitsinlər? De: «Allaha qoşduğunuz şərikləri çağırın, sonra mənə qarşı olan bütün hiylə və planlarınızı işə salın və mənə möhlət verməyin».
196. «Şübhəsiz, mənim başçı və köməkçim bu kitabı nazil edən Allahdır. Odur saleh (bəndə)lərə başçılıq və yardım edən!»
197. «Allahın yerinə çağırdıqlarınız nə sizə bir yardım göstərə bilər və nə də özlərinə (xeyir gətirmək və ya bir zərəri dəf etməklə) bir kömək edə bilərlər».
198. Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər.
199. Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama).
200. Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ

 
user comment