Nümunəvi İslam cəmiyyətində ədalət, bərabərlik, ayrı seçkilikdən uzaqlıq, günün tə’birincə partiya mənsubunun nəzərə alınmaması, şəxsi meyllərə əsaslanmamaq cəmiyyət və hökumətin əsas və mühüm prinsiplərindəndir. Başqa sözlə, qeyri-islami cəmiyyətdə məqam və vəzifələrin bölgüsündə dəstəbazlıq və xüsusi münasibətlər nə qədər çox rol oynayırsa, İslam cəmiyyətində bunun əksinədir. Çünki İslam dinində şəxsi rabitə və meyllər yox, ləyaqət və qanun hakimdir. İslami ədalət prinsipi tələb edir ki, məqam və vəzifələr bölüşdürülərkən fərdlərin insani və İslami imtiyazları əsas götürülsün. Hər bir insan öz ləyaqəti, mütəxəssisliyi və təqvası əsasında vəzifə tutmalıdır. Həzrət Əlinin (ə) nəzərincə, rəhbərliyə o şəxs layiqdir ki, öz işində yalnız ədalət və haqqın bərpası barədə düşünür. Fərdlərin xüsusiyyət və imtiyazları nəzərə alınmadan onlar sınağa çəkilmədən kimsə dövlət mə’murluğuna seçilmir. Bu əsasla həzrət Əli (ə) Malik və bütün digər İslam rəhbərlərindən istəyir ki, mə’mur seçərkən yalnız İslam me’yarları əsas götürülsün, şəxsi meyllərə, dəstəbazlığa, xüsusi münasibətlərə istinad edilməsin.
DÖVLƏT İŞÇİLƏRİNİN SEÇİM ME’YARLARI
Həzrət Əlinin (ə) dövlət işçisi seçimində nəzərdə tutduğu me’yarlar xülasə şəkildə belə sadalana bilər:
1.Təcrübəli və işbilən olsun, çətinliklərlə üzləşdikdə özünü itirməsin.
2.Əsil-nəcabətli, pak, abır-həyalı olsun, çirkin sifətlərə yol verməsin.
3.Köklü, saleh, təqvalı və pak ailədən olsun, tərbiyə aldığı mühit xəyanət və fəsada aludə olmasın.
4.Müsbət keçmişə malik olsun, başqalarından öncə İslama qatılmış olsun. Yə’ni İslam qüdrətə çatmayan bir vaxtda Allah ayinlərinə tabe olsun. Bə’ziləri İslam qüdrətə çatdıqdan sonra qorxudan və ya tamahdan İslama qatılır.
5.Şəxsiyyətli olsun, daim paklığına diqqət yetirsin, istənilən bir xətadan qaçsın.
6.Müdiriyyət bacarığı, uzaq görənlik kimi sifətlərə sahib olsun, müxtəlif problemlərlə üzləşdikdə tədbir görməyi bacarsın.
7.Nəfsi tox olsun, maddi ne’mətlərə göz tikməsin.
Həzrət Əli (ə) dövlət mə’murlarının xüsusiyyətlərini sadalayarkən mə’mur seçimində hakimin də vəzifələrini qeyd edir:
1.Hakim işçi götürərkən diqqətli olsun, yalnız dəqiq sınaqlardan sonra kiməsə iş tapşırsın.
2.Bu fərdlərin seçimində şəxsi rə’yə əsaslanmasın, başqaları ilə də məsləhətləşib onların fikirlərinə hörmət göstərsin.
3.İşçilərə fürsət versin ki, onlar öz iste’dad və ləyaqətlərini göstərə bilsinlər.
4.Nəzərdə tutulan işə uyğun gəlməyən insanı şəxsi rabitələr və ya bir fərddə olan xüsusiyyət əsasında işə tə’yin etmək olmaz.
Sonra həzrət buyurur ki, əgər hakim islami me’yarları nəzərə almadan kiməsə iş tapşırarsa, onun bu işi zülm-sitəmlə müştərək kökə malik olan işlərdəndir. Həzrət buyurur:
ثُمَّ انْظُرْ فِي أُمُورِ عُمَّالِكَ، فَاسْتَعْمِلْهُمُ اخْتِبَاراً، وَلاَ تُوَلِّهِمْ مُحَابَاةً وأَثَرَةً، فَإِنَّهُمَا جِمَاعٌ مِنْ شُعَبِ الْجَوْرِ وَالْخِيَانَةِ. وَتوَخَّ مِنْهُمْ أَهْلَ التَّجْرِبَةِ وَالْحَيَاءِ، مِنْ أَهْلِ الْبُيُوتَاتِ الصَّالِحَةِ، وَالْقَدَمِ فِي الاِْسْلاَمِ الْمُتَقَدِّمَةِ، فَإِنَّهُمْ أَكْرَمُ أَخْلاَقاً، وَأَصَحُّ أَعْرَاضاً، وَأَقَلُّ فِي الْمَطَامِعِ إِشْرَافاً، وَأَبْلَغُ فِي عَوَاقِبِ الاُْمُورِ نَظَراً
“Sonra kargüzarlarının işlərinə bax, onlara bəxşiş və rəğbət yolu ilə yox, sınağa çəkdikdən sonra iş tapşır. Çünki bu üsul (sınağa çəkmədən iş tapşırmaq) bir növ sitəm və xəyanətdir. Onları təcrübə əhli, həya-abır sahibləri arasından, ləyaqətli və İslamda öncül ailələrdən seç! Çünki onların əxlaqı daha gözəldir, ailələri daha pakdır, tamahları daha azdır. İşin sonunu görməkdə daha bəsirətlidirlər.”
DÖVLƏT MƏ’MURLARININ MADDİ EHTYİACLARININ TƏ’MİNİ
Bundan öncə də müxtəlif mövzularda aparılan söhbətlərdə hazırkı mövzuya toxunuldu. İslam dini böyük insani məktəb və ilahi ayin olaraq fərdlərin rifahı və maddi ehtiyaclarının tə’mini məsələsinə də yetərincə diqqət göstərmiş, bu istiqamətdə tə’sirli tədbirlər müəyyənləşdirmişdir.
Bir İslam hakiminin dövlət işçiləri qarşısında daşıdığı vəzifələrlə bağlı həzrət Əlinin (ə) dəqiq və incə yanaşmaları var. Həzrət maddi müşküllərin həllini, dövlət işçilərinin ehtiyaclarının tə’minini mühüm müdiriyyət üsullarından biri, mə’murların xəyanətinin qarşısını alan, onları beytül-mala təcavüzdən və rüşvətxorluqdan çəkindirən mühüm amil sayır. Həzrət xəbərdarlıq edir ki, işçilərin maddi ehtiyacları tə’min olunarsa, hətta xətakar fərdlər də oğurluq, xəyanət və rüşvət üçün bəhanə tapmaz. Onlar xilafa yol verdikdə isə hakim qarşısında özlərini müdafiə etməyə bəhanə tapmayıb, susacaqlar.
Amma işçilərin maddi ehtiyacları tə’min olunmadıqda maddi sıxıntı onları yolundan azdırır, onların əmanətdarlıq ruhiyyəsini süquta uğradır. Belə bir halda hakimin də deməyə sözü olmur. Çünki onlar öz oğurluq və xəyanətləri üçün dəlil göstərir, hakimi qınayırlar ki, onları ehtiyac içində saxlayıb xalqın malını ixtiyarlarında qoyan hakimdir. Həzrət buyurur:
ثُمَّ أَسْبِغْ عَلَيْهِمُ الاَْرْزَاقَ، فَإِنَّ ذلِكَ قُوَّةٌ لَهُمْ عَلَى اسْتِصْلاَحِ أَنْفُسِهِمْ، وَغِنىً لَهُمْ عَنْ تَنَاوُلِ مَا تَحْتَ أَيْدِيهِمْ، وَحُجَّةٌ عَلَيْهِمْ إِنْ خَالَفُوا أَمْرَكَ أَوْ ثَلَمُوا أَمَانَتَكَ
“Sonra onlara yetərincə maaş ver! Bu iş onların şəxsiyyətini gücləndirər, xalqın malına əl uzatmaqdan çəkindirər. Bundan əlavə, itaətsizlik göstərsələr və ya əmanətə xəyanət etsələr bəhanələri olmaz.”
İSLAMDA MƏ’MURLARA NƏZARƏT VƏ BU İSTİQAMƏTDƏ RƏHBƏRİN ROLU
Dövlət işçilərinə münasibətdə rəhbərin vəzifəsi təkcə onları seçib ehtiyaclarını ödəmək deyil. Rəhbər işə tə’yin etdikdən sonra ardıcıl şəkildə mə’murların əməl və rəftarlarına nəzarət etməlidir.
Rəhbərin nəzarətdə saxlamalı olduğu sahələri sadalayaq: Mə’murların iş üsulu, onların xalqla rəftarı, işin gedişi və vəzifənin icrası ilə bağlı verilən mə’lumatların düzgünlüyü, xalqın mə’murlardan şikayətlərinin düzgünlüyü və onlarla başqa sahə. Bəli, bütün bunlar rəhbərin mühüm və aparıcı vəzifələrindəndir. Əgər rəhbər öz işçilərinin əməl və rəftarlarına nəzarət etməsə bə’ziləri bundan sui-istifadə edib xalqa sitəm qılacaq, xəyanətə əl atacaq, ədalətsizlik və fəsada yol verəcək. Beləcə, xalq mövcud hakimiyyətdən ümidini üzəcək, cəmiyyətin nizamı pozulacaq. Bu vəziyyətin qarşısını almaq üçün dövlət işçilərinə daimi nəzarət zəruridir. Dəqiq nəzarət mexanizminin qurulması, işçilər haqqında düzgün mə’lumatların əldə olunması mövcud nizamı möhkəmləndirən vəzifələrdəndir.
Təbii ki, nəzarət mexanizmində çalışan işçilər rəhbərin ən yaxın və ən e’tibarlı adamları olmalıdır. Onların təqvalı, mö’min, allahpərəst, əmanətdar və sədaqətli olması mühümdür. Rəhbər yalnız belələrinin verdiyi mə’lumatlardan arxayın ola bilər. Rəhbər əmin olmalıdır ki, ona mə’lumat verənlərin məqsədi yalnız Allaha, İslama, İslam nizamına xidmət etməkdir.
GİZLİ NƏZARƏT
Nəzarət mexanizmi ilə bağlı bəyan olunmuş məsələlərdən biri budur ki, İslam dövlət nəzarətçilərini (təhlükəsizlik xidmətini) “dövlətin gözü” adlandırır. Doğrudan da, dövlət mə’murlarına nəzarət edən şəxs dövlətin və hakimin gözüdür. Düzgün nəzarət mexanizmi olmayan dövlət eybləri görməyən kor kimidir. Buna görə də həzrət Əli (ə) İslam hakiminə göstəriş verir ki, bu gözləri (xəfiyyəni) məxfi şəkildə ölkənin müxtəlif nöqtələrinə yönəlt. Gizli nəzarət dövlət mə’murlarını sui-istifadədən və xəyanətdən çəkindirir, onlar xalqla mehriban rəftar edir, süründürməçiliyə yol verməyib insanların problemini həll edir.
Həzrət Əli (ə) bunu da nəzərə çatdırır ki, nəzarətçilər hakim tərəfindən e’timad qazanmalıdır. Onların verdiyi mə’lumat dəlil olmalı və bu mə’lumat əsasında tədbir görülməlidir. Əgər nəzarətçinin verdiyi mə’lumat şübhə altına alınarsa və tədbir görülməzsə bütün nəzarət mexanizmi e’timadını itirər və azğın insanlar qorxu-hürküsüz cəmiyyətdə fitnə-fəsada rəvac verər.
XAİNLƏRİN CƏZALANDIRILMASI
Həzrət Əli (ə) xainlərin cəzalandırılması ilə bağlı qeyd edir ki, hökumət işçilərindən, hətta hakimə ən yaxın adamlardan biri fəsad və xəyanətə əl atarsa və məxfi nəzarətçilər belə bir mə’lumat verərsə, xəyanətin sübutu üçün uyğun mə’lumat kafidir və tə’cili tədbir görülməlidir.
Sonra həzrət Əli (ə) rəhbərin xain fərdlərlə necə rəftar etməli olduğunu açıqlayır: Xaini cəzasına çatdır! Günahına uyğun şər’i cəzanı əskildib-artırmadan ona tətbiq et! Xaini rüsvay edib zillətə sal! Onun alnına xəyanət dağı vur, bədnamlıq boyunduruğunu başına sal. Belə ki, xalq onu barmaqla göstərsin və onun aqibəti başqaları üçün ibrət olsun. Belə etsən, xalq arasında xəyanət və fəsad üçün fürsət və imkan tapılmaz.
MƏXFİ MƏ’MURLARIN HƏMFİKİRLİYİ
Həzrət Əli (ə) məxfi mə’murların dəqiq seçimi, onların ruhi və əxlaqi sağlamlıqlarının nəzərə alınması ilə bağlı tövsiyələrdən sonra hakimi də’vət edir ki, istənilən bir işi bir neçə yöndən araşdırsın. Əgər müxtəlif nöqtələrdən eyni bir mə’lumat gələrsə hakimdə verilən mə’lumatlara şəkk qalmaz. Məxfi mə’mur nə qədər diqqətlə seçilsə də yalnız onun tərəfindən verilən mə’lumat höccət (dəlil) sayılmır. Əgər bir məsələ ilə bağlı müxtəlif məxfi mə’murlar müxtəlif mə’lumat verərsə bu məsələ araşdırılmalıdır. Öz növbəsində yalan mə’lumat verən məxfi mə’mur cəzalandırılır. Həzrət buyurur:
ثُمَّ تَفَقَّدْ أَعْمَالَهُمْ، وَابْعَثِ الْعُيُونَ مِنْ أَهْلِ الصِّدْقِ وَالوَفَاءِ عَلَيْهِمْ، فَإِنَّ تَعَاهُدَكَ فِي السِّرِّ لاُِمُورِهِمْ حَدْوَةٌ لَهُمْ عَلَى اسْتِعْمَالِ الاَْمَانَةِ، وَالرِّفْقِ بِالرَّعِيَّةِ.
وَتَحَفَّظْ مِنَ الاَْعْوَانِ، فَإِنْ أَحَدٌ مِنْهُمْ بَسَطَ يَدَهُ إِلَى خِيَانَة اجْتَمَعَتْ بِهَا عَلَيْهِ عِنْدَكَ أَخْبَارُ عُيُونِكَ، اكْتَفَيْتَ بِذلِكَ شَاهِداً، فَبَسَطْتَ عَلَيْهِ الْعُقُوبَةَ فِي بَدَنِهِ، وَأَخَذْتَهُ بِمَا أَصَابَ مِنْ عَمَلِهِ، ثُمَّ نَصَبْتَهُ بِمَقَامِ الْمَذَلَّةِ، وَ وَسَمْتَهُ بِالْخِيانَةِ، وَقَلَّدْتَهُ عَارَ التُّهَمَةِ
“Sonra doğruçu və vəfalı məxfi mə’murlar göndərməklə onların da işini nəzarət altına al! Çünki işlərindəki son araşdırma onları əmanətdarlığa və xalqla mülayim rəftara vadar edər.
Böyük diqqətlə öz yaxınlarına nəzarət et! Əgər onlardan biri xəyanətə əl atsa və məxfi mə’murlar yekdilliklə bu xəyanəti təsdiqləsə deyilənlərlə kifayətlənib tə’xirə salmadan xəyanətkarı cəzalandırmalısan. Ona xəyanətinə münasib cəza ver! Sonra onu xar edib oturt, alnına xəyanət damğası vur, boynundan rüsvayçılıq boyunduruğu as!”
ƏKİNÇİLİYİN ƏHƏMİYYƏTİ VƏ XƏRACIN LÜĞƏT MƏ’NASI
İlkin İslam dövründə sənət məhdudiyyətlər səbəbindən, dünyadakı ticari əlaqələrin nizamsızlığı, rabitələrin zəifliyi, ticarət yollarının pisliyi və təhlükəliliyinə görə cəmiyyətin iqtisadi əsaslarına tə’sir göstərə bilmirdi. Cəmiyyətin iqtisadiyyatı yalnız əkin torpaqları və əkinçilikdən götürülən məhsuldan asılı idi. Buna görə də vergi yalnız torpaqdan və əkin məhsullarından alınırdı. Bu sayaq vergi xərac adlanırdı. Əkçinçilik ona görə əhəmiyyətlidir ki, şəhər əhalisinin əksəriyyəti öz ehtiyaclarını əkin məhsulları ilə tə’min edir. Əgər əkinçilik rövnəq taparsa şəhər əhlinin də ehtiyacları ödənər. Əks-təqdirdə heç bir şəhərli qida məhsullarına olan ehtiyacını birbaşa tə’min etməyə qadir deyil. Buna görə də əkinçilik heç bir vaxt əhəmiyyətini itirəsi deyil və daim insanların ilkin ehtiyaclarının tə’minatçısı olaraq qalacaq.
Digər bir tərəfdən, şəhər əhalisi öz ehtiyaclarını bilavasitə ödəyə bilmir. Ticari vasitələrlə onlar heyvan və bitki mənşəli məhsulları əldə edir. Əkinçilər də öz növbəsində geyim və məişət əşyalarını məhsuldan götürdükləri qazancla əldə edirlər. Belə bir alış-veriş cəmiyyətin iqtisadi çiçəklənməsinə səbəb olur. Uyğun mübadilələr isə ilk növbədə əkinçiliyə bağlıdır. Bu səbəbdən də əkinçiliyin tənəzzülü təkcə əkinçilərə ziyan vurmur. Belə bir tənəzzül bütün fəaliyyətlərə tə’sir göstərib cəmiyyəti iqtisadi böhrana, sonda isə məhvə aparır. Həzrət buyurur:
وَتفَقَّدْ أَمْرَ الْخَرَاجِ بِمَا يُصْلِحُ أَهْلَهُ، فَإِنَّ فِي صلاَحِهِ وَصلاَحِهِمْ صَلاَحاً لِمَنْ سِوَاهُمْ، وَلاَ صَلاَحَ لِمَنْ سِوَاهُمْ إِلاَّ بِهِمْ، لاََنَّ النَّاسَ كُلَّهُمْ عِيَالٌ عَلَى الْخَرَاجِ وَأَهْلِهِ
“Xərac məsələsini elə qaydaya sal ki, xərac ödəyənlərin vəziyyəti düzəlsin. Xərac isə qaydaya düşsə, cəmiyyətin müxtəlif təbəqələri asayiş və rahatlıq içində yaşayar. Xərac ödəyənlər asayişdə olmasa cəmiyyətin digər təbəqələrinin də rahatlığı pozulur. Çünki xalq vergidən yeyənlərdən və vergi ödəyənlərdən ibarətdir.”
ƏKİNÇİLİYİN İNKİŞAFINDA DÖVLƏT SƏ’YLƏRİNİN ZƏRURİLİYİ
Əgər dövlət vergi və xərac intizarındadırsa, bundan ötrü zəmin hazırlamalıdır. Torpaqların mühafizəsi, su ilə tə’minat, suvarma sistemləri, quyuların qazılması, körpülər tikilməsi, bəndlərin çəkilməsi, əkinçilik məntəqələri arasında yollar salınması, zəhmətkeş kəndlilərə yardım, bir sözlə, əkinçiliyə rövnəq vermək dövlətin qarşısında duran vəzifələrdəndir.
Yalnız bu işlərdən sonra hökumət xalqdan vergi gözləyə bilər. Əkinçiliyin rövnəq tapmadığı bir ölkədə istənilən bir vergi xalq üçün ağır yükdür. Çünki onlar yetərincə qazanıb öz ehtiyaclarını tə’min edə bilmirlər. Öz ehtiyacını ödəyə bilməyən kəndlilərə vergi tətbiq olunması xalqı narazı salır, ölkədə sabitliyi pozur. Nəhayət, hökumət üçün süqut təhlükəsi yaranır. Bu səbəbdən də həzrət Əli (ə) vergi toplanması üçün xalqa qazanc şəraiti yaradılmasını tövsiyə edib buyurur ki, hakim vergi ödəmək fikrinə düşməzdən öncə məmləkəti abadlaşdırmaq barədə düşünməlidir. Həzrət buyurur:
وَلْيَكُنْ نَظَرُكَ فِي عِمَارَةِ الاَْرْضِ أَبْلَغَ مِنْ نَظَرِكَ فِي اسْتِجْلاَبِ الْخَرَاجِ، لاَِنَّ ذلِكَ لاَ يُدْرَكُ إِلاَّ بَالْعِمَارَةِ، وَمَنْ طَلَبَ الْخَرَاجَ بِغَيْرِ عِمَارَةأَخْرَبَ الْبِلاَدَ، وَأَهْلَكَ الْعِبَادَ، وَلَمْ يَسْتَقِمْ أَمْرُهُ إِلاَّ قَلِيلاً
“Sən vergi toplanmasına diqqət ayırırsan. Amma məmləkətin abadlığına daha çox diqqət yetirməlisən. Çünki torpaqlar abadlaşmamış xərac toplamaq mümkün olmur. Abadlaşdırmaq üçün zəhmət çəkməyib xalqdan xərac tələb edən kəs şəhərləri viran qoymuş, Allah bəndələrini həlak etmiş olur. Belə bir hökumət qısa bir müddət yaşaya bilər.”
source : الشیعه