Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ŞƏHADƏT YATAĞINDA MÖVLANIN (Ə) ÖYÜDÜ-3

ŞƏHADƏT YATAĞINDA MÖVLANIN (Ə) ÖYÜDÜ

ÜÇÜNCÜ MƏCLİS:
ÜÇ MÜHÜM VƏ ƏSAS FƏRMAN

Mövla Əmirəl-möminin (ə) buyurdu:
     «Sizi ilahi təqvaya çağırıram; dünya arxanızca gəlsə də, dünyanın sorağına getməyin; əlinizdən alınan dünya matahına görə qəmlənməyin; həqiqəti söyləyin; (axirətə aid) mükafat üçün çalışın; sitəmkara düşmən, sitəm qılınana yardımçı olun».
     

DÜNYADAN YOX, DÜNYA MƏHƏBBƏTİNDƏN UZAQ OLMAQ!


     Əmirəl-mömininin (ə) öz övladlarına həyatının son anlarındakı vəsiyyətindən danışırdıq. «Dünya arxanızca gəlsə də, dünyanın sorağına getməyin» buyuruğunu araşdırdıq və nəticə bu oldu ki, insan dünya ləzzətlərinə uyub axirəti yaddan çıxarmamalı, Allaha ibadət-itaət sayəsində əldə olunan kamilliklərdən məhrum olmamalıdır. İnsan təbiətən dünya və onun ləzzətlərinə əlaqəli olduğundan insanı bu bağlılıqdan və əsarətdən çəkindirən ayə və rəvayətləri nəzərdən keçirdik. İşarə etdik ki, dünya müəyyən şərtlər çərçivəsində pislənilir. Yəni dünya özü özlüyündə Allahın yaratdığıdır və onda heç bir nöqsan yoxdur. Məzəmmət olunan dünya yox, ona bağlılıq, ona aldanışdır.
     Bu məclisdə ötən məsələləri bir daha araşdıraraq başqa bir nöqtəyə toxunuruq. Daha sonra bu dəyərli vəsiyyətin davamını izləyəcəyik.
     Ötən iki məclisdə qeyd etdik ki, insanın dünyanı özünə məqsəd seçməsi məzəmmət olunur. Yəni elə bir hal ki, dünyaya maraq axirət maraqlarına mane olur. Bəziləri dünyanı məzəmmət edən ayə və rəvayətlərdən belə bir nəticə çıxarır ki, insan dünya həyatını boşlayıb bir kənara çəkilməli və yalnız ibadətə məşğul olmalıdır. Əlbəttə ki, belə bir qənaət kökündən yanlışdır və İslam təlimləri ilə bir araya sığmır. Məqsəd insanın tərki-dünya olması deyil. Biz dünyada vəzifələrimizi yerinə yetirməli, işlərimizdə Allahın razılığını nəzərdə tutmalıyıq. Əgər dünya ləzzətlərinə əsir olub bir növ «ləzzətpərəst» olsaq, tədricən haram işlərə də yol verərik. Bəli, əgər vəzifəmizi yerinə yetirib ilahi göstərişlərə itaət etsək təbii şəkildə halal ləzzətlərdən də faydalanacağıq. Bir sözlə, insan dünya ləzzətlərini özünə həyat məqsədi seçməməlidir.
     Dünyadakı işləri Allah razılığı üçün yerinə yetirmək bir o qədər də çətin deyil. Rəvayətlərdə qeyd olunduğu kimi, ailənin ehtiyaclarını təmin etmək özü bir ibadətdir: «Ailəsinin ehtiyaclarını təmin etmək üçün çalışan insan Allah yolunda vuruşan insan kimidir». («Biharul-ənvar», c.96, s.324, rəvayət 13, bab 42.)
     Şübhəsiz ki, İslam cəmiyyətində işlərin idarəsi üçün sənətə, əkinçiliyə, ticarətə və bu qəbildən olan digər işlərə ehtiyac var. İslam cəmiyyətinin ehtiyaclarını təmin etmək məqsədi ilə bu sahələrdə çalışan insanın işi ibadətdir. Belə bir təlaş zahirən dünya işi kimi görünsə də, əslində axirət məqsədlidir. Dövrümüzdə bu məsələ özünü daha qabarıq göstərir. İslam cəmiyyətinin inkişafı elm və sənət, əkinçilik və ticarət sahəsində gecə-gündüz təlaşlardan asılıdır. Uyğun sahələrdə çalışmalar olmadan bir millətin gerçəkdən müstəqil olması mümkünsüzdür. Buna görə də istənilən bir şəxs istənilən bir sahədə İslam cəmiyyətinə xidmət məqsədi ilə çalışarsa, onun hər dəqiqəsi axirət yönümlüdür. Öncə bu barədə Abdullah ibn Əbu-Yəqurdan bu mövzuda rəvayət nəql etdik. O deyir: İmam Sadiqə (ə) ərz etdim ki, siz bizi dünya məhəbbətindən çəkindirsəniz də biz dünyanı sevirik. Həzrət buyurdu: «Dünya və onun malını nə məqsədlə istəyirsən?» Ərz etdim ki, Həccə getmək, sədəqə vermək, yaxınlarıma və qohumlarıma əl tutmaq, yoxsullara yardım göstərmək üçün.» Həzrət buyurdu: «Bu dünya yox, axirət üçün çalışmaqdır». («Biharul-ənvar», c.96, s.62, rəvayət 30, bab 122.)
     Əgər insan yalnız özü dünyadan daha çox ləzzət almaq üçün pul arzulayırsa bu dünyapərəstlikdir. Daha pisi odur ki, insan haram işlər üçün pul soraqlaya. Amma xüms və zəkatını ödəmədən halallardan faydalanmaq da bu qəbildəndir. İnsan dünya və var-dövləti vacib və müstəhəb vəzifələrini yerinə yetirmək üçün diləyərsə, bu dünyapərəstlik yox, eynən axirət istəyidir.
     Bu gün müsəlmanlar dünyanın azğın super güclərinə bağlılıqdan qurtarmaq, özlərini təmin etmək qüdrəti əldə etmək məqsədi ilə dünyəvi işlərin müxtəlif sahələrində ciddi səy göstərməlidirlər. İslam və müsəlmanların şərəfini qorumaq, onları kafirlərə asılılıqdan qurtarmaq üçün atılan hər addım ibadət və axirətsevərlik nümunəsidir.
     Demək, ayə və rəvayətlərdə dünyanın məzəmmətindən belə bir nəticə çıxarmamalıyıq ki, iş-gücdən əl çəkib xəlvət bir guşədə ibadətə məşğul olmalıyıq. Axirətə bağlılıq və dünyadan çəkinmək bu mənada deyil. Amma çoxları bu bəhanə ilə işdən qaçır, zəhmətə qatlaşmırlar. Unutmamalıyıq ki, dünyaya bağlılıq nişanələrindən biri də tənbəllik və rahattələblikdir. Dünya məhəbbəti təbirini düzgün anlamayan bir zümrə bu yolla zəhmətdən çəkinir; elmi təhsil və işdən qaçır.
     İstənilən bir halda İslam cəmiyyətinin xeyrinə olan iş çox dəyərlidir, ibadət və axirətsevərlik nümunəsidir. Artıq dəyərli vəsiyyətnamənin növbəti cümləsinə keçə bilərik.
     

DOĞRU DANIŞIQ


     Əmirəl-möminin (ə) öz vəsiyyətinin davamında buyurur: «Həqiqəti söyləyin; (axirətə aid) mükafat üçün çalışın». «Nəhcül-bəlağə»nin ayrı-ayrı iki nüsxəsində uyğun təbirlər azca fərqli işlədilmişdir. (Bir nüsxədə «ula bil həqqi», o birində «qulil-həqq») «Qulil-həqq» təbiri əsasında buyuruq belə anlaşılır ki, danışarkən doğru danışın və ilahi mükafat üçün çalışın. Həzrət sözlə əməli qarşı-qarşıya qoyur. «Qovləl-həqq» təbiri ilə bağlı iki ehtimal var: Əgər buyuruqda «qovla» sözünə istinad edilsə məna bu olar ki, haqqı söyləyin. Yəni haqqı gizlətməyin, onu açıqlamaqdan qorxmayın. Bəziləri həqiqəti bilsə də öz rahatlıqlarını qorumağa xatir onu açıqlamırlar. Onlar «dəvə gördün, görmədim» məsəlini özlərinə həyat prinsipi seçmişlər. Həzrət buyurur ki, bu sayaq olmayın, qoy xalq haqq söz də eşitsin. Əlbəttə buyuruqda «qovla» sözü əsas götürüldükdə bu məna alınır.
     İkinci ehtimal budur ki, buyuruqda «əl-həqq» sözü vurğulanır. Bu halda belə bir məna alınır ki, sizin işlərinizdən biri də danışmaqdır və danışarkən doğru danışın. Başqa sözlə, düzgün danışmağa çalışın, haqq və batil arasından həqiqəti seçin.
     Zikr olunan ehtimallar «qovləl-həqq» təbirinə aid idi. Amma «qovla bil-həqq» təbiri daha məşhurdur. Bu variantla bağlı da iki məna ehtimal oluna bilər: Ehtimallardan biri budur ki, «qovl» kökü «etiqad» mənasında qəbul olunsun. Adi danışıqda da bu məna ilə tez-tez rastlaşırıq. Deyirik ki, filan kəs filan məsələyə qaildir. Məqsədimiz budur ki, həmin şəxs deyilən məsələyə inanır. «La ilahə illəllah» sözləri tövhidə inam mənasında anlaşılır. Bu sözü hətta etiqadlı lal haqqında işlətmək olar. Beləcə, «qovl» sözü etiqad mənasında qəbul olunsa «qovla bil həqq» təbiri haqqa inanan mənasında anlaşılmalıdır. Uyğun mənaya əsasən vəsiyyətdə etiqad və əməldən söhbət gedir. Yəni insan üçün etiqadlar və əməllər qrupundan məsuliyyətlər var. Demək, Əmirəl-möminin (ə) vəsiyyət edir ki, etiqadınız düzgün olmaq üçün haqqı tanımağa çalışın. İkinci ehtimala əsasən, «qovla bil həqq» təbirində «ba» hissəsi əsasında bu təbir «haqqına» mənasında anlaşıla bilər. Gündəlik danışıqda da «ba» hissəsi uyğun mənada işlədilir. Bu halda «bilhəqq» sözü «biğeyril-həqq» sözü ilə qarşı-qarşıya qoyulur. Həzrət tapşırır ki, haqqına danışın, yəni danışılası sözü danışın. Uyğun sözün əks anlamı batil, insanı hörmətdən salan sözdür. Bəli, insan bu qəbil sözlər danışmamalıdır. Cümlənin ilk tə’biri ilə bağlı mümkün ehtimalları nəzərdən keçirdik.
     

ƏSKİK SATMAQ QADAĞANDIR!


     Vəsiyyətin ikinci ifadəsi «və məla lil-əcr» ifadəsidir. Həzrət buyurur ki, mükafat üçün iş görün. Məqsəd nədir? Olsun ki, bu söz Əmirəl-möminin (ə) müəyyən buyuruqları ilə zidd görünər. Məsələn, həzrət ibadət edənləri üç qismə bölür: Muzd üçün ibadət edənlər (bu sayaq ibadət muzdurların və ya tacirlərin ibadəti sayılır); azad insanların ibadəti (azad insanlar muzd üçün ibadət etmir); qulların ibadəti. Bəs necə ola bilər ki, uyğun rəvayətdə muzd və mükafat müqabilində ibadəti azad insanların səciyyəsi saymayan imam öz övladlarına muzd üçün çalışmağı tapşırır? Bu iki təbirdə ziddiyyət yoxdurmu?
     Bir qədər diqqət etdikdə qaranlıq nöqtə aydınlaşır. Əmirəl-möminin (ə) uyğun vəsiyyətdə demək istəmir ki, Allaha mükafata xatir ibadət edin. Məqsəd budur ki, insan öz xoşbəxtliyinə təsirli işlər görməlidir. Faydasız vaxt keçirməklə qiymətli ömrü əldən verməməlidir. Çox vaxt gördüyümüz işlərin xüsusi bir məqsədi olmur. Uyğun işlər əyləncədən savay bir şey deyil. Hətta bəzən gördüyümüz işlər insanlıq məqamına layiq olmur. Mömin şəxs bu sayaq işlərdən çəkinməlidir. Axirət üçün heç bir faydası olmayan işlər «ləğv» sayılır və Quran mömini bu sayaq işlərdən çəkindirir: «Həqiqətən, möminlər nicat tapdılar… O kəslər ki, boş işlərdən («ləğv») çəkindilər». («Muminun», 1, 3.) Rəvayətdə uyğun məsələ ilə bağlı buyurulur: «Fərdin dininin üstünlüyünü göstərən səciyyələrdən biri budur ki, o taleyi üçün əhəmiyyətsiz işləri tərk etsin». («Biharul-ənvar», c.1, s.216, rəvayət 28, bab 6) Növbəti rəvayətdə oxuyuruq: «İnsanın düşüncə nişanələrindən biri budur ki, onun taleyi üçün əhəmiyyət daşımayan işlər haqqında az danışsın». («Biharul-ənvar», c.71, s.290, rəvayət 59, bab 78)
     Bir çoxları adət ediblər ki, əhəmiyyətsiz mövzularda danışsınlar və onlara aid olmayan işlər haqqında suallar yağdırsınlar. Ömrü bada verən əsas işlərdən biri məhz bu sayaq faydasız danışıqlardır. İnsanlar bəzən saatlarla oturub boş-boş şeylər haqqında danışırlar. Bəşəriyyətin aktual problemlərindən biri də vaxtı səmərəsiz keçirməkdir. Onların ən yaxşı işi odur ki, oturub bir kinofilmə baxsınlar. Kimi vaxtını krasvord doldurmaqla, kimi də kompyüter oyunlarına məşğulluqla keçirir. Əgər kinofilmdə tərbiyəvi, əxlaqi, tarixi, siyasi nöqtələr varsa, olsun ki, bu filmə baxmağa dəyər. Amma bitib-tükənməyən erotik seriyallar insanın qızıl ömrünü puça çıxarır. Adam var eyni bir filmə təkrar-təkrar baxır.
     Bugünki insanların bir çoxu sanki ömrün necə ötüşdüyünü hiss etməmək üçün əyləncəyə məşğuldur. Hansı ki, əksər insanlar cinayət və qətl kimi hadisələrdən uzaq olmaq istəyir. Əslində isə ömrü zaya çıxaran mənasız əyləncələrlə məşğulluğun zərbəsi insan üçün yetər! Adətən, inkişaf etmiş ölkələrdə bu sayaq həyat tərzi ilə rastlaşırıq. Bu qəbil insanların aydın həyat məqsədi olmadığından onlar bəzən pisixoloji sağlamlığını itirir. Nəticədə narkotik maddələr, spirtli içkilər həyatdan küskün insanlar üçün təsəlliyə çevirilir. Onların bir məqsədi var: Həyat həqiqətlərindən xəbərsiz qalmaq, heç nə barədə düşünməmək! Onların yaxşı işi yalnız krasvord doldurmaq, kinofilm və ya idman yarışlarını müşahidə etməkdir. Bəli, mədəniyyət əsri sayılan iyirminci və iyirmibirinci əsrin vəziyyəti belədir!
     Bütün bunları nəzərə alaraq, İslam bəşəriyyətə anladır ki, insan ömrünün hər dəqiqəsi qiymətlidir və onu boş yerə sərf etmək olmaz. Bəli, elə məzəmmət etdiyimiz dünya həyatının hər saniyəsi böyük dəyərə malikdir! Zamanın qiymətli olduğunu nəzərə çatdırmaq üçün «vaxt qızıldır» deyirlər. Amma bundan qabarıq deyimlər də vaxtın həqiqi qiymətini göstərmir. İnsan ömrünün bir anından faydalı istifadə edib qəlbini həqiqətə yönəltməklə səadət və ilahi nemətlərə çata bilər. Siz hər xeyirli iş görəndə behiştdə sizin üçün bir ağac cücərir. Behişt ağacı isə əbədidir və heç vaxt məhv olmur. Beləcə, kiçik bir xeyir əməllə nəhayətsiz faydalar qazanmaq olar. Ömrün qiymətini qızıl və cəvahirlə ölçmək olmaz. Çünki qızıl və cəvahirin hansısa məhdud bir dəyəri var, amma ömrün dəyəri yoxdur!
     Bu halda ömrün anlarını faydasız yerə sərf etmək ağıllı işdirmi?! Peyğəmbərlər insanlara dünya ömrünün həqiqi qiymətini anladır. Bəşəriyyətə təkidlə tapşırılır ki, ömür boş yerə xərclənməsin, dəyərindən aşağı mübadilə olunmasın. Əmirəl-mömininin (ə) «mükafat üçün çalışın» buyuruğu məhz bu həqiqəti çatdırır. Yəni elə işlər görün ki, ömrünüz zaya çıxmasın, əliniz boşda qalmasın. Söhbət təkcə günah etməməkdən getmir. İnsan nəinki günaha yol verməməli, vaxtını boş yerə sərf edib əliboş qalmamalıdır.
     Axı hansı ağıllı insan belə bir sərvəti müftə yerə əlindən çıxarar?! Bu elə bir sərvətdir ki, onun az bir hissəsini xərcləməklə, məsələn, bir «la ilahə illəllah» və ya «sübhanəllah» deməklə sonsuz nemətlər əldə etmək olar. Bütün bunları nəzərə aldıqda görürük ki, təkcə cinayətkarlar yox, həm də ömrünü mənasız işlərə sərf edənlər ziyankardır. Çünki onlar böyük bir sərmayəni müftə yerə əldən verirlər. Ömürlərini günaha, cinayətə, xəyanətə, zülmə sərf edənlərin vəziyyəti isə daha ağırdır. İnsan bu ziyandan yalnız ömrünü saleh işlərə sərf etməklə qurtula bilər: «Həqiqətən insan ziyandadır. Yalnız iman gətirib saleh işlər görənlər istisnadır». («Əsr», 2, 3.)

 

 

 

 

ŞƏHADƏT YATAĞINDA MÖVLANIN (Ə) ÖYÜDÜ

DAHA ÜSTÜN VƏ DAHA DAVAMLI LƏZZƏT SORAĞINCA

Dünya məhəbbətini qəlbdən çıxarmaq asan iş deyil. Biz dünyaya gəldiyimiz gündən bu məhəbbətlə yaxınıq. Bu dünyada duyduğumuz ilkin ləzzət maddi olmuşdur. Dünyaya gələn körpə hər şeydən öncə ana südündən ləzzət alır. Təbii ki, ana südü də dünya matahlarındandır. Ömrümüzün ilk illərində bu dünya həyatında istifadə etdiyimiz hər nə maddidir. Müəyyən yaş həddinə çatanadək mə’nəvi ləzzətlər duymaq mümkünsüzdür. Yalnız yetkin insan mənəvi ləzzətlərdən zövq ala bilir. Bəli, insan öz ömrünün ilk illərini dünya ləzzətləri içində keçirir. Təbii ki, həmin illərdə bu bağlılıq qəlbdə kök atır. Dünyaya gəldiyi an Allahın adını çəkən, onun birliyinə şəhadət verən, Ona təsbih deyənlər olsa da, bu məqamı dərk etmək bizlər üçün çətindir. Biz adi insanlardan danışırıq. Biz adi insanlar istəsək də, istəməsək də dünyaya gəldiyimz gündən dünya ilə əlaqədəyik. Yetkinlik yaşına çatanadək artıq dünya məhəbbəti vücudumuzda kök atır. Demək, söhbət bu bağlılığı zəiflətməkdən, əgər mümkün olsa birdəfəlik qırmaqdan gedir.
     İlk addımda düşünməliyik ki, dünyanın ötəri ləzzətləri daha üstün, daha davamlı şəkildə axirət dünyasında mövcuddur. Həmin əbədi ləzzətlərə çatmaq üçün bu dünyanın bəzi ləzzətlərinə göz yummaq lazım gəlir. Sanki körpəyə şirniyyat verilir və ona deyilir ki, əgər bunu yeməsən bir saat sonra sənə daha yaxşı şirniyyatlar veriləcək. Uşaq verilən vədin əməli şəkildə təsdiqini gördükdə növbəti dəfə təkliflə dərhal razılaşır. Demək, əsas məsələ inanmaqdır. Əgər insan inanırsa ki, ötəri ləzzətlərə əsir olmasa, ona əbədi ləzzətlər daddırılacaq, şübhəsiz, pəhriz edər. Məsum imamların tərbiyə üsullarından biri məhz bu üsuldur. Bizlər dünya həqiqətlərini dərk etməyən körpə kimiyik. Buna görə də dünyanın dəyərsiz matahlarına könül veririk. Varlıq aləminin həqiqətindən xəbərdar olan peyğəmbərlər isə tövsiyə edirlər ki, daha üstün və daha davamlı ləzzətlər mövcuddur: «Amma siz dünya həyatını seçirsiniz; hansı ki axirət daha üstün və daha davamlıdır». («Əla», 16, 17)
     Siz dünyanı üstün tutub onun ləzzətlərinə əsir olsanız da, bilməlisiniz ki, daha üstün, daha davamlı ləzzətlər mövcuddur. Əgər dünya nemətlərinin bəzilərindən bir qədər çəkinsəniz, harama yol verməsəniz, əbədi nemətlərə çatarsınız. Söhbət dünyadan tamamilə üz çevirməkdən getmir. Halal nemətlərdən faydalanın, amma haramdan çəkinin. Əgər belə etsəniz daha üstün və daha davamlı axirət nemətləri sizin intizarınızdadır. Əlbəttə ki, bütün bu deyilənləri axirət dünyasına inanan insan qəbul edə bilər: «O kəslər ki, qeybə iman gətirər və axirətə əmin olarlar». («Bəqərə», 3.)
     Peyğəmbərlərin başlanğıcda Allah və Qiyamət etiqadına istinad edib çalışmasının səbəbi budur ki, bütün növbəti təlimlər bu iki etiqad üzərində qurulmuşdur. Cin və insan nəslindən olan şeytanlar bu iki əsası sarsıtmağa, insanlarda Allah və Qiyamətlə bağlı şübhə yaratmağa səy göstərirlər. Qəlbimizdə dünya məhəbbətini zəiflətmək üçün hökmən Allah və Qiyamətə etiqadı gücləndirməliyik. Bunu da qeyd edək ki, Allah və Qiyamətə imanı zəiflədən səbəblərdən biri də elə dünya məhəbbətidir. Əmirəl-möminin (ə) bu barədə buyurur: «Dünya (məhəbbəti) dinin puça çıxmasına və əminliyin aradan qalxmasına səbəb olur». («Ğurərul-hikəm», hədis 2174) Demək, dünya məhəbbəti din və əminliyin ziddinə yönəlmişdir. Dünyaya könül bağlayıb onun haram ləzzətlərini dadmış insan bu yoldan dönməyə meyl göstərmir: «(Məada etiqadsızlığın səbəbi budur ki,) insan qeyd-şərtsiz azad olmaq istəyir». («Qiyamət», 5.) İnsan məhdudiyyətdən qaçır, hansısa şərtləri qəbul etmək istəmir. Bu səbəbdən də kafirlər daha çox məad inancına qarşı vuruşurdular. Çünki məadı qəbul etdikdən sonra bir çox şeyləri, qəbul etmək lazım gəlir. Bəli, axirətə etiqad insan üçün bir sıra məhdudiyyətlər yaradır. Kafirlər axirəti qəbul etməməklə məhdudiyyətlərdən qurtulmaq, qeyd-şərtsiz azad olmaq istəyirlər. Ona görə də ardıcıl şəkildə təkrarlayırlar: «Biz bilmirik Qiyamət nədir…»; («Casiyə», 32) «Güman etmirik ki, Qiyamət olacaq». («Fussilət», 50.) İstənilən bir halda axirətə əminlik olarsa, dünya məhəbbətindən qurtuluş asanlaşar. Əgər insan əmin olsa ki, müvəqqəti dünya ləzzətləri onu daha üstün əbədi ləzzətlərdən məhrum edir, dünya məhəbbətinə qarşı müqavimət göstərər. Quranda oxuyuruq: «İman gətirib saleh işlər görənlərə müjdə ver ki, onları altından çaylar axan bağlar gözləyir. Onun meyvələrinlən yesələr deyərlər: «Bu əvvəllər yediyimizdir. Onlar üçün oxşarları gətirilər». (Həmin mənbə)
     Əgər cinsi yaxınlıq ləzzəti duymaq istəyirsənsə haram yaxınlıqlardan çəkin və bil ki, səni qarşıda dünyadakı ləzzətlərlə müqayisə olunmayacaq bir ləzzət gözləyir: «Orada pak zövcələr olacaq və onlar orada əbədidirlər». (Həmin mənbə)
     İmarət və ya villa sahibi olmaq üçün halal-haram hökümlərinə göz yumma. Sənin düşündüyündən qat-qat üstün nemətlər əldə etmək üçün yalnız qısa bir müddət dözməli olacaqsan. «Sizin üçün əbədi behiştlərdə altından çaylar axan bağlar və gözəl məskənlər var». («Səff», 12)
     

ÜNSİYYƏT LƏZZƏTİ HAQQINDA


     Bəli, peyğəmbərlər bəşəriyyəti tərbiyələndirmək üçün çalışır, yol göstərirlər. Amma çox çalışan və yüksək mərifət əldə edən, Allahla ünsiyyətin və münacatın ləzzətini azca dadanlar üçün daha üstün yollar var. Əgər bir insan ibadətin ləzzətini duysa, Allahla ünsiyyətin şirinliyini hiss etsə, bu ünsiyyətin bütün dünya ləzzətlərindən üstün olduğunu anlayar. Vacib namazdan sonra ariflərdən birinin xidmətində idik. O buyurdu: «Əgər soltanlar bilsəydilər ki, namazda necə ləzzət var, öz səltənətlərindən əl çəkərdilər! İnsanların çoxu bu qəbil ləzzəti dadmamışdır və Allahla ünsiyyətin şirinliyi onlar üçün qaranlıqdır. Amma zərrəcə bu ləzzətdən dadsalar dünya ləzzətlərinin əhəmiyyətsiz olduğunu anlayarlar: «Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyil». («Ənkəbut», 64.)
     Əlbəttə ki, müəllif dünyanı əyləncə adlandırıb həqiqi ləzzətlərin axirətdə olduğunu qeyd edərkən bu həqiqətləri dərk etdiyini iddia etmir. Müəllif yalnız Allah və Onun övliyalarının buyuruqlarına əsaslanır. Bəli, biz Allah buyuruqlarını təkrarlayırıq. Amma bu ünsiyyətin ləzzətini dadanlar dünya ləzzətlərinin puçluğunu dərk edirlər. Bəzən görürsən ki, torpaqla-daşla oynayan bir dəstə uşaq vuruşmağa başlayır. Böyüklər təəccüb edirlər ki, axı daş-torpaq nədir ki, uşaqlar onun üstündə bir-birinə hücum çəkir? Axirət ləzzətlərini dərk etməyənlər də dünya matahı üstə bu uşaqlar tək vuruşur. İlahi ünsiyyət ləzzətini dərk edənlərsə dünya matahı üstə vuruşanlara təəccüb edir. Bəli, ilahi mərifət nuru ilə qəlbi işıqlanmış insanın dünya məhəbbətindən qorxusu yoxdur. Onlar üçün bu məhəbbəti qəlbdən qoparıb atmaq çox asandır. İnsan Allahla ünsiyyət ləzzətini duyduğu andan hər şeyi bu ünsiyyətə qurban verməyə hazır olur. Sadə dünyəvi sevgidə də belədir. Aşiq məşuqu yolunda hər şeydən keçir. Məgər aşiqi dünya malı düşündürürmü?! O susuzdur, amma susuzluğunu hiss etmir, o acdır amma aclığını hiss etmir. Çünki məşuqla ünsiyyət ləzzəti hər şeyi yaddan çıxarır! Məgər məşuqla ünsiyyət ləzzəti şişdəki kababla müqayisəyə gələrmi?! Adi insanları özünə cəzb edən dünya matahı məşuq üçün puç və mənasızdır.
     Hər halda dünya məhəbbətini qəlbdən çıxarıb atmaq mümkünsüz iş deyil. Övliyaların məqamı deyilənləri sübut edir. Əlbəttə ki, adi insanlar üçün bu iş asan başa gəlmir. Hər halda qəlbi təravətli gənclər üçün dünya məhəbbətindən qurtuluş daha asandır. Sevimli gənclər öz gəncliklərini lazımınca dəyərləndirməli, dünya məhəbbəti qəlblərində kök atmamış qəlblərində ilahi məhəbbət nihalını becərməlidirlər. Allahla münacat üçün ramazan gecələri daha münasibdir. İnsan həmin bərəkətli gecələrdə Allahla söhbətə qatıla bilər, Quran oxuyar, namaz qılar, diqqətini Allaha yönəldər və beləcə ilahi ünsiyyət ləzzətini təcrübədən keçirər. Allahla ünsiyyət anlarının nə vaxt ötüb keçdiyindən insan xəbər tutmur. Bu ləzzəti təcrübədən keçirdikdə dünya məhəbbətindən qurtulmaq asanlaşır. İnsanın daha şirin şey tapanadək əlindəki şirnini vermək istəməməsi ümumi bir qanundur. Biz hamımız dünya ləzzətlərini duymuşuq. İstəsək də, istəməsək də qəlbimizdə dünyaya bağlılıq var. Bu ləzzətlərdən yalnız o vaxt imtina etmək olar ki, daha üstün bir ləzzəti duymuş olaq. Bütün dünya ləzzətlərinə qalib gələsi ləzzət Allahla ünsiyyət ləzzətidir. Allahın övliyaları ilə ünsiyyət də dünya ləzzətlərindən çox-çox üstündür. Həzrət Mehdinin (ə) müqəddəs vücudu insan üçün ilahi zövq mənbələrindəndir. Əgər insan öz diqqətini həzrətlə ünsiyyətə yönəldə bilsə, onun nuru bütün vücudunu isidər. Olsun ki, həzrətlə ünsiyyət dünya məhəbbəti ilə bağlı bütün dərdlərimizə çarə qıla!

 

 

 

 

 

DİNİ SUALLARA CAVABLAR

MƏRYƏMİN BAKİRƏ HALDA DOĞUŞU

Sual: Həyat vahidi hücеyrәsinin tərkibi iki şeydən – spermatozoid və ovuldan ibarətdir. Dişi hücеyrә, qamet təklikdə həyat prosesini təmin etməyə qadir olmadığından belə bir tərkib zəruridir. Ciddi elmi əsasa malik bu şərt ödənmədiyi halda həzrət Məryəm kimsə ilə təmasda olmadan necə hamilə ola bilərdi? Hansı ki, dişi hücеyrә, qamet təklikdə həyatın davamını təmin etməyə qadir deyil.
     Cavab: Həzrət Məryəmin hamiləlik məsələsini araşdırmazdan qabaq diqqətinizi belə bir məsələyə yönəldirik ki, həyat vahidinin yaranması üçün həm spermatozoid, həm də ovulun olması mütləq şərt deyil. Həyat vahidi, adətən, erkək və dişi qametlərdən təşkil olunsa da, təcrübədə sübut olmuşdur ki, dişi toxumu parçalamağa qadir olan başqa mühərriklər də vardır. Yəni ovulun mayalanması üçün spermatozoidin olması mütləq şərt deyil. Bu həqiqəti bir çox canlıların həyatında müşahidə edə bilərik.
     Təbiətşünas alimlər bildirirlər ki, bəzi canlıların toxumları qamet olmadan da həyat fəaliyyətinə başlaya bilirlər. Məsələn, mənənə adlı həşərat yumurta qoyaraq erkək qametsiz çoxala bilir. Təcrübələrdə məlum olmuşdur ki, bu həşərat münasib mühitdə təkbaşına arta bilir. Qeyri-münasib şəraitdə, yumurta qoyan mənənədən törəyən həşəratların böyük yumurtalarından dişi həşəratlar vücuda gəlir. Bu proses başqa canlılarda da müşahidə olunur. Məsələn, ipək qurdu bəzən kənar təsir olmadan öz toxumlarını canlandıra bilir.
     Bal arısının həyatına nəzər salaq. Bal arısı bütün ömrü boyu bircə dəfə kənardan mayalanır. Onun erkək hücеyr
әlәrlә mayalanan yumurtalarından dişi işçi arılar, mayalanmamış yumurtalardan isə erkək arılar yaranır. Bir qrup alim yumurtaların artımında spermatozoiddən əlavə başqa bir mühərrikin olduğunu iddia edirlər. Bunu da nəzərdən qaçırmayaq ki, mikrob, bakteriya, virus kimi mikroskopik canlılar mayalanmasız artırlar. Məsələn, amöb ilkin hücеyrәlәrin parçalanması ilə artır.
     Bəzi alimlər müəyyən qadınların kişi ilə təmasda olmadan hamilə olmasını mümkün sayırlar. Bəzi qadınlarda mayalanma olmadan hamilə qalmaq qabiliyyəti vardır. Demək, bakirə qadının mayalanma olmadan hamilə qalması qeyri-mümkün sayılmır.
     Beləcə, həzrət Məryəmin kimsə ilə təmasda olmadan hamilə qalması imkandan xaric bir iş deyil. Qurani-Kərimdə onun ilkin hamiləlik dövrü haqqında belə buyurulur: «(Məryəm) ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz ruhumuzu Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü; Məryəm dedi: Mən səndən Rəhmana pənah aparıram. Əgər qorxursansa, mənə toxunma». Mələk dedi: «Mən sənə yalnız təmiz, məsum bir oğlan bağışlamaq üçün Rəbbinin elçisiyəm». Məryəm dedi: «Mənim necə oğlum ola bilər ki, indiyədək mənə bir insan əli toxunmamışdır? Mən zinakar da deyiləm». Mələk dedi: «Elədir. Lakin Rəbbin buyurdu ki, bu Onun üçün asandır..». Bəli, həzrət Məryəmin qeyri-məlum amildən hamilə olması mümkünsüz bir iş deyil. Ətrafımızda bu sayaq mayalanmanı müşahidə etdiyimiz halda, Məryəmin hamilə olmasını nə üçün şübhə altına almalıyıq?!
     Həzrət Məsihin doğulması əhvalatını nəzərdən keçirək. Allah bu yaranışla öz qüdrətini nümayişə qoymuşdur. İsanın yaranışı doğuş baxımından möcüzəli olmuşdur. Bu yolla inadkar Bəni-İsrail qövmünə İsanın, doğrudan da, Allah tərəfindən göndərilmiş Peyğəmbər olduğu sübuta yetirilmişdir.
     İlk həyat cövhərini, ilk diri hücеyr
әsi və ilk insanı heç bir mayalanma olmadan yaratmış Allah növbəti dəfə belə bir iş görmüş və kamil bir insan, böyük Peyğəmbər vücuda gətirmişdir. Onun bu sayaq doğuluşu inadkar müxaliflər üçün aşkar bir dəlil olmuşdur.
     Başqa sözlə, dişi hücеyr
әnin ana bətnində inkişaf etməsi spermatozoidsiz də mümkündür. Bəli, adətən, artım mayalanma yolu ilə baş tutur. Amma istisna halların mövcudluğuna qarşı heç bir dəlilimiz yoxdur.
     Dişi hücеyr
әni canlandıran müxtəlif mühərriklər ola bilər və bu mühərriklər mayalanma olmadan dişi qametə həyat verər. Əgər bu sayaq səbəblər bizim üçün qaranlıqsa da, böyük alim, qadir Allah üçün aşkar və mümkündür.
     

MƏRYƏMİN ANASI ÖZ ÖVLADINI RAHİB EDƏCƏYİNİ NƏZİR ETMİŞDİMİ?


     Sual: Bilirik ki, röhbaniyyət, yəni rahiblik həmişə, xüsusi ilə də həzrət Məryəmin dövründə haram olmuşdur. Bəs nə üçün İmranın arvadı (Məryəmin anası) hamilə olduğu vaxt nəzir etmişdi ki, əgər Allah ona bir övlad əta etsə, bu övladı rahib edəcək?
     Cavab: Məryəmin anası heç vaxt belə bir nəzir etməmişdir. O, nəzir etmişdi ki, əgər Allah ona bir övlad əta etsə, onu Beytül-müqəddəsə xidmətçi verəcək. Qadın qərara gəlmişdi ki, övladını ata-anaya xidmətdən azad edib, məsciddə xidmətə göndərsin.
     Qurani-Kərimdə bu əhvalat belə nəql olunur: «İmranın zövcəsinin belə dediyini xatırla: «Ey Rəbbim, bətnimdəkini sənə xidmətçi olmaq üçün nəzir edirəm. Məndən qəbul et. Əlbəttə, Sən eşidən və bilənsən». Təfsirçilər bildirirlər ki, ayədə «məbəd xidmətçisi» sözü işlədilmişdir. Əslində məbədə xidmətçi verilən insanlar digər vəzifələrdən, eləcə də, ata-anaya xidmətdən azad olunurdular.
     Demək, Məryəmin rahib yox, məscidə xidmətçi verilməsi nəzir edilmişdi. Röhbaniyyət, rahiblik tərki-dünyalıq deməkdir və bu yolu seçən insanlar ailə qurmaqdan və digər ictimai vəzifələrdən kənarlaşırlar. Belə bir hərəkət isə yaranış qanunlarına ziddir və heç bir dində bu işə icazə verilmir.

 

 

 

 

MƏSƏLLƏR
(Sual-cavablar: 81-100)

 

Sual 81: Məsciddə Amerikaya, İsrailə (Ermənistana) ölüm şüarları vermək olarmı?
     Cavab: Quran müsəlmanları belə tanıtdırır: «Məhəmməd (s) Allahın rəsuludur və onunla olanlar kafirlərə qarşı sərt və bir-birlərinə qarşı mərhəmətlidirlər». (Fəth, 29)
      Kafirlərə qarşı ölüm şüarları oxumaq ayədəki «sərtliyin» bir nümunəsidir. Əlbəttə ki, şüarla kifayətlənmək olmaz və bu sərtlik əməldə də özünü büruzə verməlidir.
     Quranda Peyğəmbərin xanımlarına buyurulur ki, yumşaq danışsanız, düşmən tamaha düşər. (Əhzab, 32)
     Amma bu gün peyğəmbər xanımları yoxsa da, ayədə mühüm bir siyasi işarə var: müsəlmanlar mərhəmətli olsalar da, düşmənlə yumşaq davranmamalıdırlar. Bizim yumşaqlığımız pusquda durmuş düşmən üçün yaşıl işıq yandırır.
     
     Sual 82: Kafirlərə qarşı nümayişlərdə iştirak etmək vacibdirmi?
     Cavab: Quran buyurur: «Kafirlərin qəzəbinə səbəb olan bir yerə ayaq basanlar üçün saleh əməlin mükafatı yazılar». (Tövbə, 120)
     Müqəddəs amallar məqsədi ilə keçirilən nümayişlərdə də iştirak etmək ibadət olmaqla yanaşı, xalqın ruhunu gücləndirən dəvətdir.
     
     Sual 83: Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir?
     Cavab: Həyatımızda elə bir sahə yoxdur ki, mütəxəssisə ehtiyac olmasın. Din bilicisi olan müctəhidlər özləri də xəstələndikləri vaxt həkimə müraciət edirlərsə, həkimin dini məsələdə müctəhidə təqlid etməsi nə üçün təəccüb doğurmalıdır.
     Quran buyurur: «Bilmədiyinizi zikr əhlindən soruşun». (Nəhl, 43)
     Diqqət etməliyik ki, söhbət adi alimdən yox, təqva sahibi olan zikr əhlindən gedir.
     Rəvayətlərə əsasən agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdır. Sənədsiz ev, avtomobil qeyri-qanuni hesab olunduğu kimi, təqlidsiz əməl də batildir.
     
     Sual 84: Vilayət nədir?
     Cavab: Cəmiyyət rəhbərə ehtiyaclıdır. Rəhbərsiz cəmiyyət hərc-mərcliyə məhkumdur. Rəhbər islamşunas, savadlı, şücaətli, təqvalı, dünya hadisələrindən xəbərdar bir müsəlman olmalıdır. Layiqli rəhbəri xalqın seçdiyi islamşünaslar təyin etməlidir.
     
     Sual 85: Əsrlər keçdikdən sonra peyğəmbərin göstərişlərinə həvəslə əməl olunmasının səbəbi nədir?
     Cavab: Peybəmbərlərin müvəffəqiyyətlərinin bir sıra dəlilləri vardır:
     1. Paklıq, xalislik, canıyananlıq, nöqsansız keçmiş.
     2. Dəlil və məntiq.
     3. Öz dediklərinə şəxsən əməl etmələri.
     4. Geniş qəlb və xoş rəftar.
     5. Göstərişlərin insan fitrətinə uyğunluğu.
     6. Göstərişlərin bütün ehtiyaclara cavab verməsi.
     7. Göstərişlərin asanlığı.
     Həkim iynədən qorxan uşağı ələ almaq üçün deyir: «Əzizim bütün xəstələrə iynə vurulur. İynənin ağrısı üçə sayanadək keçəcək. Əgər indi iynə vurulmasa, sonra daha çox iynə vurulmalıdır». Mümkün olduqda həkim uşağı tabletlə müalicə etməyə üstünlük verir. Görün Allah öz bəndələrini oruca necə də`vət edir: «Ey iman gətirənlər, əvvəlki ümmətlərə vacib olduğu kimi oruc sizə də vacib oldu. Bəlkə, bu yolla pis işlərdən çəkinəsiniz; Oruc sayı müəyyən olan günlərdir…» (Bəqərə, 183-184)
     Bu ayələrlə həkimin dedikləri arasında oxşarlıq görürsünüzmü?!
     
     Sual 86: Bütün işlərimizə ilahi rəng vura bilərikmi?
     Cavab: Quran buyurur ki, işlərinizə ilahi rəng verin. (Bəqərə, 138) İlahi rəng vurmaq Allahın razılığına uyğun iş görməkdir.
     Məsələn, xanımınıza aldığınız paltarı ona həzrət Fatimənin (ə) doğum günü təqdim etsəniz, işinizə ilahi rəng vurmuş olarsınız. Bir yerdə əyləşərkən üzüqibləyə əyləşsəniz Allahın razılığını qazanarsınız.
     Həzrət Əli (ə) qonaq gedərkən əvvəlcə evdə yeyər, sonra gedərdi. Soruşanlara bildirərdi ki, qonaqlığa getməkdə məqsəd mö`minlə görüş olsa daha yaxşıdır.
     Quranda bəyan olunur ki, axirət üçün çalışan insan dünyadan da faydalanırsa, dünya üçün çalışan insan axirətdən məhrum olur.
     
     Sual 87: Hər şeyi bilmək faydalıdırmı?
     Cavab: İnsan bəzi şeyləri bilməsə yaxşıdır. Quran buyurur: «Qanınızı qaraldacaq şeylər barəsində soruşmayın». (Maidə, 101)
     Dövlət bir neçə günlük taxıl ehtiyatı qaldığını xalqa bildirdikdə insanlar narahat olub, ehtiyat toplamağa başlayır, iqtisadi durum bir qədər də ağırlaşır. Amma yaxşı olar ki, dövlət belə bir xəbəri yaymaq əvəzinə taxıl tədarükü üçün çalışsın.
     Quran bütün bilikləri üç qismə ayırır:
     1. Faydalı elmlər. Həzrət Musa (ə) belə bir elmə sahib olmaq üçün Xızra yoldaş olmaq istəyir. (Kəhf, 66)
     2. Zərərli elmlər (bax: «Bəqərə», 102).
     3. Nə faydası nə də zərəri olan elmlər. Məsələn, Kəhf əshabının sayını bilməyin nə zərəri var, nə də faydası (bax: «Kəhf», 22).
     Tarixdə zərərli biliklərdən qorunmaq üçün hicrət edənlər az olmayıb.
     
     Sual 88: Dini qəbul etməyən adama son sözümüz nə olsun?
     Cavab: Sürücülər yolda karlarına gələ biləcək bəzi şeyləri özləri ilə götürürlər. Ehtiyat təkəri olan avtomobilin yolda təkəri buraxmasa, sürücü bir şey itirmir. Amma ehtiyat təkəri olmayan avtomobilin təkəri yolda buraxsa sürücü əziyyət çəkməlidir.
     Bəli, insan ehtimal verdiyi hadisələrə qarşı hazırlıq görməlidir. Ehtiyatlı insan soyuqda donmaz, yağışda islanmaz.
     Bəs dində necədir? Peyğəmbərlər ölümdən sonrakı həyat, sorğu-sual haqqında kifayət qədər məlumat vermişlər. Xalqın onlara inanan hissəsi sutkada on-on beş dəqiqə namaz qılır, ildə bir dəfə bir ay müddətində oruc tutur və zərərli işlərdən çəkinirlər. Bu insanlar axirətdə bir şey qazanmasalar da (hansı ki, veriləcək) heç nə itirməyəcəklər. Bəs peyğəmbərlərə inanmayıb, kefindən qalmayan insanlar qiyamət sorğusu düz olarsa (hansı ki, düzdür) nə edəcəklər?
     Bəli, hər bir ağıllı insan ehtiyatlı olmalı, mümkün çətinliklərə hazırlaşmalıdır. Əgər qarşınızdakı insan Quran həqiqətlərinə inanmırsa, o, təkcə imansız yox, həm də ehtiyatsız adamdır.
     
     Sual 89: Ən yaxşı əməl nədir?
     Cavab: Ən yaxşı əməl Allahın qəbul etdiyi əməldir. Əməlin böyük-kiçikliyi yox, onun qəbulu şərtdir.
     Həzrət İbrahim (ə) oğlu İsmailin köməyi ilə Kəbənin dayaqlarını qaldırarkən Allahdan bu əməli qəbul etməsini istədi. (Bəqərə, 127) Demək, görülən iş çox əhəmiyyətli bir iş olsa da hansısa səbəblərdən qəbul olunmaya bilər.
     
     Sual 90: Allah hansı işləri qəbul edir?
     Cavab: Əməlin qəbul olması üçün həm hədəf, həm iş, həm də vasitə düzgün olmalıdır. Məsələn, həccə getmək düzgün hədəfdir. Amma oğurluq at ilə bu səfərə çıxmaq nəinki savab deyil, hətta günahdır. Təmizliyi qorumaq yaxşı işdir. Amma qara kömürlə ağ divara «zibil atmayın» yazmaq özü çirkin bir işdir.
     Bəzən isə üsul və vasitə düz olduğu halda hədəf yanlış olur. Həzrət Əli (ə) ilə müxalif olan xəvaric dəstəsi «hökm yalnız Allaha məxsusdur» şüarı ilə çıxış edirdilər. Şüar öz-özlüyündə düzgün olsa da, onu göyə qaldıranlar həqiqəti tapdamaqla məşğul idilər. Quranı başına qaldıran insan onun göstərişlərinə əməl etməlidir. Həkimin yazdığı nüsxəni çərçivəyə salıb divardan asan, amma dərmanları qəbul etməyən xəstə sağalarmı?!
     
     Sual 91: Münafiq kimdir?
     Cavab: İnsanlar dörd qismə bölünür:
     1. İman gətirib, saleh əməl edən möminlər.
     2. İmansız və saleh əməlsiz kafirlər.
     3. İman gətirdiyi halda, saleh əməldən uzaq olan günahkarlar.
     4. İman gətirmədiyi halda, özünü saleh göstərən münafiqlər. Yalan, hiylə, riyakarlıq nifaqın bir növüdür.
     
     Sual 92: Möminlər arasında münasibət necə olmalıdır?
     Cavab: İslam peyğəmbəri (s) buyurub: «Mömin möminin güzgüsüdür». (Bihar, c.71, səh.270)
     Güzgü kimi, bir-birimizin həm gözəl, həm də nöqsanlı cəhətlərini görək.
     Güzgü kimi hər şeyi olduğu kimi, böyüdüb kiçiltmədən göstərək.
     Güzgü kimi insanlarla üz-üzə durub danışaq, xəlvətdə yox.
     Sevirəm ki, dostlar bir ayna kimi.
     Hər zaman üzümə deyə eybimi.
     Min dilli daraq tək gəzib xəlvəti,
     Nə pisdir edələr tük-tük qeybəti.
     Güzgü kimi başqalarının nə deyəcəyini düşünməyək
     Güzgü kimi özümüzü toz-torpaqdan qoruyaq.
     Eyb göstərdiyi üçün güzgünü sındırmazlar. Eybini deyəni də incitmə.
     Güzgünü sındıranda onun qırığı da hər şeyi olduğu kimi göstərir. Min bir əzab görmüş mömin də yalnız həqiqəti deyir.
     Güzgü saf olduğu üçün eybi göstərir. Mömin də kin və həsədə görə yox, saflığına görə tənqid etməlidir.
     Güzgü göstərdiyi eybi özündə saxlamadığı kimi, mömin də üzbəüz dediyi eybi yadından çıxarmalıdır.
     Güzgüyə ötəri baxan eybini görə bilmədiyi kimi, mömin də diqqətlə dinləməyən eybindən xəbərsiz qalar.
     
     Sual 93: Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
     Cavab: İman düşüncəyə əsaslanmalıdır. Dəvətinizə tələsik verilən cavab sizi sevindirməsin. Tez çiçəkləyən ağaclar soyuğa davamsız olur. Düşüncəyə əsaslanan qəbul daha etibarlıdır.
     Quran belələri haqqında buyurur: «Onlar ayaq üstə, oturduqda və ya uzandıqda Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər: «Ey rəbbimiz! Sən bütün bunları boş yerə yaratmamısan!» (Ali-İmran, 191)
     Başqa bir ayədə oxuyuruq: «O kəslər ki, sözü dinləyib, onun ən yaxşısına əməl edərlər». (Zümər, 18)
     Deməli, tələsik çıxarılan qərarın dəyəri yoxdur. İslam peyğəmbərindən (s) düşünüb qərara gəlmək üçün iki ay vaxt istəyən Səffan adlı birinə peyğəmbər dörd ay vaxt verdi.
     Amma qarşıda yol aydın olduqda tələsmək zəruridir. Çoxlarını doğru yol seçimində tərəddüdə salan şeytan olub. (Həcc, 14)
     
     Sual 94: Allah hər növ imanı qəbul edirmi?
     Cavab: Quran buyurur: «Müşriklər gəmiyə mindikdə Allaha dua edir, sağ-salamat quruya çıxdıqdan sonra isə Allaha şərik qoşurlar». (Ənkəbut, 65)
     Firon da dəryada qərq olarkən iman gətirdi. Amma müvəqqəti iman qəbul olunmadığından Allah buyurdu ki, artıq tövbə və iman faydasızdır. (Yunus, 91) Həyatda da belədir. Evlənmək yox, ailəni saxlamaq əsasdır. Eləcə də doğmaq əsas deyil, övladı tərbiyə etmək əsasdır.
     
     Sual 95: Nə üçün bəzən dualarımız qəbul olunmur?
     Cavab: Allah onu çağıranlara cavab verəcəyini və`d edir. (Ğafir, 60) Amma birindən kömək almaq üçün bəzi şərtlərə əməl olunmalıdır: dostluq münasibətini qorumaq, dostun ünvanını yadda saxlamaq, yersiz istəklərdən çəkinmək, boş xəyallardan uzaq olmaq, qanunsuz yolla yardım tələb etməmək, başqalarının hüququnu poza biləcək arzulardan uzaq olmaq və düz danışmaq.
     Biz Allaha ağız açarkən bu şərtlərə əməl edirikmi? Rəvayətlərdə duanın bəzi şərtləri bildirilir: «Bismillah» demək, dəstəmaz almaq, qəlbən dua etmək, məscid kimi müqəddəs yerdə durmaq, on dəfə «ya Allah», «ya rəbbi» demək, salavat göndərmək, günahları yada salıb peşman olmaq, tövbə etmək…
     
     Sual 96: Allah bizi tanıyırsa, imtahana ehtiyac varmı?
     Cavab: Aramızda sinəsinə döyüb, özünü göyə qaldıranlar var. İmtahan belələrini özünə tanıtdırır. Qur`an buyurur: «Biz sizi qorxu, aclıq, mal, can və qıtlıqla imtahana çəkərik. Səbr edənlərə müjdə ver». (Bəqərə, 155)
     İnsanın mükafatlandırılması və ya cəzalandırılması üçün ortada hansısa bir əməl olmalıdır. Bir şəxs peşəkar oğru olsa da, nə qədər ki, oğurluq baş verməyib onu həbs etmək olmaz. Həzrət Əli (ə) buyurur: «İnsanın imtahana çəkilməsinin fəlsəfəsi ona mükafat və cəza vermək üçün zəmin hazırlamaqdır. Bu imtahanlar olmasa da Allah öz bəndəsini tanıyır».
     
     Sual 97: Dünyanın idarəsi üçün insanlara təqva xüsusiyyəti bəs edirmi?
     Cavab: Quranda oxuyuruq: «Son qələbə müttəqilərindir». (Əraf, 128)
     Təqva mənəvi keyfiyyət olduğundan, dünya idarəçiliyində bilik və ixtisasa ehtiyac var. «Ənbiya» surəsinin 105-ci ayəsində buyurulur: «Yer üzünün varisləri yalnız mənim saleh bəndələrim olacaq».
      Demək həm bəndəlik, həm də saleh əməl şərtdir. Allah Quranın bir hökmünə iman gətirib, o birinə göz yumanları məzəmmət edir. (Nisa, 150) Xəstəlikdən şəfa tapmaq üçün həkimin yazdığı nüsxədəki bütün dərmanları vaxtlı-vaxtında qəbul etmək lazımdır.
     
     Sual 98: Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?
     Cavab: Quran buyurur ki, Allah hər şeyi gözəl yaradıb. (Səcdə, 7) İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə nifrət nümayiş olunur. Axı bıçaq baş kəsmək üçün yox, faydalı işlər üçün nəzərdə tutulub.
     
     Sual 99: Elm olan yerdə vəhyə nə ehtiyac var?
     Cavab: Heç bir ideologiya, institut, elmi mərkəz insanın mənəviyyat yolunu işıqlandırmaq gücündə deyil. Yaşadığımız dünyanı xoşbəxt etməkdə aciz olan elm axirət həyatı üçün nə vəd edir?! İnsan dünyada qısa bir müddət yaşayıb, əbədiyyətə qovuşursa, həmin əbədiyyətin tələbləri nədir?
     Allah taala öz peyğəmbərləri vasitəsi ilə ən doğru yolu işıqlandırır. Öz ağıl və düşüncəsi, elmi və biliyi ilə kifayətlənənlər ilahi nurdan məhrum olur. İlahi biliklərə arxa çevirən insan özünə zülm edir.
     
     Sual 100: Düşmən qarşısında vəzifəmiz nədir?
     Cavab: Quran müsəlmanları birliyə dəvət edərək, istənilən bir təfriqəyə qadağa qoyur. (Ali-İmran, 103, Ənfal, 42)
     Yağış damlaları ayrı-ayrılıqda zərif olsalar da, bir hövzəyə daxil olduqda əzəmətli bir təlatüm yaradıb, ağır turbinləri hərəkətə gətirir, böyük şəhərləri elektrik enerjisi ilə təchiz edirlər.
     Barmaqlar ayrı-ayrılıqda zəif olsalar da, sıxılıb yumruq yaratdıqda düşməni qorxuya salırlar. Əldəki barmaqların biri uzun biri gödək, biri kobud biri incə olsa da, hər barmağın öz işi var. Müxtəlif iste`dadlı barmaqlar bir yerə toplandıqda isə böyük güc yaranır.
     Ey əziz müsəlman bacı və qardaşlar! Aranızdakı fərqlərə görə bir-birinizdən uzaqlaşmayın. İnanın ki, eyni uzunluqda, eyni qalınlıqda olan beş barmağın yaratdığı yumruq fərqli barmaqların yaratdığı yumruqdan qat-qat zəifdir. Düşmən qarşısında yumruq tək birləşin. Qələbə sizin vəhdətinizdədir!
     Vəlhəmdulillahi rəbbil-aləmin!

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment