Azəri
Friday 29th of March 2024
0
نفر 0

Allah bütün kamal sifətlərə malikdir

Allah bütün kamal sifətlərə malikdir

 

Kamal nədir? Bir ev o zaman kamil olur ki, ailənin məişət ehtiyaclarının hamısını tə`min edə bilsin. Hər hansı bir mənzil oturub-durmaq, qonaqları qəbul etmək, yemək bişirmək, həmçinin ayaqyolu, hamam və s. şeylərə malik olsa, kamil sayılır; həmin evdə gündəlik tələbatı ödəmək üçün lazım olan avadanlıqlardan nə qədər çatışmırsa, bir o qədər naqis sayılır.

NƏ ÜÇÜN İNSAN HƏQİQƏTİ QƏBUL ETMİR?
Bu həqiqət azacıq diqqət yetirməklə insana da aid olur və onda heç bir müəmmalı məsələ qalmır. Yalnız bir məsələ vardır ki, bə`zi vaxtlar insan maddi mənafelər uğrunda o qədər çəkişmə və qarşıdurmalarla yaşayır ki, öz şüur qüvvəsinin hamısını həyatı mübarizələrə sərf edir və bütün vaxtını məişətini tə`min etməklə keçirir. Bu kimi fikir və düşüncələrə vaxt tapmır və nəticədə həqiqətdən qafil qalır. Yaxud, təbiətin insanı aldadan zahiri gözəlliklərinə vurulur, eşy-işrət və bihudə işlərlə məşğul olur; bu həqiqətləri qəbul etmək maddi açıq-saçıqlıqların və bir çox heyvani azadlıqların qarşısını aldığına görə, təbii olaraq, bu kimi həqiqətlərin özü və oxşarları barədə araşdırma aparmaqdan imtina edir.

Məhz buna görə də Qur`ani-Kərim məxluqatın və onlara hakim kəsilmiş qanunauyğunluqların barəsində müxtəlif yollarla söhbət açaraq, bu kimi məsələlərə daha çox diqqət yetirmiş və bu haqda bir çox dəlil-sübutlar gətirmişdir. İnsanların çoxu təbiətin zahiri gözəlliklərinə aldandıqları, xoşbəxtliyi maddi həyatdan daha çox istifadə etməkdə gördükləri, maddi və hiss olunan şeylərlə daha çox ünsiyyətdə olduqlarına görə fəlsəfi təfəkkürə malik deyillər və onlar dəqiq elmi nəzəriyyələri araşdırmaq imkanından məhrumdurlar.

Lakin hər bir halda insan yaradılış dünyasının kiçik bir hissəsidir və bu dünyanın başqa hissələrindən, ona hakim olan cüz`i və külli nizamlardan bir anlığa olsa da, ehtiyacsız bir halda öz zehnini yaradılış aləminə, onda cərəyan edən qayda-qanunlara yönəldə bilər və nəticədə aləmin yaradıcısının varlığını dərk etməyə nail olar.

Allah-taala öz kəlamında buyurur:

“Asimanların və yerin yaradılışında iman əhli üçün nişanələr və elə ayətlər vardır ki, onları tövhidə doğru istiqamətləndirir, həmçinin öz yaradılışınızda, yer üzərində pərakəndə yayılmış bu qədər canlılarda yəqin əhlini haqqın yeganə olmasına çatdıran əsər və əlamətlər vardır, gecə gündüzün arasında yaranan ixtilaflarda, belə ki, bə`zən bir-biri ilə bərabər bə`zən isə biri uzun biri isə qısa olur, həmçinin mütəal Allahın asimandan göndərərək ölü yeri onun vasitəsilə diriltdiyi yağışda, həmçinin küləkləri bir tərəfdən digər tərəfə hərəkət etdirməkdə çoxlu şahidlər və dəlillər vardır ki, əql və idrak sahibləri bu haqqı etiraf edirlər.”[1]

İzah:

Qur`ani-Kərimdə insanı asimanların, yerin, ayın, ulduzların, dağların, dəryaların, bitkilərin, heyvanların, insanın yaradılışı barədə təfəkkür etməyə vadar edən çoxlu ayələr vardır; bu növlərin hər birində insanı heyrətə gətirən qanunauyğunluqlar xatırladılır. Doğrusu, dünyanın müxtəlif fəaliyyətlərini yaradılışın hədəfinə doğru hidayət edən nizam və quruluş həddən artıq heyrətamizdir. Yerdən göyərən bir buğda dənəsi sünbülə çevrilir. Yerə səpilib şumlandıqdan sonra yarılır, yaşıl bir rüşeyim halında inkişafa başlayır, ağ köklər yerin dərinliklərinə doğru irəliləyir, öz məqsədinə çatdıqdan sonra, sanki böyük və geniş fabrik-zavodlar işə düşür; insan ağlı onun əzəmət və mürəkkəbliyini müşahidə etdikdə heyrətdən donub qalır. Asimandakı ulduzlar, işıq verən günəş, parlaq ay, yer və bunların hər birinin öz orbitində və günəş ətrafında hərəkətləri, öz daxillərində gizlənən qüvvələr, eləcə də toxumlarda qoyulmuş sirli qüvvələr, ilin dörd fəsli, iqlim qurşaqları, bulud, yağış, külək, gecə-gündüz və s. hamılıqla insan üçün bir buğda sünbülünün boya-başa çatmasında tə`sir göstərir; onlar öz ağuşuna aldığı bu kiçik varlığı dayə kimi əlbə-əl dolandırıb axırıncı mərhələyədək inkişaf etdirir, son məqsədə çatdırır.

Körpə uşağa da nəzərə salsaq görərik ki, bitkidən də mürəkkəb quruluşa malikdir. Milyonlarla, bəlkə də milyardlarla mürəkkəb proseslərin və yaradılış dəstgahının müntəzəm, mürəkkəb və son dərəcə dəqiq əməliyyatlarının məshuludur. Bir insanın xarici vücudundan əlavə, onun daxili aləmində də insanı heyrətə gətirən bir sistem vardır; uzun əsrlər boyu dünya mütəfəkkirləri onun zahirinə tamaşa edirmiş kimi, hər gün onun sirlərindən birini kəşf edib açıqlamışlar; lakin hələ də onların insan barəsində əldə etdikləri mə`lumatlar kəşf olunmayanlarla müqayisədə təsəvvürolunmaz dərəcədə azdır.

Söhbətin əvvəlində qeyd olunduğu kimi, hər hansı bir şəxs təbii quruluşunda ehtiyaclı olduğu şeylərin hamısına malik olsa kamil olacaq, bunlardan hər hansı birini itirsə həmin cəhətdən naqis sayılacaqdır.

Mə`lum olur ki, kamal və ya kamillik reallığın hər hansı bir növündən olan ehtiyacların aradan qaldırılması, nöqsanın olmamasıdır. Bu elm sifətinə bənzəyir ki, cəhalət qaranlığını aradan qaldırır, mə`lumu alim üçün aydınlaşdırır. Eləcə də bir ibrət kimidir; qüdrətə malik olan şəxsin məqsəd və istəklərini onun üçün mümkün edir və onu həmin şeylərə yiyələndirir. Həyat, əhatə və s. sifətləri də buna misal göstərmək olar.

Vicdanımız belə bir mühakimə yürüdür ki, dünyanın yaradanı bütün kamal sifətlərinə malikdir. Çünki, reallıq baxımından heç vaxt təsəvvür etmək olmaz ki, bir şəxs müəyyən bir sahədə çətinliyə malik olduğu halda, başqalarının çətinliyini dəf edə bilsin.

Allah-taala Qur`ani-Kərimdə özünün bütün kamal sifətlərini vəsf edir, hər növ eyb və nöqsanlardan uzaq olduğunu buyurur:

“Mütləq şəkildə ehtiyacsız olan və hər bir möhtacın ehtiyacını aradan qaldıran rəhmət sahibi yalnız Allahdır.”[2]

Yenə buyurur:

“Ən yaxşı və ən gözəl sifətlər o Allaha məxsusdur ki, Ondan başqa bir mə`bud yoxdur.”[3]

(Diri, elmli, görən, eşidən, yaradan və ehtiyacsız olan Allahdır). Deməli, Allahı bütün kamal sifətlərinə malik və bütün nöqsan və çatışmazlıqlardan pak bilmək lazımdır. Nöqsanlı hal olarsa, həmin cəhətdən ehtiyaclı olacaq və ehtiyaclı olan bir varlıq Allah sayıla bilməz. “Subhanəhu və təala əmma yuşrikun.” “Allah müşriklərin Ona qoşduqları şeylərdən pak və münəzzəhdir!”


[1] “Casiyə” surəsi, 5-ci ayə.

[2] “Ən`am” surəsi, ayə:133

[3] ”Taha” surəsi, ayə:8

 

 

 

 

 

 

İslamın zühuru

 

 

Əllərindəki Tövrat və İncildə (adının vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsuli-ümmiyə (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya Məkkəli) Peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üzərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər.)
İSLAM PEYĞƏMBƏRİNİN UŞAQLIĞI VƏ CAVANLIĞI
Peyğəmbər (s)-ın doğum ili dəqiq mə’lum deyildir. İbni Hişamın və başqalarının yazdığına görə o, Amul-fildə (fil ilində) yə’ni Əbrəhə fillərlə Kə’bəni viran etməyə gələn ildə anadan olmuşdur. O hadisəni öz gözləri ilə görənlərə əgər bu tarix aydın olsa da belə, başqaları üçün mə’lum deyildir, çünki hələ də o hadisənin hansı ildə baş verməsi müəyyən edilməmişdir. Tarixçilər Peyğəmbərin vəfatını 632-ci miladi ilinə aid edirlər. Peyğəmbər dünyadan köçəndə 63 yaşı varmış, deməli onun anadan olma tarixi 569-570-ci illərə təsadüf edir.
Tarixçilər onun həyatı barəsində müxtəlif hekayələr nəql etmişlər. Ancaq mö’təbər sənədlərə istinad etməklə tarixi həqiqəti dastan və hekayələrdən ayırmaq olar. O illərin hadisələrini aydınlaşdıra biləcək yeganə sənəd Qur’ani-kərim və Peyğəmbərin sünnəsidir. Lakin Qur’ani-kərimdə o hadisələrə çox qısaca işarə edilmişdir. Bu kiçik işarələrə və tarixçilərin verdiyi mə’lumata istinad edərək demək olar ki, Məhəmməd (s) uşaqlıqdan yetim qalmışdır.

Atası Abdullahh bəni Zöhrə tayfasının başçısı Vəhəbin qızı Aminə ilə ailə həyatı qurduqdan bir neçə ay sonra, ticarət səfərlərinin birində, Şamdan geri dönərkən Yəsrib şəhərində vəfat etmişdir. Bə’zi tarixçilər isə onun Həzrətin (s) dünyaya gəlişindən bir neçə ay sonra vəfat etdiyini yazmışlar. Həzrəti Peyğəmbər (s) hələ körpə ikən (südəmər vaxtı) bəni Sə’d qəbiləsindən olan Həlimə adlı qadının yanında olan zaman anası dünyadan köçmüş və babası Əbdül Müttəlib onun himayəsini öz üzərinə götürmüşdür. Səkkiz yaşında isə Əbdül Müttəlib dünyadan köçür və ondan sonra əmisi Əbu Talibin qəyyumluğu altına düşür. Tarixçilərin yazdığına görə həzrəti Peyğəmbər (s) hələ uşaq ikən əmisinin Şama etdiyi ticarət səfərlərinin birində onunla getmişdi. Yolda Busra adlanan yerdə Bəhira adlı xristian keşişi ilə rastlaşmış və keşiş onda peyğəmbərliyin əlamətlərini görmüşdü. Keşiş onu əmisinə bərk-bərk tapşırmış, xüsusilə bu uşağı onunla düşmən olan yəhudilərdən qorumağı tövsiyə etmişdi. Deyilənə görə karvanla gələnlər Bəhiranın ətrafından dağıldıqdan sonra o, Həzrəti saxlamış və onu Lat və Uzzaya (büt adlarıdır) and verərək bir neçə sualına cavab verməyi istəmişdi.

Həzrət (s) cavabında demişdi ki, məni Lat və Uzzaya and vermə, çünki dünyada ən xoşuma gəlməyən şey bu iki bütdür. Sonradan Bəhira onu Allaha and vermişdi.

FİCAR MÜHARİBƏSİ
Həzrət Məhəmməd (s)-ın cavanlığında baş vermiş hadisələrdən biri də Ficar müharibəsi olmuşdur. Ficar haram aylardan birində baş verdiyi üçün belə adlanmışdır. (Onu da qeyd etmək lazımdır ki, islamdan əvvəl ziqə’də, zihiccə, məhərrəm və rəcəb aylarında müharibə etmək haram olub, islamın zühurundan sonra da bu qanun öz qüvvəsində qalmışdır).

Hiyrədən Məkkəyə bir karvan gəlir, onlar özləri ilə müşk gətiribmişlər. Bəni Kinanə tayfasından olan bir kişi karvanın Həvazin qəbiləsindən olan qoruqçusunu yatmış görüb onu öldürmüş və bütün yükləri götürüb aparmışdı. Bu vaxt Qüreyş və Həvazin qəbiləsi Ukkaz bazarında toplanmışdı. Bu xəbər Qüreyş qəbiləsinə yetişdikdən sonra onlar şəhərə qayıtdılar. Həvazin qəbiləsi də onların ardınca düşdü, lakin Qüreyşlilər Kə’bə evinə sığındılar. Bunun ardınca bu iki qəbilə arasında müharibə başlandı və bu müharibə bir neçə dəfə təkrar olundu. Həzrət Məhəmməd (s) bu müharibələrin birində iştirak etmişdi. Bə’zi tarixçilərin nəzərinə görə bu müharibə Kinanə və Qeys qəbilələri arasında baş vermişdir.

HİLFUL-FUZUL
(ƏLAHİDDƏ AND VƏ YA ƏHD-PEYMAN)
Peyğəmbərliyə yetişmədən əvvəl Məhəmməd (s)-ın həyatında baş vermiş mühüm hadisələrdən biri də onun hilful-fuzul da iştirak etməsi olmuşdur. Hilful-fuzul hekayəsi belədir: Məkkədə yaşayan qəbilələr arasında bir-birinə təcavüz etməmək barəsində müqavilə bağlanmışdı. Ancaq əgər şəhərə qərib bir adam gəlsəydi, heç bir qəbilə və ya müqavilə yox idi ki, onu müdafiə etsin. Yazılanlara görə bəni Əsəd qəbiləsindən bir nəfər Məkkəyə ticarət etməyə gəlir. Bəni Səhm qəbilsindən olan bir nəfər onun mallarını alaraq pulunu ödəmir. Həmin tacir Qüreyş qəbiləsinin yanına gedib köməklik istəyir. Qüreyşlilər ona cavab verirlər ki, bəs sən bizimlə əhd-peyman (müqavilə) bağlamadığından biz səni müdafiə edə bilmərik. Tacirin hər yerdən ümidi kəsildikdən sonra Əbu Qubeys dağına çıxaraq ona zülm edildiyi haqda şe’r oxumağa başlayır. Və Qüreyşdən yardım diləyir. Qüreyş qəbiləsi bu hadisədən peşiman olaraq Abdullahh ibni Cəda’nın evinə toplaşaraq əhd-peyman bağlayırlar ki, bundan sonra hər hansı bir qəribə zülm olunmasının qarşısını alsınlar. Bu müqavilə əvvəldə bağlanmış əhd-peymanlar və and içmələrdən əlahiddə olduğu üçün ona hilful-fuzul adı verilmişdir. Bu adın ona verilməsi barədə başqa rəvayətlər də nəql olunmuşdur.

Məhəmməd (s) peyğəmbərliyə yetişdikdən sonra deyirdi: “Cahiliyyət dövründə Abdullahh ibni Cəda’nın evində bir müqavilə məclisində iştirak etdim. Əgər onun əvəzində mənə qızılı tüklü dəvələr versəydilər o qədər sevinməzdim. Əgər bizi yenidən belə bir məclisə də’vət etsələr. biz orada iştirak etməyə hazırıq.”

XƏDİCƏ İLƏ EVLƏNMƏSİ
Həzrət Məhəmmməd (s) iyirmi beş yaşında ikən əmisi Əbu Talib ona belə dedi: “Qüreyş qəbiləsinin Şama gedən ticarət karvanı hazırdır. Xuvəylidin qızı Xədicə sənin qohumlarına pul verib ki, ticarət etsinlər və gəlirə də şərik olsunlar. Əgər istəsən səni də qəbul edər.” Sonradan o Həzrət, Xədicə ilə bu barədə söhbət etdi və o da bu təklifi qəbul etdi. İbni İshaqın yazdığına görə Xədicə Məhəmməd (s)-ın əmanətdar və şərəfli bir insan olduğunu bilərək ona xəbər göndərir ki, əgər bu ticarət səfərində iştirak etməyə razılıq versən sənə düşən payı artıqlaması ilə verəcəyəm.

Bu ticarət səfərindən Xədicə çoxlu sayda gəlir əldə etdi, çünki şərəfli, əmanətdar, düz danışan və düzgünlükdə məşhur olan bir şəxsi bu ticarətə yollamışdı. Elə bu ticarət səfərindən sonra da Xədicə Məhəmməd (s)-la ailə həyatı qurdu. Bu zaman Məhəmməd (s)-ın iyirmi beş yaşı, deyilənə görə isə Xədicənin 40 yaşı varmış. Ancaq onun dünyaya gətirdiyi övladlara nəzər saldıqda isə, təxminən demək olar ki, onun yaşı qırxdan aşağı olmuşdur. Ərəb tarixçiləri bəlkə də 40 rəqəmini mükəmməl rəqəm olduğundan seçiblər.

“QARA DAŞ”IN YERİNƏ QOYULMASI
Peyğəmbərliyə yetişməzdən əvvəl Məhəmməd (s)-ı Məkkə əhalisinin gözündə uca edən mühüm hadisələrdən biri də qara daşın yerinə qoyulması hadisəsi olmuşdur. Bildiyiniz kimi, Kə’bə evi cahiliyyət dövründə də ərəblər tərəfindən möhtərəm sayılırdı. Bir dəfə sel Kə’bə evinin içərisinə axaraq divarlarını uçurmuşdu. Qüreyş qəbiləsi divarları yenidən tikdikdən sonra qara daşın yerinə qoyulması məsələsində qəbilələr arasında ixtilaf düşür. Hər qəbilənin rəisi bu şərafətli işi öz üzərinə götürmək istəyir. Nəhayətdə ixtilaf özünün ən yüksək zirvəsinə çatır. Belə ki, hər qəbilənin rəisi içi qanla dolu olan bir qab gətirərək onun içinə əllərini salırlar. Bu and içmənin mə’nası o deməkdir ki, onlar qalib müəyyən edilənə qədər vuruşmalıdırlar. Ən nəhayətdə razılıq əldə etdilər ki, hər kim bəni Şəybə qapısından məscidə daxil olsa onu hakim tə’yin etsinlər və o, nə hökm etsə ona əməl etsinlər. Məscidə birincə daxil olan şəxs Məhəmməd (s) oldu. Qüreyş qəbiləsinin ağsaqqalları dedilər ki, o əmanətdar (əmin) adamdır hər nə desə qəbul edəcəyik. Sonradan əhvalatı ona söylədilər. Məhəmməd (s) dedi: Yerə parça sərin. Onlar bu işi gördükdən sonra Həzrət qara daşı parçanın ortasına qoyub yenidən dedi: Hər qəbilənin rəisi parçanın bir ucundan yapışaraq qaldırsın. Bunu etdikdən sonra özü qara daşı yerinə yerləşdirdi. Bu hakimliyi ilə o, böyük bir qan tökülməsinin qarşısını almış oldu.
PEYĞƏMBƏRLİK
Məhəmməd (s) hələ peyğəmbərliyə yetişməzdən əvvəl Ərəbistan əhalisinin dağınıq və pis olan vəziyyətindən narahatlıq hissi keçirirdi. Xüsusilə onların bütpərəst olması başqa şeylərə nisbətdə onu daha çox narahat edirdi. Çünki qabaqda da qeyd etdik ki, xristian rahibi Bəhira onu Lat və Uzzaya and verərkən Məhəmməd (s) ona deyir ki, onların adını çəkmə, çünki mənim xoşuma gəlməyən ən pis şeylər bu bütlərdir. Bəhira onu sonradan Allaha and vermişdi.
İSLAMIN ZÜHURU
Məhəmməd (s) peyğəmbərliyə yetişməzdən bir az əvvəl əhalidən uzaq gəzərək yeganə Allaha ibadət edərdi. İldə bir ay Həra dağına çəkilərək ibadətlə məşğul olardı. Bu müddət ərzində onun yanına gələn ac-yalavacları yedirdərdi. İbadət müddəti başa çatdıqdan sonra Məkkəyə dönər, Kə’bə evini yeddi dəfə təvaf edib sonradan evə gedərdi. Həra dağına çəkildiyi illərdən birində peyğəmbərliyə çatır. Məhəmməd (s) belə deyir: Cəbrayıl mənim yanıma gəlib dedi: Oxu! Dedim oxumaq bilmirəm. Yenidən dedi: Oxu! Dedim nə oxuyum?
Dedi:
(Ya Peyğəmbər! Qur’ani-kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbin adı ilə (bismillah deyərək) oxu!
O Həzrət peyğəmbərliyə yetişən dövrdə 40 yaşı varmış.
Peyğəmbər (s) ilk dəfə ona nazil olan “Ələq” surəsinin əvvəl ayələrini aldıqdan sonra öz sığınacağını tərk edərək Məkkəyə gəldi. O gecə bənzəri olmayan baş verən hadisədən sonra təbiidir ki, Peyğəmbər hər işdən qabaq bir başa evə getmişdi. Bu zaman onun evində üç nəfər yaşayırdı; şərəfli həyat yoldaşı olan Xədicə, əmisi oğlu Əli ibni Əbi Talib və Zeyd ibni Haris. Təbiidir ki, kişilər arasında isə Əli (ə), qadınlar arasında isə Xədicə ilk əvvəl Peyğəmbərə iman gətirmişlər. Nəzərə çarpacaq dərəcədə aydındır ki, bu mövzuda hansısa mübahisə və rəvayətlərin tədqiqinə lüzum görünmür. Bundan əlavə Əli (ə) bir çox xütbələrində bu mövzuya açıq-aydın işarə edərək deyir: “Peyğəmbər (s)-a ilk iman gətirən şəxs mən olmuşam.” Lakin bunlardan sonra kimin ilk növbədə müsəlman olması barədə Peyğəmbər (s)-ın həyatı barədə yazan tarixçilər arasında ixtilaf mövcuddur. Və təbiidir ki, bu ixtilaf səhabə dövründən sonra, yə’ni tabein dövrünün ilk başlanğıcında meydana çıxmışdı. Hər bir ailə çalışırdı ki, öz müsəlmanlığını islamın ilk çağları ilə əlaqələndirərək bu mə’nəvi məziyyətdən istifadə etsin. Bundan əlavə başqa hədəflər də güdülürdü ki, tarixlə tanışılığı olanlara bu məsələ aydındır. Yazılana görə Məhəmməd (s) peyğəmbərliyə yetişdikdən sonra, üç il müddətində onun haqqa də’vəti gizlin olmuşdur. Ancaq bə’ziləri Qur’an ayələrini sıra qayadası ilə nazil olmasına əsaslanaraq ümumi də’vətin az müddətdə olduğunu qeyd etmişlər.
İlk əvvəl Peyğəmbər (s) xalqı bütlərə ibadət etməkdən çəkindirib, yeganə Allaha ibadət etməyə də’vət edərdi. İlk başlanğıcda namazlar iki rük’ət olub. Sonralar isə səfərdə olmayanlar üçün dörd rük’ət, səfərdə olanlar üçün isə iki rük’ət namaz qılmaq vacib olmuşdur. Müsəlmanlar Allaha ibadət etmək və namaz qılmaq üçün camaatın gözündən uzaq yerlərə – məsələn dağlara və ya camaatın çox az gəlib-getdiyi yerlərə çəkilərdilər. Get-gedə müsəlmançılıq Məkkədə yayılmağa başladı.
Peyğəmbərlik dövrünün üç ili başa çatdıqdan sonra Allah-təala ona əmr edir ki, xalqı aşkar şəkildə yeganə Allaha tərəf də’vət etsin.
Və ən yaxın adamlarını qorxut! (İlk növbədə ən yaxın qohumların olan Haşim və Müttəlib oğullarını yalnız Allaha ibadət etməyə çağır və əks təqdirdə müdhiş bir əzaba düçar olacaqlarını xatırlat!)
Sənə tabe olan mö’minləri qanadın altına al! (Onlarla mehriban davran, nəzakətlə rəftar et, köməklərinə çat!)
Əgər (yaxın qohumların) sənə qarşı çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!”
İbni İshaqın yazdığına görə bu ayələr nazil olduqdan sonra Peyğəmbər Əliyə buyurdu: Ey Əli, Allah mənə buyurub ki, öz yaxın qohumlarımı Ona ibadət etməyə də’vət edəm; bir qoyun kəs, bir qədər çörək və bir kasa süd hazırla. Əli (ə) bütün deyilənləri hazırladı. Həmin gün Əbdül-Müttəlib övladlarından qırx nəfəri məclisə toplaşdılar. Hamısı yeyib doyduqdan sonra sevimli Peyğəmbər (s) söhbətə başlamaq istədi. Əbu Ləhəb dedi: “O, sizi sehirləmişdir.” Bu minvalla məclis dağıldı. Peyğəmbər (s) səhəri gün onları yenidən toplayaraq dedi: “Ey Əbdül-Müttəlib övladları güman etmirəm ərəblərdən biri mənim sizə gətirdiyim şeydən gözəl bir şey öz qəbiləsi üçün gətirmiş olsun. Mən sizə həm dünyanı, həm də axirəti gətirmişəm.
İbni İshaqdan nəql edən Yunis ibni Bəkir (bilmirəm) bilərəkdən, ya bilməyərəkdən Peyğəmbərin sözlərini ancaq buracan nəql etmiş və ardını yazmamışdır. Bəkai vasitəsi ilə ibni İshaqdan nəql edən ibni Hişam yalnız ayəni yazmaqla kifayətlənmiş və başqa bir şey artırmamışdır.
Ancaq keçmiş tarixçi və mö’təbər kitab sahibi olan Təbəri belə yazır: Peyğəmbər (s) öz də’vətini yaxın qohumlarına çatdırdıqdan sonra belə dedi: “İndi kimdir mənə bu işdə yardımçı olan, belə ki, mənim qardaşım, vəsim və məndən sonra sizin aranızda xəlifəm olsun?” Hamı susdu və Əli (ə) dedi: Ey Allahın elçisi, o şəxs mənəm. Peyğəmbər (s) buyurdu: Bu sizin aranızda mənim vəsim və xəlifəmdir, onu eşidin və əmrinə tabe olun.
Bu rəvayəti başqa tarixçilər və yazarlar da həmin məzmunda nəql etmişlər və bu islami mənbələrdə məşhur hədislərdən sayılır.
Həmçinin Təbəri ibni Abbasdan rəvayət edir ki, bir gün Peyğəmbər (s) Səfa dağına gedərək Qüreyşliləri yanına çağıraraq belə demişdir: Əgər mən sizə desəm ki, düşmən sizə basqın edəcək mənim sözümə inanarsınızmı? Dedilər: Bəli. Dedi: Mən sizi böyük bir əzabdan xəbərdar etmək istəyirəm. Əbu Ləhəb dedi: Elə buna görə bizi bura çağırıbsan “Təbbət” surəsi də Əbu Ləhəbi məzəmmət etmək üçün nazil olmuşdur.
İbni Hişam yazır: Peyğəmbər (s) Qüreyşliləri Allaha ibadət etməyə də’vət etdikdə ona e’tiraz etmədilər. Onların bütlərinə tə’nə etdikdən sonra düşmənçilik meydana çıxdı.
Qur’ani-kərim bu düşmənçiliyə işarə edərək buyurur:
(Ya Məhəmməd!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə); “Sizin tanrılarınızı tə’nə edən budurmu?” – deyərlər. Halbuki onlar, məhz Rəhman Allahın öyüd-nəsihətini (Qur’anı) inkar edirlər. (Əl-Ənbiya 36).
Müsəlmanların sayı günbəgün artdıqca Qüreyş başçılarının nigarançılığı daha da çoxalırdı. Onlar Əbu Talibin yanına gedərək, ondan qardaşı oğlunun başladığı bu də’vətin qarşısını almağı istədilər.
Bir gün ona dedilər ki, sən Məhəmməd (s)-ı bizə təslim et, biz də onun əvəzində Əmmarə ibni Vəlidi sizə verək (onların nəzərində bu şəxs ağıllı bir cavan idi). Əbu Talib dedi: Oğlumu sizə verim ki, öldürəsiniz, əvəzində sizin övladınızı böyüdüm? Çox ağır təklifdir.
Diqqət yetirmək lazımdır görəsən camaat nəyə görə Peyğəmbər (s)-ın əleyhinə idilər? Demək olar ki, Əmr ibni Hişam (Əbu Cəhl), Əbu Süfyan ibni Hərb, Vəlid ibni Müğəyrə ərəblərin bütlərinə və onları düzəldən sənətkarlara ehtiram bəsləyirdilər. Peyğəmbər (s)-ın rəis olmasından da qorxuları yox idi, çünki onlar o Həzrətin rəhbərliyini qəbul etməyə razı idilər. Sevimli Peyğəmbərin təbliği ondan ibarət idi ki, bütlərə ibadət edib onları müqəddəs cilvələndirməkdən əl çəksinlər. Yeri, göyü, sizi və bütün aləmi yaradan yeganə Allaha tərəf üz döndərmələrini istəyirdi. Özü barəsində belə deyirdi: Mən Allah tərəfindən göndərilmişəm ki, sizi zülmətdən, nadanlıqdan, düzgün və aydın dinə tərəf çıxaram. Nə böyüklük, nə də hakimiyyət iddiasında idi, əgər belə bir şey istəsəydi, onun istəyini dərhal yerinə yetirər və onun bütün əmrlərinə itaət edərdilər. Ancaq o deyirdi: Əgər günəşi sağ əlimə, ayı isə sol ovcuma qoysanız belə, öz risalətimdən əl çəkən deyiləm. Mən sizdən bir kəlmənin deyilməsini istəyirəm – “Allah təkdir” və bu bütlər sizin əlinizin məhsuludur və heç bir bacarığa malik deyillər. Burada mühüm bir sual meydana çıxır, nəyə görə onlar Peyğəmbərin də’vətini qəbul etmirdilər? Mümkündür deyək, onlar ulu əcdadlarının dinindən əl çəkib yeni dini qəbul etməkdə çətinlik çəkirdilər.
Belə bir fərziyyəni qapalı mühitdə yaşayan və elə oradaca dünyadan köçən, xarici mühitlə heç bir əlaqəsi olmayan əhaliyə bəlkə də şamil etmək olar, ancaq dünya görmüş, Ərəbistan yarmadasından xaric olan mühitlə əlaqəli olan adam barəsində necə?!Hədəfi mal-dövlət toplamaq olan və bu yolda hər bir şeyə hazır olan şəxs üçün heç bir fərqi yoxdur ki, xalq günəşə ibadət etsin ya aya, yaxud Allaha və ya istər Kə’bə evinin başına dolansınlar və ya Lat və Uzzaya ehtiram etsinlər.
Deməli bu lovğalar (təkəbbürlü) bütlərin və bütxanaların dağılmasından qorxmurdular, çünki onların əslində heç bütə də etiqadları yox idi. Bütpərəstlik onların əlində nadan xalqa hakimiyyət etmək üçün bir alətə çevrilmişdi. Bəs nədən qorxurdular? Əgər Peyğəmbərin də’vəti yalnız “La ilahə illəllah” kəlməsini deməklə sona yetirdisə, bunlar nədən qorxurdular. Məkkənin fəthindən sonra onların sonrakı nəsilləri gördüyü işi niyə yerinə yetirmirdilər? Dildə deyirdilər ki, Allah təkdir, sən də Onun Peyğəmbərisən, ancaq gizlində yeni dindən öz mənfəətləri üçün istifadə edirdilər. Burada gərək çox tələsməyək. Düzdür ilk günlərdə Peyğəmbər onlardan Allahın təkliyini təsdiq etmələrini istəyirdi, ancaq bunun ardınca digər ayələr nazil olurdu. Lovğaları (təkəbbürlüləri) qorxuya salan və gələcəkləri barəsində onları təşvişə salan o ayələr idi. Şübhəsiz ki, siz Qur’ani-kərimin 29-cu və 30-cu cüz’ündə yerləşmiş Məkkədə nazil olan o ayələri dəfələrlə oxumusunuz. İcazə verin yenidən o ayələrin bə’zisini nəzərinizə çatdırıb onların əsl mahiyyətinə diqqət yetirək:
O kimsə mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
Xeyr! (heç də onun güman etdiyi kimi deyildir). O, mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
Bilirsənmi Hütəmə nədir?
O, Allahın yanar odudur.
Elə bir od ki, ürəkləri yandırıb, yaxar.
(Əl-Huməzə 2-7).
Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar.
Xalq üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildələr.
Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlər?Özü də dəhşətli bir gündə?!
(Ya Peyğəmbər!) Məni öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibni Müğeyrə kimi kafirin cəzasını yalnız Mənə tapşır!)
Mən ona bollu mal-dövlət əta etdim;
Yanında hazır duran oğullar (verdim);
Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim.
(Sərvət və mənsəbi ayağının altına döşədim).
(Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.
Xeyr, (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu. (Əl-Muddəssir, 11-16).
(Allah dərgahından belə bir nida gələcəkdir:)
“Onu tutub qandallayın!
Sonra da Cəhənnəmə atın!
Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
Çünki o, böyük olan Allaha inanmırdı.
O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmir, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı. (Əl-Haqqə, 30-34).
Lakin o, əqəbəni (sərt yoxuşu, maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükr etmədi).
(Ya Peyğəmbər!) Bilirsənmi, əqəbə nədir?!
O bir kölə azad etməkdir;
Yaxud ağalıq zamanı (günündə) yemək verməkdir – qohumluq əlaqəsi çatan bir yetimə.
Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!
(Əl-Bələd, 11-16).
Elə isə yetimə zülm etmə!
Dilənçini də (qapından) qovma!
(Əz-Zuha, 9-10)
(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
Ora ancaq azğın kafir daxil olar.
O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
Allahdan qorxub pis əməllərdən çəkinərsə, ondan uzaqlaşdırarlar (nicat tapar)
O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər.
(Əl-Leyl, 14-18).
Qüreyşin dövlətliləri və sələmə pul verənləri bu hədələyici və ürək titrədən sözləri asanlıqla qəbul edə bilmirdilər. Sələmdən əldə olunan gəlirdən əl çəkmək, qul azad etmək, yetim malına toxunmamaq, əlsiz-ayaqsız (zəif) qohumları nəvaziş etmək, başqaları müqabilində lovğalıq etməmək, özündən aşağı təbəqə ilə bir yerdə əyləşmək və sair bu kimi dünyəvi məziyyətlərdən əl çəkmək onlar üçün çox ağır idi. Bu ayələri eşitdikdə onların ürəkləri parçalanırdı və o ayələrin nə özləri nə də başqalarının eşitməsini istəmirdilər. Ancaq zəif təbəqənin nümayəndələri ürəklənir, imanları isə möhkəmlənirdi. İndi isə ikinci dəstəyə nəzər salaq. Əgər müsəlmanların əsas özəyini yalnız qullar, fəhlələr və muzdurlar təşkil etsəydi, birinci dəstə üçün elə baha başa gəlməzdi. Onları işdən qovmaq və əzab verməklə susdurmaq olardı, lakin islam yalnız bu üç dəstə ilə məhdudlaşmırdı. Müsəlmançılıq təkəbbürlü ailələrə sirayət edərək günbəgün çoxalmaqda idi. Beləliklə lovğalar dəstəsi iki qorxu ilə üzləşmişdilər; var-dövlətin əldən çıxması, bir də yaxın qohum və qonşularla üzləşmə qorxusu.
Məkkə əhalisinin tərkibini tədqiq etdikdə mə’lum olur ki, islam Qüreyşin bir çox tayfasına nüfuz etmişdi. Həbəşəyə hicrət etmişlərin siyahısını oxuduqda – İbni Hişam onları “Sirə” də toplamışdır – Bəni Haşimdən başqa aşağıdakı sülalələrin də adına rast gəlirik: Bəni Əbd Şəms, bəni Nofəl, bəni Əsəd ibni Əbdül-Üzza, bəni Əbdül-dar, bəni Qusəyy, bəni Zuhrə, Huzeyl, Bəhra, bəni Təyyim ibni Murrə, bəni Məxzum, bəni Cuməh, bəni Səhm ibni Əmr, bəni Ədiy ibni Kə’b, bəni Amir ibni Luvəyy və bəni Haris ibni Fihr.
Bunların çoxu öz həyat yoldaşları ilə birlikdə getmişdilər. Əgər bir nəfərlə müqavilə (əhd-peyman) bağlamış başqa bir şəxs müsəlman olardısa, qəbilə adət-ən’ənəsinə görə onu qoşunların təcavüzündən qorumalı idi. Bə’zən bir qəbilə bir neçə qəbilə ilə əhd-peyman bağlayırdı ki, belə olan halda bir nəfərlə düşmənçilik yüzlərlə adamla düşmənçiliyə səbəb olurdu.
Beləliklə Qüreyş başçılarını təkcə var-dövlətin və ticarət meydanının əldən çıxması deyil, günbəgün çoxalan müsəlman şəxsiyyətləri daha çox narahat edirdi. İndi isə bu dəstənin tərkibinə nəzər salaq.
Peyğəmbər (s)-ın də’vətinin ilk çağlarında müsəlmanlığı qəbul edənlərin adları ən mö’təbər sənədlərdən – o cümlədən İbni İshaqın “Sirə”sində, (Yunis ibni Bəkir ondan rəvayət etmişdir) İbni Hişam (Abdullah ibni Tufeyl Bəkai ondan nəql edib) - nəzərə çarpır. Onlar 19-28 yaş arasında olan kişi və qadınlardan ibarətdirlər. Allaha dolğun şəkildə imanı olan, qəbilə adət-ənənələrinə və Məkkədəki mövcud olan qurluşa e’tinasız olan şəxslər idi. İctimai nöqteyi-nəzərdən onlar aşağıdakı xüsusiyyətlərə malik idilər:
1.Qəbilə qurluşu silsiləsində ikinci və ya üçüncü sırada duranlar;
2.Kiçik ticarətlə məşğul olanlar; onlar pulun azlığından dövlətlilərlə rəqabət apara bilmirdilər;
3.Fəhlələr, muzdurlar, qullar və zalımların zülmündən təngə gəlmiş xalq;
Bunlar düşüncə qabiliyyəti başqalarından üstün olan, xalqın dini və ictimai pozğunluğundan narazı olan insanlar idilər. Doğru, düzgün müsəlman, sınanmış mö’minlər idilər ki, Qur’an bir çox yerdə onları tərifləmişdir.
Qüreyşlilər qəbilə müqaviləsinə görə Peyğəmbərə aşkar şəkildə zərər yetirə bilmirdilər. Belə olan surətdə bəni Haşimlə münaqişə meydana gələr və başqa tayfalar da bu münaqişəyə qoşularaq ixtilafı daha da kəskinləşdirə bilərdilər. Buna görə də onlar Peyğəmbərə qarşı müxalifətçilik edib nalayiq sözlər deməkdən və cüzi zərərlər yetirməkdən başqa heç bir iş görə bilmirdilər. Lakin yeni müsəlman olmuş pənahsızlara əllərindən gələni edirdilər. Yavaş-yavaş münaqişələr üzə çıxırdı. Qüreyşlilər yenidən Əbu Talibin yanına gedərək qardaşı oğlunu tutduğu yoldan çəkindirməsini istədilər. Əbu Talib onların dediklərini qardaşı oğluna çatdırdıqda Peyğəmbər (s) cavabında belə dedi: And olsun Allaha, əgər günəşi sağ ovcuma, ayı isə sol ovcuma qoysalar belə, mən öz də’vətimdən əl çəkən deyiləm. Əbu Talib isə dedi: Belə isə sən öz işini davam etdir, mən sənə zərər yetirməyə icazə verməyəcəm.
Qüreyşlilər Peyğəmbər (s)-ın öz də’vətindən əl çəkməyərək Əbu Talibin də onu himayət etməsindən xəbərdar olduqdan sonra, onun özünə və tabelərinə zərər yetirmək üçün fəaliyyət dairələrini genişləndirməyə başladılar.
HƏMZƏNİN İSLAMI QƏBUL ETMƏSİ
Günlərin bir günündə Əbu Cəhl Səfa dağının yaxınlığında Peyğəmbər (s)-la üzləşərək ona nalayiq sözlər deyir, lakin Peyğəmbər (s) ona çavab qaytarmır. Abdullahh ibni Cuda’nın kənizi bu hadisənin şahidi olur. Çox keçmədən Həmzə ovdan Məkkəyə qayıdır. Həmzə adəti üzrə ovdan qayıdanda Kə’bə evini təvaf edər, sonra isə Qüreyşlilərin yığıncaqlarına gedib onlarla söhbət edərdi. Qüreyşlilər Həmzəni səxavətli olduğuna görə çox sevərdi. Bu dəfə də adəti üzrə tanışları ilə söhbət etməklə məşğul olan zaman bir kəniz onun yanına gedərək dedi: Kaş burada olaydın, görəydin ki, Əbu Cəhl qardaşın oğluna nələr dedi. Həmzə Əbu Cəhlin ardınca gedib onu məsciddə camaatın arasında gördü. Kamanını onun başına elə vurdu ki, başı ağır yaralandı. Sonradan dedi: Sən Məhəmməd (s)-ı söyürsən, bilmirsən ki, mən onun dinini qəbul etmişəm. O deyən şeyi mən də təsdiq edirəm. Bəni Məxzum Əbu Cəhli müdafiə etmək üçün ayağa qalxmaq istədikdə o, dedi: Həmzəyə əl vurmayın! Çünki mən onun qardaşı oğluna yaramaz sözlər demişəm. Bu hadisədən sonra Həmzə də müsəlmanların sırasına daxil oldu. Qüreyşlilər bundan belə Məhəmməd (s)-ı zərərdən qoruya biləcək Həmzə kimi müdafiəçisi olduğunu gördükdən sonra ona çox mane olmadılar.
MANEƏLƏRİN UĞURSUZLUĞU
Qüreyş başçıları yeni dinin qarşısını almaq üçün hiyləyə əl atırdılar. O cümlədən Peyğəmbəri incitmək, arxasınca yaramaz sözlər demək, ona tabe olanlara zərər yetirmək, “şairdir, dəlidir, sehrbazdır” sözləri ilə təhqir etmək. Lakin bu atılan addımların heç birinin faydası olmadı. Bəni Əbud-Mənaf tayfasından olan Nəzr ibni Hərs bir müddət Hiyrə də yaşayaraq orada İran şahlarının və pəhləvanlarının qəhrəmanlıq dastanlarını öyrənmişdi. O yeni bir üslubdan istifadə edirdi, belə ki, Peyğəmbər (s) bir məclisdə əyləşib xalqa keçmiş ümmətlərin talelərini xatırladaraq onları nəsihət edir, Fir’on, Saleh və Səmud qövmünün hekayələrini onlara danışar sonra isə durub gedərdi. Bunun ardınca Nəzr onun yerinə əyləşib deyərdi ki, ey Qüreyşlilər and olsun Allaha mən sizə Məhəmməd (s)-ın söylədiyi dastanlardan yaxşı dastanlar danışacam, gəlin mənim söylədiklərimə qulaq asın. Bə’zi təfsirçilər yazırlar ki, Nəzr o kəsdir ki, Qur’an onun barəsində belə deyib:
Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalim kim ola bilər?
Ancaq Qüreyş kafirlərinin və Nəzrin təsəvvürünün əksinə olaraq xalqın ürəyini cəlb edən və müsəlmanlığa rəğbət yaradan keçmiş ümmətlərin hekayələri deyildi; sadəcə olaraq bu dastanlar müqəddimə xarakteri daşıyırdı, onun ardınca isə nəsihətlər, ürəkyananlıq və ən başlıcası isə gözəl və insani həyat və’dəsi verilirdi. Dastanlar qullar və zəif təbəqənin nümayəndələrinə müjdə verirdi ki, bu günün zülmkarları da keçmiş dövrün zalimləri tək məhv olacaqlar və hakimiyyət onların əlinə keçəcək.
İbni İshaq yazır ki, Qüreyş başçılarından olan Əbu Süfyan, Əbu Cəhl və başqaları gecələr gizlincə Məhəmməd (s)-ın xalqı nəsihət etdiyi evə gedərək onun sözlərinə və Qur’an ayələrinə qulaq asardılar. Sübh çağı oradan qayıtdıqdan sonra bir-birlərinə deyərdilər ki, daha belə iş görməyək. Bizim rəftarımız səbəb olar ki, qəbilənin nadanları da Məhəmməd (s)-ın sözlərinə uysunlar. Bununla belə onlar bir neçə axşam ardıcıl olaraq o evə gedirdilər. Nəhayət nə edəcəkləri barədə əyləşib məşvərət etdilər. Bəni Məxzum tayfasından olan Əbu Cəhl dedi: Biz Əbd Mənaf övladları ilə hakimiyyət uğrunda daim mübarizə aparırdıq və bu mübarizədən bir addım belə geri çəkilmədik, sonda dedilər ki, göydən bizə vəhy gəlir. And olsun Allaha mən heç vaxt ona iman gətirməyəcəm.
HƏBƏŞƏYƏ HİCRƏT
Müsəlmanların sayının artıması ilə bərabər Qüreyşin Məhəmməd (s)-a qarşı düşmənçiliyi də çoxalırdı. Lakin Qeyd etdiyimiz kimi, Peyğəmbər (s)-ı Əbu Talib himayət etdiyinə görə və qəbilələr arasında bağlanmış əhd-peymana əsasən şəxsən Peyğəmbər (s)-a zərər yetirə bilmirdilər. Ancaq onun ardıcıllarına, xüsusilə də köməksiz olanlara əllərindən gələni əsirgəmirdilər. Yeni müsəlmanlara işgəncə verilməsi Peyğəmbər (s)-ı daha çox narahat edirdi. Nəhayət onlara əmr edir ki, Həbəşəyə getsinlər. Onlara belə dedi: O ölkənin padşahından heç kəs zülmə mə’ruz qalmayıb, oraya gedin ki, Allah sizləri bu müsibətdən qurtarsın. Qüreyş başçıları müsəlmanların Həbəşəyə getməsindən xəbərdar olduqdan sonra Əmr ibni A’s və Abdullahh ibni əbi Rəbiə’ni Həbəş padşahı Nəcaşinin yanına göndərdilər ki, onları geri qaytarsın. Nəcaşinin hüzurunda Qüreyşin nümayəndələri dedilər: Bizim bir neçə düşüncəsiz nökərlərimiz öz atalarının dinindən üz döndərib sizin və bizim tanımadığımız bir əqidəni qəbul ediblər. Bizim əhalinin başçıları sizdən onların geri qaytarılmasını istəyirlər. Nəcaşi dedi: Gərək onları da dinləyəm. Müsəlmanlardan sual edən zaman Cə’fər ibni əbu Talib onların nümayəndəsi kimi dedi: Biz bütpərəst idik, ölü heyvan yeyər, çirkin işlər görərdik. Allah tanıdığımız sadiq olan bir şəxsi bizim içərimizdən peyğəmbər göndərdi. O bizi tək Allahlığa, düzgün danışmağa, əmanətdar olmağa, qohumların hüququnu qorumağa, yaramaz işlərdən çəkinib namaz qılmağa, zəkat verməyə də’vət etdi. Biz də ona iman gətirdik. Ancaq bizim bu yaxın adamlarımız bizi incidir və yenidən bütpərəstliyə də’vət edirlər. Biz qəbul etmədik və işgəncələrə dözməyərək sizin yanınıza gəldik. Qüreyş nümayəndələri onlardan İsa (ə) barəsində nə deyəcəklərini soruşmasını istədilər. Cə’fər “Məryəm” surəsinin ayələrini oxudu. Nəcaşi əsasını əlinə götürərək dedi: Bunların dedikləri ilə İsa (ə)-ın dedikləri arasında əlimdəki əsa qədər fasilə vardır. Gedin! Mən bunları sizə verən deyiləm. Müsəlmanlar elə oradaca qaldılar. Bir müddətdən sonra onların bir neçəsi Məkkəyə döndü, lakin onların böyük əksəriyyəti Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra oraya getdilər.
BƏNİ HAŞİMİN MÜHASİRƏYƏ ALINMA PLANI
(İQTİSADİ MÜHASİRƏ)
Qüreyş başçıları Məkkədə müsəlmanların günbəgün artmasını, həmçinin Nəcaşinin Həbəşə mühacirlərini təslim etməməsini gördükdən sonra qərara gəlirlər ki, Məhəmməd (s)-ı, bütövlükdə bəni Haşimi iqtisadi çətinliyə salsınlar. Buna görə də əhd-peyman bağlayırlar ki, bundan sonra heç kəs Haşim və Müttəlib övladlarına nə qız versin, nə də onlardan qız alsın. Nə onlara bir şey satsın, nə də onlardan bir şey alsınlar. Sonra bu əhdnaməni Kə’bə evinin qapısına asdılar. Bu hadisədən sonra bəni Haşim və bəni Əbdül-Müttəlib çarəsizlikdən Əbu Yusif dərəsində (sonralar Əbu Talib dərəsi kimi məhşurlaşdı) iqtisadi mühasirəyə düşdülər.
Bəni Haşimin mühasirəsi üç il iki ay çəkdi. Çox ağır keçən bu müddət ərzində onların bir neçə yaxın adamları gecə buğda və ya digər yeməli şeylər onlar üçün aparardılar. Bəni Haşimlə kəskin düşmən olan Əbu Cəhl bu hadisədən xəbər tutaraq bir gecə Xədicəyə buğda aparan Həkim ibni Hizama mane oldu. Başqa adamlar bu işə qarışaraq Əbu Cəhli danladılar. Yavaş-yavaş bir dəstə adam gördükləri işdən peşiman olaraq bəni Haşimi müdafiə etməyə qalxdılar. Necə ola bilər ki, bəni Məxzum rifahlı həyat sürdüyü halda bəni Haşim və bəni Əbdül-Müttəlib çətinlikdə qalsınlar. Nəhayət dedilər ki, gərək bu müqavilə ləğv olunsun. Bu müqavilədə iştirak edənlərin bir dəstəsi qərara gəldilər ki, onu cırsınlar. İbni İshaqdan rəvayət edən ibni Hişamın söylədiyinə görə onlar gedib əhdnaməni cırmaq istədikdə gördülər ki, bu müqavilənin “Ey mənim Allahım Sənin adınla başlayıram” kəlməsindən başqa qalan yerlərini qurd yeyib.
İbni Hişam yazır ki, bə’zi alimlərin dediyinə görə Əbu Talib Qüreyşlilərin toplantısına gedərək dedi: Qardaşım oğlu deyir ki, siz yazdığınız əhdnaməni Allah adından başqa qalan yerlərini qurd yeyib: Baxın görün, əgər o, dediyi düz çıxsa bizi bu mühasirədən azad edin, yox əgər düz çıxmasa mən onu sizə təslim edəcəm. Gedib baxıb görürlər ki, qurd, Allahın adından başqa bütövlükdə müqaviləni yeyib. Beləliklə bəni Haşimin mühasirəyə alınma müqaviləsi ləğv oldu və onlar Əbu Talib dərəsindən çıxdılar.
HƏZRƏT ƏBU TALİB VƏ XƏDİCƏNİN VƏFATI
Xədicə ilə Əbu Talibin vəfatı (hicrətdən üç il əvvəl) bir ildə baş verdi. Peyğəmbər (s) hər ikisinin ölümündən çox mütəəssir oldu. Əbu Talib onun arxası idi və onun sayəsində Qüreyş başçıları Həzrətə zərər yetirə bilmirdilər. Onun vəfatından sonra Peyğəmbər (s)-a qarşı təzyiqlər şiddətləndi və hətta iş o yerə çatdı ki, Həzrət yolla gedəndə başına toz-torpaq belə tökürdülər. Lakin Xədicə onu sakitləşdirər, rəqibləri təhqir edib söydüyü zaman ona ürək-dirək verərdi.
Əbu Talibin vəfatı ilə hakimiyyət bəni Haşimdən Əbu Ləhəbin əlinə düşdü. Əbu Ləhəb Peyğəmbər (s)-ın kəskin düşmənlərindən idi, artıq onu Qüreyşin işgəncəsindən qoruya biləcək bir adamı yox idi. Çarəsizlikdən bu günlərdə Taifə səfər etdi ki, o şəhərdə yaşayan Səqifə qəbiləsini islama də’vət etsin. Orada şəhərin böyüklərindən olan üç nəfəri (Əmr ibni Uməyrin oğulları) dinə də’vət etdi. Ancaq onlar onu soyuqqanlıqla qarşıladılar. Biri dedi: Mən Kə’bə evinin örtüyünü cıraram ki, sən peyğəmbər deyilsən! O birisi dedi: Allah səndən başqa bir adam tapmadımı peyğəmbər göndərsin? Üçüncüsü isə dedi: Mən sənə cavab verməyəcəyəm, çünki əgər həqiqətən peyğəmbər olsan, sənin dediklərinin əleyhinə çıxa bilmərəm, yox əgər yalan demiş olsan səninlə söhbət etməyə dəyməz. Sonra əxlaqsız və nadan əhalini ona qarşı qaldıraraq oradan çıxardılar.
Həzrət Məhəmməd (s) bir üzüm bağına sığındı. Orada Allaha dua edərək özünün zəif və çarəsiz olduğundan şikayətləndi: “İlahi öz acizliyimdən sənə şikayət edirəm. Xalq məni xar etmişdir, çarə tapa bilmirəm. Ey hər kəsə mərhəmətli olan! Məni kimə tapşırırsan? Mənə əhəmiyyət verməyən yadlaramı? Məni düşmənlərəmi tapşırırsan? Belə halda mənə qəzəblənməsən qorxum olmaz! Sənin mənə təqdim etdiyin azadlıq necə də əhatəlidir! Səni qaranlıqları işıqlandıran, bu dünyanı və o biri dünyanı nizamlayan zatının nuruna and verirəm ki, mənə qəzəblənib məndən narazı qalma! Səndən üzr istəyirəm ki, məndən razı qalasan.” Rəbiənin oğlanları Utbə və Şeybə bu sözləri eşitdikdə ona ürəkləri yandı və bir qab üzümü xristian qula verərək onun yanına göndərdilər. Peyğəmbər (s) üzümü yeyərkən “Bismillah” dedi. Qul təəccüblə ona nəzər salaraq dedi: And olsun Allaha, bu şəhərin əhalisi belə sözlər danışmaz. Peyğəmbər (s) ondan soruşdu: Sən hansı dindənsən? Dedi: Məsihiyəm, özü də Neynəva əhalisindənəm. Məhəmməd (s) dedi: Təqvalı bir şəxs olan Yunis ibni Mətanın şəhərindənmi? Dedi: Sən Yunisi haradan tanıyırsan? Dedi: O Peyğəmbər idi, mən də Allah peyğəmbəriyəm. Bu söhbətlərdən sonra Əddas adlanan o qul müsəlman oldu və Peyğəmbər (s) Taifədən Məkkəyə döndü.
İSLAM MƏDİNƏDƏ
Qüreyş, xalqın islamı qəbul etməsinin qarşısını ciddi cəhdlə aldıqları və Məkkə əhalisi müsəlmanlara işgəncə verdikləri bir halda Məkkənin beş yüz kilometrliyində yerləşən Yəsrib şəhərində başqa hadisələr baş verməkdə idi. Orada müsəlmanların gələcəyini aydınlaşdıran və “də’vətin” Məkkədən köçərək o şəhərdə mərkəzləşməsinə səbəb olacaq hadislər baş verirdi.
Yəsrib böyük və abad bir kənd idi. Əkinə yararlı olduğu üçün qədim zamandan cənubdan bir dəstə əhali oraya gedib məskunlaşmışdılar. Bu, Peyğəmbərin (s) hicrətindən sonra, “Mədinətun-nəbi” (yə’ni peyğəmbər şəhəri), sonralar isə sadəcə olaraq Mədinə adlanan şəhərdir. Yəsrib Məkkədən fərqli olaraq özünəməxsus ictimai duruma malik idi. Məkkədə mövcud olan təbəqələrin müxtəlifliyi bu şəhərdə gözə çarpmırdı, çünki bu şəhərin təcrübəli tacirləri yox idi, onlar əkinçiliklə məşğul olurdular. Al-verlə məşğul olanlar və sənətkarlar da əhalinin az bir hissəsini təşkil etdiyindən belə bir mühitin yaranmasına lüzum yox idi.
Yəhudilər əkinçilik sahəsində təcrübə əldə etdiklərinə görə, Xeybər kəndinin əkinə yararlı olan torpaqlarını və şəhərin ətrafındakı əkin sahələrini ələ keçirmişdilər. Tarixçilərin yazdığına görə onlarla şəhərin bütpərəst ərəbləri arasında ara-sıra münaqişələr baş verirdi. Yəhudilər onlara deyirdilər ki, tezliklə İsrail nəslnidən bir peyğəmbər gəlib bizə başçılıq edəcək və o zaman biz sizə hakim olacağıq. Beləliklə Yəsrib əhalisinin təfəkküründə peyğəmbərin zühuru üçün zəminə yaranmışdı. Digər tərəfdən isə şəhərdə məskunlaşmış pərakəndə qəbilələr arasında toqquşmalar da baş verirdi.
Hicrətə yaxın illərdə Ous və Xəzrəc qəbilələri arasında böyük bir müharibə baş verdi. O müharibə yövmi Buas adı ilə məhşurdur. Bu müharibədə hər iki qəbilə kəskin mühbarizələrdən təngə gəlmişdi və artıq onlar barışıq istəyirdilər. Lakin qəbilə adət-ən’ənələrinə görə münaqişəyə son qoyub barışıq əldə etmək üçün ölənlərin sahiblərinə qan pulu ödənilməli idi. Bu ödənişin miqdarını isə hamının razılığı ilə seçilmiş hakim tə’yin etməli idi. Bundan əlavə o şəxs heç bir dəstəyə qoşulmayan və münaqişələrdə iştirak etməyən bir adam olmalıydı. Yəsribdə belə bir şəxsi tapmaq mümkün deyildi. Birincisi, qəbilələrin başçılarının bir çoxu müharibəyə qarışmış, ikincisi isə heç bir qəbilənin başçısı özünü başqasından aşağı səviyyədə görmək istəmirdi.
Deyilənlərə görə Yəsrib əhalisi qəbilələr arasında baş vermiş müharibələrdə bitərəf mövqe tutmuş, nisbətən qüdrətli olan Abdullahh ibni Ubəyy əbi Səlulu şəhərə hakim seçmək istəyirdilər. Hətta deyilənlərə görə onun üçün bir tac da hazırlamışdılar. Lakin bu dövrdə Məkkədə başqa hadisə baş verdi.
Peyğəmbər (s) adəti üzrə həcc mövsümündə ziyarətə gəlmiş qəbilələrin yanına gedər, onları islama də’vət edərdi. Bir dəfə Xəzrəc qəbiləsindən altı nəfər onu gördükdə Məhəmməd (s) özünün peyğəmbər olmasını onlara çatdırdı. Onlar Peyğəmbərin (s) söylədiklərini dinlədilər, onun də’vətini təqva, saflıq və barışıq müjdəsi verdiyindən səmimi qarşılayaraq dedilər: Biz öz xalqımızın yanına dönüb sənin gətirdiyin din barəsində onları xəbərdar edəcəyik, bəlkə də sənin gəlişinlə müharibənin kökü bizim şəhərdən kəsilə. Sən əgər bizləri birləşdirə bilsən, bizim nəzərimizdə ən alicənab şəxsə çevriləcəksən.
Bu altı nəfər Yəsribə dönərək Məhəmməd (s)-ın də’vətini xalqa yetirdilər. Şəhər əhalisinin böyük əksəriyyəti bu xəbəri eşitcək sevindilər. Bir tərəfdən peyğəmbər zühur edəcəyi hekayəti ilə tanış olanlar istəyirdilər ki, Məhəmməd (s)-ı öz şəhərlərinə də’vət etməklə böyük şərəfə nail olub yəhudiləri də qabaqlayalar. Digər tərəfdən isə qəbilə tərəfindən deyil Allah tərəfindən seçilmiş bir kəsin hakimiyyətini qəbul edərdilər. Bundan əlavə o bu şəhərin sakini olmamış və heç bir müharibə və toqquşmalarda iştirak etməmişdi.
Bir il sonra isə həcc mövsümündə Mədinə əhalisindən on iki nəfər Əqəbədə O həzrətlə bey’ət etdilər. Onların bey’əti aşağıdakılardan ibarətdir: Allaha şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək (qeyri-qanuni cinsi əlaqədə olmamaq), övladlarını öldürməmək, heç bir kəsə töhmət vurmamaq, Məhəmməd (s)-ın onlara tövsiyə etdiyi xeyir işləri yerinə yetirmək. Peyğəmbər (s) Musa ibni Uməyri onlarla Yəsribə yola saldı ki, əhaliyə Qur’an öyrədib əhalinin islam dininə olan rəğbəti barədə mə’lumat əldə etsin.
Bir il sonra isə (peyğəmbərliyin 13-cü ili) həcc mövsümü sona çatdıqdan sonra yetmiş üç kişi və iki qadın yenidən Əqəbədə toplaşdılar. Peyğəmbər əmisi Abbas ibni Əbdül-Müttəliblə birlikdə onların yanına getdi. Yazırlar ki, ilk olaraq Abbas çıxış edib dedi: Ey Xəzrəc əhalisi! Məhəmməd (s) bizdəndir, qüdrətimiz çatana qədər onu əhalinin əzab-əziyyətindən qoruduq, indi o sizin yanınıza gəlmək istəyir. Əgər onu himayə edib müxaliflərin işgəncəsindən qorumaq gücünə malik olsanız çox gözəl, belə olmayan surətdə isə indidən ondan əl çəkin. Onlar Abbasın cavabında belə dedilər: Səni dinlədik; Ey Allahın elçisi indi Allah və sənin nəzərində bəyənilmiş işləri bizə de! Peyğəmbər bir neçə Qur’an ayəsi oxuduqdan sonar dedi: Sizinlə bey’ət edirəm ki, məni öz yaxın adamınız kimi himayə edəsiniz. Mədinə əhalisinin nümayəndələri onunla bey’ət etdilər ki, sənin düşməninlə düşmən, dostunla dost olacaq, səninlə müharibə edənə qarşı vuruşacağaıq. Elə bu səbəbə görə də bu bey’ətul-hərb (savaş bey’əti) adlanmışdır. Bu bey’ətdən sonra Peyğəmbər (s) müsəlmanlara Yəsribə getmək üçün icazə verdi. Onlar Yəsribə getdikdə isə şəhər əhalisi onları çox gözəl qarşıladılar. İslam tarixində Məkkədən Mədinəyə hicrət edənlər mühacir, onları Mədinədə qarşılayanlar isə ənsar (yardımçı, kömkçi) adlandırılmışlar.
DARUN-NƏDVƏ FİTNƏSİ
(SUİ QƏSDİ)
Qüreyş başçıları islam dinin yayılması üçün yeni bir məkanın mövcud olmasından və ən əsası Mədinə əhalisinin Peyğəmbərlə (s) əhd-peyman bağladıqlarını eşitdikdən sonra daha çox qorxuya düşdülər. Çünki Peyğəmbər (s)-a və onun ardıcıllarına verdikləri işgəncələrdən sonra onlardan intiqam alacaqlarından qorxurdular. Onlara qarşı müharibə etməsə də belə, böyük təhlükə hesab olunurdu, çünki Yəsrib Məkkəyə yaxın olan ən böyük şəhərlərdən idi. Qüreyş tacirləri mallarını satmaq üçün oraya gedərdi və hər kəsin orada öz müştərisi var idi. Əgər bu şəhər əldən çıxsaydı onlara böyük iqtisadi zərbə dəymiş olardı. Belə bir məğlubiyyətdən yaxa qurtarmaq üçün onlar məcbur idilər ki, qəbilə arasında bağlanmış əhd-peymanı nəzərə almayaraq Məhəmməd (s)-ı öldürsünlər. Ancaq onu öldürmək çox da asan deyildi, çünki bəni Haşim dinc qalmayıb onun intiqamını alacaqdılar. Çarə tapmaq üçün Darun-nədvədə toplantı təşkil etdilər. Sonra qərara aldılar ki, hər qəbilədən bir cavan adam birlikdə Məhəmməd (s)-a hücum edərək onu öldürsünlər. Belə olan halda onu öldürən bir nəfər olmayacaq və bəni Haşim intiqam almaq üçün ayağa qalxa bilməz, çünki onlar bütün tayfalarla vuruşmaq qüdrətinə malik olmazlar. Məcbur olub qan pulunu almağa razılaşacaqlar.
Qüreyş sui-qəsdi həyata keçirmək istədikləri gecə Peyğəmbər (s) Allahın əmri ilə Məkkəni tərk etdi. Əli (ə)-ı öz yerində saxlayaraq Əbu Bəkrlə birlikdə Yəsribə tərəf yola düşdü. Üç gün Məkkə yaxınlığında yerləşən Saur adlı mağarada qaldılar. Ardınca gələnlər onu tapmaq ümidini itirdikdən sonra o Həzrət dolayı yollarla Yəsribə tərəf üz tutdu.
PEYĞƏMBƏR MƏDİNƏDƏ
Peyğəmbər (s)-ın rəbiul-əvvəl ayının hansı günündə Məkkədən çıxaraq neçə gündən sonra Mədinəyə çatması haqda tarixçilər arasında fikir ayrılığı vardır. İbni Hişam onun getdiyi yol haqda yazır: Rəbiul-əvvəl ayının 12-də bazar ertəsi günü, o Həzrət günorta vaxtı Qubaya çatır. İbni Kəlbi isə onun rəbiul-əvvəl ayının biri Məkkədən hərəkət edib həmin ayın 12-də cümə günü Qubaya çatdığını qeyd edir. Ancaq bə’ziləri rəbiul-əvvəl ayının 8-də oraya yetişdiyini qeyd etmişlər. Son dövrün islam və avropa tarixçiləri yazırlar ki, onun bu səfəri 9 gün çəkmiş, peyğəmbərliyin 14-cü ili rəbiul-əvvəl ayının 12-i (622-ci il 4 Sentyabr) Mədinə yaxınlığındakı əraziyə - Qubaya çatmışdır. Sonradan Ömərin xilafəti dövrünə aid olan mövzuda qeyd edəcəyik ki, Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti müsəlmanların tarixinin ilk başlanğıcı tə’yin edilmişdir. Ancaq ilin əvvəlini, qəməri tarixinin ilk ayı olan Məhərrəm ayı ilə başlamışlar. Peyğəmbər (s) Qubada olduğu vaxt ərzində bir məscid tikmişdir ki, bu günümüzə qədər Quba məscidi olaraq məşhurdur. Görəsən bu həmin məsciddirmi ki, Qur’an onun barəsində belə deyir:
İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılınmağa daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mə’nəvi qüsurlardan, çirkinliklərdən qorunmağa çalışanları) sevər! (Tövbə 108)
Şeyx Tusinin dediyinə görə bu barədə iki nəzəriyyə vardır. İbni Abbas, Həsən və Ətiyyənin dediyinə görə bu ayə Quba məscidi barəsindədir. İbni Ömər və ibni Musəyyibin fikrincə o Mədinə məscididir. Ömər ibni Şəbəhin fikrincə binası təqva üzərində qurulan Peyğəmbər (s)-ın məscididir, təqva və razılıq binası üzərində qurulan isə Quba məscididir.
Təbəri öz təfsirində hər iki nəzəriyyəni nəql etmişdir. O, Səhl və Sə’ddən hədis nəql edərək yazır ki, Peyğəmbər (s) dövründə iki nəfər bu məsələ barəsində mübahisə edərək onun yanına gedirlər. O isə buyurur: Bu mənim məscidimdir (yə’ni Peyğəmbər (s) məscidi). Deyilənə görə ayə Mədinə məscidinə aiddir, çünki Peyğəmbərin (s) o qədər vaxtı yox idi ki, Qubada olduğu müddətdə məscid tiksin. Sonrakı illərdə tayfalar arasında baş qaldırmış rəqabətə əsasən bu ərazidə yaşayan bəni Əmr ibni Ouf tayfası öz məscidlərini islam dünyasının ilk məscidi kimi qələmə vermişlər.
Əli (ə) Peyğəmbər (s)-ın hicrətindən sonra yalnız üç gün Məkkədə qaldı. Xalqın Peyğəmbər (s)-a tapşırdıqları əmanətləri öz sahiblərinə qaytararaq sonradan Peyğəmbərin yaxın ailə üzvləri ilə birlikdə (Fatimə (s)-da onlarla birlikdə idi) Mədinəyə yollandı. Qubada Kulsum ibni Hədəmin evində Peyğəmbərə (s) qoşuldu.
Peyğəmbər (s) cümə günü bəni Nəccardan olan bir dəstə adamla Mədinəyə yollandı. İlk cümə namazını isə bəni Salim ibni Oufla birlikdə qıldı. Şəhərə daxil olduqda hər qəbilə və hər ailə başçıları Peyğəmbəri (s) öz evlərinə aparmaq şərəfinə nail olmaq istəyirdilər. Məhəmməd (s) dedi: Mənim dəvəm harada yerə əyləşsə orada yaşayacağam. Deyilənlərə görə onu evlərinə də’vət edənlərə cavab verdi ki, mənim dəvəm özü bilir harada əyləşmək lazımdır. Bu hadisə Məkkədə qara daşın yerinə qoyulmasında edilən hakimliyə bənzəyirdi. Orada böyük qan tökülməsinin qarşısını aldı, burada isə birinin onu qonaq qəbul edib üstün olmasının, başqalarının isə bu şərəfdən məhrum olub təəssüflənərək başıaşığı olmasının qarşısını aldı. Dəvə bəni Malik ibni Nəccar əhalisinin evləri qarşısında yerə əyləşdi. (Sonralar elə orada bu günkü məscid olan Peyğəmbər məscidini tikdilər). O ərazi iki yetim uşağa məxsus idi ki, orada xurma qurudardılar. Peyğəmbər (s) o ərazini o iki uşağa qəyyumluq edən Məa’z ibni Ə’rafdan satın aldı. Elə oradaca bir məscid tikdi. Əbu Əyyub Ənsari Peyğəmbər (s)-ın ləvazimatlarını evinə apardı. Peyğəmbərə (s) otaq tikənə qədər Əbu Əyyubun yanında qaldı. Məhəmməd (s) məscidin tikilişində müsəlmanlarla birlikdə işləyirdi. Məscidin bir tərəfində eyvan da tikdilər ki, onun ehtiyac içində olan dostları orada yaşasınlar. Burada yaşayanlar islamda “eyvan səhabələri” ləqəbi ilə məhşurlaşdılar. Onlar Peyğəmbərin seçilmiş səhabələri idilər.
İSLAM ALƏMİNDƏ İLK SAZİŞ
Peyğəmbər (s) Yəsrib şəhərində bir müddət qaldıqdan sonra əhalinin ictimai vəziyyətini sahmana salmağı lazım gördü. Əvvəldə Qeyd etdiyimiz kimi, bu şəhərdə bir çox ərəblər yaşayırdı ki, onlar da öz növbəsində ayrı-ayrılıqda qüdrətli olan Ous və Xəzrəc qəbilələrinə bağlı idilər. Ərəblərdən əlavə şəhərin özündə və ətrafında yaşayan yəhudilər də var idi ki, onlar bu iki qəbiləyə bağlı idilər. Mövcud durum hər qəbilə və dəstələrin hüququnu müəyyənləşdirən (əhd-peyman, saziş) başqa sözlə desək, qanun tərtib edilməsini tələb edirdi. Bu nəzəriyyəyə əsasən məşhur Mədinə müqaviləsi - onu sonralar “ilk konstitusiya” adlandırmışlar - Peyğəmbərlə (s), yəhudilərin və qəbilələrin başçıları arasında imzalandı.
Bu saziş Peyğəmbərin (s) Mədinəyə daxil olduğu ilk aylarda imzalanmışdır. Çünki birincisi ibni Hişam və ibni İshaq bu sazişin mətnini Peyğəmbərin Mədinədə söylədiyi ilk xütbənin ardınca rəvayət etmişlər. Digər tərəfdən isə bu sazişdə yəhudilərin ictimai hüququna da yer verilmişdir. Qiblənin də (beytül-müqəddəslə Məkkənin əvəz edilməsi) dəyişdirilməsi Peyğəmbərin (s) Mədinəyə gəlişindən 17 ay sonraya təsadüf edir. Bu məsələ yəhudilərin Peyğəmbər və müsəlmanlara qarşı düşmənçiliklərini üzə çıxarandan sonra meydana çıxmışdır. Həmçinin bəni Qəynuqa savaşı Bədr müharibəsindən sonra baş vermişdir. Onda bə’zi islam alimlərinin bu sazişin (əgər məqsəd həmin sazişdirsə) hicrətin beşinci ilindən tez olmayaraq imzalanması fərziyyəsini irəli sürmələri düzgün deyildir.
İndi isə sazişin tərcüməsi:
Bu, Məhəmməd peyğəmbərlə (s) onun yolunu davam etdirib onunla birgə cihad edəcək hər bir Qüreyş və Yəsrib mö’minləri və müsəlmanları arasında imzalanan bir sazişdir. Bunlar digər xalqlardan fərqlənən bir ümmətdirlər. Qüreyş mühacirləri adət-ən’ənəyə əsasən verilən qan bahasını öz aralarında bölərək öz əsirlərini azad etmək üçün təqdim olunan məbləği mö’minlər arasında qəbul olunmuş ədalətə əsasən ödəməlidirlər. Bəni Ouf həmçinin öz adət-ən’ənələrinə əsasən qan pulunu öz aralarında bölərək, hər tayfa öz əsirlərini azad etmək üçün verilən məbləği mö’minlər tərəfindən qəbul edilmiş ədalətə əsasən ödəməlidir. Bəni Saidə, bəni Hərs, bəni Cuşəm, bəni Nəccar, bəni Əmr ibni Ouf, bəni Nəbit, bəni Ous və hər bir tayfa, keçmişdə aldıqları qan pullarını və əsir azad olunmaq üçün verilən məbləği ədalətlə və günün tələbinə əsasən mö’minlər arasında bölsünlər. Çox uşaqlı mö’min ailələr qan pulu və əsir azad etmək üçün ödəniləcək məbləğ verilməsə belə, öz borclarını verməlidirlər.Heç bir mö’min onun icazəsi olmadan başqa bir mö’minin ağası ilə saziş bağlamır. Təqvalı mö’minlər zülm edən, müsəlmanlar arasında zülm, günah və pozğunçuluq yayana qarşı birləşmədir. Zülmkarlar və təcavüzkarlar onların övladı olsa belə. Allaha xatir bağlanan əhd-peyman birdir, əgər ən ləyaqətsiz müsəlman bir nəfərə sığınacaq versə belə hamı onu qəbul etməlidir. Mö’minlər başqa əhalidən fərqli olaraq bir-birlərini sevərlər. Bizə tərəfdar olan yəhudilər istər onlara zülm olunsun, istərsə də yox, biz onlara köməklik göstərəcəyik. Bir mö’minin barışığı hamı tərəfindən qəbul edilməlidir. Allah yolunda müharibə edən zaman bir mö’minlə baraşıq edib, o birisi ilə barışıq etməməyə icazə verilmir. Barışıq mövzusunda hamı ilə ədalət çərçivəsində davranmaq lazımdır. Vuruşanları (müharibədə) əvəz edəcək başqa dəstələr də olmalıdır.
Allah yolunda döyüşdə həlak olanların yerini tutacaq digər mö’minlər də olmalıdır. Təqvalı mö’minlər ən düzgün və sarsılmaz yolda olacaqlar. Qüreyşdən olanlar heç bir müşriki və ya onun malını qorumayacaq. Onunla mö’min arasında mane olmayacaqdır. Əgər biri mö’mini günahı olmadan öldürsə və onun qatil olmağı sübuta yetirilsə, ölənin sahibi onu bağışlamazsa ondan qisas alınmalıdır. Bütövlükdə mö’minlər o qatilin əleyhinə qalxmalıdır, belə olmadıqda başqa hər bir hərəkət məqbul sayılmaz. Bu sazişi qəbul edib, Allaha və axirət dünyasına imanı olan mö’min şəxs yaramaz işlər görənlərə heç bir yardım göstərməməli və sığınacaq verməməlidir. Əgər bir nəfər belə şəxsə yardım edib sığınacaq versə qiyamət gününə qədər ona Allahın lə’nəti olsun! Yaramaz işlərin müqabilində o şəxsdən heç bir əvəz alınmayacaq. (Bəlkə gördüyü işin layiqli cəzasını çəkməlidir). Siz müsəlmanlar bir məsələ barəsində ixtilaf etsəniz bilin ki, sizin işinizdən Allah xəbərdardır və hakiminiz də Məhəmməddir (s), müsəlmanlarla döyüşdə iştirak edən yəhudilərlə mö’minlər həmrəydirlər. Yəhudilər öz dininə, müsəlmanlar da öz dininə tabedir. Zülm edib, günah edənlər həm özlərini, həm də yaxınlarını həlak edirlər. Bəni Nəccar tayfasının yəhudiləri (ictimai hüquq baxımından) bəni Ouf yəhudilərinə verilən səlahiyyətə malikdirlər. Bəni Hərs, bəni Saidə, bəni Cuşəm, bəni Ous və bəni Sə’ləbə yəhudiləri də bu hüquqa malikdirlər. Lakin zülm edib, günah edən şəxs özü ilə ailəsini həlak etməkdən başqa bir iş görməyəcəkdir. Bəni Sə’ləbə qəbiləsindən olan Cəfnə tayfası bəni Şutəybə bəni Ouf yəhudilərinin şamil edildiyi hüquqa malikdirlər. Verdikləri əhdə vəfa etsələr saziş pozulmayacaqdır. Sə’ləbə qəbiləsinin kölələri də özlərinin malik olduğu hüquqa malikdirlər. Yədudilərin yaxınları da onlarla bərabər hüquqludurlar (yə’ni bu sazişin hüqüqlarından bəhrələnə bilərlər). Məhəmməd (s)-ın icazəsi olmadan heç kəs onları bu sazişdən kənarlaşdıra bilməz. Heç kəsi birini yaraladığına görə həbs etmək olmaz. Qəfildən kimsəni öldürənlər özünü və yaxınlarını ölümə vermişdir. (Yalnız zülm olunmuş olmazsa). Allah əhdinə vəfa edənlərlədir. Yəhudiləri məişət ləvazimatı ilə (ev, yemək, geyim) tə’min etmək yəhudilərin, müsəlmanları tə’min etməksə müsəlmanların öhdsinə düşür. Onlar (yəhudilər) bu sazişi imzalayanlarla vuruşanlara qarşı vuruşmalı və onlara yardım edib xeyrxah olmalıdırlar.
Yəsrib daxilində bu sazişi imza edənlər amandadırlar (yə’ni heç kəs başqa birisinə zərər yetirə bilməz). Zərər vurmayıb, günah etməyən bir qonşu səninlə bərabər hüquqa malikdir.
Bu sazişi imzalayanlardan birinin qanunsuzluğa yönəlmək qorxusu olsa onun barəsində hökm çıxartmaq Allah və Peyğəmbərin öhdəsinə düşür. Allah bu sazişdə imzalanan təqva və gözəlliklərin tərəfdarıdır. Qüreyşə və onlara yardım edənlərə sığınacaq verilməyəcək. Gözlənilmədən Yəsribə hücum edənlərlə vuruşmalı, əgər barışıq edənlər isə bağışlanmalıdır. Əgər belə iş görsələr onlarla barışıq etmək mö’minlərin ixtiyarındadır (yalnız mö’minlərin dini əleyhinə vuruşmasalar). Hal-hazırda bu sazişə razı olanlar öz qəbiləsinin adından da bu sazişdəkilərə riayət etəməyə cavabdehdir. Ous qəbiləsinin yəhudiləri və kölələri bu sazişdəki hüquqlardan bəhrələnəcəklər. Bu sazişə vəfalı olan şəxslə çox gözəl davranılacaq. Allah bu sazişə vəfalı olan kimsələrlədir. Bu saziş zalim və günahkarı müdafiə etəməyəcəkdir. Günahkar və zülmkardan başqa hər kəs Yəsribdə qalsa və ondan kənara çıxsa amandadır. Allah təqvalı və əxlaqlıların sığınacağı, Məhəmməd (s) isə Allahın elçisidir.
MÜHACİR VƏ ƏNSARIN QARDAŞLIĞI
Qeyd etdiyimiz kimi, islamın zühurundan əsrlər qabaq yarmadanın əhalisi iki dəstəyə bölünürdü: Oturaq həyat sürənlər və köçərilər. Cənublular şəhərdə, şimal və mərkəz əhalisi isə səhrada alaçıqlarda yaşayırdılar. Köçərilər heyvandarlıqla məşğul olardılar, sonralar isə dəniz sahilində yerləşən şəhərlərdə məskunlaşaraq ticarətlə məşğul oldular. Məkkə və onun ətrafında yaşayan ərəblər (Qüreyş də bu dəstəyə daxildir) çadırlarda yaşayırdılar və sonradan ticarətlə məşğul oldular. Yəsrib əhalisi cənubdan köçən mühacirlər idi. Sonralar ticarətlə məşğul olan köçəri ərəblər cənubdan hicrət edib əkinçiliklə məşğul olanlara təhqir gözü ilə baxırdılar, çünki onlar əkinçiliyi ləyaqətsiz məşğuliyyət sayırdılar. Dəfələrlə qeyd etmişik ki, cənub ərəbləri Qəhtani, şimal ərəbləri isə Ədnani adlanırdılar (sonralar onlar başqa ad götürmüşlər). Qüreyş mühacirləri (Ədnanilər) Qəhtani ərəblərin şəhərinə toplaşdıqdan sonra onlar arasındakı keçmiş düşmənçiliyin baş qaldırması mümkün idi. Peyğəmbər (s) o iki dəstə (Mühacir və Ənsar) arsındakı birliyi daha da sıx etmək üçün onlar arasında qardaşlıq əhd-peymanı bağladı və bununla da hər bir mühacir bir Mədinəlinin qardaşı oldu. Lakin həzrət Əlini (ə) özünə qardaşlığa götürərək dedi ki, sən dünyada və axirətdə mənim qardaşım olacaqsan.
Qabaqda Qeyd etdiyimiz kimi, səhrada yaşayanların (köçərilərin) ən mühüm xüsusiyyətlərindən biri bağlı olduğu hər bir kəsi himayə edib tam bərabər hüquqa malik olmaları idi. Peyğəmbər (s) islami birliyə kömək etmək üçün belə bir ruhi xüsusiyyətdən məharətlə istifadə etdi. Hətta bu qardaşlıq və bərabərlik o yerə çatdırdı ki, hər bir müsəlman digər müsəlman qardaşını özündən üstün hesab edirdi. Belə ki, yazırlar bəni Nəsirlə döyüşdə əldə olunan qənimətləri bölən zaman Peyğəmbər ənsara belə dedi: İstəsəniz bu qəniməti böləndə mühacirləri özünüzə şərik edə bilərsiniz, yox əgər istəməsəniz hamısı sizindir. Ənsar isə belə cavab verdi: Biz nəinki bu qənimətin hamısını onlara veririk, hətta öz malımıza və mülkümüzə də onları şərik edərik.
DİN ƏSASINDA QURULAN HÖKUMƏT
Yəsrib müsəlmanların dayaq mərkəzinə çevrildikdən, Qəhtanilərlə (Ənsar) Ədnanilərin (Mühacirlər) qardaşlığı bərpa olunduqdan, yəhudilərin və müsəlmanların hüquqları müəyyən edildikdən sonra artıq “İslam,” varlığının ikinci mərhələsini e’lan etməyin vaxtı gəlib çatdı. Bildiyiniz kimi Məkkədə islamın ilk göstərişləri tək Allahlılığa çağırış, bütpərəstlikdən əl çəkmək və azacıq ibadət etməkdən ibarət olub. Mədinədə isə həm siyasi, həm də ictimai cəhətdən genişlənmə başlandı. Azan namazlara çağırış şüarına çevrildi. Şəriət, alış-veriş hökmləri, vergilərin ödənilməsi, cəza tədbirlərinin icrası və digər siyasi və ictimai hökmlər icra olunmağa başlandı. Çox təbiidir ki, belə bir təşkilat hansısa dəstələrin mənafeləri ilə toqquşa bilərdi. Bu dəstənin biri Peyğəmbər hələ Yəsribə gəlməmişdən şəhərə hakim olmaq sevdası ilə yaşayanlar idi. O birisi isə özlərinin iqtisadi mənafelərinin təhlükə altına düşdüyünü hiss edənlər idi. İndi görək bu iki dəstə kimlərdən ibarət idi.
MÜNAFİQ VƏ YƏHUDİLƏR
Yəsrib əhalisinin əksəriyyətinin müsəlman və ya Peyğəmbərə (s) müxalif olmamasına baxmayaraq, şəhər və onun ətrafı təmamilə sakit mühit deyildi. Həzrətin (s) Yəsribə gəlişi ilə şəhərə hakim olmaq planı puça çıxmış Abdullahh ibni Ubəyy qərar tuta bilmirdi. Zahirdə özünü müsəlman adlandırmasına baxmayaraq, gizlində Məhəmməd (s) və müsəlmanlar əleyhinə əks-təbliğat aparır və Mədinə yəhudiləri ilə gizlin məşvərət edirdi.
Mədinədə nazil olan ilk Qur’an ayələri onları münafiq adlandırmışdır. Onlar Peyğəmbərə və müsəlmanlara problemlər yaradırdılar. Bu dəstəylə davranmaq yəhudi və müşriklərlə müqayisədə daha çətin idi. Çünki bunlar özlərini üzdə müsəlman kimi aparırdılar. Peyğəmbər də islam hökmlərinə əsasən onlarla döyüşə bilməzdi. Bə’zi Qur’an ayələri onları qorxudurdu ki, Allah və Peyğəmbər sizin ürəyinizdəkilərdən xəbərdardır. Siz müsəlmanlıqdan yalnız öz yaşayışınız üçün bir alət kimi istifadə edirsiniz.
(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikləri zaman; “Biz sənin, doğrudan da Allahın peyğəmbəri olduğuna şəhadət veririk!”-deyirlər. Allah sənin həqiqi peyğəmbər olduğunu bilir, həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
Abdullahh islam dini ilə müxalifətçiliyini ölənə qədər davam etdirdi. (Hicri qəməri 9-cu ilə qədər). Yəhudilər Mədinə sazişinə əsasən müəyyən hüquqa malik idilər, hətta müharibədə əldə edilən qənimətlərdən onlara da pay düşürdü. İlk əvvəl onların xoş üz göstərmələrinə, hətta bə’zilərinin müsəlman olmasına baxmayaraq sonda narazı olmağa başladılar. Bu narazılığın əsas səbəbi bundan ibarət idi ki, onlar Yəsribin iqtisadiyyatını əldə saxlamaqla bərabər, Məkkə müşrikləri və səhra sakinləri ilə də ticarət edirdilər. Bundan əlavə onlar Adullahh ibni Ubəyyin Mədinəyə hakim olandan sonra iqtisadi nüfuzlarının genişlənməsinə ümid bəsləyirdilər. Lakin Məhəmmədin (s) gəlişi və islam dinin yayılması onların bu nüfuzunun qarşısını aldı. Bundan əlavə onlar yəhudi nəslindən olmayan bir şəxsi peyğəmbər kimi qəbul etməyi özlərinə münasib iş saymırdırlar. Elə buna görə də onlar bir müddət keçdikdən sonra Məhəmməd (s)-a qarşı e’tirazlarını üzə çıxardılar. Qeyd edildiyi kimi Abdullahhın da onları təhrik etməsi bu işi qüvvətləndirirdi. Yəhudilər deyirdilər ki, Məhəmməd (s) biz gözlədiyimiz peyğəmbər deyil. Qur’an ayələri müqabilinə İncil və Tövratı çıxararaq deyirdilər ki, Qur’anla bizim “kitab”larımız arasında böyük fərq vardır. Qur’anda çoxlu sayda tarix boyu Tövrat və İncilin təhrif olunması, yəhudi alimlərinin öz mövqelərini qoruması üçün ilahi kəlamı dəyişdirmələri barədə ayələr nazil olmuşdur. Nəhayət Qur’an islam ilə yəhudi və xristian arasında olan əlaqəni bir dəfəlik kəsərək, ərəblərin yəhudilərdən fərqli bir ümmət olmasını başa salaraq deyir: Ərəb İbrahimin millətindəndir. İbrahim isə İsrailin ulu babasıdır.
Ey kitab əhli nə üçün İbrahim barəsində mübahisə edirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?
Bir baxın, siz o şəxslərsiniz ki, bildiyniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır). Bəs bildiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz. Əlbəttə (həqiqəti) Allah bilir, siz bilməzsiniz!
İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O, ancaq Hənifə (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və Allaha şərik qoşanlardan deyildi.
QİBLƏNİN DƏYİŞİLMƏSİ
Müsəlmanları birdəfəlik yəhudilərdən ayıran qiblənin dəyişilməsi hadisəsi oldu. Peyğəmbər (s)-ın Mədinəyə gəlişindən on yeddi ay keçirdi. Peyğəmbər (s) Əqsa məscidinə üz tutaraq namaz qıldığı halda yəhudilər deyərdilər: Məhəmməd (s)-ın qibləsi yoxdur, biz qibləni ona tanıtdırmışıq. Peyğəmbər (s) bu tə’nədən narahat idi və günlərin bir günündə bəni Səlmə məscidində günorta namazı qılarkən (hicrətin ikinci ili Şə’ban ayında) bu ayə nazil oldu:
(Ya Məhəmməd!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü məscidül-hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmiş ümmətlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.
Peyğəmbər (s) elə həmin halda üzünü beytül-müqəddəsdən Kə’bəyə tərəf çevirdi. Bu məscid (bəni Sələmə məscidi) islam tarixində iki qibləli məscid kimi məşhurlaşmışdır. Məscidül-əqsadan qiblənin Məkkəyə tərəf yönəlməsi yəhudi və münafiqlər üçün çox baha başa gəldi. Onlar müsəlmanlara irad tuturdular ki, nəyə görə indiyə qədər Əqsa məscidinə üz tutaraq namaz qılırdınız, indi isə qibləniz dəyişildi. Aşağıdakı ayə onların tə’nələrinə cavab olaraq nazil oldu.
(Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: “Müsəlmanları (əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Ya Məhəmməd!) Onların cavabında de: “Şərq də, qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldir.”
Qiblənin Beytül-müqəddəsdən Kə’bə evinə tərəf dəyişilməsi ibni İshaq və ibni Hişam tərəfindən hicrətin on yeddinci ayına aid edilmişdir. Son illərin yazılarında da bu tarix qeyd olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment