SALAM OLSUN DİN, QEYRƏT, ŞƏRƏF VƏ AZADLIQ UĞRUNDA ZİNDANA ATILAN QARDAŞLARIMA!
İslam izzət, qeyrət və azadlıq dinidir. Bunu İslam aləmindən zərrə qədər xəbəri olanlar bilirlər. Bu gün İslam düşmənləri bunu hətta, bəzi müsəlmanların özlərindən də yaxşı bilir və dərk edirlər. İslam, kimliyindən asılı olmayaraq, heç bir qoluzorlu və boynu yoğunun müqabilində kiməsə bac vermir və tam şəkildə hər bir müsəlmanın izzət, ehtiram, qeyrət və azadlığını qoruyur. Ona görə də İslamda şərəf, ləyaqət və azadlıq çox mühüm rol oynayır.
Bu gün qərb ideologiyasında da insanın şərəf və layəqəti kimi “mənalar” gözə dəyir, amma bu mənalar hansı məqsəd və hədflərə xidmət edir hamının gözü qabağındadır. Əsl, şərəf, izzət və ehtiram İslam aləmində Allah-taala tərəfindən insana verilir. İnsana şərəf və ləyaqət verən Allahdır. Çünki, mütləq izzət və şərəf yalınz, Allah-taalaya məxsusdur və insan Allah-taalaya nə qədər yaxın olsa, Ona nə qədər yaxşı bəndəçilik etsə, bir o qədər həm Allah yanında və həm də insanlar içində xüsusi izzət və ləyaqətə layiq görünəcək. Bu ilahi bir qanundur və İslam aləmində ən mühüm mövzulardan biridir. Əslində, İslamı qeyrət, azadlıq, şərəf və layəqətsiz təsəffür etmək mümkün deyildir. İslamda izzət, şərəf və azadlığa nəzər salmaqdan ötrü Quran, İslam Peyğəmbəri (s) və Onun pak Əhli-Beytindən (ə) bizlərə çatan səhih hədislərə baxmaq kifayət edər.
Quranda İzzət, Şərəf və Azadlıq: Allah-taala Quranda izzət və ehtirmadan söz açdıqda, mütləq izzət və ehtiramın Allah-taalya məxsus olduğunu, hər kəsin izzətə və ehtirama çatmasını Allaha tərəf gəlməsi və Ona yaxınlaşmasında görür. Quranda Allah-taalaya məxsus olan izzət, qüdrət, şərəf və şöhrətin əsasları da qeyd olunur. İlk növbədə insana isbat olunmalıdır ki, sən bu böyük varlıq aləmində zərrəsən və səndən milyardarla böyük varlıqlar belə Allah-taalanın müqabilində heç və puçdur. Belə bir təsəvvürdən sonra hər bir qüdrət, izzət, şərəf və ləyaqyətin Allah-taala tərəfindən olması sübut olunur. Bu haqda müqəddəs Quranda oxuyuruq: 1. O, bir olan, (hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır! (Zümər surəsi 4); 2. Həqiqətən, əgər onlardan: "Göyləri və yeri kim yaratmışdır?!" - deyə soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər.(Zümər surəsi 38); 3. (Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (Qiyamət gününə qədər) hərəkət edər. (Zümər surəsi 5); 4. Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. (Zümər surəsi 7); 5.Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır! (Zümər surəsi 52); 6. Qiyamət günü yer bütünlüklə Onun ovcunun içində (qüdrətində) olacaq, göylər isə Onun sağ əli (qüdrəti) ilə büküləcəkdir. (Zümər surəsi 67) və sair bu kimi ayələr hər şeyin Allahın qüdrətində qərar tutduğunu bildirir. Bəs mütləq qüdrət, izzət və məqam Allah-taalaya məxsusdur.
“İzzət” sözü ərəb dilində, qüdrət, qələbə, nüfuzolunmaz, şərəflə böyüklük olub, kiçiklik, alçaqlıq mənasında gələn “zillət” sözünün müqabil tərəfidir. (Tureyhi Fəxrəddin, Məcməul-Bəhrəyn; c.3;səh.172) İslam məktəbi azadlıq, izzət və şərəf məktəbidir. Bu məktəbdə kimliyindən asılı olmayaraq, başqasının müqabilində sınmaq, əyilmək və zillətə düşmək etiqadı qeyri mümkündür. Əgər hansısa müsəlman belə bir ruhiyyədədirsə, bu onun özünün şəxsi nəfsinin paklaşmada naqis olmasına aiddir və İslama heç bir dəxli yoxdur. Bunun da, əsl səbəbi qeyd etdiyimiz kimi mütləq izzət, şərəf və ləyaqətin Allaha məxsus olması və insana da Allah tərəfindən verilməsidir. Quranda bu mövzuda izzətin həqiqəti batil müqabilində məğlubolmaz, baş əyməmək və yalnız, Allah-taalaya arxalanmaq kimi tərif olunur: “Həqiqətən, izzət, şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur!” (Münafiqun surəsi 8)
Qeyd etmək lazımdır ki, İslamda azadlıqdan söz getdikdə məqsəd, insanın başqalarının müqabilində zillətə düşməməsi və onun üçün yaranmış şərait və imkanlardan doğru və düzgün istifadə etməsi nəzərdə tutulur. Əslində, hər bir insan izzəti yalnız, Allah-taalaya iman yəni, əsl izzət və qüdrətin mənbəyində axtarmalıdır. Bu mənada, azadlıq, şərəf və layəqətində izzətə bağlı olması məlum olur. Xalq və millət o zaman tam müstəqil, azad, şərəf və layəqətini tam şəkildə qoruya bilər ki, şeytan və şeytani qüvvələrə yox yalnız, Allah-taalaya iman gətirmiş olsun və yalnız Ona arxalansın.
Amma qərb təfəkküründə insanın öz işlərinin özünün həva-həvəslərinə uyğun olaraq yerinə yetirməsi əslində, azadlıq yox, bir növ insanın nəfsinin əsiri olmasıdır. Qərbin bu təfəkkürü ilə İnsanın cəmiyyətdə əməl və rəftarlarında tam azad olması əslində, cəmiyyətdə bütün mənəvi və ictimai dəyərlərin məhv olması və aradan getməsi deməkdir. Qərbin belə azadlığı əslində, heyvanlar aləminə məxsusdur. Bu aləmdə hər hansı heyvan öz zehninə nə gəlirsə və daha güclüdürsə, onu da edir. Belə azadlıqda abır və həya adlı bir məna və məfhum artıq qərbin heç bir lüğət kitabında yoxdur. Belə bir aləmdə öz abır, həya, şərəf və ləyaqət sözün əsl mənasında öz mənasını itirir. Qərbin də bizə sırımaq, istədiyi azadlıq elə bu mənadadır. Ona görə də ölkəmizdə qərb proqramlarının bu sahədə daha çox icra olunması gözə dəyir. Allah-taala Quranda öz təfəkküründən istifadə edib əsl həqiqəti, həqiqi azadlığını, şərəf və ləyaqətini tapa bilməyən insanları heyvanlar aləminə aid edir və hətta, ondan aşağı səviyyəli sayır: “Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, həqiqəti və düzgün yolu tapıb) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət və haqqın səsini) eşitməzlər. Onlar heyvan kimidirlər, (çünki, həyatları heyvani həyatdır) bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Ənam surəsi 179) Başqa bir ayədə izzət və şərəf və azadlıq haqqında oxuyuruq: “Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, Axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız, Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür).” (Fatir surəsi 10)
İzzət, şərəf və azalıq hədislərdə: İslamda izzət, azadlıq, şərəf və ləyaqət yolunun başçıları və bayraqdarları İslam Peyğəmbəri (s) və Onun pak Əhli-Beytnin (ə) əlində olub və olacaq. Əhli-Beyt (ə) dedikdə yəni, Əmirəlmöminin Əli (ə) və Fatimeyi-Zəhra (salamullahi ələyha) başda olmaqla, on iki məsum İmamlar (ə) nəzərdə tutulur. Onlar yaşadıqları zaman və məkan çərçivəsində və öz həyat yollarında azadlıq, şərəf və izzətin nə olduğunu insanlara göstərdilər. İslam aləmində bu məktəbə və onun kamil insanlarına bağlı olmayanlar heç vaxt əsl azadlıq, müstəqillik, izzət və şərəf üzünü görməzlər. Əlbəttə, bu günkü müsəlman ölkələrinin başçılarının öz günahsız müsəlman xalqlarının başlarına açdığı müsibətlər bu məsələni bir daha sübut edir. Əhli-Beyt (ə) məktəbini İslam Peyğəmbəri (s) özü şəxsən müsəlmanlara Quranla yanaşı ən yaxşı azadlıq, izzət və şərəf yolu kimi göstərmişdir. Ona görə də biz onların həyatında bu göstərişin nişanələrini açıq aydın görürük və hiss edirik. İslam Peyğəmbəri (s) buyrur: “Mən sizin aranızda iki çox dəyərli əmanət qoyub gedirəm. Biri Allahın kitabı Quran, digəri isə mənim pak Əhli-Beytimdir. Nə qədər ki bunların hər ikisindən uzaq düşməmisiniz zəlalətə düşməzsiniz!” Bu məqamda həmin, Məsum İmamlardan (ə) bizlərə çatan hədislərdə də Quran ayələri kimi izzət, şərəf və azadlığa çox diqqət olunmuş, hər bir müsəlmanın şəxsiyyətinin bu xüsusiyyətlər üzərində qurulduğu açıqlanmışdır. Onlar real həyatda bəzən elə çətin vəziyyətdə qərar tuturlar ki, adi insanların içində hər kəs o anda iman və əqidəsini qorumaqda israrlı olmazdı. Amma, onlar öz əməl və sözləri ilə əsl azadlıq, izzət, şərəf və ləyaqətin nə olduğunu insanlara başa salırlar. Bu məktəbin başçısı İslam Peyğəmbəri (s) azadlıq, müstəqillik, şərəf və ləyaqət haqqında buyurur: “Hər kəs zalım (və ya zülmkar) müqabilində sakit dayansa və ona itaət etsə, biz Əhli-Beytə yaddır!” (Biharul-Ənvar; c.74;səh.162, hədis.181). Bu məktəbin digər parlaq günəşi İmam Hüseyn (ə) həyatının ən çətin və ağır anında, yəni ölümlə üzbəüz dayananda və O həzrətə maddi cəhətdən azadlığını, müstəqilliyni və izzətini əlindən almaq şərti hər cür şərait təklif olunduqda, dəhşətli Kərbala meydanında belə buyurur: “Mən şərəfli ölümü səadət və xoşbəxtlikdən başqa bir şey bilmirəm, amma zalımlarla (zülmü qəbul edib yaşamaq) əzab və əziyyət (xarlıqdan) başqa bir şey deyildir!” (Biharul-Ənvar, c.44; səh.381; fəsl 38) Yenə də, İmam Hüsyen (ə) bu mövzuda buyrur: “İzzət, şərəf və qeyrət yolunda ölmək zillətlə yaşamaqdan yaxşıdır!” (Ləməatul Hüseyn (ə); Ayətullah seyyid Hüseyn Hüseyni Tehrani, səh.52) Başqa hədisdə var ki, İmam Hüseyn (ə) Aşura günü döyüşə başlayanda belə buyurdu: “Şərəfli ölüm, ar və qeyrətsizlik atına minməkdən daha yaxşıdır!” (Biharul-Ənvar; c.45; səh.50) Yenə də, Nəhcül-Bəlağədə Əmirəlmöminin Əlidən (ə) oxuyuruq: “..Әҝәр мәғлуб олсаныз (әсл) өлүм сизин һәјатынызда, (дүшмәнә) галиб ҝәлсәниз (һәгиги) һәјатыныз өлүмүнүздә олаҹаг (шәрәфли вә башыуҹа өлүм, рәзиллик вә зилләт ичиндә јашамагдан јахшыдыр).” (Нәһҹүл-Бәлағә, 51-ҹи хүтбә). Yenə də Əmirəlmöminin Əli (ə) buyurur: “Əgər izzət (azadlıq və şərəf) ardıncasınızsa onu Allaha itaət və ibadətdə axtarın!” (Ğürərül-hikəm və dürəril-hikəm, hədis № 4056) Nəhayət, “Heyhat! Zillət və xarlıq bizdən uzaqdır! – şüarı İslam məktəbində əsas azadlıq və müstəqillik rəmzi kimi Qiyamətə qədər davam edəcək.
Nəticədə, indi gəlin öz Vətənimizdə gedən proseslər və hadisələrə diqqət edək. Görəsən bizim müsəlman xalqı, yəni, Quran və Əhli-Beyt (ə) məktəbini özlərinə din və sevimli yol seçmiş müsəlman xalqımızı hansı tərəfə aparırlar?! Görəsən, bu millət belə getsə, hansı aqibətlə üzləşəcək və bizlərin bu hadislər müqabilində nə qədər məsuliyyətimiz var?! Görəsən bizim cavanlara hansı ruhi qidaları yedizdirib onları məst edirlər?! Və sonda görəsən, bunların hamısı dünyada misli olmayan, Quran və Əhli-Beyt (ə) məktəbinin ölkəmizdə inkişafının qarşısını almaqdan ötrü deyilmi?!
Bəs, ey alimlər, ziyalılar, cavanlar! Gəlin yaxşı-yaxşı fikirləşəyin və nə qədər ki, gec deyil nəticə çıxarıb yuxudan ayılağın!
Əl-Mustafa (s) adına beynəlxalq
İslam univeristetinin doktorantı
Hacı Faiq Vəlizadə
source : ابنا