Azəri
Wednesday 8th of May 2024
0
نفر 0

AĞIL VƏ VİCDAN BAXIMINDAN NAMAZ

 Müsəlmanların bir-birlərinin üzərində islami haqları var. Bundan əlavə insani haqlar var. İnsani hüquqlardan biri yaxşılıqlar və məhəbbət müqabilində təşəkkürdür. Hətta müsəlman olmasaq da insanların yaxşılıqlarına görə təşəkkür etməliyik. Bu haqq bütün xalqlara aiddir.
Yaxşılıq nə qədər böyük olarsa, təşəkkür də bir o qədər böyük olmalıdır.
Öhdəmizdə Allahdan daha çox kimin haqqı var?! Çünki onun bizə verdiyi ne’mətlər saysızdır və O özü əzəmətli və fəyyaz varlıqdır. Allah bizi bir zərrədən yaratdı. Sonra eh-tiyac duyduqlarımızı (nur, hərarət, məkan, hava, su, üzvlər, meyllər, qüvvə, geniş təbiət, bitkilər, heyvanlar, düşüncə, ağıl, məhəbbət, iman və sair) hazırladı. Bizi tərbiyə etmək üçün elçilərini göndərdi, səadətverici hökmlər verdi, halal-haramı tə’yin etdi. Mə’nəvi və maddi həyatımızı kamillik vasitələri ilə tə’min etdi. İnkişafımız, dünya və axirət səadətimiz üçün bütün vasitələri hazırladı. Bizə Allahdan daha çox yaxşılıq edən kəs varmı ki, haqqını almağa Allahdan daha çox layiq olsun?!
Sə’di deyir: “Alınan hər bir nəfəs həyata köməkdir. Xaric olan nəfəs zatı fərəhləndirir. Demək, hər bir nəfəsdə iki ne’mət mövcuddur və hər ne’mətə bir şükür vacibdir.”
O bizi peyğəmbərlərin və mə’sumların hidayəti ilə tə’min etmişdir. Dünyanı insan üçün ram edən də Odur. İnsana təbiətin bəxşişlərindən bəhrələnmək və dünyanın sirlərini kəşf edib öz həyatında istifadə etmək üçün qüdrət verildi.
Yarpaqlar və bitkilər havanın karbonunu alır, oksigen hazırlayırlar.
Yağış damcıları havanı təmizləyir.
Nəhənglər ölü balıqları udur ki, sular iylənməsin.
Gözlərimiz hər an müxtəlif cəhətlərdən növbənöv və dəqiq şəkillər çəkir.
Əgər dodağımız yumşaq olmasaydı, danışa bilməzdik.
Əgər göz yaşları şor olmasa, piydən yaradılmış gözlər xa-rab olar.
Sular acı və ya şor olmasaydı, ağaclar cücərməzdi.
Yerin cazibə qüvvəsi olmasaydı, günəş bizə yaxın olsaydı, doğuşdan sonra əmməyi bacarmasaydıq, ata-ananın məhəbbəti olmasaydı və... yaşaya bilərdikmi?!
Əlbəttə, Allahın ne’mətlərini saymaq istəmirik və saya da bilmərik. Çünki Allah özü buyurur ki, onun ne’mətlərini sayıb qurtarmaq olmaz.
Əgər bu ne’mətlərin milyonda birini kimsə bizə verərsə, ömrümüz boyu ona borclu qalmarıqmı?
İnsani və vicdani vəzifələrimiz tələb edir ki, Allaha ne’mətlərinə görə təşəkkür edək və bu misilsiz yaxşılıq üçün şükür edib namaz qılaq, Ona pərəstiş edək.
Bizi O yaradıb, biz də Ona ibadət və bəndəlik edək, şərq və qərbin qulu olmayaq.
Namaz Allaha təşəkkürdür. Hər bir ağıllı və vicdanlı insan namazın zəruriliyini anlayır.
İt ona verilmiş sümüyə təşəkkür olaraq quyruq bulayır və evə daxil olan yadlara hücum çəkir. İnsan bu qədər ilahi ne’mətlərə e’tinasızlıq göstərib, namaz şəklində formalaşmış təşəkkür ruhiyyəsindən faydalanmırsa, onun qədrdanlığı itdən də az olmurmu?!
BİR NEÇƏ SUAL-CAVAB
Sual: Allahın bizim təşəkkürümüzə ehtiyacı varmı?
Cavab: Xeyr! Ne’mətlərin qədrini bilməyimiz Allahın bizim namazımıza ehtiyaclı olmasını göstərmir. Namaz özümüzə aid dəyər və insaf nişanəsidir. Əgər müəllim şagirdə “mənim zəhmətlərimi qiymətləndirin, yaxşı dərs oxuyun” deyirsə, şagird müəllimin ona ehtiyaclı olduğunu düşünməməlidir.
Bu iş şagirdin kamilliyə çatması üçündür.
Sual: Allahın ne’mətlərinə təşəkkür olaraq nə üçün hökmən namaz qılınmalıdır?
Cavab: Təşəkkürün zəruriliyini qəbul etdikdən sonra onun forması ilahi göstərişlərə uyğun olmalıdır. Xəstənin həkimə müraciəti zəruri olarsa, dərmandan həkimin göstərişlərinə uyğun istifadə olunmalıdır. Mə’nalı təşəkkür etməyimiz üçün Allahın istədiyi kimi təşəkkürə çalışmalıyıq. Təyyarəçi dünyanın hər bir yerində uçuş mərkəzi ilə əlaqə saxlamaq istəsə ingilis dilində danışmalıdır. Demək, təşəkkürün hansı formada olmasını Allahdan və Onun övliyalarından öyrənməliyik.
Sual: Dünya ne’mətlərinə görə təşəkkür düzdür. Bəs çətinlikdə yaşayanlar nə üçün təşəkkür etməlidir?
Cavab: 1. Çətinliklərin bir çoxunu özümüz yaradırıq. Məsələn, sağlamlıq qaydalarına riayət etmirik deyə xəstələnirik. Dərs oxumadığımız üçün inkişafdan qalırıq. Dost seçimində diqqətli olmadığımızdan çətinliyə düşürük və sair.
2. Çətinliklərdə də fayda var. Çünki çətinliklər insanı təlaşa vadar edir və iste’dadları çiçəkləndirir.
3. Acılı günləri şirin günlərlə, bəlaları ne’mətlərlə yanaşı yada salmalıyıq.
4. Bə’zən çətinliklər və bəlalar ruhun kamilliyinə, zatın təmizlənməsinə və mə’nəvi inkişafa səbəb olur; fərd Allahdan qeyrilərindən ayrılır və yalnız Onu düşünür.
RƏDD OLUNAN NAMAZLAR
Dediyimiz kimi, hansısa bir düzgün əməlin qəbul olmaması mümkündür. Müştərisiz mal kimi! Hədislərdə bə’zi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir. Bir neçə nümunəyə işarə edək:
E’tinasızlar
İmam Sadiq (ə) buyurur: “Cəmiyyətin yoxsullarına e’tina göstərməyənlərin namazı qəbul deyil.”[171]
2. Haramxorlar
Həzrət Peyğəmbər (s) buyurur: “Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.”[172]
3. Evdə məs’uliyyətsizlik edənlər
Allahın rəsulu (s) buyurur: “Ərinin qazancından faydala-nan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.”[173]
4. Zəkat verməyənlər
Qur’ani-kərimdə bir çox hallarda zəkat ödəmək namaz qılmaqla yanaşı zikr olunur. Hədislərdə bildirilir ki, malının zəkatını verməyənlərin namazı qəbul deyil.[174] Bir gün Allahın rəsulu (s) doqquz nəfəri zəkat ödəmədiyi üçün məsciddən çıxardı, sonra namaza başladı. Bəli, Allahla əlaqə cəmiyyətin imkansızları ilə əlaqədən ayrı deyil.
5. Təqvasızlar
Təqvasızların, yetərli şəkildə səcdə və rüku etməyənlərin namazı qəbul deyil.[175]
6. “Haqin” və “haqib”
“Haqin” və “haqib” sidik və nəcasəti saxlayıb, özünü çətinliyə salan və cismi zərərlərə düçar olan şəxsə deyilir. Bu iş sağlamlığa ziyan vurmaqla yanaşı namaz zamanı insanın diqqətinin yayınmasına və qəlb iştirakının aradan getməsinə səbəb olur. İmam Sadiq (ə) buyurur: “Bu şəxslərin namazı qəbul deyil.”[176]
7. Sevilməyən pişnamaz
Bə’zən hansısa bir məsciddə xalqın qəbul etmədiyi və sevmədiyi bir pişnamaz şəxsi məqsədlə məscidi və ya məqamını tərk etmək istəmir. Təbiidir ki, bu hal camaat namazının süstləşməsinə, qarşıdurmaya səbəb olur. Rəvayətlərdə bu qəbil şəxslərin camaat namazının qəbul olmadığı bildirilir.”[177]
MƏ’SUMLARIN NAMAZLARI
Din övliyalarının və mə’sumların necə namaz qılması onların ardıcılları üçün ilhamverici dərs və nümunədir. Buradaca onların namazlarından bə’zi nümunələrə işarə edək:
Azan sədası Allahın rəsulu (s) üçün o qədər sevimli və cazibəli idi ki, azan zamanı Bilala buyururdu: “Ey Bilal, bizi qüssə-kədərdən xilas et.” Həzrət (s) buyurdu: “Hər kəs azan sədasını eşidib e’tina göstərməsə, zülm etmişdir.”[178]
Namaz zamanı həzrət Əlinin (ə) rəngi qaçırdı, o titrəyir və deyirdi: “Namaz vaxtı çatmışdır. Allahın göylərə, yerə və dağlara verdiyi, lakin onların qorxub qəbul etmədiyi əmanətin vaxtı!”[179]
İlahi əmanət yükünü daşımaq bəşər üçün ən böyük iftixardır.
Şair deyir:
Səma götürmədi bu əmanəti,
İnsana yazdılar bu ləyaqəti.
İmam Səccad (ə) namazda “maliki yəvmid-din” cümləsini o qədər təkrar edirdi ki, baxanlar onun can verdiyini düşünürdülər.[180]
 O, səcdədə tər içində olurdu.
İmam Baqir (ə) buyurur: “Atam imam Səccad (ə) gecə və gündüz ərzində min rəkət namaz qılırdı.”[181]
Allahın rəsulu (s) namaz vaxtı çatarkən elə bil heç kəsi tanımırdı və xüsusi mə’nəvi halda olurdu.[182]
O buyurdu: “Ac yeməkdən, susuz sudan doyur. Lakin mən namazdan doymuram.”[183]
Həzrət Əli (ə) Siffeyn döyüşündə günəşi izləyir, arabir səmaya baxırdı. İbn Abbas bu işin səbəbini soruşdu. O həzrət buyurdu: “İstəmirəm ki, ilkin vaxtın namazını əldən çıxaram.” İbn Abbas dedi: “İndi?” Həzrət (ə) buyurdu: Bəli![184]
Bəli! Balıqlar üzməkdən yorulmadığı kimi ilahi övliyalar da ibadət və namazdan yorulmur, əksinə, hər ibadətdən sonra Allah dərgahında bəndəlik üçün daha da həvəslənirlər.
Nəql olunur ki, mərhum Əllamə Əmini (“Əl-Ğədir” kitabının müəllifi) ramazan ayı həzrət Rizanın (ə) pak hərəmində hər gecə 1000 rəkət namaz qılırdı... (Nəql edən: Ayətullah Mirvarid; Məşhəd) İlahi övliyaların məktəbində eşq və məhəbbət dərsi öyrənənin yolu budur. Azad bəndələr və ilahi övliyalar namaz zamanı eşqlə namaza durar, ətirlənər, ən yaxşı paltarlarını geyərlər. Onların rəngləri dəyişər və namazın istiqbalına çıxarlar. Onlar Allahın inayətinə çatmamaqdan və ya namaz zamanı təvazö və qəlb iştirakından uzaq olmaqdan qorxarlar.
NAMAZIN QAYDALARI
Namazın qaydalarına (məsələn, dişləri yumaq, təmizlik, Allahı düşünmək və sair) riayət etmək ibadətin kamilliyinə səbəb olur. İmam Baqir (ə) buyurur: “Namazda Allahı düşün. Çünki namazın Allahı düşünməklə qılınan hissəsi qəbul olunur.”[185]
Sonra həzrət (ə) buyurur: “Namaz zamanı əllərinlə və üzünlə oynama. Çünki bu işlər namazın naqisliyinə səbəb olur. Yuxulu və yorğun halda namaz qılma. Çünki belə namaz münafiqlərin namazıdır...”[186]
Həzrət Peyğəmbər (s) buyurur: “Təqvalı insanın iki rəkət namazı təqvasız insanın 1000 rəkət namazından üstündür.”[187]
İmam Sadiq (ə) buyurur: “Namaz zamanı dünya və onda olan hər bir şeydən ümidini üz, bütün düşüncəni Allaha yönəlt. İlahi ədalət məhkəməsinin qarşısında duracağın günü yada sal...”[188] “Bə’zən Allah 50 il ərzində insandan bir namazı belə qəbul etmir.”
Hədisdə deyilir: “Bə’ziləri Allahla o qədər e’tinasız söhbət edir, diqqətsiz namaz qılırlar ki, qonşu ilə belə söhbət etsələr cavab almazlar.”[189] Həzrət Peyğəmbər (s) buyurur: “Dişlərini fırçalayan şəxsin iki rəkət namazı dişlərini fırçalamayan şəxsin 70 rəkət namazından üstündür.”[190]
NAMAZLA YANAŞI GÖSTƏRİŞLƏR
Qur’anda namaz haqqında olan bir çox ayələrdə namazla yanaşı başqa göstərişlər də bəyan olunmuşdur. Məsələn, zəkat, infaq, əmr be mə’ruf (yaxşılıq əmri), nəhy əz münkər (pisliyə qadağa) və Allahı nəzərdə tutub yoxsullara borc vermək. Bu ayələr İslamın ibadi hökmlərini bəyan edir. Allahla rabitə ilə yanaşı iqtisadi və ictimai məsələlər, yoxsullara əl tutmaq, əmr be mə’ruf və nəhy əz münkər bəyan olunur. Heç bir məsələ ikinci bir məsələyə diqqətə mane olmur.
Uyğun mövzuları qeyd olunacaq ayələrdə müşahidə etmək olar: “Bəqərə” surəsi, ayə 83; “Ənfal” surəsi, ayə 3; “Tövbə” surəsi, ayə 71; “Loğman” surəsi, ayə 17; “Muzzəmmil” surəsi ayə 20 və bir çox başqa ayələr.
Bu qayda ilə “həqiqətən, namaz çirkin və pis işlərdən uzaqlaşdırır” ayəsinin mə’nası daha aydınlaşır. Mə’lum olur ki, namazı dirçəltmək İslam cəmiyyətində fəsada mane olur.
NAMAZ RUHUN PƏRVAZIDIR
Hədislərdə namaz mö’minin me’racı kimi yad edilir. Bu me’rac və pərvaz səmada yox, mə’nəviyyat və bəndəlik fəzasındadır. Bu pərvaz hündürlüyə uçuş üçün yox, Allaha yaxınlıq üçündür.
Namaz qılan şəxsin irfani və mə’nəvi pərvazı ilə təyyarəçinin səmada uçuşunu mövcud fərqləri nəzərə al-maqla müqayisə etmək olar:
1. Təyyarə yerdən ayrılanda daha çox enerji sərf olunur. İbadət və namazda da nəfs istəklərinə qalib gəlmək və ibadətə başlamaq çətindir.
2. Uçuşun əhəmiyyəti təhlükəsiz enişdədir. İbadət də o zaman dəyərli olur ki, sonda təkəbbür yaranmasın və əməllər puç olmasın.
3. Təyyarənin yanacağı xüsusi və xalis yanacaq olmalıdır. Namaz qılan şəxsin mə’nəvi me’racı üçün də xalis diqqət və bütün digər pərəstişlərdən uzaqlaşmaq lazımdır. Əlləri qulağadək qaldırmaqla Allahdan qeyriləri inkar olunur və xalis niyyət əldə edilir.
4. Uçuş üçün təyyarəçi tam sağlam olmalıdır. Allahın hüzurunda və namazda sağlam qəlb olmalıdır.
5. Təyyarənin iki qanadı olur. Bir qanadla uçuş olmaz. Namazda da Allahla əlaqə ilə yanaşı xalqla düzgün rabitə olmalıdır. Allahın haqqını ödəməklə yanaşı insanların da haqqı ödənməlidir. Qur’an adətən namazla yanaşı zəkat tə’birini işlədir.
6. Təyyarə havaya qalxmaq üçün bir qədər yerdə hərəkət etməli olur. Azan, iqamə və müstəhəb zikrlər mə’nəvi uçuş üçün müqəddimədir. Namazdan sonrakı dualar və zikrlər enişdən sonra yerdəki hərəkətdir.
7. Uçuş zamanı birinci səhv axırıncı səhvdir. Süqut məhvə bərabərdir. İbadətdə şirk, təkəbbür və riya insanı süquta aparır. İblis 6000 illik abid keçmişinə baxmayaraq bir səhvlə əbədi lə’nətə düçar oldu!
8. Təyyarəçi sükan olan otağın göstərişləri ilə hərəkət edir və bütün göstərişlərə tabedir. Namaz və ibadətlər də göstərişlərə uyğun olmalıdır. Hətta bir dəqiqə tez, yaxud gec, qanunun əksinə ibadət batildir.
9. Təyyarəçi bə’zən uçuşda, bə’zən istirahətdə olur. Həmin vaxt təyyarə texniki baxışdan keçirilir. İnsan da ibadətlərlə yanaşı bə’zən istirahətə, halal ləzzətlərdən faydalanmağa və həyata qatılmağa ehtiyaclıdır. Allahın rəsulu (s) kimi bir şəxs bə’zən deyirdi: “Ey Humeyra, mənim üçün söhbət et.”
10. Təyyarəçinin dispetçer məntəqəsi ilə əlaqə saxlaması üçün yalnız bir rəsmi dil mövcuddur. Namaz qılan şəxs də Allahla əlaqə saxladıqda yalnız ərəb dilindən istifadə etməlidir. Həcc zamanı ehram “ləbbeyk əllahummə ləbbeyk” kəlməsi ilə başlanır.
11. Uçuşdan öncə hava, uçuş istiqaməti və s. haqqında mə’lumatlar alınmalıdır. İbadətdə də müqəddimə mə’lumatlara ehtiyac var. Fiqh və elmsiz ibadət dəyərsizdir. Hətta ticarətdə də ilahi hökmlərlə tanışlıq lazımdır.
12. Təyyarəçi yuxarı qalxdıqca yer onun üçün kiçilir. İnsan hər nə qədər Allahın əzəməti ilə tanış olarsa, Allahdan qeyriləri onun üçün bir o qədər kiçilər. Həzrət Əli (ə) buyurur: “Onların nəzərində Allah böyük, Allahdan qeyriləri isə kiçikdir.”[191]
13. Böyük təyyarə daha az silkələnir və müsafirlər aram olur. Namaz və ibadətlər cəm halda daha çox savablıdır və qəbul olma imkanı böyükdür.
14. Adətən, təyyarəçinin yanında çətin anlar üçün köməkçisi olur. Camaat namazında da yaxşı olar ki, birinci cərgədə ədalətli və təqvalı insanlar dursunlar. Pişnamaza nəsə olduqda, onlardan biri namazı sona çatdırır.
15. Maddi uçuşda təyyarəçi və sərnişinlər zirvəyə qalxdıqda ailə çətinliklərindən aralanır, xəbərsiz olurlar. Mə’nəvi pərvaz zamanı da ruh ucalarkən insan maddiyyatı düşünmür. Necə ki, namazda həzrət Əlinin (ə) ayağından oxu çıxardıqda xəbəri olmur.
16. Uçuş zamanı yüksəklikdən az miqdar aşağı endikdə “yüksəkliyi azaltdı” deyirlər. Baxmayaraq ki, təyyarə yerlə müqayisədə yenə də yüksəkdədir. İlahi övliyaların ibadəti adi şəxslərin ibadətlərindən çox-çox uca olsa da, onlar yüksəklikdən azca enməyi nöqsan və tənəzzül hesab edir və tövbə qılırlar.
Aləmin yaradanını düşünməklə, dünyəvi bağlılıqlardan ayrılmaqla namaz mə’rifət əhli üçün bir pərvazdır. Bu uçuş quşların fəzada və yaxud təyyarənin atmosferdə uçuşundan daha üstün bir uçuşdur. İnsanı alçaldan onun maddiyyata bağlılığı və şəhvətlərdir. Şair deyir:
Quşların uçuşun gördünmü? İnan,
Şəhvətdən qurtulsa ucalar insan.


[172]“Bihar”, 84-cü cild, səh.258.
[173]“Nəhcül-fəsahə”, 54-cü cümlə.
[174]bax: “Bihar”, 84-cü cild, səh.317.
[175]“Bihar”, 84-cü cild, səh.253 və 258.
[176]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.354.
[177]bax: “Bihar”, 84-cü cild, səh.317.
[178]“Nəhcül-fəsahə”, 132-ci cümlə.
[179]“Təfsiri Safi”, 2-ci cild, səh.370.
[180]bax: “Bihar”, 84-cü cild, səh.274.
[181]“Vəsail”, 1-ci cild, səh.68.
[182]“Bihar”, 84-cü cild, səh.258.
[183]“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.174
[184]“Səfinətul-bihar”, 2-ci cild, səh.44.
[185]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.354
[186]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.354
[187]“Nəhcül-fəsahə”, 1672-ci cümlə.
[188]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.382.
[189]“Vafi”, 2-ci cild, səh.13.
[190]“Nəhcül-fəsahə”, 1669-cı cümlə.
[191]“Nəhcül-bəlağə”, 184-cü xütbə.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!
NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Quranda möminlərin sifətləri
İmam Hüseyn (ə) və İmam Zaman (ə.f)
"Fatihə" surəsi
İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
Qadın öz pulu ilə həccə getmək istəyir, amma əri icazə vermir və getməyə ...
CAHANIN ƏN ŞƏRƏFLI QONAĞI
Kumeyl duasının şərhi
Quranın hikmətləri bir daha təsdiqləndi

 
user comment