Doqquzuncu fçsil
Əziz din rəhbərlərimizin xatirələrini əbədiləşdirmək yollarından biri də dünya müsəlmanlarının onların müqəddəs adlarını ehtiramla yad etməsidir. Onlar bununla uca rəhbərləri ilə mənəvi rabitə yaradırlar. Buna görə də, müqəddəs İslam dini belə şəxsiyyətlərin ehtiramı üçün müsəlmanlara xüsusi proqramlar təklif edir.
İslam məktəbində azan deməyin qiymətli bir dini şüar sayılması Allahın və əziz Peyğəmbərimizin (s) adının azanda ehtiramla yad olunmasına görədir. Bu əməllə dahi tövhid bayraqdarının xatirəsi əbədiləşir.
Övliyaların çağırılması, onlardan kömək istənilməsi, onlara təvəssül etmək, din rəhbərlərinə and içmək və onlardan şəfaət diləmək kimi əməllər bir növ müsəlman şəxs ilə o Allah yanında əziz olanlar arasında yaxın əlaqə yaradır. Adı çəkilən bu əməllərin hamısı onların ehtiramına səbəb olaraq, onların məqamlarını tarix boyu əbədiləşdirir.
Bu kiçik müqəddimə ilə öncə İslamın dahi və məsum rəhbərlərinin çağırılması məsələsini aydınlaşdıracaq, daha sonra, növbəti fəsillərdə onlardan kömək istəmək, təvəssül etmək, and içmək, Allah rəsulundan (s) və Allahın başqa saleh bəndələrindən şəfaət diləmək kimi mövzuları araşdıracağıq.
Allahın saleh bəndələrinin çağırılması
İslam dininin ardıcılları bir çox münasibətlərdə Allah rəsulunu (s) və ya başqa övliyaları səsləyir, onları köməyə çağırırlar. Zəvvarlar belə rəhbərlərin müqəddəs türbələrini ziyarət edəndə, onlara xitab edərək, ruhlarına salam göndərirlər. Sadiq müsəlmanların və Peyğəmbər (s) aşiqlərinin dillər əzbəri olmuş gözəl “ya Rəsulallah” kəlməsi, dediyimizə bir sübutdur.
Sual: Adları çəkilən yerlərdə Allahın saleh bəndələrini çağırmaq tövhid və təkallahçılıq ruhu ilə uyğundurmu?
Allahdan başqasını çağırmağı qadağan edən bəzi Quran ayələri belə bir sualın meydana çıxmasına səbəb olmuşdur. Onlardan bəzilərinə diqqət edək:
1. “Cin” surəsində buyurulur:
“Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsi çağırmayın”.[1]
2. “Yunus” surəsində də belə buyurur:
“Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeyləri çağırma”.[2]
Ola bilsin ki, bəziləri bu ayələrin zahirinin istər həyatda olan zaman, istərsə də vəfat etdikdən sonra saleh bəndələr və övliyaları çağırmağın tövhid prinsipi ilə uyğun olmadığını düşünsünlər. Aşağıdakı cavabdan sonra belə təsəvvürün səhv olduğu aydınlaşacaq.
Cavab: Övliyaları çağırmağın həqiqətini aydınlaşdırmaq üçün “dua” və “ibadət” kəlmələrini izah etməyimiz zəruridir:
Ərəb dilində “dua” kəlməsi nida və çağırmaq, “ibadət” kəlməsi isə pərəstiş mənasını daşıyır. Bunlar sinonim sözlərdən deyil. Başqa sözlə desək, aşağıdakı dəlillərə əsasən, hər çağırmağın pərəstiş olduğunu deyə bilmərik:
1. Dəvət və çağırmaq kəlmələri Quranda heç vaxt ibadət mənasında işlənməyib:
“Nuh belə dedi: Ey Rəbbim mən öz qövmümü gecə-gündüz (tövhidə) çağırdım”.[3]
Görəsən, Nuh (ə) peyğəmbər “gecə-gündüz qəbiləmə ibadət etmişəm” - demək istəyir?!
Elə buna görə də “ibadət” və “dəvət”in sinonim sözlər olduqlarını, Peyğəmbər (s) və ya saleh bir bəndəni çağıraraq, onlardan kömək istəyən bir şəxsin onlara ibadət etdiyini deyə bilmərik. Çünki çağırmaq pərəstişdən daha geniş bir mənaya malikdir.
2. Qeyd edilən (Allahdan başqasını çağırmağı qadağan edən) ayələrin “dua” kəlməsini işlətməkdə məqsədi, mütləq çağırmaq deyil, əksinə, pərəstiş mənasını da daşıyan xüsusi dəvət və çağırmaqdır. Çünki bu ayələrin hamısı bütləri kiçik allah hesab edən bütpərəstlər barəsindədir.
Şübhəsiz, bütpərəstlər şəfaətçi, dünya və axirət işlərində birbaşa ixtiyar sahibi, bağışlayan və s. kimi tanıdıqları bütlərin qarşısında təvazö edərək, onlara pərəstiş edirdilər. Belə bir şəraitdə onların (bütlərin) hər növ çağırılmasının ibadət və pərəstiş mənasında olması aşkar bir məsələdir. Aşağıdakı ayə, onların bütləri Allah bilərək çağırmalarına ən aşkar bir dəlildir:
“Allahdan qeyrisini çağırdıqları tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi (əsla əzabdan xilas edə bilmədi)”.[4]
Elə buna görə də, yuxarıda qeyd etdiyimiz ayələrin bizim mövzu ilə heç bir əlaqəsi yoxdur. Bizim mövzumuz bir bəndənin müqəddəs insanları Allah, malik, rəbb, dünya və axirət işlərində tam ixtiyar sahibi kimi tanımadığı, onları yalnız Allahın əzizi, peyğəmbər və ya imam kimi tanıdığı bir bəndədən kömək istəməsidir. Allah belə şeçilmiş bəndələrə başqaları barəsində etdikləri duaları qəbul etmək vədəsi vermişdir:
“Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər”.[5]
3. Yuxarıdakı (Allahdan başqasını çağırmağı qadağan edən) ayələrdə mütləq şəkildə işlənən “dəvət” kəlməsi hər cür istək üçün çağırmaq mənasını deyil, yalnız ibadətlə birgə olan dəvət mənasını daşıyır. Bu səbəbdən də ayələrin birində dəvət kəlməsinin ardınca, dəvət mənasını daşıyan ibadət kəlməsi işlənilmişdir.
“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” [6]
Gördüyünüz kimi, ayənin əvvəlində “uduni” (mənə dua edin, məni səsləyin. – Red.), sonra isə “ibadəti” (mənə ibadət) kəlməsi işlənmişdir. Bu ayədəki dəvət kəlməsinin Allah kimi tanınan varlıqlardan kömək və xüsusi yardım istəmək mənasında olmasına aşkar bir dəlildir.
Xatırlatdığımız bu üç müqəddimədən bu nəticəyə gəlirik ki, belə səpkidə olan Quran ayələrinin məqsədi bütpərəstləri Allahın şəriki, tədbirçi və ya şəfaət sahibləri kimi tanıdıqları bütləri çağırmaqdan çəkindirməkdir. Onlar bütləri Allahın işlərini öz öhdələrinə götürən bir varlıq kimi tanıyır, onların qarşısında kiçilir, istəklərini onlardan istəyir və onları şəfaətçi bilirdilər. Onlar (bütpərəstlər) Allahın Öz işlərinin bir hissəsini bütlərə tapşırdığına inanırdılar. Bu ayələrin, Allahın əziz bəndəsi sayılan pak bir ruhu çağırıb, ondan kömək istəməklə nə əlaqəsi var?! Əgər Quran belə deyirsə:
“Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsi çağırmayın!”[7] - məqsədi bütlərə, göy cisimlərinə, mələklərə və cinlərə pərəstiş edən cahil ərəbin pərəstişlə birgə olan çağırmasıdır. Bu və buna oxşar ayələr məbud kimi qəbul edilən bir şəxsi və ya bir şeyi çağırmaq barəsindədir. Şübhəsiz, belə varlıqların bu etiqadla çağırılması onlara pərəstişi hesab olunur. Bu ayələrin, Allah və rəbb kimi deyil, yalnız saleh və əziz bəndə kimi tanınan bir pak insanın çağırılması ilə nə əlaqəsi var?!
Deyilənlərdən bu nəticəyə gəlirik ki, Allahın saleh bəndələri onların adını əbədiləşdirmək niyyətilə çağırılır və bu əməl təkallahçılıq prinsipi ilə tam uyğundur.
* * *
Onuncu fçsil
Övliyalardan kömək istəmək
İlk İslam rəhbərlərinin əzizlənməsi yollarından biri də onların adlarını ehtiramla yad etmək və çətinliklərdə onlardan kömək istəmək olduğunu diqqətinizə çatdırdıq. Din rəhbərlərimizi çağırmağın tövhid məktəbinin qayda-qanunu ilə tam uyğun olduğu aydınlaşdıqdan sonra növbəti sual meydana çıxır: görəsən, Allahın saleh bəndələrindən kömək istəmək tövhid prinsipinə ziddirmi?
Bu mövzunu açıqlamaq üçün Qurana əsaslanırırıq:
Əql və vəhy məntiqi baxımından bütün insanlar, hətta bütün varlıqlar yaradılışlarında Allaha ehtiyaclı olduqları kimi, təsir etmək üçün də Ona ehtiyaclıdırlar. Qurani-kərim bu barədə belə buyurur:
“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O, (hər cür) şükürə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)”[8]
Başqa bir yerdə bütün qələbələri Allaha aid (məxsus) edərək, belə buyurur:
“Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır”.[9]
Biz müsəlmanlar dinimizin bu qəti prinsipinə əsasən, hər namazımızda aşağıdakı ayəni oxuyuruq:
“Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!”[10]
Yuxarıdakı suala əsasən, Allahdan başqasından kömək istəmək iki cür təsəvvür oluna bilər:
1. Əməl baxımından müstəqil və (digərinə kömək etmədə) Allaha ehtiyacı olmadığını təsəvvür etdiyimiz bir insan, yaxud bir varlıqdan kömək istəmək; Şübhəsiz, Allahdan başqasından bu inamla kömək istəmək qəti olaraq şirkdir. Qurani-kərim aşağıdakı ayədə bu işin əsassız olduğunu buyurur:
“De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir yardımçı tapa bilərlər”.[11]
2. İnsanların bəzi çətinliklərinin həlli üçün Allah tərəfindən təsir etmək qabiliyyəti verilmiş bir insandan və ya varlığı Allaha ehtiyaclı bir varlıqdan onu müstəqil bilməyərək kömək istəmək: Bu təfəkkür tərzinə əsasən, kömək istənilən şəxs və ya varlıq, vasitədən başqa bir şey deyil. Allah onu işlərin icrası üçün vasitə seçmişdir. Belə kömək istəmək həqiqətdə Allahdan kömək istəməkdir. Çünki vasitələrə, səbəblərə varlıq bağışlayan və başqalarının ehtiyaclarını ödəmək üçün onlara qüdrət bəxş edən Allahdır. Əsas etibarilə bəşər həyatı səbəblərdən, vasitələrdən kömək istəməklə tənzimlənir. Əgər onlardan kömək alınmasa, insan həyatının nizamı pozular. Əgər onları, Allahın köməyinin yetişməsi üçün həm varlığı və həm də təsiri Allah tərəfindən olan amillər kimi tanısaq, bu cür kömək istəməyin tövhidlə heç bir ziddiyyəti olmayacaq.
Əgər Allahı hər şeydə yeganə qəbul edən (tövhidə etiqadlı) bir əkinçi torpaq, su, hava və günəş kimi amillərdən kömək alırsa, həqiqətdə Allahdan kömək alır. Çünki toxumları cücərdib, böyütmək qabiliyyətini bu amillərə verən sonsuz qüdrət sahibi olan Allahdır. Aydın məsələdir ki, belə bir kömək istəmək tövhid ruhu ilə tam uyğunluq təşkil edir. Qurani-kərim bizə belə (səbir və namaz kimi) vasitələrdən kömək almağı tapşıraraq buyurur:
“Səbir və namazdan kömək diləyin!”[12]
Övliyalardan kömək istəmək və
(dünyanın) idarə olunmasında (idarəçilikdə) tövhid
İdarəçilikdə tövhid, tövhidin dərəcələrindən biridir. İdarəçilikdə tövhid dedikdə, yeganə Allah tərəfindən yaradılmış bu dünyanın həmin o Allah tərəfindən də idarə olunduğu başa düşülür. Aləmin işlərini nizamlayan, sahmana salan, idarə edən yalnız Odur. Qurani-məcid bir çox ayələrdə bu həqiqətə işarə edir. “Yunus” surəsində belə oxuyuruq:
“Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?”[13]
“Ənam” surəsində də belə buyurur:
“De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbb istəyərəmmi?”[14]
Yuxarıdakı ayələrdən uca Allahın varlıq aləmində yeganə və müstəqil tədbirçi olduğu aydınlaşır. Başqa bir tərəfdən, Qurani-kərim asılı, qeyri-müstəqil və Allahın istəyi ilə varlıq aləmində təsirli olanlara işarə edir, onları “tədbirçi” kimi yad edir:
“And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə)”.[15]
Beləliklə, “idarəçilikdə tövhid” dedikdə, dünyanın müstəqil idarəçiliyinin Allaha məxsus olduğu başa düşülür. Varlıq aləminin idarəsində təsirli olan başqa səbəb və amillər özlüyündə müstəqil olmayaraq, işlərin tədbirini Allahın istəyilə həyata keçirirlər.[16] Onların varlığı və tədbirlərinin davamlı olması yeganə olan Allahın istəyi ilədir.
Elə buna görə də, hər kəs bu amillərin qeyri-müstəqil tədbirçi olduqlarına etiqad bəsləsə, bu etiqad idarəçilikdə tövhid prinsipinə tam uyğun olacaq.
Deyilənlərdən aydın oldu ki, övliyaları Allahın saleh və (tədbirdə) istiqlaliyyəti olmayan bəndələri kimi tanımaq və onların köməyinin Allahın istəyindən asılı olduğuna etiqad bəsləyərək, onlardan kömək istəmək idarəçilikdə tövhid prinsipi ilə tam uyğundur.
Din rəhbərləri əbədidirlər
Bu yerdə övliyaların ruhlarından kömək istəmək barəsində söz açmağımız daha yaxşı olardı. Çünki bu mövzuda olan mühüm suallardan biri də vəfatlarından sonra Allahın saleh bəndələrindən kömək istəmək barəsindədir. Bu məsələnin meydana çıxmasına səbəb, İslamın məntiqi və etiqadi prinsipləri ilə tanışlığı olmayan şəxslərin, insan öldükdən sonra onun bütünlüklə məhv olmasını, bununla da dünya və insanlarla əlaqəsinin kəsildiyini düşünməsidir. Buna görə də bu mövzunu aydınlaşdırmaq üçün onların cismən öləndən sonra əbədi olan həyatlarına ötəri işarə etməyimiz lazımdır.
Bu məsələ aydın olduqdan sonra övliyalardan kömək istənilməsinin onların əbədi, ölməz olması ilə əlaqədar olduğu aydınlaşacaq. Çünki cansız bir varlıqdan kömək istəmək ağıllı iş deyil. Heç bir ağıllı insan iradəsi olmayan cansız əşyalardan kömək istəməz.
İndi isə səmavi kitabımızın və əziz Peyğəmbərimizin (s) sünnəsinin köməyi ilə bu mövzunu araşdırırıq.
Ölüm son deyil
Ölüm, ilahi dinlər və vəhy məntiqi baxımından insanı daha geniş bir dünyaya birləşdirən bir körpü, əbədi həyata açılan bir qapıdır.
İlahi filosoflar və din rəhbərləri aydınlaşdırmışlar ki, insan varlığı yalnız bədən və maddi quruluşdan ibarət deyil. İnsanın həqiqəti cismə hərəkət verən ruh və can adlı əsl[17] bir cövhərdən ibarətdir. Filosoflar sübut etmişdir ki, insan ruhu ölümdən (bədəndən ayrıldıqdan) sonra məhv olmur, xüsusi şəraitdə öz əbədi həyatına davam edir.[18]
Qurani-məcid də cəlbedici bəyanla bu həqiqətə işarə edir, müxtəlif ayələrdə ölümdən sonra ruhun əbədiliyini aşkar şəkildə bəyan edir. Belə ayələrdən bəzilərini nəzərdən keçiririk:
1. Ali-İmran surəsində belə buyurur:
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əksinə, (həqiqətdə) diridirlər. Onlara Rəbbləri yanında ruzi əta olunur”.[19]
2. Bəqərə surəsində belə oxuyuruq:
“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz”.[20]
3. Bütün insanların, o cümlədən keçmiş peyğəmbərlərin ruhları əbədi olduğuna görə Allah-taala sonuncu Peyğəmbərə (s) keçmiş peyğəmbərlərdən tövhid barəsində soruşmağı əmr edir:
“Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərimizdən soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”[21]
4. Səmavi kitabımız Qurani-kərim peyğəmbərlərin (ə) pak ruhlarına belə salam göndərir:
“Peyğəmbərlərə salam olsun!”[22]
Başqa ayələrdə peyğəmbərlərin (ə) adlarını çəkərək, onlara salam göndərir:
“Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!”[23]
“İbrahimə salam olsun!”[24]
“Musaya və Haruna salam olsun!”[25]
Yuxarıdakı ayələrdən aydın şəkildə başa düşülür ki, peyğəmbərlərin (s) ruhları öz əbədi həyatlarına davam edirlər. Elə buna görə də Allah onlara salam göndərir. Müsəlmanlar da Allaha tabe olaraq, hər namazın sonunda Allah rəsulunun (s) pak ruhuna belə salam göndərirlər:
“Ey Allahın rəsulu! Allahın salam, rəhmət və bərəkəti sənə olsun!”
Bu mövzuda bəzilərinə işarə etdiyimiz Quran ayələrindən başqa, aydın məzmunlu hədislər də gəlib çatmışdır. Bu hədislərdən aydınlaşır ki, Allah rəsulu (s) və başqa peyğəmbərlər həmişə diridir və onlara salam göndərənlərin səslərini eşidirlər. Belə hədislərdən bəzilərini diqqətinizə çatdırırıq:
1. “Sizlərdən mənə salam verən hər bir kəsin salamı mənə çatır və mən onun cavabını verirəm”.
2. “Allah peyğəmbərləri diridirlər və öz Pərvərdigarlarına ibadət edirlər. Mənə salam göndərin. Çünki salamınız harda olsanız, mənə çatır”.
3. “Hər kəs vəfatımdan sonra mənə salam göndərsə, ona on qat artıq mükafat verəcəyəm. Mələklər də ona on qat salam göndərərlər. Hər kəs qəbrimin yanında mənə salam versə, mən onu eşidər və cavab verərəm”.[26]
Nəticə
Xatırlatdığımız bu ayələr və sadəcə bir neçə nümunəsi ilə kifayətləndiyimiz çoxsaylı hədislərdən məlum olur ki, İslam baxımında bütün insanlar, o cümlədən övliyalar cismani ölümlə nəinki məhv olmur, əksinə, onların əsl həqiqətləri olan ruhları həmişə diri qalır. Biz onlara xitab edib salam verməklə, onlarla rabitə yarada bilərik. Elə buna görə də dünyadan köçmüş övliyalardan kömək istəmək, cansız əşyalardan kömək istəmək deyil. Bu, həmişə diri olan, rabitə yarada bildiyimiz və Allahın izni ilə bizə kömək edə bilən ruhlardan kömək istəməkdir.
Bu səbəbdən, dünya müsəlmanları çətinlik və bəlalar zamanı, yaxud Allahdan bağışlanmaq diləyən zaman Allah rəsuluna (s) xitab edərək, ondan kömək istəyirlər. Deməliyik ki, İslamın ilkin çağlarında da, Allah rəsulunun (s) vəfatından sonra da buna əməl olunmuşdur.
Nurəddin Səmhudi öz kitabında Əli ibn Əbu Talibdən (ə) nəql edərək belə yazır:
“Allah rəsulunu (s) dəfn etdikdən üç gün sonra Mədinəyə bir ərəb gəldi. O, Peyğəmbərin (s) qəbrinin kənarına gəlib, qəbrin torpağından başına tökərək, belə dedi: Ey Allahın rəsulu! Sən dedin və biz də sözlərini eşitdik. Səndən aldıqlarımızı sən Allahdan almısan. Sənə göndərilən ayələrin birində belə buyurulur:
“Onlar özlərinə zülm etdikləri zaman, dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər”.[27]
Öz nəfsimə zülm etmişəm və mənim üçün bağışlanmaq diləməyin üçün yanına gəlmişəm”.[28]
* * *
On birinci fçsil
İslam rəhbərlərinə təvəssül etmək
İslam ümmətinin fədakar rəhbərlərinə və Allah övliyalarına təvəssül etmək, onların adlarının əbədiləşməsinə və məqamlarının əzizlənməsinə səbəb olur. Çünki bir şəxsə təvəssül etmək, onu Allahın əziz bəndəsi kimi tanımağımız deməkdir. İnanmış oluruq ki, o, Allah dərgahında sahib olduğu məqama görə Allahın feyzinin bizə yetişməsinə vasitə ola və uca Allahdan bizim ehtiyaclarımızın ödənilməsini istəyə bilər.
Övliyalara təvəssül yalnız onların Allahın saleh bəndələri olduqlarına görə və bu bəndəlik sayəsində Allahın xüsusi mərhəmətinə nail olduqları üçün həyata keçirilir. Aydın məsələdir ki, qeyd edilən şərtlər daxilində təvəssül etmək bəyənilən bir işdir və tövhid ruhu ilə tam uyğunluq təşkil edir.
İndi isə daha artıq izah vermək üçün bu mövzunu ayə və hədislər baxımından araşdıraq:
“Təvəssül” kəlməsi əziz bir varlığı uca hədəflərə və Allaha yaxınlıq məqamına yetişməkvə onun Allah yanında malik olduğu ehtiramına görə onu özü ilə Allah arasında vasitə qərar verməkdir.
İbn Mənzur özünün məşhur “Lisanul ərəb“ kitabında deyir:
“Filan varlığın vasitəsilə ona (bir şəxsə− Red.) təvəssül etdi: yəni onun (həmin şəxsin− Red.) nəzərini cəlb edən şeyin ehtiramı və məqamından istifadə edərək ona (həmin şəxsə− Red.) yaxınlaşdı”.[29]
Qurani-məcid buyurur:
“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!”[30]
Cövhəri “Sihahül-lüğət“ kitabında “vasitə”nin tərifini belə yazır:
“Vasitə başqasına yaxınlaşmağa səbəb olan şeydir“.[31]
Bura qədər təvəssülün mənasını lüğət alimləri baxımından araşdırdıq. İndi isə onun növlərinə diqqət yetirək:
Təvəssülün növləri
Təvəssülü ayə və hədis baxımından bir neçə qismə bölə bilərik. Bu qisimlərin ən əsasları aşağıdakılardır:
1. Allahın ibadətinə və layiqli əməllərə (Allahın ibadətini və Onun bəyəndiyi əməlləri vasitə edərək Ona yaxınlaşmaq üçün− Red.) təvəssül etmək;
Cəlaləddin Syuti bu barədə özünün “əd-Durrul-mənsur“ adlı təfsir kitabında “Allaha doğru vasitə axtarın“ ayəsini təfsir edərkən belə deyir:
“Qütadə bu ayə barəsində deyir: Allaha ibadət və Onun razı olduğu əməllər etməklə Rəbbinizə yaxınlaşın“.[32]
2. Allahın saleh bəndələrinin duasına, minacatına təvəssül etmək;
Qurani-kərim bu barədə belə buyurur:
“(Oğlanları ona:) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!”- dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”[33]
Bu ayələrdən aydın başa düşülür ki, Yəqubun (ə) övladları dua və bağışlanmaq diləməsi üçün öz atalarına təvəssül etmişlər. Həzrət Yəqub (ə) da nəinki bu işə etiraz etməmiş, hətta onlara Allahdan bağışlanmaqlarını diləyəcəyini söz vermişdir.
Qurani-məcid də bu hadisəni nəql etdikdən sonra onların təvəssül etməklərini pisləməmişdir.
3. Allah yanında xüsusi hörməti və ləyaqəti olan din rəhbərlərinin məqamına təvəssül etmək.
Yuxarıdakı növlərin ən həssası olan təvəssülün bu növü, xüsusi bir zamana aid deyil. Hətta İslamın ilk çağlarında və Allah rəsulunun (s) həyatda olduğu bir zamanda da əziz Peyğəmbərimiz (s) səhabələrin qəbul etdiyi bir iş olmuşdur. Bu barədə bir çox hədislərə rast gəlmək olar. Onlardan bəzilərinə işarə olunur:
1) Əhməd ibn Hənbəl özünün “Müsnəd”ində Osman ibn Hüneyfdən (Allah ondan razı olsun) belə nəql edir:
“Bir kor kişi Allah rəsulunun (s) yanına gəlib belə dedi: Allahdan mənim sağalmağımı istə. Allah rəsulu (s) buyurdu: “Əgər istəsən, dua edərəm. İstəsən də, onu gecikdirərəm və bu daha yaxşıdır”.
Kor kişi dedi: Dua edin. Peyğəmbərimiz (s) ona belə buyurdu: Diqqətlə dəstəmaz al və iki rükət namaz qıldıqdan sonra belə dua et:
İlahi! Mən səndən istəyir və rəhmət peyğəmbəri Məhəmmədin vasitəsilə sənə üz tutmuşam. Ey Məhəmməd! Mən sənin vasitənlə istəyimin yerinə yetməsi üçün Allaha üz tutmuşam. İlahi! Onu mənə şəfaətçi et!”[34]
İslam hədisçiləri və dahi alimlər tərəfindən etibarlı sayılan bu hədisdən aydın olur ki, həzrət Peyğəmbərin (s) vasitəsilə istəyin yerinə yetirilməsi üçün ona təvəssül etmək olar. Allah rəsulu (s) özü o şəxsə, onu Allahla özü arasında vasitə edərək istəyini diləməyi əmr etdi. Övliyalara və Allah yanında əziz olanlara təvəssül etməyin mənası budur.
2) Məşhur hədisçi Əbu Əbdullah Buxari özünün “Səhih” kitabında belə yazır:
“Qıtlıq və quraqlıq olanda Ömər ibn Xəttab Abbas ibn Əbdül-müttəlibin (Peyğəmbərin (s) əmisi) vasitəsilə Allahdan yağış istəyərək belə deyərdi: “İlahi! Peyğəmbər (s) sağ olanda ona təvəssül edərdik və sən də öz rəhmət yağışını göndərərdin. İndi isə Peyğəmbərin (s) əmisinin vasitəsilə bizi yağışla sirab etməyin üçün sənə üz tuturuq”; Allah da yağış göndərirdi”.[35]
3) Allah övliyalarına təvəssül etmək o qədər qiymətli bir işdir ki, Allah rəsulu (s) da dua edərkən, keçmiş peyğəmbərlərə təvəssül edərək, onlara xatir Allahdan istəyinin həyata keçməsini istəyirdi.
Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir: “Fatimə binti Əsəd[36] (Əli ibn Əbu Talibin (ə) anası) vəfat edəndə Allah rəsulu (s) onun evinə gəldi. Onun yanında oturaraq belə buyurdu: Anacan! Allah sənə rəhmət eləsin! Sən mənim ikinci anam idin. Özün ac qalsan da, məni doyuzdurardın...
Qəbir qazılıb qurtarandan sonra Allah rəsulu (s) qəbrin içində uzanaraq belə dedi: Ey həmişə diri olub ölməyən, amma öldürüb dirildən Allah! Səni and verirəm Peyğəmbərinin və keçmiş peyğəmbərlərin haqqına, anam Fatimə binti Əsədi bağışla! Mələklərə cavab verərkən, öz höccətini (dəlillərini— Red.) ona öyrət. Yerini genişləndir! Sən mehribanların ən mehribanısan”.[37]
Aydındır ki, Allah rəsulu (s) duasında özünü və başqa peyğəmbərləri İslamın əziz xanımının (Fatimə binti Əsədin) bağışlanması üçün vasitə edərək, Allahdan onlara xatir Fatimə binti Əsədə rəhmət etməyi istəmişdir.
4) Həzrət Peyğəmbərin (s) səhabələri də öz rəhbərlərinin sünnəsinə tabe olaraq dua edəndə, Allah rəsuluna (s) təvəssül edir, onu ilahi feyzin yetişməsi üçün vasitə bilir və ondan istəklərinin həyata keçirilməsi üçün Allahla onlar arasında vasitə olmasını istəyirdilər.
İbn Abbas (Allah ondan razı olsun) deyir:
“Əli ibn Əbu Talib (ə) Allah rəsulunun (s) qüsl və kəfən işlərini qurtardıqdan sonra, o həzrətin üzünü açaraq belə dedi: Atam-anam sənə fəda olsun! Bizi Allahın yanında xatırla”.[38]
5) Allah övliyalarına təvəssül etmək müsəlmanların elə xüsusi diqqət mərkəzində idi ki, İslamın ilk çağlarında yaşamış şair və qəzəlxanlar da öz gözəl şeirlərində Allah rəsulunu (s) Allahla özləri arasında vasitə edirdilər.
Səvad ibn Qərib Allah rəsulunun (s) qarşısında belə bir gözəl qəsidə oxudu:
“Şəhadət verirəm ki, Allahdan başqa Rəbb yoxdur və sən hər bir gizlin şeyin əmanətdarısan. Ey əziz və pakların övladı! Peyğəmbərlər içində sən Allaha ən yaxın olan vasitəsən”.[39]
Allah rəsulu (s) bu beytləri eşitdikdən sonra Səvad ibn Qəribi belə sözlər deməkdən çəkindirmədi. Məlum olur ki, İslam şəriətinə əsasən, o həzrətə təvəssül etmək olar və bu tövhid prinsipi ilə uyğundur. Elə buna görə də, İslam məzhəblərinin rəhbərləri də Peyğəmbərə (s) və onun ailəsinə təvəssül edərək, Allaha yaxınlaşmaq üçün onları vasitə edirlər.
Şafei də aşağıdakı beytlərdə bu həqiqətə işarə edir:
“Peyğəmbər (s) ailəsi Allah dərgahında mənim vasitələrimdir. Ümidvaram onlara xatir əməl dəftərim sağ əlimə verilər”.[40]
Nəticə
Deyilənlərdən belə nəticə alırıq ki, ad və xatirələrini yaşatmaq niyyətilə İslam rəhbərlərinə təvəssül etmək bəyənilmiş bir işdir. İlahi övliyaların Allahın əziz bəndələri və Onun izni ilə Ona yaxınlıq vasitələri olduqlarına etiqad bəsləyərək təvəssül etmək, tövhid prinsipi ilə tam uyğundur. Elə əziz Peyğəmbərimizin (s) zamanında da müsəlmanlar öz söz və şeirlərində o həzrətə, yaxud onun ailəsinə təvəssül etmişlər.
--------------------------------------------------------------------------------
[1] “əl-Cinn”, 18
[2] “Yunus”, 106
[3] “Nuh”, 5- قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا
[4] “Hud”, 101
[5] “ən-Nisa”, 64
[6] “əl-Mumin”, 60
[7] “əl-Cinn”, 18
[8] “Fatir”, 15
[9] “Ali-İmran”, 126
[10] “əl-Fatihə”, 5
[11] “əl-Əhzab”, 17
[12] “əl-Bəqərə”, 45
[13] “Yunus”, 3
[14] “əl-Ənam ”, 164
[15] “ən-Naziat”, 5
[16] Çünki Allah varlıq aləmini səbəblərlə idarə edir.
[17] Yəni əsas insanın ruhudur, maddi bədən ikinci dərəcəlidir. − Red.
[18] Bu barədə ruhun mücərrəd olduğunu sübut edən filosofların kitablarına müraciət edin.
[19] “Ali-İmran”, 169
[20] “əl-Bəqərə”, 154
[21] “əz-Zuxruf”, 45
[22] “əs-Səffat”, 181
[23] Həmin, 79
[24] Həmin, 109
[25] Həmin, 120
[26] Bu barədə bax: Kənzül-ümmal, 1/381, Sünəni İbn Davud, 2/281, Təbəqatuş-şafeiyyə, 3/406 – 408
[27] “Nisa” surəsinin 64 - cü ayəsinə işarə edilir.
[28] “Vəfaul vəfa”, 4/1361 / Hətta qəbul etsək ki, vəfatlarından sonra Allah övliyalarından kömək istəmək düzgün deyil, amma yenə də bunu etmək şirkə səbəb olmaz. Çünki Quran ayəsinə əsasən, Peyğəmbərin (s) sağlığında o həzrətdən kömək istəmək olar. Elə isə, həzrət Peyğəmbərin sağlığında icazəli olan bir əməl, vəfatından sonra necə şirk olur? Bu, ən çoxu mənasız hərəkət kimi qiymətləndirilməlidir, nəinki şirk kimi böyük bir ittiham irəli sürülməli.—Red.
[29] “Lisanul-ərəb”, 11/724
[30] “əl–Maidə”, 35
[31] “əd-Durrul-mənsur”, 2/280
[32] عن قتاده في قوله "وَ ابْتَغُوا إِلَيْهِ الْوَسيلَةَ" قال تقربوا الي الله بطاعته والعمل بما يرضيه
[33] “Yusuf”, 97-98
[34] “Müsnəd”, Əhməd ibn Hənbəl, 4/138, Osman ibn Hüneyfin rəvayətləri bölümü; “Müstədrəki-Hakim”, 1/313, “Sünəni İbn Macə”, 1/441, “Səhih Tirmizi”, c. 5, Kitabud-dəavat, 119-cu bab, nömrə 3578; “Möcəmul-kəbir”, 9/17....
[35] “Səhih Buxari”, 2/34, “Kitabul-cümə”, “İstisqa” babı
[36] Allah rəsulu (s) dünyaya göz açan zaman atası (Abdullah ) dünyasını dəyişmişdi. Anası isə o həzrətin uşaqlıq çağlarında vəfat etdi. Buna görə də babası Əbdül Müttəlib onun himayəsini öz öhdəsinə götürərək, onun tərbiyəsi üçün əlindən gələni əsirgəmədi. Çox keçmədi ki, Əbdül Müttəlib də vəfat etdi. Həzrətin əmisi Əbu Talib onu öz himayəsinə götürdü. Peyğəmbər (s) Əbu Talibin və Fatimə binti Əsədin himayəsi altına düşəndə səkkiz yaşı var idi. Əbu Talib də öz qardaşı oğlunu himayə etmək üçün heç bir şey əsirgəmədi. Həyat yoldaşı Fatimə də mehriban bir ana kimi onu əzizləyirdi. Buna görə də Peyğəmbər (s) Fatimə binti Əsədi özünün ikinci anası bilərək onu çox sevirdi.
[37] “Müstədrək”, Hakim, 3/108, “əl-İstiab dər haşiyeye əl-İsabə”, 4/382, “Kənzül-ümmal”, 13/636, “Siyəru əlamun-nübəla”, 2/118, nömrə 17, Təbərani, “Möcəmul-ovsət”, 356-357, “Hilyətül-ovliya”, 3/121
[38] Sübhi Saleh, “Nəhcül-bəlağə”, 235-ci xütbə,
[39] Əhməd ibn Zeyni Dəhəlan, “əd-Dürrüs-səniyyə”, 29, Təbəranidən nəql edir.
[40] “əs-Səvaiqul mühriqə”, 178
Bunu da qeyd edək ki, ziyarət zamanı əsl hədəfi unudaraq artıq hərəkətlərə yol verməmək lazımdır. Təəssüf ki, bəzi ziyarətçilərin özləri ittihamlara zəmin hazırlayırlar.—Red.
source : الشیعه